Aida xanım məktəbi
Araşdırma
- 09.10.2019
- 0 Şərh
- 7054 Baxış
Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 80 illiyinə
Türkan Mehdiyeva,
AMEA Şərqşünaslıq İnstitunun elmi işçisi
İnsanlar var ki, onların varlığı fiziki ömürləri başa çatdıqdan sonra daha qabarıq şəkildə üzə çıxır. Yazdıqları əsərlər, elmdə açdıqları cığırlar, yaratdıqları elmi məktəb onları adını əbədiyaşarların sırasına həkk etmiş olur. Görkəmli şəxsiyyət, böyük şərqşünas alim, bənzərsiz gözəlliyə malik qadın, unudulmaz ana olan Aida xanım İmanquliyeva belə nadir insanlardan idi.
Ərəb məhcər ədəbiyyatının əzəmətli nümayəndələrinin əsərlərini tənqid-təhlil süzgəcindən keçirdən Aida xanım Cübran Xəlil Cübran, Mixail Nuaymə, Əmin ər-Reyhani kimi mütəfəkkirləri ilk dəfə Azərbaycan oxucusuna çatdırmışdır.
Nə idi onu məhcər ədəbiyyatına doğru çəkən? "Məni müxtəlif səslər səyahətə çağırır – millət və vətənin səsi, vətənpərvərlik və milli problemlərin həlli məsələsi” deyən Reyhaninin əsrarəngiz yaradıcılığımı? Bəlkə elə buna görə Aida xanım onun haqqında demişdir bu qiymətli fikirləri: "Əmin ər-Reyhaninin "Mən Şərqəm” şeirində Şərqin keçmiş əzəməti barədə düşüncələr yer alır, Şərq rəmzə çevrilir; günəş buradan doğur, həyatın başlanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer buradır”.
Yaxud dahi Cübran Xəlil Cübranın ecazkar ədəbi-fəlsəfi düşüncələri? Hansı ki, o yazırdı: "Əgər sən gözəllik haqqında nəğmə oxusan, quru səhralarda tənha olsan belə, səni eşidəcəklər.”
Bəlkə elə buna görə Aida xanım yazırdı: "Cübranın romantik qəhrəmanı təbiətin ağuşuna hər şeydən əvvəl ona görə gedir ki, məhz burada "ruh və qəlbin, fikir və bədənin həyatını” tapır, burada qəlb, qəlbin dərinliklərindəki gizli qatlar oyanır, nəticə etibarı ilə dünyanın dərki başlayır.”
Bu sətirlərin müəllifi, professor Nərgiz Paşayeva necə də haqlıdır: "Prof. Aida İmanquliyevanın tədqiqatlarında daha çox dərəcədə Cübranın ideya qaynaqları və onun Qərb romantizmi ilə əlaqələri müqayisəli şəkildə şərh edilmişdir... Mirzə Cəlil və Hüseyn Cavid kimi böyük Azərbaycan yazıçılarının əsərlərində tərənnüm edilən bir sıra motivlərin Cübran yaradıcılığına da xas olması onu bizim üçün daha da doğmalaşdırır.”
Və yaxud böyük ərəb mütəfəkkiri Mixail Nuaymənin dahiyanə ədəbi görüşləri idi Aida xanımı məhcər ədəbiyyatına bağlayan? Təxminən bu konteksdə: "Bədbəxtliyimiz, bizdə yaxşı əsərin olmamasında deyil, ondadır ki, bu əsəri ləyaqətinə görə qiymətləndirə biləcək adamımız yoxdur.”
Hələ xanım şərqşünasa görə "müasir ərəb ədəbiyyatının korifeylərindən” (ifadə A.İmanquliyevaya məxsusdur – Müəllif.) olan M.Nuaymə yazıçı, filosof və ədəbiyyatşünas kimi bu fikirləri ilə ədəbiyyat tarixində qalmağa layiqdir:”...tənqidçi "özü qızıl və almaz istehsal etməyən, lakin əsil qızıl və almazı saxta qızıl və almazdan ayırmağı bacaran bir zərgər olmalıdır.”
Aida xanımın Nuaymə yaradıcılığına verdiyi qiymət bu gün də əhəmiyyətlidir, gələcəkdə də öz aktuallığını qoruyacaq: "Ədibin (söhbət Nuaymədən gedir – Müəllif.) bitkin, yığcam, məna üstünlüyü ilə yazılmış realist əsərləri ərəb ədəbiyyatı və mədəniyyəti xəzinəsini daha da zənginləşdirir.”
Ərəb məhcər ədəbiyyatı, "Qələmlər cəmiyyəti”, rus və ərəb ədəbiyyatlarının qarşılıqlı araşdırılması, ərəb ədəbiyyatında qadın azadlığı məsələləri kimi mühüm sahələrdə qələm çalan Aida İmanquliyeva Şərqşünaslıq İnstitutunun direktoru olmaqla bərabər, Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü kimi çoxsahəli fəaliyyət də göstərmişdir.
Geniş fəaliyyət sferası, yaratdığı şərqşünaslıq məktəbi ilə tarixə köçən Aida xanım haqqında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva gözəl demişdir: "Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir”.
Qarşıdan görkəmli şərqşünas Aida xanım İmanquliyevanın 80 illik yubileyi gəlir. Özü aramızda olmasa da, əbədiyaşar ruhu, əsərləri və yaratdığı məktəb bu elm korifeyinin xalqımızın qəlbində daim yaşayacağından xəbər verir. Dahi fransız yazıçısı V.Hüqonun Jorj Sand üçün dediyi bu fikirlər sanki Aida İmanquliyeva haqqında deyilmişdir: "Onun ölümünə ağlayır, ölməzliyini salamlayıram”.
Ölməz ruhunuza salam olsun, böyük insan!