Gəlin narahat olaq: dərsliklərdəki problemlər, ədəbiyyatdan uzaq salınan uşaqlar - Elnarə Akimova
- 19.06.2020
- 0 Şərh
- 15865 Baxış
Uşaq ədəbiyyatı ümumi bədii ədəbiyyatın bir hissəsi
sayılıb həmişə. Zənnimcə, müəyyən prinsipial fərqləri nəzərə almasaq,
tendensiyaların kəsişməsi baxımından bu fikir gerçəyi ifadə edir. Əslində, eyni
dönəmin, ictimai-siyasi rejimin, eyni ideologiyanın diqtəsi ilə hasilə gələn mətnlərin
uşaqlar, yaxud böyüklər üçün yazılmasında oxşarlıqların olması labüddür. Xüsusən,
XX əsrin əvvəli ədəbiyyatın hər iki sahəsində analoji, sinxron gedişləri izləməyə
yaxşı material verir. Xalqın maariflənməsi, məktəblərə çağırış, ana dilində qəzet
və kitabların çapına cəhdlər həm uşaq, həm də böyük ədəbiyyatını yaradanların
qarşısında dayanan məsələlər idi. Bunların içində bir məqam da düşündürməyə
bilmir. Həmin dövrdə milli ədəbiyyatımıza yeni düşüncənin gətirilməsinə maraqlı
olan və bunu Qərb ədəbiyyatına inteqrasiyada görən ziyalılar uşaq ədəbiyyatının
inkişafını da həmin istiqamətdə dəyərləndirirdilər. Məsələn, "Üç mədəniyyət"
əsərində Əhməd Ağaoğlu məktəblərdə tədris olunan Sədi Şirazinin
"Gülüstan" və "Bustan" əsərlərini zamanla ayaqlaşmayan əsərlər
kimi tənqid edir, Sədinin görüşlərinin orijinal deyil, əcdadlarımızdan alınmış
bir miras olduğunu vurğulayaraq bu kimi idealları "bütün Şərq həyatı üzərində
icra edilmiş təxribat" adlandırırdı. Əhməd Ağaoğlunun milli tərəqqi üçün
vacib bildiyi əsas məsələ Qərb mədəniyyətinin ən yaxşı örnəklərinin ana dilinə
çevrilib məktəblərdə tədris edilmə zərurəti idi.
Əslində, XX əsrin əvvəlində uşaq ədəbiyyatı ilə məşğul
olan aydınlar iki işi bir arada görürdülər. Onlar həm rus, avropa uşaq ədəbiyyatının
ən yaxşı örnəklərini dilimizə çevirir, eyni zamanda həm rus, həm də türk
şeirindəki "fransız modu"nun təsiri ilə mətnlər meydana qoyurdular. Məfkurə
və amal hüdudsuzluğu sənətin də üfüqlərini genişləndirirdi. 1898-ci ildə
hazırlanan "Vətən dili"ndən Abbas Səhhətin "Vətən" şeirinə
qədər çevrələnən bu estetik ərazidə milli uşaq ədəbiyyatının öz hərəkət
trayektoriyası cızılırdı. Qarşıda isə bizi elə bir dönəm gözləyirdi ki, bunu
doğrudan da "Şərq həyatı üçün inşa edilmiş təxribat" adlandıra bilərdik.
Sovet dövründə bədii fikir daha çox tənəzzülə
uğrama reallığı yaşasa da uşaq ədəbiyyatına münasibətdə bunu deyə bilmərik.
