Azad Qaradərəli. Krım... Qırım... (Hekayə)
Proza
- 09.10.2023
- 0 Şərh
- 6784 Baxış
Bəkir Çobanzadənin xatirəsinə, professor İsmayıl Kazımovun vergülünə, nöqtəsinə...
Bərk sazaq əsir. Adamın iliyinə işləyən alaqarannıq sazağı. Səsi özündən qorxuludur. Telefon dirəklərindəki məftillərə qoşulub daha qorxunc səs çıxardır. Kinoçu Familin özü sürdüyü maşınla hərdən kəndimizə gətirdiyi əsir düşərgəsi haqqında filmin havası var bu çöllükdə. Nənəmin hənirtisi olmasa, havalanaram.
Bir dərəni enib, təpə yuxarı qalxan kimi təzə vahimə də qoşulur sazağın azğın səsinə: çaqqallar qarşıdakı dərədən elə ulaşırlar ki, elə bil sazağın telefon dirəklərinin simlərində "çaldıqları havadan” uçunduğumu bilib şövqə gəlir, daha qaramat səslə vaqqıldaşırlar.
Belə yerdə əlac hənirdir, səsdir. Gərək danışasan. Lap öz-özünə də olsa danışasan ki, səsin sənə həyan ola. Tək niyə oluram ki?! Dağ boyda nənəm var yanımda. Ağlıma gələn ilk sualı bərkdən verirəm:
-Kırım haradı, nənə?
-Nə?! Qırım? O hardan ağlıa gəldi?.. Qırım Qaradəryadaymış, qara gündəymiş, qara sahatdaymış...
-Kırım nə deməkdi?
-Qırım elə qırımdı, qırğındı, sürgündü, ölüm-itimdi... Qırım Qırım olalı Qırım əhlinin günü gün dəyil, sahatı sahat dəyil, qadaı alım... Neynirsən, niyə soruşursan?
-Bir kitab oxumuşdum, Kırımnan danışırdı... Babamnan soruşdum, dedi, bizim də bir yanımız Kırımdı... Kırım da bizdəndi, biz də Krımnanıq......
-Yox, ay bala, yox... Yalan-yarğan deyib... Qırım hara, biz hara...
(Öz-özünə gümuldanır:”Qoja kaftara min dəfə demişəm ki, uşağı yoldan eləmə... Min ilin itiyini qurdalama... Hı... Qırım... Qoy bilmərrə yaddan çıxsın bı Qırım...)
Ağır Baharlı elinə hər gedişimizdə buna bənzər danışıqlara qulaq tutar, geri dönəndə nənəmin zəhləsini tökərdim. Bude ha, Baharlıdan üzübəri Halallıcadan kəndimizə tərəf dirənən yolda yenə yapışmışam arvadın yaxasından.
-Kırım haradı?
-Mən nə bilim, a gədə... Onu saa kim dedi?!
Sonra da gözləri dolar, qəhərli-qəhərli dilinin ucundan uçurdardı sözləri:
Qırımın yolları, daşdı, ay balam,
Mənım yarim qələm-qaşdı, ay balam.
Bir çiçəyh yolladım goulun almaya,
Gördüm ki, gözdəri yaşdı, ay balam...
-Çiçəyh nədi, ay nənə?
-Çiçəyh? Çiçəyh, yanı ki, gül... gül-çiçəyh dayna, a bala... Sənin də qulağın darı dəlir, maşallah... Əmim rəhmətlik heylə oxuyardı... Yazığın bir istəyhlisi olub Gülbikə adında... O bayax dediyin Qırım var haaaa, bax haradısa, bax o Gülbikənin kəndiymiş... Yox e, kənd nədi şəhəriymiş... Qalanını babannan soruşarsan... O, əmim Mirzə Əsədullahnan, dayımız Fərzalıynan daha çox məhtab olub...
-Məhtab nədi, nənə?
-Bax, a bala, sən məhtəbə gedirsən... İnşallah bir az sohra çoxlu kitab-mitab oxuyassan... Day mənnən söz soruşmuyassan... Özün bilihli olassan... Baharlıdakı qohumlarım kimi inisduta girəssən, böyüy adam olassan...
