
Fəxri Uğurlu “Məryəmin oğlu” (hekayə)
- 15.12.2019
- 0 Şərh
- 1945 Baxış
"Tanrı
dağları” silsiləsindən
Qara
xəbər qara yel kimi kəndin bu başından o başına əsdi, çəpərləri aşıb qapıların
arasından evlərə axdı, pəncərələrə çırpılıb şüşələri çiliklədi, damların
örtüyünü atdı. O yelin qabağına düşüb diyirlənə-diyirlənə özünü kəndin
ayağındakı evinə yetirən kişi yaylı taxta doqqazı əlindən necə buraxdısa, qapı
çərçivəni yarıb çöl üzə açıldı. Kişi evin üstünə haya çatırmış kimi gedə-gedə:
–
Arvad, Məryəmin oğlunu öldürdülər! – dedi.
Qadın
bu vaxt çiçəkləri təzələmək üçün əlində boş güldan üst evdən düşürdü. Kişinin
dediyini eşidəndə çığırıb əllərini üzünə apardı, güldanın cingiltisi qadının
çığırtısına calandı, büllur qab un kimi ovulub qırma kimi dörd yana dağıldı.
Otluqda azmış cücəni güdən pişik səksəndi, çil fərənin başından basan xoruz
qanad çırpıb acıqlı-acıqlı banladı, hind toyuqlarını hıçqırıq tutdu. Qadın ayaq
tutmayıb pilləkənə çökdü. Elə o çökən çökdü, bir də qalxmadı…
***
Kişi
onu ehmalca qucağından çarpayıya düşürtdü. Toy gecəsindən də bu çarpayının
belində adlamışdılar, o gecədən qabaq da, sonra da onları bu çarpayıdan başqa
heç nə qovuşdura bilməmişdi.
Bağçaya
açılan pəncərədən içəri yaz dolurdu. Gün işığı qadının üzündə sevinc kimi gəzirdi.
Kişi əlini pərdəyə atanda qadın qoymadı:
–
Qoy üzüm dərddən saralınca gündən saralsın.
–
Dilim tökülsün, nə biləydim xəbər sənə belə dəyəcək…
–
Özünü yamanlama, kişi, sən məni lap yerində haxladın…
–
Yazıq Məryəm, yetim Məryəm bu dünyada qazandığını gözü görə-görə itirdi. Ata
çörəyi dadmadısa da, ana südü içdi, dünyadan mayasını tutdu, ölmədi. Dayı evində
böyüdü, dayısının arvadına nökər oldu, uşaqlarına qaravaş oldu, yenə yıxılmadı,
baxtından küsmədi…
–
Altı ayın gəliniydi əri qoyub gedəndə – kişinin oğlu cənnəti ayağının altından
qaçırıb quzeyin don atmış torpağında çörək axtarırdı. Onun da yurd istəyi,
ev-eşik mehri orda buz bağladı, yavaş-yavaş kağızı da kəsildi, pulu da…
–
Denən Məryəm sınmaq nədi, bircə yerindən çat verdimi! Dedi qurban olsun hamısı
oğlumun dırnağına…
–
Yazıq Məryəm, gedişi gəlişindən də betər oldu, on illərə qazandığını bir göz
qırpımında itirdi, gedən ayaqda nə kimi qaldı, nə kimsənəsi. Bax, yetimlik buna
deyərlər – ana balasından yetim qalır! Nə yaxşı mənim uşağım olmadı!..
Kişi
onun ayağını bərk-bərk bükə-bükə:
–
Sözündən belə çıxır uşağı olmayan yetimdən də pisdi, – dedi, – lap yetimin
yetimidi.
–
Adam dadını bilmədiyi meyvəyə umsunmaz, – qadının səsi getdikcə öləziyirdi.
–
Yaxşı, özünü üzmə, – kişi yaxın dərdi burda qoyub uzaq dərdə əl elədiyindən
duyuq düşən kimi gerilədi, – al bu suyu iç… Biz də bilirdik, Məryəm də bilirdi bir gün oğlu öləcək. Kaş hamı öz əcəliylə
öləydi, heç kimə özgənin ömrünü kəsmək ixtiyarı verilməyəydi…
– Ya
da heç olmasa öldürülən adam dünyaya qayıdıb, qırılan ömrünü yenidən yaşaya biləydi,
ta öz əcəlinə yetişənəcən ayağı yerdən üzülməyəydi.
– Bu
lap yaxşı olardı, paxıllıqdan kimsə kimsəni öldürməzdi.
–
Kişi, desəm dünya elə belə qurulub, inanarsan?
– Sən
dincəl, arvad, özünü üzmə, nə desən, inanaram, təki sən dincəl…
***
Gözü
yumulu olsa da, üzünə düşən işığın azca soyumasından qadın günün əyildiyini
duyurdu.
–
Ayağının keyi açılmadı?
–
Yox, hələ üstəlik, qollarım da keyiyir.
– Sənin
halından gözüm su içmədi, arvad. Durum həkim dalınca gedim.
–
Getmə.
–
Niyə, tək qalmaqdan qorxursan?
– Mən
elə indi də təkəm… İstəmirəm həkim məndə yaşamağa həvəs oyatsın. İndən belə o həvəsi
bu çürüyən canımda necə gəzdirim?
