Jokha al-Harthi. Sevgili (hekayə)
- 03.09.2020
- 0 Şərh
- 14514 Baxış
2019 - cu il Beynəlxalq Buker mükafatını qazanmış Jokha al-Harthi-dən hekayə.
Jokha al-Harthi
(جوخة الحارثي)
"Sevgili”
(hekayə)
Rəcəb əl-Aali yellənən kreslosundan atılıb
qalxdı. Adəti üzrə günortalar uzanıb gözünün acısını alardı. Bu səfər də ayağa
duran kimi pəncərənin qabağına keçib üzünün-gözünün tərini silməyə başladı. Həyətə
sarı boylandı. Qonşunun nəhəng manqo ağacının, axşamın alatoranında qəribə -
göyümtül rəngə çalan meyvələrilə dolu olan budaqları hasarın bu üzünə
adlamışdı. Hələ də gördüyü yuxunun təsiri altındaydı.
Şəhər
buzxanası ilə dükanın arasından keçən küçədə qarayanız, arıq bir oğlan uşağı
fıştırıq çala-çala gəzişirdi.
Günortaydı. Hava od tutub yanırdı. Buz kimi soyuq suyu təzəcə
içib qurtarmışdı,ona görə də kefikök idi…
Rəcəbin
susuzluqdan boğazı qurumuşdu və gördüyü yuxunun ardını xatırlamağa çalışırdı…
Oğlanın bığ yeri təzə-təzə tərləməyə
başlamışdı. Birdən çaldığı fit səsi ağzındaca donub qaldı. Sol tərəfdən bir qız
ona tərəf gəlirdi. Yəqin ki, məktəbdən qayıdırdı, çünki əlində kitabla dolu
olan qəşəng qırmızı çanta var idi. Məktəb paltarını elə bil qızın üstünə
tikmişdilər, əyninə kip otururdu.
… Yuxuda hər şey elə bil ilğımın içində baş verir.
Çantanın qırmızısı və qızın gözlərindəki qığılcımdan başqa,hər şey ilğım içində
idi. Rəcəbin həyatı boyu yaddaşında qalan ən parlaq şey bunlar idi: qırmızı məktəb
çantası və qızın gözündəki o işartılar. Amma doğrusu bir də bir mistik, heç cür
anlaya bilmədiyi bir pıçıltı ilişib qalmışdı yaddaşında. O qızın pıçıltısı. Qız
onun yanından ötüb keçəndə nə isə pıçıldamışdı və Rəcəb heç nə başa düşməmişdi.
Yəni sözləri belə ayırd edə bilməmişdi
heç.
Bu məhəlləyə yenicə köçmüş o qırmızı çantalı,
gözü işartılı qıza vurulan oğlan, günlərin bir günü ayıldı ki, artıq qocalıb.
O gündən bu yana Rəcəbin işi - gücü yuxularını yada
salıb, xatirələrini oyadıb o pıçıltının
sirrini açmaq olmuşdu. Ancaq boş yerə əlləşirdi. Heç nəyə nail olmamışdı.
Sonralar qızdan dəfələrlə soruşmuşdu : "O nə
pıçıltısı idi elə, nə dedin sən onda?"
Qız heç cür yadına sala bilmirdi.
Rəcəbə qəribə gəlirdi:
"Necə ola bilər, dediyin sözü birdəfəlik
unudasan?"
Elə bil heç nə olmamışdı! Elə bil qız işartılı
gözlərini süzdürməmişdi heç o gün! Elə bil Rəcəbin büsbütün həyatını alt-üst edən
o cənnət qoxulu sözləri pıçıldamamışdı
heç o gün!
Rəcəb qızın çiyinlərini silkələyib, ağzını
qızın qulağına bərk-bərk sıxıb dəfələrlə soruşmuşdu ondan:"Sən dedin axı,
dedin axı? Yadındadı, şəhər buzxanasının yanında."
Ona elə gəlirdi ki, qız qəsdən demirdi, o sözləri
yaddaşının dərin qatlarında gizli saxlamaq və lazım gələndə ona qarşı bir silah
kimi istifadə etmək istəyirdi.
Sonra gördü ki, həyatından artıq sevdiyi bir
qadının boynundan qan axır, süzülür üzü aşağı… Və saçlarına təzə-təzə dən düşən qadın ustufluca o gözəl, şümal boynunun
qanını silir…
Hava
qaranlıqlaşırdı. Şəhərin solğun işıqlarını indicə yandırdılar. Rəcəb manqo
ağaclarının yarpaqlarında oynaşan işıqlara baxırdı. O, dəqiq bilirdi ki, o vaxt
qız onun sol tərəfindən keçib getdi, ürək olan tərəfdən. Qız onun tuşuna çathaçatda, elə bil Rəcəbin ürəyinə od vurdular. Elə o andaca, həmin o şeytani
pıçıltını Rəcəbin üzünə atıb getdi. Başındakı duman çəkildi getdi…
Və bu gün, bu gün onun dediyi sözə bax:
"Yoox, mənim yadımda deyil. Mənim o sən dediyin küçədən keçib getməyim yadıma gəlmir.
