Dirijor Fuad İbrahimov:

Dirijor Fuad İbrahimov: "Orkestr musiqinin ruhudur" (MÜSAHİBƏ)

O, səhnəyə çıxmazdan əvvəl partituranı mütləq lap başdan axıra qədər vərəqləyir, sonra dua edərək orkestrantların hamısına fikrən uğur, güc və ilham diləyir.

Həmsöhbətimiz Azərbaycanın Əməkdar artisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Bakı Kamera Orkestrinin "Neue Philharmonie München”in (Yeni Münxen Filarmoniyası) musiqi rəhbəri və baş dirijoru Fuad İbrahimovdur.

 

- Fuad müəllim, dirijorun ən dəhşətli gecə kabusu nədir?

- Bir dəfə belə kabus görmüşəm... Yuxuda görmüşdüm ki, çox uğursuz məşq zamanı orkestr lazımi enerji olmadığından səs-küy salır. Bu, həqiqətən də orkestri narahat edir. Deməli, hamı səs-küy salır və mən heç nə edə bilmirəm. Bu, dəhşətli yuxu idi.

- Yaxşı, yuxudan yox, reallıqdan danışaq. Musiqiçi ailəsindən gəlirsiniz, ancaq musiqi ilə öz təşəbbüsünüzlə məşğul olmağa başladınız. Bunun səbəbi nədir?

- Təəssüf ki, müharibə səbəbindən belə oldu (Fuad İbrahimov Şuşada anadan olub – red.). Böyüklərin buna vaxtı yox idi, başa düşürsünüz. Çətin vaxtlar idi. Belə bir mühitdə məni musiqi məktəbinə göndərmək heç kimin ağlına da gəlməzdi. Amma elə oldu ki, Şuşada, getdiyim ilk məktəbdə Bakıdan müəllimlər gəlib bizi müxtəlif musiqi alətləri ilə tanış etdilər. Mən də skripka ilə maraqlandım. Ailəmizdə skripka ifaçısı olmayıb və mən bu aləti Şuşada görməmişdim.

 

 

- Məhz bu alətə həvəs göstərdiyiniz məqamı xatırlayırsınız?


- Mənə elə gəldi ki, çox gözəl oyuncaqdır. Onu necə yığıb sökəcəyimi təsəvvür etdim. Əlimi qaldırıb skripka çalmaq istədiyimi dedim. Evə gəldim və orada da dedim ki, skripka ilə məşğul olmaq istəyirəm. Ailəm təəccübləndi. İstəmədikləri üçün deyil, sadəcə onlar üçün gözlənilməz oldu. Bir müddət sonra görkəmli Azərbaycan bəstəkarı, dirijoru, müəllimi, musiqi və ictimai xadim Süleyman Ələsgərov mənə skripka bağışladı. Beləcə musiqi ilə məşğul olmağa başladım. Amma bu xoşbəxtlik uzun sürmədi, çünki vəziyyət gərginləşdi. Bizi Şuşadan təxliyə etdilər. Skripkam isə, təəssüf ki, Şuşada qaldı... Elı alındı ki, musiqidən uzaqlaşdım. Ancaq sırf fiziki olaraq. Arzu, çox böyük, güclü istək qaldı. Uzun səfərlərdən sonra Bakıya gələndə, nəhayət, anam gördü ki, mən ya stolun üstündə, ya da tavalarla – mümkün olan hər vasitə ilə musiqi ifa etməyə çalışıram. Təbii ki, burada indi də çox sevdiyim və hörmət etdiyim Tofiq Aslanovun xidmətlərini etiraf etməliyik. O, mənim müəllimim idi. Musiqi alətində nəyisə çalmağa çalışarkən bunu ilk dəfə dinlədi və sonra anama dedi ki, mən mütləq musiqi ilə məşğul olmalıyam və onun özü buna nəzarət edəcək. Beləliklə, 12 yaşımda musiqiyə gəldim.

- Siz artıq 15 yaşında Dövlət Simfonik Orkestrinə, alt ifaçıları qrupuna qəbul olundunuz. Bir növ fantastik hekayə ortaya çıxır ...