– Elə
deyil. Sənin indi ölməyə həvəsin gəlib, həkim o həvəsi canından çıxaranda düzələcəksən.
– Tələsmə,
kişi, səhərəcən gözləyək. Düzəlməsəm, ertədən gedərsən həkim dalınca.
–
Qorxuram gecə halın pisləşə, evimi yıxasan, arvad.
– Bu
qısır kötuk sənə nə verib, üstündə belə əsirsən? Bircə yol barını da dərməmisən.
–
Barını dərməsəm də, kölgəsində yatmışam, istidən-yağışdan daldalanmışam. İstəmərəm
kölgən bir gün də üstümdən çəkilə.
Kişi
danışa-danışa mürəbbəni çaya qatıb qarışdırdı, fincanı qadının dodağına söykədi:
–
İsti-isti iç, qırışığın açılsın.
–
Qırışıq nədi, donmaq nədi, kişi, quruyuram ey, quruyuram, bir dolu arxı
dodağıma calasan, yenə canım sulanmayacaq. Heç bilmirəm ilin-günün hansı vədəsidi,
bilmirəm yaydı, ya qışdı. Ağlım kəsəni canım duymur. Üzü axşama doğrudu, indilərdə
hava sərin olar.
– Hə,
sərinləyib. Bircə qurtum da iç, bircə qurtum da…
–
Darıxma, kişi, darıxma, sənə təskinlik üçün nə gərəksə, hamısını eləyəcəm.
Qoymaram elə biləsən mənim ölümümdə əlin var.
– Mən
elədim, arvad, dilim quruyaydı, səni bu günə mən saldım. Bə sən Məryəmin yerinə
olsaydın, neyləyərdin? Yazıq Məryəm, başımız qarışdı, hayına da gedəmmədik.
–
Yazıq Məryəm… Dözəcək, bala dağına da dözəcək… Bircə mənim dərdimə dözməzdi.
Heç kəs dözməzdi.
– Nədi,
yenə köhnə yaran qanadı? Otuz üç il qulluğunda qolu bağlı duran ərin on altı il
ürəyinlə oynayan qadın düşgünü qədər hörməti olmadı sənin yanında. Adına elə
sözlər çıxmışdı, məndən başqa bir it oğlunun sənə nəfsi keçməzdi. Dost-aşna sənə
görə məndən qıraq dolandı, qohum-qardaş cəmdəyimə tüpürdü, yenə də səni fələyin
caynağına vermədim. Sənin üstündə kökümüz-budağımız qana bulaşdı, əmim arvadı
bugünəcən səni qarğıyır, balalarımı günaha batırdı, türmələrdə çürütdü deyir,
di gəl, mən bircə yol da səni onların ayağına vermədim. Oğlanları qayıdanacan əmimə
nökər oldum, türməyə şələ daşıdım, səni dildən-ağızdan qurtarmaq üçün ilan kimi
qabıq qoydum… Anam, bacılarım səni boşatmaqdan ötrü nə qədər yalvardılar mənə,
qısır arvad toxumunu kəsəcək deyib başımı min yerdən deşdilər, beynimi
doldurdular, əsəblərimi gəmirdilər, ancaq səni mənim əlimlə sındıra bilmədilər.
Elə sən özün… Sən özün özünə günü gətirmək
istəmirdinmi, bax elə bu Məryəmi mənə almaq istəmirdinmi?..
Qadının
içi daşmışdı, gözlərindən sel açılmışdı:
–
Can, ay kişi, anan ölsün, mənim ucbatımdan fələyə bac vermisən, ömrün biyara
gedib. Əvəzində bircə yol ona baxdığım baxışla üzünə baxmamışam, onu çağırdığım
səslə adını çəkməmişəm. Allahın bir kor, keçəl qızına da tamarzı qoydum səni. Nə
deyim, kişi, bacarsan, əməyini halal elə, ömrünü halal elə.
Kişi
özünü pəncərənin ağzına verib üzü bağçaya durdu, səsinin titrədiyini gizlətmək
üçün yavaşca:
–
Halal xoşun olsun, – dedi, əlini dəsmalına atdı.
– Mənim
də üzümü sil, qolum qalxmır, yaş gözümü yandırır…
***
Kişi
bir ləyən isti su gətirmişdi, qadının ayaqlarını suya qoyub ovuşdururdu.
–
Heç demədin kim öldürüb o tifili.
–
Kim öldürəcək, Xanoğlanın gədələri. Poçtun qabağında maşından düşdülər, ikisi yetimin qollarını burdu,
böyüyü də haylayıb hamını başına yığdı. Çayxanada, dükanda, idarədə nə qədər
adam vardı, yığıldı poçtun qabağına. Xanoğlanın böyük gədəsi də səsinin gur
yerinə salıb dedi, camaat, eşidin, bilin, bu dul arvadın oğlu bizim nəslin
namusuna əl aparıb, bacımızı almaq adıyla başdan çıxardıb, yoldan sapdırıb,
sonra da deyib məndən sənə ər olmaz, mən erkək deyiləm, deyib, sənə də dişi
kimi baxmıram, sənin dişiliyin tutubsa, get özünə kişi axtar… Dediyinə görə,
qız dünən özünu asıbmış, üstünə düşüb boğazını ilgəkdən çıxardanda ağzından
qanlı köpük gəlirmiş, axır nəfəsinə çatıblar.
