
Aynur Əliyeva. Şeirlər
Poeziya
- 12.05.2020
- 0 Şərh
- 2005 Baxış
Vətən sağ olsun!
Şəhidlərin məzar daşı,
Anaların qanlı yaşı,
Uşağların yalvarışı,
Qəlbimi yandırır mənim.
Neçə oğul getdi qurban?
Nə bilən var, nə anlayan.
Səngərdə yaralı olan,
Əsgərim yandırır məni.
Torpağım tapdaq altında,
Düşmən alıb doğmalıqla.
İyirmi səkkiz ilin dərdi,
Ruhumu yandırır mənim.
Cəsarətli, qorxmaz olan,
Elşadlar və Mübarizlər.
Mənimlə həm yaşıd olan,
Xəyyamlar yandırır məni.
İnanıram ki, ana Vətən,
Gün gələr gül-çiçək açar.
Başımın üstündə bayraq,
Qarabağda dalğalanar.
***
Ata! Mənim üçün dayaq da sənsən,
Yolumu aydınlatan günəş də sənsən.
Gecələr qorxduqda ümidim olan,
Parlayan ulduz da , çıraq da sənsən.
Gözümdən uzağda olsan da bu gün,
Qəlbimin ən gözəl yerində sənsən.
Dünya bir yanadır sənsə bir yana,
Dünya sən özünsən mənə, ay ata!
Hər kəsdən yazaram onlarca sətir,
Bilirsən sözlərim ürəydən gəlir.
Amma bilmirəm ki, sənə gələndə,
Tir-tir bu əllərim nə üçün əsir?
Yoxsa vüqarından qələmmi qorxur?
Zəhmətindən yazmağa üzümü yoxdur?
Ya da ki, vərəqi yormaq istəmir,
Bilir ki, bu sözlər tükənən deyil.
Bizi boya başa yetirdin ata,
Bir dəfə qırmadın qəlblərimizi.
Sən bizə hər zaman arxasan ata.
Bu dağı, güvəni bizlərdən alma.
İlk məhəbbətiymiş ata qızların,
Sən mənim ilk və son məhəbbətimsən.
Allahı sevməyi, namaz qılmağı,
Qəlbimə nur kimi ələyənimsən.
Görürəm şeirimi oxuduqca sən,
Gözündən yaşları bir-bir süzürsən.
Ağlama desəm də ağlayacaqsan.
Bilirəm necə də kövrək birisən.
Amma bunu bilki oxuduqların,
Ürəyimin yarısı qədər də deyil.
İnan ki, atanın o saf sevgisi,
Bir qız üçün, asan- asan silinən deyil.
Əliyeva Aynur "Atam- İlk məhəbbətim"