- Bu, həqiqətən heyrətamiz hekayədir. Nədənsə buna əhəmiyyət vermədim, amma son illərdə bu barədə düşünməyə başladım. Bu necə oldu? Mən 12 yaşımda məşğul olmağa başladım və artıq 15 yaşımda orkestrdə ifa edirdim! Burada mənə inanan şəxsi – konservatoriya nəzdində fəaliyyət göstərən məktəb-studiyanın direktoru Tərlan Seyidovu qeyd etməliyəm. Məni başqa məktəblərə qəbul etmədilər. O, 12 yaşımda məni 7-ci sinfə qəbul etdi. Konkret proqram hazırlamalı idim. Artıq adını çəkdiyim Tofiq Aslanovun tapşırığı ilə müəllim Lalə Həsənova mənimlə bir il ərzində işlədi. Təəssüf ki, o, Bakıdan getdi... Bəlkə nə vaxtsa bu müsahibəni oxuyub minnətdarlığımı eşidər, çünki onun əməyi və dəstəyi olmasaydı, yəqin ki, bu qədər tez hazırlaşa bilməzdim. Onu da qeyd edim ki, məktəb-studiyaya daxil olandan sonra müəllimlər Lalə Hüseynova və Rəşid Seyidzadədən dərs aldım, onlar da çox zəhmət çəkdilər, bu prosesə böyük əmək sərf etdilər.

- Qısa müddətdə belə heyrətamiz nəticələr əldə etməyiniz hansı amillə bağlıdır?


- Düşünürəm ki, bu, alın yazısı idi. Mənim kim olacağımı müəyyən edən Uca Yaradandır. Təbii ki, səy göstərmədən bunu etmək mümkün deyil. Amma qarşımda həmişə yollar açılır və bu günədək həyatımda belə möcüzələr çox olub. Mənə çoxlu dəstək göstərildi. Məsələn, 2002-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Almaniyaya təhsil almağa getdim. Almaniyada həmin təhsil olmasaydı, mən indiki kimi ola bilməzdim. Yeri gəlmişkən, burada Rostropoviçin də böyük rolu olub. O, mənim ifamı dinlədikdən sonra hamını məni dəstəkləməyə ruhlandırdı.


- Yeri gəlmişkən, Almaniyada viola ifaçısı kimi təhsilinizi davam etdirmisiniz. Amma sonra Dirijorluq fakültəsinə keçdiniz. Bu qərar nə ilə əlaqədar idi?


- Çünki mən hələ Dövlət Simfonik Orkestrinin alt ifaçısı olarkən maestromuza, professor, böyük dirijor, Azərbaycanın Xalq artisti, ölkəmizin müasir musiqi mədəniyyətinin ən parlaq nümayəndələrindən biri Rauf Abdullayevə baxaraq bu peşəyə aşiq olmuşam. Mən ona belə baxırdım (göstərir). Qabaq sırada otururdum. Orada işləməyə başlayandan bir il sonra məni ilk idarəetmə panelinə keçirdi. Mən isə ona aşağıdan yuxarıya baxıb bu peşəyə aşiq oldum. Demək olar ki, özümü onun əlləri altında hiss etdim. Bütün bunlar məndə böyük təəssürat yaratdı. Xüsusən də onun xarakteri, musiqiyə münasibəti. Bu peşənin nəyi tələb etdiyini özüm üçün müəyyənləşdirdim və bu istək mənim ruhumda yaşadı. Amma uzun müddət qərar verə bilmədim, çünki bunun çox çətin, olduqca məsuliyyətli olduğunu başa düşürdüm. Beləcə davam edirdi, amma nəhayət, 2006-cı ildə qərarımı verdim.

- Qərar verməkdə sizə nə kömək etdi?


