Cavanşir Yusifli. Ataqam: Dərvişin nağılı
Tənqid
- 25.09.2019
- 0 Şərh
- 7033 Baxış
Bəzən bir hekayə bizim gözləntisində olduğumuz nəyisə anlatmır, yəni təhkiyə strategiyasında belə bir ayrıntı ola bilər ki, nağılçı bizi sözlə, şirin vədlə aldadıb nəyəsə sürükləyər, ancaq sonda ortaya başqa mətləblərin çıxmasının şahidi olarıq. Bu təhkiyə strategiyasında "aldatma" əsas etibarı ilə mətnə bir neçə hadisənin müxtəlif yönlərdən, ya da artıq nəql edilən hadisələrə əkslik təşkil edən başqa sərgüzəştlərin qoşulması və ya daxil olması ilə baş tuta bilər. Ataqamın vaxtilə "Ədəbiyyat qəzeti"ndə çap edilmiş "Nanəli konfet" hekayəsində olduğu kimi. Hekayənin ilk abzası məsələnin nədən qaynaqlandığını açıq şəkildə nəzərə çarpdırır: "Düşərgə yoluna burulub bir anlıq ayaq saxladım. Gördüyüm mənzərəni canıma hopdurmaq istəyirdim: yan-yörəsi nimdaş çadırlar, süzülmüş palazlar, rəngi qaçmış cığırçalarla örtülmüş, müsəlman qəbiristanlığının başdaşıları kimi səliqəsiz sıralanmış saysız alaçıqlar, əllərində plastik vedrələr su maşınının yanına düzülüb növbəsini gözləyən qız-gəlinlər, dəlmə-deşiyindən gün şüaları süzülən talvarın altında dinməz, əlləri qoynunda, boynubükük durmuş kişilər...".
Göründüyü kimi, mənzərə statikdir, bu tabloda heç nə tərpənmir, hərəkətsizdir, yəni hekayənin ekspozisiya hissəsi böyük bir mətləbin donuq formasını təqdim edir, təhkiyə boyunca bu donuqluq hissə-hissə açılır və kənardan mətləbə qoşulan sərgüzəştlər təhkiyənin əsas xəttini pozmasa da, onun içində bayaqkı donuqluğa tərs mütənasib olan güclü dinamika yaradır. Süjet poetikasındakı bu dinamik "çırpıntı" həyatın, hər halda qaçqın həyatının ritmini qənirsiz şəkildə rəsm edir, arada dialekt sözlərin yerli-yataqlı işlədilməsi mənzərənin rəsmində lakonikliyin zirvə məqamına yetişir.
Hekayədəki əsas hadisə, Osman dayının başına gələnlər və bir uşağın nanəli konfet xətrinə onunla "dostluğu" və bütün bunların fonunda kənddə baş vermiş, hər kəsin yaddaşının dibinə çökən kədərli olaylar birdən-birə bizə bu qədər qüssəli və darıxdırıcı həyatdan başımızı qaldırıb üfüqlərə baxmağı təlqin edir: günəş çıxıb, buludlar ağ kəlağayıya bənzəyir, səhər mehi elə eymənə-eymənə gəlir ki, sanki kiminsə yarasına toxunub da keçəcək...
Kənddə adamlar xasiyyət və durumlarına görə tanınırlar, ancaq orada adları, ayamaları böyüklər yox, uşaqlar qoyurlar, çünki məhz onların gözü və ruhu bu kimi şeyləri daha tez qavrayır, ümumi həyat sirrini uşaqlar qədər fəhm edən (həm də mənasını bilmədən-!) kimsə yoxdu, deyir, "bu kənddə uşaqlar qaramanlı Osman kimi şirindil kişilərə "dayı", Quşdan Məhərrəm kimi, nə bilim, Sərəncamın əri Abdal Əvəz kimi acıdil, əzazil kişilərə "əmi" deyirdi. Niyəsini bilmirdik, elə eşitmişdik, elə də deyirdik".
