İtdən uzaq durmaq üçün evdən imtina
Köşə, Esse
- 04.12.2023
- 0 Şərh
- 7173 Baxış
Rəşad Səfər
Yazının adındakı ev yazıçılara paylanılan evlərdən deyil. Oralarda illərdir eyni ssenaridir. Bir neçə həqiqi ehtiyacı olanlara verilir, qalanları da dost-tanışa və lakeylik fəaliyyətində yüksək xidmətlərə görə.
Lakey demişkən, ikiminincilərin publisistikamızda yenidən canlandırdığı "lakey” sözünün, deyilənə görə, maraqlı və ironik tarixçəsi var. Bəzi filoloqların ehtimalına inansaq, bu söz ərəb dilindəki "al kaid” sözündən gəlir. "Al kaid” ərəbcə başçı, rəhbər deməkdir. Ərəblər İspaniyanı işğal edəndə oradakı öz sərkərdələrini, hərbi komandirlərini "al kaid” adlandırırdılar. Sonra tarix elə dəyişir, dövran elə gətirir ki, xilafət heydən düşür, ispanlar ərəbləri qovub çıxarır. Bir xeyli sərkərdəni də əsir götürürlər. İspanlar həmin əsir düşmüş, nökər kimi işləyən sərkərdələri, başçıları lağa qoyub onlara "al kaid” deyirdilər. Daha doğrusu, "al kaid” sözünün dəyişmiş variantı olan "alacayo”. Sonradan bu söz "lakey” formasında başqa avropa dillərinə keçib.
Hələ də sadəlövh və qıt ağlımla inanıram ki, ədəbiyyatla, sənətlə təmasını ürəkdən keçirənlər, oxuduqlarının, baxdıqlarının cövhərini anlayanlar ictimai proseslərə, başqa insanların həyatına laqeyd qala bilməz. Belə olmadığını görürəm, amma belə olacağına inanıram. Siz də çox şeyin elə olmadığını görürsünüz, amma yenə də əksinə inanırsınız, çünki inanmaq istəyirsiniz. İnancın təbiəti budur. Olana yox, olmalı olana inanırsan. İnancımın hər dəfə yanıldığını görəndə isə səbəbləri başqa yerdə axtarmağa başlayıram. Gəldiyim nəticə bu olur ki, ya oxuduqlarını həzm edib öz mahiyyətinə çevirəcək qədər ciddi deyillər bu məsələdə, ya da təfəkkürdə problem var. Çörəklə sınağa çəkilənlərdən söhbət getmir. Çörəklə sınağa çəkilənlərin seçimini qınamaq yanlışdır, hətta ədəbiyyatın mayasındakı humanizmə ziddir. Ədəbiyyat bu cür insanları anlamaqla məşğuldur. Hamıdan böyük fədakarlıqlar gözləmək də yersiz idealizmdən başqa bir şey deyil. Hər kəsin dözümü, gücü, ehtiyacları, nəhayət, xarakteri fərqlidir.
Ancaq, bəs necə olur, barmağını alnına qoyub Hüqodan, Muzildən, Kamyudan, Rollandan, Sveyqdən, Yaşar Kamaldan söhbət edənlər, guya hər gün onların ruhları ilə oturub-duranlar çox rahatlıqla, sanki heç bir mənəvi dilemma ilə qarşılaşmadan gedib ən mürtəce fikirlərə, ideyalara, insanlara ortaq olurlar? Hər gün ruhları ilə oturub-durduqları böyük insanların əqidələrini, keçdikləri yolları, yazdıqları əsərlərin mahiyyətini bilmirlərmi? Söhbət ondan getmir ki, iki kitab oxuyan kimi hamı balağını alıb əlinə düşməlidir ortalığa. Amma böyük "S” hərfi ilə yazılan sənəti öz içindən keçirə bilən, deyilmək istəyənləri əxz edən bir insanın öz əlavə rahatlığı naminə, imtiyazlar, ya da hər hansı maddi təmannalar uğruna gedib bədheybət insanların kölgəsində dolanmağını, bunu özünə rəva görməyini izah etmək çətindir. Ya həmin sənətkarlar və onların əsərləri ilə elə-belə, xala-xətrin qalmasın tanışlıqları var. Ya da lakey təfəkkürü transformasiyanın baş verməsinə imkan vermir. Nəticədə, özünü azad ruhlarla əqidə yoldaşı sayanlar balaca-balaca adamların nökərlərinə çevrilirlər.
