
Eyyub Məmmədov. Çinar ağacı (Hekayə)
- 28.07.2020
- 0 Şərh
- 5533 Baxış
Bu
payız kəndimizi fəlakət yavaş-yavaş, özü də ayaqdan haqladı. Öz xəstə ürəyinin
ağrısından baş aça bilməyən bu qərib elimiz bir də onda ayıldı ki, özü boyda bir fəlakət basıb salıb onu dizinin altına. İyirmi beş il əvvəlki payız
kimi bu payız da kəndimizdə bomba səsini ancaq uzaqdan eşitdik, özü də lap çox
uzaqdan. Elə ona görə idi ki, anaların uşaqlarını aldatması üçün çox nağılı
var idi. "Ən pis şeylər həmişə uzaqda
baş verir axı...” Ancaq, bu dəfə bomba səsi uzaqda eşidildiyi qədər də, kədərin
ağır qoxusunu elə lap yaxında – ənsəmizin dibində hiss etdik. Bu iyirmi beş ildə
ilk dəfə kəndimizi bu qədər aciz və köməksiz görürdüm. Elə buna görə də kəndin
başbilənləri "bu payız o payızdan deyil,
deyəsən” demişdilər. Kəndimiz özü kimi sonuncu ala qarğasını, elə bu payız,
sonuncu dəfə, kəndin düz ortasından sivişib keçən asfalt yolun üstündə görmüşdü.
Həyətimizin
barını-bərəkətini bu qarğa aparmayacaqdı onsuz. O qonaq idi. Özü də allah
qonağı. Bir gün kəndimizin aşağısındakı məscid çinarına qonaq gələrdi, bir gün
də bizə. Odur ki, qarğadan qorxmazdıq. Bu gəldi-gedər qonağa qapı açardıq.
Verdiyinə şükür! "Qışa təpə-dırnaq bəs edəcək bu ceviz” – əmim bunu deyib babamı
yuduğu qoz ağacının düz dibindəki üç-dörd cevizin üstünü xəzəlləyib örtdü .
Dedi - qalsın qarğalara. Ürpənməyə macal
tapmamışdım ki, babamın kəndimizin girəcəyindəki qəbiristanda uyuduğunu yadıma
salıb toxtadım. Odur ki, rahat olmaq olar. Özümü ələ alıb, yüngüllüyəndən sonra
dərhal keçdim heyva ağacının altındakı samovarın başına. Babam ölüb. Ölübsə lap
əla! Əsas olan, o xəzəllərin altındakı
babam deyil. Vəssalam!
Kəndimizin
sonuncu qarğası həyətimizdən götürdüyü cevizi kəndin düz ortasından sivişib keçən
asfalt yola çırpmağa macal tapmamış ögey
qardaşım Sərvər əsgərlikdən qayıtdı. Bilmədim qayıtmaq necə olur, özünü qapıdan
içəri qaranəfəs soxmaq necə? Əgər buna qayıtmaq demək olarsa, onda qayıtdı. Nə
də olsa uzun zaman idi ki, biz qayıdan insan görməmişdik. Bircə gedənlər vardı. Bir də peşman olub gələnlər. Bu kəndə
axırıncı dəfə kim qayıtmışdı, yəqin, bir nənəm xatırlayar. Sərvər əsgərlikdən
qayıdıb gördü ki, kəndin cavanları daha qovaq ağacının altına yığışmır. O gördü
ki, indi daha kövrəlməyin yeri yox. Və qayıdıb gördü ki, nə yumurtasını
yediyimiz boz kürt var, nə də onun illərcə yumurtladığı çəpər. Çəpərimizi
uçuranlar onun ətəklərindəki bənövşəni görməmişdilər.
Yoxsa, bilərdilər ki, bütün bu zamanlarda, bütün bu kəndin yerinə elə bizim həyətin bənövşələri,
elə düz bu çəpərin dibindən nəfəs alıb.
Əvəzində isə həyətimizi balıq iyi bürümüşdü.