(Bu Baharlı nənəmin kəndidir. Atası buralı, anası qaradərəli imiş. Bizdə oxuyan-zad olmazmış. Babam Camaldan özgə oxuyan yoxmuş. Sonra atam oxuyub, sonra mən... Baharlı isə ayrı aləmdir. Burda məscid, mədrəsə olub, üçsinifli məktəb olub. Sonra buranın bir çox adamları gedib Bakıda ali təhsil alıb. Nənəm o sarıdan mənə tapşırır ki, baharlılar kimi savadlı olum.)
-Fərzalı dayın kimi?
-Yox, ə, Fərzalı qaçaxıydı... Tüfəy-tapança adamıydı... Sən tüfəydən uzax olassan... Kitab oxuyassan... Elmdar olassan...
-Mirzə Əsədullah kimi?
-Eeeee... Ay bala, səni əmim Mirzə Əsədullaha da heç oxşatmax istəməm ki... Onun da taleyi bəd gətidi... Kimin taleyi xoş gəldi ki, bizdə? Gözümüzü açannan çaxna-vaxnadayıx... Bı hökümət də ki...
Həmişə belədi. Söz gəlib hökümətə çıxanda susurlar. Babam guya bükülü bükəcəkmiş, tez qəzet parçasına tənbəki bükməyə başalar, nənəmsə gözünə çör-çöp düşübmüş kimi əli ilə ovar gözünü. İndi bude, yenə başladı gözünü göstəri barmağıynan qurdalamağa. Sonra da gözünə düşmüş nününün qarasınca deyinir:”Xarabanın nünüsü gözümə girdi...”
Həmişə belə olub. Bizimkilər hökümətə çatanda qalanını içində deyərdilər. Ha illah eləsəm də, eşkarada bir söz deməzdilər. Mən bunun səbəbini az-maz bilidim. Dayıları Qaçaq Fərzalını 28-də güllələmişdilər (nənəmlə babam xalaoğlu-xalaqızı idilər), nənəmin əmisi Mirzə Əsədullahı iki dəfə həbs edib havalı adıyla buraxmışdılar, kənçimiz Babanı tutmuşdular, nənəm demiş, o qol getmişdi – bir daş bir gölə düşən kimi itmişdi, xalaları oğlu Salahı tutub Qazaxıstana sürgünə göndərmişdilər... Bu hökümət nənəmlə babamın qohum-əqrabasına nələr etmişdi, nələr...
...Bir də baxdıq ki, Bəsid çayına çatmışıq. Çırmandıq. Nənəm əlimdən bərk-bərk tutdu. Çayı keçib kəndimizə getdik...
Çayı keçmədik, elə bil hökümətin tökdüyü qanların içindən adladıq. Nənəm yenə kimlərinsə ünvanına deyindi:”Heç qabağıızdan ağ su axmasın... Mənim tayfa-toluğuma zulum elədiyıız yerdə... Bı çayın suyucan zulum elədıız millətə... Qabağııza çıxsın...”
***
"Bilirsən, a bala, köhnə söhbətdi e, çox köhnə... Mən onda quzuya gedirdim... Telli-toqqalı bir cavanıydım. Eşitmişdim ki, Baharlıya İran Culfasınnan gələn, burda evlənib yurd salan Mətinin oğlu Soltan bir gün Bakıya gedir, nəfit çıxarılan yerlərdə işə düzəlir. Orda bir neçə il işləyib özün tutannan sohra bir qızla evlənir. Elə bu vaxt Bakıda qarışıxlıx düşür... Bınnarı mən... Mirzə Əsədullah vardı, nənəın əmisi oğlu, Baharlı məçidinin axundu Molla Ağanın kiçiyh qardaşı... Təbrizdə, Şamda oxumuşdu, arpanı divara yeridərdi... Quranı əzbərdən söylüyürdü... Saatlarla mərsiyə oxuyurdu... Göydəki ildızların hərəkətinə aid elmi də vardı... Farsı, ərəbi, hələ firəngcəni də bilirdi... Raziyyatdan da başı çıxırdı... Savadlı adamıydı... Hə, bala, bunnarı mən o kişinin dilinnən eşitmişəm... Daş kimi yaddaşım vardı, bilmərrə qalıb yadımda... İndi qoy yadıma sala-sala saa danışım ki, özümnən qəbrə aparmıyım... Görürəm, namxuda zehnin itidi...”
