
Furqan. Yıxılmağı sevirdim (Hekayə)
- 04.03.2020
- 0 Şərh
- 3270 Baxış
Yaşamaq yayda asan olur, qışda çətin.
Bağışlayın ki, "yaşamaq" deyirəm
buna.
İyirmi il əvvəl heç kimin yuxusuna da girməzdi
ki, mən bu vəziyyətə düşəcəm. Əslində quyumu özüm qazdım. Günahlarımın cəzasını
çəkirəm indi. Deyəsən ömrümün sonunacan da bu əzablarla yaşayacam, çünki heç
bir ümidim yoxdu. Dedim axı, öz quyumu özüm qazmışam. Adamın özünə elədiyi
pisliyi ən yağı düşmən də edə bilməz.
Mənə bir deyən lazım idi ki, ay bədbəxt,
qumar nəyinə gərəkdi?! Heç kəs demədi. Dostlarım da.
Gül kimi ailən olsun, uşaqların olsun, işin,
evin, maşının olsun, sonra qoşul gic dostlarına, qumar oyna ki, mən iş bilirəm...
Ala, bu da sənə iş. Başına dəysin dostların
da, işin də.
Maşını uduz, evi uduz, kirayələrdə sürün,
siqaretə başla, içkiyə qurşan.
Sonra işdən qovsunlar.
Sonra ailən dağılsın.
Kirayədən də qovsunlar.
Nə tez oldu bütün bunlar?! Axı bir dəqiqə əvvəl
gül kimi ailəm vardı, uşaqlarım, evim, işim, maşınım vardı. Xoşbəxtliyim vardı.
Nəyim çatışmırdı axı, nəyim çatışmırdı? Başımın qapazı çatışmırdı. Təpəmin külü
çatışmırdı, həə. Külü qoydular təpəmə.
Bəlkə də indi baba olmuşam, bəlkə də indi nəvələrim
bağçaya, məktəbə gedirlər. Görəsən nəvələrim kiməsə "baba" deyə
bilirlər? Görəsən heç soruşurlarmı babam hanı? Əkiz oğlanlarım məni
xatırlayırlarmı?
- Ata, ana, mənim babam hanı?
- Ölüb!
Doğrudan e, bəlkə ölmüşəm?!
Görəsən indi Gülnurun yadına düşürəmmi?!
- Nənə, ay nənə, bütün uşaqların babası var,
bəs mənim babam niyə yoxdu?
- Ölüb, ay bala, ölüb sənin baban.
Kaş elə öləydim.
Quşbeyin olmaqdansa ölsəydim yaxşı olardı.
İllərlə "dost" deyib bağrıma
basdıqlarım çəkdilər məni qumara, siqareti də onlar verdilər mənə, içkini də
onlar içirdilər. Qumarda uduzduğum maşında az gəzməmişdilər halbuki, qumarda
uduzduğum evdə az yeyib-içməmişdilər. Burunlarından gəlsin. Bəlkə də gəlib, nə
bilim, çoxdandı görmürəm heç kəsi. O itən itdilər.
Necə idi o misra?
"Dost sözü hecaya bölünməz,
qalar..."
Ömrümü böldülər mənim. Həyatım çilik-çilik
oldu. Nə olsun ki, "dost" sözü hecaya bölünmür?!
Düşdüm didərgin. O küçə sənin, bu küçə mənim.
O park sənin, bu park mənim. O skamya sənin, bu skamya mənim.
Bir də onda ayıldım ki, saqqalım möhkəm
qaşınır. Öyrəşməmişdim saqqal saxlamağa, çox tez öyrəşdim. Məcburiyyət.
Öyrəndim ki, insanların nifrətini qazanmaq
sevgisini qazanmaqdan qat-qat asandı. Çox tez öyrəndim.
Sonra hiss elədim ki, itirdiyim şeylərin
içində ən qiymətlisi insan hənirtisidi, insan istiliyidi. Ev yox, maşın yox.
İstilik, nəvaziş, səmimiyyət.
Uşaqların "ata" deməyi.
Gülnurun "çayın soyuyur" deməyi.
Qonşuların "Sabir müəllim, necəsiz?"
deməyi.
Sabir müəllim e, a kişi, Sabir müəllim.
İndi kiməm?! Ölü!
"- Ata, ana, mənim babam hanı?
- Ölüb!"
Nə olaydı, çox istəmirəm, beşcə dəqiqə
İlqarla Vüqar yanımda olaydılar, başlarını sığallayaydım, kürəyimə çıxaydılar,
ya da əlimdən tutaydılar.
Çox şey istəmirəm ki...
Amma çox şey xatırlayıram. Xatirələr əzab
verir. Əslində bu dəqiqə mənə hər şey əzab verir.
Ən çox əzab verən isə insan hənirtisinin
olmamasıdı.
Keçən qışın qar yağan günlərinin birində bir
şey kəşf etdim. Kəşflərim də başıma dəysin.
Metrodan çıxanda sürüşüb yıxıldım. Özü də
pis yıxıldım, az qala başım pilləkənin tininə dəyəcəkdi. Kaş dəyəydi, ölüb gedəydim.
Amma dəymədi.
Metroya düşən bir oğlanla bir qız - yəqin
ki, sevgiliydilər - yıxılmağımı görüb "vay, vaaay" elədilər, əllərimdən
tutub ayağa qaldırdılar.
- Dayday yaxşısız? - dedilər.
Yıxılmağın şokundan ayılmamış ikinci şok idi
bu. Neçə ildi nəvaziş görmürdüm deyə qəribsədim.
