Elnarə Akimova. Günəşi içənlərin türküsü
Tənqid
- 24.07.2019
- 0 Şərh
- 7114 Baxış
Fransız rəssam Matissin çəkdiyi günəşli rəsmləri nəzərdə tutan Lui Araqon İkinci Dünya müharibəsi illərini xatırlayıb deyirdi ki, "O ağır illərdə Matiss bizə kömək etdi və biz günəşi qoruyub saxlaya bildik". Sənət xilasdır, yeganə mənəvi sığınacaqdır, bütün hallarda tutunub ruhunu qorumaq, öz yaradıcı kimliyinin çevrəsində qalmaq üçün dirənişdir. İnsanın sənətdən qaynayan, ondan qaynaqlanan bir udum ümid işığı var. O işıq özünü sözlə təsəlli edənləri qoruyan tək silahdır. Bəs ədəbiyyatla, sənətlə məşğul olmayanlar mənəvi impulsu hardan alırlar, görəsən? Texnologiyanın vizual ünsiyyəti, ruhsal başlanğıcı sıxışdırıb bir küncə atdığı indiki zamanda bu sual daha çox düşündürür adamı. Bəlkə bu üzdən son vaxtlar elmlə ədəbiyyatın qarşılaşması, müxtəlif axtarış sahələrinin bir-birinə təsiri, konvergensiyası zərurəti çoxalıb?
Elmin bədii düşüncə ilə birgəliyinə ən gözəl nümunələrdən birini Məhəmmədhüseyn Şəhriyarın "Eynşteynə peyğam" şeiri verir. Düşüncə və axtarış konteksti baxımından bir-birindən uzaq görünən bu iki sahənin uğurlu hibridini duymaq olur bu şeirdə. Şəhriyar Eynşteyni daha yüksəklərə qalxmağa, onu öz kölgəsinin üzərindən uçmağa qanadlandırıb Allahın sirrini "tapmağa" çağırır: "Eynşteyn, daha yuxarı qalx/ Allahın özünü tap". Ədəbiyyatşünas Yaşar Qarayev haqlı olaraq burada qlobal nizamın, kosmik harmoniyanın rəmzini arayır: "Bu məqam - həm Şəhriyarla Eynşteynin, həm də irfanla ən yeni riyaziyyatın, Şərqlə Qərbin təmas və görüş məqamıdır. Sabaha, gələcəyə dünya məhz bu qapıdan keçib-getsin deyə, şair alimə irfanın kodunu və möhürünü - "eşq açarını" təklif edir".
Görəsən, Eynşteynin güc aldığı mənbənin adı nə idi? Dostoyevski! Bu barədə fizikin özünün etirafı var: "Dostoyevski mənə hər bir mütəfəkkirdən, hətta Qaussdan da çox şey verir". Fizik və filosof B.Kuznetsov "Eynşteyn" kitabında bunun səbəbləri üzərində düşünərək belə şərh verirdi ki,"Eynşteyn, Dostoyevski yaradıcılığından əhəmiyyətli impuls ala bilərdi, çünki bu yaradıcılığın mərkəzində intellektual münaqişələr dururdu, çünki Dostoyevskinin poetikası rasional poetika idi, çünki onun romanının ana xətlərini təşkil edən mövzu - öz ziddiyyətlərində çırpınan, təcəssüm olunmağa can atan insan fikri idi...".
Ədəbiyyat yarandığı gündən ondakı kosmoteosentrik başlanğıc daim güclü olmuş, dünyanı küll halında görmək arzusu, təbiət hadisələrinin insanın arzuları ilə harmoniyası, qlobal vəhdət prinsipi qabarıqlığı ilə seçilmişdir. Qədim Misir, yunan ədəbiyyatlarında, klassik nümunələrdə - Nizami Gəncəvinin "Xəmsə"sində, Ruminın "Məsnəvi"sində, Nəsimi, Füzuli qəzəllərində, Sabir, Cavid, Hadi, Abbas Səhhət şeirlərində təbiətlə insanın vəhdəti ideyası təməl prinsip kimi təlqin olunmuşdur. Hətta dünya poeziyasından maraqlı bir nümunəyə diqqət edək: VII əsr hind şairi Bhartrihari "Üç şataka" ("Üç yüz") poemasında yazırdı:
...Yer kürəsi! Yer kürəsi!
Qitələrinlə, okeanlarınla
Nəsən sən?
Kainatda kiçicik bir atom!
Bu kiçicik bir atomu da
Çoxlu-çoxlu hökmdarcıqlar
Tikə-tikə bölməyə can atırlar.
Bundan ötrü
Dəhşətli müharibələr aparırlar!..
Ey dünyayaradılışının əzəli!
