
Azad Qaradərəli. Özündən Əmin bəy və Avropa gözəli Vanda xanım (Uzun hekayə)
- 31.01.2020
- 0 Şərh
- 3005 Baxış
Tarixçi-alim
Mövsüm Əliyevin* ruhuna salam olsun!
Baş
yazı
MÜƏLLİF
Murdarüşüdən**
aprel sazağı adamları karıxdırıb. Metrodan çıxan kimi yaxa-bacalarını möhkəm
bağlayıb ora-bura qaçışırlar.
Bir az
yuxarıda Bakı Dövlət Universitetinin qarşısında baş daşına oxşayan bitili bir
daş. Gəlib-gedənin toxunub-sürtünməsindən o qədər
ağnayıb-köhnəlib ki, elə bil min il əvvəlin bitilisidir. Daşda kiril əlifbası
ilə yazı:”Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik
Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır.”
Gənc
oğlan daşın üstündə sallama oturaraq
kitab oxuyur. Yalınqat geyimdə olsa da, sanki soyuğu hiss etmir. Uzun,
pırtlaşıq saçı, təraşsız saqqalı,
boynuna yöndəmsizcəsinə doladığı köhnə şərfi onu görənlərdə bəlkə ikrah
doğurar, amma çox diqqətlə kitab oxuması bu hissi azaldar da. Qulaqlarında
qulaqcıq, əllərində telefon olan tələbələr
dəstə ilə ötüb keçir və universitetlə üzbəüz küçədəki publara, kafelərə
girirlər. Onlardan biri – ayağında ket, başında beret olan ortaboy qız (onun da
qulağında qulaqcıq var), oğlana yanaşıb nəsə deyir. Oğlan kitabı büküb ona
cavab verir və nəyi isə israrla başa salmağa çalışır. Sonra döş cibindən
qatlanmış vərəqlər çıxardıb göstərir. Lakin müsahibi əlini yelləyib uzaqlaşır.
Oğlan onun dalınca qışqırır:
-Bu heç
qulaqcığını çıxartmayıbmış ki mənimlə danışanda... Eh...
Az
sonra qulağında qulaqcıq, ağzında saqqız başqa bir gənc də ona yaxınlaşır.
Huş-kuşla kitab oxuyanın onu fərq etmədiyini anlayıb yüngülcə itələyir:
-Dünənnən
burdasan?..
-Yıxmışdın
ki məni!.. Bu daşa fikir vermisən? – Oturduğu daşın üstündən qalxır.
-Yooo...
Nədi ki?.. Dayan nəsə yazı var... (Ala-yarımçıq oxuyantəhər edir, dodaqları tərpənir.)
"Burada Azərbaycan... ııııııııı.... va-va-va-va.... Məh... Əmin Rəs....nin
büstü qoyulacaqdır...” Hə, nolsun ki?!
-Canıa
azar nolsun! – Dostuna həttənir. – Sən bilirsən bu kim olub?! Sənin, mənim
babalarımız ruslara nökərçilik eliyəndə bu kişi bugünkü müstəqil Azərbaycana
görə...
-Efe, bəsdi
də!.. İndi bunu bilmiyən var? Allah ona belə tale yazıb, bizim nökər
babalarımıza elə tale....
-Yox,
düz deyil! İnsan taleyini özü yazır... Bu kişi, o əzablı taleyi özü seçdi, özü
yazdı...
-İndi
neyləyək deyirsən? O kişi əzab çəkib deyən, biz də əzab çəkməliyik? Onsuz da çəkirik
elə... Bilirsən, Əfqan, mən də, sən də Sovet dövrünü görməmişik... Amma görənlər
deyir ki, ağappaq bulka on qəpiyə, marojna on qəpiyə, spiçka bir qəpiyə, ət iki manata, araq üç manat
altmış iki qəpiyə, pivə otuz qəpiyə, "Avrora” siqareti on dörd qəpiyə imiş
- on beş qəpik verəndə bir qəpiyə də üstündə spiçka verirmişlər... Qardaş,
neynirəm o müstəqilliyi ki, qarnım acdır... Bağışla məni, məni doyuzdur, min
belimə!.. O Bayılda Bayraq meydanında dalğalanan dünyanın ən hündür bayrağı var
haaaa, bax o da qarın doyurmur... Mən indi girəvə axtarıram ki, diplomu Azərbaycandan
başqa heç yerdə tanınmayan bu xaraba universiteti də atam, qaçam xaricə... Sən
isə otur bu daşın üstündə...
-Ay
yazıq... Nökər xisləti...
-Bir
dayan e!.. Sən bilirsən ki, ya, təriflədiyin o Məmmədəmin da qaçıb xaricə?! Özü
də arvad-uşağını da atıb, gedib orda təzədən evlənib??? Qardaş, sən mənim
saqqalıma soğan doğrama... O əlindəki kitab çoxlarını pis günə qoymuşdu,
qalmışdın sən... Mən puba gedirəm... Bir az pul da tapmışam... Gəl gedək
vurax...
-...
-Getmirsən
ki? Bay-bay...
Oğlan
gedir. Əfqan qarşısındakı daşa baş əyirmiş kimi vəziyyət alır və ağlamsınır:
-Biz həqiqətənmi
sənin mənsub olduğun millətdənik? Sən, Mirzəbala Məmmədzadə, Xoyski, Yusifbəyli,
Hacıbəyli... kimi zəka sahibləri həqiqətənmi bizim millətə xas olublar? Bəs
onda biz kimik?! Yaxud nəyik!?..
Gərilmiş
vəziyyətdə siqaret yandırır, bir-iki qullab alıb, yenə daşın üstündə oturur və
cumur kitaba...
Bu əsnada
ondan çox tələbə Əfqana yanaşır. Nə barədəsə danışırlar. Əfqan israrla onlara
da nəyisə izah etməyə çalışır. Amma onu axıracan dinləməyən tələbə yoldaşları
yaxındakı puba gedirlər.
Az
sonra telefonuna zəng gəlir. Danışığından belə başa düşülür ki, zəng edən də
onu yaxındakı puba çağırır. Oğlan bir bəhanə ilə zəng vuranı başından edir. Yenə
kitabını oxumağa başlayır...
Təxminən
iyirmi dəqiqə sonra bir bəstəboy qız gəlir və arxadan əlləri ilə oğlanın gözlərini
qapayır. O, qızın əllərini gözündən götürüb öpür və ayağa qalxır. Onlar
qucaqlaşırlar.
-Əcəb
qiraətxanan var? – Qız zarafata salır. Sonra oğlanın əlindəki kitabı alıb üstünə
baxır. –"Əsrimizin Səyavuşu”? İmtahanlara az qalıb, indi bunun zamanıdı?
Oğlan
ah çəkir. Və qızın saçlarını tumarlayır.
-İndi
neçənci ildir?
-2018-ci
il.
-Yüz il
qabaq nə olub Azərbaycanda?
-Dayan
görüm... Iıııııı... Belə... Hə, müstəqil Cümhuriyyət qurulub...
-Ay sağ
ol... Bu gün mən səninlə bu mövzuda söhbət eləmək istəyirəm... Olar?
Qız nəvazişlə
oğlanın üzündən öpür:
-Canım,
sən hansı mövzuda danışırsan danış, mənə xoşdur... Bir də ki, mən də axı
respublikaçıyam... Monarxist olmadığımı bilirsən... Atamın, əmimin yüksək vəzifə
tutmalarına baxmayaraq, mən sənin tərəfindəyəm...
Onlar
gülüşə-gülüşə qarşıdakı kafeyə girirlər.
***
-Sənə
bir sirr açım: mən bir hekayə yazmışam...
-Nə?! –
Qız elə qışqırır ki, kafedəkilər dönüb təəccüblə ona baxırlar.
