Bakı Los-ancelesli street-fotoqrafın gözü ilə

Bakı Los-ancelesli street-fotoqrafın gözü ilə

Oktyabrın 19-da "NUR Art house” qalereyasında Andrey Qlazkovun fərdi fotosərgisi açılacaq. Fotoqraf sərgidə street-fotoqrafiya (küçə fotoqrafiyası) prizmasından Bakıya və bakılılara münasibətini təqdim edəcək.

Qalereyadan bildiriblər ki, əsasən fotoportret və street-foto janrlarında çalışan Andrey Los-Ancelesdə yaşayır. Fotoqrafın qeyri-adi fokusda çəkdiyi fotoşəkillərdə həyatın müxtəlif anları əks olunub. Onun ayrı-ayrı beynəlxalq müsabiqələrdə dəfələrlə qalib gələn işləri istər "Instagram”da, istərsə də digər sosial şəbəkələrdə çox populyardır.
 
Andrey ilham mənbəyi və yeni-yeni obrazlar axtarışında bir çox ölkələri gəzib-dolaşan səyyah-fotoqrafdır. O, yayın əvvəlində Bakıya gəlib, Abşeronda olub. Beləcə, Azərbaycana həsr olmuş fotoşəkillər kolleksiyası ərsəyə gəlib. Andrey kolleksiyanı hazırda üzərində çalışdığı "Qafqaz” adlı fotolayihəyə daxil etmək niyyətindədir. Müəllifin Bakıda və Abşeronda çəkdiyi fotoşəkillərdə onun Azərbaycana necə səmimi və mehriban münasibət bəslədiyi, milli koloriti və əhval-ruhiyyəni nə dərəcədə incə vurğuladığı sezilir. Fotorəssamın Bakıya həsr olunmuş fotolarından biri artıq nüfuzlu "Leica” fotoqalereyası şəbəkəsində yer alıb.

Fotosərginin açılışı saat 19:00-da olacaq.

Açılış mərasimi çərçivəsində Andrey Qlazkovun gənc Azərbaycan fotoqrafları ilə görüşü olacaq, ustad dərsi keçiriləcək, yaradıcılıq problemlərinə dair maraqlı diskussiya aparılacaq.