Rahat yaşamaq, qayğılardan uzaq, hətta yeri gələndə imtiyazlı yaşamaq hər kəsin haqqıdır və bu istəkdə olmaq da qəbahət deyil. Lakin dəfələrlə çeynənmiş ifadə ilə desək, nəyin müqabilində? "Nəyin müqabilində?” sualını bir dəfə, cəmi bircə dəfə qulaqardına vuraraq imtiyazlar və böyük maddi təmannalar arxasınca gedən yaradıcı insanın sonu quraqlıqdır, mənəvi ölümdür. Elə son illərdə bir rejissorun timsalında bu acı reallığı gördük. Kifayət qədər potensiala malik olan gənc rejissora vəzifə verildi. Vəzifədə olduğu müddətdə heç bir uğurlu layihəsini eşitmədik, əksinə, mətbuatda onun haqqında ancaq tənqidlər gördük. Bu illər ərzində potensialını reallaşdıra bildiyi əsərlərinin də şahidi olmadıq. Sonda vəzifədən atıldı. Allah qapısını açsın, ümid edək, bir gün mənəvi zindanın təsirlərindən qurtulanda yenidən yaxşı işlər görməyə başlayacaq.
"Nəyin müqabilində?” sualı yaradıcı insan üçün ölüm-dirim sualıdır. Maddi dünya ilə münasibətlərdə bu sualı vermədən, bu suala cavab tapmadan qərarlar vermək tarixdə neçə sənətkarı yarı yolda qoyub. Özləri bir yana, əsərlərini də ləkələyib.
"Nəyin müqabilində?” sualına alman yazıçısı Lion Feyxtvanger "Sədaqətli Peter” hekayəsində maraqlı cavab verir. Siyasi kontekstdə yazılmış bu hekayədə bir ölkənin rəhbəri olan qoca marşalın Peter adlı sədaqətli kamerdineri var. Marşal taleyüklü qərarlar verəndə Peter ona öz atasından-babasından əhvalatlar danışıb qərarlarına təsir etməyə çalışır. Çox vaxt da buna nail olur. Çünki marşal kamerdinerin xalq dilindəki əhvalatlarını ona başqasının ağıl verməsi kimi qəbul etmir, sakit-sakit qulaq asır, sonra da ağlına batdığı üçün öz qərarlarını bir daha gözdən keçirir. Bir dəfə şər qüvvələr qoca marşaldan tələb edir ki, artıq bəsdir, bizim dediyimiz bir adamı kansler edib hökuməti ona verməlisən.
Marşal da kansler vəzifəsinə təklif edilən həmin adamdan şübhələndiyi üçün ətrafındakı insanlarla məsləhətləşir. Heç kəs qorxusundan açıq danışa bilmir. Bir gecə artıq vəfat etmiş Peterin kabusu marşalın yanına gəlir. Marşal ondan kansler vəzifəsinə təklif edilən şəxs haqqında fikrini soruşur. Peterin kabusu yenə də köhnə qaydada, birbaşa ağıl vermədən babası haqqında bir əhvalat danışır. Deyir, o vaxt babama böyük bir ev təklif edirdilər. Amma evin içində də quduz it varmış. Babama deyirlər, evi sənə verməyin əsas şərti odur ki, evi quduz itlə birlikdə almalısan və o iti saxlamalısan. Yəni, evə sahiblənən quduz itə də sahib olur. Babam bir az fikirləşir, sonra quduz itdən uzaq durmaq üçün evdən imtina edir. Amma bu cavab marşala sərf etmədiyi üçün kabusdan bir daha soruşur, deyir, mızıldanma, açıq söylə fikrini, baban evi götürdü, ya götürmədi? Kabus fikrini təkrarlayanda marşal bu dəfə eşitmək istədiyi cavabı eşidir və həmin adamı kansler təyin edir. Bununla özü və xalqı üçün böyük fəlakətlərin təməlini qoyur.
"Nəyin müqabilində?” sualına cavab axtaranda qoca marşal kimi eşitmək istədiyimizi eşitsək, sonda evə sahiblənmək olar, amma quduz it də içərisində olacaq.