...Gələcəkdə təkcə Baharlı ellərində yox e, bütün Qaradağda, Zəngəzurda adnan tanınan Yapon Səmədin* anası Kərimə əri Soltana qoşulub Baharlıya gələndən bir neçə il sonra bacısı Gülbikə də bir faytonla gəlib çıxdı buralara. Gecə xısın-xısın söhbətdən belə anlaşıldı ki, Bakıda yenə qarışıqlıqdı. Rəhmətlik Mirzə Əsədullah əbcəd hesabıynan hasablayıb demişdi ki, indi 1918-ci ildir – onda mənim day evlənməli vaxtımıydı, yəni olardı iyirmi dörd, iyirmi beş yaşım... Həəəə, Mirzə deyirdi ki, neft mədənlərində bolşeviklərin və daşnakların əli ilə yanğınlar törədilir, erməni və rus silahlıları müsəlmanlara hücum edir, dinc əhalini qırıb çatırlar. Buna görə də Bakıda mədən sahibi olan ataları sonbeşik qızını etibarlı bir adamla Qaradonluyacan qatarla, ordan bura isə faytonla bacısının yanına göndərib ki, bir müddət təhlükədən uzaq olsun...
(Gülbikəni gətirən fayton hələ gəlməmişdi. Bir gün Mirzə fikirli-fikirli Şıxılcan səmtdə gəzirmiş. Bizim arvad da hələ atılıb-düşən səkkiz-doqquz yaşlarında qızmış. Deyir, soruşdum ki, ay əmi, nə fikrə getmisən, bəlkə ağlını başınnan alan var!?. Dedi, İzafə bala, bu gecə Zöhrə ulduzu yerə elə yaxınlaşdı ki, elə parlaq oldu ki, əlini uzatsan çatardı... Qoy bir-iki gün gözləyək, görək nə olur?..
Üç ötər, dörd deyən gün Gülbikənin gəlmək xəbəri Baharlı ellərinə yayıldı. İzafə deyir ki, əmim düz üç gün, üç gecə özündə olmadı. Qızdırması qalxdı, gözləri alacalandı. Molla Ağa əmim kənd Zəngilana adam göndərdi, Əbdüssəməd bəyin açdırdığı dərmanxanadan adına kinə dedikləri sarı-sarı dərman alıb gətirdilər, əmim o dərmanı içən kimi qızdırması düşdü, gözlərini açdı, soruşdu:”Zöhrə gəldi?”
Əmim arvadı işi bilirdi. Bilirdi ki, əmimə buta verilib. Tez qayıtdı ki, ay Mirzə, gəlib, sən qalx ayağa, yuyun, geyin, bişirdiyim şorbadan iç, gedib özün görərsən...)
Muğədəm Baharlısında və ümumən Baharlı ellərində qızlar-gəlin yaşınmaz, üz-gözlərini örtməzdilər. (Əlbəttə, istisna yox deyildi. Kənddə bir neçə ailə vardı ki, bunlara Qala əhli* deyərdilər. Baharlı məcsidinin axundu Molla Ağanın ailəsi, məşhur Vəliyevlər nəsli belələrindən idi. Bunların qadınları mülkdən bayıra çıxanda başlarına qara çarşab atar, yaşınardılar.) Onlar da kişilərlə bərabər tarlada çalışar, əkər-biçər, sağar-sığayar, ərlərinə ailə işlərində əl yetirər, bəlkə işin ağırını özləri görərdilər.
Amma Kərimə də, yeni gələn kiçik bacısı Gülbikə də tam da olmasa, üzlərini örtər, yad kişilərin yanında yaşınardılar. Baharlı cavanları kəndə yeni gəlmiş bu gözəlin xəbərini bir-birinə elə al-dillə danışardılar ki, sanki Koroğlunun Nigarı dastandan çıxıb Baharlıya gəlmişdi. "Qolundakı bilərziklər sümşad biləyinə gürzə kimi dolaşıb... Ağ buxağının altınnan görünən tək xalı görənin nəfəsini kəsir... Hələ ağzınnan çıxan odlu nəfəsi adamı elə əridir, nə vaxt ayağına düşdüyünnən xəbərin olmur... Xüləsey ki, bı qız deyil, işveyi-nazdı, bir gözəldi ki, bizi canımıza qatil eliyəcəy...”