Elə bürümüşdü ki, birdən-birə ürəyim
qalxdı. Az qaldım qusam. Hansı ki, mənim ürəyim bir daha belə belə, uzun illər
sonra – əsgərlikdə, yatmağa yox, yeməyə getdiyimiz əsgər yataqxanasında
qalxmışdı: Məmmədov, Alışov, Balayev, Sarayev. İlahi, bu qədər adam olar? Adamı
cəhənnəm, bu qədər adama dözmək olar? Bəs bu çürümüş-iylənmiş nəsil-nəsil
yığıntıları neyləyəsən?! Ürəyim az qaldı sinəmdən qan əvəzinə özünü vurub
çıxarsın. Özümü birtəhər çölə çatdırıb torpaq təpəciyin dibinə öyüdüm. Kürəyimi
söykədiyim torpaq təpəsinin arxası düşmən, önü isə tanımadığım insanlarla dolu
idi. Soyuq tər basmışdı məni. Elə tərlədim ki, dedim bu dəqiqə kürəyimin təri
bu torpaq təpəciyi isladıb bir əlcə edəcək, yığacaq əlimə, ovcuma. Başımı
qaldırsam çölümdəki düşmənlərim görəcək, əysəm torpağım boğacaq məni.
İçim-içalatımın qarışıb suladığı torpağım. Odur ki, özümə gəlib qayıtdım
yataqxanaya. Gecə ağır olacaqdı. Ucuz, filtirsiz siqaretlərdən çəkib gecəni səhərə
çıxa biləcəmmi, bilmirdim.
Nə duzundan yarına bilən, nə şəkəriylə barışan
səksən iki yaşlı şəkər xəstəsi Şəkər nənəmin bir qrafin su istədiyinə qulaq kəsildim.
Dedi
- bilmirəm ciyərim yanır, ya ürəyim,
amma su verin, su! Yoxsa bu yanğı qor kimi qovuracaq məni.
Yazıq
arvad. Nə bilsin ki, suyunu içib susuzluğunu yatırmaq istədiyi çaydan tutmuşdu
balığı atam. O yazıq da elə həmən suyun balığını yemişdi!
Sərvər dedi ki, daha onu illərdir yuxularında
bezar salan kabusu bilmərrə yoxa çıxıb. Neçə vaxtdır ki, gəlmir yuxusuna.
Bilmirəm bilirdimi, ya yox, Əliyusif dayı uzun illərdən sonra məktəbimizin
qapısındakı dükanı yenidən açmışdı. O dükanı ki, mən illər əvvəl o dükanın
yanında qonşumuzu davaya çağırmışdım. Özü də çinarın altına. Yazıq ağac. Müqəddəs
ağac. O ağac ki, bu oğraşlığıma şahid olmaq istəməmişdi. Mən isə cinayətimə şərik
kimi bu müqəddəsi seçmişdim. Yaxşı ki, nə qonşum, tayım-tuşum və ən yaxın
dostum ora getdi, nə mən. Elə bu davamız da başladığı kimi də bitdi. Odur- budur,
qardaşım Sərvər uzun illər o yuxudan şikayətləndi.
- Məni
rahat buraxmır bu dükan, elə hey yuxuma girir, - deyirdi.
Yuxusu
çin olmuşdu. İndi o dükan yenə var. Çinar ağacı da həmçinin. Dünya durduqca
Çinar ağacı da var olacaq. Elə dünyamız da. Təki dünyamız salamat olsun.
Ömrünün ahıl yaşında daha nələri görəcəkmiş,
nələr eşidəcəkmiş nənəm?! Nə lazım idisə hamısını eşitmiş, görmüşdüsə, bəs niyə
ilin-günün bu çağında – gözlərinin nurunu saçlarına ötürdüyü ömrünün bu payız
ilində eşitdi ki, qonşumuz Mədinə xala iyirmi il əvvəl öz əli ilə toxuduğu
xalçanı Gəncə bazarından elə öz puluna alıb. Ara qızışdı, dava başladı, hamı hər
şeyini götürüb tərk etdiyi torpaqlarında illaha ki nəyisə yaddan çıxarıb qoydu.
