Aydın Talıbzadə. "Mən bir heç"
- 02.02.2020
- 0 Şərh
- 9469 Baxış
(düşüncə
alternativləri)
"Yuğ”
teatrının "Mənəm... mən” tamaşasının koordinatlarında gəzmək
üçün tarixilikdən qopmaq gərək, Nəsimini xəyal etmək gərək, hürufilərin hərf,
nöqtə və rəqəmlərlə şəkilləndirdiyi Allah-insan ikonasının qarşısında heyrətlənmək
gərək; anlamaq gərək ki, sən Nəsimi şeirlərini oxuyanda türkcə zikr eləyirsən,
hüruficəsinə səlavat çevirirsən...
Budu
gəldi "Yuğ” məkanına Hürufi elmi-ilahi aktyor Əbdülqəni Əliyevin təqdimatında
bir dəniz ləpəsi kimi: gəldi, qayıtdı, qayıdıb bir də gəldi
Seyid Əli Şamlını Süleyman peyğəmbərin bildiyi quş dilindən agah etmək
üçün...
Əbdülqəninin
Hürufi elmi-ilahisi islam aləmində ezoterik bilgilərin sirrindən, möcüzəsindən,
sufilərin dünya modelindən xəbərdardır, dərvişdir, arifdir. Hərçənd tam dəqiqləşdirmək
olmur ki, bu dərviş təsəvvür personajıdır, qarabasmadır, yoxsa Seyid Əli
Şamlının gözünə görünən Nəsimi teyfi? Üç versiyanın üçünü də aktivləşdirmək
mümkün: amma mən üçüncünü daha cəlbedici buluram.
Həminbu
personajın davranış motivasiyası rəsmi dini dairələr tərəfindən hürufiləri, şəxsən
də laməkan Nəsimini tapıb cəzalandırmaqdan ötrü vəkil edilmiş cəllad Seyid
Əlini (Ziya Ağa) Fəzlin fəlsəfəsinə, inamına, əqidəsinə gətirməkdir.
Bundan
ötrü Hürufi elmi-ilahi islam mifolojisində insanın mələklərdən uca tutulmasının
səbəbini izah edir: əbcədə güvənib söyləyir ki, bəni-adəmi bildirən "vəch”
sözünün rəqəm simvolu 14-dür, "Fatihə” surəsində ayələrin sayı 7-dir, iki dəfə
nazil olub, bir əlin barmaqlarının 14 büküşü var, qünut zamanı iki əl bir araya
gələndə barmaq büküşlərinin cəmi eləyir 28, yəni kitab kimi açılıb 28 hərflə
yazılmış Quranı rəmzləşdirir. Ay 28 gün yol gedir. 28 dörd yeddidir. Həftə 7
gündür. 128 min peyğəmbər yenə bir yeddidir. İnsanın üzündə 7 dəlik mövcud və
burada "əlif”, "lam”, "həy” nəqqaşlıq edib "Allah” sözünü
yazır. Odur ki, bəni-adəmin surəti Qurandır. Bu mənada Allah, Quran,
Muhammad, Kəəbə, insan, cahan – "mənəm... mən”.
Onda
məgər təəccüblüdür ki, personajların sayı tamaşada yeddidir?
Əsla.
Bu
elə belə də düşünülüb zatən.
Yeddi
personajdan yalnız biri Nəsimidir!
Nəsimidirmi?
Axı məkanı yoxdur anın? Məkansızdırsa, görünə bilərmi?
Yazıçı-dramaturq
İlqar Fəhminin didaktik-detektiv (detektiv didaktikanı özündə
apriori ehtiva eləyir və nəzəriyyədə ən didaktik janr hesab olunur) janrlı "Nəsimi” pyesi
filosof-şairin 650 illik yubileyi müstəvisində bir ithaf kimi qavranılır: məramı
şübhələrində boğulan dindar, cəllad birisini irfana, ali bilginin işığına
qovuşdurmaqdır, Nəsimini axtaran Seyid Əli Şamlının özünü "nəsimiləşdirməkdir”.Pyesin
diskursu hürufi fəlsəfəsinin və Nəsimi şeirlərinin insanlara ecazkar, möcüzəvi
təsirinin təftişi, sınağı üzərində qurulub: belə ki, dramaturji mətndə Nəsimi
olmaya-olmaya hərə bir cür Nəsimi sözünün aşiqi, dəlisi kimi aparır özünü. Daha
doğrusu, əsər tarixi şəxsiyyətə yaşadığı dövr kontekstində situativ münasibət sərgiləyir.
