Hər kəs öz Qodosunun intizarında...

Hər kəs öz Qodosunun intizarında...

Aydan NAĞIYEVA

(İrland yazıçısı Nobel mükafatı laureatı Samuel Bekketin "Qodonun intizarında” pyesini oxuyarkən)


Həyat gözləniləni gözləməklə keçir. Gözləyərkən sıxılmamaq üçün etdiklərimiz isə yaşamaqdır. Gözlənilənin gözləməyə dəyib-dəymədiyini isə ya o gələndə, ya da biz öləndə anlayırıq. Lakin hər iki halda da gözləməyə davam edirik. 

Əslində, insanlıq müəyyən mənada məhz elə bu əsərdəki obrazlardan ibarətdir. Ətrafımızdakı insanların hər biri və biz Estraqon, Vladimir, Poçço, Lakki və sadəcə xəbər gətirən oğlanlardan biriyik. Hərə öz Qodosunun axtarışındadır. Əsəri oxuyarkən Uayldın "Həyat sənəti daha çox təqlid edir, nəinki sənət həyatı” sözü yadıma düşdü və bu an düşündüm ki, elə biz özümüz də absurd bir teatrın içində yaşayırıq. Naməlum bir həyatda biz həyatda sadəcə öz Qodomuzun intizarındayıq və hər şeyin yaxşı, ya da daha pis olacağına inanırıq.  

Bəs absurd nədir? Bunu elə əsəri oxuyarkən anlamaq olar. Bekket əsərin əsas obrazı olaraq bu iki səfili seçir və beləcə absurdluq başlayır. Bekketin özünü bəşəriyyət adlandıran iki obrazı Vladimir və Estraqonun özləri absurdluğun sübutudur. Vladimir, əsasən, düşünür. Estraqon Vladimir qədər düşünmür. O, Vladimirin düşündüklərini yerinə yetirir. Vladimir düşüncəni, Estraqon isə hərəkəti təmsil edir. Biz bunu Vladimirin daim papağından, Estraqonun isə daim ayaqqabısından narahat olmasından anlaya bilərik. Vladimir hər şeyi sorğulayır və Qodonun gəlişini ümidlə gözləyir. Estraqon isə sanki Vladimirin zoruyla Qodonu gözləyir, yəni təbii ki, Qodo gəlsə yaxşı olar, amma onun Vladimir qədər ümidi yoxdur, çünki o, indiki zamanla yaşayır. Rahat bir həyatı olan Poçço əsərə daxil olanda fiziki rahatlığı əsas sayan Estraqon onun Qodo ola biləcəyini düşünür, çünki onun kimilər üçün Qodo rahat bir həyatın açarı idi. Məncə, əsərin müharibələrin olduğu dövrdə yazılması Vladimir və Estraqonu iki qütb olaraq qarşımıza qoyur. Vladimir müharibənin bitəcəyinə və ondan sonrakı yaxşı həyata inananları-Qodonu gözləyənləri, Estraqon isə indiki dövrü düşünüb, sadəcə, digərlərinə-sevib dəyər verdiklərinə dəstək olaraq ümidsiz şəkildə yaşayanları-Qodonu gözləyən ikinci inamsız təbəqəni simvolizə edir.


Məni ən çox maraqlandıran Poçço və Lakki cütlüyü idi. Poçço yuxarı zümrəni, daha doğrusu məhz elə Poçço kimi hər şeyi başqalarını əzərək əldə edən insanları təmsil edir. Nə hərəkət var, nə də düşüncə. Lakki kimilər isə ən bədbəxtləridir, çünki onlar hər şeydən məhrum edilmişlərdir, ipləri başqasının əlinin altında olanlardır. Əsər bu obrazların üzərində kiçik məqamlarla vacib məsələləri bizə çatdırır. Məncə, Poçço sonda kor olmasının əslində onun kimilərin xarakteri ilə bağlıdır. Poçço kimilər heç nəyi görmək istəmirlər, çünki görsələr düşünərlər və düşünmək onlara görə bir şey deyil. Onlar sadəcə danışaraq əmr verirlər və "baş üstə” sözlərini eşidirlər. Lakkinin kar və lal olması da bu mənaya uyğundur. Lakki kimilər hər şeyi görürlər, bütün əziyyəti çəkirlər və müəyyən qədər düşünürlər də, amma hər şeyə qulaqlarını və ağızlarını bağlayırlar. Bu cütlük mənə daim üç meymunu xatırladır. Heç nəyi görmədən, eşitmədən və danışmadan yaşayırlar sadəcə. Başqa bir tərəfdən bu cütlüyə baxmağa çalışsaq, onların qarşımıza çıxdığı ilk gün bu günü, ikinci gün isə onlar üçün gələcəyi simvolizə edir. Aşağı yuxarıdan asılı olarkən zaman döngüsü nəticəsində yuxarının aşağıdan asılı olması burda verilir. Məncə, bu mövzunun ən maraqlı nümunələrindən biri Uelsin "Zaman maşını” kitabında olan eloyililər və morloklar üzərindən anladılıb. Gələcəyi bizə göstərən kitabda bir zamanlar aşağı olan morloklar indi də aşağıdadır, amma daha yuxarılardan asılı deyillər, sadəcə instinkt formasında hələ də yuxarıya xidmət edirlər. Bu qəribəlik Lakki və Poçço nümunəsində də var. Kor Poçço görə bilən Lakkidən asılıdır, amma Lakki illərin gətirdiyi vərdiş ilə hələ də ona qulluq edir. Onlar Qodonu tanımırlar, onun gəlməsini də gözləmirlər, ümumiyyətlə, onun gəlib-gəlməyəcəyi onları maraqlandırmır da. 

Qodo əsərdə kimiləri üçün tanrı, kimiləri üçün xoşbəxtlik, kimilər üçün isə məqsəddir.  Qodo hamı üçün fərqlidir, amma daim gözləniləndir, naməlumluqlar içində ümid ediləndir. Ən əsası çoxları üçün mütəmadi dəyişəndir, çünki insanlar dəyişkəndir, çünki bilinməyən həyat və qədər daim dəyişkəndir. Bir çoxumuzun bir neçə il əvvəlki Qodosu ilə indiki Qodosu fərqlidir. Bəşəriyyət sadəcə ortaq olaraq onun intizarındadır. Bir günün daha sonu. Gecəyarısı otaqda yazımı bitirərkən qaranlığın gətirdiyi ağırlıq ilə  bir düşüncə ağlımda gəzir. Görəsən... Qodo sabah gələcək?