Özü də bu unutduğu şey nə idisə, həyatındakı
ən müqəddəs şey də o olmalı idi haqq-hesabda. Hər şey cəhənnəm. Mədinə xalanı
incidən öz əli ilə toxuduğu o xalçanı illər sonra öz pulu ilə Gəncə bazarından
alması deyildi. Onu yandıran o idi ki, o, bu illər ərzində özünümü aldatmışdı yəni?
Yəni, illərcə ağlayıb-sızlayıb gözünün qorasının tökdüyü o xatirələrinin çox
yox, səksən manatamı satmışdılar? Nə bilmək olar? Bəlkə, haçansa torpaqlarımız
alınar, yenə qayıdar Mədinə xala öz ata-baba evinə, yenə üstündə ilmələri ilə
pişik kimi oynadığı xalçasını toxuyar, amma bu dəfə nə olur olsun, o xalçasını
unudub evdən getməzdi. Nə olur olsun getməzdi.
- Allah sənə ömür versin ay Şəkər xala. Görüm
qada-bala nədi bilməyəsən. Daim, sənin nəfəsin bu ocağı qızdıra elə. Sən ki bu
xalçanı aldın, sən ki bu çətin vəziyyətdə mənə kömək əli uzatdın, allah min əvəzini
versin.
- Nə
ömür-ömür danışırsan ay Mədinə, mənimkisi ömürdən keçib. Mənə ölüm dilə sən,
ölüm. Xalçan sənə ömür versin, mənə ölüm.
Ölü pulunun sonuncu qəpiyinə kimi yığıb bu
xalçanı nənəm aldı. Mədinə xalanın ömrü
artdı, nənəmin ölümü. Və nənəm bundan sonrasını düşünmədi heç. Sonuncu arzusu
yerinə yetmişdi çünki. Öləndə onu bükməyə
xalçamız vardı. Və bu xalça onu
büküb-büküb bu dünyadan gizləyəcəkdi.
***
Kəndimiz sürüşmə sonasına düşmüşdü. Kənd ev-ev, küçə-küçə gedirdi torpağın altına. Yaxşı ki, biz kəndin ayağında yox,
başında yaşayırdıq. Biz başın zillətini
çəkən ayaq olmadıq. Biz ağrıyan başın
özü olduq. Və o qanlı-qadalı illərin,
ağrılı-acılı günlərin birində qəfil Sərvər hiss etdi ki, o, bu kənddə
darıxacaq. Odur ki, bir tədbir görmək
lazım idi. Müharibədən ona yadigar qalan
ömürlük şikəst ayağını sürüyə-sürüyə götürüb apardı. Onda biz daha qorxmadıq. Çünki bilirdik ki,
gedəcəyi yer yoxdur. Amma nə edəcəkdi, onu bilmirdik. Odur ki, maraqla diqqət kəsildiyimi
görüb dedi:
- Gəl!
Atamın oğlu bu illər ərzində necə dəyişmişdi
ilahi! Qəddi-qaməti çox iri idi. Baxanda ayağını çıxmaq şərti ilə yaraşıqlı demək
olardı. Ayağını bədəninə aid etməsək, hətta deyərdin çox yaraşıqlıdır. Amma
daha o nəhəng bədəndən qorxmurdum. Nə səsi əvvəlki kimi məni titrədir, nə də
gözləri canıma üşütmə salırdı. Düzdü, hələ də mənə soyuq yanaşsa da, hiss
edirdim ki, özü də bezib artıq. Gec də olsa yəqin başa düşmüşdü ki, atam onun
sözü ilə nə ikinci dəfə evləndiyi anamı boşayacaq, nə də məni – ögey qardaşını
onun ayağına verəcəkdi. Sərvər taleyi ilə barışmağa məcbur olmuşdu. Bizim tərəfdə
insanlar taleyinə asi çıxa bilmir. Ya onunla barışır, ya da ona uduzurlar. Vəssəlam!
Bizim taleyimiz daim bizim qaça-qaçda, qova-qovda olduğumuz bir məzhəkədir.
Ciddi adamlar ona heç vaxt baş qoşmur.
