Biz bir neçə dəfə, necə öldük?
Köşə
- 06.09.2023
- 0 Şərh
- 7239 Baxış
Biz bir neçə dəfə, necə öldük? - Elçin Aslangil yazır
Aktyor səhnədə hər şey və hamı olmağı bacarmalıdır. Özü də yalandan yox, həqiqətən. Həqiqət dediyimiz anlayış varlığın əksidir, yansımasıdır.
Mən bir dəfə, səhnədə olan bu oğlanı ağac gördüm. Ruslan da yanımda idi, Gənclərin teatr festivalının açılışında. Gördük ki, Qorgud ağac olub. Ruslan yavaşca qulağıma əyilib dedi ki, "Keşke mən də səhnədə olaydım, Qorqud ağaca dırmanmağa çalışaydım, o da indi verdiyi reaksiyanı verə idi, həzz alaydım"...
Qorqudun reaksiyaları emosional yaddaşdan çıxıb hayqırırdı. Ağac Qorqudun hayqırışı o qədər canlı, o qədər təbii idi ki, yerimdə qımışıb, dedim:
- Bu adam zır dəlidir.
Yaxşı xatırlayıram, Xuan Rulfonun "Luvina" hekayəsini ilk dəfə oxuduğumda, bilgisayarın monitoruna ləzzətli bir yumruq ilişdirib qışqırmışdım:
- Q..bə, adam belə yazar?
Qorqudu hər dəfə səhnədə gördüyümdə, onu necə söydüyümü xatırlamıram. Fəqət xatırladığım bir şey var - Qorqud təkcə yaxşı müşahidəçi deyil, içindəki görməkinolenti qeyri-adi kadırlarla dolu olan bir makinadır. Qorqud avtomatlaşdırılmış, təyin olunmuş, hardan gəlib, hara gedəcəyini bilən aktyorlardan deyil. O səhnədə sonra nə baş verəcəyini düşünmək belə istəmir. O istənilən situatsiyaya, istənilən konfliktə, istənilən improvizasiyaya hər zaman qeyri-şüurlu şəkildə hazır olur. Çünki o, aktyor yox, yaşama sənətini dərindən hiss edə bilən maşındır. Bilmədiyimiz bir güc tərəfindən proqramlanmış, yaradılmış bir maşın...
Yaşama sənətində belə bir müdhiş fikir var - "Bu aktyorun gözləri işləyir".
Mən hər dəfə Qorqudun gözlərinə baxanda fikirləşirdim ki, bu qədər niyə və necələrlə dolu sualların altından çıxacaq qəflətlər, hazırlıqlı tamaşaçıda dəhşətli həyəcan yaratmaq iqtidarındadır. Bu elə bir şeydir ki, bir anda varlıqla yoxluq arasında qalıb düşünürsən - Görəsən doğrudan belədir?
Öz təcrübəmdən bilirəm. Tamaşaların birində ürəktutmasından ölməli idim. Fəqət, ölüm anına qədər ölməyim gəlmirdi ki, gəlmirdi. Qəfil ağlıma dəli bir fikir gəldi - Ölməyim gəlmirsə, o zaman mən özümü öldürüm.
Tamaşanın sonluğunda, ölüm anımda qeyri - ixtiyari əlimi qalstukuma atdım, qalstukumla özümü boğmağa başladım. Qalstuku o qədər sıxdım ki, boğuldum, gözlərim qaraldı və mən yerə sərildim. Boğulduğuma görə, yerdə titrəyə-titrəyə "öldüm".
Əsl aktyor səhnədə öz şəxsiyyətini öldürüb, reankarnasiya yaşayaraq başqasına çevriləndir. Mən Qorqudda dəfələrlə bunun şahidi olmuşam. Qorqudda bunun da şahidi olmuşam ki, onun plastikası Əlisəmid Kür poeziyasıdır. Bir də görürdün ki, Qorqudun titrək əlləri mənim qədim dostum Əlisəmidin titrək misralarına bənzəyir. Bir də görürdün ki, Qorqudun səhnədə ipə-sapa yatmazlığı Əlisəmidin çılğınlığıdır. Qorqudda çox şey var atası Əlisəmiddən.
Fəqət mənim Qorqudda müşahidə etdiyim ən müdhiş şey, Qorqudun səhnədə yaratdığı şok effektli cərəyandır. Qorqud bu hadisəni hər dəfə gerçəkləşdirdiyində ya tamaşıçıların sinirləri tarıma çəkilir, ya da tamaşaçılarda şüuraltı dirilmə hadisəsini canlandırır.
Yaxşı xatırlayıram. Qorqudun bir tamaşasında, arxa sırada oturan bir xanım pıçıltı ilə demişdi - "Bu oğlan rolun içinə çox girib".
Xatırladıqlarımı yazdım fəqət heç bir zaman xatırlamaq istəmədiyim şeylər də var - Sənəti özündən yüksəkdə tutan Qorqud kimi, mənim kimi şəxslərin öz içindən çöllərə sürgün edilməsi. Və ya, mütiləşə bilmədiyimiz üçün öz içimizə çəkilməyimiz...
Və beləcə, yüz Forum bir yalanın aynasıdır, gerçək aşiqlərə...