
Ejen İonesko. Boşluq (bir pərdəli pyes)
- 26.01.2020
- 0 Şərh
- 2036 Baxış
İştirakçılar:
Dost
Akademik
Akademikin
arvadı
Qulluqçu
Dekorasiyalar:
Otaq varlı burjuaların salonunu
xatırladır, amma müəyyən "artistizm” əlamətləri də var. İki divan, bir neçə
kreslo. Kreslolardan biri yaşıl rəngdədir və mərkəzdə qoyulub. Bütün
divarlardan böyük diplomlar asılıb, bütün diplomlarda böyük hərflərlə "Honoris causa”*,
"Doktor...”, "Doktor...” yazılıb, başqa yazıları oxumaq mümkün deyil.
Qapı tamaşaçılardan sağ tərəfdədir.
Pərdə açılır: Akademikin arvadı
sadə xalatda dayanıb, çox güman yuxudan təzə durub və geyinməyə vaxtı olmayıb.
Dost onunla üzbəüz dayanıb. Əynində tünd pencək, zolaqlı şalvar, qara çəkmə
var, əllərində şlyapasıyla çətirini tutub.
Arvad
– Hə, əzizim, tez deyin.
Dost
– Heç bilmirəm bunu sizə necə deyim.
Arvad
– Mən başa düşdüm.
Dost
– Mən dünən gecə xəbər tutmuşam. Sizə zəng eləmək istəmədim. Amma daha gözləməyə
hövsələm çatmadı. Belə bir xəbəri vermək üçün sizi yuxudan oyatdığıma görə üzr
istəyirəm...
Arvad
– Onsuz da axırı yaxşı qurtara bilməzdi! Çox pis oldu! Hamımız ən axırıncı dəqiqəyə
qədər ümid edirdik...
Dost
– Sizi başa düşürəm, bu çox ağırdır, axı onun şansı var idi. Düzünə qalsa, elə
də böyük deyildi. Belə olacağını gözləmək lazımdı.
Arvad
– Mən buna hazır deyildim. O hər şeyi bacarırdı. O həmişə ən axırıncı anda vəziyyəti
dəyişdirə bilirdi.
Dost
– O elə əzgin idi ki! Siz onu tək qoymamalı idiniz.
Arvad
– Nə etməli?! Necə etməli?! Bu çox dəhşətlidir!
Dost
– Möhkəm olun, əzizim, həyat belədir.
Arvad
– Halım pisləşib. İndi huşumu itirəcəyəm. (Kresloya
çökür)
Dost
– (Onun əllərinə, üzünə vurub özünə gətirməyə
çalışır) Bağışlayın, xəbəri deməmişdən qabaq sizi hazırlamalı idim.
Arvad
– Siz düz elədiniz, başqa cür eləyə bilməzdiniz. Nə olur olsun, mən bilməliydim.
Dost
– Su istəyirsiniz? (Qışqırır) Bir stəkan
su gətirin! Gərək birdən deməyəydim.
Arvad
– Bu heç nəyi dəyişməyəcəkdi.
Qulluqçu su gətirir.
Qulluqçu
– Nə olub? Madamın halı pisdir?
Dost
– (Suyu ondan alır) Siz gedin, özüm
içizdirərəm. İndi düzələr. Pis xəbəri ona çatdırmalı idim.
Qulluqçu
– Nə... cənab?..
Dost
– Siz bilirdiniz?
Qulluqçu
– Yox. Sizin vəziyyətinizdən təxmin elədim.
Dost
– Siz gedin.
Qulluqçu
– (Gedə-gedə təəssüflə) Yazıq
müsyö...
Dost
– Yaxşısınız?
Arvad
– Mən güclü olmalıyam. Onu fikirləşirəm, yazıq! Bu xəbərin qəzetlərə düşməyini
istəməzdim. Jurnalistlərin insafına bel bağlaya bilərik?
Dost
– Heç kimi qəbul etməyin. Zənglərə cavab verməyin.
Arvad
– İstər-istəməz xəbər yayılacaq.