–
Kişi, bəs o qədər adamdan biri irəli durub Məryəmin oğlunu onların əlindən ala
bilmədi? Ya almaq istəmədi?..
–
Arvad, sözün düzü, heç kəs işin belə bitəcəyini unamırdı. Məryəmin yetimi də
dartınıb onların əlindən çıxmağa çalışmırdı, dinməzcə durmuşdu. Deyərdin uzağı
bunun sonu yumruq davasıyla bitər. Xanoğlanın böyüyü səki daşının üstünə çıxıb
odlu-odlu danışırdı. Deyirdi bizdən olsa, beləsinə itimizin küçüyünü də vermərik,
ancaq dədəmizin-anamızın öyüdünə, bacımızın istəyinə qarşı getməmişik. Hamı
bunu bizim evin adamı bilir, deyirdi, bacımıza görə biz də buna salam vermişik,
nə biləydik qudurub üstümüzə yeriyəcək. Evdə toya-nişana hazırlıq görüldüyü
vaxtda sən bunun danışmağına bax, deyirdi. Axırda da dedi, camaat, eşidin,
bilin, biz namusumuzu çöldən tapmamışıq. İndi özünüz deyin, sizin başınıza belə
bir oyun gətirən adama nə cəza verərdiniz?.. İçi mən qarışıq bir köpəyoğludan səs
çıxmadı. Hamı gözünü Məryəmin oğluna dikmişdi, görsün o nə deyir. O
qoyma-harayda yetimin gözü yol çəkirdi! Yazıq heç gözünü yoldan yığmağa macal
tapmadı, Xanoğlanın hər gədəsinin qoltuğundan bir qəssab bıçağı çıxdı.
Gözümüzün qabağında Məryəmin əməyini puça çıxartdılar…
–
Kişi, bə sən? Heç olmaya sən irəli duraydın, ağsaqqallıq eləyəydin, saqqalın
sözü keçməsə, harayçılıq eləyəydin. Axı yetim sənin gözünün qabağında
böyümüşdü, barı sən qıymayaydın ona.
–
Arvad, düzünü deyim mən qabağa düşməyə utanardım. Adama deyərlər belə qoçaqsan,
vaxtında əmin oğlanları sənin namusunu qoruyanda onların da qabağını kəsəydin…
Üstəlik, hər şey yuxu kimi oldu-keçdi. Bıçaqlar işə düşəndə mən özümdən getdim.
Ayılanda gördüm həkim polisə, polis əsgərə qarışıb, qulağım səs ötürməsə də,
hay-küyü dərimlə eşidirdim…
– Su
soyumuş olar daha, gəl ləyəni götür, məni yerimə uzat.
Kişi
ləyəni götürüb getdi, suyu aynabənddən aşağı axıdıb qayıtdı, qadını çarpayıya
uzadıb üstünü basdırdı.
–
Kişi, deyirsən qabağa düşsən, səni qınayarmışlar. Bəs indi özün özünü
qınamayacaqsan?
– Öz
qınağıma birtəhər dözərəm, arvad, özgə qınağına dözmək olmur. Bir də axı bilirsən,
mən onda əmim oğlanlarını o işdən daşındıra bilmədim. Yer-göy şahiddi, mən onun
öldürülməyini istəmirdim, çünki sənə, düzünü bilmək istəsən, elə ona da
inanırdım.
– Nəyə
inanırdın, bizim sevişmədiyimizə?
–
Sevişdiyinizə inanırdım, pozğun olduğunuza inanmırdım. Ancaq əmim oğlanlarını
belə nağıllara inandıra bilməzdin. Həm də onlar məni fağır, əlsiz-ayaqsız
bilirdilər, nəslin adını qorumağı məndən ummurdular da. Mənə qalsa, mən sənə o
gün də inanmışam, bu gün də inanıram.
– Ay
yazıq kişi, axı sən nə bilirsən inam nədi! Sən mənə inanmırdın, eləcə özünü
inandırmaq istəyirdin. Mənim yanımda əmin oğlanlarının sözünü deyirdin, onların
da yanında məni suya çəkirdin. Hər əməli özgə arşınıyla ölçdüyünə görə də bir
adamı gözünün qabağında düz iki yol öldürüblər, səsin də çıxmayıb.
– Nə
sayıqlayırsan, arvad, kimi iki yol öldürüblər?
–
Darıxma, kişi, hamısını biləcəksən…
***
Kəndə
bir bənöyüş axşam düşürdü. Örüşdən qayıdan inəklərin səsi balasının hənirini
alan qoyunların səsinə, təzə peyin buğu ocaq tüstüsünə qarışmışdı. Azıb pəncərədən
içəri təpilən yorgun arı çıxmağa yol axtarırdı.
–
Yadındamı, onda da yazın bu çağlarıydı…
–
Yadımdadı.
–
Gün də o günkü günə bənzəyir, hava da ondakı kimi qoxuyur, arı da ondakı kimi
vızıldayır…
–
Arı ayrı cür vızıldamaq bilmir.
–
Onu da poçtun qabağında öldürmüşdünüz…
– Mən
öldürməmişdim, öldürmüşdülər.
