
Günel Şamilqızı. Div olanda noolar... (Povest)
- 18.02.2020
- 0 Şərh
- 2548 Baxış
O, Məlikməmməd
olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün
körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü.
Hər şey
atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə onun padşah
atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük gətirir. Bəlkə
də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı. Amma görünür,
kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi həyat oğurlaya biləcəyinə.
Məlikməmmədin
hər iki qardaşı ayrı-ayrı vaxtlarda, hərəsi bir ayrı cür qaranlıq gecədə
ziyankarı güddü. Oğru adam olmasa da, ən azı, adamlar kimi qorxuda bildi
qardaşları. Almalar da onların sağ qalması üçün rüşvət oldu.
Atası Məlikməmmədi
yanına çağıranda artıq qardaşların "yatıb yuxuya qalmaq" söhbəti ona
da qəribə gəlirdi. Çünki içlərində ən ağciyər qardaş özü idi. Bilirdi ki, qorxu
adamı gic eləyəndə nəinki yatmaq, əl-ayağını uzadıb rahatca ölmək də mümkün
deyil.
- Bu
gecə növbə sənə çatır.
Padşah
ikinci cümləsini deməyə macal tapmamış Məlikməmməd etiraz elədi:
- Bu
nağıl deyil, hər kəs təkbaşına qəhrəmanlıq göstərsin. - Sonra qardaşlarına sarı
döndü, - Gəlin oğrunu bir yerdə güdək.
Qardaşlar
hərəsi bir bəhanə ilə boyun qaçırdı. Bilirdilər ki, Məlikməmməd qorxaqdı,
birlikdə getsələr, onlara arxayın olub gözləyəcək, torba-torba alma sirlərinin
də üstü açılacaq. Amma tək qalsa, bir az gözləyib, gecə yarı qaçacaq evə.
Məlikməmməd
başa düşürdü vəziyyət qəlizdi, onsuz da, adı qorxaq kimi çıxıb, bir az da
xalın-gülün vurmasın deyə, özünü toplayıb getdi. Bəd ayaqda o da qardaşlarının
üsulundan istifadə edəcəkdi.
Axşam
yerini gecəyə təhvil verəndə gördü dizləri əsir, barmağını kəsdi ki, yaranın
göynəməsinə bəlkə bu qorxaqlıq yadından çıxar. Yaxşı-yaxşı göynəsin deyə, lap
duz da səpərdi. Amma gecəyarı bu bağda, qaranlıqda duz nə gəzir? Yaxşı ki də
yox idi, çünki barmaq kəsmək əvvəldən çox axmaq fikir imiş, əlavə can incitməkdən
başqa heç nəyə yaramadı. Sonra da yatmağa çalışdı. Bu dəfə yaranın ağrısını
unutmaqçün. Sızıltı azaldıqca onu yuxu apardı. Qardaşları kimi yox, o,
doğrudan-doğruya yatdı. Daş kimi yatırdı yazıq.
Bir də
ayıldı ki, yekəpər bədheybətin biri gülə-gülə onu silkələyir.
- Ay
adam, nə yatmısan? Sən hansısan, böyüyüsən, yoxsa o biri? Bəs hanı mənim
almalarım? Hələ yığmamısan? Niyə hazır deyil torbam?
- N-nə
torba? - Məlikməmməd dili topuq vura-vura soruşdu.
Bədheybətin
sifəti çöndü:
- Bura
bax, qudurma! Siz adamları bir az boş buraxan kimi divə dönürsüz. Bilirsən, mən
kiməm? Divəm, əsl div! Bilirsən sənə neyləyərəm? Ağlını başına, almaları da
torbaya yığ, ver mənə. Dur, tez elə. Tələsirəm.
Məlikməmməd
qorxa-qorxa gülümsədi. Uşaqlar bəzən qorxudan belə gülür...
***
Səhər əlində
alma dolu sini ilə saraya girəndə də o qorxaq təbəssüm üzündən silinməmişdi.
Hamı inandı, hamı aldandı onun divi qovub, hətta yaralayıb bağı qoruduğuna.
Bircə almaların əbədi həyat bəxş edəcəyinə inanan atasından başqa. Hamı əvvəllər
lağa qoyduğu Məlikməmmədi öyəndə o da fəxr elədi oğluyla, amma özü də bilmədi
hansı fərasətinə görə?
Məlikməmməd
də duydu, atası inanmır bu qəhrəmanlıq cəfəngiyatına. Təkcə atasından gizlətdi
baxışlarını. Gizlətdi ki, ömrü boyu bircə dəfə qorxusuz-ürküsüz, arın-arxayın,
ata-bala kimi söhbət eləmədiyi padşah atası duyuq düşməsin dünən divlə hansı səmimiyyətlə
dərdləşməyindən. Bəlkə danışsaydı Allahın divi kimi, atası da anlayardı onu,
çıxarardı vəziyyətdən. Bilmirdi... Bircə şeyi bilirdi, hamı ondan bu qəhrəmanlığın
ardını gözləyir.
***
"-
Ay da!.. Səni başa düşürəm. Div olanda noolar? İstəmirəm mən bu almaları, ay
bala. Apar ver atana.
-
İnanmaz...
-
İnanacaq! - deyə Məlikməmmədin qılıncını götürüb qollarını kəsik-kəsik eləmişdi.
-
Neynirsən, başına dönüm?
- Fikir
vermə, bunların yeri sağalacaq e. Danışdıqların daha çox incidəcək..."
Sonra
da durub qanı şoruldaya-şoruldaya getmişdi.
İndi
atasına verdiyi ikinci sözü yerinə yetirməkçün Məlikməmməd bu qanın izinə düşüb
divi tapmağa gedirdi. Tapıb öldürməliydi. Sarayda söz-söhbət gəzirdi ki, elə əvvəldən
səhv eləyibmiş sağ buraxmaqla. Əslində onlar qızıl sinidə alma yox, div başı
görmək həvəsindəydilər. Həmin gecə onunla birgə oğrunu güdməyə getməyən
qardaşları da bu dəfə yanındaydı. Sırf maraqçün. Allahın qorxaq Məlikməmmədinin
bədheybət bir divi necə öldürəcəyinə tamaşa eləmək istəyirdilər.
Çox
getdilər, tox getdilər, dağar-dağar şax getdilər. Sinəsi özündən qabaq
yeriyirdi Məlikməmmədin. Yerə-göyə sığmırdı. Hərçənd, yola çıxdıqları gün hər
yeni qan damcısından sonra dizləri büküləcək, daha yeriyə bilməyəcək, bir
sonrakı damlanı da görsə, ürəyi partlayacaq sanırdı. Üzü bərk imiş demə. Bəxtəvər
başına, qəhrəman olmuşdu. Qəhrəman olmaq xoşuna gəlmişdi. Ürəyində deyirdi birtəhər
düzüb-qoşaram. Gümanı yenə sözlərə qalırdı, elə hey fikirləşir, lazımi cümlələri
sıralayırdı beynində.
Arxayınlığı
quyuya çatanacanmış. Qan izləri arasında məsafə sıxlaşır və qəfil quyuda kəsilirdi.
Deməli, ona el-oba inamı, alın açıqlığı bəxş eləyən o geniş ürəkli bədheybət
yerin üstündə yaşamağa bir qucaq torpaq tapmayıb, burda quylamışdı özünü.
Yəqin
indi bu quyunun ağzında əlhəd daşı kimi ağır bir daş da olmalıydı. Amma o daşı
qaldıracaq ürəkli oğlan, qoluzorlu igid yox idi deyə daşlar quyuların ağzını
yuma bilmirdi. Kaş olaydı. Onsuz da heç biri götürə bilməyəcəkdi. Çünki həmişəki
kimi tək-tək yaxınlaşıb güc gələcəkdilər. Olsaydı, ağırlığı bəlkə də qardaşları
quyuya düşmək qorxusundan xilas edərdi, qayıdıb ev-eşiklərinə gedərdilər.
Bir-birlərinə
çəp-çəp baxdılar. Həmişə bütün işləri birinci böyük qardaş "məharətlə"
başından atırdı. Ortancılı da birincinin elədiyini təkrarlayırdı. Eynən, necə
eləmişdisə elə, haracan eləmişdisə oracan. Məlikməmməd tifilsə həmişə onların həm
elədikləri, həm də eləmədikləri qədərindən qorxub çaşbaş qalırdı.
Kəndiri
əvvəlcə böyük qardaşın belinə bağladılar. Hələ də boyun qaçırtmaqçün ağlına bir
şey gəlməmişdi. Endirdilər. Adamlardan, işıqdan uzaqlaşdıqca qorxudan əsməyə
başladı. Heç yarıyacan endirməmişdilər ki, hardan beyninə düşdüsə, qəfil
qışqırmağa başladı:
- Ay
yandım, çəkin! Ay yandım çəkin!
Padşahın
ilk varisinin sözünü yerə salmadılar. Oğlan çıxan kimi ortancıl qardaşla göz-gözə
gəldi. Üzü gülürdü hazıra nazirin. İndi onu endirdilər. Zalım oğlu elə bil
saniyələri saymışdı, eynən böyüyü kimi, yuxarıdan aşağı yolu yarı olmamış
qışqırmağa başladı:
- Ay
yandım, çəkin! Ay yandım, çəkin!
Çəkin
deyir, çəkin də. Məlikməmmədin gözləri bərələ qalmışdı. Necə yəni
"yandım"? Orda ocaq qalayıblar? Niyə isti olsun axı? Quyuda su
olmayınca odmu olur?
İpə
baxanda yorğun, bezgin, təlaşlı ruhuna su çiləndi. Bəlkə xilas kəndirdəydi, bu
qəbir-quyudaydı? Onsuz da divi öldürə bilməyəcək. Heç olmasa, atasıgilə söz
çatanda "quyunun istiliyinə dözməyib öldü" deyərlər. Bircə canı
qurtarsın hər şeydən.
Ani həyəcana
qapılıb, ipi sehrli qurtuluş kəməriymiş kimi, həvəslə bağladı belinə.