Düzdür, bu dövr uşaq mətnlərinə ideolojinin təsirinin qaçılmaz olduğunu danmaq
olmaz. Bunun həm psixoanalitik və sosial-tarixi planda əsasları var. Birinci məqam
bununla bağlıdır ki, sovet dövründə təbliğ olunan bayağı vətənpərvərlik
ideyalarının vurduğu əxlaqi-mənəvi zərbənin nəticəsi olaraq sovet vətənpərvərliyi
ilə ümumən vətənpərvərlik anlayışları bir-birinə qarışdırıldı, ictimai-siyasi
tematika sanki uşaq ədəbiyyatının da əsas məqsədinə çevrildi. Sosial-tarixi
planda isə sosialist realizminin şablonları önə keçməklə estetik duyumun təravətinə
kölgə salındı. Buna baxmayaraq, həmin dövrə xas olan ümumi bir qanunauyğunluq
var ki, bu da həmin epoxada uşaq ədəbiyyatı nümunələrinin ən yaxşı örnəklərinin
yazılma gerçəkləri, eləcə də bu sahəyə olan nəzarətin, çap olunan mətnlərə tətbiq
olunan meyarların işləkliyi ilə ölçülməldiir. Təsadüfi deyil ki, bu dövrdən bəhs
edən tədqiqatçılar və uşaq yazarları sovet dövrünü uşaq ədəbiyyatının inkişafı
baxımından ən dinamik dövr kimi səciyyələndirərkən bugünkü əngəllərdən,
çağımızın mənzərə reallığından da yan ötmürlər. Məsələn, bu həftə, "Ədalət"
qəzetinin 2 iyun 2020-ci il sayında yer almış "Uşaq ədəbiyyatı hansı
durumdadır" mövzusunda sorğuda şair Qəşəm İsabəyli belə bir fikir səsləndirir:
"Sovet dövründə uşaq ədəbiyyatı daha güclü idi. Buna bir çox nümunələr də
gətirə bilərik. İlhamlı əsərlər ortaya çıxırdı. Amma sovetin dağılmasından
sonra bu ənənə aradan qalxdı. Bunun səbəbisə hər kəsin istədiyi materialı çap
etdirə bilməsi idi. Yaza bilən də, yaza bilməyən də uşaq şeirləri yazıb dərc
etdirirdi. Məhdudiyyətlərin aradan qalxması bu sahənin zəifləməsinə səbəb oldu.
Yeni əsərlər ortaya çıxır, amma özümüzü tərifləməklə deyil. Qənaətbəxş durumda
deyilik. Müasir dünya uşaq ədəbiyyatından xəbərdar deyilik. Yeni dünya əsərləri
tərcümə və çap olunmur. Düzdü, onları internet vasitəsiylə əldə edə bilərik,
amma bu, kütləvilik baxımdan eyni effekti vermir. Müasir dünyada gedən proseslərdən
uzaq olmağımız uşaq ədəbiyyatında dünyayla ayaqlaşmağa mane olur".
Qəşəm İsabəyli haqlıdır, müstəqilliyin gətirdiyi
azadlıq bir çox sahələrdə anarxiya kimi qavranıldı. Bunu bir neçə yazımda mən də
konkret faktlarla ifadə etmişəm. Uşaq ədəbiyyatı adı altında "al getsin,
sat getsin, aldat getsin" kompaniyası yaradıb gələcəyimizlə oynamaq olmaz.
Çap olunan kitablar var ki, tərtibatından, adlanmasından tutmuş, məna, mahiyyətinə
qədər ziyanlıdır. Bu gün böyüklər üçün yazılan ədəbiyyatda müşahidə olunan bir
hal - konyukturaya meyil, bir çox mövzularda manipulyasiya halları uşaq ədəbiyyatı
üçün də xarakterikdir. Fərq bundadır ki, böyüklər üçün yazılan əsərlərin ziyanı
daha çox müəllifin özünə dəyir, nədən ki, səviyyəli oxucu ilk misradan poetik
duyumun yerində olmadığını görüb özünü kənarlaşdırır. Daha doğrusu, onun buna
imkanı var. Zövqü varsa zəif mətni oxumağa onu heç nə məcbur etməyəcək. Amma
uşaq ədəbiyyatı Yolun əvvəlidir, səviyyəli oxucu yetişdirməkdə birinci mərhələdir.
Uşaq ədəbiyyatı məhz o oxucunu yetişdirməlidir ki, o, dediyimiz ali zövqün
daşıyıcısı olsun, xamı püxtədən, qrafomanı istedaddan ayırmağa iqtidarı çatsın.
Belə bir zövqü isə yalnız keyfiyyətli mətnlə həll
etmək mümkündür. Bu gün uşaq ədəbiyyatı ilə bağlı yazılan əksər şeirlərdə ənənəvi
qəliblərdə işlədilən söz, bir-birini və öz-özünü təqlid, dayaz və süni fəlsəfəçilik,
quru nəsihətçilik, səmimiyyətdən kənarlıq baş alıb gedir. Şairlərimizin Vətən,
təbiət haqqında illərlə işlənmiş epitetləri təkrarlamaq məcburiyyətində
qalmaları bu istiqamətdə "poetik yorğunluq" yaranmasının göstəricisi
kimi mənalanmalıdır. Şair Qəşəm Nəcəfzadənin müsahibəsində bu məqam diqqətimi çəkdi:
"Yüz ildir ki, uşaq şeirimizdəki obrazlar eynidir.