- Kölndə məktəbi viola ifaçısı kimi bitirmişəm. Xatırlayıram: imtahandan sonra durub düşünürdüm – bundan sonra nə edəcəyəm? Bəli, mən orkestrdə skripkaçı kimi işə düzələ bilərəm, amma bunu istəyirəm? Başa düşdüm ki, orkestri sevsəm də, bunu istəmirəm. Amma idarə etmək istəyirəm. O vaxt artıq 10 il idi ki, bu barədə xəyal qururdum. Qərara gəldim ki, uğur qazanacağıma inanmasam da, özümü bu işdə sınamalıyam. Gələcək dirijorluq müəllimim isə bunu etməli olduğumu mənə aydın şəkildə bildirdi.


- Musiqi ilə bağlı olmayan başqa bir istəyiniz də var idi - pilot olmaq. Bu istək haradan gəlirdi?


- Məncə bunun Şuşa ilə əlaqəsi var. Sülh dövründə də vertolyotlar çox tez-tez oraya uçurdu və bu, məni sevindirirdi. Hər fürsətdə uşaqlarla bilikdə qaçaraq onlara baxırdıq. Artıq daha yetkin bir yaşda, hətta uçmaq deyil, buna hazırlaşmaq prosesinə heyran olmağa başladım.


- Amma bu, dirijorluğa da çox bənzəyir...


- Tamamilə doğrudur. Ancaq müəyyən bir fərq var. Dirijorluqda, ilk növbədə, emosiyalar mühümdür. Əlbəttə, biliklər də! Amma emosiyalar daha önəmlidir. Fəqət aviasiyada onlar ön planda ola bilməz. Orada rasional düşünüb cəld və düzgün qərarlar qəbul etməlisən. Bundan əlavə, pilotluğun çoxşaxəli aspekti var ki, mən bundan çox zövq alıram.


- Qayıdaq sizin peşənizə. 2014-cü ildən çox gənc ikən çalışdığınız Dövlət Simfonik Orkestrinin dirijoru oldunuz. Orada dirijor kimi çalışmaq sizin üçün necə idi?


- Rahat keçid oldu. Artıq 2007-ci ildə mən maestrodan (Rauf Abdullayev – red.) və Filarmoniyanın direktoru Murad Adıgözəlzadədən Bakıya gəlib Dövlət Simfonik Orkestri ilə konsert vermək üçün dəvət almışdım. O vaxt mənim üçün çox çətin idi: narahat idim, birlikdə işlədiyim bu insanların qarşısında dayanaraq onlara nəyi və necə edəcəyimi söyləməyi belə təsəvvür edə bilmirdim. Nədənsə başımı qaldıra bilmədim. Amma digər tərəfdən də başa düşürdüm ki, hamı bu prosesdən keçir və hər şeyin düzələcəyinə ümid edirdim. Əslində, belə də oldu. Baxmayaraq ki, bu gün həmin məşqləri xatırlayanda bir az narahat oluram (Gülür). Başa düşürdüm ki, gəncəm, emosional davranıram, çox canlı məşq edirəm və hekayələr danışıram. Ancaq heç kim bunun pis olduğuna dair hər hansı bir işarə vermədi. Həmin konsert o vaxt Fuad üçün uğurlu oldu. Beləliklə, hər il, ən azı ildə bir dəfə bura gəlməyə başladım. Yəni, 2014-cü ildə gəlib burada maestro Rauf Abdullayevin yanında ikinci dirijor kimi işləməyə başlayanda artıq buna hazır idim. Hər şey təbii şəkildə alındı.


- Şuşada keçirilən "Xarıbülbül” festivalında iştirak edəndə hansı hissləri keçirdiniz?


