
Günel Eyvazlı. Sonunu düşünən qəhrəman olmaz - Salatın Əsgərova
- 20.01.2020
- 0 Şərh
- 2664 Baxış
İnsanın adı, soyadı onun ömür bələdçisidir. Təsadüfi
deyil ki, dastanlarımızda bu məqama xüsusi həssaslıqla yanaşılır. Salatın isə
soyadında olduğu kimi Əsgər idi. Vətəninin əli qələmli əsgəri.
Azərbaycanın çaxnaşma dövrlərində cəbhədən, qızğın
döyüşlərdən çox uzaqda yaşamağımıza baxmayaraq şəhərdə uzun-uzadı çörək növbələrində,
günlərlə işığa, qaza həsrət zamanlarda ömür sürdüyümüz vaxt, səngərdə düşmənlə
üz-üzə oğullar dayanırdı. Onların gününü, güzaranını, yaxından müşahidə etmək,
cəbhədə gedən olayları təsvir etmək üçün azsaylı insanlar cəsarət nümayiş
etdirib cəbhə bölgəsinə yollanırdı.
Deyilənə görə, "Molodyoj Azerbaydjana”
redaksiyasında iclaslar zamanı "kim könüllü reportajlar hazırlamaq üçün cəbhəyə
yollana bilər?” sualını verincə, çoxu baxışını yerə diksə də Salatın mərdi-mərdanə
"Mən gedəcəm” deyirdi. Əminliklə ifadə edirdi fikirlərini. Evində onun
yolunu gözləyən azyaşlı oğlunun olmasına baxmayaraq getmək istəyirdi.
Salatın haqqında müsahibələri, döyüş hekayələrini ələk-vələk
etdikcə onu qadın kimi də yaxından tanımaq istəyirdim. Həyatda olan, yaşayan
dost-tanışlarının olmasına baxmayaraq cürət edib, "cəsarətli, dönməz, mərd
qadın olmasıyla bərabər, Salatın xoşbəxt qadın idimi?” sualını soruşa bilmədim.
Düşündüm, adama deyərlər ki, onun jurnalistika xətti ilə tanış ol bəs edər,
qadınlığına, analığına, xoşbəxtliyinə toxunma. Yaralanmış ailənin keçmiş dərdini
təzələməmək üçün soruşa bilmədim. Amma qadın psixologiyası ilə bilirəm ki,
insan uçurum ilə üz-üzə dayandıqda, anlamaz biri ilə ömür sürdükdə, məngənə
arasında sıxıldıqda daha çox qaçmaq istəyir, daha çox cürət nümayiş etdirir,
övladının, yaxınlarının olmasına baxmayaraq, özünüsübut üçün istənilən
ekstrimal vəziyyətlər önündə cəsarət nümayiş etdirə bilir. Tanımadığı yollardan, aid olmadığı məkanlardan
keçmək istəyində bulunur. Mən bacardım, mən bacaracağam, məndə alınacaq, deyir.
İyirmi doqquz yaşlı gənc xanımı təsəvvür edir. O,
asudə zamanlarını sevimli, bircəcik oğlu Ceyhunla keçirirdi. Günlərin birində
jurnalistika sevgisindən irəli gələrək oğluna oyuncaq deyil, diktofon alır.
Getdikləri məkanlarda oğlundan insanlara yaxınlaşaraq müsahibə almağı xahiş
edir. Sanki onu növbəti həyata, anasız həyata alışdırmağa, yeni peşəyə sahiblənməyə
səsləyir.
Belə müsahibə oyunlarının birində masada əyləşmiş
xanımlar balaca Ceyhununa bilərzik hədiyyə edirlər. O isə bu bilərziyi anasına
bağışlayır. Öldüyü günə qədər oğlunun hədiyyəsini qolundan çıxarmır Salatın.
İlk dəfə idi ki, yazını yazdıqdan sonra rahatlığa
qovuşmamışdım. Məsələn, Əzizə Cəfərzadə haqqında ürək açıqlığıyla, Şükriyyə
xanım haqqında qürurla, Sara Aşurbəyli haqqında inamla yazmışdım. Amma Salatın
Əsgərova haqqında məhdud mənbələr arasında axtarışlar edincə, güllələnmiş
avtomobil, içindəki hərbiçi və jurnalistin erməni terrorçuları tərəfindən vəhşicəsinə
öldürülməsi səhnəsi haqqında oxuduqca, həmin dərmə-deşik avtomobilin video
görüntülərinə baxınca yazını yazdığım günün gecəsini boğularaq yatmışdım. Bütün
gecəni yuxudan ayılıb yalnız onun haqqında düşünmüşdüm, heç rahatlıq tapmamışdım.
Rəfiqəsinin söylədiyinə görə bir dəfə ölümün
astanasından qayıtmışdı, Salatın. Atışma zamanı xəndəkdən qalxıb nə baş verdiyini öyrənmək istəyibmiş
və güllə onun saçlarının arasından keçibmiş. Atası, rəfiqəsi nə qədər onu növbəti
gedişdən saxlamaq istəsələr də, növbəti şansın bir daha verilməyəcəyini söyləsələr
də, oğlunu, yaxınlarını düşünməsini istəsələr də o, evinə-eşiyinə sığışa
bilmirdi. Sanki ölümə tələsirdi.