Mən bizi həyat çevrimlərinin
Zəncirində saxlayan Cəhaləti ataraq
Kainatla canbirqəlbdən qovuşuram.
Poeziyada təbiət hadisələrinin mənalandırılması, günəş, yağış, qar, külək kimi təbiət hadisələrinin, ilin dörd fəslinin əlamətlərinin rəmzləndirilməsi bəlkə də poeziya yaranan gündən onunla qoşa addımlamışdı. İnsan içinin bədbin ovqatının payızla assosiasiya yaratması, sevilən gözəlin camalının günəşə bənzədilməsi, göz yaşının yağışla təsvirə çəkilməsi, nikbin çaların lirik "mən"in gözündə, könlündə bahar əhvalı yaratması - poeziya daim bu polifonik mənzərələrin hüdudlarında gəzişmişdir. Ən munis çalarları özündə ehtiva eləyən göy qurşağının bütün rəngləri lirikada cəmlənmişdir.
Fizikanın predmetinə daxil olan Günəş - təbiət hadisəsi ilə bağlı poeziyanın meydanda olan nümunələrin sayı ölçüyəgəlməzdir. Yerin həyat üçün əlverişli planet olmasını təmin edən məhz Günəş sistemindəki qüsursuz nizamdır. Bəs poeziyada bu fəza elementinə müraciətin səbəbi nədir? Burada da o, "nizam, kosmos yaratmaq" missiyası kimi rəmzlənə bilirmi? Materialist fəlsəfə kainatdakı nizamın, qanunauyğunluğun izahını yalnız təsadüf deyə xarakterizə edirdi. Yəni bu açıqlamaya görə, kainatda hər şey təsadüflərə borcludur. Əslində isə, təsadüfün yaratdığı harmoniya deyil, daha çox xaos ola bilər. Kainatsa düşünülmüş, məntiqi, ardıcıl sıralanmaya hesablanmış nizamdan başlayır və davam edir. Bu nizamın, dünya tarazlığının əmələ gəlməsində və qorunub saxlanmasında xüsusi rolu olan Günəş poeziyada da elə bu missiyanın daşıyıcısı statusunda iştirak edir.
XX əsrin əvvəllərində günəşə verilən lirik yozum iki kontekstdə təsvirə gəlir: bir tərəfdən, o, insan ruhunun nikbinliyinin, romantikasının rəhni kimi: "Seyranə çıxıb dağda, çəməndə,/ Güldükcə günəş mən də gülərdim" (H.Cavid).
Həmçinin süqutun, tənəzzülün, şəxsiyyətin iflası məqamlarından başlanğıc götürərək: "Hər günəşə vardım ləkəli gördüm, / Hər vicdana girdim kölgəli gördüm". (H.Cavid). M.Müşfiq lirikasının qanadlı romantikasında poeziyaya adlayan günəş: "Əllərində əllərim, gözlərində gözlərim.../Asılaydı sözlərim/.
Könlünün qulağından bir qızıl tana kimi,/Günəş doğana kimi", - sonrakı, 30-60-cı illərin poeziyasına qədər həmin duyğusallığın, şeiriyyətin mənbəyi olaraq təcəssümün predmetinə çevrilir. Bu dövr poeziyası günəş doludur, günəş hərarətinə, günəş işığına bələnmiş kimidir. O qədər ki, 20-ci illərin sonlarında Bakıda ilk şeir kitabını çap etdirən Nazim Hikmət ona "Günəşi içənlərin türküsü" adını qoymaqdan başqa rəmz aramır.
L.Q.Frizman "Lirik janrın həyatı" kitabında yazır: "Poeziya mənim üçün heyrətə layiq bir möcüzədir - elə bil ki, bax, indicə göydən yerə düşmüsən və özünə gələr-gəlməz gözlərini açıb... yerin, torpağın cazibəsindən məst olursan". Bütün şairlərin şeirlə birinci görüşü belə başlayır. İçinin saflıq pəncərəsindən dünyaya boylanır, ona elə gəlir ki, hər nə varsa burda, həmin saflığın - təbiət və torpaq, insan və zaman əxlaqının içindədi. Sonra başa düşür ki, əslində, belə deyilmiş, bu dünyanın həm də boz rəngləri, boz insanları, boz duyğuları varmış. Onda fərdi özünüdərk başlayır, şair içinin dərinliyinə enir, daha çox özünün mənəvi durumunu sərgiləməyə can atır. Dünya ilə dialoq sükutun monoloquna çevrilir. Hər şey bu sükuta, onun gətirdiyi tənhalığa tərk edilir. Gördüyü hər nəsnədə bu tənhalığın havasını duyur, onun yaşamına köklənir şair: "Şairi küsdürən dünyanı üzüb,/ Günəş sistemindən atmaq da azdır!" (M.Araz).
