
İtalo Kalvino. Nizaminin "Yeddi gözəl"i (Esse)
- 22.02.2020
- 0 Şərh
- 5198 Baxış
Çoxarvadlı mədəniyyətin təmsilçisi olmaq, şübhəsiz
çox şeyə təsir edir. Ən azı təhkiyənin strukturunda (fikir deyə biləcəyim yeganə
sahə) Qərbin göz ardı etdiyi bir çox ehtimal gözümüzün önünə gəlir.
Söz gəlimi, Qərb nağıllarında geniş yayılmış bir
motivi – qəhrəmanın gözəl bir qızın rəsmini görüb ona vurulmasını – Şərqdə də
görürük, amma çoxalmış şəkildə. XII əsr İran şeirində, Bəhram şah yeddi gözəlin
rəsmlərini görür və eyni vaxtda yeddisinə də aşiq olur. Qızların hər biri bir
qitənin hökmdarının qızıdır, Bəhram onların hər birinə evlənmə təklif edir və
hamısı ilə evlənir. Sonra yeddi qəsr tikdirir, qəsrlərdən hər biri ayrı rəngdədir,
"yeddi planetin özəlliklərinə uyğun”dur. Yeddi qitənin gözəllərindən hər birinə
bir qəsr, bir rəng, bir planet və həftənin bir günü uyğun gəlir. Şah
arvadlarından hər birini həftədə bir dəfə ziyarət edəcək, onların dilindən bir
hekayə dinləyəcək. Şahın əlbisələri həmin günün planetinin rəngində olacaq, gözəllərin
danışacağı hekayələr də öz planetlərinin rəng və xüsusiyyətləri ilə simmetriya
təşkil edəcəkdir.
Bu yeddi hekayə "Min bir gecə nağılları”ndakı kimi
fövqəladə şeylərlə dolu nağıllardır, amma hər birinin etik məqsədi var; (Məqsədlər
simvollar pərdəsinin arxasından həmişə aydın şəkildə görünməsə də.) Beləliklə,
şah-ərin həftəlik ziyarətləri, kainatın özəlliklərinin insandakı proyeksiyası
olaraq əxlaqi fəzilətlərin də kəşfidir. (Bir şah-ərin birdən çox qadınla cinsi
və ruhi poliqamiyası; ənənədə cinsiyyətlərin rolu tərsinə çevrilməz və bu məqamla
əlaqədar heç bir sürprizdən söhbət gedə bilməz). Yeddi hekayə də Qərbdəki
modellərdən fərqli olaraq çoxaldılmış şəkliylə ortaya çıxan eşq macəralarıdır.
Məsələn, yetkinləşmə nağıllarının tipik sxemində, qəhrəmanın
sevdiyi qızla evlənmək və şahlıq taxtına layiq olması üçün müxtəlif sınaqlardan
keçməsi vacibdir. Qərbdə bu sxem evliliyin sona saxlanmasını qabardır, ya da
hekayənin gedişatında evlilik baş tutursa, işin içinə evlilikdən əvvəl gəlinin
(bəyin) itməsi, sonra yenidən tapılması ilə müşayət olunan silsilə əhvalatlar,
maneələr və ya sehr-cadu girir. Lakin burada oxuduğumuz qəhrəmanın üstəsindən gəldiyi
hər sınaqdan sonra daha üst mövqedəki bir gəlinlə evləndiyi bir nağıldır. Qəhrəmanın
ard-arda evləndiyi bu gəlinlər bir-birini inkar etmirlər, əksinə həyat boyu əldə
edilmiş təcrübə və müdriklik xəzinələri olaraq bir-birini tamamlayırlar.