"Saa kimnən deyim, dayım Fərzalıdan... Fərzalı qonaq gəlmiş gözəlin xəbərini Üşdibində aldı. Dayım urus qazağını vurub Araza salmış, qaçax düşmüş, otuz beş, otuz səkkiz yaşlarında bığıburma, telli-toqqalı bir igiddi. Çiynində beşatılan tacir-tüccarları palayla Arazın üstünnən O taya, Bı taya keçirməkdə mahir idi, ad çıxartmışdı....Qumar dostu, söz əhli qalalı Məşədi Cabbar qıza bir tərif verdi, bir tərif verdi, Fərzalının gözü alacalandı, sıvıldı.
-Bakı əhlidilərmi, ə, bınnar?
-Yox, Fəzi, Bakıya Qazannan gəliblər, Qazan tatarıymışlar... Hələ bir şey də eşitmişəm... Yalançılar sözü, Qırım tatarıymışlar... Nəsilləri Qırım xanı Gəraya gedib çıxırmış... Bilirsənmi, iki yüz ildən yuxarıdır bu nadürüst urusdar Qırımı işğal eliyib axı... Elə o vaxtdan yazıx qırım türklərinin qara günnəri başdıyıb... Urusdar onnarı ordan sürəndə gedib qohum-əvladdarı yaşıyan Qazana çıxıblar... Day urusdan gizlənməyçün elə Qazan tatarıyıx deyiblər soruşana... Sohra da ailəlikcən Bakiyə köçüblər, nəfit buruğu alıblar, varlanıblar... Amma iki bacı ikisi də gözəldilər haaa!..
-Kəs, ə, ərri arvadın dalıyca danışmax bizə düşməz!.. Bacısını isə...
***
Dayım day kəndə yavımırdı. Günü Üşdibinnən Baharlının arasında keçirdi. Tərslikdən Kərimənin bir oğlu da olmuşdu, ev zahılıydı, onnan Fərzalı Soltanın mülkünə yaxın düşə bilmir, hündür qala kimi barının yanından dabanını qaldırır, həyətdə girələnən Gülbikəni görmək üçün ütülürdü. Gün o gün olur ki, isti aylarda suyu Bəsiddən, ya da Şıxılcan bulağınnan atla, ulaxla gətirən qız-gəlinə Gülbikə də qoşulur, onda Fərzalı ilk dəfə qızın boyun görsə də, üzü nazicik çarşabla örtülü olduğunnan yaxşı görə bilmir.
Bir belə, iki belə, axırı qıznan görüşüb-buluşur, dərdini-çorunu qıza deyə bilir. Qız da nə desə yaxşıdı:”İgid, sorağını almışam, mərdsən, qoçaqsan... Amma mən könlümü bir ayrısına verdim...”
"Kimə, qız? Kimdi o qoçaq ki, məni qabaqlayıb?!”
"Mirzə Əsədullah... Savadlıdı, qorxmazdı, sözü kəsərlidi... Babama da məktub yazıblar, hə işarəsi gəlsə, evlənəcəyik...”
Dayım yana-yana qızın dilini yamsılıyırdı:”Mirzə Əsədullah... Savadlıdı... Qoçaxdı... Babama da yazıblar...”
Mirzə Əsədullahdan, böyük qardaşı Molla Ağadan Fərzalının xoşu gəlməsə də, ortancıl qardaşları tüccar Səfər bacısı Pakizənin əri idi. Ona görə içində qovrula-qovrula boğdu bu sevgini. El-oba qınağının, əsas da bacısının qaynının qabağına keçə bilməzdi... Bir də qız özü də sözünü demişdi axı...
...Sizə kimnən deyim, Mirzə Əsədullahdan. Bu Mirzə Əsədullah Şamda təhsilini tamamlayıb Vətənə yenicə dönmüşdü. Bir axşam Məşədi Mətinin dəvətiynən onlara qonaq gedir. Bakıdan yenicə gəlmiş Soltanla Mirzənin söhbəti tutur. Neçə müddət qürbətdə olan iki həmyaşıd gənc xeyli söhbət edirlər. Solan Bakıdan, oradakı oyanmadan, milli ziyalıların ayağa qalxıb ölkənin müstəqilliyi üçün çarpışdıqlarından, hətta "Müsavat” adlı bir firqə qurduqlarından danışır. Yalnız Mirzənin eşidəcəyi səslə deyir ki, o da həmin partiyanın üzvüdür. İstəsə, Qaradonnudakı* mərkəzə yazar, Mirzəni də firqəyə qəbul edərlər...