İşıqdan,
adamlardan uzaqlaşdıqca canındakı minillik qorxu onu tərk eləməyə başladı. Nə
istiydi, nə soyuq. Nə işıqlıydı bura, nə qaranlıq. İçinə dolan rahatlığın təsiriyləmi,
ya o an dərk eləmədiyi başqa bir səbəbdən bərk-bərk yapışdığı ip ona mənasız
göründü. Əllərini yana açıb uça-uça enmək istədi. Az qalıbmış demə, kürəyi
xırda daşlara toxundu. Bir müddət belə - geniş açılmış qollarıyla gəldiyi yerin
havasını qucaqlayıb uzandı. İlahi, insan dibdə belə rahat olurmuş. Dib budur,
deməli?
Belindəki
ipdən qurtulub bir xeyli irəlilədi. Qapı gördü, yaxınlaşdı. Deyəsən gec-gec əl
toxunurmuş dəstəyinə, çox ağır açıldı.
***
- Ooo,
sən? - Div başını uzunsaçlı, yarıçılpaq, gözəl bir qızın dizləri üstündən
qaldırıb təəccüblə Məlikməmmədə baxdı.
Oğlanın
gözü qızda qalmışdı. Beynində düzüb-qoşduğu hər şey darmadağın idi. Bədheybətin
yanında bu cür gözəlliklə qarşılaşacağını gözləmirdi. Nə edəcəyini bilmədi. Ürkək-ürkək
gah divə, gah qıza baxdı.
- Hə, nədi,
xoşuna gəlir? - Div bic-bic güldü.
Quruyub
qalmışdı. Gözlərini də qırpmırdı.
- Bu səninçün
atanın sarayında sevişdiyin açılmamış qönçələrdən deyil.
Oğlan
qızı bir də başdan-ayağa süzdü.
- Buna
insan nəfəsi dəyməyib. Vəhşidi. Div görüb bu ancaq, div.
Qızın
donuq baxışları Məlikməmmədə zillənmişdi. Heç elə bil vecinə də deyildi quyuya
adam ayağı dəyməsi, indi onun haqqında danışmaqları.
-
Qorxma, heç nə eşitmir. Lal-kardı.
***
- Niyə
məhz bizim almalar? Dünyada bağ qəhət idi?
- Mən
ora almaya görə gəlmirdim.
- Başa
düşmədim.
-
Ağlına başqa şey gəlməsin. Nə bilim e. Adi meyvəlikdən alma oğurlamağa nə var?
Padşah bağının bəhərindən yemək başqa şeydi.
- Heç
zibil də deyil. "Başqa şey"miş. Boş-boş sözlərdi. Deməli, divlərdə də
var əlçatmazları yağlı matah zənn eləmək?
- Div
olanda noolar? Mən padşah bağının meyvəsindən yeyə bilmərəm?
- Bir dəfə,
iki dəfə... Bəs fikirləşmirdin ki, hamısını yeyib, sahibinə heç nə saxlamayanda
o da izinə düşüb səni öldürtmək istəyəcək?
- Kim,
sən? Sən düşmüsən izimə? Sən öldürəcəksən məni? Öz bağındakı meyvələri ona
verim deyə mənə yalvaran qorxaq?
-
Olanları sənə başıma qaxasan deyə danışmamışdım.
Div
qolundakı çapıqlara baxıb başını aşağı saldı:
-
Bağışla.
***
- Niyə
elə oturmusan?
- Qızın
üzünə baxa bilmirəm.
- Gözəldi,
hə?
- Adam
dəli olur... Hardan tapmısan onu?
- Çətin
olmadı. Gözgörəsi gözəlliklər o qədər də əlçatmaz sayılmaz. Belə şey görməmisən
deyə hayıl-mayılsan.
- Nə dəxli
var? Mən gördüklərimi də sən görməmisən.
- O
dediyin qıza - atan öldürdüyünə bənzəyir?
- Kəs!
-
Nooldu? Nə dedim ki?
- Ağ eləyirsən,
dost...
- Dost?
- Hə...
Sənə "dost" desəm, olar?
- Fərqi
yoxdu. Amma çətin olacaq.
- Nə?
-
Öldürmək.
-
Hardan bilirsən, birdən-ikiyə dost öldürmüsən?
-
Bilmirəm.
- Neçə
gündü burdayam?
-
Bilmirəm.
- Daha
nə qədər belə davam edəcək?
-
Bilmirəm...
***
- Mən gələn
kimi niyə ilk görüşdə danışdıqlarımızı başıma qaxdın, sonra da qəfil üzr istədin?
- Səni ələ
sala bilərəm. Amma öz qərarlarıma hörmət eləməliyəm. Mən həmin gün bağda səni dəstəkləmişdim.
Sonradan özümü yekəxana aparmağın yeri yoxdu.
- İndi
də dəstəkləyirsən?
- O məsələdə,
hə.
-
Yalnız o?
- Nə
gözləyirsən? Ay adam, sən bura məni öldürməyə gəlmisən. Nə deməyimi istəyirsən?
- Mənə
asan deyil.
- Başa
düşürəm, vallah. Amma sənə asan gəlsə, mənə çətin olacaq.
- Ay
Allah, durdu-durdu məni gör kim başa düşdü...
-
Bilmirsən? Div başa düşdü səni, div.
***
- Atan
sevdiyin qadını niyə öldürdü?
-
Bilmirəm.
- Heç
vaxt soruşmamısan?
- Yox.
- Bəllidi,
camaat sənə niyə qorxaq deyir.
- Onsuz
da o ölüb. Bilib, sonra atama da nifrət eləyim?
- Guya
eləmirsən?
-
Yox... Həm də sənə o vaxt düzünü deməmişdim. Onu atam öldürməyib, bircə dəfə
söhbət ediblər, vəssalam. O, sadəcə asmışdı özünü.
-
"Sadəcə"yə bax.
-
Qorxusundan! Bir qorxaq şah oğlunu axıracan sevməyə qorxdu. Bu qorxaq şah
oğluyla xoşbəxt olmaqdan qorxdu. Deyirdi gedək buralardan, başqa səltənətdə,
başqa qanunlarla yaşayaq, başqa adamlara gülümsəyib açaq səhərlərimizi. Tərəddüd
edirdim, atam razı olmaz deyirdim, adımı qorxaq qoyurdu. Özü neylədi guya?
-
Yaxşı, sakit ol, bura ağlamağa gəlməmisən.
***
-
"Div olanda noolar?" az qala hər cümlənin başında deyirsən.
- Çünki
mən div olmaq istəməyən divəm. Çünki bu gördüyün məxluqu həmdivləri qəbul eləmir.
Mən "almayeyən div"əm.
- Heç
insan yeməmisən?
- Əvvəllər
yemişəm.
- Niyə
vaz keçdin?
-
Onlarla söhbət eləməyə başladım.
- Nə
danışırdılar ki?
- Heç nə.
Özlərini. Həyatlarında baş verənləri, onları ağrıdan sirləri. Ya qorxudan, ya
da artıq öləcəklər deyə, daha heç kimə danışa bilməyəcəklər deyə.
- İndi
özün də mənə danışırsan səni ağrıdan divliyini...
- Hə,
bildim nə demək istəyirsən. - Div çoxbilmiş-çoxbilmiş gülümsədi.
- Heç
gülməli deyil, dost.
- Elə-belə
danışıram. Sual verirsən, nəsə cavab verməliyəm, düzünü deyirəm də. Nədən
qorxuram ki, yalan danışım?
***
- Bəsdi
də bir-birinizi gah incitdiz, gah əzizlədiz. Siz bəlkə də heç biriniz insan
deyilsiz. Amma mən dözə bilmirəm artıq.
Məlikməmməd
yuxulu gözlərini diqqətlə qızın dodaqlarına zillədi. Hə, yanılmırdı, həmin qız
idi. Divin "lal-kardı" dediyi yarıçılpaq vücud danışa bilirmiş.
- Niyə
gəldin axı? Sən gəlməmiş daha yaxşıydı hər şey. İndi heç nə əvvəlki kimi
olmayacaq! İncinib-əzizlənməkçün illah da yerin dibinə enməliydin?
Məlikməmmədin
yuxusu qaçdı. Ağzına su alıb oturmuşdu, rollarını dəyişmişdilər elə bil.
- Nə
baxırsan?
-
Bilmirəm neyləyim, nə deyim? Öz istəyimlə gəlməmişəm bura. Diqqətlə dinləmisənsə,
hər şeyi bilirsən artıq. Bunca olanlardan sonra da onu öldürə bilmərəm. Gör necə
yatıb? Yuxusu da özünə oxşayır.
- Elə
bunca olanlardan sonra öldürməlisən də onu.
- Başa düşmədim.
- Of!
Dur götür o qəfəsdəki quşu, üz başını. Bunun canı o quşdadı.
- Bu qəfəs?
Bu quş? Bu? Nə danışırsan, div hara, quş hara?
-
İnanmırsan yoxla, səndən nə gedir?
-
Yazıq... İlahi, kim, niyə fikirləşib bunu? Niyə belə edib?
- Çox
axmaq adamsan, Məlikməmməd!
- Mən
birini öldürmək fikrini beynimə yerləşdirə bilmirəm, sən ikincisindən
danışırsan.
-
Sıranı səhv dedin, birinci quş, sonra bu öləcək. Onsuz da div öldürməyə cəsarət
yoxdu səndə.
- Guya
quş öldürməyə var? Bunu sığallamağa qıymır adam, o ki qala öldürmək.
-
Boş-boş çərənləmə. Götür sənə deyirəm.
- ...
-
Qorxma, aç qəfəsi. Aç, Məlikməmməd! Elə yox, aşağıdan yuxarı açılır.
-
Oyandı...
***
Div
yarıyuxulu halda hər ikisini süzdü. Heç nədən duyuq düşməmişdi. Sadəcə, qızla Məlikməmmədin
qəribə-qəribə baxışmaqları xoşuna gəlmədi. Arvadının gözəl görünməsindən
narahat olan kişilər kimi gizlətmək istədi onu. Gəlib oturdu qızın qarşısında,
üzünü çevirdi Məlikməmmədə, başladılar söhbət eləməyə.
-
Bağdan qayıtdığım gecə səni yuxuda görmüşdüm. Bilirdim gələcəksən.
- Gəlmək
istəmirdim.
- Bilirəm.
-
Vallah istəmirdim.
- Bəs
getmək necə? Qayıtmaq istəyirsən evinizə?