Orta əsr İran ədəbiyyatının klassikasından
danışıram, Rizzoli nəşriyyatının Bibloteca Universale Rizzoli ( Universal
Rizzoli kitabxanası) seriyası çərçivəsində, tərifəlayiq həssaslıqla, incə bir
cild şəklində nəşr edib oxucuların ixtiyarına verdiyi, Alessandro Bausaninin
giriş yazısı və tərcüməsi, Bausaninin və Giovanna Calassonun qeydləri ilə zəngiləşən
bu kitab Nizaminin "Le Sette Principesse”sidir.(Yeddi gözəl) Mövzunun mütəxəssisi
olmayan bizlər üçün Şərq ədəbiyyatının şedevrlərinə yanaşmaq, çox vaxt dəqiqlikdən
uzaq nəticələr verə bilər, çünki uzaq bir qoxunun tərcümələr və
uyğunlaşdırmalar vasitəsilə bizə gəlib çatması çox önəmli olsa da, əsəri bilmədiyimiz
bir kontekstə yerləşdirmək son dərəcə çətin məsələdir. Xüsusilə, bu əsər,
açıqca görünür ki, üslub özəllikləri və ruhi eyhamları ilə son dərəcə qarışıq
bir mətndir. Amma Bausanin tərcüməsi (sonsuz məcazları olan bu mətnə tərcüməçinin
sadiq qalması, söz oyunları qarşısında belə geri durmaması, mötərizələr içində
farsca sözlərin mənasını göstərməsi) zəngin qeydləri, giriş yazısı (bundan
başqa çox vacib vizual materiallardan istifadə), zənnimcə, bizə bu kitabın nə
olduğunu anladığımız illüziyasından fərqli şeylər hiss etdirir, əsərin poetik
sehrini (heç olmasa sətri tərcümənin ifadə edə biləcəyi qədərini ) dadmağımıza
yardımçı olur.
Beləliklə, bu tərcüməylə dünya ədəbiyyatının
şedevrlərindən birini kitab rəfimizə əlavə etmək kimi həmişə ələ düşməyən bir
şansa sahib olduq. Həmişə ələ düşməyən deyirəm, çünki kitabın
bibloqrafiyasındakı məlumatlar gerçəkdirsə, bu fürsət, bütün Qərb oxucuları
arasında biz İtalyanların bəxtinə düşmüş bir imtiyazdır. Belə ki,
biblioqrafiyada əsərin 1924-cü il tarixli yeganə ingiliscə tərcüməsinin səhvlərlə
dolu olduğu, almanca tərcüməsinin qismən, sərbəst yenidən yazma özəlliyində
olduğu və nəhayət mətnin fransız dilinə tərcümə edilmədiyi yazılıb.
(Xatırlatmaqda fayda var: Bausaninin bu tərcüməsi illər öncə Bari mərkəzli
"Leonardo Da Vinci” nəşriyyatında nəşr edilmişdi, amma o nəşrdə indiki kimi zəngin
qeydlər, şərhlər yox idi.)
Sünni müsəlman olan (o dönəmdə İranda hələ şiələr
üstünlüyü ələ almamışdı) Nizami (1141-1204) Gəncədə doğulub, orda da vəfat
edib. (Artıq SSRİ-nin sərhədləri içində olan Azərbaycanda. Deməli, iran, kürd və
türk soylarının iç-içə olduğu torpaqlarda yaşayıb.) Nizaminin yazdığı beş əsərdən
biri olan və təxminən 1200-cü illərdə yazıldığı ehtimal edilən "Yeddi gözəl”
("Həft peykər” sözünün tam mənası "yeddi çöhrə” deməkdir.)
V əsr hökmdarı olan Sasani xanədanlığından Beşinci
Bəhramın hekayəsidir. Deməli, Nizami Zərdüştlüyün dominant olduğu İranın
keçmişini İslam təsəvvüfü bucağından əks etdirib. Nizaminin şeiri həm insanın
bütünlüklə təslim olması lazımi olan ilahi iradəni, həm də paqan və qnostik
proyeksiyalarla yer üzündəki müxtəlif mistik təlimləri də (Xristian mistikasını
da, kəramət sahibi uca İsudan, yəni İsadan da bəhs edilir) ucaldır.
Nizami yeddi qəsrdə söylənən yeddi nağıldan əvvəl və
sonra, hökmdarın həyatını, təhsilini, ov mərasimlərini (aslan, yabanı eşşək, əjdaha)
, Böyük Xanın Çinlilərinə qarşı savaşlarını, qəsri inşa etdirməsini, şənliklərini
və eyş-işrətini, ən önəmsizlər də daxil olmaqla eşqlərini bizə çatdırır. Deməli,
əsər əvvəla ideal hökmdarın portretidir, bu portret içində, Bausaninin qeyd
etdiyi kimi, İranın qədim "müqəddəs hökmdar” ənənəsilə, İslamın ilahi qanuna
boyun əyən dindar sultan ənənəsi birləşir.