Alatorandan Baharlı məscidinə namaz qılmağa gedərkən Mirzə əzan verməyə başlamamış Soltanın qulağına pıçıldayır ki, gecə xeyli fikirləşib, qərara gəlib ki, Bakıda qurulan milli firqəyə üzv olsun. Dostlar məscidin qabağında bir-birinə sarılıb əhd-peyman bağlayır, namaza gedirlər.
O ilin yayında təhsil aldığı İstanbuldan doğma Xanlıq kəndinə qayıdan Bəhlul əfəndi, Qaradərədən Qaçaq Fərzalı, Sənəlidən Qaçaq İsrafil Baharlıda Soltangildə toplantı keçirirlər. Bəhlul əfəndinin başçılığı ilə Müsavatın Zəngəzur qolu yaradılır...
...Gün o gün oldu ki, Bakıda qarışıqlıq düşdüyünə görə, dediyimiz kimi, Soltanın baldızı Gülbikə bir faytonla Baharlıya gılib çıxdı. Qızın gözəlliyi haqqında danışılan rəvayətlər, təbii ki, Mirzənin də qulağına çatdı. Yaşı otuzu haqlasa da, hələ subay olan bu gənc alim qızı dostu Soltangildə görən kimi aşiq oldu. (Amma, əslində, o qızı daha əvvəldən röyasında görmüş, butasını içmiş, bir könüldən min könülə aşiq olmuşdu.) Özü də elə aşiq oldu ki, həmişə şeirin, qəzəlin küfr olduğunu deyən Mirzə başladı bədahətən şeirlər söyləməyə. Və elə ilk söylədiyi qəzəllə qızın qəlbini ovladı. And içirdilər ki, Mirzə o qəzəli Şıxılcanda söyləyəndə ağzından alov çıxmış, bulağın suyunu qaynatmışdı.
Deyirlər günün ziyası düşüb Halallıca çölünə,
Tazə gün gəldiyindən köhnə gün qıfıl vurub dilinə.
Məni ölmüş bil, saqiya, telləri kövşənə vuruldum,
O vurğunluqdu ki, cünun kəməndin taxıb belimə.
Qafil, sən qan salansan, o günün sayəsin nə bilərsən?
Mirzənin əşarıdır o tazə gün, nur salar Baharlı elinə.
Səhər bütün Baharlı əhli o qəzəli əzbərdən deyirdi. Və danışırdılar ki, bu qəzəl həm də Mirzənin Fərzalıya bir ismarıcı kimi yazılmışdı. Təkcə Fərzalıyamı? Haşa! Elə Gülbikəyə də. Yəni, bax, mən oxumuş adamam, Urumu-Şamı gəzmişəm, şairəm, üləmayam. O da tüfəngli-tapançalı biri. Mən dünyaya barış gətirənəm, o qan-qada. İndi seçim sənindi... Elə "qafil” kəlməsi də guya Fərzalıya tuşlanmışdı...
Danışırdılar ki, Fərzalının bacısı Mirzənin qardaşı Səfərin halalı olduğuna görə bacısını basıb-keçə bilmir, Mirzənin qabağını kəsib hədə-hərbə etmir, verir içinə və bu sevdadan əl götürüb adlayır Arazın o tayına, aylarla bu taya üzükmür.
Yetər nənəm ağlaya-ağlaya deyirdi ki, oğlum dərddən əriyib çöpə dönəcəy, qəlbi sınacax, koolu tutmuyacax o Qırım qızıynan, mən yuxumu görmüşəm... İmamqulu babam da arvada acıxlanar, qara doğrama deyərdi...
Gülbikənin böyük bacısı Kərimə əri Soltana çıtızır ki, Fərzalıya da, Mirzəyə də de, çəkilib fas-fərağat otursunlar yerlərində. Biz kimik ki, Gülbikənin taleyini həll eliyək? Qızın dağ boyda atası, qardaşı var. Ara sakitləşər, xəbər yollayarıq babama, bir məsləhət verər, yol göstərər...
On agörə də Fərzalı da, Mirzə də elə öz odlarına yanıb-sönürlər, təzədən alışırlar...