-Yavaş...
Niyə heyrətləndin ki?
-Axı sən
elm adamı olacaqdın?! Canım mənim, gəl de ki, zarafat edirsən... Bilirsən, mən
yazıçılardan, şairlərdən həmişə qorxmuşam... Onlar normal adamlar olmurlar...
-Qorxma...
Mən cəmi bircə hekayə yazmışam... Bircə dənə... Onu da bəlkə heç çap etdirmədim...
Yaxud tək bircə nüsxə çap etdirəcəyəm... Özümüzçün...
-Yaxşı...
Amma söz ver ki, bir də belə iş tutmayacaqsan!..
-Söz
verirəm... İndi isə o yazdığımı sənə oxumaq istəyirəm... Nə olar, cəmi bir saat
vaxtını alacam... Bircə saat...
Birinci
hissə
VANDA
XANIM
İnsan
doğuluşdan təbiətə xasdır. Yəni hara dönüb-dolansa da, son qovuşacağı təbiətdir,
torpaqdır. Onda bir az torpaqdan var, bir az sudan, bir az aydan, bir az da günəşdən... Yox, bu
sonuncunu – Günəşi düz tərif etmədim. Bəzi insanlarda Günəşə xas cəhətlər daha
çox olur... Sanki Tanrı onları Yarımgünəş kimi yaratmış ki, Yerlə Günəş
arasında bir körpü olsunlar. Günəş dincini alanda Yarımgünəşlər onu əvəz etsinlər.
Onu ilk
görəndə bu qənaətə gəldim: Günəş bu
adama çox toxunmuş, çox etkiləmiş. Hamımızı etkiləyir, amma bunu daha çox. Elə
bil parıldayan sifətində Günəşin nurundan nəsə qalıb. Zala girəndə hamı dönüb
ona baxdı. Hətta tərs tərəfə baxanlar da
döndülər! (Geniş alnı, arxaya daranmış qara, gur saçları, enli sifəti, bu sifətə
yaraşan bığları və qalın qaşların altından daim gülümsəyən iri gözləri... Mən
belə simada adamla ilk kəz qarşılaşırdım.) Hə-hə. Bu beləydi... Mən isə... Mən
bir qədər sərt təbiətliyəm. Ailə gələnəklərindən gələn bəzi cəhətlərimə görə adamlar, xüsusən əks cinsin nümayəndələri
mənimlə ehtiyatla davranırlar. Yadımdadır, liseydə oxuyanda bütün qızların
oğlanı vardı. Təkcə məndən başqa. Daldada mənə "Buz” ləqəbi qoyubmuşlar –
Buz Vanda.
Bəlkə
elə buna görədir, hələ ki ciddi bir ilişkim olmayıb...
Amma
neynirsən, bu adamdan gözlərimi çəkə bilmirəm. Budur, nəhayət onun da gözü məni
aldı. Bir an. Bircə an nəzərlərini üstümdə saxladı və dərhal da çəkdi. O saat
bilinir ki, tərbiyə görmüş adamdır. Əsil pandır!.. Centlimendir... Bəydur...
(Bu sonuncu sözü hələ mən tanımıram. İllər
sonra bu adamın mənə öyrədəcəyi sözlərdən biri də budur: ”bəy”. Onun vətənində
kişlərə bu cür müraciət edirmişlər...)
Bəri
başdan deyim ki, Sovetlərdən qaçanların hamısı əzgin, solğun, sınıb-dağılmış,
başlıcası isə ruhu sarsılmış adamlar olur. Hətta oranın ən vüqarlısı Trotskinin
də gözlərində bir sarsıntı görmüşdüm. Bu
adam isə şıq yeriyir; elə şıq ki, deyirsən bəs heç vaxt əyilib nəyisə götürməz,
nəyisə yerə qoymaz, kiməsə təzim etməz... Yox, yox! Bu sonuncu heç vaxt olmaz!
Bu adamın işıqlı gözləri deyir ki, hamı buna təzim etmiş... Amma yox, bu heç təzim
etdirməz də. Bu adam, ümuniyyətlə təzim edənləri sevməz. Axı bunda Günəşdən nəsə
var...
Günəş-adam
foyedəki bu qədər insanın içində ikinci dəfə gözləri ilə məni axtarıb tapır və
bir baş üstümə yeriyir. (Bura ölkəyə və paytaxta giriş qapısıdır və mən öz
doğma işimi ataraq vətənimin mənafeyi
naminə burada əcnəbilərin ölkəyə giriş və çıxışına nəzarət edən könüllülərdən
ibarət kiçik bir qrupa rəhbərlik edirəm.)
Nədənsə üşənən kimi oluram və onun suallarına mexaniki cavablayıram. Və hiss
edirəm ki, daxilimdə nələrsə baş verir, yatmış hansısa duyğu üzvlərim oyanır,
bu adamın ziyası üstümə düşür və elə bil görünməz tərəflərim də işığa tutulur.
Ətim ürpəşir. Ani qorxunu tez bir zamanda ruhi tarazlıq əvəzləyir.
Sonra
suallarını cavablandırdığım üçün təşəkkür edir və son kəlmələri elə iltifatla
deyir ki, içim titrəyir:
-...mersi,
madmuazeil...
Və birdən
adımı soruşur. Həvəslə "Vanda” deyirəm. O da gülümsünərək eyni həvəslə təkrarlayır:
-Pani
Vanda...
Mən də
onun adını öyrənirəm. Uzun adı varmış. Əvvəli bunların peyqəmbərlərinin adıdır:
Muxammed. Sonrası isə qısa olsa da
ikisini bir yerdə qəti tələffüz edə bilmirəm. Yenə gülümsünür və bu Yarımgünəş
adamın nuru məni tamam isidir; soyuq ruhuma isti nəvaziş dolur: "Sadəcə
Emin bəy deyə bilərsiniz”. (Bunun da mənasını çox-çox sonralar biləcəm: özünə əmin
olan, eqosunu qoyan, girişdiyi işi bacaracağına yüz faiz əminliyi olan kəs –
Əmin bəy – onun vətənində beləcə də deyirlər: Əmin. Polyakcada isə Emin bəy, elə
Türkiyədə də Emin bəymiş...) Rus dilində dediyi bu kəlmələri beynimdə
polyakcaya çevirirəm və məmnun halda başımı tərpədirəm. Və bir az sonra qəribə,
qəribə olduğu qədər də maraqlı faktlarla qarşı-qarşıya qalıram: bayaqdan bəri məni
öz təsirində saxlayan bu adam qəddar Sovet rejiminin, onun əli qanlı cəlladı
Stalinin şəxsi nəzarətindəymiş və bir xoş təsadüf nəticəsində xilas ola bilib.
Onun Peterburqdan Finlandiyaya, Fransaya, oradan da Polşaya keçməsi möcüzə nəticəsində
gerçəkləşib. Amma hələ qorxu sovuşmayıb. Polşa dövləti onu geriyə - Rusiyaya
deportasiya edə bilər. Elə bil nəslimizdən gələn ürəyiböyüklük, insanlara arxa
və dayaq olmaq hissi içimdə baş qaldırır və onu əmin edirəm ki, nə yolla
olur-olsun köməyimi əsirgəməyəcəyəm...
EMİN
BƏY
Bir şərq
məsəlində deyilir ki, insan əzablardan güc alıb ayağa qalxanda daha yenilməz
olur. Əzab sözünü sevmirəm, keşməkeş deyək. Hə, mən çox keşməkeşlərdən keçdim.
