Azərbaycanda yazıçı olmaq istəyənlər üçün kurs açılıb (MÜSAHİBƏ)
Müsahibə
- 23.01.2019
- 0 Şərh
- 8299 Baxış
Şərif Ağayar: "Yazı istedadı olmayan adamların vaxt itirməsinə imkan verməyəcəyik”
"Yurd" Tədris Mərkəzinin təşkilatçılığı ilə "Yaradıcı yazarlıq kursu" fəaliyyətə başlayır. Kursun təlimçiləri şair Qismət Rüstəmov, yazıçı Şərif Ağayar, ədəbiyyatşünas Ülvi Babasoydur. "Uğurlu əsərinizi bizimlə başlayın!" sloqanı ilə fəaliyyət göstərəcək kursda iştirak ödənişlidir. Proqramın sonunda müsahibə əsasında "Yazarlıq sertifikatı" veriləcək.
Musavat.com Azərbaycanda yeni olan bu layihənin detalları ilə bağlı təlimçilərdən Şərif Ağayarla söhbət edib. Müsahib Azərbaycanda kursa gəlməklə yazar olmağın necə mümkün ola biləcəyindən danışıb.
- Şərif bəy, öncə məlumat üçün, bilməyənlər üçün yazarlıq kursu barədə ilkin informasiyaları verin. Nə zamandan başlayır, müəllimlər kimdir, kurslar həftədə neçə dəfə keçirilir və sair.
- İlin-günü bu vaxtında bizim bu mütərəqqi təşəbbüsümüzlə maraqlandığınız üçün sizə bəri başdan təşəkkürümü bildirirəm. Kursun konkret vaxtı hələ ki, bəlli deyil. Bu barədə mətbuatda ətraflı məlumat veriləcək. Müəllim deməyək, bizdə posterdə işin adı təlimçi gedir. Yəni keçirilən təlimlərə rəhbərlik edənlər və öz bilik-təcrübəsini bölüşənlər. Şeir üzrə təlimləri Qismət Rüstəmov aparacaq, ədəbiyyatşünaslıq və nəzəriyyə üzrə Ülvi Babasoy, nəsr üzrə mən. Mən və dostum Qismət buna bənzər bir layihədə iştirak etmişik. Bu, Slavyan Universitetində dəyərli yazıçı və alim Kamal Abdullanın təşəbbüsü ilə açılan "Yaradıcılıq fakültəsi” idi. Türklər bu tip yerlərə yaradıcılıq atelyesi deyir. Atelye bizdə emalatxana sözünə uyğundur, ancaq emalatxana bir az sənaye termini olduğu üçün onu işlətməyi məqbul bilmədik. "Yaradıcılıq fakültəsi” də atelye tipli idi. Söhbət nəzəriyyəni mənimsəyib yaradıcılığa sərf etmək təcrübəsindən gedir. Mənim apardığım məşğələ sırf praktika idi. Konkret mövzular üzərində mətn bacarığımızı yoxlayırdıq. Bu o demək deyildi ki, mən nəsrin bütün fəndlərinə yiyələnmişdim və indi onu öyrədirdim. Xeyr. Nə bilirdimsə, onu paylaşırdım. Məşğələlərimiz çox maraqlı keçirdi. Orda Çinarə Ömray, Şahanə Müşfiq, Xanım Aydın, Eminquey Akif, Azər Xanlarov, Dəniz Pənahova kimi maraqlı gənclər vardı. Kursların həftədə iki dəfə keçirilməsini planlaşdırırıq. Layihə özünü doğrultsa, məşğələlərin də, təlimçilərin də sayı artacaq.
- İdeya kimə məxsusdur?
- Ülvi Babasoya...
- Kurs ödənişli olacaq?
- Simvolik də olsa, ödəniş nəzərdə tutulur. Biz yaradıcı gənclərin elə geniş maddi imkana malik olmadığını nəzərə alaraq, çalışacağıq ki, qiymətlər, misal üçün, Türkiyədən ən azı beş-altı dəfə aşağı olsun.
- Qəbul qaydaları varmı?
- Bildiyiniz kimi, Moskvada hələ sovet dövründən M.Qorki adına Ədəbiyyat İnstitutu fəaliyyət göstərir. Bizdən Əli Kərim, Məmməd Araz, İsa Hüseynov, Səfər Alışarlı və digər onlarla tanınmış imza burda təhsil alıb. Qorki adına ədəbiyyat institutuna qəbul olmaq üçün ən vacib sənəd ora müraciət edən gəncin yazdığı mətndir. Şeir, hekayə və ya tənqidi məqalə. Hansı sahə üzrə kurs keçmək istəyirsə. Biz də mətni əsas götürəcəyik. Yazı istedadı olmayan adamların vaxt itirməsinə imkan verməyəcəyik.