-
"Ev"... Hansı üzlə? Necə qayıdım?
- Nə
deyim axı? Sən özün bir şey fikirləşərsən də...
***
- Elə
dostlar var düşmən kimidi. Bəlkə də elə düşməndi - dost kimi. Daha çox hansıdı
bilməzsən. - Amma gözləmədiyin anda gələr zərbəsi.
- Elə
sığalı da. Ürəyində ən çox nəyisənsə, özünü onunçün kim hesab edirsənsə, əslində,
o da səninçün həmin adamdı: düşmən bilirsənsə, düşməndi, dost bilirsənsə
dostdu.
- Hm...
- Məni
niyə "dost" deyib çağırırsan?
- Bu,
sadəcə müraciət formasıdı. "Ay div" deyə bilmirəm.
-
"Sadəcə" sözünü elə rahatlıqla işlədirsən ki...
- Sən
çox ağıllı divsən. Belə olma, yazıqsan.
- Məsləhətini
özünə saxla, şah balası!
***
- Necə
düşünürsən, sən yaxşı adamsan?
-
Çalışıram.
- Bəs
çalışmasan, kimsən?
-
Bilmirəm, yoxlamamışam.
- Heç kim
yoxlamayıb. Tanıdığım bütün insanlardan soruşmuşam. Heç kim özünə
"yaxşıyam", ya "pisəm" deyə bilmir.
-
Deyir! Zibilə qalasan! Elə də deyir... - sinəsini yumruqlaya-yumruqlaya səsini
qaldırdı: - Bu adam deyib. Atam gələcəyimi əlimdən alan gün heç nə edə bilmədim.
Sonra az qala hər gün güzgüyə baxıb qışqırırdım: Sən pis adamsan, Məlikməmməd!
Sən pis adamsan!
- Bu
ani həyəcandan doğan səslənişdi, sayılmır.
- Çox
vaxt bərkdən demək lazım olmur. Durum ortadadırsa, ürəyinə qanı başqa cür
uddurursa, boynuna almaqdan başqa çarən qalmır. Bura gələndə, yolda qarşımıza
çıxan hər yeni qan damlasından sonra özümə nifrət edirdim. O sözü isə deməyə
ehtiyac yox idi.
-
Peşmansan bura gəlməyinə?
- Yox.
-
Doğrudan?
- Hələ
ki yox.
***
- Nahaq
arxayın elədin onu.
-
Düzünü deyirəm də, bura gəlməyimə peşman deyiləm. Həm, səni də gördüm...
- Elə
baxma.
- Niyə?
- Mənə
heç kim elə baxmayıb.
- Ola
bilməz. Niyə burdasan, gözəl?
- Çünki
məndən başqa heç kim onunla burda olmaq istəməyib. Ən azından, sən gələnə qədər
bu belə idi.
- Niyə
istəyirsən onu öldürüm?
- Nə qədər
ki gəlməmişdin, halımızdan məmnun idik, amma indi heç nə əvvəlki kimi
olmayacaq. Əvvəlki kimi alınmırsa, onda necəsə başqa cür olmalıdı, bunu da biz
eləməliyik. Tilsim varsa, onu sındırmaq lazımdı.
- Niyə
özün eləmirsən?
- Çox
axmaq sualdı, Məlikməmməd. Bacarsaydım, edərdim də. Bu tilsimin bir ucu mənə
toxunur, eləsəm də, heç nə alınmaz.
- Bəlkə...
- Sss!
Ayıldı!
***
-
Dünyada adam qəhət idi mənim quyuma gəlməyə? Nə səbəbə sən, ay Allahın qorxaq bəndəsi?
- Niyə
coşdun yenə?
- Məni
gic yerinə qoymusan! Elə bilirsən xəbərim yoxdu?
- N-n-nə
demək istəyirsən?
- Ona
necə baxdığını görürəm. Kaş mən də insanlar kimi az yata biləydim. Əlacım olsa,
yatmaram...
- Bu
çıxış yolu deyil.
- Bilirəm.
- Nəsə
fikirləşmək lazımdı. Belə davam edə bilməz.
-
Fikirləşmişəm.
- De.
- O dəfəki
söhbətdən mənə məlum oldu ki, "dost" sözü səninçün yalnız müraciət
formasıdı.
- Hə, əslində...
-
Dayan, mən danışıram. İstəyirəm biləsən ki, mənimçün elə deyil.
- Elə...
-
Sözümü kəsmə! Mənə bu yerəcən heç kim "dost" deməyib. Nə divlər, nə
adamlar. Sən hamını üstələdin. Ona görə bunu yalnız sən eləməlisən.
- Nəyi?
- O qəfəsdəki
quşu görürsən?
- Hə...
- Mən
yatanda başını üz.
- Niyə?
- Belə
lazımdı.
***
- Quyuya
salladılan kimi, rahatlığı, insanlardan uzaqlaşmağın ləzzətini duyan kimi tez o
ipi belimdən açmalıydım. Hamımızın canı qurtarardı. Sən də, o quş da, bu qız da
rahat yaşayardı. Qorxdum. Həmişəki kimi...
- Nə
tez fikrini dəyişdin? Bura gəlməyinə peşman deyilsən deyirdin... Əksinə, ömründə
cəsarətlə elədiyin yeganə hərəkət dibə çatmaqdı. Öz dibini görənlər daha rahat
ucalır.
-Uşaq
başı aldadırsan elə bil. Dediyini edə bilməyəcəyəm.
- Elə də
eləyəcəksən...
-
Bacarmıram.
-
Balaca bir quşdan qorxursan? Ağciyər, həyatın boyu heç nəyi səninçün belə halva
eləyib qabağına qoymayıblar. Tıx da, tıx!
- Bəsdi!
- Həyatına
dair heç nəyin məsuliyyətini üstlənməmisən bu yerəcən? Nə sevginin, nə
dostluğun - heç nəyin qədrini bilməmisən. Dərdini əzizlədiyin qədər özünü də
doğma bilsəydin, gün görərdin. Nədi, bədbəxtsən? Əcəb olur! Nə tökmüsən
qaşığına, nə də çıxsın?
- Kəs!
-
Çoxbilmişin yekəsi! Yerin altını da bilirsən artıq, üstünü də. Bilmək kifayət
deyil. Hərəkət eləmək lazımdı.
- Kəs,
dedim!
- Hirslənirsən,
çünki sənə həqiqəti deyirəm. O həqiqət ki, kimsənin vecinə deyil. Bu quyunun
dibində çürüməkdən məmnun olduğumuz müddətdə heç kim bizə kömək edə bilməyəcək.
Nə divlər, nə insanlar bizi başa düşə bilməz, Məlikməmməd. Biz, yalnız biz, yenə
də biz bilirik nə yaşadığımızı! Sənin həqiqətin onlara maraqlı deyil. Onların
da doğruları sənin vecinə olmayıb heç vaxt. Çıxart xəncərini, bitsin bu iş.
Ömründə bircə dəfə adam ol! Sözümə qulaq as, dost.
-
Yalvarma, dözə bilmirəm!
- Onda
elə dediyimi!
- Heç
olmasa, yatanda...
-
Yaxşı.
***
- Yenə
ayıldım. Heyif, yuxuda heç nə görməmişəm. Sənə danışası maraqlı heç nə yoxdu.
Aramızda bütün söhbətlər oldu, bitdi, Məlikməmməd.
- Yox,
söhbətə görə yox. Sadəcə bacarmadım. Quş uçdu.
-
Uçmayıb axı. Odey, qəfəsdədi.
- Təsəvvür
elə ki, uçub və bir də bu barədə danışmayaq.
- Eliyə
bilmirəm. Eləsəydim, başqa cür olardı. O elə uçardı. Sən, mən burda olmazdıq.
Bu qəfəs olmazdı. O quş qəfəsdə çürüməzdi. Heç fikirləşmisən, niyə bu divin
canı qəfəsdəki quşdadı?
Oğlan
divin nəzərlərinin naməlum bir nöqtəyə zillənməsini fürsət bilib qızı süzdü. Bu
barədə söhbətləri olmuşdu: "Div hara, quş hara?" - soruşmuşdu Məlikməmməd.
Qız indi elə bil çox-çox uzaqlardan, başqa qadının baxışlarıyla baxırdı ona,
sonra gözlərini qaçırdıb qəfəsə sarı döndü. Məlikməmməd də. İlk dəfəydi belə
diqqətlə baxırdı quşa.
-
Fikirləşmişəm. Amma cavabı indi tapdım.
- İndi
məni bu qəfəs-quyudan xilas etmək istəyirsənsə, öldür əədivini.
-
İlahi, dəli olacağam!
***
Qucaqlaşıb
ağlayırdılar...
Qız
hıçqırırdı deyə sözlər arasında özündən asılı olmadan fasilə əmələ gəlirdi:
- Sən..
- Hə, mən!
- ...
pis...
- Çox
pis!
- ...
adamsan...
- Heç
adam da deyiləm.
-... Məlikməmməd!
- Bir də
de, gözəl!
- Sən
pis adamsan, Məlikməmməd!
Qız elə
dedikcə oğlan bir az da bərkdən hönkürürdü. Bilmirdi nəyə görə belə ağlayır:
dostunu itirdiyinə, yoxsa uzun müddət qadın nəvazişindən uzaq düşən bədəninin məhz
bu məqamda oyanmasına.
-
Bilirsən? Dünyadakı bütün quşların boğazını üzə bilərəm indi.
Qucaqlaşıb
ağlayırdılar...
***
Yer-göy
lərzəyə gəlmişdi o yıxılanda. Amma bu əsl yıxılmaq deyildi, adamlar daha
"yaxşı" yıxılır. Məsələn, dost yasında sevinincəyə, cəsəd qarşısında
sevişincəyə qədər yıxıla bilər qadın və kişi...
Məlikməmmədlə
div dost idi, qız mane olurdu onlara - yox, nəsə ədalətli deyil, axı qız əvvəldən
divin həyatında idi. Bəlkə qız və div canbir qəlb idilər, Məlikməmməd gəlişiylə
korladı işləri. Yox, aldatmayaq özümüzü, bir münasibət ki, kiminsə gəlişiylə
dağılır, həm də üçüncü buna cəhd eləmədən, daha nə mərdimazarlıq söhbətidi?
