
Aslan Quliyev. Oğraş qarğa (hekayə)
- 21.12.2019
- 0 Şərh
- 2010 Baxış
Şərqdə
günəş çətinliklə dənizdən qopub aralanır, alov topu kimi yüksəlirdi, torpağın,
otun, çiçəyin şehi çəkilir, çobanyastığı çiçəklərinin, nəm torpağın qoxusu pəncərənin
dır-deşiklərindən içəri dolurdu.
Samovarı
yandırmağı tənbəllik elədi, qəhvədanı elektrik plitkasında qaynadıb, çay dəmlədi,
peçenye ilə bir stəkan çay içib həyətə düşdü.
Cücələri
hindən buraxdı, on altı dənə idilər, əncir ağacının quru budağında oturub cücələri
hərisliklə izləyən qarğaya xəbərdarlıq elədi.
Gözlərini
bərəltmə, dədə malı kimi yarıya bölürük, səkkizi sənin, səkkizi mənim. Səkkiz
cücəni nuşi canlıqla, afiyətlə aşır. Amma mənim yanımda yox, cücələrə toxunar,
deyərlər cücəsini yoluq qarğa oğurlayır, bu isə səsini çıxarmır, rəzil olaram.
Qarğa
anlaşılmaz tərzdə mızıldanır, yoluq-filan olmadığını deyirdi. Qarğanın özünü
yerə vurmaması onu bir az da hirsləndirirdi, yoluq deyilsən, bəs nəsən? Gözünü
dikibsən əlimə, mən səni yedizdirmək üçün öhdəlik götürmüşəm? Zəhmət çəkməli,
özün-özünə yem tapmalısan.
İşə
gedəndə yemək qalıqlarını, boyat çörəyi həyətdəki daşın üzərinə qoydu.
Balaların
üçün apar, dedi, səni müftəxorluğa öyrədirəm, amma neyleyim, sənin ümidinə
qalsalar, aclarından ölərlər.
Sənin
tör-töküntünə qalan yoxdu, qarğa nifrətlə deyinirdi.
Nankor
qarğa, bircə dəfə belə dilindən yaxşı söz çıxmır, nə qədər yaxşılıq eləsən də
hey deyinir, donquldanır, sanki bunun dədə-babasına borcu olan var imiş.
Müdir
onu qapının ağzında qarşıladı, əlində qapaqlı saniyə ölçən saatını tutmuşdu,
fısıldayırdı və yekə qarnı fısıltısının taktlarına uyğun olaraq yatıb qalxırdı.
-
Hardaydın?
-
Evdə.
- Nə
iş görürdün?
-
Qarğanı başa salmağa çalışırdım.
-
Başa saldın?
- Hə.
Həmişə
olduğu kimi müdir qızarır, çənəsi, üzü qan rəngi alır, boğazının damarları
şişirdi.
Deməli,
qarğanı başa salırmışsan, çölün quşu ilə dərdləşirmişsən?! Düz on iki dəqiqə
gecikibsən! Maaşından çıxacağam, qəpiyinə qədər! Dövlət qardaşımız pulunu küçəyə
tökməyib, hər dılğıra havayı yerə pul versə, müflisləşər! «Va…ah! Qarğanı başa
sala bilirəm, amma səni bircə yol başa sala bilmədim.
Sən
haçandan dövlət qardaşımıza ürək yandıran olubsan? Dövlət qardaşın
milyonlarının başına daş salırsan, vecinə deyil, amma mənim aldığım üç-beş
quruşun dərdini çəkirsən! Baş-beynimi aparma, yoxsa ərizəmi yazıb elə indicə
çıxıb gedərəm».
Müdir
dərhal da əl-ayağa düşdü, sözdü deyirəm, onu dilə tuturdu, dəymə-düşər olma.
Qoluna girib içəri apardı.
