
Anton Pavloviç Çexov “Ehtiyatsızlıq” (hekayə)
- 15.12.2019
- 0 Şərh
- 1030 Baxış
Polkovnik
zövcəsi İvanovanın qardaşı oğlu Pyotr Petroviç Strijin (keçən il qəttəzə
qaloşlarını oğurlamışdılar ha, bax o) xaç suyuna salınma mərasimindən düz gecə
saat ikidə qayıtdı. Evdəkiləri oyatmamaq üçün o, çox ehtiyatla elə dəhlizdəcə
soyundu, barmaqlarının ucunda, nəfəs belə almadan öz otağına qalxdı və elə
qaranlıqda yatmağa hazırlaşmağa başladı.
Strijin
intizamlı və sərvaxt həyat sürür, sifətində ürəyə yatan ifadə var, yalnız dini-mənəvi
kitablar oxuyur, amma bütün bunlara baxmayaraq Lyubov Spiridonovnanın azad
olması münasibətilə keçirilən xaç suyuna salınma mərasimində üç-dörd qədəh araq
və bir az uksus, bir də gənəgərçək yağı dadan şərabdan bir stəkan içməyi böyük
məmnuniyyətlə özünə rəva görə bilib. Spirtli içkilər bir az dəniz suyuna, bir
az da şöhrətə bənzər; nə qədər çox içirsən, bir o qədər çox yanırsan...
"Deyəsən,
Daşenkanın şkafda bir az arağı olmalıydı axı. Hə,sağ küncdə..." - o
düşündü. "Bir qədəh içsəm nə olacaq
ki. Hiss eləməz..."
Bir az
tərəddüddən sonra Strijin öz qorxusunu yenərək qətiyyətlə şkafa tərəf yönəldi. Qapını
ehtiyatla açaraq, sağ küncdəki şüşəni və qədəhi əl havasına tapdı. Şüşədən bir
az süzüb onu əvvəlki yerinə qoydu və xaç çevirib qədəhi başına çəkdi. Elə o an
möcüzəfason bir şey baş verdi. Dəhşətli bir qüvvə Strijini birdən-birə bomba
kimi şkafdan sandığa doğru itələdi. Onun gözlərində sanki şimşək çaxdı, nəfəsi
dayandı, bütün bədəninə elə bir hiss yayıldı ki, elə bil zəlilərlə dolu gölməçəyə
yıxılıb.
Sanki
araq yerinə dinamit parçası udmuşdu və bu dinamit parçası onun bədənini, evini,
hətta bütün küçəni partladıb darmadağın eləmişdi... Başı, qolları - bütün əzaları
sanki uçub hansısa cəhənnəmə vasil olmuş, fəzanın hər yerinə yayılmışdı.
O,
sandığın üzərində təxminən üç dəqiqə nəfəs almadan və hərəkətsiz qaldı, sonra
qalxıb özündən soruşdu:
- Mən
hardayam?
Özünə gələn
kimi hiss etdiyi ilk şey, kəskin kerosin qoxusu oldu.
- Pərvərdigara,
mən ki vodka yerinə kerosin içmişəm!.. - Strijin dəhşətə gəldi. - İlahi!..
Zəhərləndiyini
düşündü və bu fikrin dəhşətindən gah titrətməyə, gah da qızdırmağa başladı. Təkcə
otağa yayılan qoxu deyil, ağız boşluğundakı yanma hissi də, gözlərində oynayan
qığılcımlar da, beyninin içindəki cingiltilər də, mədəsindəki tikanlı ağrı da -
hər şey zəhərin artıq qəbul edildiyinə şahidlik edirdi. Strijin ölümü lap yaxınlığında
hiss edirdi və özünü boş ümidlərlə aldatmaq istəmədiyindən qərara gəldi ki,
yaxınları ilə vidalaşsın. Bu məqsədlə də Daşenkanın otağına keçdi. (Dul
olduğundan, o evdə sahibə olaraq baldızını - qarımış qız olan Daşenkanı
saxlayırdı.)
- Daşenka!
- O, yataq otağına atılaraq ağlamsındı:
- Daşenka,
əzizim!...
Gecənin
zülməti içində kimsə yerində eşələndi və dərindən içini çəkdi.
- Daşenka!
- Hə? Nədir?
– qadın oyanıb hövlnak soruşdu. - Bu sizsiniz, Pyotr Petroviç? Qayıtmısınız? Hə,
necə keçdi? Qızın adını nə qoydular? Şahid kim idi?
- Şahidlər
- Nataliya Andreevna Velikosvetskaya və Pavel İvanoviç Bessonnitsın idi. Mən...
Daşenka, mən deyəsən, ölürəm... Qızın adını isə Olimpiada qoyublar - öz himayədarlarının
şərəfinə. Daşenka, mən deyəsən kerosin içmişəm axı...
- Bu
hardan çıxdı? Sizə məgər orda kerosin veriblər?
- Yox. Boynuma
alım ki, mən sizdən xəbərsiz araq içmək istəyirdim. Cəmi bircə qədəh... Amma
budur, Tanrı məni cəzalandırdı. Qaranlıqda arağı kerosinlə səhv salmışammış. İndi
mən nə edim, hə?
İcazəsi
olmadan şkafın qapısının açıldığını eşidən kimi, Daşenkada qəfil bir canlanma əmələ
gəldi. Başdan-ayağa çillər içində olan bu irisümüklü qarımış qız təkcə gecə
köynəyində, başında biqudilər, yalın ayaqlarını şappıldada-şappıldada şkafa tərəf
yüyürdü.
- Axı
sizə kim icazə verib?.. - o, şkafın içinə göz gəzdirərək ciddiyyətlə soruşdu. -
Bəyəm o araq ora sizin üçün qoyulub?
- Daşa,
mən araq yox, kerosin içmişəm... - Strijin alnını bürüyən soyuq təri silərək
mızıldadı.
- Kerosinə
niyə dəyirdiniz ki? Bəyəm o sizin üçün idi? Ora kerosin sizdən ötrü qoyulub? Yoxsa
elə fikirləşirsiniz ki, kerosin havayıdır? Siz heç bilirsiniz, ümumiyyətlə
kerosin neçəyədir? Bilirsiniz?!
- Daşenka,
əzizim... - Strijin inildədi. - Burada söhbət ölüm-dirim məsələsindən gedir, kerosindən
və puldan yox!..
- Gedib,
içib sərxoş olub. İndi də burnunu şkafa soxur! - Daşenka qapını çırparaq hirslə
bağırdı. - Əzazillər, zalımlar! Əzabkeşəm mən, bədbəxt əzabkeş!.. Gecəm-gündüzüm
yoxdur!.. İlanlar, zəhərli ilanlar, lənətə gəlmiş ilanlar! Görüm sizi o dünyada
gün görməyəsiz! Günü sabah çıxıb gedəcəyəm. Mən qız xeylağıyam, icazə vermərəm
ki, alt paltarında gəlib qarşımda dayanasız! Əynimdə paltar olmadığı halda mənə
baxmağa ixtiyarınız yoxdur!
O, hələ
çox deyinəcəkdi, lap çox. Strijin bilirdi ki, Daşenka əsəbiləşəndə onu nə sözlə,
nə yalvarmaqla, nə də and-qəsəmlə yola gətirmək mümkün deyil, top atsan da
xeyri yoxdur. O əlini yellədi, əynini geyinərək qərara gəldi ki, həkimə getsin.
Düz üç küçə qaçdı, beş dəfə həkim Çepxaryantsın, yeddi dəfə də həkim Boltıxinin
qapısının zəngini basdı, ancaq bunun artıq mənasız olduğunu görəndə, aptekə
qaçdı ki, bəlkə əczaçı ona köməklik edə bilə.
Burda
da uzun müddət gözlədikdən sonra çəlimsiz, qarayanız və buruq saçlı əczaçı ona
yaxınlaşdı. Ağ xalatlı əczaçının üzündə o qədər ağıllı və ciddi ifadə vardı ki,
Strijin bundan hətta bir az qorxuya düşdü.