Uşaq ədəbiyyatımıza ictimai və sosial məzmun öz ərazisini
genişləndirməlidir.
Uşaq ədəbiyyatımızın fəlsəfəsi, dili inkişaf etməli,
uşaq şeiri uşaq folkloruna söykənməlidir... Bu gün uşaq şeirlərinin hamısı bir
- birinə oxşayır, vəzn, xitab, heca ölçüsü, qafiyə sistemi oxşardı, bu mənada
deyirəm ki, niyə bizdə fərqli uşaq şeiri olmasın? Deyək ki, modern şeir və ya sərbəst
uşaq şeiri".
Yerində olan iraddır. Texnogen informasiyanın ən
güclü vasitələri ilə əhatələnmiş uşaqlar üçün gül-bülbüldən, vətənin uca
dağlarından bəsit bir şəkildə bəhs edən şeirlər özlərini həm praktik məzmun
daşıyıcısına, həm də effektini itirən içiboş şablona çevirir. Bu cür nümunələr
uşaqların şeirə, ədəbiyyata olan marağını elə beşikdəcə boğur. Halbuki bədii ədəbiyyat
sevgisi, mütaliəyə maraq onlara bugünün sınağından çıxmaq, insan kimi yetişmək,
mənəvi dəyərləri mənimsəmək, sağlam qərarlar vermək, ayaq üstə möhkəm dayanmaq,
doğru olanı seçmək üçün çox vacibdir. Vicdanlı insan ola bilmələri üçün
vacibdir.
Niyə bu gün çağdaş ədəbiyyatda böyüklər üçün əsər
meydana qoyanlar arasında uşaq ədəbiyyatına maraq yoxa çıxıb? Yalnız bir neçə
ad çəkə bilərik: Elçin, Ramiz Rövşən, Qəşəm Nəcəfzadə, Rafiq Yusifoğlu, Məmməd
Namaz, Murad Köhnəqala. Bəs iki ziddiyyətli epoxada yaşamaq qisməti olan, yeni ədəbi
nəsil kimi formalaşan gəncliyin uşaq ədəbiyyatı sahəsində səsi niyə bərkdən
duyulmur? Son illərdə bu sahəyə diqqəti ancaq Sevinc Elsevər, Allahşükür Ağa,
Faiq Hüseynbəylinin yaradıcılığında izləyə bilirik. Bunu yaşanmayan uşaqlığın fəci
sonluğu kimi almaq olarmı? Uşaqlığının rəngli dünyasını müharibənin korladığı və
yalnız ağ-qara boyalarla haşiyələdiyi bir nəsil öz ruhi düşkünlüyü ilə uşaq
dünyasına varmaq üçün nə qədər bacarıqlı ola bilər? Eləcə də digər problemlər
sırası: müharibədə itirilən uşaqlığın, gəncliyin nisgili, gələcəklə bağlı
illüziyaların yoxa çıxması, sosial problemlərin məngənəsində çırpınan yazıçı həyatı,
gün-güzəran dərdi, heç yerdən boy göstərməyən işığa həsrətlik və s. və i.
sənin də uşaqların
qumluqda ev şəkilləri cızırsa
kirayə qaldığın evlərin pəncərələri
boşluğa açılırsa
...tanış mənzərədir
hər kəsin həyatı -
hər döngəsində özümüz.
Zahir Əzəmət
90-cı illərin yazarları sosial durumu hər şeyin
önünə çıxardı. Halbuki, eyni problemlər bütün dönəmlərdə olub, XX əsrin əvvəllərində
Səhhət "Şair, şeir pərisi və şəhərli" poemasında yazırdı ki, "Ürəyimdə
daha yox qönçə dodaqlar dərdi, / vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi".
Amma həmin Səhhət həm də uşaqlar üçün "Vətən" şeirini yaradırdı.