Mirzə danışırdı ki, bir gecə Baharlıda Məti kişinin mülkünün qabağında iki fayton dayanır. İçindən baz-buruttu, geyimli-keçimli adamlar düşür. Məti kişi qonaqların ayağına erkək kəsir, kabab bişirtdirir, səmavərlər qaynadır, süfrə açdırır. Az sonra Baharlının axundu Molla Ağa və qardaşı Mirzə Əsədullah da məclisə təşrif buyururlar. Və gələn qonaqların içində olan Bəhlul Əfəndinin* məsləhəti ilə Fərzalı da məclicə çağrılır. Məti kişi qonaqları Molla Ağaya tanıdır: "Bu xannıxlı Bəhlul Behcət Əfəndidi ki, sən yaxşı tanıyırsan, bu biri Bakidə ad-san qazanmış nəfit mədən sahibi Səbri Dəmirovun oğlu, Peterburqda universitet bitirən İdris Ağa Baxçasaraylıdı – bizim gəlinin qardaşıdı həm də, Bakidə yeni qurulan türk-müsəlman cümhuriyyətinin hökümət kabinetində ingilis və firəng dilləri üzrə tərcümandı, bu biri də İdris Ağanın dostu alim Bəkir Çobanzadə* Əfəndidi ki, Avropada təhsilli, Qırım universitetində qırım-tatar dilinnən dərs deyir... Bizim yeni hökümətin başçısı Nəsib bəy Usufbəylinin halalı Şəfiqə xanıma simsarlıqları çatır... Qısası, bizim Soltanın arvad qohumlarıdı...”
Məclis əhli şövqlə gülüşür və qonaqları salamlayırlar.
"Şəfiqə xanımın babası İsmayıl Qaspiralı* bizim həpimizin babası, həpimizin əfəndisi... Sizlərçün Məhəmmədəmin bəy kimdirsə, bizimçün də Qaspiralı bəy odur...” - gülə-gülə Bəkir əfəndi deyir.
Mirzə danışırdı ki, qonaqlar, xüsusən də İdris Ağa həm Baharlıdakı bacılarına baş çəkməyə gəlmişdilər, həm də cümhuriyyətin namlı adamları kimi Bəhlul Əfəndinin Zəngəzur qaziliyi təyinatını, həm Mirzə Əsədullahın Mincivan-Pirçivan nahiyyəsinə yazı işləri müdürlüyünü təyinatını, həm də Fərzalının yeni yaranmaqda olan Cümhuriyyət ordusuna silahlılar toplamasına yardımçı olması üçün yüzbaşı təyinatını təmin etmək üçün təşrif buyurmuşdular...
Qonaqlar yeyib-içən kimi Gəncəyə gedəcəklərini bildirib yola çıxdıqlarından geniş söhbət eləmək imkanı olmamışdı... Mirzənin də arzusu ürəyində qalmış, istəyini açıb-ağarda bilməmişdi...
Və ən pisi o idi ki, İdris Ağa bacısı Gülbikəni də başqa bir faytona mindirib silahlıların əhatəsində Qarabulağa*, ordan da Bakıya yola salmışdı...
Bununla da Mirzənin ürək dağlayan eşq hekayəti nakam qalmışdı.
Bir-iki dəfə Bakıya getməyə cəhd etsə də, gah sürətlə yayılan vəba xəstəliyi üzündən, gah Nuru paşanın ordusunu qarşılamaq üçün Bəlul Əfəndi və Fərzalı ilə Qaraməryəmə səfər etməsi səbəbindən, gah da kənd-kəsəklərimizi oda qalayan erməni daşnakları ilə mübarizəyə görə bu səfərini təxirə salmalı olmuşdu...
Amma Fərzalıya nə vardı ki?! Ov ovlayan, quş quşdayan, hər kənddə bir gözəl sevən Fərzalı Gülbikəni tezliklə unutmuşdu...
Olan Mirzəyə olmuşdu. O get-gedə saralıb-solur, bədəhatən söylədiyi qəzəllərini heç kağıza belə köçürmür, Şıxılcan bulağının suyundan içib yanan ürəyinin atəşini söndürməyə çalışırdı. Atəş isə düşdüyü yeri yandırar deyiblər. Mirzə Gəncədən Bakıya köçən yeni hökümətin adamı kimi Mincivandakı iş otağına gedəndə də yazı masasınada yalnız Gülbikəni görür, hökümət sənədləri əvəzinə qəzəl yazırdı.