Subyekt, yəni Seyid Əli (və ya Əhməd) Şamlı dramatik toqquşmaların içindədir.
Bu konflikt onun daxili dünyasının konfliktidir və başqaları ilə mübarizəni
ehtiva eləmir. O ehtimal da var ki, hətta situasiyanın özü Seyid Əli Şamlının xəyalıdır;
təsəvvürü ilə, şübhəşlərilə provokasiya olunur. Ona görə də pyes mental duellər
kimi hörgülənib və elə o cür də tamaşaya qoyulub.
Ancaq bu, tam dekonstruksiya deyil, Nəsimi mifini dağıtmaq cəhdi deyil, əksinə,
özgələrin ünsiyyətində, intellektual mübahisəsində Nəsiminin yeni
bir orijinal hekayətini modelləşdirmək, Nəsiminin fikir ikonasını yaratmaq, onu
məsihləşdirmək, buddalaşdırmaq təşəbbüsüdür. Di
gəl ki, pyesin dialoqlarına pərçim intonasiya, düşüncəni bəyana gətirmək tərzi,
diskursu tərtibləmək manerası, nitq taktları məlum "Nəsimi” filminin bədii ənənəsilə
səsləşir.
Fəhminin
"Nəsimi” pyesini quruluşçu rejissor Mehriban Ələkbərzadə detektivdən
"uzaqlaşdırıb” mistik-psixoloji dram janrına doğru yönəldir və "Mənəm...
mən” oyunu kimi mizanlaşdırır, harada ki Nəsimi adlı bir personaj
gözə dəymir: çünki burada Nəsimi ideyadır, niyyətdir, yoldur, fikir
və əməllərin qarasını mənəviyyatın ağına döndərmək, bədəni ruha çevirmək cəhdidir.
Təsadüfi
deyil ki, tamaşa başlarkən oyun məkanı sanki çarşablanıb, qara örtüyə bürünüb və
bu örtük üzərində dönən mövləvi dərvişlərinin qızılı rəngli qrafik görüntüləri
(quruluşçu rəssam Vüsal Rəhim) şəkillənir. Əslində, bu qara örtük Seyid Əli
Şamlının batin qarasını eyhamlaşdırır. Ona görə də Hürufi elmi-ilahi oyuna girər-girməz
çalışır qara örtüyü divarlardan qoparıb atsın, ağ örtüyü aşkar eləsin, Şamlını
aydınlığa çıxartsın.
Digər
dərvişlər də həmin bu qutlu missiyanı gerçəkləşdirmək, qəhrəmanı şəriətdən həqiqətə
aparmaq niyyətilə "Mənəm... mən” oyununa daxil
olacaqlar.
Budu
gəldi "Yuğ” məkanına Hürufi eşqi-ilahi yumşaq ağ duman kimi aktyor
Vüqar Hacıyevin plastikasında: məramı Allah eşqinin idrakdan uca olduğunu Seyid
Əli Şamlıya anlatmaqdır.
Budu gəldi "Yuğ” məkanına Hürufi ilahi yazı narın bir yağış kimi aktyor
Elgün Həmidovun ifasında Seyid Əli Şamlının bütün varlığına hopmaq üçün...
Budu gəldi "Yuğ” məkanına Hürufi ilahi şeir pırpız səba yeli, səhər
nəsimi kimi aktyor Qasım Nağının təfsirində Seyid Əli Şamlının
şair ruhunu diriltmək məqsədilə...
Budu gəldi Hürufi övliya ullah torpaq kimi aktyor
Amid Qasımovun təqdimatında Seyid Əli Şamlını fənafillaha yetirmək ümidilə...