Başıma çox macəralar gəldi. Hələ gənclik illərində bir sıra xarici ölkələrdə
oldum. Bolşeviklərə qoşuldum (zira səhvimi tez başa düşüb ayrıldım), menşeviklərlə,
millətçilərlə, dinçilərlə təmasda oldum. Hətta Stalin kimi qəddar bir insanla
oturub-durdum. Onu ölümün çəngindən
qurtardım...*** Firqəmizi təsis etmək təklifi gələndə bu təşkilatın Qafqasiyanın ən ünlü firqəsinə
çevriləcəyini, ölkənin birinci partiyası olacağını, bağımsız Azərbaycan Cümhuriyyətini
məhz onun üzvlərinin elan edəcəyini kim
bilə bilərdi?!
Həm
firqə və dövlət quruculuğunda, həm risalə
və nitqlərimdə macəradan uzaq qaçmağa çalışsam da, olmurdu. Zatən yaşadığım həyat
özü hər anı təhdid, qorxu və əzablarla dolu bir macəra idi; amma həm də xoş bir
macəra! Cümhuriyyətin süqutundan sonra Lahıcda
Əli Əhmədoğlu adı ilə gizlənərkən "Əsrimizin Siyavuşu” risaləmin
yazılması kimi ağır və təhlükəli bir zamanı yada salmaq istərəm. Bu əsərə
yazılmış ön söz yadınızdamı?
("...Bolşevik
istilası kədərli-ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra,
bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq.
Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra
Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində
buraxmışdı. Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir
kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və
dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətəlayiq cildi
Firdovsinin ”Şahnamə”si idi. "Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin
ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi.
Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə
hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında
marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir
hekayəyti ―”Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə
oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar
etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham
almışdım. ―Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə "Əsrimizin
Səyavuu”nu yazacağam, – dedim. O, buna, heyrət etmişdi. Hər saat və hər anda
bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına
inanmamışdı. Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir
üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi.
Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət
Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdiman
çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik
bağçası ilə o, həmin anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli
şərtlərə malik idi. Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki
günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını
bitirirdim...”
Lap bu
günlərdə Peterburqda xaricə necə qaçacağımı düşünürdüm ki, Musagil**** köməyimə
çatdılar. Ladoqa gölünün üzərindən – buzun üstü ilə Finlandiyaya keçdim.
Helsinkiyə təzəcə çatmışdım ki, Abdulla Battalın***** adamları məni onun yanına
apardılar. Şənimə böyük ziyafət verildi. Onların köməyi ilə Fransaya getdim, fəqət
sənədləri qaydaya sala bilmədiyimizə görə viza olmadı və dostların məsləhəti ilə geriyə – Lehistana****** gəldim. Sözüm onda
ki, hər dəfə ağır və çıxılmaz vəziyyətə düşəndə gözəgörünməz bir əl qeybdən
uzanır, məni o çıxmazdan qurtarırdı. Budur, indi burada, Varşavadakı keçid məntəqəsində
məni qorxu təhdid etdiyi anda bir gənc xanımın nəzərləri üstümdə cəm olur və
anlayıram ki, budəfəki əl onunkudur. (Arxamda işğalda olan ölkəmi, dost və məslək yoldaşı bildiyim minlərlə
insanı, ailəmi – sevgili zövcəmi, övladlarımı, qohumlarımı qoyub gəldiyimdən
gözümə qadın-filan görünmür. Yeganə istəyim uyğun ölkələr vasitəsilə Türkiyəyə
keçmək, orada Azərbaycan davasını sürdürməkdir. Bu əsnada yenə yadıma
"Şahnamə”dən sətirlər düşür. Mənim
həsbi-halıma necə də uyğundur bu misralar:
Qılınc
oynadı, sel kimi axdı qan,
Yerin
halına ağladı asiman.
Bütün
ölkəni çaldılar, çapdılar,
Nə
vardı əlində elin qapdılar.
Kəsildi
günahsızların başları,
Suvardı
o torpağı göz yaşları...)
Ona görə
də birinci kabinədə əyləşib mənə baxan gənc xanıma yanaşıram və nədənsə
inanıram ki, hər şeyi ona olduğu kimi danışsam, mənə yardım edəcək... Axı qeybdən uzanan əlin belə anlarda zühur
etdiyini görmüşəm. (Bayılda ölüm korpusunda oturanda çox rahat idim. Hər an
gülləməyə apara bilərdilər, amma mən təlaş keçirmirdim. Yeganə narahatçılığım məsləkdaşlarımın,
firqədaşlarımın təhlükə ilə üz-üzə qalmaları idi. Belə ağır dəqiqələrdə bir dəstə
silahlı məni maşına basıb qaçırdı və yolda qulağıma pıçıldadılar: "Səsini
çıxartma! Səni Kobanın******* əmri ilə onun yanına aparırıq.” Dövranın gəcrəftarından
ölümlə üz-üzə qalsam da, azad oldum.)
VANDA XANIM
Gözucu
süzürəm bu sirli adamı. 30-35 yaşlarındadır. Bəstəboydur. Kostyumu köhnəlsə də,
əyninə qutu kimi oturub. Qalstuku son dəblə bağlayıb. Adamda kişi gözəlliyinin
bütün nişanələri var. Və deyəsən, mənim ona olan marağım əndazəni aşır. Özümü
yığışdırmağa çalışıram. Heyhat... Ona olan marağımı duyur sanki. Xoş bir təbəssümlə
üzümə baxıb gülümsünür. Amma bu təbəssümdə, gülümsəməkdə adi insani duyğudan
başqa heç nə yoxdur. O qədər nəzakətlidir ki, qarşısında uşaq kimi utanıram.
Mən ona
kömək etməliyəm – beynimdə belə bir fikir qətiləşib artıq. Niyəsini özüm də
bilmirəm. Baxmayaraq ki, geriyə - qaçıb gəldiyi Rusiyaya onu deportasiya edə
bilərlər, qətiyyən özünü itirmir. O qədər sakit və təmkinlidir ki, bu hiss mənə
də sirayət edib. Yumşaq və mehriban danışığı, şərqli təbəssümü və iltifatlı
baxışları məni tamam tərksilah edib. Bir də deyəsən, mən bu adamın yanında
özümü qadın kimi hiss etməyə başlamışam. Qarşımdakı kiçicik güzgüyə tez-tez
baxır, səhər doğru-düzgün daramağa vaxt tapa bilmədiyim saçlarımı əlimlə geri
itələyir, solğun sifətimə nələrsə sürtməyə cəhd edirəm. Onun sənədlərini
sahmana salmasından istifadə edib dodaqlarımı da yüngülcə boyayıram. (Bu iş lap
hərbiçiyə döndərib məni. İnqilabi romantika qadınlığımı əlimdən alıb - özümə baxmağa heç vaxtım olmur. Maaş almasam
da, burada könüllü gənclərlə birgə yenicə müstəqilliyini elan etmiş doğma
Polşanın mənafeyi naminə əlimizdən gələni edirik. Ölkəyə qeyri-qanuni girişin və
çıxışın, polyak xalqına mənsub qiymətli əşyaların ölkədən çıxarılmasının
qarşısını almağa çalışırıq. Tezdən səkkizdən axşam səkkizəcən iş başındayam. Bəzən
gecə növbəsinə də gəlirəm. Vətənə xidmət belədir. Həyatını fəda etməli
olursan.) Və nəhayət, bu alicənab insanın
bizim "yuk” dediyimiz iri əl çantasından çıxardıb mənə verdiyi sənədləri
vərəqləməyə başlayıram. (Sonradan onu da biləcəm ki, bu "yuk” sözü türk
dillərindən bizim polyakcaya və digər Avropa dillərinə keçib. Emin bəydən onu
da öyrənəcəyəm ki, onlar çantada, kisədə və sairədə daşıdıqları əşyalara eləcə
"yük” deyirlər.) Soruşmadığım halda, özü haqda məlumat verir. Və anlayıram
ki, zəndim məni yanıltmayıb!
