Ədəbiyyatın gənc dahisi – Conatan Safran Foer
Araşdırma
- 16.12.2018
- 0 Şərh
- 7533 Baxış
Ədəbiyyatla gənc yaşlarından məşğul olan Conatan Safran Foeri amerikalı yazar Coys Karol Oatsın zövqlü və zərif hədiyyələrindən hesab etmək olar. Yəqin ki, onu sıradan bir həkim və ya hüquqşünas olmaqdan yayındıra bildiyi üçün Karol minlərlə oxucunun təşəkkürünü qazanıb.
Müasir ingilis dilinin "oyunbaz”ı sayılan Conatan ilk romanı "Hər şey aydınlandı” ilə ("Everything is illuminated”) diqqətləri üzərinə çəkdi. Çox keçməmiş əksər tənqidçilər onu dilə "hörmətsiz” yanaşmaqda ittiham etdilər. Romanın baş qəhrəmanı ukraynalı Aleksi kəşf etmək istəyən ingilis oxucusu, onun ana dilini anlamaq üçün tərcüməçiyə ehtiyac duyur. Amma maraqlıdır ki, oxucular onun sözlər və mənalarla oynamasından narazı deyillər, əksinə yeni nəslin İtalo Kalvinosunun doğulmasından olduqca məmnundurlar.
Foer yazır: "Uiston Hyu Odenin sevdiyim bir sözü var: "Nə düşündüyümü görə bilmək üçün yazdıqlarımı oxuyuram”. Mən özümü genişləndirmək məqsədilə yazmıram, amma niyə yazdığımı izah etmək çətindir. Tələbələrimə həmişə bunu deyirəm, sözlərin sadəcə yaxşı romanlara ehtiyacı yoxdur, sözlərin daha yaxşı romanlara ehtiyacı var. Amma yazmağın bir ehtiyac olduğunu da inkar edə bilmərik. Bu, çətin peşədir, amma ədəbiyyatla məşğul olanın ehtiyacını tamamilə sığortlayır, yazıçını o ehtiyacdan qurtarır – kimisini maddi ehtiyacdan, kimisini yazmaq və anlaşılmaq ehtiyacından, kimisini də emosional bütövlük ehtiyacından. Ehtiyac ədəbiyyatın əsas şərtidir.”
Foer Amerika və dünya ədəbiyyatının tanınmış mükafatlarına münsiflik etmiş ədiblərin nəzərində "marketinqə hesablanmış ədəbiyyat”la məşğul olan müəllifdir. Əsərlərinin təqdim olunduğu bir çox nüfuzlu mükafatın son mərhələsində belə onun adının olmaması, əslində, ciddi məsələdir. Amma digər tərəfdən, onun əsərlərini əsla birillik ömrü olan, intim mövzular hesabına şöhrət qazanmış, yüngül sujetlərin qələmə alındığı bestsellerlər sırasına da qoymurlar. Başqa sözlə desək, hamı qəbul edir ki, Foer öz oxucularına "mən də bir dahinin, ədəbi ustanın doğuşunu yaşadım” dedirdə bilib. Bazarda özünə yer tapa biləcək mövzulara müraciət etməsi, marketinqə hesablanmış kitablar üzərində işləməsi onun yaradıcı qabiliyyətinə kölgə salmır. Foer ABŞ-da böyük maraqla qarşılanan və geniş müzakirələr dalğası yaradan romanlarında istifadə etdiyi axıcı dil, zəngin təsvirlər və yeni cığır açan ədəbi gedişləri ilə əsrin klassiki hesab olunur. Çünki o itkilərə, axtarışlara, insan münasibətlərinə, yalnızlığa, meqapolis yaşantılarına, əzaba və həvəsə, yaşadığımız şəhərlərin labirintlərinə, əsla ünvanına çatmayan məktublara, nağıllara, xəyala və gerçəyə, söylənməmiş və söylənə bilməmiş bütün sözlərə həsr etdiyi təsirli, əyləncəli, sürprizlərlə dolu, bir az da sehirli romanların müəllifidir.