Hərə öz xislətinə, öz eşqinə, öz adına, öz ədasına, öz surətinə və imicinə
uyğun Seyidin qəlb qarasını və ya gözlərinə çəkilmiş qara pərdəni götürüb orada
Nəsimi ruhunu yaşatmağa çalışır. Hətta məqsədlərinə çatmaq, Seyid Əli
Şamlını "nəsimiləşdirmək” naminə bu dərvişlər düşüncənin
gücü ilə öz ölümləri bahasına onu qətllər törətməyə təhrik edirlər. Yəni
hər fikir mübahisəsində Seyid Əli Şamlı şəriətin qaydalarını üstün sayıb bu
irfan sahiblərini, söz, hikmət, ruh aşiqlərini küfrdə suçlayır, onları "Yuğ” məkanında
düzbucaqlı qutu-postament kimi qurulmuş edam iskələsinə və ya ölüm "quyu”suna –
qəbr quyusuna göndərir.
Bütövlükdə,
7 beytlik qəzəli xatırladan tamaşanın mizanları şeir rədifi kimi
təkrarlanır: M.Ələkbərzadə pyesin "Nəsimi” adını "Mənəm... mən” adı
ilə əvəzləyəndə artıq bu təkrarı oyun strukturunun dominantı qismində götürür və
tamaşanın mizan biçimini bu dominant fikrin məkan qəlibinə çevirir.
Digər
tərəfdən "Mənəm... mən” şəxsiyyətin psixi durumuna, yetərincə rişələnmiş nərgizliyinə,
tanrı olmaq istəyinə bir işarədir. Ayrı bir yöndən yanaşanda isə Yunus İmrənin "məni
məndə demə, məndə deyiləm” fikri Nəsiminin elə "cahan mənəm
mən” dedisinin eynidir. Birinci introvert şəxsiyyət tipinin düşüncə
məhsuludur, ikinci – ekstrovert şəxsiyyət tipinin.
Əgər
cahan məndirsə, onda ya cahan yoxdur, ya da mən: mən hər yerdə olanda, mən zərrə,
günəş, kosmos olanda mən heç vədə mən olmur.Çünki mən vəhdət əl-vücuda gəlir, fərq
nişanələrini itirir, fənalaşır. Əbəs deyil ki, "mənəm... mən”aqressiv
dedisinin tərs üzündə müdrikanə "mən bir heç” bəyanatı
gizlənir: həqiqətdə, onların məna tutumu bir-birinə müsavidir.
Elə
buna görə də M.Ələkbərzadənin tamaşasında söyləm hadisədir, nitq eyləmdir. Hər
bitkin "dedi” fraqmentindən sonra mütləq şəkildə bir qətl gerçəkləşir: amma ölən
də, öldürən də Seyid Əli Şamlının özüdür.
Oyun
meydançasında aktyorların bir ifa mükəmməlliyi var: onlardan hər biri, xalq
artisti Məmmədsəfadan (Şəmsəddin Bağdadi rolunda) savayı, Nəsiminin ruhu
olmağa, nəsimiliyi duyduğu kimi, anladığı kimi öz içindən zühura gətirməyə
iddialıdır. Belə ki, aktyorlar bu tamaşada Nəsimi dünyasının bildiricilərinə
(hürufilikdə elmi ilahini, eşqi-ilahini, ilahi yazını, ilahi şeiri, övliyalığı)
öz jest, səs, davranışları vasitəsilə nurlanmış, ruhsal bir görkəm verməyə,
sözdən təsirlənib vəcd ovqatına varmağa, hətta bəzən nəsimiləşməyə, Nəsimi ruhu
ilə buluşmağa çalışırlar və niyyətlərində sonacan səmimi qalırlar.
Xalq
artisti Məmmədsəfanın Şeyx Əzəm Şəmsəddin Bağdadisi anti-nəsimidir, aqressiv
hökmranlığı, emosional coşqusu, nəfəs "püskürmələri”, davranış üslubu ilə sanki
müasir ərəb terrorçusudur, hürufiləri "dişinən-dırnağilən” didib parçalamağa
hazır birisidir. İfa tərzi keçərlidir, tamaşanın fikir partiturasının məntiqinə
uyğundur, amma onun fakturasında, estetik paradiqmasında yad elementdir.
Məncə,
"Yuğ” teatrında maraqlı, yetərincə qadir bir kişi truppası formalaşmaqdadır; elə
bir truppa ki, hətta amerikalı dramaturq Recinald Rouzun "12 qəzəblənmiş
kişi” pyesini də onların iştirakı ilə Azərbaycan teatrına gətirmək
mümkün...