Küllüyün
arxasında eşələnən iri sağsağanı göstərib dedi:
- Bilirsən,
onun nə xeyirli əti var?
Bilirdim.
- Bilirsən
ki, sağsağanı heç bir tələ ilə tutmaq olmur?
Bilirdim.
- Bilirsən
ki, mən bunu uşaq vaxtı bir kitabdan oxumuşam?
Bilirdim.
- Bilirsən
ki, o sağsağanı, o da olmasa, cəhənnəm, başqasını tutub ətindən nənəyə yedirtsək
bəlkə də arvad sağalar? Yazıq arvad, görmürsən necə əziyyət çəkir?
Bilirdim.
Bilirdim. Bilirdim. Lənət olsun ki, mən hər şeyi bilirdim. Yaşımdan çox bilməyə
məcbur idim. Yaşaya-yaşaya öyrənmək nəsib olmamışdı mənə. Öyrənə-öyrənə
yaşamışdım bugünəcən. Ona görə də hər şeyi bilmək nəsib olmuşdu payıma.
Yaşımdan çox qabağa qovdular məni.
- Yaxşı,
gözünün qorasını tökmə yenə!
Sükut.
- Arvada
baxanda ürəyim ağrıyır lap. Biz nənəmizi uşaqlıqdan çox istəmişik. Düzdü, hər kəs
gec-tez öləcək. Hələ davada cavan-cavan ölən dostlarımı görəndən sonra ölüm
zad-söhbəti, ümumiyyətlə, məni heç
maraqlandırmır. Qoca arvaddı. Yaşadığını yaşayıb, bundan sonrası da ki, qurban
olum allaha, haqqdı. Amma, bir yandan da fikirləşirəm ki, nə bilmək olar, allah
verən ömürdü - nə qədər yaşadı? Heç
olmasa qoy biraz gün görsün.
- Dava
çox pis şeydir? – qolumu burnuma çəkib
hıçqırtılı səslə soruşdum.
- Hə, bəs
nədir? Hələ davadan da pisi, onu gətirdiyi
zir-zibillərdir. Təsəvvür elə, heçnə yolunda getmir. Heçnə sən istəyən kimi olmur. Ən əsası da, istədiyin qədər yata bilmirsən
bu müddəti. Nəysə, sən belə işlərə baş qoşma. Bunlar boş şeylərdir. Gedək!
Mən
yetmiş yaşım üçün nəzərdə tutmuşdum təəcüblənməməyi. Amma niyəsə, gəldi bu
cavan yaşımda, özü də qaranəfəs , qaça-qaçda, qova-qovda tutdu məni. Haraya qaçırsan qaç, özün də yaxşı bilirsən
ki, gedib qayıdacağın ən uzaq yer elə yeddi ilə yetmiş arasıdır. Şayət mən dörd tərəfinin uçurum olduğu,
özünümü, yoxsa bizimi bütün dünyadan qoruyurmuş kimi gizləndiyini sanıb,
inandığı bu yalanla bizi də aldatdığını sanan, saf və sadəlövh bu kəndimizdən kənarda
da bir vətənimiz olduğunu unutmamışdım. Odur ki, rəqəmlər arası bir dünyada var olmaq həm də acı bir
istehzadır. Fanilik - bu faniliyi heç
cür ört-basdır edə bilməyən, ovundurmaqdan daha çox qıcıqlandıran yaşama
ehtirası. Mənim üçün vətən, sevginin hələ də niyə və nə üçün var olduğunu bilməyənlərin
ölkəsidir. Tarixin bu keşməkeşli
vaxtında, (hərçənd ki, mən heç bir digər zamanları görməmişəm - nə keçmişi, nə də gələcəyi)
başımıza gələnlərə hələ də seyirci gözü ilə baxmaqdayam. Odur ki, yayında da,
qışında da heç vaxt hüzurunu tapa bilmədiyimiz, ikiəlli göyə dikilib qalan
qocaların ümidinə bənzər bir ümidlə gözlədiyimiz payızında daha heçnəyin əvvəlki
kimi olmayacağından qorxub ürkmüş kimi yavaş-yavaş kəndin içindən sivişib
çıxmağa can atan yollarına baxdıqca canımı üşütmə tuturdu. Bu yol bizi hara
aparır? Soruşmağa utandım qardaşımdan. Qorxurdum ki, məni sarsaq və boş-boş
danışan yanşağın birisi adlandıracaq. Halbuki, mən bu illər ərzində onun yanında ağzımı belə
açıb danışmağa cəsarət etməzdim. Görünür, insan təkcə danışanda sarsaqlamırmış.