– Nə
fərqi var, sənə görə öldürmüşdülər.
–
Ona qalsa, sənə görə öldürmüşdülər.
–
Düz deyirsən, mən gərək toyumuzdan sonra onu görüşə çağırmayaydım.
– Bəs
niyə çağırdın?
– Sənin
ərliyindən gileylənməyə mənim heç vaxt haqqım olmayıb, kişi. Ancaq mənim kimilərinə
həmişə ər azlıq eləyib, istəmişik dərdimizdən ölən, dərdindən öldüyümüz
sevgilimiz də olsun – qoy lap onun yolunu min il gözləyəsi olaq, qoy lap qəbirdə
olsun… Hə, o da mənim çağırışımdan ürəklənib hər gün məni məktəbdən evə ötürməyə
başladı. Yolumuz bağdan keçirdi deyə arxayın danışa bilirdik. O bağdakı ağaclar
şahiddi, yazıq bircə yol da sənin qaranca daş atmadı, üstəlik, mənə səndən
muğayat olmağı tapşırardı. Əmin oğlanları da bizi elə bağda güdürmüşlər, özü də
necə gizlənirdilərsə, bircə yol da üz-üzə gəlmədik. Bilmirəm gizlənməyəni güdməkdə,
qorunmayanı öldürməkdə nə qoçaqlıq tapmışdılar…
– O
səni alsaydı, yenə özünə sevgili axtaracaqdın?
–
Gördünmü almadı, dilimlə dedim, yenə almadı. Eləsi qızları sevər, ancaq almaz.
– Məryəmin
oğlu da Xanoğlanın qızını sevdiyindən almadı?
–
Yox, mən bilən, qız özü onun dərdindən ölürmüş. Məryəmin oğlu da qızın istəyini
özündən yayındırıb öz bildiklərinə tuşudurmuş, ona keçmişdən- gələcəkdən, özgə
dünyalardan danışırmış, öz kitablarını bir-bir qıza da oxudub sonra dolaşıq
yerlərini çözələyirmiş. Qız da onun göstərdiyi qayğını ayrı yana yozub, bir gün
də dözməyib soruşub bəs bizə haçan elçi göndərəcəksən, kənddə dillərə düşmüşük…
Bundan sonra Məryəmin oğlu qıza Xanoğlanın böyük gədəsindən eşitdiyin o sözləri
deyib.
–
Xanoğlanın qızını alsaydı, yetim ağ günə çıxardı, Məryəmin də üzü gülərdi… Bəlkə
yazıq kişilikdən düşübmüş, deməyə utanırmış?
– Şəhərə
oxumağa gedəndən sonra pozğunluqda ad çıxarıbmış, deyirmiş bu şəhərdə nə qədər
gözəl qız var, hamısı mənim olmalıdı. Görkəmi gözəlidi axı anası ölmüşün… Məryəm
şəhərə gedib yanında qalandan sonra bir az özünü yığışdırıb. Bir gün də, anası
deyirdi, kitablarını yanına yığıb qırx gün evdən çıxmadı. Oxudu, oxudu, oxudu…
oxuyub qurtarandan sonra dəyişib oldu ayrı adam… Yazıq Məryəm yanında evlənməkdən
söz saldıqca, subay-ərgən qızları sadaladıqca elə hey deyirdi darıxma, ana, öz
istədiyim var, gün gələr, səni sevindirərəm.
–
Kimmiş istədiyi?
–
Bilmirəm.
–
Gözünün içinə kimi yalan deyirmiş, istədiyi-zadı olmayıb onun. Beləsini yaxşı
tanıyıram, qızların gözü üstündən çəkilməsin deyə evlənməz, hamıda gözü
olduğundan heç kimə yaxın durmaz, axırda da hamıdan əli üzülər, tək qalar. O da
beləydi, yadından çıxıb?..
–
Yox, mən bilən, o, Xanoğlanın qızını atmayıb, qıza iki yol göstərib – özünün
getdiyi yolu, bir də getmədiyi yolu.
– Bəlkə
o da səni atanda sənə yol göstərirmiş, hə? Danış görüm, o nə deyib atmışdı səni
atanda? Danış, danış, onsuz da o zamandan çox keçib, cavanlıq sirlərinin
saxlanma müddəti çoxdan bitib.
–
Kişi, desəm inanmazsan, bu dar vaxtına and olsun, Xanoğlanın gədəsindən nə
eşitmisənsə, onu demişdi. Bir kəlməsi də o yan-bu yan deyil…
Kişinin
dərisi qaz dərisi kimi dımırlandı, içinə soyuq yel doldu, sonra alnına tər gəldi.
Tez durub işığı yandırdı, papirosunu odlayıb pəncərənin qabağına keçdi.
– O
sözü Məryəmin oğlu hardan eşitmiş ola? – Kişi burasını qadından yox, özündən
soruşdu.
–
Heç kimdən eşidə bilməzdi, kişi, heç kimdən, – qadın bəmdən ağlayırdı, – öz içindən
eşidib, öz içindən, içindən…
***
Söz
açılmışkən kişi qadının içinə yenə qarmaq salladı:
– Bə
sən soruşmadınmı mən qız uşağı bu zalım elin içində, zalım yerlə zalım göyün
arasında necə baş girləyim, necə yaşayım?