Cavab verə bilmədim, ikinci dəfə soruşdu
qız:
- Dayday, heç nə olmadı ki?
- Yox, yox, qızım, yaxşıyam.
- Dayday, əzilən, ağrıyan yeriniz yoxdu ki?
- bu dəfə oğlan soruşdu.
- Yox, oğlum, çox sağ ol, yaxşıyam.
Oğlum?! Nə dedim mən?! Oğlum?! Bəlkə elə
doğrudan mənim oğlum idi bu?!
Sağollaşıb getdilər. Gedəndə "ehtiyatlı
olun" dedi oğlan. "Sağ olun, dayday" dedi qız.
Baxa-baxa qaldım. Kaş getməyəydilər. Bir az
da sorğu-suala tutaydılar məni. Soruşaydılar ki, dayday, niyə üst-başınız bu
gündədi? Dayday, harda qalırsız? Dayday, ailəniz varmı? Nə olardı ki,
soruşsaydılar? Mən də bir az danışaydım, dərdləşəydim, iyirmi ildi düz-əməlli
heç kəslə dərdləşməmişəm axı... Dərdləşmək necə olur, unutmuşam.
Amma sağollaşıb getdilər. Düşdülər metroya.
Mən yağan qara baxa-baxa qaldım.
Qəribədi ki, o cür yıxılmağın qarşısında heç
bir yerim ağrımırdı. Hətta yıxılmaqdan xoşum gəlmişdi. Çünki bir insan istiliyi
hiss eləmişdim illər sonra.
Niyə bunu uzun illər ərzində düşünməmişəm?!
Yıxılmaq!
Həə, əlbəttə ki, yıxılmaq lazımdı, bol-bol
yıxılmaq.
Sonra nə oldu bilirsiz?!
Şəhərin müxtəlif yerlərində yıxılmağa
başladım. Metro çıxışlarında, avtobus dayanacaqlarında, bazarlarda, məhəllələrdə
- kefim istəyən hər yerdə.
Çox əziyyət də çəkmirdim heç. Guya ayağım
harasa ilişirdi və tirtap sərilirdim yerə. Elə gözəl alınırdı ki...
Tappp... Getdim ee...
"Ay Allah!" - deyib qışqırırdı
kimsə.
Tappp! Bir də!
Tappp! Yenə!
"Kömək eləyin, kişi yıxıldı!"
Vərdiş olmuşdummu, yoxsa nə idisə, haramınsa
əziləcəyindən qorxmurdum. Onsuz da ömrümü sərmişəm ayaqlar altına, qolum-qıçım əzilsə
nə olacaqdı guya?!
Xoşuma gəlirdi yıxılmaq, yıxılandan sonra
tanımadığım adamların qollarımdan tutub məni ayağa qaldırmağı, sorğu-sual etmələri
və bunun kimi şeylər...
Hər dəfə ayrı-ayrı insanlarla ünsiyyətdə
olmaq və bu ünsiyyətin mənə verdiyi enerji o qədər doğma, o qədər həlim idi ki,
yıxıldıqca yıxılmaq istəyirdim.
Tappp...
Yenə iki cavan oğlan qaça-qaça gəldilər, kömək
elədilər, ayağa qalxdım. Deyəsən bir az da yazıqları gəldi mənə, şalvarımı,
pencəyimi çırpdılar, kefimi soruşdular.
"Yaxşıyam, oğlum, yaxşıyam" dedim,
"yəqin təzyiqim düşüb".
"Eviniz hardadı, əmi? Deyin, getməyə
kömək edək."
"Yox, oğlum, çox sağ ol, özüm gedərəm"
"Oğlum" demək necə gözəl təsir
edir mənə, İlahi!
Bir də axı, necə deyim ki, evim yoxdu,
yurdsuz-yuvasızam?!
Hər gün ən azından iki-üç dəfə yıxılırdım və
artıq şəhərin yerlərini "orda yıxıldıqda kimlərlə necə söhbət etmişəm"
şəklində yadımda saxlayırdım. İlk dəfə gördüyüm adamlarla bir neçə cümlə söhbətləşmək
mənə qəribə bir müsbət enerji verirdi və hər dəfə yıxılıb ayağa duranda sanki
yenidən doğulurdum, yaxud yenidən iyirmi il əvvəldəki Sabir müəllim olurdum.
İyirmi il əvvəl yıxılmışdım. İndi də
yıxıla-yıxıla xoşbəxtliyimi bərpa edirdim az olsa belə.
Bu gün də metro çıxışlarının birindən
çıxanda guya ayağım ilişdi, sərildim yerə.
Kiminsə gəlməyini gözləyirdim ki, səs
eşitdim:
- Dur, rədd ol ə, alkaşın biri alkaş, cəhənnəm
ol burdan, xatanı bizdən uzaq elə!
Heç nə olmamış kimi ayağa durub uzaqlaşdım.
Bir az gedib geri çöndüm, oğlanın üzünə baxdım.
Köşkdə işləyən oğlan idi. Məni tanımışdı. Yəqin
ki, yıxılmağımı da bir neçə dəfə görmüşdü.
- Nə baxırsan ə, üzümə, qoyun aptekə baxan
kimi?
Tez uzaqlaşdım ordan.
İndi oturmuşam soyuq skamyanın üstündə.
Aprel ayıdı, soyuqdu, titrəyirəm.
Öləcəyimi hiss edirəm. Bunlar son xəyallarım
ola bilər.
Torpaq isti olur yəqin.
Yaxşı e, bəs məni kim basdıracaq?!