Mən məktəbə başqa yolla gedib-gəlirdim"
Rəcəb öz-özünə danışırdı:
"O vaxt, o gündən sonra rahatlığım pozuldu, yata da
bilmirdim. O mistik pıçıltı dəli eləmişdi məni. Durduğum yerdə işıq
saçırdım.Axı necə inkar etmək olar bunu? Onun qırmızı çantası, o tozlu küçə, və
o məxməri pıçıltı. Axı 100 faiz bilirəm ki, o, pıçıldadı, düz mənim ürəyimin
yanından keçəndə dedi o sözləri. 100 faiz bilirəm.
Və bu gün gülə-gülə, gözləri
işıldaya-işıldaya, fəxrlə mənə deyir ki, mənim heç ömür-billah qırmızı çantam
olmayıb"
Axşam mehi manqo ağacının şehli yarpaqlarına
qoşulub tanqo oynayırmış kimi asta-asta rəqs eləməyə başladı. Rəcəbin
narahatlığı heç cür keçib getmirdi. Ürəyi heç nəyə yatmırdı.
Rəcəb əl-Aalinin sevdiyi qız dükandan sonra
sayca üçüncü binada yaşayırdı.
Yeniyetmə çağlarında bütün günü o məhəllədə veyillənərdi. Saatlarla o binanın
taxta qapısını marıtlayıb durardı. Gah da binanın başına fırfıra kimi fırlana-fırlana ağappaq divarlara baxıb xəyala
dalardı.
Hətta indinin indisində belə, çalbaş vaxtında belə o
qızın şəkli gözlərinin önündən çəkilmirdi. O qızın boz rəngli məktəb paltarı,
kitabla dolu, qırmızı çantası, ayaqqabısının siyah bağları - onun yaddaşına
birdəfəlik həkk olmuşdu.
Rəcəb elə o vaxtdan bilirdi ki, qız heç, sən
deyən, gözəl də deyil,sadəcə gözlərindəki o məğrur ifadə onu valeh eləmişdi.
Özündən asılı olmayaraq saatlarla, dinməz-söyləməz,
tək-tənha avara-avara gəzərdi. Gah da dükanın pilləkanlarında oturub gözlərini
bir nöqtəyə zilləyərdi, özünü vaakuma düşmüş kimi hiss edərdi.
Bütün günü dilinə acı çaydan başqa bir şey dəyməzdi.
Rəcəb onun içini əsdirib-coşduran, onu yanıb-yaxan bu qüvvənin hardan gəldiyini
heç cür başa düşə bilmirdi. Rəcəb eyni vaxtda iki başqa ərazidə yaşamaq kimi əcaib
bir hissiyatı yəqin ki, heç vaxt anlaya bilməyəcəkdi.
O, həmişə-məktəbdə, sonra da kollecdə oxuduğu
vaxtlarda da , sonralar şirkətdə, lap sonra kafedə işlədiyi vaxtlarda da; hər
zaman orda - o ağ binanın qarşısında olurdu, o qıza baxırdı, qız da gözünü zilləyib
ona baxırdı.
Qızgilə nişan aparmaqları, toy mərasimi, evə
köçməkləri-filan; hamısı zəif,
solğun xatirələr yığınından başqa bir
şey deyildi.
Yaddaşı sapları süzülüb getmiş zərli gözəl
toxunuşlu parçaya bənzəyirdi. Və illər keçdikcə parça daha çox solur, daha da
köhnəlirdi. Beləliklə, Rəcəb əl-Aali evləndi. Və bir ildən sonra onun qızı
oldu. Qızı Rəcəbə oxşamırdı. Öz qızını başının üstə qaldırıb ona baxırdı,
baxırdı, ancaq elə bil ki, onu görmürdü, elə bil heç o anda orda olmurdu. Ya da
uşağın əvəzinə öz arvadının sifəti gəlirdi gözünün qabağına…
O gözəl toxunuşlu zərli parçanın ilmələri
arasında o gecələr də yox idi artıq. O gecələr ki, arvadını yuxudan oyadıb qəfil
soruşardı:"Sən məni sevirsənmi?"
O gecələr ki, arvadı başını tərpədib :
"Hə" - deyirdi və yıxılıb yatırdı.
Amma o parçanın solmayan zərləri səhərlər üzə çıxardı- qadının həmin o özündənrazı,məğrur
baxışlarını görəndə-yaddaşı təzələnərdi.
Və o baxışlar ona zülüm və işgəncə verirdi;
gecələr yellənən kreslosunda oturub səhərə kimi yatmırdı-gözünü zilləyib o ağ
binanın taxta qapısına baxırdı.
Toy günü yoldan keçən bir nəfər ona qızıl kimi
söz demişdi, ancaq Rəcəb o "qızıl"ı hələ də "xırdalayıb"
qurtara bilmirdi.
"Rahat yaşamaq istəyirsənsə evlilikdən heç nə gözləmə.