- O vaxtadək nə qədər konsertim olmuşdu! 2021-ci il idi. Bütün dünyada, bütün qitələrdə konsertlərim olub. Amma mən çox narahat idim! Bu, qorxu deyil, həm xoşbəxtlikdən, həm də intizardan narahat olanda yaranan qəribə, anlaşılmaz bir hiss idi. Uşaq kimi narahatsan. İçəridə hər şey bir-birinə qarışmışdı. Bunu sizə indi deyəndə də narahatam. Mən bunun bitməsini istəmirdim. Tamaşaçılar arasında Prezidentimiz və onun xanımı, tanınmış simalar, səhnədə simfonik orkestr, xor, biz isə Cıdır düzündəyik. Mən burada dayanıb öz növbəmi gözləyirəm və bu hisslərin bitməsini istəmirəm. Necə ki, ayağım bu torpaqdan qoparılandan illər sonra Şuşaya ilk dəfə gələndə hisslərin bitməsini istəmirdim. Bunu yetərincə dərk etmək və yalnız bundan sonra avtobusdan düşmək istəyirdim. Səhnəyə çıxmazdan əvvəl də eyni hisslər yaşadım. Xoşbəxtlik hissi məni bürüdü. Çünki bunu xəyal edirdim. Şuşa ilə bağlı o qədər röyalarım vardı və onlar o qədər canlı idi ki, bu yuxunu gördüyüm üçün sevinirdim və ya sadəcə yuxu olduğuna görə ağlayırdım. Beləliklə, orada olarkən özümü sanki nağıllar aləmindəki kimi hiss etdim.

- Dirijorun duyğuları orkestr üzvlərinə sirayət edirmi? Bəs həmin məqamda bunun baş verdiyini söyləmək olarmı?


- Onlar sirayət edir. Amma konkret həmin məqamdan bəhs etsək, hər kəsin o qədər duyğuları var idi ki!.. İnsanlar mənə baxıb dedilər: "Fuad, sən çox gülürsən! Biz sənin çöhrəndə bu qədər təbəssüm görməmişdik. Sən çox xoşbəxtsən! Bu, hamıya sirayət etdi. Təbii ki, dirijorun əhvali-ruhiyyəsi, hissləri orkestrə təsir edir.


- Orkestr sizin üçün nə deməkdir?


- Orkestr musiqinin ruhudur. Burada dəqiq əlaqələr qurmaq vacibdir ki, bu, düzgün nəticəyə gətirib çıxarsın. Düzgün nəticə notlarda yazılanları ifa etdirmək deyil, ürəklərə, hisslərə toxunanda əldə edilir.


- Bəs orkestr üçün dirijorun əhəmiyyəti nədir?


- Ümidvaram ki, orkestrin dirijoru musiqiçiləri bu və ya digər musiqini ifa etməyə ruhlandıran, onu hiss edərək bəstəkarın ideyasını çatdıran insandır.

- Fuad müəllim, söhbətimizin necə başladığını xatırlayırsınız? Dirijorun ən pis kabusunu soruşdum. Bəs dirijor üçün ən xoşbəxt reallıq nədir?


- Bu, o zaman baş verir ki, mən bir dirijor kimi musiqiçilərin məşqdən həzz aldığını, onlarda hansısa enerji yarandığını, musiqini hiss etdiyini görürəm. Orkestrin üzvləri bir daha anlayırlar ki, biz necə gözəl peşə ilə məşğuluq. Mənim üçün bundan yaxşı heç nə ola bilməz. Çoxları düşünə bilər ki, uğurlu konsert ən yaxşı uğurdur, amma mənim üçün elə deyil. Mənim üçün məşqlər daha önəmlidir. Mənim üçün ən yaxşısı musiqiçilərin hər məşqdən nəyisə əxz etməsidir.


- Həyat tarixinizi nəzərə alsaq, o vaxtlara qayıdıb şübhələnən, qorxan, çətin günlər keçirən o balaca Fuadı görə bilsəniz ona nə deyərdiniz?


- Möcüzələrə inan! Onda hər şey yaxşı olacaq. Dünya möcüzələrlə doludur. Etdiyiniz işləri israrla davam etdirin. Çalışqan və dürüst olun! Çünki hər şeyi yaxşı, düzgün və ürəkdən etsəniz, nəticə əldə etməmək mümkün deyil! Kimsə mənə həyatımın necə olacağını desəydi, gülərdim. Çünki o an bunu təsəvvür edə bilməzdim. İndi bir növ öz-özümə danışıram... Amma bütün gənc musiqiçilərə də bunu məsləhət görərdim.

 

 


AzərTAC