Bağımsız
Azərbaycan Respublikasının Milli Şurasının sədri, millət vəkili olub. Həm də
hakim "Müsavat” partiyasının sədriymiş. (Hələ sonralar biləcəm ki, bu gənc
adam həm də bir alim və publisistdir. Qurduğu cümhuriyyət rusların əli ilə
süquta uğradıldıqdan sonra Lahıc adlı bir ucqar qəsəbədə gizlənərkən cəmi
üç-dörd günün içərisində "Əsrimizin Səyavuşu” adlı tarixi-publisistik bir əsər yazıb və əlyazısını oradakı dostlara
etibar edərək bu uzun yola çıxıb. Kaş biləydiniz, o həmin əsərin yolunu necə həsrətlə
gözləyib!..) Tam bir azadlıq mücahidi... Mənim mənsub olduğum ailənin – Polşa
inqilabçıları nəslinin keçdiyi yolla necə də oxşardır! Qan qohumumuz Yojef
Pilsudskinin Polşanın azadlığı uğrunda mübarizəsi, rusların onu həbs edib Sibirə
sürgünə göndərməsi, uzun və əzablı mübarizə yolunu qət edərək yenidən mübarizəyə
başlaması... O da Emin bəy kimi öz partiyasını – Polşa Sosialist Partiyasını
yaradır. Amma sonralar anlayır ki, qarşıdakı qəddar Rusiyadır və o, siyasətə
deyil, hərbə, silaha daha çox inam bəsləyir. Pilsudski Polşanın ordu
quruculuğuna başlayır. Ruslara qarşı hərbi-siyasi Streles ittifaqı yaradır.
Polşanın azadlığı uğrunda döyüşür. 1918-ci ildə Polşa bağımsızlığını elan edəndə
ölkənin ilk dövlət başçısı olur. 1920-ci ildə Sovet Rusiyası Polşaya müharibə
elan edir. Marşal Pilsudski rusların qat-qat güclü ordusunu darmadağın edir. Məcburiyyət
qarşısında Rusiya Polşanın müstəqilliyini tanıyır...
Mən bu
məlumatı verəndə o, çox fərəhlənir. "Böyük fədaiyə eşq olsun!” deyib
susur. Sonra qəmli-qəmli "Biz bacarmadıq” deyir. "Bizim ölkəmizi
Rusiya ilə İran iki yerə parçalayıb. Gücümüzü birləşdirə bilsəydik, biz də
qaniçən rus ordusuna qarşı vuruşa bilərdik... Nə yazıqlar ki, biz bunu gələcək
nəsillərə saxlayası olduq...”
EMİN
BƏY
Bizim
bu təsadüfi tanışlığımız dostluğa çevrilir, deyəsən. Vanda xanım axşamüstü məni
Varşavaya gəzintiyə dəvət edib. (Onun buradakı işi könüllü olsa da, ağırdır,
yalnız axşamlar vaxtı olur.) Visla çayının sahilində gəzişirik.
-Varszava
(o, bu söz bizim kimi Varşava deyə tələffüz etmir, "ş” əvəzinə "s” ilə
"z”nın qarışığından ibarət bir səs kimi söyləyir), 1791-ci ildə paytaxt
olub. Amma şəhər daha qədimdir. 1300-cü ildə polyak knyazları salıb
Varszavanı...
Mən də
ona Bakıdan danışıram. Bağımsız Azərbaycan
Respublikasını ilk dəfə Tiflisdə elan etdiyimizi, sonra Gəncəyə köçdüyümüzü və
nəhayət başkənd Bakıda gerçəkləşdirdiyimizi
izah edirəm. Neft Bakısında yaşayan leh əsilli ailələrdən, leh memarları
Qoslavski, Skibinski, Skureviç, Ploşkonun
Bakıda layihələndirdiyi memarlıq abidələrindən söz açıram. Bu dediklərim
onu inanılmaz şəkildə etkiləyir. Bakıda leh əsilli insanlar, hətta memarlar
yaşadığına inana bilmir...
Mən
danışdığımız dilin – ruscanın onun belə sərrast bilməsinə işarə edərək deyirəm:
-Siz
rusca yaxşı danışırsınız...
-Hə,- kədərlə
cavab verir. – Biz Polşanın rusların işğalında
olan hissəsində yaşamışıq. Ona görə də az qala hamımız bu dili
bilirik... Amma siz də təmiz danışırsınız?
-Kaş
lehcə biləydim az-maz... Onda o dildə bir kəlmə də danışmazdım!.. – Əsəbi şəkildə
cavab verirəm. – O dilin yiyələri mənim müstəqil ölkəmi işğal etdilər.
Bayrağımı endirdilər... Ocağımı söndürdülər... Məsləkdaşlarımı güllələdilər...
-Bilirsiniz,
mənə Varszava universitetində rus dili və ədəbiyyatı müəllimi işləməyi təklif
etmişdilər, amma rədd etdim.
-Siz də,
biz də ruslardan çəkdiyimizi çəkmişik. Ölkəmi işğala məruz qoydular. Onun
yeraltı, yerüstü sərvətlərini qarət etdilər, qiymətli insanlarımızı məhv etdilər...
Əminəm, bu hal yüz il də sürsə belə, xalqım ayağa qalxacaq, bu işğalçı ölkənin,
qəddar rus şovinistlərinin cavabını verəcək... Mən ona görə burdayam. Siznin
kimi azadlıqsevər insanların köməyi ilə Türkiyəyə yetişib ölkəmin haqq işini
dünyaya yayacağam. Bir də mübarizəmizi qaldığı yerdən davam etdirəcəyəm...
Vanda
xanım qəfil ayaq saxlayıb qoluma girir və şəfqətli baxışlarını gözlərimə dikir:
-Mən,
sizi Pilsudskiyə təqdim edə bilərəm... Sizə demişdim, biz axı yaxın qohumuq...
Yəni, siz burada da qalıb mübarizənizi davam etdirə bilərsiniz...
Mən
heyrətlənirəm:
-Doğrudan?!
Nə yaxşı!.. Amma bu dəfə yox. Mən, sağlıq olsun, Lehistana yenidən dönəcəyəm.
Onda buna cəhd edərik. Əgər görüşə bilsəniz, mənim salamımı pan Pilsudskiyə
çatdırın. Bir də deyin ki, ehtiyatlı olsun, rus ayısı artıq mağaradan
çıxmışdır... Türkiyə isə... Ora mənim ikinci vətənimdir. Bizim əməl
yoldaşlarından sağ qalanlar orada – Ankarada toplaşacaqlar. Ora getməliyəm...
Bir şeyə
bir daha adım kimi əmin oldum: haqdan yanan çıraq sönməz! Bizdə necə demişlər?
"Yansa, yanar aşiq, nə ətəklə, nə püflə. Yanmasa, yanmaz aşiq, yüz ətəklə,
yüz püflə.”
Bizim
haqq işimizə pəl vuranlar qoy bilsinlər: Azərbaycanın haqq işi uzaq Lehistanda
belə dəstəklənir! Bax, bu gənc leh xanımının timsalında. Yadınızdadır Cümhuriyyətin
bir illiyi münasibəti ilə "Azərbaycan” qəzetəsində yazdıqlarım?"Hər
nasılsa növzadımız bir yaşına çatdı. Bundan 6 ay əvvəl Azərbaycan Məclisi-Məbusanının
açıldığı gün - bir kərə yüksələn bayraq bir daha enməz -demişdim. İçində
bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxof idi ki, yüksəltdiyimiz
bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman binasına münhəsir
etdirib də "müdara” göstərmək məcburiyyətində qalıyorduq. Bu məcburiyyətdən
müntəsir olan bəzi bədbinlər, hanı yaaa, bir kərə yüksələn bayraq bir daha
endiriləməz diyorduz” diyordular. İştə qoy bugünkü gün milli bayraqlara
boyanmış Azərbaycan paytaxtı o kibi bədbinlərin qəlbini təsfiyə etsin”.