Gör
sənə nə deyirəm, yana-yana deyirdi, günlərin birində biri bu qapıdan içəri
girib desə ki, bəs mən bu zibil maşınını sürməyə razıyam, onda mənim həyatımda ən
xoşbəxt gün olacaq. Əmrini yazıb, səni işdən it qovan kimi qovub, sənə şəstlə
qapını göstərəndə özümü dünyanın ən xoşbəxt adamı hesab eləyəcəyəm! Üç şüşə
araq içib, oxay deyib ayağa qalxacaq, yaxamı açıb düşəcəyəm küçələrin canına,
qoy təmiz hava vursun sinəmə! Neyneyim, yoxdur, heç kim razılaşmır, özlərinə
sığışdırmırlar!
Sonra
da müstəntiqə zəng elədi, bir quş-quşunu öldürməkdən ötrü ona neçə il iş veriləcəyi
ilə maraqlanırdı, müstəntiqin cavabı onu narazı salmışdı. Sən orda hay-küy
salma, mən adam öldürmürəm, öldürmərəm də, söhbət quş-quşudan gedir,
quş-quşuların adamlara bir aidiyyatı yoxdu. Elə iş olar, bundan ötrü heç iki-üç
il də yatmağa dəyməz, qalıb on beş il yatasan!
Bu
gün işləri çoxdu, şəhər balaca olsa da adamlar şəhəri zibilləməkdə xüsusi fəallıq
göstərirdilər. Bir maşın, iki fəhlə gün ərzində zibili yığıb qurtarmağa
çatdırmırdı. Saat yeddiyə on iki dəqiqə işləmiş maşını döndərdi. Müdir göm-göy
göyərdi:
-
Hara?
-
Qaraja.
-
İşi yarımçıq qoyursan?
- Hə.
-
Qovaram!
-
Qov.
-
Maaşını kəsərəm!
- Kəs!
Müdir
zibil qalağının üstündə atılıb düşür, zibil torbalarını təpikləyir, ətrafa üfunət
qoxusu yayılır, havada sellafon torbalar uçuşurdu. Sənin başın xarabdı,
prokurorun küçəsini təmizləməmişik, dərimə saman təpər!
Qoy
təpsin, etinasız halda dedi, səhər on iki dəqiqə gecikmişdim, indi də iş
vaxtından on iki dəqiqə çox işləyib, əvəzini çıxdım. Bizdə iş səkkiz
saatlıqdır, bunu dana bilməzsən. Səhər saatı gözümə təpməsəydin, on iki dəqiqə
gecikməklə dövlət qardaşımızı müflis elədiyimi bəyan eləməsəydin, bunlar yadıma
düşməzdi.
Müdirin
çığır-bağırına baxmadan maşını qaraja gətirib gözətçiyə təhvil verdi və
yuyunub, balaca köşkdə paltarlarını dəyişərək evə qayıtdı.
İlk
işi cücələrə dən səpmək oldu, amma birdən-birə cücələrdlən doqquzunun
olmadığını görəndə heyrətdən gözləri kəlləsinə çıxdı. Əncir ağacının quru
budağı üstə oturmuş qarğanı səslədi:
- Sənin
işindi?
-
Lap elə mənim işimdi.
- Mən
cücələri bölmüşdüm axı, sənə səkkizi düşürdü. Sənsə birdən-birə doqquzunu
aparıbsan!
-
Cücə görəndə qanım cuşə gəlir, - qarğa etinasız halda qarıldadı.
Yanıb-yaxılırdı,
sənin lap yeddi arxadan dönəni, bütün sülaləni, ananı-bacını, dədəni-babanı,
ölülərini-dirilərini…. Sən oğraş qarğasan! Sən dünyanın ən həyasız quşusan!
Qarğa
narazı qalmışdı, necə də abırsız adamsan, onu məzəmmətləyirdi, iki cücədən ötrü
özünü boğursan.
«Özümü
boğurmuşam, iki cücədən ötrü?! – həyətin ortasında atılıb düşürdü. – Tfu sənin
sifətinə! Demək cücə görəndə qara qanın cuşə gəlirmiş, hə?! Mən səndən bunun
hesabını soraram! Heç şübhən olmasın!».