Gülün bikəsi od vurdu atəşi-suzanıma,
Yağı kimi yeriklədi şan-şan olmuş canıma...
...Babam bir də danışırdı ki, gələn qonaqlar Mirzə Əsədullaha risalələr, habelə Bakıda və Krımda çıxan qəzetlər də verib getmişdilər. Mirzənin hələ ağlı üstündə olanda Krımda çıxan bir qəzetə yazılar yazardı. O qəzeti Qaradərədəki komamıza qonaq gələndə cibindən çıxardıb bizə də oxuyar, sonra da qəzetun bir yanından cırıb tənbəki bükər, alışdırıb tasfasasını acı tüstü ilə söndürərdi...
***
Dayım Qaçaq Fərzalı güllələnib, yolu yumrulmuş Sovet höküməti bizi yaylağa da getməyə qoymur, taxıl zəmilərimizdə pambıq əkdirir, torpağımızı əlimizdən alıb kolxoz eləyib... Nə bilim axı, hankisin deyim? Belə bir vaxtda Mirzə Əsədullah əmim bizə gəldi. Genə halı xarab idi. Bir nohə oxuyub ağladı. Bizim kişidən tənbəki alıb qəzet parçasıyla bir bükülü bükdü, alışdırıb çəkdi. Əllərini ərşə tutub mərsiyə dedi. İndi o sözlər tam yadımda qalmayıb, amma belə yerləri vardı:
Getdi yarü yoldaş, kəsilib neçə baş, gözümnən axır qanlı yaş,
Dur ey bəlalı qardaş, qalmadı nə sirrü sirdaş, bacın ölsün...
Yolsun saçın, siz də onunla biyabanə qaçın, a ölsün anan-bacın...
Yolsun saçın, yolsun saçın, bacın ölsün, ölsün bacın...
Biz də ona qoşulub ağlaşdıq. Amma qapını basıb alçaq səslə ağlaşırdıq ki, düşmanımız gedib çuğullayar, gəlib Mirzəni də, bizi də tutub apararlar.
Əmimin ağlı hərdən gedir, hərdən gəlirdi. Ağlı yerinə qayıdanda elə gözəl sözlər danışardı, elə gözəl şeyir-şüyür oxuyardı ki, adamın ağlı başınnan çıxardı. Bir dəfə tuthatut vaxtları bizə gəlmişdi. Dedi ki, ay balam, məni də tutacaxalr, gizlədin məni. Əlindəki qəzeti çıxardıb bizim kişiyə göstərdi, yana-yana dedi:
-Məmi, yadındadı 18-ci ildə Baharlıya Müsavat hökümətinin adamları gəlmişdi? Bax onda, orda bir gənclə tanış oldum, Bəkir Çobanzadə ismində. Türkiyədə, Avropada təhsil almışdı. Sonra böyük alim oldu. Mən illərdir ki, onunla məktublaşırdım. Dünən qəzetdə oxudum ki, antisovet damğası ilə həbs olunub... Məmi, yüz faiz məni də tutacaxlar... Onunla məktublaşırdım axı...Gizlədin məni!
Ərim Məmmədqulu əmimin əlini tutub dedi:
-Mirzə, sən böyük alimsən, çifayda bu çayparada səni anlayan yoxdu. Amma yaxşı ki, anlamırlar, yoxsa çoxdan çuğullayıb tutdurmuşdular. Mən bilirəm ki, sən elminin çoxluğunnan, bir də vaxtilə Baharlıya gəlib sənin qəlbinə od salan o Qırım gözəlinin dərdinnən bu günə düşmüsən... Sən belə elə: day heç yerdə nohə-zad oxuma, heç kimə şeir-şüyür söyləmə, heç adamlarla söhbətə girmə... Girib nə danışassan axı? Səni başa düşənmi var?.. Hə, mən hamıya deyəcəm ki, Mirzə havalanıb, dəli olub. Bəlkə bu yolla səni höküməin çənginnən xilas edə bildik...