Onda Məlikməmməd tapdığını tapmışdı, qız da tapılmağının sevincindəydi, kənarda
qalan divdi. Kim idi "1+1" misalında bərabərin heç bir tərəfində özünə
yer tapmayan? Deyim, bilin: dünyada üçlük yoxdu. Olmayıb, olmayacaq da. Həmişə
ikilik var. Üçüncü əbədiyyən məhvə məhkumdu, div belə olsa. Ən böyük qorxu da
üçüncü olmaq qorxusudu. Bu qorxunun ucbatından adam bütün qorxularını yenə bilər,
sevdiklərini məhv edər. Özünü də.
Üçüncü
günə keçmədi bu həvəs. Soyudu, adiləşdi, öldü. Amma həmişəki kimi yeni bəhanə
dirildi məlum "ölümlərdən": "Necə cansıxıcıdı hər gün eyni
quyunun dibində yumulub yatmaq, hər gün eyni qızın sifətinə oyanmaq. Yaxşı
xilas elədim bədbəxti bu zülmdən".
***
Sonra
başqa bir sual doğuldu: "Bəs mən bədbəxti kim xilas edəcək?"
Hər şey
də bundan sonra başladı. Gəldiyi qapıya baxdı. Qayıtmaq olardı. Evə. Yox,
unutmaq da olardı keçmişin yolunu, başqa səmtə üz tutardı, başqa diyarlara gedərdi,
başqa qanunlarla yaşayardı, başqa adamların təbəssümüylə açılardı sabahları.
Lap orda adamlar olmasa da olar, təki başqa nəsə olsun.
- Nə
çox baxırsan qapıya. Bu yerəcən ağlına gəlməmişdi?
- Niyə
acıqlısan? Noolsun ki, bu div iylənmir, hər halda ömrümüzün axırınacan iki
diri, bir ölü yaşaya bilmərik burda.
- Ölüsü
də narahat eləyir səni?
- Eləsəydi,
olanlar olmazdı, gözəl.
- Amma
indi deyəcəyim mütləq narahat edəcək səni. Bu qapı gəldiyin yerə aparmır, açsan
tamam başqa bir otağa düşəcəksən. Orda nələr var, bilmirəm. Heç bu yazıq da
bilmirdi.
***
Al, bu
da sənə "başqa nəsə"! Kimə desin dərdini? Kim dinləsin, danlasın,
sonra yenə dinləsin... Bundan sonra nə sual, nə də cavab verməyə kimsəsi yox
idi.
Sirr
açmaqdan qorxur adam. Amma qəribə bir ehtirasla da bilməyəni bilən eləmək istəyir
həmişə. Çətini örtüyün bir ucunu qaldırmaqdı, sonra anadangəlmə olacaqsan, az
qala ayaqlarının altında gəzdirdiyin kiri də tanıtmaq istəyəcəksən ona. O da
vücudnaməsini sənə təhvil verəndə, birinci mərhələ bitəcək. Dilinçün susmaq mərhələsi
gələcək. Əsl sirlərin üstü onda açılacaq. Bir az əllərin, bir az gözlərin, daha
çox ürəyin danışacaq... O sənləşəcək, sən o olacaqsan. Elə tanıyacaq ki səni,
elə biləcəksən heç özün o qədərini bilmirsən. Bitəcək bu mərhələ də. Sonra çətin
günlər başlayacaq. II özünü qəbul etməyəcəksən, dözə bilməyəcəksən onun
varlığına. Onda "daimi özün" "yeni özün"dən qorunmaqçün
dürlü yollar təqdim edəcək sənə:
Ya hədə-qorxu
gəlib özünlə öz dilində danışacaqsan: "Desən, mən də deyərəm".
Ya hər
ikinizi qoyub qaçacaqsan: "Bir kəlmə ağzından qaçırtsan, gecəynən qayıdıb
boğaram səni!"
Ya qara
səni basınca, sən qaranı basacaqsan: "Dostlar, indi mən bunun həqiqətlərini
ortaya çıxartmışam deyə, o da ağzına gələni danışacaq haqqımda. İnanmayın bir
cümləsinə də!"
Ən
yaxşı halda, səbirli olub keçəcəksən o biri mərhələyə. Onda başa düşəcəksən ki,
dünyada suallar bitmədikcə, sirlər də bitmir. Əsl sirdaşlar da buna görə
maraqlıdı, doğmadı. Onda başa düşəcəksən ki, "niyə?" soruşmağa kimsən
varsa və o özü hər dəfə bir fərqli cavab kimi qarşında durursa, sən də onun
suallarının cavabı ola bilərsən.
İnsanın
bir qanadı sual verməkdisə, bir qanadı da sualverilən olmaqdı.
- O mənim
cavabım idi, indi heç bir suala cavab tapa bilmirəm. Bitdik burda, gözəl. Tək
bacarmayacağam qapılar açım.
- Dedim
axı, bu qapının arxasında nə olduğunu o da bilmirdi.
Hə, bax
indi qızın nə dediyi ona aydın oldu. "Onda cavab sənsən, Məlikməmməd. Dur,
adam balası kimi tərk elə bu divxananı", - pıçıldadı dodaqaltı.
***
Öz-özünə
danışa-danışa itələdi taxta qapını, arxasında qışqıran qadının yenə nələrisə
faş etdiyini duyurdu, amma qulaqlarını bərk-bərk tutub bilmək istəmədi o nə
çığırır.
"Dur,
adam balası kimi tərk elə bu divxananı" - deyə-deyə daxil oldu yeni otağa.
Eynən
bayaqkı kimi idi hər şey. Sadəcə, div əvvəlkindən sısqaydı, qız da o biri
otaqdakı kimi gözəl deyildi. Bədheybət başını qızın dizi üstə qoyub yatmışdı.
Buradakı qız günlərdi sevişdiyi yarıçılpaq gözəlçədən çox fərqlənirdi - normal
geyimdəydi, hər şeylə maraqlanan baxışları vardı, həm də hiss olunurdu ki, onun
gəlişinə sevinir. Fəqət, heç nəyə, heç kimə diqqət kəsilmədi oğlan.
"Adam
balası kimi, Məlikməmməd..." - təkrar edə-edə birbaş qəfəsə yaxınlaşdı. Xəncərini
sıyırıb quşun başını üzdü.
"...Tərk
elə bu divxananı! Tərk elə..!" - deyə-deyə də növbəti qapını itələdi.
***
Yox,
atam, halva-halva deməklə ağız şirin olmur. Hətta bir az da acılaşır. O biri
otaq da əvvəlkilərin əkizi idi. Sadəcə, div bir az da balacaydı, elə balacaydı
ki, lap adam boyda, heç dilin də dönmür div deməyə... Qız da Allahın kifiri, hələ
bərk-bərk də bürünmüşdü parça-purçaya. Məlikməmməd tanış tablonun təhrif
olunmuş variantı önündə çaşbaş qalan tacir kimi özünə belə sata bilmirdi bu
"əsər"i.
Qız onu
görcək ağlamağa başladı. Çox ağıllı, çox təmiz baxışları vardı, amma bu saflıq,
müdriklik də gizlədə bilmirdi çirkinliyini. Div boynunu büküb yeni sima görməyin
aclığını çəkən yataq xəstələri sayaq dolmuş gözlərlə süzürdü onu.
Gördüklərinin
onu belə sarsıdacağını zənn eləməzdi, tezcə bitsin istədi hər şey. Ən azından
bu dörd gözdən ikisini bağlamağın yolu bəlliydi ona. İri addımlarla qəfəsə
yaxınlaşdı. Quş ovcunda necə çırpındısa, div də eləcə əsməyə başladı:
- Səni
and verirəm o çayda çiməndə gizlin-gizlin baxıb vurulduğun, şahın ən qorxaq
oğlusan deyə əvvəl sevginə qarşılıq verməyən, sonra tanıdıqca dəli kimi sevən,
atanın tikanlı sözlərinə dözməyib boynunu kəndirə təslim edən çoban qızının
ruhuna, əl saxla!
Məlikməmməd
gözləri hədəqəsindən çıxmış halda quşu qucaqladı. Divə, sonra qıza diqqətlə
baxdı. Sonra üzünü divə sarı tutub gözlərini yumdu.
- Sən?
- Mən,
dostum, mən. Mənimkimilərin üç canı olur. Birini sənə qurban verdim, birini
özün aldın. Bunu da qurban verərdim, əgər sən bu cür qorxaq-qəhrəman
olmasaydın. İkisi bir araya sığmır, ay adam.
- Bu nəyin
cəzasıdı çəkirəm mən, İlahi?
- Hər
şeyi olduğu kimi qəbul eləməyin qorxusudu səni məhv eləyən, - deyə zərif bir səs
girdi araya. - Niyə yummusan gözlərini? Əvvəlki gözəlliyi axtarırsan, sevişəndə
sığalladığın bədəni təsəvvür eləyirsən, halbuki onda da gözlərimə baxanda
bilirdin, mən başqa qadınam, toxunduğun kimi deyiləm.
- Mənə
üç can verən Tanrı, ona da üç başqa qiyafədə xoşbəxt olmaq imkanı tanımışdı. Sən
dünyanın sonuncu divini bir canla, özün kimi ölümlü insanların qorxusuyla
yaşamağa məhkum elədin. Onu da ən gözəl görkəmində atdın, ikincidə sevmədin,
sonda da istəmədiyi özünü verdin yenidən.
Hələ də
aça bilmirdi:
-
Bağışla məni, do... di.. özünü mənim nəyim hesab edirsənsə, o! Sən də bağışla,
gözəl gözlüm.
Div qəfəsin
balaca qapısını bağlayıb onunla üzbəüz oturdu.
- Aç
gözlərini. Məlikməmmədi görmək istəməyən bizik, sən kimə baxmaq istəmirsən?
Kirpiklərini
aralayıb ehtiyatla ona yuxarıdan aşağı baxan bu balaca divi süzdü. Qollarındakı
kəsikləri görüncə özünü saxlaya bilmədi:
-
Haqlısan... - dedi səsi titrəyə-titrəyə.
Qız isə
o gözlərini açan kimi arxasını çevirib oturdu, dəri çarıqlarına cızılmış
burum-burum çevrələri iynələməyə başladı.