Dost
– Bir neçə aylıq şəhərdən gedə bilərsiniz. Sakitləşəndən sonra qayıdıb normal həyatınıza
davam edərsiniz. Hər şey yaddan çıxacaq.
Arvad
– Belə şey tezliklə yaddan çıxmır. Hamı bunu gözləyirdi. Bəlkə də bəzi
dostların kefi pozulacaq, amma qalanları, qalanları...
Akademik içəri girir. Əynində
Akademiyanın mundiri var, belinə qılınc bağlayıb, sinəsi ordenlərlə örtülüb.
Akademik
– Siz artıq oyanmısınız? (Dosta) Nə
yaman tez gəlmisiniz. Nə baş verib? Nəticələri öyrənmisiniz?
Arvad
– Rəzalət!
Dost
– (Arvada) Onun kefini pozmayın, əzizim.(Akademikə) Siz imtahandan keçə bilməmisiniz.
Akademik
– Əminsiniz?
Dost
– Nahaq yerə bakalavr imtahanı vermək qərarına gəldiniz.
Akademik
– İmtahandan kəsildim! Yaramazlar! Gör başıma nə oyun açdılar!
Dost
– Onlar nəticəni dünən axşam asıblar.
Akademik
– Axşam asıblarsa, qaranlıqda oxumaq olmazdı. Necə oxuya bildiniz?
Dost
– Ora işıqlandırılıb.
Akademik
– Məni nüfuzdan salmaq üçün hər şeyə hazırdırlar!
Dost
– Bu gün səhər də getmişdim. Siyahı yerindədir.
Akademik
– Gərək qapıçıya rüşvət verəydiniz ki, siyahını cırsın.
Dost
– Cəhd elədim. Amma təəssüf ki, orda polis vardı. Kəsilənlər siyahısı sizin
adınızla başlayır. Siyahıya baxmağa o qədər adam yığılmışdı ki!
Akademik
– Kimlər? Tələbə valideynləri?
Dost
– Tək onlar yox.
Arvad
– Yəqin bütün düşmənləriniz, kolleqalarınız orda olub. Bir vaxtlar hücum
etdiyiniz hamı,
imtahan komissiyasında olduğunuz vaxt sizin ucbatınızdan imtahanı verə bilməyən
keçmiş tələbələriniz, aspirantlarınız.
Akademik
– Bu təhqirdir. Amma mən bunu belə qoymayacağam. Bəlkə nəsə dolaşıqlıq olub?
Dost
– Mən imtahan götürən müəllimlərlə danışdım. Qiymətləndirmə cədvəlini göstərdilər.
Riyaziyyatdan sıfır almısınız.
Akademik
– Mən axı dəqiq elmlər sahəsinin bilicisi deyiləm.
Dost
– Latın və yunan dillərindən də sıfır almısınız.
Arvad
- (Ərinə) Siz axı şöhrətli ictimaiyyətçisiniz!
Siz "Humanitar elmlərin müdafiəsinə dair” əsərinin müəllifisiniz!
Akademik
– Üzr istəyirəm, amma o kitabda söhbət müasir həyatdan gedir. (Dosta) Bəs yazı
işindən necə?
Dost
– Doqquz yüz bal almısınız. Doqquz yüz.
Akademik
– Gözəl! Bu o biri fənnlərdən aldığım pis qiymətləri ört-basdır edir.
Dost
– Heyif ki, yox. Maksimal bal iki mindir. Keçid balı min bal.
Akademik
– Qaydaları dəyişdiriblər.
Arvad
– Onlar bunu sizə görə etməyiblər. Həmişə hamının sizə qarşı olduğunu fikirləşirsiniz.
Akademik
– Yox, dəyişdiriblər.
Dost
– Onlar Napoleon epoxasının qaydalarını qaytarıblar.
Akademik
– Bu qaydalar köhnəlib. Haçan dəyişdilər axı? Bu qanunsuzluqdur. Mən Milli Təhsil
nazirliyinin komissiya rəhbəriyəm. Mənə bildirməyiblər və mənim razılığım
olmadan nəyisə dəyişdirə bilməzlər. Onları Hökümət yığıncağında biabır edəcəyəm!