Qarğaya
etibar eləyə bilməzdi, bunun cücə görəndə qanı cuşə gəlirmiş, nə qədər
hamısının axırına
çıxmamışdı,
cücələri hinə saldı.
Akasiya
ağacının dibindəki samovarı yandırıb, yaxınlıqdakı vələs kötüyünün üstündə
oturdu, stul əvəzinə
payızda
meşədən gətirdiyi bu kötüklərdən istifadə eləyirdi.
Qarğa
da gəlib yaxınlıqdakı kötüyün üzərinə qondu.
Bu
onu lap cinləndirdi, vay səni, çaqqal! Cücəmi oğurlayırsan, azlıq eləyir, gəlib
hələ bir mənimlə üzbəüz də oturursan! Qalx və mənim məclisimi tərk elə!
Qarğa
hirslə qarıldadı, könülsüz halda qanadlarını çalıb havaya qalxdı, amma bir qədər
havada dövrə vurandan sonra yenə gəlib kötüyün üstündə oturdu. Daha bir söz demədi,
yenə arada bununla dərdləşirdi, qovsa, tək-tənha qalacaqdı, onsuz da
darıxmaqdan bağrı çatlayırdı.
Çay
dəmlədi, qarğaya nə qədər hirslənsə də, onun üçün evdən buğda gətirib səpdi. Sənə
bir əhvalat
danışmaq
istəyirəm, çay içə-içə qarğaya dedi.
«Danış,
- qarğa işküzarlıqla buğdaları bir-bir dənləyərək dedi, - amma uzun olmasın».
«Uzun
olmayacaq, qısadı. Biz məktəbdə oxuyanda səkkiz oğlan, bir qız idik. Yeddimiz
qıza dəlicəsinə vurulmuşduq, içərimizdə eynəkli, çəlimsiz birisi var idi, o isə
qıza etinasız idi. Səkkizinci sinfi qurtaranda qızı bu şəhərə, yaşlı bir kişiyə
zorla ərə verdilər. Dəli olmuşduq, az qala ağlımızı itirəcəkdik. Eynəkli isə elə
həmən gün özünü həyətlərindəki tut ağacından asmışdı. Sən demə o qızı bizim
hamımızdan çox sevirmiş, sadəcə biruzə vermirmiş».
Qarğa
əsəbi reaksiya verdi, nə olsun, bunun mənə nə dəxli? Sənə dəxli yoxdu, dedi,
insanların dərd-sərindən quşlara nə, sadəcə istədim biləsən.
-
Lap elə bildim! Nə olasıdı?
-
Yum!
- Sənə
nə olub? – qarğa incik halda səsləndi.
-
Heç…
-
Olub, olub.
-
Darıxıram, - etiraf elədi.
-
Boş şeydi.
Səninçün
əlbəttə boş şeydi, ilk dəfəydi qarğaya həsəd aparırdı, hara istəyirsən uçub
gedirsən, dərdin yox, sərin yox. Bircə yem fikri çəkirsən, o da bol. Uça bilənlərin
dərdi olmur.
Çaxır
almışdı, evdə pendir, pamidor da var idi, süfrə açdı, günəş dağların arxasına əyilib
qaranlıq düşəndən sonra qonşuluqdakı dul qadının evində kirayə qalan musiqi müəlliməsi
də gəldi.
Çaxır
içir, qızın yumru çənəsinə, qız danışdıqca xəfifcə titrəşən qızılı saçlarına
baxır, nədənsə qüssələnirdi.
Qız
burda əbədi qalan deyildi, uzağı bir-iki ilə çıxıb gedəcəkdi və o zibil maşını,
müdir və qarğayla qalacaqdı. İndidən belə bunu təsəvvür eləyəndə ürəyi
sıxılırdı.
-
Niyə kədərləndin? – qız soruşdu.
-
Heç.
- Mənim
nə vaxtsa gedəcəyimi düşündün?
- Hə,
- etiraf elədi.
- Bəlkə
heç getmədim, evləndim qaldım burda.