Bəzən susmaq da ağılsızlıq əlamətidir. Sükut da nəvaxtsa iyrənc görünə bilərmiş. Ya da mən iyrəncliyimi
gizlətmək üçün susmağa üstünlük vermişdim. Bax bunu bilmirdim.
-
Vallah, bu yol məni qorxudur, gəl qayıdaq!
- Nə
mızıldayırsan dodaqlarının altında? Böyüyüb yekə kişi oldun, hələ də düz-əməlli
danışmağı öyrənmədin. Nə deyirsən, möhkəm de görüm?
- Biz
hara gedirik?
- Gedək
məscidə!
- Orda
sağsağan olmaz. Olsa-olsa qara qarğa olar. Onu da tuta biləyəcəyik.
- Rəhmətliyin
nəvəsi, ilin-günün bu vaxtında qara qarğa nə gəzir buralarda? Qara qarğa o vaxt
olub, onu da Ağakərim dayı atın belində tüfənglə vurub. Özü də qoşalüllə tüfənglə. Doğru sözümdür, inan mənə. Təsəvvür edirsən, atın belində, əlində də
qoşalüllə, bir də eşidirsən ki, qulağına qarğa səsi gəlir. Göyə baxırsan, heçnə
yoxdur. Amma səs gəlir axı hardansa.Və eləcə atın belində ağzıyuxarı geriyə
baxıb qarğanı görürsən. İnandırım səni, o qədər cıvraq kişi idi ki, heç qamətini
düzəltməyə belə gərək görməmişdi. Qarğanı elə o vəziyyətdə də biryolluq eləmişdi.
Düşün, əcəb qiyamət olar ha. Amma indilərdə day buralara qarğa gəlməz.
- Yox,
var. Əmim dedi ki, gəlib həyətimizdən ceviz də götürəcək hələ. Mən görmüşəm. Özü basdırdı cevizləri. Yüz faiz var. Olmasaydı əmim elə deməzdi.
- Yaxşı,
olsun. Onsuz da qarğa axtarmırıq. Gedək elə-belə baxaq.
Məscidin həyətinə qədər gəlib çatan çinarın
kölgəsi özü qədər əzəmətli idi. Bu möhtəşəmliyə heyran qalmamaq mümkün deyildi.
Bu payız hələ ki çinarımıza güc gələ bilməmişdi. Yarpaqlarının saralıb-
solmasına baxmayaraq hələ də tökülüb qurtarmayan çinarın yaşı-başı bilinməzdi
bu kənddə. Bəlkə də, elə ən azı kəndin özü qədər yaşı vardı bu qocaman çinarın.
Məscidindən baxanda çinarının göründüyü, çinarından baxanda məscidinə heyran
qaldığımız bu kənd öz ulu çinarına daim inanmışdı. Müqəddəs idi bu ağac. Odur
ki, dilləndim:
-
Eşitmisən ki, çinar ağacı müqəddəs ağacdır?
- Əşşi,
nə müqəddəs? Qoy oturmuşuq, sən mənim canım. Ağacdır da, adi ağac. O biri
ağaclar kimi bu da adi bir ağacdır.
- Yox,
elə demə! - dedim. - Müqəddəs olmasaydı
nənəm deməzdi. Nə əcəb eşitməmisən, sənə deməyib?
- Hansı
nənən? Öz nənən?
Bilmədim.