- Görürsən
vurduğu naxışı? Sənin dostluğun da eynən o naxışlar kimi gözəldi, amma
deşik-deşikdi ürəyim.
- Bilirəm.
Biz danışmaq mərhələsini çoxdan keçmişik.
- Amma
heç vaxt daş ola bilməyəcəyik.
- Çünki
suallarım bitmir, cavabım mənim. Sənin tilsimində mənimçün də bir göyərçin
tapılarmı?
***
-
Üçlükdə hamı təkdi. Birlik ikilikdən doğur. Təksən, çünki biz bu yerəcən
tanıdığın adamlardan deyilik. Səni hamıdan yaxşı tanısaq, duysaq belə, bizi
onlardan saymadığınçün həmişə özünü tək hesab edəcəksən. Mən, məlum məsələdi,
niyə - bunu qəbul eləsəm də, eləməsəm də, bir divəm. Onunku da qadın tənhalığıdı,
birinin yanında qalmaqçün gözəlləşmək istəmişdi, o biri onu həqiqətən çılpaq
görsün deyə gözlərini tanıtdırmışdı, iki erkəyə can yoldaşı olmuşdu, amma yenə
də təkdi. Sən gəlincə bəlli oldu ki, güclü deyilmiş bizim ikilik. İndi siz
sınayın. Quşun qəfəsini bağlamışam, o bir də içəri girməyəcək. Nə eləmək lazım
olduğunu bilirsən.
- O səni
sevir, bax yenə gözəl gözləri doldu.
- Hə, məhz
"gözəl gözləri". Çünki o danışanda başqa heç nəyi yoxdu baxışını
sancasan. Bax, diqqətlə bax, doya-doya bax, günlərlə yalvardığım, amma mənə
"dostumsan" - deyib qıymayan adam, bax bu "gözəllikdən"
ötrü cəsarətə gəldi.
- Qəfil
oldu hər şey. Çox hirsliydin, onu öldürmək istəyirdin.
- Elə
bilirsən indi istəmirəm?
- Bəsdirin!
- çirkin xanım uzun saçlarını üzünə töküb gözlərini gizlətdi. - Deyir də
açıq-aydın, ay adam. Bura üçnəfərlik deyil. Hansımızsa getməliyik.
- Onu
bu çirkinlikdə yalnız mən, məni də bu cür yarımçıq divliklə yalnız o qəbul eləmişdi.
Az qala ömrünün yarısını mənimlə yaşayıb. Bilib ki, insanlarla söhbətləşməkdən
xoşum gəlir, görüb ki, məhz buna görə həmdivlərimlə dalaşmışam, adamları yeməkdən
imtina eləmişəm, anlayıb ki, bu quyuda məni yalnız söz diri saxlayır, amma bu
yerəcən kəlmə də kəsməyib divciyəziylə. Heç vaxt bağışlamayacağam onu.
Məlikməmməd
udqundu:
- Elə məni
də...
***
- Nədi,
yenə yatmağımı gözləyirsən?
-
Cavabını bildiyin sualları verməzdin əvvəllər.
- Yaxşı
eləyirsən. Mən də istəyirəm yuxum tez gəlsin. İkinizdən də zəhləm gedir.
Əcdadlarım məni lənətləməsəydi, o vəhşi ruh məni tərk eləməsəydi, ikinizi də məmnuniyyətlə
parçalayardım. - deyib üzünü divara sarı çevirdi, səkiyə uzatdığı ayaqlarını
qarnına tərəf yığıb əlini yanağının altına qoydu.
- İndi
sən yatmaqçün üzünü çevirdin, yoxsa yanağındakıları görməyim deyə?
- Sən
çox pis adamsan, Məlikməmməd!
- Bilirəm...
Çoxdan bilirəm. Başqa şey anlama, onunla söhbət eləmək istəyirəm. Sən dirilmisən
deyə yenə tez-tez lallığa vurur özünü. Bir də istəyirəm biləsən, onunla söhbət
səninlə elədiklərimizdən heç də maraqlı deyil,
biz sadəcə eyni cinayəti törətmiş adamlar kimi yaxınıq bir-birimizə.
-
Başına dəysin "sadəcə"lərin!
***
-
Birinci otağın qapısından girəndə səni el-aləmin gözündə qəhrəmana çevirən, qəlbən
dost bildiyin birini ziyarətə gəlmiş adamın sevinci vardı üzündə. Kim nə
deyir-desin, sən onu öldürməyə gəlməmişdin. Bağdakı sirdaşınçün darıxmışdın, vəssalam.
Sözlərə ümidliydin, yenə həmişəki kimi açıq danışdın. Hər şeyi də bu səmimiliyin
dəyişdi. Yaxşımı oldu bu dəyişiklik, pismi, özün hamıdan yaxşı bilirsən.
Uzun-uzun, doya-doya söhbətləşdiz. Bir-birinizin sualları, cavabları oldunuz.
Amma bilirdiz ki, bu sual-cavab bitəndən sonra çox pis əzab çəkəcəksiz.
- Hə...
- Bəzən
həddən çox şey paylaşdığımız insanın ölümünü arzulamaq qədər heç nə təbii
görünmür bizə. Özünə belə bərkdən deməyə qorxduğun həqiqətləri başqasına
açandan sonra nə özünü, nə onu bağışlayır. Əlacımız olsa, hər dəfə danışandan
sonra öldürüb, dodaq tərpəşdirməyə adam tapmayanda bir də dirildib, sonra yenə
öldürərik. Sonra yenə, sonra yenə...
-
Düzdü...
-
İkinci otağın qapısından qatil kimi girmişdin. Özünü, sözünü, sirlərini paylaşdığı,
"dost" dediyi kəsə qıyan adam istəsən div yox, lap Tanrısını da öldürər.
- Zibilə
qalasan! Bu da düzdü.
-
Üçüncü qapıdan girəndə peşman idin. Ona görə verilən peşkəşin yaxşı-pisliyinə,
gözəl-çirkinliyinə baxmadan cani-dildən razılaşdın. Özünü çıxış yolu
axtarmaqdan xilas elədin.
- ...
- Belə
xilas olmur, əzizim.
-
Yorulmuşam, gözəl gözlüm. Amma hər şey yenicə başlayıb elə bil. Bu göyərçini əllərim
yoruluncaya qədər gəzdirəcəyəm. Əllərimsə yorulmaq bilmir, onu qucaqladıqca
yüngülləşir, qanad qazanır.
- Of...
Səndən heç birimizə xeyir gəlməyəcək. Deməli, hər kəs başının çarəsini özü
tapmalıdı. Mən saçlarımı kəsə bilərəm. Sonra topa-topa ayırıb hörərəm, hörükləri
bir-birinin ucuna düyünləyərəm, olar ip.
-
Neynirsən ipi? Onun ölümü mənim əlimdədi. Yumruğumu sıxsam, canı çıxar.
- Eh,
axmaq... Niyə eləmirsən bəs?
- Adam
nə qədər adamlıqdan çıxar? Onu çox istəyirəm. Div olanda noolar?
- Elədiyimiz
xəyanətin əvəzində ona yüz can da versək, heç nə yoluna düşməyəcək...
İlk dəfəydi
div yuxusuna yenilməmişdi. Adamlar kimi fikirdən yata bilmirdi. Dinləyirdi
onları.
İlk dəfəydi
ki, onlar da divin oyaq olduğunu bilə-bilə söhbət edirdilər.
Sonra
adamlar yatdı və div çıxıb getdi.
***
Ayılınca
heç nə demədilər bir-birlərinə. Elə bil bilirdilər belə olacaq. Bərk-bərk
qucaqlaşdılar. Bəlkə də gedən məhz buna görə getmişdi.
Qərar
verdi, bir əlindəki göyərçinə, bir də başını qaldırıb onun ağıllı, gözəl gözlərinə
baxdı. O da anladı, güldü gözləriylə, kirpiklərini bir-birinə sıxmaqla təsdiqlədi:
razıdı. Məlikməmməd açıq qalmış qapıya yaxınlaşıb ovuclarını araladı. Uçub
getdi göyərçin sülh paylamağa.
Sonra
boş qalmış əllərini gözlərə sarı uzatdı, o da sanki gözləriylə tutdu Məlikməmmədin
əlindən, qayıtdılar gəldikləri yerə.
Tərslikdən
günün gecə vaxtına düşmüşdü, Günəşi görə bilmədi Məlikməmməd.
Elə bil
bayaq açmışdı bu ipi belindən, bütün olanlar gündüz yerini gecəyə təhvil verənə
qədər olub bitmişdi. Ehtiyatla kəndirə toxundu. Yuxarıda səs-küy düşdü. Hazır
idilər aşağıdakını çəkib çıxartmağa. İpi gözlərə tərəf uzatdı.
- Hər
şeyə görə çox sağ ol. Salamat qal, - dedi gözəl gözlü.
- Niyə
vidalaşırsan? Qorxursan kəndiri kəsərlər?
- Kəsəcəklər.
- Sən
ki gözəl deyilsən...
- Səbəb
bu deyil. Necə inanırsan belə cəfəng şeylərə? Onlar ipi fikrən çoxdan kəsiblər.
Sən "ay yandım, çəkin" deməyib bu quyunun dibinə endiyin andan.
Padşaha deyiləcək sözlər çoxdan hazırdı: "Divi öldürərkən qəhrəmancasına həlak
oldu". Ölsən də, sağ da qalsan, bu sözləri eşidəcək atan.
- Səni
də şahid aparacaqlar?
- Hə...
- Atama
deyərsən ki... Ya da qalsın, ehtiyac yoxdu, özü bilir.
Son dəfə
göz-gözə gəldilər, Məlikməmmədin əlləri boşaldı, qız isə kəndirdən bərk-bərk
yapışdı. Çəkməyə başladılar. Yuxarıdan aşağı iki göz səsləndi:
- Yaxşı
yadıma düşdü, beynim indi açılır e hələ. Bir azdan bura iki qoç gələcək. Qara
zülmət dünyanın, ağ da işıqlı dünyanın qoçudu. Hansına istəsən minərsən, onsuz
da burdan getməyə bir yol var, o da qaranlıq dünyaya aparır.
- Bəs
onda ağ qoç niyə gəlir?