- Hamı hər üç sahə üzrə məşğələ keçəcək?
- Bəli. Biz fərqli zamanda yaşayırıq. İndi kəlbəcərli Dəmirçi Abbas kimi atdan yıxılıb şair olmaq mümkün deyil. Bu gün janrlar arasındakı sərhədin aradan qalxması prosesi gedir. Üstəlik şeir, nəsr və nəzəriyyə ilə məşğul olanların hər üç sahəni yaxından mənimsəməsi zərurəti yaranıb. Savadı və intellekti olmayan, eyni zamanda savadını və intellektini bədii mətnə çevirə bilməyən adam uğur qazana bilməz. Bu, günümüzün aksiomasıdır. Biz kiminsə əvəzinə oxumaq, kiminsə əvəzinə yazmaq, yaxud kiməsə istedad bəxş etmək niyyətində deyilik. Sadəcə, bilik və təcrübələrimizi bölüşəcəyik.
- Sertifikat hansı şərtlərlə veriləcək?
- Hər üç təlimçinin iştirakı ilə müsahibə keçiriləcək. Müsahibədən qiymət alana "Yurd Tədris Mərkəzi”nin sertifikatı veriləcək.
- Ünvan bir az uzaqdır. Masazır...
- Əvəzində şəhərin basırığından və səs-küyündən uzaq çox sakit və həssas bir ortam var.
- Sizcə, yazıb-yaratmaq istedaddan asılı olan məsələ deyilmi? Bu məqamda təlim reallığı dəyişə biləcəkmi?
- Yazmaq istedaddan, intellektdən və təcrübədən asılı məsələdir. Bizdə normal ədəbi mühit yoxdur. Çox yaxşı əsər yazsan belə onun haqqında obyektiv qiymət eşitmək imkanların çox məhduddur. Bundan da vacibi, istedadı realizə eləməyin yollarını öyrədən heç bir təhsil və tədris müəssisəsi yoxdur. Biz bu boşluğu qismən də olsa doldurmağa çalışacağıq. İnanırıq ki, nə zamansa bizdə də Qorki adına Ədəbiyyat İnstitutu kimi sırf yazıb-yaratmaq təcrübələrini öyrədən bir yaradıcılıq atelyesi fəaliyyət göstərəcək.
- Necə düşünürsüz, Azərbaycanda yazar, şair olmaq istəyib də, işin detallarını bilmədiyi üçün uğur qazanmayanlar varmı? Yəni, boşluq, tələbat görürsünüzmü, bu sahədə?
- Azərbaycan yazar, şair olmaq istəyib də, işin detallarını bilmədiyi üçün uğur qazana bilməyən gənclərlə, orta yaşlılarla, hətta yaşlılarla doludur. Şəxsən mənim özümün sağlam bir müzakirə ortamına həmişə ehtiyacım olub. Sadəcə bizim bir şansımız var ki, yaxın dostlar öz ətrafımızda bu ortamı yaxşı-pis yarada bilmişik. Eyni zamanda, yaxın-uzaq ölkələrin təcrübəsinə bələdik. İnkişaf eləmiş və inkişaf eləməkdə olan ölkələrdə çoxsaylı belə kurslar fəaliyyət göstərir. Mən gənclərimizə toylardan və izafi yeyib-içmək məclislərindən kəsib məşğələlərə gəlməyi tövsiyə edirəm. Peşman olmayacaqlar. Zatən bizi az-çox tanıyanlar bilir ki, çayxanada, küçədə, telefonda və sosial şəbəkələrdə bu cür söhbətləri pərakəndə şəkildə edirik. Məşğələlər sistemli şəkildə aparılacaq və daha effektiv olacaq.
- İndi gənclər daha sürətli və asan yollarla pul qazanmağa üstünlük verirlər. Azərbaycanda yazar olmaq üçün kursa yazılacaq adamların olmasına inanırsızmı?
- Artıq xeyli müraciət edən var. Bizdə yazı ilə məşğul olan adamlar ədəbiyyatın qazanc gətirmədiyini bilir və dolanışığını başqa sahədən çıxarır. Ədəbiyyat fədakarların ümidinə qalıb. Bizim bu kursu açmağımız da hər şeydən əvvəl fədakarlıqdır. Qazanc o vaxt ola bilər ki, yüzlərlə adam gəlsin. Reallıq isə belə deyil və biz bunun fərqindəyik. Lakin kimsə qabağa düşüb bu mütərəqqi addımı atmalıdır. Qoy bizi bəyənməyənlər, passivlik azarına tutulub məğlubiyyət eyforiyası ilə dodaq büzənlər daha yaxşısını, daha effektivini etsinlər, bu, bizi yalnız sevindirə bilər.
Sevinc TELMANQIZI, musavat.com