İçimdəki boşluq
Köşə
- 10.09.2019
- 0 Şərh
- 7709 Baxış
Leyla Azərqızı
Deyirlər qızlar hər zaman atalarını öz qəhrəmanları olaraq hər kəsə tanıdar və bununla qürur duyarlar. Nə yalan deyim, özümü bildiyim gündən atam deyərək güvənəcəyim bir dağım, sığınacaq bir limanım olmadı heç. Nə zaman dara düşsəm, tutacaq əl anam oldu, hər zaman söykənəcək arxam anam oldu.
Anam qəlbimizdəki boşluğu doldurmaq, uşaqlar arasında atasız olduğumuzu bilib də pərişan olmamağımız üçün yorulmadan bütün gücünü sərf etdi. Və sonda bacardı da.
Bu gün bizim bu məqamda olmağımız onun bitib tükənməyən əziyətinin nəticəsidir. Amma bütün bunları edərkən itirdikləri də oldu əlbət. Onlar onun geri gətirə bilməyəcəyi gəncliyi, cavanlığı və həyatı idi. Índi alnındakı qırışlara baxanda sanki hərəsi bir sətir olub dil açaraq danışmaq istəyir onun acılarla dolu keçmişindən. Saçlarındakı bəyaz tellərin hər biri onun çəkdiyi zülmü, əziyyəti xatırladır bizə. Mən roman belə yazsam,yenə də onun yaşadıqlarını, acılarını, ağrılarını izah etməyə gücüm yetməz.
Elə hey uşaqlıqdan "Atan uzaqdadır, gələcəy" yalanı ilə böyüdüm mən. 1-ci sinfə ilk dəfə gedəndə "Hər kəsi atası,bəs məni niyə əmim aparır?" sualına yenə də "Atan gələcəy, az qalıb"cavabını aldım. Uşaq həvəsi ilə hər kəs atasına ata deyəndə mənim də atam gələcəy deyə qürurlanardım. Beləcə günlər öz axarında keçdi. Atam gəldi uzaq yollardan... Hər zaman şəkillərdə gördüyüm atamı artıq aşkara görürdüm. Atama öyrəşmək, atam olduğunu hiss etmək üçün əlbəttə zaman lazım idi. O zaman gəlib çatdığında isə artıq atam həyatda yox idi. Zamanla anam atamın yoxluğunu doldururdu. Böyüdükcə ata deyə bir insanı unudurdum. Düşünürdüm ki, həyat yalnız anadan ibarətdir. Axı anamdan başqa arxam, dayağım yox idi. Elə bilirdim böyüdükcə ataya ehtiyacım olmayacaq daha.
Məktəbi bitirib universitetə daxil olanda yenə də axtaracaq insan atam oldu. Atamı gözüm gəzirdi o qədər insan arasında. Ah... Ölmək bilməyən ümid necə də insanın ilmə-ilmə içini yandırıb kül eləyirsən. Yenə də atamı əvəz edəcək anam dağ kimi dayandı arxamda. Bununla da artıq bütün vücuduma nifrət, kin hissi var gücüylə hakim olurdu. Getdikcə soyuqlaşırdım ətrafdan. Universitet, tələbə həyatı, gördüklərim, yaşadıqlarım məni daha da qəddar insana döndərə bilirdi. Universitetdə əhatə dairəm genişləndikcə atamın yoxluğunu daha da hiss edirdim. Dostlarımın ata deyən kəlməsi ürəyimə xəncər kimi sancılırdı. Ata deyilən o insanı mən də tanımaq, ata deyilən o ifadəni mən də bütün bədənimlə hiss etmək, yaşamaq istəyirdim. Çünki insan hər zaman hiss edib də yaşaya bilmədiyi bir şeyin axtarışında olar.
Tələbəlik illərində atama mənən ehtiyacım o qədər çoxalmışdı ki, artıq başa düşürdüm ki, anam mənim üçün nə qədər fədakarlıq etsə də, içimdəki boşluğu doldurmağa gücü yetmir. Və zaman öz ahəngi ilə davam edirdi... Artıq taleyin ikinci fəslinə- ailə həyatına qədəm qoyurdum. Bax elə həyat dediyimiz bu hekayədə kulminasiya və son nöqtə burada bir-birini tamamladı. Öz evimizdən ömürlük məskən salacağım başqa bir evə köçərkən məni yola salacaq atam olmadı yenə. Qaydadır ki, qızlar gəlin gedəndə ataları onların görüşünə gəlib yola salar.
Mənsə atamla görüşmək üçün məzarına yollandım. Məzarı önündə dayananda soyuq daş parçasından nəsə ummağım acizliyimin sübutu idi. Ona görə mən heç bir zaman atam deyərək qürurlanmadım. Hər zaman ata dediyim o ifadəni içim sızlaya-sızlaya unutmağa başladım. Uşaqlıqdan səbirsizliklə gözlədiyim atamın sonda boş bir həvəsdən ibarət olduğunu bildiyimdə soyudum həyatdan. Kinlə nifrət yoldaş olub qəlbimdə məskən saldı o zamandan. O qədər qəlbim soyuqlaşdı ki, kimisə var gücümlə istəyə bilmədim. Və həqiqətən də bir kişinin qadını sevməsindən çox tərk etməsinə inandım hər zaman. Çünki içimdə atama böyütdüyüm sevginin içimdə yavaş-yavaş kiçildiyini görmək məni həyatın ən soyuqqanlı insanına döndərə bildi. C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Oqtayın da dediyi kimi "indi siz deyin, kimdir müqəssir?...Yaşadaraq öldürən, yoxsa öldürərək yaşadan?".