Hərçənd
"12 qəzəblənmiş kişi” pyesinin səhnə parametrlərində oyun ritmini, musiqi həllini
tapmaq son dərəcə çətin, problemli. İ.Fəhminin "Nəsimi” əsərisə, əksinə, Şərqin
və müsəlman aləminin bütün musiqi patternlərinə geniş amplitudada açıq. Buna rəğmən
rejissor "Mənəm... mən” tamaşası üçün bəstəkar Aygün Səmədzadəyə
orijinal musiqi sorağında müraciət etmişdir.
Azərbaycanın xalq artisti Aygün xanımın bəstələri öz-özlüyündə olduqca
işıqlıdır, həlimdir, safdır, incə bir zövq sərgiləyir: amma mürəkkəb Nəsimi
düşüncələri, qədim türk dilinin şaman cazibəsi, sərt ritmikası ilə süslənmiş Nəsimi
şeirləri, Nəsimi ruhu üçün yox, Mövlanə Cəlaləddin Ruminin su kimi axan fəlsəfi
pritçaları üçün reflektivdir. Bəlkə də "Mənəm... mən” tamaşasına
bir təlqin musiqisi, yəni sufi zikrləri ritmində bəstələnmiş parçalar daha çox
faydalı ola bilərdi. Məsələyə digər bir yöndən yanaşanda etiraf etməliyəm ki,
axı Fəhmi pyesinin özü də haradasa pritçavaridir. Ancaq bütün hallarda
tamaşanın seyrçini ovsunlayacaq, onu Nəsimi dünyasının magiyasına salacaq
emosional-energetik təsir qüvvəsi, təlqin qüvvəsi, mənim fikrimcə, yenə də
yetərli deyil.
Bununla
belə gedək finala doğru.
Gənc istedad Ziya Ağa, rejissorun aktyor seçimi artıq neçənci dəfədir ki, dəqiqliyilə heyrətləndirir, Seyid Əli Şamlını güc və zəifliyin qonşulaşdığı sərhəddə vücuda gətirir. Aktyorun personajı, eynən Ziya Ağanın özü kimi, səmimiyyəti içində çaşqın və şübhəlidir. Onun qəhrəmanı hürufi elmi-ilahidən, ilahi eşqdən, ilahi yazıdan, ilahi şeirdən nə qədər ki xəbərsizdir, cəllad, qatil "baramasında” mövcuddur. Elə ki bu bilgilər, duyumlar Seyid Əli Şamlının qanına, canına işləyəcək, varlığına çevriləcək, onun yaşıl barama paltarı Şeyx Əzəmin zərbəsindən sonra nar kimi pardaxlanacaq və barama Nəsimiyə transformasiya olunacaq, misali-kəpənək təəssüratı oyadacaq: Seyid Əli nəsimiləşəcək, hürufi əqidəsində öz ölümünü qəbul edəcək və Mənsur əl-Həllacın "ənəlhəqq” dastanını tamamlayacaq...
Əgər İmadəddin Nəsimi söyləyirsə ki, "gərçi bugün Nəsimiyəm,
xak ilə yeksan olmuşam”, deməli, "mənəm... mən” bir
hürufi şairin mistifikasiyasıdır; arxasında "mən
bir heç” fikri dayanır.
Əgər Azərbaycanın "Yuğ” məkanında belə bir tamaşa varsa, bu ona dəlalət
edir ki, Nəsiminin ruhu bizimlədir.
Əgər ruh olmasa, sevinməzsən.
Əgər ruh olmasa, kədərlənməzsən.
Əgər ruh olmasa, heçlik səni qorxudar.
Əgər ruh olmasaydı, onu yenidən kəşf edib insanlara bağışlamağına dəyərdi.
Çünki ruhun mövcudluğuna inanıb ölmək ruhun yoxluğunu bilib yaşamaqdan
yaxşıdır.
Çünki ruh dünyanın ən müqəddəs, ən şirin, ən xilaskar, ən müəmmalı həqiqəti
və uydurmasıdır.
Çünki ruh insanın sonuncu sığınacağı və ümididir.
"Yuğ” məkanının cəmi ruhlarına salam olsun!!!