–
Dedi mən necə yaşayıram, sən də elə yaşa.
–
Niyə onun dediyi kimi yaşamadın?
– Mən
bilmirdim onun kimi yaşamaqdan ötrü neyləməliyəm. O yanımda olanda yolumu-səmtimi
bilirdim, o, üzünü çevirib gedəndən sonra elə bil ucu-bucağı görünməyən bir dənizin
üzündə qaldım – nə yol vardı, nə cığır, nə bir qaraltı gözə dəyirdi, nə bir
ada, nə bir su qırağı. Yerlə göyün arasında qalmışdım – nə yerdə yerim vardı, nə
göydə… Onda səni köməyə çağırdım. Yadındamı, xəbər xəbər dalınca göndərirdin,
ondan sənə ər olmayacaq deyirdin, səni yarı yolda atıb gedəcək deyirdin, bir
ismarıc yolla, gəlim səni hara istəsən aparım deyirdin. Mən də həm təklik
qorxusundan, həm də onun acığına dedim gəl apar məni. Elə bilirdim sən də məni
o apardığı yerlərə apara bilərsən. Demə, sən məni öz damının altına, öz
ocağının qırağına aparırmısan…
– Bəs
o səni haralara aparırdı?
–
Düzünə qalanda heç yerə. O, dünyanın ozünü çəkib mənim yanıma gətirirdi. Bir də
görürdün bizim bu tozlu-palçıqlı kəndimiz yer üzünün küncündəki küllükdən dikəlib
qalxdı, üstünün zir-zibilini, kir-pasağını çırpıb dünyanın düz ortasınacan
uçdu… Dünyalar başımıza hərlənirdi, ay-ulduzun işığı gözümüzə düşürdü… Elə
bilirdim dünyanın hər yerindən kəndimiz görünür, hər yerdən bizə baxırlar. Onda
gözdən-könüldən iraqda qalmaqdan qorxmurdum, darıxmırdım, sıxılmırdım… Elə
toyumuzun səhəri günü yanıldığımı başa düşdüm: intihar eləmişdim! Ancaq hələ nəfəsim
gedib-gəlirdi, ilgək boğazımı üzməmişdi. Özümə ürək-dirək verirdim, nə olsun,
deyirdim, o yenə sağdı, mənim bir addımlığımdadı, yenə onu görərəm, yenə dil
tapıb barışarıq, onsuz da məni, ya bir özgəsini özünə arvad eləyəsi deyildi –
yenə sevgililər kimi dolanarıq. Düşünürdüm sizi də barışdıraram. Üçlükdə
ömür-gün sürərik, sən uşaqlarımın atası, o da müəllimi olar. Düşünürdüm ömrümü
sizin aranızda bölə bilərəm, sənin borcunu sənə, onun borcunu da ona qaytara
bilərəm. Ancaq sən məndə qalan borcunu geri ala bilmədin. Onu öldürtdün,
borcunu batırdın, üstəlik, qalan ömrünü mənə qan bahası ödəməyə sərf elədin.
– Bəs
o necə, ala bildimi borcunu səndən?
– Mən
ona dünya durduqca borcluyam. Mənim bütün varlığım ona qaytarılası borcdu, ayrı
bir şey deyil.
– Mən
də özümü istətməkdən ötrü dəridən-qabıqdan çıxırdım, canımı qurban verirdim. Nə
biləydim qadının istəyini qazanmaqdan ötrü onu nəzərdən salmalısan,
aldadıb-oynatmalısan, dizin-dizin süründürməlisən…
–
Yox, kişi, sən dediyin istəyi nə süründürməklə qazanmaq olar, nə də özünü
qurban verməklə. Kişi gərək qadının qulu olmasın, ağası olsun.
–
Qadını da qaravaşlığacan alçaltsın, eləmi?
–
Yox, xanımlığacan ucaltsın. Bir dəfə ondan soruşdum: doğru deyirlərmi qadın
kişinin qabırğasından yaranıb? Dedi yalan sözdü, qadın kişinin ruhundan
yaranıb, hansı kişi özünü Tanrı bilsə, qadın onun gözünə mələk donunda görünər.
Hə, bax düppədüz belə dedi…
***
Toran
qovuşduqca quşlar səsini götürüb bir-bir xordan çıxırdı, hər quş öz yuvasına,
öz yuxusuna çəkilirdi. Evlərdə işıqlar yanır, qapılar kilidlənir, pəncərələr
yumulurdu.
Kişi
durub pəncərəni bağladı, pərdəni çəkdi.
–
Görürsənmi axşam düşən kimi inək naxırdan ayrılır, qoyun sürüdən, quş dəstədən.
Gecə hərəsi öz qınına çəkilir, birinin o birindən xəbəri olmur. Səhər açılanda
yenə bir yerə toplanırlar, bir yerdə otlayıb, bir yerdə dənlənib, bir yerdə
xatadan qorunurlar. Bizim bu işıqlı dünyaya gəlib-getməyimiz də belə bir şeydi:
hər kəs ömrünün səhərində öz ulduzundan qopub gəlir, yer üzündə zühur eləyir,
özgə ulduzlarla alışıb-verişir, ömrün axşamı düşəndə yenə öz ulduzuna, öz
yuxusuna çəkilir, bir də qayıtmaq üçün növbəsini gözləyir.