-
Evləndin?
Hər
halda səninlə yox, qız başını arxaya əyib gülür, yumru çənəsində elektrik
lampasının solğun işığı şölələnirdi, sən reallığı dərk eləməlisən. Mən bu
balaca şəhərin ən gözəl qızıyam, yeganə musiqi müəlliməsiyəm, bilirsən nə qədər
başıma fırlanan var? Lap heç istəyənim olmasa belə zibil daşıyana ərə getmərəm.
Sadəcə vaxt keçirdirik, istəmirsən, gəlmərəm. Amma sən çox da ürəyini sıxma, əlinə
düşən fürsətdən geninə-boluna istifadə elə, gələcəyin hesabını aparma. Bəlkə mən
gedəndən sonra məndən də gözəl qızla tanış olacaqsan.
Qız
haqlıydı, əlbəttə zibil daşıyana ərə getməzdi, şəhərin az qala bütün cavanları
başına fırlanırdılarsa, niyə də getsin?
Yaxşı,
dedi, bir halda belədisə, fürsətdən geninə-boluna istifadə eləyək. Həmişə
olduğu kimi qızın şalvarını çıxaranda hirslənirdi. Bu nədi, sən bir dəfə əməlli-başlı
qadın paltarı geymədin də! Hər dəfə şalvarını çıxardanda elə bilirəm kişi
soyundururam, olub-qalan həvəsim də keçir.
«Həvəsin
keçir, eləmi? – qız gülürdü. – Belə tamam iştahdan düşürsən? İştahdan düşdüyünü
görməmişəm. Az danış, yoxsa şalvar çıxartmağa da həsrət qalarsan!»
Qız
səhərə yaxın getdi, o da bir az yatıb ayağa qalxdı, əvvəlcə cücələri hindən
buraxdı, arxın kənarından gicirtikan dərib hərəsinin belinə bir topa bağladı,
özünü ağacların arasına verib gözləməyə başladı. Çox gözləyəsi olmadı, qarğa
qovaq ağacındakı yuvasından pırıltı ilə havaya qalxdı, cücələrin səsini
eşitmişdi və məlum işdir, qanı cuşə gəlmişdi.
Havada
bir-iki dövrə vurub cücələrin üzərinə şığıdı, birini götürüb havaya qalxdı.
Azacıq qalxmışdı ki, birdən cücəni yerə buraxıb, yaxınlıqdakı təpədə oturdu,
çaynaqlarını quma-torpağa sürtür, otların içərisində mayallaq aşır, heç cür
sakitləşmirdi. O gizləndiyi yerdən çıxmışdı, qarnını tutub gülür, uğunub
gedirdi. Apara bildinmi, sənə dedim axı bunun üçün cavab verəcəksən!
Qarğa
bir xeyli də vurnuxub sakitləşəndən sonra uçub alça ağacına qondu, onu
qanlı-qanlı süzürdü:
- Sən
alçaq adamsan! – nifrətlə dedi.
- Mən?!
- Sən!
-
Cücələrimi oğurlayan alçaq olmur, mən alçaq oluram?
-
Deməyinin adı nədi, balalarım ac qalsın?
-
Oğraş qarğa, mən sənin balalarını yedizdirmək üçün öhdəçilik götürmüşəm? Uç çölə,
orda bəs qədər çəyirtikə var, tut, gətir.
Qarğaya
nə qədər hirslənsə də, balaları üçün daşın üzərinə çörək qoydu, getmək istəyəndə
qonşunun səkkizinci sinifdə oxuyan oğlu gəldi.
Arıq,
çəlimsiz yeniyetməydi, iri eynəyi sifətini büsbütün tutmuşdu, anasının deməyinə
görə dərslərini yaxşı oxuyurdu, əlaçıydı.
-
Salam, dostum, - oğlanı salamladı.
- Müəllimə
ilə işin olmasın, - oğlan onu eşitmirmiş kimi qaşqabağını tökərək dedi.
-
Necə? – qulaqlarına inanmadı.