Biz düşünürük ki, ideal hökmdarın rifah içində
şahlığı və xoşbəxt rəiyyəti var. Unudun getsin ! Bunlar həddindən artıq yer
üzünə bağlı düşüncəmizin önhökmləridir. Bir hökmdarın bütün qüsursuzluqları
özündə cəmləyən qeyri-adi biri olması şahlığının xain və acgözlərin əlində ədalətsizliklə
əzilməsini əngəlləməz. Amma hökmdar Tanrının lütfünə layiq görüldüyü üçün, an gələcək
ki, o hökm etdiyi torpaqlardakı acı reallığı bütün çılpaqlığı ilə görəcək. Onda
soysuz vəziri cəzalandırcaq və kim gəlib başına gətirilən ədalətsizliyi danışsa
( yenə yeddi olan, amma o biri əhvalatlar kimi cəzbedici olmayan "zərərçəkmişlərin
hekayələri”) padşahı sevindirəcək.
Bəhram hökm etdiyi torpaqlarda ədaləti yenidən bərpa
etdikdən sonra, ordunu təzədən qurma və Çinin Böyük Xanını məğlub etmə imkanına
sahib olur. Alın yazısını bu cür reallaşdırandan sonra, bircə işi qalır – yoxa
çıxmaq, ovladığı yaban eşşəyini qovalamaq üçün atı ilə girdiyi mağarada sözün
bütün mənalarında yox olur. Kəsəsi, Bausaninin də dediyi kimi şah "İnsan
oğlunun özüdür”; önəmli olan onda bədən qiyafəsinə bürünən kosmik simmetriyadır
– müəyyən ölçüdə hakimiyyətində və rəiyyətində də əks olunan, amma xüsusən öz şəxsiyyətində
gizlənmiş simmetriya. ( Nəticə etibarilə, bugün belə xalqının son dərəcə pis şəraitdə
yaşadığını diqqətə almayıb öz içində tərifəlayiq olduğunu iddia edən rejimlər
var.)
Qısası, "Yeddi gözəl” iki cür fantastik şərq hekayəsini
özündə cəmləşdirir : Firdovsinin (Nizaminin örnək aldığı X əsr İran şairi) "Şahnamə”sinə
xas epik-təntənəli təhkiyə ilə qədim hind hekayətlərindən tutmuş "Min bir gecə
nağılları”na qədər uzanan nağıllar silsiləsi. Əlbəttə, bu ikinci damar oxuma
zövqümüzə daha çox xitab edir (bunun görə də, oxumağa yeddi nağılla başlayıb
sonra çərçivə hekayəyə keçməyiniz məsləhətdir), amma çərçivə hekayədə də
fantastik ovsunlar və erotik incəliklər (məsələn, ayaq sığallamağa çox dəyər
verilir : "hökmdarın ayağı, o könül oğrusunun ipək paltarları arasından girib
ombasına süzülürdü”) baxımından çox zəngindir ; eynilə nağıllarda kosmik-dini
duyğunun kuliminasiyaya yüksəldiyi kimi. (məsələn, Allahın iradəsinə özünü təslim
edən bir adamla, bütün olanları ağıl yolu ilə açıqlamaq istəyən adamın səyahətinin
nəql olunduğu hekayət. İki adamın da psixoloji portreti o qədər inandırıcıdır
ki, birincinin tərəfində olmamaq qeyri-mümkündür: Birinci adam, bütövün
qarmaqarışıq olmasını inkar etmir, ikinci adam isə bədniyyət və çox da
laubalidir. Hekayədən çıxara biləcəyimiz "ibrət”, fəlsəfi deyil, insanın öz
reallığı ilə simmetriya içində yaşamasının önəmli olduğudur).