Qışqıra-qışqıra
dedi:
- Gəlir
ki, biləsən, inanasan işıqlı dünya da var. Gəlir ki, ömrü boyu düşünəsən, bəlkə
bir az fərasətli olsaydım, ağ qoçu ram edib işıqlı dünyaya gedərdim. Amma neynəsən
də, o səni qara qoçun belinə tullayacaq. Ona görə deyirəm, özünü əziyyətə
salma, birdəfəlik qara qoçun... - son sözləri eşidilmədi.
Sonra
bir də kəsilən ipin dibə çırpılmasının səsi gəldi, vəssalam.
***
Bikef
deyildi, dibdəki ən yekə daşın üstündə oturub olanları düşünürdü. Nə vaxtsa çox
istəmişdi macəra dolu günlər yaşasın. Ürəyindəki sızıltılardan başqa hər şey
arzuladığı kimi idi. Bir də gördü iki qoç oynaya-oynaya ona tərəf gəlir.
Yaxınlaşdıqca sakitləşdilər, asta-asta gəlib düz qarşısında durdular. Çox
düşünmədi, qalxıb qara qoçun belinə mindi: "Həmişə işıq gələn tərəfə getməli
deyil adam, itlər də yazıqdı, boş yerə hürməsinlər. Gedək görək qaranlıq
dünyada nə var. İncimə ağ qoç, sənin rəngin indən belə məni aldada bilməz".
Amma
qara qoçun dəcəlliyi tutdu, tulladı Məlikməmmədi ağ qoçun belinə.
***
Qarşısına
çıxan ilk ağacın altında oturub fikrə daldı. Qız düz deyirmiş, dibdən
qurtulmağın bir yolu var - qaranlığa pənah
gətirmək. Qoçların rənginin dünyalarımızın ağlığına-qaralığına dəxli yoxdu, təəssüf.
Yol səni çəkirsə, ağ qoçun belində də qaranlıq dünyaya gələ bilərsən.
Söykəndiyi
gövdə silkələnincə fikirdən ayıldı. Əcaib bir əjdaha ağaca dırmaşırdı. Qılıncı
siyirdi:
-
Dayan!
Əjdaha
sakitcə ağacdan düşüb Məlikməmmədə yaxınlaşdı. Başını yerə uzadıb alovunu uddu:
- Elə
vur ki, birdəfəlik kəsilsin.
- Bu nədi?
Sən əjdahasan e, əjdaha! Nə hərəkətdi bu?
-
Tüpürüm belə əjdahalığa ki, quş balalarıyla yemlənirəm. Burda yeməyə adam
qalmayıb. Yaxşı insanları yemək olmur, qardaş.
- Bəs o
biri əjdahalar neynir?
- Qalıb
ki? Bir mən qalmışam, bir də deyirlər haradasa bir qəddarı var, heç vaxt
rastlaşmamışıq, o mənim kimi sonalamır, istəyəndə yeyir. Daha doğrusu, adamlar
özləri yedirir.
- Heç
işıqlı dünyada olmusan?
- Yox,
nədi ki?
- Orda
yeməli o qədər adam var...
-
Doğrudan?
- Hə, mən
orda yaşamışam, azıb bura düşmüşəm.
-
Aparım səni də evinə.
- İndi
yatmaqdan başqa heç nə istəmirəm.
Əjdaha
sürətlə uçub getdi. Məlikməmməd də ağacın altında yıxılıb yatdı.
***
Zümrüd
quşu Məlikməmmədi balalarının xilaskarı bilib qanadları altına alanda ona elə gəldi
quş səsini yuxuda eşidir. Elə bildi divi gəlib, sevinə-sevinə açdı gözlərini.
Zümrüdü görüncə əvvəlcə üz-gözünü turşutdu, o danışdıqca yavaş-yavaş qırışığı
açıldı. Sən demə, qanadlıların qənimi olan bu əjdahanın əlindən yazıq quş neçə
ildi bala üzünə həsrətmiş.
- Bu
yaxşılığın əvəzində nə istəyirsən?
- Heç nə
istəmirəm.
- De,
utanma. Nə istəsən, eləyərəm.
-
Vallah, heç nə istəmirəm. Mənasızdı hər şey.
-
Aydındı, onda icazə ver, hədiyyəni özüm seçim. Səni bir yerə aparacağam.
- Hara?
- Desəm,
ləzzəti qaçar. Amma bizə yol azuqəsi - 40 şaqqa ət, 40 tuluq da su lazımdı.
Bunu tapmaq çətin olacaq.
- Nə məsləhət
görürsən? Mən buraları yaxşı tanımıram.
- Ey Məlikməmməd,
qırx ağaclıqda bir padşahın ölkəsi var. Orda qaranlıq dünyanın sonuncu qəddar əjdahası
yaşayır. İnsanlar sonuncudur deyə, onun ölməsini istəmirlər.
- Qəddar
olsa belə?
- Qəribə
səslənsə də, belədi. Burda pis insan yoxdu, Məlikməmməd. Yaxşılar da heç bir
canlı növünün, əjdahaların belə məhv olmağını istəmir. Hər ay bir qızı toy-bayramla
aparıb o əjdahanın ağzına atırlar. Daha doğrusu, gözəl-göyçək qızlar özləri bu
ölümü şərəf bilir. Əvvəllər bu adət nə onlara, nə də o biri məmləkətlərin
insanlarına qəribə görsənmirdi. Çünki o boyda ölkə üçün ayda bir qızın məhvi
gözəçarpan itki deyildi. Həm də axı könüllü olurdu hər şey. Amma illər keçdikcə
ölkədə tarazlıq pozulur. Cəsarətli qadın qalmayıb diyarda. Buraların adamı
deyilsən, onları həmin əjdahadan xilas edə bilərsən. Bəlkə neylədiyini başa
düşüb səni sevdilər, onda 40 şaqqa ət, 40 tuluq da su istə, - bunu deyib zümrüd
quşu öz tükünü də ona verdi, - elə ki dediklərim hazır oldu, tükümü oda tut, o
saat gəlib səni söz verdiyim yerə aparacağam.
***
Kütləyə
təslim olmuşdu. "Nə olar-olar" - deyib özünü müdafiə də etməyə
çalışmırdı. Düzünü demişdi, hər zamankı kimi sözlərin əlindən tutub irəliləmişdi
bu qədər adama qarşı. Amma daş qayaya rast gəlmişdi, deyəsən. Burda saatın əqrəbləri
tərsinə fırlanırdı, burda ağ adamlar ağ arzular qursalar da, "qaranlıq
dünyanın sakini" adıyla damğalanıb həmişə işıqlı yerlərin həsrətini çəkmişdilər.
Beynində öz arşını ilə də olsa, hər şeyi ölçüb-biçən Məlikməmməd bu dəfə tələsmişdi.
Bu dünyanın adamlarına öz doğrularını başqa dünyanın sözləri ilə demişdi.
Boynuna keçirdikləri kəndir bir zamanların qorxaq Məlikməmmədinin tükünü də tərpətmədi.
Amma heç vaxt ağlına gəlməzdi ki qaranlıq dünyanın ədalətli adamları onu bir əjdahanı
öldürmək istəyir deyə asacaqlar.
Adamların
içindən bir əl uzandı kəndirə sarı. Sonra bütün əllər çəkildi. Təkcə o əl
qaldı. Həmin əl çıxartdı kəndiri onun başından. O əl havaya qalxıb hamını
sakitləşdirdi. Sonra saçları görsəndi Məlikməmmədə. Külək o saçların ətrini
burum-burum sundu ona. Sonra bir az da bərk əsdi, saçlar dalğalandı, onda qızın
dodaqlarını, bəyaz üzünü, təmiz, aydın gözlərini gördü. And içə bilərdi ki, belə
dumduru baxışları heç kimdə görməyib. Hər iki cahan sığardı bu qızın ayna gözlərinə...
***
- Sən
onu öldürsən, ən maraqlı əyləncəmizi, ən gözəl bayramımızı, bu diyarda ən qəribə
varlığı məhv edəcəksən. O burda, o çayın sahilində oturmasa, biz xoşbəxt ola
bilmərik.
- Bəs əjdaha?
O xoşbəxtdi belə tək-tənha, bu qədər insanın içində?
- Onu
sevən insanların içində.
-
Yaxşı, olsun "onu sevən". Məgər bu, kifayətdi? Axı sizin dünyada pislərin
bəxti gətirmir. O da yaxşılıq yolunu seçməyənlərdəndi. İndi özün fikirləş, o
xoşbəxtdi?
-
Bilmirəm... Biz onun haqqında rəvayətlərlə böyümüşük. Müəyyən həqiqətlər də
olub. Məsələn, o həmişə əjdahalığı ilə fəxr edib. Amma mənə bir neçə dəfə onu
yaxından seyr etmək nəsib olub. Heç də əfsanələrdəki kimi möhtəşəm varlıq
deyil. Nəhəngdi, əzəmətlidi, amma yenə də o möhtəşəm gücü hiss etməmişəm.
- Çünki
təkdi. Təklik bir yerə qədər zövq verir.
- Nəysə,
bildiyim budur ki, bu əjdaha bizim diyarın taleyinə yazılıb. Uşaqdan-böyüyə
hamı bunu əzbər bilir: o bizim böyüklük rəmzimiz, canlı silahımız, güc mücəssəməmizdi.
Bacardığımız qədər sevindirməyə çalışırıq. Canımız da qurbandı, görürsən ki,
bu, sözdə deyil. Ayın tamamında o şərəfli vəzifəni mən yerinə yetirəcəyəm.
Ömrümün ən gözəl bayramı kimi hazırlaşıram o günə. Hər qıza nəsib olmur onu
sevindirsin. Başqa neyləyə bilərik ki?
- Axı o
bir əjdaha kimi xoşbəxt deyilsə, nəyə lazımdı sizin elədikləriniz, bu qədər
canın fəda olması? İcazə verin, mən ona kömək edim.
- Bayaq
öldürmək istəyirdin... Hansı sözünə inanım?
- Hər
ikisinə.
- İncimə,
Yadoğlan. Bu məsələdə sənə kömək edə bilməyəcəyəm. Yaxşısı budur, özünə iş tap,
burda heç kim havayı tikə yemir.
***
-
Neynirsən?