- Müəlləimə
ilə işin olmasın!
-
Niyə?
- Mən
onu sevirəm.
-
Dostum, sən hələ uşaqsan. Dərslərini oxu. Sevməyə vaxtın çox olacaq.
-
İşin olmasın!
-
Birdən oldu?
-
Onda öldürürəm!
- Sən,
məni? Dostum, gəl səni yola salım! – oğlanın qolundan yapışıb doqqaza qədər gətirdi
və öz həyətlərinə itələdi.
Çaşıb
qalmışdı, işə bax, gör onun dilsiz-ağızsız hesab elədiyi oğlan nələr danışırdı.
Vurulub, özü də kimə, müəlliməsinə! Hələ bir hədələyir də, işin olsa, öldürərəm!
Qarışqa belə öldürə bilməz, külək bərk dəysə, götürüb aparar, di gəl öldürməkdən
dəm vurur.
Müdir
onu qapının ağzında gözləyirdi, saatı da əlindəydi. On altı dəqiqə gecikibsən,
amma bu dəfəlik bağışlayıram, bir söz demirəm. Amma hər işçi gündə beş-on dəqiqə
işə geciksə, dövlət qardaş büsbütün müflis olar!
«Bağışlayan,
bir söz deməyən əbləh saatıyla qapının ağzını kəsdirməz! On altı dəqiqə
gecikmişəmsə, iyirmi dəqiqə artıq işlərəm, dövlət qardaşımızı müflis eləmərəm!».
Müdir
içəri cumdu, kiminləsə danışır, nərildəyirdi, sən bir də oxu! Əməlli oxu, mən
biləni quş-quşunu öldürməkdən ötrü adama uzağı iki-üç il iş verərlər. Yoxsa on
beş il nədir?! A kişi, mən on beş il yaşamaram, iyrənc bir varlıqdan ötrü
ömrümü türmədəmi başa vurum?
Müdir
telefonu yerə qoyub alnının tərini sildi, yana-yana onu bir xeyli süzdü,
yumruğunu stola vurdu, stulları təpiklədi və fəhlələri səslədi ki, işə
başlasınlar.
Bu
gün yeddiyə iyirmi dəqiqə işləmiş işi saxladı, onu fikrindən döndərə bilməyəcəyini
başa düşən müdir daha bir söz demədi, amma əlini açıb Allaha yalvarır, ona
tezliklə bu lənətə gəlmiş maşında işləməyə razı olan birisini yetirməyi xahiş
edirdi. Nəzir boyun alırdı. Kiminsə qəbri üstünə dizi-dizi gedəcəyinə and
içirdi.
Bir
şüşə çaxır, çörək, pomidor alıb evə qayıtdı. Hələ həyətə çatmamış qarğanın həyəcanlı
qarıltısını eşitdi, şübhəsiz nəsə olmuşdu.
Həyətə
keçən kimi gördüyü mənzərədən sarsıldı, cavan bir oğlan qovaq ağacıyla qarğanın
yuvasına doğru dırmaşırdı, qarğa da vay-həşir qopartmışdı, qoymayın, adam
balalarımı aparacaq!
Ey,
neyləyirsən, oğlanı səslədi, düş aşağı görüm.
Oğlan
ağacın gövdəsini buraxmadan geri döndü.
«Mən
biologiya müəllimiyəm, - dedi, - məktəbdə canlı guşə düzəldirik. Bir qədər quş,
heyvan yığmışıq. Bu yuvadakı qarğa balalarını da aparacağam».
«Başını
daşa döyəcəksən! Sən nə deyib məndən icazəsiz qarğalarımı aparmaq istəyirsən?»
«Sən
nə haqla məni təhqir edirsən? Mən dövlət qardaşımızın göstərişini yerinə
yetirirəm!»
«Dövlət
qardaşımız sənə deyir gəl, mənim qarğa balalarımı oğurla?!»
«Qarğa
balaları sənin niyə olurlar? Çölün, düzün qarğasıdı!»