Foerin ikinci romanı "Hədsiz səs-küylü və inanılmaz dərəcədə yaxın”ın ("Extremely loud and incredibly close”) reklam və təqdimatını öhdəsinə götürmüş "Nyu-York Tayms” son dövrlərin ən görkəmli tanıtım şüarı ilə müəllifin satış uğurunu 50% s ığortalayırdı: "Göz qamaşdıran fikirlərlə dolu, hər sətrindən intellekt fışqıran roman”.
Conatan Foer ünlü alman yazıçısı Günter Qrasın "Tənəkə təbili”-ndən, Pol Osterin "Ay sarayı”-ndan, İtalo Kalvinonun yaradıcılığındakı zəhlətökən, enerji əmən dinamizmdən izlər daşıyan bu romanında, insanın həyat və təcrübələrini ağılalmaz təsadüflər, dərin əzablar, nəhəng yalnızlıqlar, iç-içə keçmiş həyatlar və sərhədsiz həyat sevgisi fonunda qələmə alıb.
Yox, belə olmaz. Gəlin əvvəldən başlayaq.
Tanış olun, Conatan Safran Foer!
Conatan Safran Foer 1977-ci il, fevralın 21-də Vaşinqtonda dünyaya göz açıb. Şəhərin tanınmış hüquqşünaslarından "American Antitrust İnstitute”-nun prezidenti Albert Foer və polyak əsilli biznes-leydi "Sixth and I Historic Synagogue”-un direktoru Ester Safran Foerin ailəsində doğulmuş Conatan ailənin ikinci oğludur. Conatanın böyük qardaşı Coşua Foer frilans müxbir, kiçik qardaşı Franklin isə "The New Republic” qəzetinin siyasət və mədəniyyət redaktorudur. Özü belə yazır: "Ailəmiz kənardan həmişə "yazıb-oxuyan” kimi görünsə də, valideynlərimin kitablarla arası yaxşı deyildi. Biz də məktəb illərində kitabı əlindən yerə qoymayan uşaqlar olmamışıq. Sadəcə axırda olmaq istədiyimiz yerlərə gəldik. Franklinin tarixə və siyasətə inanılmaz marağı var idi, Coşua isə səyahəti, yeni yerlər kəşf etməyi, təzə insanlar tanımağı sevirdi. Yazıçılıq isə mənim üçün hədəf olmasa da, hər zaman həyatın dörd təkərindən biri idi.”
Rəngarəng və həssas uşaqlıq illərindən sonra Foer "Corctaun məktəbi”nə yazılır. Səkkizinci sinifdə kimya laboratoriyasında baş verən partlayış zamanı ən yaxın dostunun üzü parçalanır. Bu hadisədən ciddi psixoloji travma alan yeniyetmə uzun müddət müalicə alır, durmadan dərisini dəyişmək istədiyini bildirir: "Stüartın üzü dağılmışdı, dərisi parça-parça idi. Durmadan ondan öz-üzümü soruşur, üzümün yerində olduğuna and içdirirdim. Həyatımın ən xoşbəxt günü xəstəxanadan çıxdığım gün idi, xəstəxanalar ən sevmədiyim yerlərdi. Fiziki ağrıdan başqa hər şeyə dözürəm. Özümdə ən sevmədiyim şey görünüşüm, üzümdür. Bir müddət morqda assistent işləmişəm, həyatımın faciəsi idi...”
Travmatik sarsıntılar və gecikmələrlə məktəbi bitirən Foer, "Prinston Universiteti”nin fəlsəfə fakültəsinə daxil olur. Bütün həyat yolu bununla dəyişir. Conatan nə zamansa Stüarta verdiyi sözü – "Bir gün mütləq bu hadisəni yazacam, bəlkə bu sadəcə esse də olar bilər, amma yazacam” – tutmaq üçün 1995-ci ildə Prinstonda "Yaradıcı yazarlıq” kursları təşkil edən Ceyms Karol Oatsın dərslərinə yazılır. Oats onun istedadını elə ilk dövrlərdən hiss edir və yazı nümunələrindən birinin arxasına yazır: "Sizdə yazmaq üçün lazım olan vacib keyfiyyətlərdən biri var – enerji”. Yazarın dəstək və həvəsləndirməsi ilə Conatan Holokast qırğınından sağ çıxmış yəhudi nənəsi Luisa Safranın hekayəsi əsasında tezis hazırlayır. Oats onun ədəbi məsləhətçisi, elmi rəhbəri olur. Foer elə ilk ədəbi işi ilə uğur qazanır. Onun elmi işi və hekayəsi universitetin "Yaradıcı Yazarlıq haqqında tezis mükafatı”-nı qazanır. Foer bu kursun və Oatsın təsiri haqqında belə deyir: "O məni yazmaq haqqında düşündürən, oyandıran, yaza biləcəyimə inandıran ilk insan oldu. Bu sadəcə motivasiya deyildi, o nələri bacardığımı göstərirdi. Mənim həyatım həqiqətən də ondan sonra və onun köməyi ilə dəyişdi.”
