Cəfər Cabbarlı. Tərcümə məsələsinə əhəmiyyət verilməlidir

Cəfər Cabbarlı. Tərcümə məsələsinə əhəmiyyət verilməlidir

Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir məsələ də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.

 

Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.

 

Yenə yarın ikinci kitab üzərində bu əməliyyat yapılıyor. Məsələni, nədənsə, kimsə əsas bir şəkildə araya sürməyir. Halbuki bu, o qədər də səthi keçiriləcək bir məsələ deyildir.

 

Bu gün Azərbaycanda bir çox ədəbi, ictimai, siyasi, elmi, fənni və sair kitablar tərcümə ediliyor. Bu kitablardan yalnız Azərbaycanda deyil, bəlkə, bütün türk ölkələrində istifadə ediliyor. Minlərlə paralar sərf ediliyor, nəticədə də tərcümənin yaramazlığı üzərə, yenə kitab atılmaqdan başqa bir şeyə yaramıyor. Təbii, bu hər kəsi düşündürməyə layiq bir məsələdir. Volfsonun kitabı tərcümə edildi, bu gün kimsə istifadə edəmiyor. Daha bir çox kitablar göstərilə bilər ki, alanlar yersiz para itirməkdən başqa bir şeyi qazanmamışlardır. Təkrar tərcümə ediliyor, o da əvvəlkindən irəli gələmiyor.

 

Burada əsas təqsir kimdədir? Bizcə, təqsir müştərəkdir. Onun bir qismi tərcüməçilərdə, bir qismi Maarifçilər ittifaqında və ən böyük bir qismi də nəşriyyat idarələrindədir.

 

Əvvəla, tərcüməçilərimizdən kimsə öz qüvvətiylə, biliyiylə, bacarığı ilə, ixtisası ilə hesablaşmaq istəmiyor. Azacıq rusca, ya başqa bir dil bildisə, ilk təklif edilən kitabı alıb tərcüməyə girişiyorlar. Halbuki məsələ ruscadan bir kitabı tərcümə edə bilmək üçün yalnız rusca bilmək kafi deyildir. Bir də kitabın bəhs etdiyi məsələyi ətraflıca bilmək və bu məsələ ilə mükəmməl tanış olmaq, daha doğrusu, o dairədə bir mütəxəssis olmaq lazımdır. Bizdə isə böylə deyildir.

 

Çox vaxt bir söz başqa-başqa elmlərdə bir istilah olmaq üzrə, başqa-başqa mənalar ifadə ediyor. Buna görə də tərcüməçi tanış olmadığı bir məsələdən tərcümə etdikdə çox vaxt istilahları qatışdırıyor.

 

Bundan başqa, bəzi tərcüməçilər də vardır ki, özləri qüvvəli olsalar da, ancaq tez para almaq üçün çalışıyor, tərcümələri başdansovma eyləyib üzərlərində olan məsuliyyəti düşünmək istəmiyorlar.

 

Nəşriyyat idarələrinə gəlincə, bunlar da bir dəfə tərcümə üçün çağırdıqları adamların qüvvəsini, biliyini, ixtisasını, bacarığını bilmədən tərcümənin ucuzluğu ardınca qaçıb, hər bir kitabı onlara veriyor və nəticədə də kitabların yaramazlığı kimi ağır bir vəziyyət qarşısında qalmış oluyorlar. Hətta çox vaxt mətbuatda tərcüməsinin yaramazlığı qeyd edilən adamlara təkrar tərcümə veriliyor və yenə də əvvəlki vəziyyət meydana çıxıyor. Maarifçilər ittifaqı haqqında orası qeyd olunmalıdır ki, bu vaxta qədər İttifaq öz üzvü olan tərcüməçilərin maddi və mənəvi vəziyyətlərini qəti bir surətdə müəyyən edib, düzgün bir çərçivə içərisinə almamışdır. Onların ixtisasını və ixtisaslarına görə ala biləcəkləri əməkhaqqı məsələsini düzgün bir yola salmamışdır. Bizcə, artıq bu hala bir son qoyulmalıdır.

 

Gələcəkdə çəkilən əməklərin, sərf edilən paraların yersiz itməməsi üçün, hər şeydən əvvəl, Maarif işçiləri ittifaqı tərcüməçilik adı almaq istəyən adamların gərək ixtisasını, gərəksə biliyini və tərcüməçilikdə bacarığını aydınlaşdırmalı və tərcüməçiliyə qəbul ediləcək adamlar üçün müəyyən dərəcələr təyin etməlidir.

 

Bunun üçün tərcüməçilər siyahıya alınıb imtahan edilməlidirlər. Və nə kimi tərcümələri bacarmaları haqqında əllərinə vəsiqə verilməlidir.

 

Bu xüsusda Maarifçilər ittifaqı tərəfindən aradabir təşəbbüs edilmiş, hətta müəyyən bir komisyon düzəlmişsə də, mütəəssifanə, bu vaxta qədər bu komisyonun fəaliyyəti görülməmiş və işlərindən bir nəticə çıxmamışdır. Bildiyimizə görə, bu xüsusda tərcüməçilərə paylanan anketlər bu vaxta qədər İttifaqda yatıb qalmaqdadır. Halbuki bu məsələ mahudlar altında yatırılacaq bir məsələ deyildir.

 

Bu məsələyi maarif işçiləri qurultayı da müzakirə ilə öz qətnaməsində qeyd etmişdir. Nə olursa-olsun, bu məsələyə ciddiyyətlə girişilməli və tezliklə həyata keçirilməlidir.

 

Nəşriyyat idarələri əllərində böylə vəsiqələri olmayan adamlara tərcümə verməməlidir.

 

Bundan başqa, tərcüməçilərin "xaltura”sından yaxa qurtarmaq üçün hər bir əsər çıxan kimi qəzetə idarələrinə və mütəxəssislərə göndərilməli və kitab haqqında yazılan biblioqrafiyalara diqqət edilməlidir. Xaltura yapması görülən tərcüməçilərə, çox qüvvətli olsalar belə, bir daha tərcümə verilməməli və ya tərcümələrin sağlamlığını təmin edəcək şərtlər qoyulmalıdır.

 

Bundan başqa, yaxşı tərcüməçilərin əməkhaqqı da müəyyən bir nizama salınmalı, müqtədir tərcüməçilərin mütəxəssislər kimi əməkhaqqı ala bilməsi üçün çalışılmalıdır. Bunların hamısı ilə bərabər, bacarıqlı tərcüməçilər hazırlamağı da unutmamalıdır.      

 

 

 

                                                Cəfər Cabbarlı  

 

"Kommunist” qəzeti, 29 yanvar, 1926-cı il.