Faiq Əhmədin məşhurlaşan xalçaları plagiatdır? - SƏNƏT QALMAQALI
Rəssam
- 08.09.2020
- 0 Şərh
- 15406 Baxış
Konseptual rəssam Faiq Əhmədin (Əhmədov) son günlər diqqət mərkəzinə gələn xalçaları ətrafında ciddin müzakirələr başlayıb.
Yarpaq.Az-ın verdiyi xəbərə görə, rəssam plagiatda ittiham edilir. Onun bu ideyaları mərhum sənət yoldaşı Ceyhun Ocaqovdan oğurladığı bilidirilir.
Qeyd edək ki, bu ittihamın özünü də elə ilk dəfə mərhum rəssam C.Ocaqov özü ictimailəşdirib. Hələ 2012-ci ildə mətbuata müraciət edən rəssam C.Ocaqov mövzunu gündəmə gətirmiş və bir vaxtlar öz emalatxanasında yer ayırdığı (2007-2009) rəssam Faiq Əhmədi onun ideyalarını oğurlamaqda ittiham etmişdi.
Ceyhun Ocaqov həmin məktubunda yazırdı ki, hələ 2010-cu ildə Azərbaycan xalçalarının dekonstruksiyası ideyası əsasında iki eskiz layihə hazırlayıb. Daha sonra onların reallaşdırılması üçün sponsor axtarışına çıxıb. Lakin bir müddət sonra səhhəti ağırlaşıb. Belə ki, Azərbaycan həkimləri ona xərçəng diaqnozu qoyur və o müalicə üçün başqa ölkəyə gedir. Sonra həkimlərimizin qoyduğu diaqnozun yanlış olduğu ortaya çıxır və o, bir müddət sonra ölkəyə qayıdıb.
Onun yazdığına görə, yenidən layihəsinin reallaşdırılması üzərində çalışmağa başlayıb. Lakin az sonra öyrənib ki, rəssam yoldaşı onun ideyalarını mənimsəyərək, oxşar layihələr etməyə başlayıb. Belə ki, 2011-ci ildə "Kiçik Qala Art" salonunda keçirilən sərgidə Faiq Əhmədin eyni ideya əsasında hazırladığı "Alminimum xalçalar" layihəsinin şahidi olur.
Sonra mövzu uzun müddət unudulur. Ceyhun Ocaqov dini ekstrimist qruplarla yaxınlaşır.
2017-ci iin 26 yanvarında DTX-nın keçirdiyi xüsusi əməliyyat zamanı C.Ocaqov silahlı müqavimət göstərir və DTX əməkdaşları da, qanuna uyğun olaraq, silah tətbiq edirlər. C.Ocaqov öldürülür.
Bu günlərdə Faiq Əhmədovun Azərbaycan xalçalarını dekonstruksiyası mövzusunda əsərləri təkrar gündəmə gələndən sonra sosial şəbəkələrdə "plagiat" mövzusu yenidən ciddi müzakirə olunmağa başlayıb.
Mövzu ilə bağlı Faiq Əhməd (Əhmədov) bəyanat yayıb:
"Bu ittiham haqda ilk dəfədir ki, ictimai olaraq yazıram. İllər boyu dostumun xatirəsinə hörmət əlaməti olaraq susurdum. Ceka (Ceyhun Ocadov) mənim yaxın dostum idi. İndi o həyatda deyil, buna görə də mən aramızda olan münasibəti müzakirə etməyəcəyəm. Hal-hazırda sosial şəbəkələrdə müzakirə olunan mövzu açıq böhtandır. Məhz buna görə mən fikrimi bildirməyə qərar verdim.
Mən məni ittiham edən həmvətənlərimə – nə mən, nə də Ceka haqda xəbəri olmayan şəxslərə müraciət edirəm. Belə ki, siz məni "ən birinci” olmamaqda ittiham edən nə ilk, nə də sonuncu şəxslərsiniz. Təəccüblənəcəksiniz, amma mən, doğrudan da, xalça üzərində eksperiment aparan ilk insan deyiləm. Məndən öncə bunu Alighiero Boetti, Farhad Moshiri (1940 – 1994), Lətif Kərimov (1906 – 1991) edib. Azərbaycan xalçası mövzusunda məndən başqa, Çingiz Babayev, Vüqar Muradov, Tərlan Qorçu, Elşən İbrahimov, Fərid Rəsulov, Fərhad Fərzəli, Orxan Məmmədov və Ramal Kazım da işləyib. Bildiyimə görə, indiyə qədər heç kim heç kimi plagiatlıqda ittiham etməyib.
İncəsənətdə kiminsə birinci, kiminsə ikinci olması mümkün deyil. Hərənin öz yolu var və rəssamın yolunu imitasiya etmək mümkünsüzdür. Amma imitasiya ilə məşğul olanlar Beynəlxalq İncəsənət İnstitutları vasitəsilə asanlıqla ifşa olunur. Mənim üçün məşhur muzeylərin kolleksiyalarında akademik filterdən keçmədən yer almaq mümkünsüz olardı. Toxuculuğun, xüsusilə Azərbaycan toxuculuğunun rəssamların işləri vasitəsilə daha da populyarlıq qazandığını müşahidə etmək məni sevindirir. Mən həmişə onlara konsepsiyanın yaradılmasından onun reallaşdırılmasınadək hər şeydə dəstək olmaqdan məmnunam.
Əlavə olaraq, neçə illərdir mənə və mənim işlərimə böhtan atan İbrahimə – Cekanın qardaşına müraciət etmək istəyirəm. Bizim şəxsi tanışlığımız olduğu üçün mən ona ictimai olaraq, şəxsən müraciət edirəm. Niyə mənə Cekanın ölüm xəbərindən sonra sizin evə ilk gələnlərdən biri olanda bütün bunları demədin? Sən axı insanlara bütün həqiqətləri danışmadığını bilirsən. Sən bilirsən ki, insanlar bütün doğruları bilsə, məndən üz döndərməz, hətta bunun əksi olar… Amma özünün doğruluğundan əminsənsə, eskizlərlə, sübutlarla, şahidlərlə məni məhkəməyə ver.
Sənin bəhanəni öncədən bilərək bəyan edirəm ki, sənin məhkəmə iddianı, mənə qarşı olan vəkilini və digər məhkəmə xərclərini hakimin son qərarına kimi ödəməyə hazıram. Amma əsassız ittihamlar və böhtan davam etsə, sən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan və yalan informasiya yaymaqla məhkəməyə cəlb olunacaqsan.
Mən hamıya SÜLH arzulayıram! İçinizdə alov yanırsa, onu həmvətənlərinizə yox, Qarabağa yönləndirin! Boş ittihamlardansa bir yerə toplanın, mədəniyyət haqda müzakirələr aparın, mən də məmnuniyyətlə sizə qoşulum!”
Faiq Əhmədin əl işləri: