
Azər Turan. Eşqin Kərbəlası... (Şəhriyar del Geraninin bir şeiri haqda düşüncələr)
- 23.12.2019
- 0 Şərh
- 3009 Baxış
Şəhriyar
del Gerani "Unutma ki, eşqin qabaqda Kərbəlası var" misrası ilə bitən
şeirini Kərbəla öncəsi günəşin "söndürüldüyü" məqamda İmam Hüseynin
"Quran"ın Bəqərə surəsindən söylədiyi ayə ilə başlayır: "İnnə
lillahi və innə ileyhi raciun". Yəni "Biz Allaha aidik və qayıdışımız
da onadır".
İnnə
lilləhi və innə ileyhi raciun,
Ey həmd
ola, çatdım məqamına hüzurunun,
Vay, sən
demə, ömrün belənçi əlifbası var.
Qalmış
yarı yolda neçə rolda kəm adamdan,
asi
düşüba arzulara düşkün adamdan
Billahi,
sədaqət umanın gül xətası var.
Söndür
günəşi, ol böyüyən səhranı adla,
çıx get
bu qaranlıqla, görünməz üzün, amma
unutma
ki, eşqin qabaqda Kərbəlası var.
Şəhriyarın
bu şeiri ən yeni poeziyamızda yeni Kərbəla arxetipini yaradan ilk şeirdir.
"Sonuncu Yeni - Şəhriyar del Gerani" məqaləmdə "Şeirlərini daha
çox İkinci Yeni havasında yazsa da, Şəhriyar del Geraninin poetikası modern
Türkiyə poeziyası ilə Azərbaycan şeiri arasında ortaq nəfəsdir", - deyə
bildirmişdim. Amma Fatihə, Əsr və Nas surələrinə, Lukanın və Mattanın "İncil"inə
referenslər edərək yazdığı "Setara"dan və "İxlasım"dan
sonra bu şeir xatırlatdığım istiqamətlərin ikisindən də ayrılır və özü
ayrılıqda yeni bir təmayül yaradır. Yaradıcılıqlarının müəyyən bir mərhələsində
Kərbəla mütərənnimi olmuş Füzulidən, Seyid Əzimdən, Namik Kamaldan və Məhəmməd
Hadidən birbaşa Şəhriyar del Geraniyə keçid edən intonasiya, assosiativ
doğmalıq, poetik struktur oxşarlığı, ritm sintezi Azərbaycan şeirinin modern
"Hədiqətüs süəda" mərhələsindən soraq verir... Qabaqda eşqin Kərbəlası
olduğunu fəhm etməyənlərə xoşbəxtlər bağçasında Füzuli İmam Hüseynin dilindən
belə səslənmişdi:
Bən bəla
dəryasinə qərq olmağa basdım qədəm,
Gəzməsün
girdabvəş çevrəmdə hər canın sevən.
Bən fəna
deyrində mənzil dutmağa əzm eylədim,
Durmasun
yanımda mülkü-qəsrü eyvanın sevən.
Füzuli
adamları gecənin sirr örtüyü ilə baş-başa buraxmışdı. Gecə hamiləydi.
"Əl-leylətü hublə" və Gecə Kərbəlaya hamilə idi. "Ələssəbah ki,
tiği-şə'şəeyi xosrovi-xavər rabiteyi nurdan zülmət silsiləsin qət' qıldı və
sipahi Rumü Həbəş bir-birindən ayrıldı, ol mənzildən orduyi-humayun irtihal
qılub və əhbabi-həqiqi və məcazi bir-birindən ayrılub ol ki, rişteyi-irtibatı təəllüqati-dünyaya
möhkəm idi, vida' edib Məkkəyə müraciət qıldı və ol ki, təriqi-vəfada rasixdəm
və sabitqədəm idi, mürafiqətdə yekcəhət oldu". (Yəni elə ki, günəş çıxdı,
səhər açıldı. Nurla zülmət ayrıldı. Kimin ki, dünyaya bağlılığı daha güclü idi
çıxıb getmiş, kim ki, Kərbəla yolunda sabitqədəm idi burda qalmışdı).
Şəhriyar
da elə bunu deyir: "Qalmış yarı yolda neçə rolda kəm adamdan,/ asi düşüba
arzulara düşkün adamdan/ Billahi, sədaqət umanın gül xətası var".
Burdakı
Kərbəla Cemal Süreyadakı nirvanaya gedən yol - Səlimiyənin minarəsi kimi olan
gözəl qadın bədəni deyil, elə birbaşa ilahi eşqin və həzzin ötəsində var olan
bir Kərbəladır, yaxud nirvanadır. Bir az da "Kərbəlayi-qəmdə qurban
olduğum həngami-eşq" - deyən Namik
Kamalın, yaxud bəlkə də Seyid Əzimin dediyi kimi, "Kərbəla Tura dönüb, /
nuri-təcəlla görünür".
Şəhriyar
del Geraninin Kərbəlası adlarını çəkdiyim şairlərin - Füzulinin, Seyid Əzimin,
Namik Kamalın və Məhəmməd Hadinin Kərbəla düşüncəsi ilə semantik əlaqə yaratmaq
gücündədir.
Şəhriyarın
bu yeni şeirində sürreal müstəvidə qovuşan, eyniləşən Rəblə Setara yoxdur. Burda, "eşqin
metafizikası" (Şopenhauer) eşqin Kərbəlasında yaşanıb, yaxud yaşanacaq. Və
"Ey həmd ola, çatdım məqamına hüzurunun".
Şəhriyar
ən yeni Azərbaycan poeziyasını çox həssas bir məqama gətirib çıxarıb. Yəni
bundan sonra Kərbəla modern Azərbaycan şeirinə çağdaş türk poeziyasında olduğu
kimi, tutaq ki, Cahid Zarifoğlunun yazdığı "Demək ki, bitmədi Kərbəla"
şəklində gələcəksə, bunun yenilik adına heç bir estetik tərəfi olmayacaq. Çünki
həmin Kərbəlanı, "Gökdən endikdə bəla bulmazdı mənzil qonmağa, / Olmasaydı
ərseyi-aləmdə xaki-Kərbəla" - deyə Füzuli daha üstün şəkildə beş yüz il
öncə vəsf etmişdi. Yaxud Məhəmməd Hadinin timsalında Azərbaycan şairi "ərzi-dilinin
Kərbəla" olduğu çağları da yaşamışdı:
Könlüm
Hüseyn, ərzi-dilim Kərbəlamıdır?
Səncə,
cəfa, yoxsa ki, eyni-vəfamıdır?
Şəhriyar del Gerani isə kifayət qədər bəlli olan klassik dini mətnə və hətta bir zamanlar buludsuz mavi göyün aşiqi Nitsşenin "Zərdüşt belə deyir" əsərindəki səhra qızları üçün yazılmış süfrə şərqisində - "Səhra qızları arasında" deyilən "Səhra böyüyür, vay halına səhranı gizlədənlərin" xəbərdarlığına da referens edərək yeni Kərbəla arxetipini yaradır: "Söndür günəşi, ol böyüyən səhranı adla, / çıx get bu qaranlıqla, görünməz üzün, amma / unutma ki, eşqin qabaqda Kərbəlası var"...
"Ədəbiyyat qəzeti"