Məlum hadisə nəticəsində başı qaçmış Osman dayının nağıllara marağı təsadüfi deyil, çünki sevgilisini itirdikdən sonra onun yeganə əlacı bu sevgini nəyin bahasına olursa-olsun, yaşatmaq, onu getdiyi heç yerdə tək qoymamaqdı. Hansısa dağ kəndinə gedir. Dağlara qalxır, məqsədi şübhəsiz ki, zirvələr fəth etmək deyil, o, qəlbi yerdə daşlardan insan yapır, ən yuxarıda qoyduğu daşı Bəsirinən üzü bilib oxşayır, saçlarını tumarlayır. Hətta uşaqlarla danışanda belə, sözü keçsin deyə, Bəsirənin canına and içir və sair. Onunla həmsöhbət olan uşağın qucağında bir yığın kitab görəndə onu saxlayır, kitablarda nə deyildiyini soruşur. Bir nağıl kitabı, bir də əfsanə. Osman dayı soruşanda ki, əfasənə nədir, uşaq "yalançı nağıl" cavabını verir. Bu məqamla (əfsanənin "yalançı nağıl " olması) Osman dayının dağ zirvəsində Bəsirənin heykəlini yapması (yəni real sevgi unuduldu, məhv oldu, indi onun "saf toxumunu - çəyirdəyini" qorumaq lazımdır) arasında incə mətnaltı əlaqə mövcuddur. Bəs uşağın Osman dayıya nağılladığı yalançı nağılda - "Dərvişin nağılında" nə var? Dərviş bir az da elə Osman dayıya oxşayır, uşaqları sevir, qəribə hərəkətləri var, bəzən danışmaq lazım olanda susduqca susur ki, bu susqunluq mətni insanlara daha çox sözlər desin. Ancaq insanlar təmkinli deyil, onu daşqalaq edirlər (necə ki, vaxtilə dediyi sözü anlamadıqlarına görə İbn Ərəbini daşqalaq etmişdilər), döyüb, söyür, kənddən qovurlar, ancaq dərvişin "sükutu" sınmır, davam edir (eynən Osman dayının da sevgisi ürəyinin ən dərin guşəsində diridir, canlıdır, əks halda, onun ağlı başına gələr, dünyanın çox iyrənc mənzərəsini gərərdi-!), gedəndə kənddə hər qapının altına bir gil lövhə qoyur. "Əfsanənin sonluğunu - camaatın dərvişi döydüyü yeri oxuyanda Osman dayının gözü doldu. Abzası mənə bir neçə dəfə oxutdurdu, tam yadında qalana qədər dilinin altında təkrarladı: "Dərviş hər qapıya bir gil lövhə qoyub yoxa çıxmışdı. Lövhədə bunlar yazılmışdı: Vaxt gələcək, sizin uşaqlarınıza kimlərsə ürəyini bağışlayacaq. Balalarınızı indidən vərdiş elətdirin ki, o vaxt ehtiyatlı davransınlar, dünyanın ən tez sınan, həssas oyuncağını - ürəyi sındırmasınlar".
Dərvişdən fərqli olaraq Osman dayının əlində belə bir vasitə yoxdu, onun sirləri, dünyadan bu qaçmış ağlıyla bildikləri gizli, qapalı qalır. Ancaq uşağın üçüncü kitabı onun köməyinə çatır. Şeir. İskəndərin buynuzu var, buynuzu!
Osman dayının ürəyinə yağ kimi yayılan bu nağıllar onun haçansa sınmış, çilik-çilik olmuş ömür mətninə qoşulub onun itmiş mənalarını üzə çıxardır, gözləri ilə dünyaya, artıq baxmaqdan yağır olmuş mənzərələri başqa nəfəslə görür, ancaq arada maneə var, onun qəlbən inandığı uşaqlar böyüməli, onun özü yaşlanmalı, həyatsa qəbiristanlıqda başdaşına dəyib dayanmalıdır. Ancaq uşaq yaddaşı, insanın uşaq ikən yaddaşına hopdurduğu şəkillər solmur, solğun fonda görünsələr də, daim insan taleyini müşayiət edir. Osman dayının cibindəki nanəli konfetlər nağıllar bitənə qədər qurtarmaz, kimisə sevindirər, şövqünü artırar, uşaq böyüyüb ixtiyar kişi olsa da, o dad damağından getməz. Həyatda bir məqam var başına gələsi, elə Osman dayının başına gələn hadisə, vaqeə kimi. "...Osman dayı ilə bağlı belə bir pıçı eşitmişdim: Deyirdilər ki, mayın ortasından düz sentyabrın axırına qədər bazar günləri kəhrizə kişi xeylağı getməzmiş, çünki qız-gəlinlər yay odunu canlarından çıxarmaq üçün lütlənib kəhrizdə çimərmişlər. İyirmi beş il qabaq - Osmanla Səməndər onbeşlərinin içində olanda ikisi də Qırmızısaqqal Hətəmin nəvəsi Bəsirəni istəyirmişlər. Bəsirənin meyli Səməndərə imiş. Bir gün Osman xəlvətcə Cin Süleymanın kəhrizin dibindəki bağında ağaca çıxıb Bəsirənin çimməsinə baxıbmış. Ertəsi gün Osman Bəsirə ilə qarşılaşanda belə deyibmiş: "Sağ döşündəki qoşa xala canım qurban, mələyim!".