Estetik gücünü, məfkurə aydınlığını bir əsr qoruyub saxlamağa gücü yetən
"Vətən" şeirini. Yeni nəsil yazarların uşaq ədəbiyyatına müraciəti isə
onların yeni uşaq obrazlarına marağı ilə nəticələndi. Arxa fondakı reallığı,
sovet dövrünün daim gizlətdiyi, təhrif etdiyi, bizə başqa cür tanıtdığı uşaq həyatlarını
natural boyalarla şeirə gətirməyə çalışdı gənc ədəbi qüvvələr. Sevinc Elsevərin
şeirinə diqqət edək:
hardansa tapıb əyninə keçirdiyi
köynəyinin üstündə
ingiliscə "sevilən uşaq"
kəlmələri yazılıb
avtobusa dilənmək üçün minən uşağın.
bilmədiyi
yad dildə danışacaq
onunla dünya həmişə...
Yaxud:
nə vaxt ki
evə əliboş qayıtdı
qollarını daha geniş açdı ata
daha çox sevgi verdi uşaqlara.
Bu şeirlər əlbəttə ki, kiçik yaşlı uşaqlar üçün
deyil. Onlar üçün həyatı işıqlı tərəfləri ilə birlikdə təsvir etmək lazımdır. Hətta
Süleyman Sani Axundov belə öz hekayələrini "Qorxulu nağıllar" adı
altında təqdim edirdi. Niyə? Çünki nağıllarda qorxulu məqamlar olsa belə
uşaqlar məhz nağıl olduğu üçün dərin sarsıntı yaşamırdılar.
Burda gəlirik digər məqama. Uşaqlar qaranlıqdan
qorxurlar, onlar üçün işıq həmişə var, olmalıdır. Çıxış yolu mütləqdir.
Nağıllarımızda "işıq gələn, yoxsa it hürən tərəf" arifmetikası
uşaqlar üçün həmişə işığın qələbəsinə inamla sonuclanmalıdır. Ona görə
zorakılıqlar, müharibə uşaqlara uzaq, yad anlayışlar kimi çatdırılmağa cəhd
edilib. Hansısa nisgilin yanında mütləq göy üzü, səmada uçan quş, sülh rəmzi
göyərçin, süngülərindən mərmi yerinə çiçək tökülən silahların təsviri əsas
inikas predmeti olub. Nazim Hikmət demiş, "güzel günler göreceyiz
cocuklar, motorları maviliklərə süreceyiz"... Belə. Xoşbəxtlik hər zaman gələcək
zamana aid olsa belə sənət ona inam, ümidlə sarılıb gözləməyi aşılayıb. Amma
burdan bir sual doğur: hər şey mütləq xeyirin şər üzərində qələbəsi, işığa
inamla sonuclanacaqsa onda uşaqlarımız həyatın çətinliklərinə necə müqavimət,
duruş gətirəcəklər? Bu yaxınlarda Jerji Koşinskinin "Boyalı quş" əsərini
oxudum. Müəllif altı yaşlı yəhudi əsilli bir uşağın taleyi timsalında İkinci
dünya müharibəsinin dəhşətlərini olduqca sərt müstəvidə nəsrə gətirir. Uşağı
altı il amansız sınaqlardan keçirən müəllif sonda "yaşamağa davam"
mesajı ötürür oxucuya. İnsan azadlığının hər şeydən üstün olduğunu bildirir, qəhrəman
boyalı quşlar kimi öz dəstəsinə geri dönərkən bütün olanlara rəğmən yerini tapa
bilir. Yazıçılar bu məqamı unutmamalıdırlar. Mətn yalnız nağılçılıq etmək,
informativlik vermək üçün deyil, o uşağa həm də psixoloji dərinlik ölçüləri ilə
yanaşmalıdır, onların daxili aləminə nüfuzun əhatəli olmasına çalışmalıdır.
Bunun üçünsə müəllif uşağın psixologiyasını həm fərdi-şəxsi, həm də ictimai
baxımdan mənalandırmalıdır. Bizdə bu nəsrin ilk bədii örnəklərini, bədii cəhətdən
ən yaxşı və təsirli nümunələrini lirik-psixoloji nəsrin yaradıcılarından
sayılan Süleyman Sani Axundovun "Qorxulu nağıllar" ümumi başlığı ilə
çap olunan silsilə əsərləri ehtiva edir. Dərin həyatilik və qüvvətli realizm!