Arvad-
Əzizim, daha nə danışdığınızı özünüz də bilmirsiniz. Özünüzü uşaq kimi
aparırsınız. Bakalavr imtahanı vermək qərarına gələndə, imtahanı götürən müəllimlərin
obyektivliyinə şübhə yaratmamaq özünüz bu postdan istefa verdiniz.
Akademik
– Mən hələ bu istefa məsələsinə qayıdacağam.
Dost
– Gülməli söz danışırsınız. Özünüz də yaxşı bilirsiniz ki, bu mümkün deyil.
Arvad
– Artıq sizin kəsilməyinizə təəccüblənmirəm. Adamın psixologiyası uşaq
psixologiyasıdırsa, onda o bakalavr imtahanı verməməlidir, çünki o imtahan
böyüklər üçündür.
Akademik
– İşə bax ha, uşağım yaşındakı yüzlərlə tələbəylə bir yerdə imtahana girdim!
Dost
– Böyütməyin, siz yüzlərlə uşağın atası ola bilməzsiniz.
Akademik
– Bu məni sakitləşdirmir.
Arvad
– Sən bunu etməməli idin. Mən axı deyirdim. Lazım deyildi. Bütün rütbələri əldə
etmək istəyirsən. Heç vaxt heç nədən qane olmursan! Sənə bu diplom lazım idi?
İndi hər şey əlindən çıxdı. Bu fəlakətdir! Sənin namizədlik və doktorluq
diplomun var, orta təhsil attestatın da var. Bakalavr imtahanının birinci
yarısını da vermişdin.
Akademik
– Amma boşluq qalmışdı.
Arvad
– Bunu heç kim bilmirdi!
Akademik
– Mən ki bilirdim! Başqaları da öyrənə bilərdi. Fakültetin katibliyindən namizədlik
imtahanının nəticələrinin surətini istədim. Orda mənə dedilər: "Əlbəttə, cənab
akademik, yaxşı, cənab rəhbət, bu saat, cənab dekan...” Axtardılar. Cavabdeh
katib çaşqın halda qayıdıb dedi ki: "Qəribə hadisə baş verib. Siz, əlbəttə,
imtahanı vermisiniz, amma onların nəticələri etibarsızdır”. Əlbəttə ki, səbəbiylə
maraqlandım. Cavab verdi ki: "Sizin təhsilinizdə boşluq var. Bilmirəm bu necə
baş verib. Siz filologiya fakültəsinə yazılmısınız, amma imtahanların ikinci
yarısını verməmisiniz”.
Dost
– Hə, nə olsun?
Arvad
– Namizədlik diplomu daha etibarlı sayılmır?
Akademik
– Yox. Daha doğrusu, tam yox. Onlar sualı açıq qoydular. "İmtahanları uğurla
versəniz, surəti alacaqsınız. Əlbəttə, sizin heç bir probleminiz olmayacaq”. Mən
də imtahan verməli oldum.
Arvad
– Verməyə də bilərdin. Nə üçün arxivi qurdalamağa başladın? Sənin o diplom
lazım deyildi. Heç kim onu istəmirdi.
Akademik
– Düzünə qalsa, fakültənin katibi bakalavr diplomumun olmadığını deyəndə cavab
verdim ki, bu ola bilməz. Amma dəqiq yadımda deyildi. Yaddaşımı qurdalamalı
oldum. Mən bakalavr imtahanı vermişdim, ya yox? Sonra yadıma düşdü ki, doğrudan
da imtahan verməmişəm. Yaxşı yadımdadır, həmin gün zökəm olmuşdum.
Arvad
– Tez-tez xəstələnirsən.
Dost
– Sizin əriniz, əzizim, boşluğu doldurmaq istəyib. O düzgün adamdır.
Arvad
– Siz onu tanımırsınız. İş düzgünlükdə deyil, o şöhrətpərəstdir. Hər şey ona az
görünür. Namizədlik diplomunu da divardakı onlarla diplomun yanından asmaq istəyirdi.
Nə mənası var axı? Bir diplom çox, bir diplom az. Heç kim buna fikir vermir. O
isə gecələr diplomlarını sayır. Tez-tez onu diplomlarını sayanda tuturam. Gecənin
bir aləmi durur, pəncələri üstdə salona gəlir, diplomlarına baxır, sayır.
