Ən doğru "qeyri-peşəkarlıq" - Rauf Ra yazır...
Esse, Art
- 24.03.2021
- 0 Şərh
- 11486 Baxış
Sənətin çevrə şəkilli hərəkət trayektoriyasının yaratdığı, müxtəlif cərəyan, üslub, stil mərhələlərinin həzm olunma prosesində, təsviri incəsənət sənətin digər növləri ilə müqayisədə dəyişkən prosesləri Salvadorunun kəpənək dəyirmanlarına bənzəyən dəyirmanından keçirərək daha rahat həzm edə bilib. Rəng tunelinin müxtəlif mərhələlərində təsvir ustaları ortaya çıxan cərəyanlar daxilində bir-birindən fərqli, özünəməxsus üslublar, stillər nümayiş etdirə biliblər. Ən əsası da dövrə və ya təxəyyül güclərinə adekvat saydıqları cərəyanların əsas mahiyyətlərini öz toxunuşları ilə birlikdə təsvir etməyi bacarıblar. Lakin, fikrimcə, bütün bu mərhələlərin yaranma gedişatında 19-cu əsrin sonlarında yaranmış primitivizm cərəyanının ifadə etdiyi, daha doğru desək, ifadə etmək istədiyi anlam ya primitivizmin, ya da çəkilən əsərlərin prizmasından qaranlıq qalıb. Əsas mahiyyəti yetişkin yaradıcılıqdan bir uşaq yaradıcılığına (və ya ibtidai dövrün təsvirlərinə bənzər formaları yaratmaq) keçid etmək olan primitivizm "bənzərlik və eynilik" (əldə etmək) arasında qaldığından elə arada qalaraq da öz dövrünü başa vurub. Kətan üzərində uşaq yaradıcılığına keçid etmək - uşaq olmaq - təxəyyülün zaman gedişatında geri qayıtması olduqca çətin, deyərdim ki, mümkünsüz olduğundan yaradılan əsərlər uşaq yaradıcılığı ilə nə bənzərlik, nə də irəli getsək, eynilik təşkil edib. Bütün bu proseslərin kulisində yaranan bir sual yaradılan əsərlərin arxa planında qalmayıb.
"Ümumiyyətlə, primitivizm reallığını yaratmaq mümkündürmü?"
Bu sualın cavabını tapmaqdan ötrü cərəyanın özəyi olan ibtidai sənətin yaranma səbəblərini, əsas və ən xırda özəlliklərini, cərəyanın özü-özlüyündə özünü təsdiq edib-etməməsini anlamaq lazımdır.
İbtidai sənət 21-ci əsrdə də əksər rəsm ustalarına təsir göstərir. Voringerə görə insanın kainata qarşı münasibəti nəticəsində müxtəlif ideyalar ortaya çıxır. Sadə dillə izah etsək, ibtidai sənətdə təbiət insanlara yox, insanlar təbiətə sahibdirlər. Yəni insan özü ilə təbiətin özündə ehtiva etdiyi oxşar cəhətlərin axtarışında olarkən ibtidai sənət yaradır. Təsvirin və sehrin gücü ilə yırtıcı bildiyi təbiəti ram etməyə, öz öhdəliyi altına salmağa çalışır. İbtidai sənətdə rəsm, heykəltəraşlıq bədii bir fəaliyyət deyil, güclü inancların, ümidlərin və qorxuların ifadəsidir. İbtidai sənətdə sənətkarın baxışı heç vaxt real deyil, daima konseptualdır; belə ki sənətkar məfhumların görünən tərəfini deyil, saf ağılın vahid anlaşılması ilə başa düşülən ən vacib və əsas cəhətlərini əks etdirməyə çalışır. Təfəkkürün fəaliyyəti işə düşmür, insan sadəcə duyduğu, hiss etdiyi düşüncənin təsvirinə yönəlir. Düşüncə təsvir edilir, lakin düşüncənin mahiyyəti digər düşüncələrlə əhatələnmir, təsvir sadəcə duyulanların əhatəsində qalır.