Gözləntilər ailələrin dağılmağına gətirib çıxarır" - belə demişdi o,
yoldan ötən adam. O vaxtdan Rəcəb çalışırdı ki, öz ailəsinə qarşı çox da tələbkar
olmasın. İllər sonra, indi də tam tərsinə, ailəsinin qarşına tələblər qoymaq istəyirdi, amma
bilmirdi bunu necə eləsin.
Bir növ, çaş-baş qalmışdı.
Rəcəb əl-Aali heç cür sakitləşə bilmirdi. Rəcəbin
sevgisi, hissləri o qədər güclü idi ki, onu qorxuya salmışdı. Bu hisslər axşam
düşən kimi onu aparıb küçələrin solğun işıqları altına atır,
saatlarla avara-avara gəzməyə vadar edirdi.
Bu həqiqi hisslər onu hərdən elə çulğalayırdı
ki, gecələri yellənən kresloda oturur, elə hey fikirləşirdi, səhəri diri gözlü
açırdı.
Nəhayət, günlərin bir günü hisslərinin lap dərin
qatlarından cavab gəldi onun bütün əzablarına: "sevdiyin adama sahib ola
bilməszən!"
Keçən səfər Dubaya gəzməyə getmişdilər.
Rəcəb arvadına bahalı hədiyyələr aldı, o qədər
qucaqladı, o qədər əzizlədi ki, axırda arvadı bezdi. Dünyada heç kimin demədiyi
ən əziz, ən ləziz sözləri pıçıldadı onun qulaqlarına, ayaq barmaqlarından öpdü…
Yuxuya gedəndən sonra da əl çəkmədi-üzündən, gözlərindən öpdü, öpdü, öpdü… Və
kövrəldi… Çox kövrəldi… Əlacsız qalmışdı elə bil. Çox kədərlənmişdi…
Axır ki sonda o bir nəticəyə gəlmişdi:
"Sevdiyin adama sahib olmaq mümkün deyil"
Rəcəb işdə olanda tez-tez zəng edirdi evə,
arvadının nə etdiyi ilə maraqlanır, sorğu suala tutur, evə gələndən sonra ona
yemək bişirtdirir, onu elə bərk qucaqlayır ki, arvadı ağrıdan qışqırırdı. Arvadının dırnaqlarını tutur,
barmaqlarından öpürdü, lakin yenə ürəyi soyumurdu. Arzu, istəklərinin sonu
görünmürdü. Rəcəb arvadını o qədər sevirdi ki… Amma ona malik ola bilmirdi, ona
hakim ola bilmirdi.
Baxmayaraq ki, uzun illər idi bir yerdə yaşayırdılar, o, arvadına sahib ola
bilmirdi.
Rəcəb əl-Aali, saçları ağarmış, ürəyi üzülmüş,
Rəcəb əl-Aali, otaqları dolaşırdı.
Birdən arvadına yaxınlaşıb onu möhkəm qucaqladı və döşəmənin
üstünə yıxmaq istədi, arvadı ağrıdan çığırıb ağlamağa başladı. Rəcəb arvadının
göz yaşlarına dözə bilməzdi, tez geri çəkildi. Və getdi yarıqaranlıq küçələri
veyillənməyə. Küçə itlərinin hürüşməsinə məhəl qoymurdu, elə hey gedirdi. Nəhayət,
evə qayıtdı, ancaq yenə gözünə yuxu getmədi.
Keçirdiyi o yuxusuz gecələr, ağır, dəhşətli
düşüncələr onun mistik ağrılarını get-gedə dözülməz edirdi. Arvadı hər dəfə
onun dediklərini inkar etdikcə, o balaca qırmızı çantalı qızın surəti daha çox
işgəncə verirdi Rəcəbə. Bu dəfə Rəcəb özünü ələ ala bilmədi, vurdu arvadını, zərbə
zərbə dalıyca, dəlicəsinə vurdu, vurdu və nəhayət, arvadının bəbəklərindəki
işartının sönməyindən bildi ki, o keçindi!..
Onun yaxşı və ya pis kişi olmağının bu hadisəylə
heç bir əlaqəsi yox idi. Onun yaddaşı idi bu işlərin günahkarı!!! Yaddaşı öz
canının ilmələrini cırıb-dağıdıb, zərləri saxlamışdı yalnız!..O parıldayan zərləri
-
taxta qapını, ağappaq divarları, qırmızı çantalı qızın əcaib
- qəraib pıçıltısı və onun evini yıxan baxışları-saxlamışdı yaddaşı…
Məsələ heç o qadında da deyildi - öz ərinə təslim olub
qalan,bezib öz valideynlərinin evinə
qaçıb getməyən - qadında da deyildi məsələ.
O, öz evini həmişəlik tərk edib getdi. Bütün
dostlarını, tanışlarını tərk edib getdi. Amma yenə də özündə deyildi. Başqa
yerdə idi, yenə.
Bu ağrı-acılı düşüncələrlə dolu həyatda, bu
fani dünyada başa düşdüyü yeganə bir şey
vardı: "Sevdiyin adama sahib olmaq qeyri- mümkündür! "
İngiliscədən tərcümə etdi:
Rauf Qaraişıq
Southampton