«Çölün,
düzün qarğasıdısa, mənim bağımda niyə yuva qurub? Cəhənnəm ol, düş aşağı! Yoxsa
təpənə bir daş vurub, zorla aşağı salaram! Dövlət qardaşımızın göstərişi
yarımçıq qalar».
Oğlan
bir qədər tərəddüd elədi, amma onun doğrudan da daşa əl ata biləcəyini düşünüb,
ağacdan düşdü, pərt olmuşdu.
Onu
hədələyir, bu işi belə qoymayacağını deyirdi. Sənin kimi zibil daşıyanlar,
maarifimizin, təhsilimizin inkişafına mane ola bilməzlər! Adamlar var idi,
balalarımız oxusun deyə bütün var-dövlətlərindən keçir, qapısının mal-heyvanını
verirdilər. Sənsə qarğa balalarına qıymadın! Çölün qarğasına!
«Əcəb
işə düşdük! Qardaşım, sənə qarğa balası lazımdısa, get, çöldən, meşədən tut!
Yaxşı, mısmırığını sallama, bir halda lazımdı, tut qarğanın özünü apar, oğraş
qarğadı, müftəxorun yekəsidi, qoy bir işdə kara gəlsin. Otursun orda, sizin
canlı guşənizdə, uşaqlar da baxıb görsünlər necə əclaf qarğalarımız var».
«Mən
bu oğraş, müftəxor qarğanı necə tutum?»
«Orası
sənlikdir. Olmaya qarğanı dövlət qardaşımız üçün mən tutmalıyam?»
«Gic-gic
danışma! – müəllimin sifəti ağardı. – Qarğa dövlət qardaşımızın nəyinə
lazımdı?»
«Belə
de..e! Bəs onda qarğa balalarını kimin üçün tuturdun? Demək, özünə lazımmış,
amma dövlət qardaşımızın adından istifadə eləyirmişsən! Cəhənnəm ol!»
Oğlan
deyinə-deyinə çıxıb getdi, balaları xilas olsa da, qarğa narazı qalmışdı,
donquldanır, onu nankor adlandırırdı.
Bu
ona möhkəm toxundu, Kimin nankor olduğu bəlli oldu. Mən sağ ol eşidəcəyimi zənn
eləmişdim, amma oğraş qarğa mənə nankor deyir! Qırmızı-qırmızı deyir, heç
utanıb xəcalət də çəkmir!
«Va…ah!
– qarğa qanadlarını çırpdı. - Məni biologiya müəlliminə vermək istəyən birisinə
sağ ol deməliymişəm? Demərəm!»
«Cəhənnəmə
demə! Səni tuta bilməyəcəyini bilirdim, ona görə dedim».
Samovarı
yandırdı, çay dəmlədi, çaya qoyunqıran çiçəklərindən də atmışdı, içdikcə çiçəklərin
xoş qoxusunu ciyərlərinə çəkirdi. Qarğa üçün evdən boyat kartof soyutması, dən
gətirib səpdi.
- Sənə
bir şey danışımmı? – qarğadan soruşdu.
-
Danışma.
-
Niyə?
- Nə
danışacağını bilirəm, - qarğa dənləməsinə ara vermədən qarıldadı.
-
Bilirsən?
- Hə!
Səkkiz oğlan bir qız imişsiniz…
-
Yum! – nifrətlə dedi.
Oğraş
qarğadan bundan artıq nə gözləyəsən? Nə danışacağımı bilir, daha qulaq asa bilməz!
Nə olar bir də qulaq asanda, qanadların qırılar, ya qarnına sancı dolar?
Nankor!
Qarğayla
söhbətləşməkdən özünü saxlaya bilmirdi. Sizin tayfa uzun ömürlü olur, deyirdi,
məndən çox yaşayacaqsan. Mən öləndən sonra ara-sıra gəlib qəbrimə baş çəkərsən.
Heç olmaya dostlarım məni unutmayıblar deyə təskinlik tapım.
«Yaxşı»,
- qarğa söz verdi.