Söz atırdı, deyəsən. Hər halda məni
incitmək üçün deyib-deməməsinən asılı olmayaraq pərt oldum. Bərk peşman
olmuşdum. Özü də hiss etmişdi artıq. Hər halda lazım deyildi. Niyə yadıma
salırdı axı? Yenə də elə düşünürdü ki, hər şeyə mən günahkaram? Buna görəmi gəlib-gedib
bizim daim bu evdə artıq olmağımızı bildirmək istəyirdi? Yəni, bizim ortaq cəhətimiz
yox idimi? Bir nənəmiz idi. Ona da mı inanmırdı. Nə isə. Bərk dilxor oldum. Hətta
o qədər dilxor oldum ki, pərtlikdən az qaldım ağlayam. Odur ki, vəziyyəti düzəltmək,
heçnə hiss etdirməməkdən ötrü gərginlik içərisində bir nəfəsə, heç özüm də bilmədim
necə, hardan başlayıb, harada qutardım.
- Yox ikimizin nənəsi. Vallah, elə demişdi.
İnanmırsan özündən soruşarıq axşam. Deyirdi ki, müqəddəs ağacdır. Ona nəsə eləmək
olmaz. Günahdı. Hətta, dəfələrlə olub ki, o ağacı kəsmək istəyənlər olub. Amma
bacarmayıblar. Kimisi elə ağacı kəsdiyi yerdə yıxılıb ölüb, kimisi də sonradan.
Həmişə nənə danışardı.
- Yəqin,
mən davaya gedəndən sonra danışıb. Amma, sən belə şeylərə inanma, boş söhbətdir.
- Mən
inanıram.
- Əşşi
inan da! Mənə nə? Öz işindi. Yaxşısı, gəl qayıdaq, ürəyim sıxıldı lap burda!
Yolumuz
çinarın altından keçirdi. Günəş qüruba endiyi bir vaxta qədər özümüz də bilmədən
bir xeyli gəzmişdik. Kəndin mal-qarası örüşdən qayıdır belə vaxtlar. Çinarın
altından keçəndə Sərvər ağaca boylandı. Hədsiz, nəhatətsiz boşluğa uzanırdı
çinar sanki. Əbədilik yağırdı ağacdan. Elə bir əbədilik ki, fanilik qorxusundan
da betər bir qorxu salar adamın canına. Əli ilə bir-birinə keçirilmiş çör-çöp
yuvanı göstərib dedi:
- Odur
e, sağsağan yuvası. Görürsən? Lap hündürdə. Çıx görüm, indi ora necə çıxa
bilirsən!
Doğurdan
da, çox hündürlükdə idi yuva. Ora çıxmaq üçün ən azı iyirmi-otuz budaq adlamaq
lazım idi. Bu da hər adamın işi deyil. Odur ki, hər ikimiz də təəsüflə
çiynimizi çəkdik. Lap çıxsan da ordan sağsağanı tutmaq müşkül məsələdir.
Olsa-olsa yumurtalarını tapmaq olar. O da, belə vaxt çətin.
Yolboyu
heç bir kəlmə də kəsmədik. Qapıya çatanda Sərvər həyətə girmək istəmədi.
- Sən get, mənim işim var biraz. Gec gələcəm.
Başımla
"yaxşı” cavabını verib qapını açmaq istəyəndə Sərvər qolumdan tutub məni geriyə
çəkdi. Qəfil hərəkətindən diksindim.
- Bura
bax, deyirsən indi çinar ağacını kim kəsmək istəsə o dəqiqə ölür?
- O dəqiqə
bilmirəm. Amma mütləq ölür. Nənə elə deyir.
-
Bilirsən də, bizim davada olduğumuz yerlər başdan-ayağa çinar meşəlikləridir.
- Hə,
bilirəm.
- Bax,
o çinar meşələri dünyanın ən yaxşı çinarları ilə doludur. İndi düşmənlərimiz o
ağacları kəsib satırlar. Özü də bilirsən kimə kəsdirirlər?
Dinmədim.
-
Özümüzünkilərə. - Sərvər özü də cavab verdi. - İndi orda gündə bir tikə çörək,
bir stəkan suya bütün günü olmazın zülmü ilə bizim əsirləri işlədirlər. Təsəvvür
edirsən, öz ağaclarımızı özümüzünkülərə kəsdirirlər. İndi sən inanırsan ki, o
ağacı kəsən bizimkilər elə oradaca ölür?