– Bu
dərsi də ondan almısan?
– O,
ölümə inanmırdı. Deyirdi məni öldürsələr, yer üzünə bir də qayıdacam, özü də növbəsiz-filansız. Deyirdi öz əcəliylə ölməyən
öz ulduzuna çəkilmir, yerlə göyün arasında pusqu qurub yer üzündə yenməyə bir
can güdür, yenib, yarımçıq qalan ömrünü başa vuranacan, ta öz əcəlinə yetişənəcən
bir də yaşayır. Deyirdi bu quruluş adamların yamanlığını puça çıxartmaqdan ötrü
belə qurulub… Hə, belə deyirdi, özü də baxırdın öldürüləcəyini lap ovcunun içi
kimi bilir, ancaq qorxub-eləmir. Elə bil qorxmağı anadangəlmə bacarmırdı.
Sağlam adama mədənin nə təhər qıcqırdığını, başın nə sayaq ağrıdığını qandıra
bilərdin, ancaq ona təhlükənin, qorunmağın nə olduğunu, nəyə gərək olduğunu
anlada bilməzdin. Hərdən mənə elə gəlirdi bu da bir xəstəlikdi.
– Xəstəlik
olmayanda bəs nədi! Qorxu adamı çox yamanlıqdan, çox bədbəxtlikdən qoruyar.
Bax, onun qorxusu olsaydı, özgənin arvadıyla, təzə gəlinlə kəndin ortasında əl-ələ
gəzib camaatı öz üstünə qaldırmazdı, özünü də, əmim uşaqlarını da, düşgün
anasını da, bizi də bədbəxt eləməzdi – çox da sən özün onu görüşə çağırmışdın!
Az qalmışdı səni də özüylə apara.Yadından çıxıb səni nə zülümlə yaşamağa
qaytardıq? Həkimlər dalınca düz o dünyanın qapısınacan getdilər…
–
Özümə qayıdanda başımda yaranan birinci fikir bu oldu: lap yaxın vaxtlarda o,
yer üzünə qayıdacaq, hardasa yenidən doğulacaq. Mən dünyanı qarış-qarış gəzib,
filan ilin filan aylarında doğulan oğlan uşaqlarının üzünə baxa-baxa onu
taparam, qara dərinin, sarı dərinin altında da onu tanıyaram!.. Fikirdən beynim
işıqlandı, bir az dinclik tapdım. Özümə söz verdim: canım bərkiyən kimi
buralardan ilim-ilim itəcəm, ömrümə bir gün də qalsa, onu tapıb sonra köçümü
tutacam; çətinə düşsəm, qəzetlərdə elan verəcəm, şəkillərini yayacam,
şamanları, kahinləri, cadugərləri köməyə cağıracam… Elə bu xəyalla dirilib
yataqdan qalxdım, iştahım açıldı, qız-gəlinə qoşuldum, üzüm güldü. Məryəm onda
boyluydu, yetirmişdi, deyirdilər bu gün-sabahlıqdı. Bir gün də xəbər çıxdı bəs
Məryəmin oğlu olub. Qonşulara qoşulub mən də Məryəmə gözaydınlığı verməyə
getdim… Körpənin üzünə baxan kimi onu tanıdım: özüydü, Məryəmin daxmasında
dünyaya qayıtmışdı! Uşağa baxdım, ağladım, baxdıqca ağladım, canımın suyu
quruyanacan, gövdəm cadar-cadar olanacan ağladım… Arvadlar mənim ağlamağımı özgə
yana yozdular. Beləcə, kənd onun qırxına axışıb ehsanını yeyəndə mən onu Məryəmin
daxmasında diri tapdım…
***
Məryəmin
evi sarıdan ağlaşma səsi gəlirdi.
–
Neçə il keçib o vaxtdan?
–
Otuz üç il.
–
Yazıq Məryəm… otuz üç illik əməyi otuz üç saniyədə puç oldu.
– Sən
Məryəmin dərdinə qalırsan, ancaq mən o qızın gününə ağlayıram. İndi Xanoğlan
qızının boğazını ilgəkdən çıxartsın, görüm necə çıxardır. Mənim eşitdiklərimı o
qız da eşidibsə, daddıqlarımı dadıbsa, indən belə onu çətin nəyləsə doyurmaq
ola. Mənim bəxtim gətirdi, min ildə bir yol baş verən başıma gəldi. Bəs o qız
neyləyəcək?..
– O
da sənin eləmədiyini eləyər, qezetlərdə elan verər, "bu adda, bu nişanda bir gənc
itirmişəm” yazar.
– Mən
inanıram, o qız nə itirdiyini başa düşsə, bir gün itiyini tapacaq.