Qaranlıq
düşəndən sonra musiqi müəlliməsi gəldi, qız kotlet bişirib gətirmişdi, onu məzəmmətləyirdi,
səndən olsa dilinə pendirdən, pamidordan başqa heç nə vurmazsan. Evə keçib süfrə
açdılar, qız şərab içdikcə yanaqları allanırdı.
- Mən
ərə gedəndən sonra neyləyəcəksən?
-
Çıxıb gedəcəyəm.
-
Hara? – qız maraqla soruşdu.
-
Rusiyətə.
- Orda
darıxmayacaqsan?
-
Bilmirəm, - çiyinlərini çəkdi.
Yataq
otağına keçəndə yenə də qızın şıltaqlığı tutmuşdu.
Hə,
necədi, şalvar çıxartmaq sənə çətinmi gəlir, iştahan qaçıb eləmir?
Yox,
o da mızıldanırdı, nə olur-olsun, təki səni soyundura bilim.
Səhər
qız oyanıb gedəndən sonra daha yata bilmədi, yuxusu qaçmışdı. Geyinib həyətə
düşdü, artıq səhər açılır, şərqdə dənizin üzərindən asıla qalan günəş nəhəng
qırmızı şarı xatırladırdı.
Həyətdəki
çobanyastıqlarının üzərinə şeh qonmuşdu, şehdən təravətlənmiş otlar, çiçəklər
daha da utancaq görünürdülər.
Cücələri
açıb dən səpdi, qarğanın gözü qorxmuşdu, cücələrə gicitkan bağlamasa da, cücələrə
toxunmurdu.
Samovarı
yandırıb vələs kötüyünün üstündə oturdu. Çay içir, baxışlarını səhər mehi əsdikcə
xəfifcə dalğalanan çobanyastığı çiçəklərindən çəkə bilmirdi.
Günəş
yüksəldiyindən evi, həyəti, çölü çobanyastığı, yarpız qoxusu başına götürmüşdü.
Birdən
qarğanını həyəcan dolu səsini eşitdi, ayağa qalxıb bağa qaçdı, arıq, zənci kimi
qapqara bir oğlan qovaq ağacına dırmaşırdı. «Ey! – oğlanı səslədi. – Neyləyirsən?»
Oğlan
narazı halda ona tərəf döndü.
«Mən
baytar həkimiyəm, monitorinq keçirdirik. Quş qripinə görə».
«Sən
indi bu monitorinqini nə cür keçirəcəksən?»
«Qarğa
balalarını laborotoriyaya aparıb orda yaracaq, müayinə eləyəcəyəm!»
« Sən
nə deyib qarğalarımı məndən icazəsiz tutursan, hələ bir yarırsan da! Adamın
özünü yararlar, özü də ortadan! Labarotoriyaya aparmadan, elə yerindəcə, balta
ilə! Düş aşağı!»
«Sən
mənimlə belə danışa bilməzsən! Mən vəzifə başındayam, dövlət qardaşımızın göstərişini
yerinə yetirirəm!»
«Qardaşım,
dövlət qardaşımızın bir işi-gücü yoxmu? Düş aşağı, yoxsa yarma əməliyyatına
başlayıram!»
Baytar
həkimi döyükdü, onun niyətində ciddi olduğunu hiss edib, aşağı sürüşdü, yerə
düşüb üst-başını çırpdı və onu hədələyərək çıxıb getdi.
Qayıdıb
vələs kötüyünün üzərində təzəcə oturmuşdu ki, oğlan gəldi, salam vermədən
qarşısında durmuşdu, sifətinin çoxunu eynək tutmuş varlığa heyrətlə baxırdı.
-
Demişdimmi müəllimə ilə işin olmasın?
-
Demişdin, - təsdiq elədi.
-
Demişdimmi işin olsa öldürərəm?
-
Demişdin.
-
Amma sən qulaq asmadın.
-
Onda nə olacaq? – gülüşünü güclə boğurdu.
- Öləcəksən.