Salatın
ixtisasca geofizik idi. Jurnalistikaya olan marağı onu öncə 1984-cü ildə
"Bakı” qəzetinə, dörd il sonra isə "Moladyoj Azerbaydjana” qəzetinə gətirib
çıxarmışdı. 1988-ci ildə dırnaqarası rejim daxilində yaşadığımız xalqların əslində qardaş deyil də
mənfurcasına özünün olmayan torpaqdan pay ummasını müşahidə edincə ziyalılarımız
baş verən olaylara qarşı susmadılar. Onların çılğınlığı, patriotizmi Sovetləri
bərk narahat edirdi. Həmin illərdə - Dağlıq Qarabağ problemli başlayanda Ali
Sovetin deputatı olmuş Xalq artisti Rəşid Behbudov belə ərazi məsələləri üstündə
SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu
sübut etməkdən ötrü Hindistan səfəri zamanı Şaumyanın orada basdırıldığını
faktlarla sübut edən kaseti Qarbaçova verir. İllərdir oyun içində yaşayan
xalqın gözləri açılmağa başlayır. Elə bu səbəbdən vəzifəsindən, mənsəbindən
asılı olmayaraq əsl vətənpərvərlərin daxilində rejimə, yalançı xalq
qardaşlığına qarşı nifrət oyanır. Hamı öz səngərində, öz cəbhəsində vətəninə
xidmət etməyə başlayır. Eləcə də Salatın Əsgərova 1988-ci ildən "Molodyoj
Azerbaydjana” qəzetində ard-arda gedən məqalələri ilə od püskürürdü. Üstəgəl,
qulağının eşitdiklərinə yox, hələ gördüklərinin də şahid olunca nifrəti, üsyanı
yerə-göyə sığmırdı. Elə bu səbəbdən də istədiyi, sevdiyi adamların "getmə”
deməsinə rəğmən yolundan dönmür. Ürəyinə daş bağlayaraq başladığı döyüşü sona qədər
davam etdirməyə qətiyyət nümayiş etdirir.
Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı
polis dəstəsinin fəaliyyətindən, çətin
döyüş əməliyyatlarından bəhs edən "Omonçular” idi. O, "Molodyoj
Azerbaydjana" qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında, təkcə azərbaycanlı
döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini kəskin tənqid
edirdi. Yazı belə bir məntiqi yekunla bitirdi:
"SSRİ prezidentinin DQMV-da qanunsuz silahlı birləşmələrinin
tərksilah edilməsi barədə fərmanına əməl olunmursa, o zaman prezident idarəçiliyinə
nə ehtiyac var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərliyin yeni idarəetmə
üsullarının sınaq meydanına çevrilməlidir? Bu suallara mütləq cavab
alınmalıdır. Başqa cür ola bilməz”.
1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan
Şuşaya Oleq Larianovun yanına getməyi qərara alır. Deyilənə görə sonuncu gedişində əynində hərbi
paltar ilə evdən çıxmışdı, oğlu yuxuda olduğu üçün onun alnından öpüb evini tərk
etmişdi. Yaxınlarının onu yoldan çəkindirməklərinə baxmayaraq, fikrindən dönməmişdi
Salatın. Hətta dünyanın ən böyük məhəbbəti olan övlad məhəbbəti belə onu
qapıdan geri qaytara bilməmişdi. Başına 10 min rubl mükafat vəd edilən
Larianovun əlindən erməni terrorçuları zəncir çeynəyirdi. Eyni dini mənsubiyyətə
malik birisinin niyə azərbaycanlıları qoruduğunu anlaya bilmirdi daşnaklar. O səbəbdən
də batalyon rəhbərini aradan götürmək üçün günlərlə pusquda dayanırdılar.
Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında Gəncə şəhərinin
44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət
nömrə nişanlı avtomaşın atəşə tutulur. Həm avtomatdan, həm də snayperlə açılmış
güllələrdən avtomobil deşik-deşik olur. Sonra araşdırmaçılar avtomobil üzərindən
113 güllə yeri saymışdılar. Larianov canı üstündə olana qədər, gülləsi bitənə qədər
döyüşmüş, mayor İqor İvanov, serjant İ.Qoyek yerindəcə keçinmişdi. Əslində,
onlar bronijiletdə idilər və düşmən onları öldürmək üçün hədəf nöqtələrini
yaxşı bilirdi. Avtomobilin qapısını açan qatillər canı hələ də üzərində
olan Salatın Əsgərovanın gicgahından
vuraraq onu öldürürlər.
Aylar öncə Litva jurnalisti Riçard Lapaitisin Azərbaycan
Televiziyasında Azərbaycan qadın əsirləri haqqında söylədikləri indi də qulağımda
cingildəməkdədir. El-aləm, dünya hansı vəhşiliklərin başımıza gətirildiyindən xəbərdardır.
Sadəcə maraqlar üzərində qurulmuş bəşəri münasibətlər həqiqət önünə örtük çəkir.
Lapaitsi əsirlikdən dönən qızcığazların nə vəziyyətdə olduğunu və onların qısa
müddətə həkimlərin gözü qarşısında öldüklərini söyləyirdi. Qızların başına gətirilən
oyunlar, canı üstündə olan igidləri yarıb orqanlarını çıxarmaq... yəni vəhşiliyin
həddi-hüdudu yoxdurmu...Və mən düşünürəm ki... bu qədər ağrı-acı, qaçqınlıq,
köçkünük, repressiya, sürgün görmüş bir xalqın kişili, qadınlı bəzi nümayəndələrinin
eyni dam altında bir-birini həzm etməmələrini görüncə, günü-gündən tirajlanan
ailə zəminində baş verən qətl hadisələrini oxuyunca özümüzə yazığım gəlir. Yəni
bizə unutqanlıq, şərəfsizlik dərmanı içiriblərmi, anlamıram. Hardan hara gəldik...
Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd
indi Salatınkənd adlanır. Ora illərdir azərbaycanlı ayağı dəymir. Yağı düşmən
yeriyir üzərində...