Vislanın
kənarı ilə narahat addımlarala gəzə-gəzə bilirsiniz nə düşünürəm? 100 il
sonrakı soydaşlarımızı düşünür və onlara gözaydınlığı verirəm: o munis bayrağı
enməyə qoymadıqları üçün. Bağımsız Azərbaycanda əyilmədən, əzilmədən şıq gəzə
bildikləri üçün...
-Nə
fikrə getmisiniz? – Vanda xanım soruşur.
-Sizə qəribə
gəlməz ki cavabım? Mən realist adamam, zira içimdə romantikaya həmişə yer olub.
Hətta şeir də yazmışam... Yəni...
-Deyin,
deyin... – O gülümsəyərək israr edir.
-Mən
burada, Vislanın kənarında gəzərkən 100 il sonranın Azərbaycanını düşündüm...
Soydaşlarımı düşündüm...
-Necə
gördünüz ölkənizi və soydaşlarınızı?..
-Bağımsız...
Tam azad və firavan olmaya bilərlər, amma ölkəm bağımsız idi... O müqəddəs
bayraq hər yerdə dalğalanırdı...
-Emin bəy!
Biz polyaklar 100 il yarıac yaşamağa razıyıq, təki ölkəmiz azad olsun...
-Olacaq,
hökmən azad olacaq ölkələrimiz... Nəyi istəsən, onu alarsan... Təki istək
olsun...
Vislanın
dalğaları "urra” bağıran insan seli misalı səsimə səs verirmiş kimi qeyzlə
sahilə çırpıldı.
VANDA
Geri
dönəndə Vislanın dalğalarına baxa-baxa Emin bəy qəfil soruşdu:
-Vanda
adının mənası nədir? Bu ad öz kökünü haradan alır?
Mən
tutuldum. Ona görə yox ki, cavabım yox idi; ona görə ki, hələ yaxşı tanımadığım
bu adama ürəyimdəkiləri danışmağa cürət etmirdim. Amma bu təlaş qısa sürdü. Bir
də gördüm ki, içimdəkiləri tökürəm:
-"Vanda”nın
bir sıra anlamları var. Latıncada vanda məşhur çiçək adıdır. Slavyancada Vanda
– Tanrının mərhəməti anlamına gəlir... Çox qədim polyak rəvayətinə görə, bax bu
Vislanın kənarındakı Krakov şəhərində Krak adlı knyaz yaşayırdı. İndiki
Krakov adını həmin knyazın adından alıb.
Knyazın Vanda adlı gözəl qızı atasından
sonra onun knyazlığını sürdürür. Bir alman şahzadəsi Vandaya elçi düşür. Amma
qız onu rədd edir. Qəzəblənmiş şahzadə Krakova qoşun çəkir, müharibə başlayır.
Ölkəsini işğaldan və talandan qorumaq
üçün Vanda intihar edir – özünü Vislaya atıb məhv olur və beləcə azğın şahzadə
sarsılmış halda qoşununu çəkib gedir, müharibə başa çatır.Vandanın mərhəməti
sayəsində ölkəsi qurtulur... Vislanın kənarında böyük kurqan var – Vanda orada
dəfn olunub...
Emin bəy
bu kədərli əfsanəyə dərhal münasibət bildirdi:
-Vanda
zənnimcə, bir də xilaskar, fədakar
anlamına gəlir – ölkəsini və namusunu yadelilərdən qorumağı bacaran qəhrəman
qız...
-Hə, elədir,
- mən danışdığım rəvayətin sarsıntısından çıxmağa çalışıram. – Amma mənim
idealım olan başqa bir Vanda da var – Vanda Voynarovskaya
Sezarina-Konstantinovna – əfsanəvi polyak inqilabçısı! Rusiyada, Fransada və
Polşada inqilabı fəaliyyət göstərmiş, illərlə Avropa ölkələrində türmələrdə
yatmış, amma inqilabi əqidəsindən dönməmişdir...
-Hə, zənnimcə
bu bizim kəsişən nöqtəmizdir – həyatımızı özümüzdən çox xalqlarımızın milli
azadlıq hərəkatına, inqilabi işə vermək... Elə bu da mərhəmətdir – ilahi mərhəmət...
– O, bu son kəlmələri ilə özü də bilmədən içimdə bir ocaq çatıb getdi – bizim kəsişən
nöqtəmiz deyimi ilə zaman-zaman o ocaq alovlandı və heç sönmədi...
İkinci
hissə
MÜƏLLİF
Təxminən
bir ay keçdi. Məhəmməd Əmin bəy Almaniyaya, oradan Fransaya və nəhayət, Türkiyəyə
keçdi. İşlərini sahmana saldıqdan sonra Vanda xanıma məktub yazdı. Beləcə,
onlar uzun zaman yazışdılar. (Həmin məktublardan biri marşal Pilsudskiyə
yazılmış, Vanda xanım vasitəsi ilə ünvanına çatdırılmışdı. Məktubda Polşadakı
azərbaycanlı zabitlərin bu ölkənin ordusunda çalışmasına şərait yaratdığına,
habelə rusların əsarəti altında əzilən xalqların mühacir təşkilatı olan
"Prometey” cəmiyyətinə dəstək verdiyinə görə marşala təşəkkürünü bildirirdi. ) Bu məktublar
hələ ki, iki dostun, iki inqilabçının bir-birinə ərzi-halı idi. Amma kim bilir,
bəlkə də bu iki insanın gələcəkdə bir-birinə sevgi duyğusu ilə yanaşmasında bu
rəsmi məktubların rolu vardı. Sevgi planlaşdırılmayan, qəfil başa gələn bəla
kimidir. Hara qaçsan da bu bəladan yayına bilməzsən. Və bir də bu tale idi.
Eyni taleli, vətəni, dili, milli ruhu daim təhdid altında olan iki insanın
bir-birinə olan ehtiyacı kimi...
VANDA
XANIM
Emin bəy
ilk görüşümüzdən illər sonra Varşavaya gəldi.
O çox qəmgin idi. Qohumlarının incidildiyini, həyat yoldaşının, övladlarının,
digər qohumlarının həbs edildiyini, ölkənin sərt iqlimli yerlərinə sürgün
edildiklərini söylədi. Buna baxmayaraq, onun enerjisi, yaradıcılıq əzmi güclü
idi. Mən onu marşal Pilsudski ilə görüşdürdüm. Onların söhbəti uzun çəkdi. Hətta
sonda Emin bəy Polşada SSRİ-yə qarşı
yaradılan xüsusi xidmət idarəsi – Ekspozituranın rəhbəri olmaq təklifini də qəbul
etdi. Paris konsulluğunun ona viza vermədiyini
dedikdə, pan Pilsudski bu məsələni yenidən həll etmək üçün dostlarla əlaqə
saxlayacaqlarını bildirdi.
Axşam mən
Emin bəyi evimizə dəvət etdim. O, ailə üzvlərimizlə tanış oldu. Bir gün sonra
isə mən onu digər qohumumuz – Polşanın xarici işlər naziri Beklə görüşdürdüm.
Onların hər ikisinin bu görüşdən çox razı qaldıqlarını mən ailə ziyafətində
iştirakları zamanı gördüm.