İnsan həqiqətinin uşaq nəzərlərindən dərki, mənalanması lazımdır. Sadə və
anlaşıqlı bir dillə. Rusiyanın görkəmli alimi V.V.Bartoldun dediyi kimi,
"Elə yazmaq lazımdır ki, savadsızlar başa düşə bilsin, savadlı, təhsilli
adamlar isə bəyənmiş olsun". Bəs anlamaqla bəyənmək arasında fərqi necə
aradan qaldırmalıyıq? Necə etməliyik ki, bəyənmək üçün uşağa gərək olan zövq,
estetika formalaşsın? Bunun yolu ailədən, tədrisdən və mütaliədən keçir. Bu üç
komponenti bir arada tuta bilirikmi? Gözəl uşaq yazarımız Sevinc Nuruqızının bu
fikirləri düşündürməyə bilmir: "Müasir dövrdə uşaq ədəbiyyatı hələ də ədəbiyyatın
problemli sahəsi olaraq qalır. Bu janr müəlliflərin diqqətini cəlb etmir,
naşirlərin maraq dairəsində deyil, sponsorlara "heç nə vəd etmir".
Uşaq ədəbiyyatı təkcə ədəbi böhran yaşamır, texnologiyaların inkişafi ilə bu ədəbi
növ həm də ciddi texnoböhran yaşayır. Ailələrdə kitaba meyl azalır. Uşaq nümunədən
bəhrələnəndir. Ailədə mütaliə nümunəsi olmadan uşağı mütaliəyə həvəsləndirmək çətindir.
Bütün güc təhsil müəssisələrinə düşür. Yəni bağça, məktəb və s".
Məktəblərdə uşaq ədəbiyyatına ayrılan zaman, mütaliə
prosesi, sinifdən xaric oxu planları hansı vəziyyətdədir?.. Sevinc xanımın sözləri
ilə desək, "dərs yükünün ağırlığı uşaq ədəbiyyatına vaxt güzəşti
etmir". Belə bir ayrıntının olmaması, təlabatın yoxa çıxması bu sahədə fəsadlara
- nəzarətin itirilməsinə, işbazlara öz cızmaqara yazılarını kitaba çevirib
meydana qoymaq fürsəti qazandırsa da tədrisin özündə olan problemləri də üzə
çıxarır. Bir halda ki, dərs yükünün ağırlığı uşaqlara asudə vaxt imkanı
tanımır, buyurun, o zaman dərsliklərin özünü o şəkildə tərtib edək ki, uşaqlar
üçün hər mənada yararlı olsun: həm estetik tərəfləri təmin etsin, onlarda ali
zövq formalaşdırsın, həm yaş səviyyələri nəzərə alınsın, həm də psixoloji dərinliyi
ilə uşağa həyatın bütün çətinliklərinə davam gətirib mübariz olmaq hissi
aşılasın. Bu kontekstdə yanaşanda çox sayda problemlər meydana çıxır. Bir neçəsini
burda qeyd etmək istəyirəm. Onlardan biri dərsliklərdə dil faktının, uşaqların
yaş senzinin nəzərə alınmaması məsələsidir. Məlumdur ki, bizim aşağı sinif dərsliklərində
klassik əsərlərə də yer ayrılır. Olsun, amma bu məqam üzərində çox həssas
çalışmalıdır dərslik müəllifləri. Məsələn, deyək ki, Seyid Əzim Şirvaninin ərəb-fars
izafətlərindən yoğrulmuş şeirini, yaxud müxtəlif qədim və orta əsr şairlərinin
qəzəllərini uşaqlara əzbərlətmək onlara nə verəcək? Bu dönəmdə uşaqlara həyatı,
insanları, ədəbiyyatı sevdirmək üçün daha asan mətnlər təqdim olunmalıdır.