Bəsirə məsələni başa düşər, Səməndərə deyər, Səməndər də əmisi uşaqları ilə Osmanı təklikdə tutub dartıb kəhrizə aparar, başını kəhrizin nəm daşlarına döyərlər. O vaxtdan Osmanın başı qaçar. Qız-gəlin də elə o vaxtdan kəhrizdə çimməyi tərgidər.
Deyirlər, nə Bəsirənin, nə də Səməndərin taleyi gətirər. Bəsirəni kəndə biçinə gələn kombaynçı ilə saman tayasında eşdikləri kalafada çılpaq tutarlar. Səməndər kombaynçının qarnını yaba ilə deşər, gedib girər qazamata, vərəmləyib iki ildən sonra elə orda ölər. Bəsirə dədəsi evinə qayıdar, evdən çölə yarasa kimi, ancaq gecələr çıxar".
Bu hadisədən sonra tale dəyişir, bir sözün ucbatından hər şeyini itirmiş insanı nağıllar ovudar, dağın zirvəsində daşdan yapdığı heykəl - gözəl, qənirsiz sevgi abidəsi ovudar. Bu mənada hekayə mətnini bürüyən "sehrli, mətnaltı işarələr"in analiz edilməsi lazımdır. Epizodların birində uşaq kiminsə toy məclisində Osman dayını ağaca söykənmiş laübalı vəziyyətdə görür. Çox xoşladığı, içində özünü ona (nağıl, şeir mətnindəki tale şırımına-!) tay tutduğu parçanı dedizdirmək üçün uşağın hansısa qəlbi bir yerə çıxıb o parçanı əzbər deməsini istəyir. Uşaq tərəddüd etsə də, başqa çıxış yolu qalmır. Ancaq bu epizod, yəni səs-küyün içində uşaqla Osman dayının ətrafdan bir nağıl parçasının həniri içində hər şeydən təcrid olunmaları kənddə, insanların içində adi gözlə görünməyən, adi insanın hiss edə bilmədiyi bir "küləyin" əsdiyindən xəbər verir. Osman dayı artıq məlum hadisə nəticəsində adi insan "sərhədini" aşıb keçib, o bu dünyaya uşağın gözü ilə, həm də onun dilindən məsumluqla deyilən parçalardan baxır. Heç kəs bilmir ki, bu vəziyyətdə o, içindən göynədikcə göynəyir, ancaq bu göynərtinin hardan gəldiyini heç cürə kəsdirə bilmir.
Bu da var: "...Hə, yalan-gerçək, bunu da danışırdılar ki, o əhvalatın üstündən illər keçəndən sonra, guya, Osman alverə getdiyi dağ kəndlərinin birindəki zirvədə sal daşları üst-üstə qalaqlayıb qız düzəldib, daşları xınalayıb-gülxətmiləyib, başdakı daşa Bəsirənin yaylığına oxşar yaylıq bağlayıb daş sevgilisinin başına dolana-dolana üz-gözündən öpürmüş".
Nağılın bitdiyi yerdə həyat da bitir, sönür, adi bir şeyə çevrilir.
Hekayənin sonunda uşaq artıq böyüyüb, Osman dayı isə ixtiyarlaşıb, dişləri tökülüb, tanıma qabiliyyəti, elə yaddaşı da korşalıb. Onu yalnız bəzi, çox önəmli işarələr yerindən oynada, dirildib keçmiş həyata qaytara bilər. Yaşlaşmış uşaq Osman dayının qarşısında daşları üst-üstə yığıb üstünə çıxır ki, onu tanısın. Tanıyır da, ancaq, Osman dayı nə illah eləsə də, cibindən nanəli konfetləri tapıb çıxara bilmir.
Demək, hər kəsin qəlbən inandığı bir nağıl var, onun sonuna qədər gəlməlisən və... nağılın bitdiyi yerdə həyat da bitir, sönür, adi bir şeyə çevrilir.
"Ədəbiyyat qəzeti”