İllər
sonra ilk dəfə idi ki, mən narıncı ziyafət paltarında idim və o mənə bu məclisdə
kavalerlik etdi. Gecənin bir anında
ziyafət iştirakçılarının xahişi ilə
pianoda "Marselyoza” çaldım və hamı xorla oxudu. Biz Ruje de Lilin
misralarını qəzəblə oxuyurduq:
Allons
enfants de la Patrie
Le jour
de gloire est arrive...
Fikir
verib gördüm ki, o öz dilində oxuyur. Onun oxuduğu misraları illər sonra
anladım:
İrəli,
yurd oğulları!
Gəlib
çatıb şöhrət anı.
Qoşun çəkir
bizə sarı,
Qanlı
bayraqlar tiranı...
...Silahlanın,
vətəndaşlar!
Birləşin
bir cərgədə siz!
İrəli!
İrəli!
Düşmənlərin
al qanıyla
Qoy
boyansın çöllərimiz!..
Sonra mən
ondan marşalla görüşdə daha çox nələrdən danışdıqlarını soruşdum. Bulud kimi
tutuldu, gözü yol çəkdi:
-Milli
azadlıq hərəkatı zamanı başımıza gələnlərdən, özümüzü fəda etməyimizdən, hər an
edama məhkum edilə bilməyimizdən, amma geri çəkilmədən sonacan mübarizə
aparmağımızdan danışdıq. O, lehləri, mən isə azərbaycanlıları bu mübarizəyə necə
hazırlamağımızdan söz açdıq. Hər ikimiz ilk olaraq ailələrimizi, yaxınlarımızı
bu işə inandırmağımızdan danışdıq. Mən ruhani atamın belə azadlıq eşqilə alışıb
yandığını deyəndə o da eyni hissi keçirdiyini bildirdi. Mən mübarizəmizin ilk
çağlarında Stalini məsçiddə atamın oturduğu minbərin altında rus
jandarmalarından necə gizlədiyimi danışanda marşal uğunub getdi... "Etməyəydin
kaş” dedi və biz təkrar gülüşdük. "Amma o da borcundan çıxdı, səni ölümdən
qurtardı” dedi və mən Lehistanın liderinə Stalinlə olan görüşlərimdən daha
geniş məlumat verdim.
-Siz mənim
xalqımı necə adlandırırsınız? – Heyrətlə soruşdum.
-Leh...
Lehistan... –Biz belə deyirik.
Mən
onun şirin şərqli ləhcəsilə dediklərini təkrar etdim və biz gülüşdük.
Bir həftə
sonra Emin bəy artıq Polşa hökümətinin yardımı ilə aldığı viza əsasında digər
Avropa ölkələrinə yola düşdü. O, buradakı məslək dostları ilə görüşməli,
ehtiyac içində olan keçmiş hökümət üzvlərinə mümkün olan yardımları təşkil etməli,
eyni zamanda Fransada toplaşmış müqavimət hərəkatı üzvlərinin qarşısında çıxış
etməliydi. (Ən əsas isə onu oxumağa göndərdiyi gənc tələbələrin taleyi narahat
edirdi. Cümhuriyyət süqut etdikdən sonra onlar Fransada, Almaniyada və başqa
ölkələrdə pulsuz-parasız qalmışdılar. Təhsil haqqına görə oxuduqları
unuversitetlərdən xaric edilmiş, geri dönməyə pulları olmadığından dilənçi
kökünə düşmüşdülər. Hətta geri dönə bilsəydilər, ən yaxşı halda onları Sibirə
sürgün gözləyirdi...)
Təəccüb
doğuran işdir: bu adam bu qədər dərdin içərisində ola-ola dayanmadan çalışmaq
üçün sonsuz enerjini haradan alırdı?!.
EMİN
BƏY
Bakıdan
dalbadal bəd xəbərlər gəlirdi. Zövcəm Ümbülbanu xanım, qızım, oğlum, bütün
qohumlarım sürgün edilmişdi. Zövcəm və qızım sürgündə dünyasını dəyişmiş, oğlum
Rəsul güllələnmişdi. O biri oğlum Azərdən isə xəbər tuta bilmirəm.
İş şəraitim
isə o qədər gərgindir ki, tez-tez xəstələnirəm. Mədəmdə yaranan yara, habelə şəkər
məni üzür. Dostlar gərəkən yardımları
etmək üçün bir qadınla ailə qurmağımın vacib olduğunu deyirlər. Bilirəm, mən o
hayda deyiləm, amma deyəsən, bu qaçılmazdır. Bu barədə Ankaradan Vandaya
yazıram və axırda zərfin içərisinə əlahiddə bir məktub da qoyuram.
"Əzizim,
Vanda!
Bilirsən
ki, mən əzabların adamıyam. Əzablardan güc almaq, onlara qatlana bilmək mənim
kimi insanların məramıdır. Amma deyəsən, daha bu əzablara tək çiyin vermək
iqtidarında deyiləm.
Yadındamı,
illər öncə səni Varşavada gördüyüm ilk gün? O gün mən anlamışdım ki, sən həyatımda iz buraxacaq qadınsan. Amma o illərdə
mən evli bir kişiydim. Üzücü də olsa, sənə bildirim ki, Stalin rejimi mənim həyat
yoldaşımı, ailəmi məhv edib. İndi mən bu əzabları tək çəkmək iqtidarında deyiləm.
Bilmirəm, mənə əzab ortağı olmaq istərsənmi?
Sonda
onu da bildirim ki, mən leh xalqını sənin sayəndə tanıdım, sevdim. Və biləsən
ki, bizim xalqın "Leyli və Məcnun” adlı bir dastanı var. Uzun zaman qovuşa
bilməyən sevgililərə bu səadət yalnız o
biri dünyada nəsib olur. Sən mənim Leylam olmaq istərsənmi? Əgər bu təklifimi qəbul
etmiş olsan, dərhal bilet al və həmən Türkiyəyə yola düş. Sayqı və sevgi ilə sənin
Emin bəyin.
P.S. Leyl gecə anlamına gəlir. Bütün gecələrin isə
sonu gündüzdür. Gəlsən, gecə kimi mübhəm
gəl, gündüz kimi həyatıma işıq sal.”
LEYLA
XANIM
Bu məktubu
neçə il gözləmişəm. Əslində o mənə tez-tez yazırdı, fəqət bu yazışmalar iki
dostun, iki inqilabçının məktublaşmalarından o tərəfə keçmirdi. Hətta bunu hiss
edən anam məni danlayır, qarşıma çıxan neçə-neçə oğlana yox deməyimə görə
qınayırdı.
Üç gün sonra mən artıq Ankarada idim. Bu
ekzotik şərq şəhərində hər şey mənə cazibədar görünürdü. Amma yad gəlmirdi. Bu,
bəlkə də Eminə görə idi. Onun olduğu yer mənə doğmadır. Onunla dünyanın o
başına da gedərəm. Lap Antraktidaya da!
İlk işimiz yalnız dostların iştirakı ilə
yüngül bir törən təşkil etmək oldu. Əsasən, azərbaycanlı və polyak mühacirlərin
qatıldığı bu qonaqlıqda Eminin silahdaşları tost dedilər, şeir söylədilər. İllər
əvvəl Ankaraya yerləşmiş bir qafqazlı ailəsinin məktəbli yavrusu Eminin
"İlk çağındaydı gözəl mövsümün” misrasıyla başlayan şeirini əzbərdən söylədi.
Mən bu ümid və inam dolu adamların içərisində olduğumçün çox xoşbəxt idim.
Bir xeyli əvvəl mən ismimi dəyişdirərək
Leyla yazdırmışdım. O, bundan çox təsirlənmişdi. Hətta gözləri də doldu.
Alnımdan öpüb "Səninlə qürur duyuram” dedi. Beləcə, taleyin qisməti ilə
Polşa inqilabçılar nəslinin nümayəndəsi Vanda dönüb Leyla Rəsulzadə oldu.