Yaxud biz tarixi faciələrimizi uşaqlarımızin şəxsi yaşantısına çevirə
bilirikmi? Bunun üçün hansı təsirli əsərlərə, şeirlərə müraciət edirik? O mətnlər
ki, onlar uşaqlarda bu faciələrə qarşı həssaslıq deyil, laqeydlik yaradır. Bir nümunə
deyim. 5-ci sinif dərsliyində 20 Yanvarla bağlı bölümdə Sabir Əhmədlinin
"Şəhidlər xiyabanı" hekayəsini ixtisarla təqdim ediblər. Sabir Əhmədlinin
çətin üslubunu, qəliz, uzun cümlələrdən qurulmuş hekayələrini böyüklər belə
asan oxumadığı halda 5-ci sinif şagirdinə bunu oxutmaq düzgündürmü? Ondansa
uşaqlara 20 Yanvar faciəsi ilə bağlı sadə, rəvan bir dillə yazılmış informasiya
vermək olmazmı? Bu faciənin mahiyyətini onlara anlatmadan verilən hekayə hansı
bədii təsir oyada bilər? Hələ bunu çətin bir dillə qavramağa çalışırlarsa. Hələ
verilən nümunə bədii cəhətdən zəifdirsə. Buradaca, mənə Sabir Əhmədlinin yazıçı
kimliyindən, mətn anlayışından dərs keçmək istəyində olacaq kəslərə ərz edim
ki, Sabir Əhmədli qələminin gücünü bilirəm və nəsrinin poetikasını incələyən həcmli
bir yazım "Azərbaycan" jurnalının iyul sayında çap ediləcək. Söhbət
bu hekayəyə münasibətdən gedir və onun uşağın yaş səviyyəsinə uyğun verilməməsi,
20 Yanvar faciəsinin dramatizmi, mahiyyəti ilə bağlı dərin məzmun aşılamaması
reallığından. Üstəlik, mətndə işlənən bəzi sözlərin izahı verilməli idi. Məsələn,
hekayədə belə cümlələr yer alır: "DTK-nın yeni binasının qarşısından
başlayaraq, Nərimanov cadasının hər iki səkisində qərənfillər qoyulmuşdu".
Yaxud "Gecələr Bakı sakinləri, Azərbaycan milləti "Azadlıq"dan
danışan Mirzə Xəzərin səsini eşitməkdən ötrü çırpınırdı". Burada DTK,
cada, Mirzə Xəzərin kimliyi, "Azadlıq" haqda məlumat verilməsi gərək
idi ki, dərslik müəllifləri bundan yan keçiblər.
Daha bir məqam. Günel Eyvazlının "Ədəbiyyat qəzeti"nin
2018-ci ilin dekabr sayında çap olunan "Fiqaro - kasıb, zəhmətkeş,
optimist nəslin nümayəndəsi" məqaləsindən oxuduğum bir fikri xatırlayıram:
"Həftə sonu idi. TV kanalları çevirən zaman maraqlı heç nə tapmadığımda
cizg filminə kökləndim. Dəfələrlə baxsam, gedişatın nə olduğunu bilsəm belə,
"Tom və Cerri" cizgi filminə yenidən baxmağı qərara aldım. İlahi, Tom
nə edir? Kütlə qarşısına çıxan məşhur pişik Motsartın Fiqarosunu oxuyur. Bəli,
bu, Motsartdır. Necə olub ki, bu vaxta qədər buna nəzər yetirməmişəm. Təcili
Yutub kanalını açıram. Cizgi filminin müxtəlif bölümlərinə nəzər salıram.
Cerrinin addımından tutmuş, Tomun qaçışına qədər, pianoda ifasına qədər hər şey
klassikadır. Və qəribəsi budur ki, məktəblərimizdə tədris olunan musiqi dərsindən
fərqli olaraq, cizgi filmində "filan opera neçənci ildə yazılıb?",
"filan bəstəkarın neçə komediyası var?", "nə vaxt doğulub, nə
vaxt dünyadan gedib?" kimi yorucu suallar, rəqəm yığını şagirdlərin beyninə
doldurulmur. Axı orada həzm prosesi getməlidir, cənablar. Axı lazımsız rəqəmlərlə,
A,B,C, yoxsa D variantı ilə kilidlənən beyinlər boğula bilər. Oraya nəfəslik
lazımdır. Hava lazımdır, əfəndilər. İcazə verin balacalarımız yüklənmiş tədris
proqramından oyanıb dünyaya baxsınlar, nəfəs alsınlar. İcazə verin, lütfən".
Əlavə nəyəsə ehtiyac varmı? Hələ iki əsr öncə
Belinski də "Uşaqlar üçün almanax" məqaləsində yazırdı ki,
"Uşaqlar, məsələn, "İliada" və "Odisseya"nı oxuyub və
bu poemalardan bir şey bəyənmədən əvvəl onlar üçün Homerin tərcümeyi-halını
bilməyin nə faydası var? Oxuduqdan sonra isə məsələ başqadır".