60-70-ci illər poeziyasının lirik "mən"i ekzistensial məqamlara həssaslığı ilə diqqət çəkir. Bu poeziyada şair dünyadan, təbiətdən, yaşadığı məkan və zamandan uzaqlaşıb hətta özünün belə olmadığı yerlərə səmtlənir: "Bir kimsə tutmasın xəbər,/ Gəl çıxıb gedək birtəhər./ Bu ev, bu küçə, bu şəhər,/ Bu dəniz olmayan yerə..." (R.Rövşən). Həmin illərdə poeziya üfüqlərində bir obrazın işığı daha gur görünməyə başlayır: Tanrı! Bu obraz uzun illərin susqunluğundan sonra V.Səmədoğlu, V.B.Odər, R.Rövşən poeziyasında şeirə gətirilməklə işıq effekti yaradır: "Kimdi o göydən şığıyan?!/ Dünya dolub işığıynan./ Bəlkə də, göy qurşağıynan/ Düşüb Allah özü gəlir". Şaqalın "Nuh və Göy qurşağı" tablosunu xatırladan bu misralarda müəllif Göy qurşağını nərdivan obrazında əyaniləşdirməklə Allahın yer üzünə enişi simvolikasının sənət dili ilə ifadəsinə nail olur. Azər Turan "Sevgi məktubu kimi" məqaləsində yazır ki, "Ramiz Rövşənin bu misraları yerə yeddi rəngli səma nərdivanı ilə enən Buddadan, Altun İşıqdan, Məsihdən, yaxud Tanrını yerə göy qurşağının üstündə "endirən" Mark Şaqala qədər fərqli uyqarlıqların və fərqli düşüncə iqlimlərinin bülluruna toxunub çiliklənmiş və dünyanın faniliyini, qürubu və dekadansı şəkilləndirmişdi".
Günəşə münasibətdə 60-70-ci illər poeziyasında yaranmış olan yalnız forma deyil, həm də məzmun dəyişimi - (dekadans məqamı!) 90-cı illərin şeirində daha kəskin şəkildə təzahürünü tapdı. Bu dövrün gənc ədəbi qüvvələrinin şeirlərində əsas poetik ovqat çöküş ritmi üzərində kökləndi, şairlər daha çox "darıxmaq", "təklik", "tənhalıq" düşüncəsinin təsiri altında yazmağa başladılar: "Darıxmadan yaşamaq olmur/ adam bir udum havadan/ bir içim sudan ötrü/ darıxıb yaşayır" (Sevinc Pərvanə). "Darıxmaq" demək olar ki, gənclərin həyat tərzinə çevrildi. "Bir udum havaya, bir içim suya" darıxacaq qədər dərinləşdi məsələ. Poeziyanın əlvan mənzərəsini daha sərt, kəskin boyalar əvəz eləməyə, günəşin yerini qürub, baharın yerini payız simvolikası tutmağa başladı.
Payız gələndə
saralmış yarpaqlara ehtiyac olmur
ağacların
sarı yarpaqlar gözəl olsa belə,
utanc verir ağacların dəmir qüruruna
yuvarlandı ömrümün baharı
içimin qaranlıq uçurumuna.
Sevinc Pərvanə
Şeirimizdə daha çox qaranlıq - "günəşsizlik" hakim olmağa başladı. Maraqlıdır ki, "qaranlıq" məfhumu 90-cı illər şeirinin əsas obrazlarından birinə çevrildi. Bu dəfə günəşin, işığın əksi, neqativi kimi... Bu poeziyada "günəş"in qürubu, yoxa çıxması insan ömrünün heçliyə, boşluğa yuvarlanması kimi simvolik məna kəsb edirdi. "Mən günəşin batmağını seyr edirəm/ Günəş də mənim batmağımı" (Rasim Qaraca) - bu iki misrada içini qaranlıq, təklik bürüyən insanın əhvalı uğurlu əksini tapır, mənzərə tamamlanır. Rasim Qaracanın digər misralarına diqqət edək: "günəşə nə etdiniz, pis adamlar.../ bir az erkən batmağa başladı".