- Heç,
fikirləşirdim.
- Hələ
də özünə bir məşğuliyyət tapmamısan. Belə getsə, acından öləcəksən.
- Neçə
illərdi əjdahaya can peşkəş verən xalq Yadoğlandan bir loxma çörəyi əsirgəməz,
məncə.
- Çox
maraqlı məntiqin var. Sizin dünyada hamı belə fərqli, əslindəsə, lazım olmayanı
düşünür?
- Lazım
olmayanı düşünmək? Düşünürsənsə, deməli, özünə icazə vermisən də düşünmək istədiyin
barədə düşünməyi.
- Vay dədə,
beynim qarışdı. Onda sən nə istəsən düşünürsən?
- Əlbəttə.
Bu ki normaldı.
- Məsələn,
indi nə düşünürsən?
- Hm...
deyim?
- Məcbur
eləmirəm, istəmirsənsə, demə.
-
Doğrudan?
- Sadəcə
maraqlıydı...
- Səni
düşünürdüm...
***
- Sənin
dünyanda insanlara düşündüyünə görə məvacib verirlər, deyəsən. Elə hey nəsə
fikirləşirsən.
- Orda
fərqli düşünmək dəbdi.
- Niyə
özünüzə əziyyət verirsiz?
- Elə
daha maraqlı olmazmı? Fərz et, hamı fərqli düşünür və günlərin bir günü sən
özün kimi düşünən birini tapıb sevinirsən. O adam dostun, əzizin, doğman olur.
- Niyə
bir nəfər? Olmazmı hamının düşüncələri yaxın olsun, dostların da, sevdiklərin də
çox olsun?
- Sən
hamının olduğun andan özün deyilsən.
- Amma
hamının içindən keçməsən özünü tapa bilməzsən.
- Sizin
dünyada ikinci mərhələyə heç kim keçməyib. Hamı başqaları olub. Özü olan, özünü
tapan, özünə qayıdan yoxdu. Ya da var, onlar da fərqliliyi niyəsə ayıb bilib
dillənmir.
***
-
Bugünkü ziyafətə görə də çox sağ olun, əlahəzrət. Amma madam ki, ikilikdəyik,
fikrimi rahat ifadə edəcəyəm. Övladınıza qarşı çox amansız davranırsız.
Padşahın
dərdi təzələndi. Məğrur görkəmindən əsər-əlamət qalmadı.
- Hansı
ata istəyər qızını əjdahanın ağzına atsınlar?
- Bütün
atalar.
- Kimin
hüzurunda dayandığını yaddan çıxartmısan, deyəsən.
- Heç
bir ata bilmir qızını böyüdüb hansı əjdahanın ağzına atacaq.
- Mənim
qızımçün bu, ali seçimdi. Hər qız fədakarlıq yolu seçməyə hazır deyil. Biz də
imkan vermirik hər yoldan ötən əjdaha payı olsun.
- Nə
danışırsız? Siz indi ata sayılırsız? Belə düşünməklə? Gözlərinizi qaçırmayın.
Üzümə dik baxın.
- Mən
padşaham!
-
Noolsun? Mən də padşah oğluyam.
- Nə gəzirsən
burda?
-
Qızınızı xilas eləməyə gəlmişəm.
- Mən
padşaham...
- Bunu
bildik.
- Başqa
cür danışmağa ixtiyarım yoxdu. Onun qərarını eşitdiyim gündən Allaha
yalvarıram, mənə bir yol göstərsin.
Deyirdim, lap məndən uzaq düşsün, dünyanın harasında olur-olsun, təki nəfəsi
gedib-gəlsin, yaşasın. Övladımın ölümünü görmək mənə çətindi.
- Onda
imkan verin mənə, heç olmasa, o əjdahayla danışım. Qızınız yola gəlmir.
***
- Əlindəki
nədi?
- Gələcək.
Hamıya nəsib olmur gələcəyini əlində gəzdirsin.
-
Başladın yenə əcaib cümlələr qurmağa.
-
Qaşların çatılanda bir başqa cür gözəl olursan.
- Belə
cümlələr də istəmirəm.
- Sən
dedin, mən də inandım.
- Əlindəki
nədi, söz soruşdum axı.
-
Sehrli lələkdi. Mənə görmədiyim maraqlı yerlər, yeni dünyalar, başqa düşüncədə
adamlar vəd edir.
- Gedəcəksən?..
- Hərdən
istəyirəm sən belə baxanda bu lələyi didib tullayım, həmişəlik gözlərindəki əksimə
çevrilim. Amma bacarmaram, bura məni boğur.
***
Yaxınlaşıb
çaya sallanmış yoğun budağın üstündə oturdu. Ayaqlarını suda şappıldadıb onun dərisinin
necəliyini duymaqçün ağaca yaslanmış quyruğunu sığalladı. Əjdahanın vecinə də
olmadı kiminsə yaxınlaşmağı, ona toxunmağı. Nəhayət, Məlikməmməd özü dilləndi:
-
Əjdahalar necə salamlaşır?
- Bizim
dildə salam yoxdu. Düzü, dilimiz də yavaş-yavaş yaddan çıxır... Qaranlıq dünyanın
sonuncu normal əjdahasıyam mən. Bu qaramat halıma da "normal" demək
olarsa...
- Ürəyin
doludu, deyəsən.
- Bura
gələnlər heç vaxt söhbət eləmir, elə hey dua oxuyub ölümünü gözləyir, mən də
onları çox intizarda saxlamıram.
- Mən
yeməli deyiləm ha, sadəcə söhbət eləməyə gəlmişəm. Sözdən başqa heç nəyə, heç
kimə gümanım qalmayıb yenə.
- Görürəm
də. Onlar mənə yeməkçün qızları göndərir, adətən. Vallah, bu ölkənin əhalisi
olmasaydı, ölüb-getmişdim. Yoxsa, qoşulacaqdım özünü məhv edən əjdahacıqlara,
imtina edəcəkdim insan ətindən və beləcə nəsli kəsiləcəkdi ağzı alovluların. Mən
o "ağıllı"ların arasında əjdahalığını qoruyub saxlamış son nümayəndəyəm.
- Onda
hər iki dünyanın çiləsini çəkmiş adam kimi, səni də görə bildiyimçün sevinirəm.
-
İşıqlı dünyanın badına getdik, adam. "Orda hamı belədi, elədi... Hər şeyin
yaxşısı ordadı. Biz də elə bir dünya düzəltmək istəyiriksə, dəyişməliyik,
ordakılar kimi olmalıyıq." Axı o dünyada əjdahalar yoxdu. Onda mən niyə dəyişməliyəm?
Nəyə, kimə bənzəməkçün, necə dəyişməliyəm?
- Sizi
aldadıblar, ay əsl əjdaha. Ya da özünüz özünüzü aldatmısız. İşıqlı dünyanın
quru adı var. Həmin ada aldanmısız. Orda elə varlıqlar var ki, əjdahalar
şükürlüdü.
- Mənə
məndən dəhşətlisi lazım deyil, özüm kimisi - əjdaha lazımdı. Yoxdu, qurban
olum, qırıldı getdi hamısı.
- Sən
burda əjdahalığını təkbaşına qorumaq əvəzinə, sağ qalanları yığıb dediklərini
onlara da danışsaydın, inandırsaydın, indi mənimlə söhbət eləməz, uçub alovunu
püskürərdin.
-
Ağıllı adama oxşayırsan. De görüm, mənim axırım necə olacaq?
- Yaxşı
olacaq. İstəyirsən, sənə bir sirr açım. Amma əvəzində mənə bir yaxşılıq edəcəksən.
- Əvvəl
şərtini de. Baxma, bu adamların ətini yemişəm, canıma, qanıma hopublar, ədalətsiz
davrana bilmirəm, istəyini de, görüm hələ edə biləcəyəmmi?
-
Buraların adamları səni dəyərli bilir. Hətta əjdahanı öldürüb onları xilas eləmək
istədiyimi deyəndə az qaldılar məni asalar. Padşahın qızı ürəyiyumşaq çıxdı,
dedi min illərdi işıqlı dünyadan bura adam gəlmir, onu öldürsək, əbədi
qaranlığa düçar olarıq. Axır bu dəfə də sudan quru çıxa bildim.
- Nədi,
istəyirsən padşaha deyim, qızını sənə versin?
- Yox,
o asan məsələdi. Qızın könlü məndədi, özüm həll edəcəyəm.
-
Müşkülünü de, ağıllı adam.
- Mənə
40 şaqqa ət, 40 da tuluq su lazımdı. Sizin dünyanızda əziyyət çəkmədən, havayı
heç nə əldə etmək mümkün deyil. Hamı da ehtiyacı olan qədər qazanıb yaşayır. Bu
dediklərimi almaqçün gərək neçə il durmadan işləyəm. Buna nə vaxtım var, nə də
həvəsim. Bir dost maraqlı, mənə məlum olmayan yeniliklər söz verib, ona ümidliyəm.
Əhalini yola gətir, istədiyimi versinlər.
- Bəs
söyləyəcəyin sirr buna dəyəcəkmi, ay hazıranazir, ağıllı adam?
- Sənə
desəm ki, əjdahalar məhv olmayıb, yapmacıq əjdahalıqdan eynən sənin qədər xoşu
gəlməyən, qurd-quş yeməkdən zəifləmiş, solğun, dişi, amma hələ də gözəl qalmış
bir əjdahanı 40 gün əvvəl öz gözlərimlə görmüşəm, inanarsanmı?
-
Zarafat eləyirsən?
-
İnanmırsan, amma o səni tanıyırdı.
-
"Dı"? - əjdaha yerində qurdalandı - Neynəmisən ona? - dişlərinin
arasında alov dilimləndi.
- Heç nə.
Gileyləndi vəziyyətdən, dedi burdakı adamları yemək olmur, dedim get işıqlı
dünyaya.
- Yalan
demirsən də, hə? Ay daa. Mən necə yatmışam burda.
-
Qorxma, hələ gec deyil, odun-alovun yerindədi, özün də yaxşı qalmısan. Get
arxasınca. Bəsdi bu yeknəsəq, mükəmməlliyə can atan adamların arasında məhv elədin
özünü. Burdakı adamların bu dərəcədə normallığı özü anormaldı
- Çata
bilmərəm. - quyruğu yaş balıq kimi yerə çırpıldı. - Dişilərin qanadları uzun
olur. O çoxdan keçib sərhəddi.