Akademik
– Yuxusuzluqdan əziyyət çəkirəm, başqa nə edim?
Dost
– Adətən yazı işinin mövzuları əvvəldən bəlli olur. Asanlıqla öyrənə bilərdiniz.
Hətta imtahana tələbələrinizdən birini də göndərə bilərdiniz. Yox, əgər mütləq
özünüz vermək istəyirdinizsə, onda qulluqçunuzu göndərə bilərdiniz ki,
mövzuları öyrənsin. Onda heç kim bildiyinizdən şübhələnməzdi.
Akademik
– Heç başa düşmürəm ki, yazı işindən necə pis qiymət aldım. Üç səhifə yazdım.
Mövzunu açdım, tarixi əhəmiyyətini izah etdim, situasiyanı dəqiq təsvir
etdim... Hər halda yaxşı yazmışdım. Aşağı qiymət almamalı idim.
Dost
– Mövzu yadınızdadır?
Akademik
– Hm... Hm...
Dost
– O heç nədən yazdığını da bilmir.
Akademik
– Yox, bilirəm... Hm... Hm...
Dost
– Mövzu beləydi: "İntibah rəssamlarının Üçüncü respublika romançılarına təsiri”.
Yazınızın fotosurəti məndə var. Baxın görün nə yazmısınız.
Akademik
– (Kağızı alıb oxuyur) "Benjamenin məhkəməsi.
Benjamenə məhkəmədə bəraət veriləndən sonra andlılar qərarla razılaşmayıblar,
hakimi öldürüblər və Benjamenə vətəndaşlıqdan çıxartma və doqquz yüz frank məbləğində
böyük cərimə hökmü yazıblar...”
Dost
– Qiymətiniz elə burdan götürülüb – doqquz yüz.
Akademik
– (Oxumağa davam edir) "...Benjamen
apellasiya məhkəməsinə müraciət edir... Benjamen...” Sonra nə yazdığımı oxuya
bilmirəm. Xəttim həmişə pis olub. Gərək yazı maşını aparaydım.
Arvad
– Heç nə sizə kömək edə bilməzdi.
Akademik
– (Arvadının ondan aldığı vərəqi alıb
oxumağa çalışır) "Benjamen... Polislərlə əhatə olunmuş... olunmuş...” Nəsə
qaranlıq düşüb, görmürəm. Eynəyim hanı?
Arvad
– Amma bunun mövzuyla əlaqəsi yoxdur!
Dost
– Arvadınız haqlıdır, əzizim. Yazdığınızın mövzuyla əlaqəsi yoxdur.
Akademik
– Əlaqəsi var, amma birbaşa deyil.
Dost
– Heç elə də əlaqəsi yoxdur.
Akademik
– Bəlkə mən başqa mövzu yazmışam?
Dost
– Bircə mövzu var idi.
Akademik
– Lap bir mövzu olsaydı da, başqa mövzuda yaxşı yaza bilərdim. Mən hadisəni
sonlandırmışam. Hər şeyi açıq-aşkar göstərmişəm, iştirakçıları xarakterizə
etmişəm, hərəkətlərinin mənalarını açmışam. Nəhayət, çıxarışlar etmişəm.
Qalanını oxuya bilmirəm. (Dosta) Siz
oxuya bilərsiniz?
Dost
– (Mətnə baxır) Oxumaq mümkün deyil.
Üstəlik, mən də eynəksizəm.
Arvad
– (Kağızı alır) Oxumalı bir şey
yoxdur. Mən yaxşı görürəm. Sən sadəcə özünü elə göstərmisən ki, guya nəsə
yazmısan. Kağızı qaralamısan.
Akademik
– Yox axı! Mən çıxarışlar etmişəm. Axı böyük hərflərlə yazılıb: "Çıxarışlar və
ya sanksiyalar”. Bunu belə qoymayacağam! İmtahan nəticələrini sıfırlamağı tələb
edəcəyəm.
