Elşən Təhməzov. Yeni şeirlər
Poeziya
- 29.04.2021
- 0 Şərh
- 9479 Baxış
Atmadı məni
Yenə ötənləri saldım yadıma,
Bir damla göz yaşım atmadı məni.
Sevinclə, kədərlə qaldım baş-başa
Kədərim sevincə satmadı məni.
Sənli xatirələr, sevimli anlar,
Səninlə yaşanan gözəl zamanlar,
Mənə sevinc verib kədər alanlar
Bir daha kədərə qatmadı məni.
Sən axı bu eşqi əziz sayırdın,
Günəşdən od alıb şəfəq yayırdın,
Məni məndən alıb məndən ayırdın
O gündən bu sevgi dadmadı məni.
Səni ürəyimdən çıxarmaq olmur
Dolanır həftələr, dolanır aylar,
Yadıma düşürsən yenə günbəgün.
İndi asimanda uçur xəyallar,
Yenə hədər olur saatı ömrün.
Yazıq taleyimin nəydi günahı,
Bu həyat gülmədi bir kərə mənə.
Qar kimi ağardı sevdamın bağı,
Həsrətim çoxaldı günəşə, günə.
İndi dərd-kədəri yaşa nə fərqi,
Zamanı geriyə aparmaq olmur.
Daha ayrı-ayrı yaşasaq belə,
Səni ürəyimdən çıxarmaq olmur.
Möcüzə içində həyat
Yaşardıqca gözlərim
Yüksəlir ah nəfəsdən.
Soyuqlaşır əllərim,
Çox qorxuram bu səsdən.
Bu səs tikan olub
batır qəlbimə
xəyalın buz qaynar bulağı kimi.
Duyğular çevrilir
zəhərə, qəmə
İllərin ot basmış alağı kimi.
Ürəyim nə yaman soyuyur mənim.
Özüm öz-özümə qənim kəsildim.
Bir ömrün xəfifcə səhər küləyi,
Səni görən kimi tir-tir əsirdi.
Bu quru çətirlər, bu yaş çətirlər
İndi nə qüssəni, nə qəmi örtür.
Məni də unutdu, məni də atdı
Min dəfə gəzdiyim küçələr, tinlər.
Möcüzə içində həyat yaşatdı
Qırılan ürəklər, sınan ürəklər.
Gözlərində sevgi vardı
Gözlərində bir sevgi var,
Olmazmı, dilin də deyə.
Bu məhəbbət çiçəyi bəs,
Solmazmı, bu səssizliyə.
Nələr kəsdi yolumuzu,
Qəm örtdü sağ-solumuzu,
Bu gedişlə sonumuzun,
Sonu çıxar mənsizliyə.
Ayırdılar səni məndən,
Arzularım pərən-pərən,
Ümidim yox gələn gündən
Mən gedirəm sənsizliyə.
Vətən şeiri
Vətənin hər yanı güldür, çiçəkdir,
Çeşməsi, bulağı, gur-gur çağlayır.
Yaşamaq ümidsə, ümid vətəndir,
Vətənsiz bir ürək niyə yaşayır?
Dünya bəxş edibdir bizlərə səni
Azərbaycan kəlməsindən sevinir həyat.
Belə əzəmətli yurdumuz varkən,
Sən də boş dayanma dərdi yana at.
Elşənin sözündən neçə el-oba
Bu gözəl yurdumun seyrinə çıxsın.
Bütün yad əlləri atıb kənara,
Gözəl sevgiləri bir yerə yığsın.
Azərbaycan bir işıqdır
Azərbaycan bir işıqdır,
Həyata nur ələyir.
Dünyaya yaraşıqdır,
Sülh tərənnüm eləyir.
Türkiyə dəstəkçidir,
Bizə bu haqq yolunda,
Səsimizə səs verir,
Düz çıxırıq sonunda.
Daim zəfər yolunu
Biz birgə addımlayaq.
Məhv edək düşmənləri,
Dünyaya sevinc yayaq.
Sən arzumuz, eşqimiz
Sən arzumuz, eşqimiz,
Ömrümüz, sevincimiz,
Sənsiz, yaşamarıq biz,
Təki sən yaşa, Vətən.
Uğrunda çox can gedib,
Fəxr elə sən özünlə.
Bizim nəfəsimiz də
Sənsən ürəyimiz də.
Vətən, sevin hər bir an,
Sənə biz çox bağlıyıq.
Qarabağ Azərbaycandır,
Bu sözdə çox haqlıyıq.