İbtidai sənətdən 19-cu əsrin sonlarında yaranan primitivizmə qədər yol gələn təsviri incəsənətdə ibtidai sənət adlandıra biləcəyimiz yeganə sənətkarlıq uşaq yaradıcılığıdır. Başqa adla desək, pirimitivizmin özünə təsəlli verib dayaq - kontekst yarada bildiyi yeganə yaradıcılıq. Bu səbəbdən dövrün rəssamları saflığa, bilgisizliyə ümümiləşdirsək, infantilizmə yönəlib primitiv əsərlər yaratmağa başladılar. Amma əslində onlar sadəcə primitiv sənətin sərhədlərini bəlli edən "qanunlar"a riayət etməyə çalışdılar ki, bu zaman bilgili düşüncənin özünü ortaya atması əsərləri primitivizmin əsas mahiyyətindən uzaqlaşdırdı. Primitivizm sənətkarı üçün sənətə rəhbərlik edən müəyyən nisbətlər, ölçülər və duruşlar - qanunlar vardır ki, bu qayda və düsturlar sənətkarın yaşadığı həyat fəlsəfəsinə aiddir. Bütün qaydalar sənətçinin çəkinmədən qəbul etdiyi və mənimsədiyi qaydalardır. Lakin cərəyanı dərk etmək üçün yaratdıqları bu qaydalar cərəyanın özünə qarşı inkarlıq yaratdığından seçilən qaydalı düzxətli yol, ən doğru və sərbəst ziq-zaq yolunu rəssamların yaddaşlarından tamamilə sildi. Cərəyan öz mümkünsüzlüyünü öz mahiyyəti ilə, ən xırda detalı ilə rəssamlara çatdırsa da, rəssamlar uzun müddət inadkarlıqlarından əl çəkməyib, çəkdikləri əsərlərin uşaq yaradıcılığına eyniliyə yaxın bənzərlik, ya da tamamilə eynilik təşkil etdiyi iddiasından da daşınmadılar. Lakin yetişkin düşüncənin varlığı yuxarıdakı sualın cavabının "mümkündür" olmasına, "peşəkar sənətkarlıq" yaradan yetişkin sənət təfəkkürü sənətin yeganə peşəkar "qeyri-peşəkar" üslubu kimi görünən primitivizmin ibtidai dövrdən sonra yaranmasına icazə vermədi. Daha çox ümumilik təşkil edən uşaq yaradıcılığının ideyaları yetişkin düşüncə xüsusiliyi əhatəsində qalaraq da öz dövrünü başa vurdu.
Anri Russo, Niko Pirosmani, Pol Qogen kimi rəssamların primitivizm cərəyanındakı bütün cəhdləri - yaratdıqları bütün əsərlər bu gün primitivizmin əsas sənət nümunələri kimi hesab olunsa da, fikrimcə, sadəcə bir cəhd olaraq da qaldı.
Sonradan Pikasso və Dubuffet kimi sənətçilər primitivizmdən çox təsirləndilər. Hətta Dubeffet "Art Brut" koleksiyasını tərtib etdi. Dubuffet, xüsusilə də, "cəmiyyət xaricində" olan əsərlərinə əhəmiyyət verib, qərb üslubu estetikasının atladığı dəyərləri və materialları özündə cəmləşdirib başqalarının sənətinə yönəlməklə bir növ öz həqiqətini axtardı. Pikasso isə öz həqiqətini ömrünün son illərində "Rafael kimi rəsm çəkməyi bacarırdım, amma bütün həyatım boyunca bir uşaq kimi rəsm çəkməyi öyrənməyə çalışdım", sözləri ilə ifadə etdi. 20 - ci əsrin sonlarında Azərbaycan rəssamlarından Kamal Əhməd də Primitivizmdə bir çox cəhdlər etdi. Lakin bütün rəng ustaları kimi onun da cəhdləri eyni sonluqla nəticələndi. "Yetişkin peşəkarlıq" ən doğru "qeyri-peşəkarlığı" yarada bilmədi.