EMİN
BƏY
Bilirəm
ki, məni istəyənlərlə yanaşı, istəməyənlər də var. İndi, Sovetin qan-qadasının
tüğyan elədiyi vaxtlarda daha çoxdur bəlkə. (Üstümə silah çəkən Əliheydər
Qarayevlərin******** sonu faciə ilə bitmədimi? Amma onu da bilirəm ki, bu bir
müvəqqəti haldır. Sabah Sovet yıxılsın, hər şey tərsinə olacaq. Birinci
bayrağımızı yüksəldəcəklər binalarımızın üstündə - onsuz da endirməmişdilər ki!
Qəlblərdə vardı o bayraq... Hə, indi bizi söyənlər valı çevirəcəklər. Yəni onları
başa düşmək olar.) Bir də var bizdə deyildiyi kimi, iyəşənlər. Yəni aşığın sözü
qurtaranda məsələsi... Müsəlmanın o günü, Ankarada bir məclisdəyəm, Leyla da
yanımdadır. Biri – bizim Bakı əhlidir – göz vurur mənə və hamının eşidəcəyi sələ
:”Emin bəy, danışırlar sizin bu evliliyiniz siyasi evlilikdir həm də, belədirmi?”
– deyir və qımışır. Mən heç tövrümü pozmuram. Amma Leylanın yanaqları allanır.
Özünü pis hiss edir. Dayanmağın yeri deyil, əfəndim!
-Hə, elədir!
Mən Lehistanın inqilabçı-zadəganlarının nəslinə mənsub bir xanımla, əsil adı
Vanda olan sevgilimlə ailə həyatı qurdum – bu həm də dünyanın
inqilabçı-demokratları ilə həmrəylik evliliyidir! Vanda-Leyla təkcə mənim zövcəm
deyil: tərcüməçimdir, katibəmdir, doktorumdur, aşpazımdır və azadlıq mücadiləmizdə
arkadaşımdır... Ən nəhayət, bu evlilikdən çox, dostluqdur, leh xalqı ilə azəri türklərinin, Lehistanla
Azərbaycanın dostluğu, birliyi...
Leyla
yol boyu hıçqırırdı. Yox, ona görə deyil ki, bizlərdə deyildiyi kimi, bir
tüllab onun xatirinə dəymişdi, xeyr. Qətiyyən belə deyil. Ona görə hıçqırırdı
ki, mənim cavabım ona ləzzət eləmişdi... O sevincdən ağlayırdı...
LEYLA
XANIM
Məndən
tez-tez soruşurdular:
-Nədən
Emin bəy vəfat etdikdən sonra Polşaya dönmədin? Axı övladınız da yox idi? Sizi
bu ölkəyə bağlayan nədir?
-Bu
torpaqda mənim sevdiyim adam yatır. Onu
qoyub hara gedim? Mən də onun qarışdığı torpağa qarışmaq istəyirəm...*********
Övlada gəldikdə isə... Eminlə mənim milyonlarla övladımız var. Onlar Azərbaycanda,
İranda, Türkiyədə, Avropada yaşayan azərbaycanlılardır... Gələcək azad, Eminin
dediyi kimi hürr azərbaycanı onlar – bizim övladlarımız quracaqlar... O buna
inanırdı. Elə mən də inandığımdan burdayam.
BÜLƏND
DANIŞOĞU
"Leyla
xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının
olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz
gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik.
Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı
ona "madam” deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı.
Sonra bir gün anam onu evimizə dəvət etdi.
Madamın adının Leyla olduğunu o
zaman öyrəndim. Özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin
hekayəsini anlatmışdı. Sevgili əri "Leyli və Məcnun” əhvalatını danışmış və
adının Leyla olmasını istəmişdi. Əri, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu
və ilk cumhurbaşkanı Məhəmmədəmin Rəsulzadə...”
(Ankara,
"Kebikeç” dergisi, 22-ci say.)
MÜƏLLİF
Yolum
Ankarayadır. Üç il əvvəl getdiyim bu şəhərdə dostum Ahmet********** bəylə
Atatürkün Anıt qəbirini ziyarətə yollanarkən maşını durdurdum və dedim:
-Əfəndim!
Anıt qəbirə bir az gec gedərik, onsuz da oradan ziyarətçi əskik deyil. İndi isə
maşını Əsri məzarlığına sür. Orada bizim Azərbaycan türklərinin öndəri Məhəmməd
Əmin Rəsulzadə uyuyur. Onu ziyarət edək, sonar Anıt qəbirə gedərik.
Sağ
olsun. Məni anladı və kədərimi bölüşdü. Böyük insanın Əsri qəbiristanındakı məzarını
birlikdə ziyarət etdik. Şəkil çəkdirdik. Sonra bu münasibətlə dərgilərdə çıxan
məqalə də yazdım. Amma… Qul xətasız olmaz deyiblər. O zaman bir xəta etmişdim.
Emin bəyin məzarını ziyarət edərkən onun vəfalı həyat yoldaşı Vanda xanımın –
Leylasının qəbirini axtarmağı unutmuşdum. İndi Ankara yolçuluğumun bir səbəbi də
budur. Qədirbilən azərbaycanlı mühacirlərin********** yardımı ilə Əsri məzarlığında
yenidən bərpa olunan o qərib qəbiri görmək, baş endirməkçün yola çıxmışam. Təbii
ki, sevgilisi ilə bərabər! Sağlıqlarında fərqli dinlər onları ayıra bilməmişdi,
vəfat edəndə ayırdı. Amma torpaq eyni torpaqdır – müqəddəslərin uyuduğu bu yeri
onlar daha da paklaşdırıblar. Yerləri pərqu olsun…
AYAQ
YAZI
MÜƏLLİF
Bizlər
həmişə belə olmuşuq. Kimin yad, kimin doğma olduğunu heç düşünməmişik. Min illərdir
küçələrdə əli çömçəli bir kişi gəzir, çömçəsini dınqıldada-dınqıldada elədiyi səhvləri
yadımıza salır ki, biz o səhvləri düzəldək:
Gəlinə
ayıran demədim mən Dədə Qorqud,
Ayrana
doyuran demədim mən Dədə Qorqud,
İynəyə
tikən demədim mən Dədə Qorqud,
Tikənə
sökən demədim mən Dədə Qorqud…
Hanı, gəlin
yenə ayırandır, amma biz yenə gəlin deyirik. Ayran içməkdən köpmüşük, amma elə
ayrandır ki, ayran. Tikən min illərdir bizi sökür, amma tikən bilirik. Yetim
iynə tikənin sökdüklərini yamamaqdan quruyub çöpə dönüb, amma bildiyimizi dədəmizə
də vermirik: iynədi, vəssalam!..