Arvad
– Əgər verilən mövzunu yazmamısansa, əgər pis yazmısansa, onda heyif ki, pis
qiymət də almalıydın. Sən məhkəməni uduzacaqsan.
Dost
– Siz uduzacaqsınız. Qoyun hər şey olduğu kimi qalsın. İstirahətə gedin.
Akademik
– Elə dediyinizi deyirsiniz.
Dost
– Professorlar nə etdiklərini bilirlər. Onları bu vəzifəyə havayıdan təyin etməyiblər.
Onlar müsabiqədən keçiblər, çox ciddi hazırlaşıblar. Qaydaları bilirlər.
Akademik
– İmtahan komissiyasında kimlər vardı?
Dost
– Riyaziyyatdan madam Binom. Yunancadan müsyö Kakos. Latıncadan müsyö Neronsın.
Və başqaları.
Akademik
– Onlar heç mənim qədər bilmir! Bəs fransızcadan kim idi?
Dost
– "Dünən, sarağagün və bu gün” jurnalının redaksiya katibəsi.
Akademik
– Aha... İndi başa düşdüm. O alçağı yaxşı tanıyıram. Qisas almaq üçün mənə pis
qiymət yazıb. Onun sevgilisi olmaq istəməmişdim, onların jurnalıyla əməkdaşlıqdan
boyun qaçırtmışdım. Onun partiyasına üzv olmamışdım. O da qisas almaq qərarına
gəlib. Mən imtahan nəticələrini sıfırlatdıra bilərəm. Hökümət başçısına zəng edəcəyəm.
Arvad
– Eləmə, özünü daha da gülməli vəziyyətə salacaqsan. (Dosta) Əzizim, ona imkan verməyin. (Ərinə) Yalvarıram, zəng eləmə. (Dosta)İmkan verməyin zəng eləsin, o sizə məndən çox qulaq asır. (Dost çarəsizliklə çiyinlərini çəkir. Qadın dəstəyi götürən ərinə
deyir) Zəng eləmə.
Akademik
– (Arvadına) Nə elədiyimi bilirəm! (Dəstəyə) Allo! Salam, madmuazel,
prezidentlə danışmaq istəyirəm. Hə, özüylə. Şəxsən özüylə. Allo! Jül? Mənəm...
mənəm... Nə?.. Nə?.. Amma qulaq asın, dostum... qulaq asın... Allo!
Arvad
– Özüdür?
Akademik
– (Arvadına) Sus! (Dəstəyə) Zarafat edirsiniz, dostum...
Zarafat etmirsiniz?..
Dəstəyi qoyur.
Dost
– Nə dedi?
Akademik
– Dedi ki... dedi ki... "Daha sizinlə danışmaq istəmirəm. Anam pis oxuyanlarla
dost olmağa icazə vermir”. Sonra da dəstəyi asdı.
Arvad
– Bilirdim belə olacaq. Hər şey əldən çıxdı! Sən mənim başıma nə oyun gətirdin?
Sən mənə neylədin?
Akademik
– Bu necə olur axı?! Mən Sorbonnada, Oksfordda, Amerika universitetlərində
mühazirə oxumuşam. Yaradıcılığım haqda on mindən çox dissertasiya yazılıb, hamı
əsərlərim qabağında baş əyir. Mən Amsterdam universitetinin, Lüksemburq
hersoqluğunun gizli fakültələrinin fəxri dostoruyam, mənə üç dəfə Nobel
mükafatı veriblər. İsveç kralı mənim intellektimə heyran olub. Fəxri doktor...
imtahandan kəsilir!
Arvad
– İndi hamı bizə güləcək!
Akademik qılıncını dizində
sındırır.
Dost
– (Əyilib sınıq qılıncı götürür) Mən
onu keçmiş şöhrətinizin xatirəsi kimi saxlayacağam.
Hirsli Akademik sinəsindəki
ordenləri qopardıb yerə atır, tapdalamağa başlayır.
Arvad
– (Ona mane olmağa çalışır, ordenləri
yığır) Eləmə! Eləmə! Bizə qalan elə bunlardır...
Pərdə
*Honorus causa – Fəxri doktor (lat.)
Tərcümə : Həmid P.