Deyim ki, kişinin bu sözü işə yaradı. Əmimi iki dəfə tutub aparsalar da, ağılları bir şe kəsmədiyi üçün buraxmışdılar. Sonralar müharibənin qızğın vaxtlarında eşitdik ki, əmim ölüb. Aparıb Mirzə Həşim qəbiristanlığında dəfn elədik. Yadımdadı, özü hardansa tapıb gətirdiyi mərmərə oxşar bir daşın üstündə ərəb hürüfatıynan yazılar yazmış, vəsiyyət etmişdi ki, o daşı qəbrimə dikərsiniz. Biz də o daşı əmimin qəbrinə baş daşı kimi bitidik. Lap sonralar Məmmədqulu deyirdi ki, Mirzə ona deyibmiş o daşdakı yazı barədə. Orda yazılıbmış:
Öldü deməyin, bir pəriçöhrənin cəfasın çəkdi,
Bu fani dünyada heç gülmədi, qan-yaş tökdü.
Yurdu Baharlı, ismi Mirzə Əsədulla ibn Fəraculla,
Aləmi ülumda tayı yox, məcazi şeirdə təkdi.
Mən nənəmin dediklərini dəftərimə yazanda arvad əli ilə qələmimi tutmuş, yalvarmışdı:
-Yazma a bala, cəmi yazanları qan-yaş tökən gördüm... Əmim Mirzə idi, nə apardı?
Amma mən yazdım. Yazdım ki, o pak insanların işıqlı ruhları bir də nurlansın. Bir də bir qaçaqla bir alimin sevdikləri Krım gözəlinin o naməhrəm camalını oxucularımçın məhrəm edim...
07.10.2023
---------------------
*Müəllifin "Kuma-Manıç çökəkliyi” romanının qəhrəmanlarından biri. Tarixi şəxsiyyət olsa da, haqqında məlumat azdır. Hətta məşhur söz sərrafı, culfa (xalça-palaz toxuyan), varlı-hallı adam olan Yapon Səməd haqqında bir əfsanəvi şəxsiyyət kimi danışırdılar. Guya belə adam olmayıb, onun varlığı uydurmadır... Baharlı əhlinin çoxu onun adını ağzına almaqdan qorxardı – xalq düşməni kimi məhv edilməsi səbəb ola bilərdimi, əcaba?!
*Əbdüssəməd bəy – 19-cu yüzilin görkəmli şairi Məhəmməd bəy Aşiq Zəngilaninin oğlu; özü də şair idi, atası kimi Aşiq təxəllüsü ilə şeirlər yazardı. Atasının əmisi, adaşı Əbdüssəməd bəy Cavanşir Qacar tərəfindən İrana girov qismində aparılarkən Arazın o tayında öldürülmüş və İbrahim xan onun nəslinin müxalif olacağından narahat olaraq hamısını Zəngəzurun Zəngila kəndinə sürgüm etmiş, burada onlara böyük torpaq sahələri verərək yaşamalarını əmr etmişdir.
*Qala əhli – Qarabağ xanı İbrahim xanın eşikağası, məşhur rəmmal və şair Mirzə Vəli Baharlı Ağa Məhəmməd Qacar tərəfindən Əbdüssəməd bəylə birgə girov aparıldığı Qəzvin şəhərində qətl edildikdən sonra nəsli-kökü, qohum-qardaşı Zəngəzurun (indiki Zəngilan rayonunun ərazisi) Baharlı kəndinə sürgün edilmişdi. Qaragözlə Baharlının arasında yerləşən Mirzə Haşım qəbiristanlığı onun nəvəsi Mirzə Həşim Zərrinqələmin adını daşıyır. "Qala əhli”, yəni Şuşa əhli anlamına gəlir.
*Zəngəzurun qazısı, məşhur din xadimi və elm adamı.
*Qaradonnu – İmişli rayonunun əski adı.
*Bəkir Çobanzadə - əslən Krın türkü olan böyük dilçi alim. Repressiya illərində güllələnmişdir.
*İsmayıl bəy Qaspiralı - əslən Krım türkü olan böyük ziyalı, "Tərcüman” qəzetinin yaradıcısı, cümhuriyyətin baş naziri olmuş Nəsib bəy Yuifbəylinin xanımı Şəfiqə xanımın atası.
*Qarabulaq – indiki Füzuli rayonunun əski adı. (Arada ruslar erməni generalı Karyaginin adını vermişdilər bu yerə. Sonradan Məhəmməd Füzulinin yubileyi zamanı Füzuli adlandırıldı.)