Ədəbiyyatın missiyası nədir? Məqalələrimin birində
yazmışdım: "Bütün haqsızlıqlara, nadanlıqlara, cahilliklərə baxmayaraq,
işığı qorumaq lazımdır. Rəngli karandaşlar yenə də sevimli və gərəkli əşyamız
olmalı. Uşaqlıqdakı kimi... Onlar bizə həyatın ağ və qara zolağından çıxmağa
kömək edər. Ədəbiyyat nədir ki?! İnsanın dünya, zaman, Tanrı və təbiətlə bağlı
düşüncəsinin sınırlarını böyütməsi üçün üz tutduğu müqəddəs mehrab! Axı insan
pisliklərdən, yaramazlıqlardan sığortalanmayıb, o, əzabların pandora qutusudur,
ədəbiyyatsa həmişə əzabları yenməsində ona yol göstərən olub. Sovet sistemi
dağılandan sonra biz bu fikri də tarixin qalıqları altından çıxarıb, bir az da
postmodernist dalğanın ardınca gətirdiyi revanşist ədanın təsirinə düşərək ona
özgə məzmun, mündəricə verməyə çalışdıq: Ədəbiyyat insan tərbiyə eləmir! O
zaman ədəbiyyat nəyə xidmət edir? Hansı amala, hansı məfkurəyə, hansı düşüncəyə?
Əgər çağın insanı onu gündəlik sarmış olan hər cür mənəvi-ruhsal-psixoloji
deqradasiyadan, maddi-sosial anomaliyalardan qurtuluş üçün ədəbiyyata
sığınmayacaqsa, orda öz hüzurunu tapa bilməyəcəksə, o zaman bədii sənətin qayəsi
hardan başlanıb harda bitir? Əgər durmadan artan kitablar, yazılan əsərlər
sonucda insana yönəlik söz deməyə hasilə gəlmirsə, o zaman bəşəriyyət niyə hər
zamanın qəhrəmanını yaratmağa çalışır, onunla öz dilində, düşüncəsində
danışmağa çaba göstərir?!". Bax, bu missiya eynidir, fərqi yoxdur, istər
böyüklər üçün ədəbiyyat yarat, istərsən də kiçiklər üçün. Mətn hər zaman
xilasdır, ədəbiyyat hər zaman "çovdarlıqda uçurumdan qoruyan"dır.
Böyük ədəbiyyatı yaradanların hədəfi var. Nobeli
qazanmaq, dünya ədəbiyyatının qabaqcıl tendensiyaları ilə kəsişmə nöqtələrini
tapıb ona doğru addımlamaq. Bəs uşaq ədəbiyyatının hədəfi nədir? Sadəcə, uşaq təbəssümü.
Onların sabahlı gələcək qurmalarına nail olmaq. Bu yaxınlarda uşaq yazıçısı
Aygün Bünyatzadənin "Karusel" hekayəsini oxuyarkən həmin fərq üzərində,
yəni uşaq ədəbiyyatının missiyası üzərində düşünməli oldum. Hekayə bu
missiyanın kiçik bir modelini təqdim edir. Parkda tərkinə mindiyi körpə
uşaqları fırlatmaqdan bezən və daha böyük işlərə can atan karusel köhlən at
hansısa məqamda anlayır ki, onun missiyası elə budur: uşaqların sevincinə səbəb
olmaq, onlara xoşbəxtlik, gülüş nəsib etmək, qocalanda xatirələrinə dönmək. Məncə,
uşaq ədəbiyyatının ən böyük hədəfi buna nail olmaqdır: bir uşaq üzündə təbəssüm
yarada bilmək. Bu elə bir həssas məsələdir ki, zaman-zaman çox ziyalılarımızı
narahat edib. Hərdən düşünürəm ki, XIX əsrdən başlayaraq, bizim əksər şair və
yazıçılarımız, tənqidçi-ədəbiyyatşünaslarımız nədən tədqiqat, təsvir predmetləri
ayrı sahələr, ayrı məsələlər olduğu halda uşaq ədəbiyyatından da yazmağı özlərinə
borc biliblər?! Çünki onlar narahat olublar. Öz övladlarının timsalında bütün
yer üzünün uşaqları, onların sağlam ruhda böyümələri, yetişmələri üçün narahat
olublar. Bir az da biz narahat olaq.
"Ədəbiyyat qəzeti”