"Yeddi gözəl”də cəmləşən fərqli ənənələri
bir-birindən ayırmaq qeyri-mümkündür, çünki Nizaminin baş gicəlləndirici məcazi
dili bunların hamısını bir boşqabda əridir və hər səhifəyə göz oxşayan bir
kolyedəki dəyərli daşlar kimi iç-içinə keçən məcazlar kolleksiyası yaradır. Bu
baxımdan kitabın üslubu birliyi tək biçimli görünür və o biri aləmlə əlaqədar
mistik-ezoterik giriş bölümlərini də içində saxlayır. (Bu bölümlərdən birinə
diqqət çəkmək istəyirəm. Bir mələk-atla göyə, üç ölçünün yox olduğu nöqtəyə qədər
yüksələn Həzrəti Məhəmmədin meracı xatırlanan hissə : "Peyğəmbər məkandan
arınmış Allahı gördü, ağızdan və səsdən arınmış sözlər eşitdi.”)
Bu hörgünün toxumaları o qədər zəngindir ki, Qərb ədəbiyyatından
uyğun örnək tapmaq üçün, təbii ki, Orta Əsrlərdəki motivlərin bənzərlikləri və
Aristotel ilə Şekspir intibahının zəngin fantaziyasını da adlayıb, daha yüklü
barokko tipli əsərlərə baxmalıyıq; amma Marionun "Adonisi” və Basilenin
"Pentamerone”si belə Nizaminin təhkiyəsindəki məcazlar bolluğu ilə (o qədər zəngindir
ki, hər imajdan, hər obrazdan bir hekayə doğulur) qarşılaşdırılanda kasıb
görünür.
Bu məcazi kainatın bütünlüklə özünəməxsus özəllikləri
və dəyişməz xüsusiyyətləri var. İran yaylaqlarında yaşayan, ensiklopediyalarda
və yalnış xatırlamıramsa, zooparklarda gördüyümüz vəhşi eşşəyi, Nizaminin
misralarında aristokratların gerbindəki heyvanların kübarlığına bürünür və demək
olar ki, hər səhifədə qarşımıza çıxır. Bəhramın ov mərasimlərində vəhşi eşşəyi ən
çox arzulanan və çətin ovlanan, çox vaxt ovçunun gücünü, qabiliyyətini ölçdüyü
şikar kimi aslanlarla yanaşı durur. Bundan başqa, simvolik qatda vəhşi eşşəyi
gücün, həm də kişinin cinsi iqtidarının simvoludur ; amma eyni zamanda eşq
ovunun (aslana şikar olan vəhşi eşşək), qadın gözəlliyinin və ümumən gəncliyin
simvoludur. Ayrıca, öyrənirik ki, əti çox ləzzətlidir: "yabaş eşşəyi gözlü
qızlar, atəşdə yaban eşşəyi budu qızardırlardı.”
Çoxmənalı bir başqa məcaz da sərv ağacıdır. Kişinin
gücünü göstərmək üçün yada salınması və təbii ki, fallik bir simvol olmaqdan
başqa, qadın gözəlliyinin modeli olaraq da (uzun boy həmişə dəyərli sayılır)
qarşımıza çıxır ; sərvlə qadın saçı, həm də su axınları, hətta səhər günəşi
arasında da əlaqə qurulur. Sərvin demək olar ki, bütün məcazi funksiyaları
(başqa bir çox funksiya ilə birgə), yanan şama da aiddir. Kəsəsi, bənzərliklər
çılğınlığı o qədərdir ki, istənilən şey başqa bir şey anlamına gələ bilər.
Bir-birinin ardınca sıralanan sonsuz məcazlardan əmələ
gəlmiş usta təsvirlərdən yadda qalanlar arasında, bir qış təsviri də var: bu təsvirdə,
bir silsilə dondurucu obrazın ardınca ("soyuğun təsiri suyu qılınc, qılıncı su
etdi”; qeyddə açıqlaması belə verilib : günəşin işıq-qılıncları yağmura, yağmur
da şimşək qılınclarına çevilir; açıqlama doğru olmasa da, obraz gözəlliyini
qoruyur), atəşin öyülməsi və qışın təsvirinin simmetriyasına uyğun olaraq bahar
təsviri gəlir – "məltəm, reyhana əsir düşüb” bənzətməsi kimi capcanlı bitki
dünyası ilə.