- Nə tənbəl
əjdahasan sən! Deyirəm, qurd-quş yeməkdən çöpə dönmüşdü. Elə cılız idi ki, ilk
başdan mənə də əcaib gəldi. Səni görməsəydim, az qala elə biləcəkdim əjdahalar
o cür olur.
Əjdaha
gözlərini geniş açıb, diqqətlə Məlikməmmədə baxdı. Qanadlarını tərpətdi,
quyruğunu oynatdı.
- Sağ
ol, ağıllı, hazıranazir, yaxşı adam. İstədiklərin sabah səndə olacaq. Mən
getdim özümü axtarmağa.
-
Dayan! Neynirsən, ay evi tikilmiş. Mənimlə söhbətin ardınca çıxıb getsən, səbəbi
təbii ki, məndən bilib burdakılar dərimə saman təpər. Birinci məni yola sal,
sonra gedərsən. Qorxma, hər şey yaxşı olacaq.
- Çox
sağ ol, ağıllı, hazıranazir, yaxşı, hiyləgər adam. Bir də nə vaxtsa görüşsək,
söz verirəm, səni yeməyəcəyəm.
***
-
Bilmirəm nələr görmüsən, kimlərdən diksinmisən? Amma varmaq istədiyin hər nədirsə,
o da rahatlatmayacaq ruhunu. Bütün yeniləri görəcəksən, bütün qorxuları
dadacaqsan, hər şey bir az mənasızlaşacaq, amma dünyaların ən maraqsız ölkəsində
yaşayan bu qızı, onun gözlərinə, bəbəklərindəki özünə necə baxdığını unuda bilməyəcəksən.
Mən də daha heç kimə könül qızdıra bilmərəm burda. Heç kim sənin kimi
olmayacaq. Onsuz da müqəddəs əjdahamızın imtina elədiyi qıza kim yaxın durar
ki? Bircə təsəllim var, mənə istədiyim şeyləri düşünməyə icazə vermisən.
- Nə
düşünürsən indi?
- Gələn
görüşümüzü.
-
Qayıtmayacağam, gözəl. Qayıtsam belə, o indiki mən olmayacaq.
- Qəbulumdu,
təki gəl...
***
Adı
qaranlıq olan dünyadan uzaqlaşdıqca yenə içinə qəribə həyəcan doldu. Üzü küləyə,
bir zümrüd qanadında qopdu bu dünyadan da. Səmanın boşluğuna buraxdı xəyallarını.
Qızı özüylə aparmadığına görə it kimi peşman idi.
Hər
adama tablayacaq bir cüt qanad var hardasa. Mütləq var. Nə xoş tapanlara,
uçanlara... Amma bir cüt qanad heç vaxt dözə bilməz iki nəfərin ağırlığına.
Noolsun,
yenə də peşman idi.
***
- Ət də,
su da yarı oldu.
- Biz də
sərhədə çatmışıq demək olar.
- Nəyin
sərhədinə?
-
Qaranlıq dünya ilə işıqlı dünyanın.
- Nəəə?
- Təəccüblənmə,
o tərəfdən gəlmək olmur, amma sehrli varlıqlar burdan ora gedə bilir. Mənə elədiyin
o boyda yaxşılığın əvəzindən yalnız bu cür çıxa bilərdim. Sənə işıqlı dünyanı hədiyyə
edirəm. Get, xoşbəxt ol. Daha buralara gələ bilməyəcəksən, amma nə vaxt istəsən
lələyimi yandır, köməyinə yetəcəyəm.
-
Dayan. Xahiş edirəm, dayan. Mənə lazım deyil o işıqlı ...
***
- Heç
bir dünya lazım deyil mənə!
- İndi
hara gedirik, başına dönüm?
- Yerdəki
qaraltını görürsən?
- Hə,
gördüm.
- O
adam deyil, yoxsa bu ucalıqdan seçə bilməzdim. Uç, ondan yüz ağac qabaqda qoy məni
yerə. İndi başa düşdüm ki, mən bu yolçuluğa məhz onu yenidən görməkçün
çıxmışam.
***
Başını
aşağı salıb sürətlə gedirdi. Yolun ortasında dayanıb onun gəlib çatmağını gözlədi.
Div də təxminən yüz addımlıqdan, gözləyənin Məlikməmməd olduğunu duydu.
Addımlarını nə yavaşıtdı, nə də sürətləndirdi. Necə gəlirdisə, elə də davam elədi.
Amma bircə saniyə də olsun gözlərini qaçırtmadı. Çatıb dayanan kimi Məlikməmməd
gizlətdi baxışlarını.
Yaxından
baxmaq daha çətindi həmişə...
- Necəsən?
- Deyəsən,
bilmirəm. O qapıdan çıxandan bəri dayanmadan yeriyirəm. Hər yeni addımımı
"bu sonuncudu, indi üzəcək quşun başını" qorxusu, həm də arzusu ilə
atdım. Nə əcəbsə, əllərin boşdu, özün də təksən.
- Sənə
demişdim axı, uçdu getdi quş. İnanmırdın. Axır, elədim bunu. Həm də məni and
vermişdin ilk məhəbbətimin ruhuna.
- Əsl
bizi tanımağını, peşman olmağını, utanmağını istəyirdim, buna görə and
vermişdim. O hanı?
-
Qardaşlarım atama şahid apardı. Mənim ölmüşümün şahidi.
-
Dirilməyə gedirsən?
- Yarı
yoldan qayıtdım. Getsəm, öldürəcəyəm...
- Çox
gülməlidi, almayeyən yad divə gücü çatmayan Məlikməmməd öz doğmalarını öldürəcəkmiş.
- Hə,
indən belə adamları daha rahat öldürə bilərəm.
-
Qorxmursan?
- Heç nədən.
- Yaxşı
bəs evə qayıtmırsansa, bu yollarda nə itin azıb?
-
Dostumu axtarırdım...
Divin səsi
titrədi:
- Sən
pis adamsan, Məlikməmməd!
- Pis
adamların dostu olmur?
-
Olmur!
- Onda
gəl xoşluqla ayrılaq...
Qollarını
bacardığı qədər geniş açdı.
- Yox,
bunu eləyə bilmərik. Güzgüdəki əksimlə əl vermək kimi ağırdı indi sənlə
qucaqlaşmaq. Fəlakətdi...
- Olsun
da. Fəlakətdən qorxan var?
- Məni
Məlikməmməd eləyib, özün div olmağa hazırsan?
- Zatən
elə deyilmi, dost? - sonuncu cümləni deyəndə artıq qucaqlaşmışdılar.
***
Heç
biri etiraf eləmək istəmirdi, amma ikisi də qorxurdu qollarını endirib
qucaqladığını buraxmaqdan. Axır, cəsarətə gəlib, əvvəlcə div iki addım geri çəkildi.
Qarşısında da div görüncə, bildi ki artıq özü Məlikməmməd olub.
- İndi
kim kimdi?
- Nə fərqi
var...
-
Bundan sonra neyləyəcəksən?
-
Zümrüd quşuna deyəcəyəm, mənə o ölkədəki padşah qızını gətirsin. Yox! Əvvəlcə
soruşsun, hələ də əhdinə sadiqdirmi? Axı indi başqa cür olmuşam. - deyib
üz-gözünü əlləriylə yoxladı.
-
Rahatsan?
- Hə, əlbəttə.
Div olanda noolar? Bəs sən?
- Belə
də. İzah edə bilmirəm, necəyəm. Nə vaxtsa istəmişəm adam olum. İçimdəki
sızıltılardan başqa, hər şey arzuladığım kimidi.
- Keçəcək.
Hər şey keçəcək... İcazə versən, sənin quyunda yaşayarıq.
- Halal
xoşunuz. Amma göyərçinin qayıtsa, tutub qəfəsə salma. Bir gün yolum düşsə, əmin
ol ki, rəhm eləmərəm.
Nəhayət,
qırışıqları açıldı, güldülər.
- Bəs sən
neyləyəcəksən?
- Gedim
onun yanına. - Divin səsi yenə titrədi. - Ümidvaram saçlarını kəsməyib, onları
topa-topa ayırıb hörməyib, hörükləri bir-birinin ucuna bağlamayıb...
Bilirsən?
İki qadın və bir kişi hardasa, qəbulolunan üçlükdü. Yeri gələndə, həm qadınlar
xoşbəxt olur, həm kişi. Amma iki kişi və qadın bir yerdədisə, bütün hallardan bədbəxt
olan qadındı. Neynəsə də, adı xəyanətdi. O səni seçsəydi, xatirələrimizə, məni
seçsəydi insanlığa xəyanət edəcəkdi. Yanlış seçim elədi. İstəyirdi ikinci
otaqda, sıradan görkəmiylə, divlə yox, bir adamla xoşbəxt yaşasın, sənin qapını
növbəti dəfə aça biləcəyinə inanmırdı. Gör nə gözləyirdi... Məni tanıdığı qədər
tanıya bilməmişdi səni, ona görə də əvvəlki görkəminə qayıtdı. İndən belə heç
kim sevməyəcək onu.
- Səndən
başqa...
-
Nigaran qalma, ona da, atangilə də yaxşı baxacağam.
- Məncə,
bütün bunlar heç də təsadüfən baş vermədi. Bilmirəm, hansımız hansımızı
aldatdıq.
- Mən səni
aldatmadım, Məlikməmməd. Dünyanın sonuncu divi üçüncü canını da sənə bağışladı.
Di salamat qal.
- Yaxşı
yol, dostum.
- Məndən
istədiyin nəsə var?
- Hə.
Bir torba alma yığıb qoyarsan. Yolum düşəndə gəlib aparacağam.
- İki nəfərsiz,
neynirsən bir torba almanı? Gəl, nə qədər istəyirsən ye, qıza da bir az apar.
-
Uşaqlara paylayacağam. O uşaqlara ki, bu nağılı dinləyəndə ömürlərində heç
olmasa bir dəfə "kaş öldürməyəydi divi, kaş üzməyəydi o quşun başını,
buraxaydı onu" - deyiblər.
"Ədəbiyyat
qəzeti”