Oğlan
iri mətbəx bıçağını arxasında gizləyibmiş, ani bir hərəkətlə çıxarıb ürəyinin
başından necə vurdusa, sanki ürəyinə qızmar dəmir parçası saldılar.
Nə
baş verdiyini anlaya bilmir, qorxu dolu baxışlarını oğlana zilləyib heyrətlə
baxırdı. Dözülməz ağrı artıq təpədən dırnağa kimi özünü hiss elətdirməyə
başlasa da, hələ də baş verənlərə, oğlanın belə ani, qorxub çəkinmədən onu
vurmasına inana bilmirdi.
Oğlan
bıçağı dartıb çıxartdı, qaldırıb bir də vurmaq istədi, amma onun gözlərinə
baxıb birdən qışqırdı, bıçağı yerə ataraq qaçıb getdi.
Sinəsi
ilə qan şorranıb axırdı, bir təhər ayağa qalxıb yaxınlıqdakı çobanyastığı çəmənliyinə
kimi gedə bildi və səntirləyib arxası üstə çiçəklərin arasına yıxıldı.
- Səni
vurublar? – qarğa soruşdu.
- Hə,
- dedi, - səndən bir xahişim var.
- Nəymiş?
– qarğa qarıldadı.
- Öləndən
sonra gözlərimi sən oymazsan, didməzsən.
- Sənin
üçün nə fərqi? Mən oymasam da başqa qarğalar oyacaq.
-
Oğraş qarğa, sən oyma, başqaları ilə nə işin? Sən gözlərimi oyanda ölmüş olsam
belə, fani dünyadakı dostlarımın namərd olduqları məni yandıracaq.
-
Yaxşı, oymaram.
-
Söz?
-
Söz! – qarğa onu əmin elədi.
Sənə
bir dəfə danışmaq istəyirdim, amma qulaq asmadın, qarğaya deyirdi. O qızın
vaxtından tez oğlu oldu. Hərə bir söz deyirdi. Nə demiş olsalar belə mən onu
unuda bilmirdim. Hara getdimsə, harda oldumsa, səsi, gülüşü qulaqlarımdan çəkilmədi,
gözlərimin qabağında donub qalmışdı. Əsgəriliyimi çəkəndən sonra bir az pul
yığdım və gəlib bu evi aldım. Qonşum yeddi oğlanın dəlicəsinə vurulduğu, əsla
unuda bilmədiyim həmən o qız idi, əri ölmüşdü. Gözəlliyindən əsər qalmamışdı,
qocayla yaşamaq onu vaxtsız qocaltmışdı. Oğlu isə artıq böyümüşdü, adam öldürməyə
gücü çatacaq qədər….
-
Ölürsən? – qarğa həyəcanla soruşdu.
-
Ölürəm.
-
İnsanlar gəlib mənim balalarımı aparacaqlar.
-
Uçun gedin insanların quşlara toxunmadığı ölkələrə.
-
Balalarım uça bilmirlər.
-
Uça bilməyənlər…- sözünü sona qədər deyə bilmədi.
Adam
sonuncu dəfə çobanyastığı çiçəklərini qoxulayıb öldü.
Çöldən
qarğalar uçub gəldilər, yırtıcı quşlar qan qoxusunu hiss eləmişdilər. Amma
qarğa sülaləsinə xəbərdarlıq elədi:
-
Onun gözlərini oya bilməzsiz!
-
Niyə? – qarğalar soruşdular.
- Mən
ona söz vermişəm.
- Bəs
onda bu necə olacaq?- qarğalar narazı halda qarıldadılar.
-
Adamlar gəlib onu qəbirstanlığa aparacaqlar. Mən də qəbrinə baş çəkəcəyəm.
Dostlarının onu unutmadıqlarına əmin olsun deyə.
Adam
düşüb qalmışdı çobanyastığı çiçəklərinin, yaz otlarının arasında, şüşə kimi
tutqunlaşan göz bəbəklərində bir parça buludlu səma, əncir ağacının quru budağı
əks olunmuşdu.