–
Tapıb özünü mələk, qadın düşgünlərini də Tanrı biləcək… Arvad, deyirəm bəlkə
onun istədiyi elə sən olmusan? Gözümün qabağına gətirirəm: sən Məryəmin gəlinisən,
Məryəm də sənin qaynanan, – kişi bu yerdə özünü saxlaya bilməyib güldü. – Barı
sən də onun yadında qalmışdınmı, bilirdimi sənin üstündə öldürüblər onu? Axı dərs
deyirdin ona, hər gün üz-üzə gəlirdiniz…
–
Yox, mən onun yadında qala biməzdim. Onun yaddaşı da, ağrıları da bədəniylə
birgə çürüyüb getmişdi… Mən onun ruhunun yadında qalmışdım. Bu da bir ayrı cür
yaddaşdı. Bilirsən necə? Elə bil çoxdan, lap çoxdan bir gözəl şəkilə baxmısan,
ya bir gözəl kitab oxumusan, ya da bir gözəl adam görmüsən; illər keçib, nə o şəklin
bir cizgisi-boyası, nə o kitabın bir cümləsi, nə də gördüyün adamın üzü
yadındadı, ancaq o şəklin də, kitabın da, adamın da səndə oyatdığı duyğunu
unuda bilmirsən. Hərdən-hərdən o duyğu ləpələndikcə yaddaşını yeli vurur,
yadına heç görmədiyin mənzərələr, görmədiyin adamlar düşür… Mən dərs dediyim
yerdə bir də baxırdım gözünü gözümə zilləyib durub, gözləri yol çəkir, özü də
yolu düz mənim içimdən keçir. Utandığımdan pörtürdüm, dilim dolaşırdı, təbaşiri
yerə salıb götürməklə vaxt qazanırdım. Uşaqlar mənim halımı görüb döyükürdülər, ancaq onun tükü də tərpənmirdi,
gözlərinin çəkdiyi yola düşüb gedə bildikcə gedirdi…
– Bə
sən niyə olanları açıb danışmırdın ona? Danışsaydın, bəlkə yetimin başına belə
müsibət gəlməzdi, qaragün Məryəm də bu yaşında sonsuz qalmazdı.
–
Deyirsən onun bədəninin yaddaşını oyadaydım? Bu, yaxşı şey olsaydı, dünyaya gələn
hər kəsə qabaqkı ömrünü də yada salmaq imkanı verilərdi… Olub-keçəni bilsəydi,
qorxu, nifrət onun beynini zədələyərdi. Mən onu çatlamaqdan, sınmaqdan qorumağı
boynumun borcu bilirdim. Yazıq Məryəm mənim qorxumdan uşağına güldən ağır söz
deyəmmirdi. Yadındamı, balaca vaxtı dərsə də özümlə aparıb özümlə gətirirdim. Səhər-səhər
qapıdan çıxanda görürdüm döngədə durub məni gözləyir. Əl-ələ tutub gedirdik. Sən
döngəyə çıxıb dalımızca baxırdın… Gözünün qabağında möcüzələr baş verib, kişi,
heç birindən xəbərin olmayıb!.. Göyün üzü açıq olanda dağlar uzaqdan aydınca
görükürdü, o dağlardan üzümüzə qar küləyi əsirdi. O, əlini qarlı dağlara uzadıb
soruşurdu, müəllim, bəs dağların o üzündə kim olur? Deyirdim heç kim olmur,
oğlum, orda böyük, ucsuz-bucaqsız bir boşluq var. Deyirdi bəs boşluq nədi?
Deyirdim adam yaşayan yerdə daha adam yaşamayanda ora boşluq deyirlər.
Soruşurdu bəs oralarda niyə heç kəs yaşamır? Deyirdim orda bir zaman biz özümüz
yaşamışıq, sonra da iş-güc, dolanışıq dalınca dağlardan düşüb dağılmışıq bu
düzlərə, indi də ha çalışırıq, işimizi-gücümüzü, dolanışığımızı buraxıb ora
qayıda bilmirik… Beləcə, bir vaxt ondan öyrəndiklərimi indi onun özünə
qaytarırdım. Mən danışdıqca o tez-tez dönüb dağlara baxırdı… Yadındamı, əmin
oğlanları cəzalarının yarıdan çoxunu çəkəndən sonra düzüb-qoşub onları türmədən
buraxdırdınız, onlar da qayıdan kimi yolun qırağında sallaqxana açdılar. Bax, o
sallaqxananın yanından keçəndə dartınıb əlimdən çıxırdı, üstü-başı qanlı əmin
oğlanlarının əti necə həvəslə doğradığına uzun-uzadı baxırdı. Mən onları gözüm
görməsin deyə dönüb onu çağırmırdım, xeyli uzaqdan qayıdıb baxanda görürdüm necə
durmuşdusa, elə də durub. Əmin oğlanları elə bilirdilər uşaq ətə umsunur, ətdən
bir tikə kəsib ona uzadırdılar. Onda o, huşdan ayılıb ordan tez uzaqlaşırdı,
qaça-qaça gəlib mənə çatırdı.
– Bəlkə
əmim uşaqlarının onu nə təhər öldürdükləri yadına düşürmüş?
–
Yox, adamlar onun yadına düşməzdi, ağrılar düşərdi. Mən bilən, o dəqiqələrdə
onun bədən yaddaşı, qan yaddaşı oyanırdı, yaralarının yeri dillənirdi,
ağrısının yadına bıçaq ucu dəyirdi. Mən onun bu halından çox qorxurdum. Adam
ata-babalarının əzablarını canı-qanıyla necə duyursa, o da çürüyüb getmiş bədənin
ağrılarını canında elə gəzdirirdi. O yaraların ağzı açılsaydı, o ya miskin, ya
da cəllad olmalıydı. Bax, mən bundan qorxurdum… Heç yadımdan çıxmaz, əmin oğlu əlində
bir parça buğlanan ət uşağın dalınca mat-mat baxırdı. O, ətə yaxın dursaydı, öz
ətini yemiş olacaqdı. Dişi qana batacaqdı, ondan sonra adam ətinə yerikləyəcəkdi.
