
Cavanşir Yusifli. Ağ lələklər...
- 27.02.2020
- 0 Şərh
- 6744 Baxış
Dünya
şeirinin inkişafında əhəmiyyətli addım sayılan Şarl Bodlerin bəzi mətnlərində
lallıq, belə demək olarsa, bir növ ifadə vasitəsinə çevrilib. Bəzi ciddi məqamlara
görə onun şeirlərini hansısa dilə çevirmək çətindir, yaxud qeyri-mümkündür,
çünki məhz bu nümunədə tərcümə şeiri təhrif edir, əksər hallarda lallıq səs və
ya olmazın küy şəklində "çıxır". Şarl Bodler fransız poeziyasında
"sınma məqamını" əks etdirdiyindən tərcümədən çox, şərh tələb edir.
Baxın:
Mən gözələm,
ey öləri məxluqlar! Bir daşın yuxusu kimi,
Və sinəmin
üstündə nə vardısa çalın-çarpaz qançırdır.
(Bu ona
görə edilib ki,) şairin qəlbinə eşq dolsun
Varlıq
kimi əbədi və lal.
Sonra:
Mavi
taxtda oturmuşam, tanınmayan sfinks kimi;
Qarın qəlbini
qu balasının ağlığıynan birləşdirirəm
Cığırların
səmtini dəyişən hərəkətə nifrət edirəm,
Və heç
zaman ağlamıram, heç zaman gülmürəm də.
Yəni,
gözəllik təkcə kiminsə qaşında, gözündə, sifətində... yox, daha çox görünməyən,
əbədi və lal nəsnələrdədir. Belə bir effekt vaxtaşırı olaraq mətnin qəlbində
"oyanıb, yuxuya getmək" kimi (yaxud, əksinə) görsənir. Məhz bunun sayəsində
mətnin içindəki hərəkət (... mən cığırların səmtini dəyişən hərəkətə nifrət
edirəm) qalxıb-enmə tərzini bildirir və forma da buna uyğun şəkildə biçimlənir.
Formanın bu tərzdə biçimlənməsi məna yaratma prosesini tənzimləyir, bədii mətn
həmin dildə yazılan bütün şeirlərin əvvəlindən sonuna kimi səyahət edir, eyni qəliblərdən
istifadə səthdən mətnin dərinliyinə çəkliən yolu aydın göstərir.
Baxın:
Bu
vüsalə yuxu əhvali demək mümkün idi,
Əgər
olsaydı yuxu dideyi-giryanimizə.
Yaxud
Qurbani,
qəmlənmə, kərəm-kanı var,
Ədalət
hakimin haqq divanı var,
Bu çərxi-fələyin
nərdivanı var,
Düşən
ağlayarmış, qalxan gülərmiş...
Yəni,
elə hislər, onların ifadəsində elə məqamlar var, yalnız yazıda adekvat verilə
bilər, eləsi də var, yalnız danışmaqla "axırına çıxılır", məncə, orta
əsrlərdə mətinin formaya oturmasında (həm də ideyanın-!) bunların hər ikisindən
istifadə edilib, daha çox - ürəyində danışaraq yazmaq, lələklə... Yazı vasitəsi
- lələk bu mənada sehrli çubuqdan çox-çox əvvəl düşünülüb, amma hər sehr
zamanla adiləşir, qopuz, saz...bu adiliyi aradan qaldırmaq üçün yaranıb, sonra
onlar da, daha sonra qələmlər... hər şey adiləşib, yalnız mətn olduğu kimi
qalıb, bütün sehrləri susdurmağıynan, bu mənada yazının "sonu" elə bu
məntiqlə lallığa doğru gedir...
"Ədəbiyyat
qəzeti”