Təhsilini "Maunt Sinayi Tibb məktəbi”ndə davam etdirməyə qərar verən Conatan, bu sahənin ona uyğun olmadığını gec anlayır. Məktəbdən qovulduqdan sonra birmənalı şəkildə ədəbiyyatla məşğul olur. Əvvəlcə "The New Yorker”, "Noisy Outlaws”, "Guardian” kimi dərgilərdə çıxış edir. Həmin illərdə işıq üzü görən "Nadir axtarış”, "Yaşlanma sehirbazları buna inansalar”, "Altıncı Boroq”, "Bəlkə də”, "Peruda yoxa çıxan valideynlər”, "Cığırlar” və s. hekayə və esseləri ilə özünə geniş oxucu auditoriyası formalaşdırır.
"Prinston Universiteti”nin mükafatını qazandıran tezis üzərində işlənən ilk əsəri "Hər şey aydınlandı” isə 2002-ci ildə "Houghton Miffin” tərəfindən çap edilir. Əsərdə babasını nasistlərin zülmündən qurtaran qadını tapmaq üçün Ukraynaya gələn gəncin hekayəsi canlandırılıb. Debüt əsərlə "Jewish National Book”, "New York Public Library’s Lions Fiction Award” və "Guardian First Book” mükafatlarına layiq görülən müəllif, üç il sonra bu əsərin gətirdiyi ən böyük fəxri yaşayır. Əsər 2005-ci ildə rejissor Liyev Skrayber (Liev Schreiber) tərəfindən ekranlaşdırılır.
Elə həmin il Foer ikinci romanı "Hədsiz səs-küylü və inanılmaz dərəcədə yaxın” nəşr olunur. Foer əsərdə doqquz yaşlı Oskarın hekayəsini postmodern yazı manerası ilə qələmə alıb. Nyu Yorkda yaşayan Oskar ölən atasına aid açar tapır. Açarın sehirli olduğuna inanan qəhrəman bu açarının hansı qıfılı açdığını öyrənmək üçün axtarışa başlayır. Axtarış zamanı Oskar çoxlu bədbəxt, xoşbəxt, narazı və nigaran insanla tanış olur, onların həyat hekayələrini öyrənir. Oskarın nənəsi ilə əlaqəsi olan, İkinci Dünya müharibəsində Drezden bombardımanından sağ çıxmış yaşlı, əlil kişi ilə tanış olması və onların keçmişə münasibəti romanın paralel sujetini əmələ gətirir. Tamamilə fərqli təsvir üsulları və müxtəlif dinamizmə malik təhkiyə formalarından istifadə edən yazıçı, tənqidçilərin sərt rəyləri ilə üzləşir. Lakin bu, əsərin uğuruna mane olmur və Foer çox keçmədən ikinci əsər üçün film təklifi alır. Əsər "Paramount” şirkətinin dəstəyi ilə rejissorlar Skot Rudin və Stefen Daldri tərəfindən ekranlaşdırılır. Bu əsərə görə yazıçı 2007-ci ildə "Granta’s Best of Young American Novelists”-in qalibi seçilir.
Bundan sonra Foer yenidən hekayə və esselərlə dərgilərdə çıxış etməyə başlayır, 2008-ci ildən isə müəllimlik karyerasına start verir. "Yale Universiteti”ndən "Yaradıcı yazarlıq və ədəbi karyera” dərsləri üçün təklif alan müəllif, bunun ona çox böyük qürur hissi yaşatdığını deyir. 2011-ci ildən müəllimlik karyerasına "Nyu-York Universiteti”ndə davam edir.