Ancaq əmin oğlunun qanlı payı əlində qaldı. Onda bildim ondan nəsə olacaq, mənə
hələ uzun illər nəfəs verəcək…
–
Ancaq sənə deyim, arvad, kişi kimi cınqırını da çıxartmadı. Harda görünüb bıçaq
qarnına işləyə, sənin də gözün yol çəkə?
– Səsini
çıxartmazdı, bilirəm. Yaşlandıqca elə bil lal olurdu, bütün günü oturub harasa
baxa-baxa fikirləşirdi. Baxışının izinə düşmək olmurdu, niyə susduğunu
soruşanda da deyirdi daha danışılası bir şey qalmayıb… Ancaq onda necə dil-dil
ötürdü, necə sevinə-sevinə, gülə-gülə qaçırdı üstümə, ilahi! Əmin oğlunun əlindəki
tikənin qanı yerə damırdı. O, qanlı torpaqdan qaçıb üstümə uçurdu. Mən onu elə
göydə haxladım, yerə düşməyə qoymadım. Gözümün yaşıyla üzünü islatdım… Məni
ağlada bildiyini görüb ondan sonra ozünü yanımda uşaq kimi yox, kişi kimi
aparmağa başladı.
– Bəlkə
də elə ona görə doğa bilmədin. Məryəmin oğluna mehrini saldın, gözün uşaqdan
doydu, canın maya tutmadı.
–
Yox, kişi, ondan deyil. Ruhum o qədər sevinirdi, o qədər sevinirdi, bədənimi
sevindirməyə aman vermədi…
***
Məryəmin
evində ağlaşma səsi kəsmişdi. Səhərə çox qalmırdı, doğuşların, ölümlərin,
ağrıların artan çağıydı.
–
Kişi, yatmısan?
–
Yox, huşa getmişdim, – kişi oturduğu yerdən sıçrayıb qalxdı, gözünü silə-silə
papiros yandırdı. – Bu arvadların səsi niyə gəlmir?
–
Görünür, ağlayıb yorulublar. Gün işaranda canlarına yenə təpər gələcək.
– Hə,
işıqlaşsın, səni də həkimə göstərək.
–
Yox, kişi, mənim həkimim getdi, daha mənimki həkimlik deyil. Ruhsuz bədənə həkim
neyləyəcək?
– Səbir
elə, arvad, evimi yıxma. Qoy sabah açılsın, gün doğsun, ömür təzələnsin… Yeni
gün yeni ömrün də payını yetirəcək.
– Mənim
o yeni gündə görüləsi bir işim yoxdu, kişi. Hamının olan dünyada alış-verişim
qalmadı. İndi mənim öz dünyama çəkilməyimin vaxtıdı. Bilmirəm, sən o dünyada
varsan, yoxsan, ancaq bu dünyada sən mənə çox yaxşı olmusan. Zəhmətini halal elə,
kişi.
– Halal
xoşun olsun.
–
Gün doğsa, qorxuram gedə bilməyəm. Gün hamını öz işığına yığır, şenlik olur,
heç kim o şenlikdən ayrılmaq istəmir… Ancaq bir kötüyün gün işığını havayı yerə
işlətməsindən nə fayda? Sayğacımız yazacaq, bu dünyada kirəmizin haqqı artacaq.
Mən bilirəm, daha məni heç nə diriltməz – nə işıq, nə hava, nə torpaq, nə su.
Diriliyim getdi, varlığım getdi, qoy yoxluğum da qalmasın. Məni yola sal, kişi!
–
Axı neyləyim, arvad, sən de, mən də eləyim.
– Mənə
ürək-dirək ver, yoluma uğur dilə!
Kişi
çarpayının yanında dizini yerə qoydu:
–
Yolun uğurlu olsun! O dünyan da böyüsün,
bu dünya boyda olsun! Pisləri burda qoyub yaxşıları aparasan! İtiklərin
tapılsın!..
– Məryəm
niyə ağlamır?
– Yəqin
yorulub yazıq. Qoy dincəlsin, ağlamalı günü hələ qabaqdadı.
–
Üşüyürəm…
Kişi
onun üstünə bir yorğan da örtdü.
–
Çölüm üşümür, içim üşüyür…
Kişi
bir yorğan da gətirdi. Qadının üşütməsi kəsmişdi. Kişi yorğanı yerə atıb pəncərəni
açdı. Kəndin itləri bir ağızdan hürüşdü, inəklər böyürüşdü, xoruzlar banlaşdı…
Sonra
da Məryəmin evində arvadlar ağlaşdı.
***
Gecə
kənddə bir oğlan uşağı doğulmuşdu, çığırtısı yatanları oyatmışdı…
Həkimlər
Xanoğlanın qızının dalınca o dünyaya getmişdilər, hələ qayıtmamışdılar…
Gəncə, 01 fevral 2007