Gəncədə erməni vəhşiliyini göstərən şəkil "İlin mətbuat fotosu" seçildi
Fotoqraf
- 17.04.2021
- 0 Şərh
- 14779 Baxış
Türkiyə Fotoqrafçılar Dərnəyi (Türkiye Foto Muhabirleri Derneği) "İlin mətbuat fotoları-2021” mükafatlarının sahiblərini elan edib.
Builki fotomüsabiqəyə ümumilikdə 5 min 188 foto təqdim olunub. Azərbaycandan 4 foto və 1 fotosessiya olmaqla beş əsər mükafat qazanıb. "İlin mətbuat fotosu” mükafatını Türkiyənin "Sabah" qəzetinin fotomüxbiri Uğur Yıldırımın Ermənistan tərəfindən Gəncəyə raket atılan zaman bir qadının doğmalarının ölüm xəbərini alması anı çəkdiyi şəkil alıb. Bundan başqa, fotomüxbir Uğur Yıldırımın 44 günlük Vətən savaşı zaman çəkdiyi şəkillərdən ibarət fotosessiya "İlin fotoreportajı”, Şuşanın düşmən işğalından azad olunması münasibətilə Azərbaycan xalqının sevincini əks etdirən əsərləri isə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin xaricdəki türklərlə bağlı (Yurtdışı Türkler) mükafatlarına sahiblənib.
Qeyd edək ki, Türkiyə Fotoqrafçılar Dərnəyi 1985-ci ildə qurulub. Mütəxəssislər hesab edirlər ki, bu ilki foto müsabiqədə sərgilənən əsərlər dərnəyin ötən 31 ildə mükafatlandırdığı fotolar arasında ən cəlbedici əsərlərdir.