2009-cu ildə Foerin ilk qeyri-bədii romanı "Heyvanları yemək” ("Eating Animals”) oxucuların ixtiyarına verilir. Ferma idarəçiliyi, zavod istehsal prosesi və kommersiya məqsədli qida sənayesinin inkişafı kimi çoxsaylı mövzuların qələmə alındığı əsər, bu dəfə Foerin yaradıcılığı və araşdırmalarından daha çox, vegeterianlıqla bağlı düşüncələrini, vegeterian həyat tərzini gündəmə gətirir. Onsuz da bir-birini təkzib edən yazılar və qarışıq rəylərlə gündəmdən düşməyən əsər, aktrisa Natali Portmanın: "Foerin əsəri "Heyvanları yemək” məni 20 illik vegeterian həyat tərzimdən çıxarıb, mübariz vegeterian aktivist olmağa sövq etdi” – deməsilə daha da populyarlaşır.
Müzakirə və mübahisələrin mərkəzində olmaqdan yorulan müəllif dərhal dördüncü romanını çapa hazırlayır. 2010-cu ilin noyabrında tanınmış illustrator Sara De Bontun möhtəşəm sənət əsərləri və Con Qreyin hazırladığı qapaq rəsmi ilə göz oxşayan "Kod ağacı” ("Tree of codes”) satışa çıxır. Foer bu əsərlə onu daima tənqid edən "The Times” müəlliflərindən ilk dəfə alqış alır. Dərgidə əsərlə bağlı gedən məqalədə kitab "əsrimizin ən möhtəşəm incəsənət nümunəsi” kimi təqdim edilir. Əsərin uğurlarını qeyd etməklə yanaşı, Foer bir müddət yazmağa ara verir, tərcüməçilik və redaktə ilə məşğul olmağa başlayır. 2012-ci ildə gənc və uğurlu yazıçıya çoxdandır gözlədiyi təklif gəlir. "Little, Brown” nəşriyyatı iki kitab üçün Foerlə müqavilə imzalayır. Həmin müqavilə əsasında yazılan kitablardan birincisi – "Uşaq xəstəxanasından qaçış” ("Escape from children’s hospital”) ilə Foer həyatının ilk faciə ortağı olmuş dostu Stüarta verdiyi sözü tutur və ömrü boyu içində daşıdığı faciəni qələmə alır. Əsərin 2014-cü ildə işıq üzü görməsi planlaşdırılsa da, müəllif hələ ki, yayımla bağlı xoş xəbər paylaşmayıb.
Foer 2004-cü ildə yazıçı Nikol Krausla (Nicole Krauss) ailə qurub. Bruklində yaşayan cütlüyün 10 illik evlilikdən iki övladı var. 2014-cü ildə razılaşmalı boşanma ilə ayrılan Nikol və Conatan indi də Bruklində bir-birinə çox yaxın evlərdə yaşayırlar.
"Biz tanış olanda ikimiz də ikinci kitabımız üzərində işləyirdik. Nə mən onun yazdıqlarını oxumuşdum, nə də o mənimkiləri. Onu tanıyan gün birinci əsərini alıb, oxudum. Hər gün evə gəlib şeirdən və ədəbiyyatdan danışa biləcəyim bir insan xəyal etdim. Onu öpdüyüm günü unutmamaq, o anı unudulmaz etmək üçün ilk görüşdə məhz yağış yağmasını gözlədim və yağdı. Uşaqlardan sonra məhsuldarlıq azaldı, onlara daha çox vaxt ayırmalı olduq. Artıq yazmaq üçün istirahət saatlarımızdan oğurlayırdıq. Amma mən burada, yazı masamda oturub yazıb-oxuyarkən onların yuxarıda rahat və xoşbəxt şəkildə yatdığını bilməkdən, onlara vaxtımdan və enerjimdən verməkdən zövq alıram. Əgər həyatımın hansı mərhələsinə yenidən qayıtmaq istədiyimi soruşsalar, onların körpəliyinə, qucağımda yatarkən üzlərindəki o qeyri-adi ifadədən güc, sakitlik və enerji aldığım günlərə qayıtmaq istədiyimi deyərdim”.
Tərcümə etdi: Elcan SALMANQIZI
//sim-sim.az