O küçəbəküçə
gəzib səhvlərini ninni kimi oxuyan kişini biz tamam unutduq. Elə unutduq ki, həşəbəxeybər,
alman alimi H.F.Dits olmasaydı, nə Dədə Qorqud adda dədəmizin olduğunu biləcəkdik,
nə də yazdığı kitabdan xəbərimiz olacaqdı…
Hələ
bax, gör nə qələt eləmişik: ən mötəbər kişilərimizə dəli adı yapışdırmışıq: Dəli
Domrul, Dəli Həsən, Dəli Alı…
Sözünü
daşlara yazan xan babalarımızı, xaqan babalarımızı isə elə unutduq ki,
yazdıqları hərfləri belə xatırlaya bilmədik. Adına kafir dediyimiz avropalı
Vilhelim Tomsenin, allah eləməmiş,
başına bir daş dəysəydi, hələ indi də nə Bilgə xaqanı, nə Gültikini
tanıyacaqdıq, nə də Monqolustandan üzü Sibir çöllərinə səpələnən bu daş kitabələri
biləcəkdik…
Bizlər
uzun zaman elə bilmişik ki, əsl dədəmiz anamızla yatıb bizi dünyaya gətirən
kişidir. Amma yox, belə deyil. Daha onda madyanla cütləşib at, eşşəklə cütləşib
qatır doğuzduran atdan nə fərqi olardı dədəmizin… Hə, analarımızla yatıb bizi
dünyaya gətirənlər atalarımızdır, amma bioloji atalarımız…
Bizim əsl
dədəmiz ruhumuzun dədəsi olan kişidir. Ətimiz, qanımız, sümüyümüz onun olmaya
bilər, amma ruhumuzun dədəsi adı bu qara daşa – baş yazıda gənc oğlanın üstündə
oturduğu - yazılan kişidir. Gəncədə heykəlinin başına çuval************ keçirilən
kişidir. Ankarada Əsri məzarlığında səksəkə ilə uyuyan kişidir… (Atatürkün bu
yerdə bir deyimi yadıma düşür: "Ətimin və sümüyümün atası Əli Rza əfəndidirsə,
fikrimin atası Ziya Göyalpdır.”)
Bəli,
ruhumuzun atası odur. İsa Peyqəmbər allahın nurundan yarandığı kimi, bizə də
nuru o kişi bəxş edib.
Nə
olsun ki, uzun illər küçə və xiyabanlarımızda özgə, yad, ögey dədələrimizin
heykəlləri ucalıb? Lenin, Stalin, Kirov, hətta Şaumyan…
Bizdə
ögey atalara sevgi hardandır, bilirsinizmi? Analarımızdan gəlir bu günah. Bizi
doğanda, bələyəndə qulağımıza kimin oğlu olduğumuzu pıçıldamayıblar. Ya bəlkə
onlar nəyisə qarışdırıblar?!.
Bax,
ona görədir ki, başımıza bu DAŞ ağırlıqda bir nəsnə düşüb ki, uzun illərdir
altından çıxa bilmirik.
Yetər,
gəlin bu daşı qaldıraq, onun üstündə yazılanları gələcək nəsillərə saxlamayaq.
Yoxsa onlar da ögey atalarının küçə və xiyabanlarımızda ucalan heykəllərinə
sitayiş edəcəklər…
S.A
(Söz Ardı)
Mən bu
yazını məndən əvvəl qələmə almış, fəqət özünü yaşadığı binanın yuxarı qatından
ataraq intihar etmiş o gəncdən bir xeyli sonar
yazdım. Nə cibindəki əlyazması qalmışdı, nə kompüterindəki fayl. Sadəcə
sevdiyi qıza yazdığı əsərin qaralama variantını oxuyanda qız yazı sənətinə
könül verdiyinə görə ondan üz çevirmişdi… Faciədən sarsılan qız, mənim xahişimlə oğlanın ağzından eşitdiklərini fikrində
canlandırmağa çalışmış, fəqət mənə ancaq yazının skeletini danışa
bilmişdi.
Zənnimcə,
o eşitdiklərim bu yazının yazılmasına təkan oldu. Həmin insanların qəzavatından
bəhs edən bu yazını yazdım ki, yaddaşımız təzələnsin. Qəzamız mübarək.
dekabr
2017 – fevral 2018
*Mövsüm
Əliyev (1939-1997) - Cümhuriyyətin və M.Ə.Rəsulzadənin ilk tədqiqatçılarından idi.
1993-cü ilin sonlarında həbs olunub. Orada infarkt keçirib. Yarımcan halda həbsdən çıxandan sonra faciəli şəkildə
vəfat edib.
**Murdarüşüyən
– qışdan yeni çıxmış əti yeyilməyən (murdar) heyvanlar – insan da daxil – aprel
ayında üşüyərlər. Bu səbəbdən el arasında aprelə murdarüşüyən deyirlər.
***M.Ə.Rəsulzadə
”Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” (İstanbul, 1997)
****Musa
Cərullah Bigiyev (1875-1949) – tanınmış tatar maarifçisi. Sank-Peterburqda
yaşayıb. M.Ə.Rəsulzadənin xaricə qaçışının təşkilatçılarından olub.
*****Abdulla
Battal Taymas (1883-1969) – Kazan türklərinin liderlərindən biri. O da 1925-ci
ildə Türkiyəyə gedib. M.Ə.Rəsulzadə uzun illər ilə yaxın münasibətdə olub.
******Lehistan
- əski dövrlərdə Şərqdə Polşaya verilən ad.
*******Koba
– Stalinin gizli inqilabçı ayaması.
*********Əliheydər
Qarayev(1896-1938) – Cümhuriyyətin və M.Ə.Rəsulzadənin düşməni. 1920-ci il
aprelin 27-də bolşevik deputat H.Sultanovun təslim ultimatumunu qəbul etmək istəməyən
millət vəkillərinə silah çəkərək "Səsini çıxardanı gülləbaran edəcəyəm!”
deyib hədələmiş, sonralar isə Azərbaycan adını tarixdən silmək üçün vilayətlərə
bölüb Rusiyanın tərkibinə qatmağı təklif etmişdi. 1938-ci ildə "əksinqilabçı”
kimi güllələnmişdir.
*********”May
ayının sonunda Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki həyat yoldaşı Leyla
xanım da mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında fani dünyaya
vida etdi. Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi ilə mücadilə içində keçirən
mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə Varşavada mətbu fəaliyyəti
zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı davam etdirdikləri politik,
ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi ilə cavablamaqla məşğul
ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə mücadilə etmək məcburiyyətində
qalırdı. Şəkər xəstəliyinin başlıca müalicə üsulu hesab edilən pəhriz rejiminə
sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə ancaq vəfalı bir həyat yoldaşının
olması ilə mümkün idi. Ona görə də Əmin bəy xarici bir mühitdə polyak əsilli
Leyla xanımı özünə həyat yoldaşı olaraq seçmişdi.
Əmin bəy
1955-ci ilin martında həyata gözlərini qapadığı ana qədər vəfalı yoldaşı Leyla
xanım istər nisbi sağlığında, istərsə də xəstəliyinin ağır vaxtlarında başının
üstündən bir an belə ayrılmayıb, sevə-sevə, hər cür məşəqqətlərə qatlanaraq bir
xəstə baxıcısı kimi qulluq edib. Bütün bunları edərkən, Leyla xanım sadəcə bir
həyat yoldaşı kimi deyil, eyni zamanda Əmin bəyin böyüklüyünü və müştərək düşmənə
qarşı mücadilədə güclü şəxsiyyətini nəzərə alıb hərəkət edirdi. Buna görədir
ki, Əmin bəyi sevən hər kəs Leyla xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi.
Ruhu şad olsun.”
Ankara, "Azərbaycan” dərgisi, 1974.
********
**- Ahmet Yıldız – türkiyəli yazar, bir neçə nəsr kitabının müəllifi.
***********
- cumhuriyyet.net xəbər portalı bildirir ki, Türkiyədə yaşayan jurnalist Könül
Şamilqızı M.Ə.Rəsulzadənin mühacirətdıki
həyat yoldaşı Vanda (Leyla) xanımın Əsri məzarlığının xristian bölümündə yerləşən
qəbirini tapıb. Onun müraciətindən sonra qəbirin üstü ona yaraşan şəkildə
götürülmüşdür.
*************Lap
elə bu yaxınlarda Gəncə şəhərindəki müəssələrin birində M.Ə.Rəsulzadənin
büstünün başına çuval keçirmişdilər. Gəncəli bir millət vəkili də buna haqq
qazandırmışdı – "o mənim liderim deyildir” deyərək.