"Bir az erkən"... Yəni gəncliyin yaşanmayan illərindən, itirilən zamanın acısından bəhs edir şair. 90-cı illər şeirində hakim olan çöküşün səbəbləri içərisindən ana xətt kimi keçir bu nisgil. 90-cıların poeziyasında əsas bədii ovqatı təşkil edən çöküş gününün bozluğunu yaşayan, sabahına heç bir ümidi qalmayan ruhun çıxılmazlıq duyğusundan yaranırdı. "Küləyi, yağışı, qarı" özünə dost bilən qəhrəmanın ağrılar önündə içinə çəkilməkdən başqa çarəsi qalmırdı. Zənnimcə, bu dövr poeziyasını 70-80-ci illərin dekadans ovqatından ayıran amillər də bununla əlaqədar idi. Məsələn, V.Səmədoğlu 1968-ci ildə "Görüşdük/ İçdik./ Bir az/ süfrədə olandan yedik,/ bir az xatirələrdən./ Gələcəyə də uzatdıq/ əlimizi hərdənbir.../ Çörək boyat/ xatirələr acı,/ gələcək yanıq çıxdı...", - deyərək eyni ovqatla yaşamın mənasızlığına işarə edir, zamana tutunma gerçəkliyinin itirilməsindən bəhs edirsə, 90-cı illərin şairi eyni nisgillə həyatın boşluğuna, yaşanılan ömrün mənasızlığına nəinki işarə edir, onu olduğu kimi, daha sərt, epotaj səciyyəli tonla nəzərə çarpdırırdı:
otuz il yolların bağrını yortdum
günəşin necə doğduğunu
necə batdığını seyr etmədən yaşadım
xəyallarım narkotik
sevgilərim nevroz
həyatım boz.
Zahir Əzəmət
70-80-ci illər şeirinin çöküşünün səbəbləri daha çox bəşəri, qlobal ümidsizlikdən doğan tənəzzüllə əlaqədar idi. 90-cıların şeirlərinə "boz", "nevroz" ifadələrini gətirən səbəblər isə başqadır. Təbii ki, burada da qlobal problemlərdən doğan ümidsizlik öndədir. Amma bura həm də fərdin başqa ağrıları əlavə olunub: müharibədə itirilən gəncliyin nisgili, gələcəklə bağlı iddiliyaların yoxa çıxması, sosial problemlərin məngənəsində çırpınan şair həyatı, gün-güzəran dərdi, heç yerdən boy göstərməyən işığa həsrətlik və s. və i.a. Təbii ki, hər nəslin yetişdiyi, ədəbi-bədii təfəkkürünün formalaşdığı zamanın onun yaradıcılıq yolunun müəyyənləşməsində xüsusi rolu olur. Bu halda zaman məfhumu ədəbiyyat üçün yalnız tarixi göstərici olmayıb, daha geniş fəaliyyət hüdudunu - onun özünəməxsus yaradıcılıq ritmini, inkişaf dinamizmini çevrələyir. Yeni nəsil yazarlarının keçib gəldikləri yolun arxasında parçalanan, işğal olunan Azərbaycan həqiqətləri, zamanın üzləşdirdiyi fəci və dramatik situasiyalar, sosial-siyasi problemlərin mənəvi-psixoloji aləmdə yaratdığı təbəddülatlar dayanır: "Dayandırın yağışı/ Günəşi susdurun/ Biz köpəkləri təpiklə vurub öldürən/Amansız adamların arasında doğulmuşuq..." (Alik Əlioğlu).
90-cı illərdən başlayaraq milli poeziyada əsas poetik ovqatı təyin edən pessimizm çalarları günümüzədək funksionallığını davam etdirməkdədir. Daha çox gənclərin yaradıcılığında hakim olan bu əhval-ruhiyyə şeirimizin ümumi mənzərəsində bu gün də dominantlığı əldən vermir: "Oksigensiz tunellərdə keçir ömür./ Ömür dedikləri ölümə qədərki tunel./ Ölüm-depoya gedən qatardan düşməmək kimi bir şey./ - Qardaş, düşmürsənsə, icazə ver düşək..." (Qismət).
Sənət, ədəbiyyat isə... Xilasdır dedik. Günəşi qorumaq məqamından gedir söhbət. 80-ci illərin sonlarında poeziya üfüqlərində qəfil gün işığı kimi doğub elə gəldiyi qəfil sürətlə də qeybə çəkilən şair Faiq İsmayılovun bir şeirini xatırlayıram. Günəşi canına çəkib sevgi nəğmələri yazan və Azərbaycan poeziyasına dopdolu sənət miras qoyan Faiq İsmayılov bu şeirdə günəşi bir gözəllik möcüzəsi kimi təsvir edib:
Günəş şirədi başdan-ayağa,
Arıların qanadı yanmasa
Uçarlar düz günəşə.
Budaqlardan asılıb
Günəşdən şirə çəkir
"mələs gülöyşə".
İçmişəm günəş şirəsi
və günəş kimiyəm.
dilimdən düşməyir
sevgi nəğməsi!
Bütün sevgi nəğmələri günəşi içənlərin türküsüdür!