Bilmədim
nə deyəm. Qəribə hiss edirdim özümü. Çox pis olmuşdum. Sərvər də pis olmuşdu.
Heç vaxt onu belə pis olan görməmişdim. Deyəsən daha danışmaq istəyənə
oxşamırdı.
- Təki
elə sən deyən olsun. Qoy ölsünlər hamısı. Olsun ki, yazıqların canı qutarsın.
Di, get, dayanma get sən evə!
***
Özümü qaranəfəs evdə gördüm. Axırıncı dəfə Sərvərlə
sağollaşıb həyətə girdiyim gündən aylar
ötürdü. Bu müddət ərzində nənəmin vəziyyətində
heç bir irəliləyiş baş verməmişdi. Biz gözləyirdik. İndi isə deyəsən arvadın
halı xarab idi. Bunu tez-tez həyətə girib çıxan qohum qonşudan başa düşmək
olardı. Atamı axtardımsa da, tapa bilmədim. Əvəzində indiyə qədər görmədiyim
bir çox adamlarla qarşılaşdım. Yəqin eşidib gəlmişdilər. Özümü inandırmğa
çalışırdım ki, heçnə olmayacaq. Utanmasaydım ağlayacaqdım az qala. Evdə qəribə
bir sükut vardı. Sanki, heç kəs danışmağa cəsarət etmirdi. Nə qədər istəsəm də,
arvad yatan otağa girə bilmədim. Elə qapıdan durub uzaqdan-uzağa baxırdım.
Arvad canıyla əlləşirdi. Bilmirdim niyə pis olmuşdum. Nənəmin ölməyinəmi, yoxsa
onu belə çarəsiz şəkildə həyatla sonuncu mübarizəsinəmi?! Ölməkdən qorxan insan
deyildi. Amma məndən asılı deyil. Bir insanı çarəsiz vəziyyətdə görəndə həmişə
pis oluram. Gözlərim Sərvəri axtarırdı. Tapa bilmədim. Həyətə düşdüm.
Qalaqlanmış ot tayasının arxasına gizlənib siqaret yandırdım. Günün günorta
çağı günəş buludun arxasına qaçırdı sanki. Evdə nənəm, çöldə kəndimiz ağır-ağır
son nəfəsini verirdi.
***
Kənddən çıxan sonuncu ailə biz olduq.
Gedirdik. Hamı kimi biz də kəndi tərk edib gedirdik. Nənəmin dəfnindən sonra kənd
yaşamaq üçün təhlükəli vəziyyətə gəlmişdi. Sürüşmə zonası günü-gündən
böyüyürdü. Odur ki, kəndi təcili boşaltmaq lazım idi. Böyük bir dəstə ilə kəndlə
vidalaşıb çıxmaq istəyirdik ki, Sərvər dayandı.
- Siz
gedin, mənim işim var, birazdan ardınızca gələrəm.
Sanki
belə olmalıymış kimi bütün əşyalarımızı yükləyib maşına doluşduq. Atam dedi ki,
gözləyəcəyik. Yəqin işi elə də uzun çəkməz. Nəsə vacib şeydir bəlkə. Oturub
gözləyərik. Heç eybi yoxdur. Sərvər getdi. Ardınca nigaran qalmışdım. Görəsən
hara gedir belə?! Allah eləməmiş, ağlına nə fikir gəldisə, yenə heç ardına
baxmadan çıxıb getdi. O vaxtı da belə
getmişdi. Amma inanırdıq ki, bu dəfə də qayıdacaq, özü də tez qayıdacaq. Onun
bu kənddə daha nə işi ola bilərdi axı? Bu kəndə bağlayan nə idi ki onu? Bir cüt
sağsağan yumurtası, bir tənha qara qarğa, bir də göylərin möhtəşəmliyinə doğru
uzanıb ölümsüzləşən Çinar ağacı. Başqa heçnə!