- Allah
xətrinə, kömək edin!.. - Strijin nəfəsi kəsilə-kəsilə dedi. - Mənə bir şey
verin. Mən indicə ehtiyatsızlıq üzündən kerosin içmişəm, ölürəm!..
- Xahiş
edirəm, həyəcanlanmayın və mənim verəcəyim suallara cavab verin. Həyəcanlanmağınız
sizi başa düşməyimə mane olur. Siz kerosin içmisiz, hə-ə?
- Hə, hə,
kerosin. Xilas edin, rica edirəm!
Əczaçı
ciddi bir soyuqqanlılıqla kontorkaya yaxınlaşdı, ordan bir kitab götürüb açdı və
oxumağa başladı. İki səhifə oxuduqdan sonra o, əvvəl bir çiynini, sonra ikinci
çiynini çəkdi və bir az düşünərək qonşu otağa keçdi. Saat dördü vurdu.
On dəqiqə
sonra əczaçı əlində başqa bir kitabla geri döndü və yenidən oxumağa başladı.
- Hmm! -
O sanki çaşqınlıqla dilləndi. Özünüzü yaxşı hiss etmirsiniz və təkcə bu fakt
onu göstərir ki, siz aptekə yox, xəstəxanaya müraciət etməlisiniz.
- Mən həkimə
getmişəm. Qapını açan olmadı!..
- Hə də.
Siz bizi - əczaçıları heç adam yerinə qoyursunuz ki?! Hətta gecə saat dörddə
belə rahat buraxmırsınız bizi. Halbuki, itin, pişiyin də rahatlığa ehtiyacı
var. Heç nə anlamaq istəmirsiniz. Sizin fikrinizcə, biz insan deyilik, əsəblərimiz
isə kəndindəndir!..
Strijin
ona qulaq asdı, ah çəkdi və evə getdi.
"Yəqin
ki, mənim alnıma ölmək yazılıb..." - o düşündü. Ağzı yanırdı və kerosin
iyi gəlirdi, mədəsində kəskin ağrı vardı, qulaqlarında sanki baraban çalırdılar
- bum, bum, bum... Hər dəqiqə ona elə gəlirdi ki, sonu yaxınlaşır, ürəyi artıq
döyünmür...
Evə
çatan kimi tələsik yazdı: "Ölümündə heç kimi təqsirkar saymayın."
Sonra Tanrıya dua etdi və uzandı. Səhərə qədər gözünü qırpmadan ölümünü gözlədi,
bütün gecəni gözünə qəbrini getdikcə bürüyən yaşıl otlar və qəbri üstündə
hay-küy salan quşlar göründü...
Səhər
isə çarpayının kənarında oturmuş Strijin üzündə təbəssümlə Daşenkaya deyirdi:
-
Daşenka, əzizim. Kim ki doğru və intizamlı həyat sürür, əziz bacım, ona heç bir
zəhər təsir eləməz. Budur, məsələn, elə məni götürək. Ölümün bircə addımlığında
idim, az qala məhv olurdum, çox əzab çəkdim. İndi isə heç nə. Yalnız ağzım bir
az yanır və boğazım azca qıcıqlanır, amma bütün bədənim sağlamdır, şükür
Allaha. Səbəb? Səbəbi odur ki, intizamlı həyat sürürəm.
- Yox, bu
ona görədir ki, kerosin keyfiyyətsiz olub, - Daşenka dərin bir ah çəkdi, məchul
bir nöqtəyə zillənərək xərclər barəsində düşünməyə başladı. - Deməli, dükançı mənə
yaxşısını verməyib, funtu yarım qəpik olandan verib. Əzabkeşəm mən, bədbəxtəm!..
Əzazillər, zalım ifritələr! Sizi görüm o dünyada gün görməyəsiniz, lənətə gəlmiş
ilanlar!..
O, hələ
çox, lap çox deyinəcəkdi...
Tərcümə:
Dinar Həmidova