Yeddi nağıla hakim olan rənglər də hər biri
özlüyündə məcaz katalizatorudur. Bütünlüklə bir rəngdən ibarət hekayə necə nəql
oluna bilər? Ən sadə metod, adamlara o rəng paltar geyindirməkdir, qara nağılda
olduğu kimi: bu nağılda, bütün xalqın qara geyindiyi bir Çin əyalətindən
danışan qara geyinmiş bir yabançıyla rastlaşdığı üçün qara geyinən bir padşahın
yanında qaravaşlıq etdiyi üçün həmişə qara geyinən bir qadından bəhs edilir…
O biri nağıllardakı bağ təkcə simvolik olub bir rəngə
yüklənən mənalardan ibarətdir : sarı günəşin, avtomatik olaraq şahlığın da rəmzidir
; deməli, sarı nağılda, bir şahdan bəhs olunacaq və yoldan çıxartma əhvalatı ilə
özünün kuliminasiyasına çatacaq (başdan çıxartma, içində altın olan bir qutunun
zorla açılmasına bənzədilir).
Bəyaz nağıl, gözlənilməz şəkildə ən erotik olandır
; süd bəyazı bir işığa bürünmüş bu erotiklik içində "sünbül kimi məmələri və
gümüş rəngi ayaqları olan qızlar”ın hərəkətlərinə şahid oluruq. Amma ismət barəsindəki
nağıl da, açıqlamağa çalışacağım kimi (icmallaşdırmaq nə qədər əsas bir çox
şeyi qaçırmağımıza yol açsa da), ən erotik olanlardandır. Kəramətləri və ismətiylə
qüsursuz bir gənc oğlan rəqs edən çox gözəl qızların baxçasını işğal etdiyini
görür. Qızlardan ikisi, gənci oğru bilib qamçıladıqdan sonra (müəyyən mazoxizm əlamətləri
olan səhnədir), onun əfəndiləri olduğunu anlayırlar, əllərini-ayaqlarını öpməyə
başlayırlar və gəncə içlərindən birini, ən xoşuna gələni seçməyi xahiş edirlər.
Gənc oğlan qızların çimməyinə baxır, seçimini edir və seçdiyi qızla (nağıl boyu
bütün hərəkətlərinə yön verən iki qadın qardiyan, ya da "polis”in yardımı ilə)
görüşür. Amma bu görüşdə və sonrakılarda, kuliminasiya anında həmişə cütlüyün
birləşməsini əngəlləyən nəsə olur: Ya otağın döşəməsi çökür, ya bir pişik bir
quşu tutmaq üçün qucaqlaşmış sevgililərin üstünə atdanır, ya bir siçan çardaqda
balqabaq gəmirir, balqabaq yerə düşüb səs-küy çıxardır və gəncin ehtirası
soyuyur. Bu, ibrətamiz finala qədər belə davam edir : gənc anlayır ki, qızla
evlənməlidir, çünki Allah onun günah işləməsini istəmir.
Sürəkli olaraq kəsilən cütləşmə motivinə qərbdəki
xalq hekayələrində də rast gəlmək olar, amma qərbdə həmişə gülünc rakursdan işlənir
: Basilenin bir hekayəsində, bir-birini izləyən gözlənilməz hadisələr,
Nizamininkilərə çox bənzəyir, amma Basilendə ortaya insanın səfilliyi, cinsəllik
qorxusu və qabalıqdan əmələ gəlmiş cəhənnəmvari bir görüntü çıxır. Lakin
Nizaminin dünyası erotik gərginliklə və qayğı ilə yükü ilə dolu, həm də
yazdığını ucaldan, ululaşdıran, psixoloji kontekstdə işıq-kölgə oyunları ilə zəngin
olan kahincə bir dünyadır. Burda hurilər cənnətinə xas çoxarvadlılıq xəyalı,
bir cütlüyün özəl reallığı ilə qarışıq olaraq verilir və məcazi dilin sərhədsiz
açıq-saçıqlığı, imkan verir ki, Nizami təcrübəsiz gəncin ruhi təbədüllatlarına
nüfuz etsin.
Tərcümə: Qismət
Sim-sim.az