Ketevan Canelidze:

Ketevan Canelidze: "Mədəniyyət, bir ölkənin vizit kartıdır" (MÜSAHİBƏ)

Müsahibimiz Gürcüstan Animatorlar Gildiyasının sədri, prodüser, kinoşünas, pedaqoq Ketevan Canelidzedir. Ketevan xanımla gürcü animasiyasının böhran illərindən, hazırkı durumundan, festivallardan danışmışıq. Xatırladaq ki, Ketevan Canelidze oktyabr ayında Bakıda keçirilən I Beynəlxalq Animasiya Filmləri Festivalında münsiflər heyətinin üzvü olub. Söhbətimizə də elə burdan başladıq. 

- Ketevan xanım, festival günləri Bakıya ilk səfəriniz idi? 

- Xeyr, əvvəllər də olmuşam. Bakını sevirəm, çox gözəl şəhəriniz var. Amma turist kimi gələndə mədəniyyətlə o qədər də yaxından tanış ola bilmirsən. Festival günlərində isə son dərəcə maraqlı insanlarla ünsiyyətdə oldum. Belə ünsiyyətlərdən sonra adam hər şeyi başqa cür hiss eləyir, başqa cür baxır - daha dərinə, içə. Odur ki, məni festivala dəvət elədiyinə görə cənab Rəşidə (Rəşid Ağamalıyev – I Beynəlxaql Animasiya Filmləri Festivalının direktoru- A.A) təşəkkür eləmək istəyirəm. Orda iştirak elədiyimə görə çox şadam. 

- Biz də sizi görməyimizə şad olduq. Festival çərçivəsində bizim animasiya filmlərimizi izləmək imkanınız oldu. Fikirlərinizi bilmək maraqlı olardı. Ümumiyyətlə, festivallar animasiyanın inkişafında hansı rol oynayır?

-  Təəssüf ki, festivalda təqdim olunan Azərbaycan animasiya filmləri az idi.  Buna çox heyfisləndim, mən daha çox film və daha maraqlı layihələr görmək istəyirdim. Amma olan layihələrin müəlliflərinə də əhsən deyirəm, çünki Azərbaycanda animasiya sənətinin vəziyyətindən xəbərdaram, bilirəm ki, maliyyə çox azdı. Bizdə də animasiyaya o qədər də çox pul ayrılmır, amma  müxtəlif layihələr həyata keçirilir, kino mərkəzi də, dövlət də, özəl studiyalar da animasiyanın inkişafında maraqlıdı. Gürcüstanda artıq üç animasiya festivalı var. Bir festivalımızın – Animasiyanın İnkişafı Fondu tərəfindən təsis olunmuş "Topuzi”nin artıq on yaşı var, Batumidə keçirilir. İkinci festivalımız Nikozi Beynəlxalq Animasiya Filmləri Festivalı 2011-ci ildə yaradılıb və tamamilə fərqli formatdadı. O, Rusiya ilə Gürcüstan sərhədində yerləşən Nikozi kəndində keçirilir və siyasi cəhətdən də bizim üçün əhəmiyyətlidi. "Nikozi”də müsabiqələr, nominasiyalar,   qaliblər yoxdu. Sadəcə çox maraqlı rejissorlar gəlirlər, gürcü və əcnəbi rejissorların filmlərindən ibarət zəngin proqramlar olur. Üçüncü festivalımız isə yeni fəaliyyətə başlayır, Tbilisidə keçiriləcək. Əlavə bir tədbir də hazırlayırıq, bir növ animatorların forumu olacaq, yalnız bir mükafat veriləcək - ən yaxşı debütə görə. Belə layihələr inkişafa çox kömək eləyir. Biz bu nöqtəyə addım-addım gəlmişik və artıq elə bir səviyyəyə çatmışıq ki, ildə altı-yeddi film çəkilir. "Velosiped” adlı bir studiyamız var. Orda gənclər cizgi serialları, animasiya kliplər, reklamlar çəkirlər. Bunların sayəsində animatorlarımız artıq dövlət maliyyəsindən asılı deyillər, özləri pul tapmağı öyrəniblər.
 


- Söhbət əsnasında dediniz ki, Sovet İttifaqı dağılandan sonra bütün digər respublikalardakı kimi sizdə də böhran  başlayıb. Gürcü animasiyası böhrandan necə çıxdı?

- Bizdə böhran kifayət qədər uzun çəkdi. 80-ci illərin əvvəllərində başlamışdı və 90-ların sonları-2000-lərin əvvəllərinə qədər uzandı, üstəgəl müharibə... Milli Kino Mərkəzi animasiya sahəsini 2003-2005-ci illərdən maliyyələşdirməyə başlayıb. O vaxta qədər studiya dağılmışdı, rejissorlar, redaktorlar, direktorlar,  ümumiyyətlə, heç kim müstəqil işləməyə hazır deyildi, dövlət də artıq maliyyələşdirməni dayandırmışdı. Animatorlar işləmək üçün vəsaiti özləri tapmalı idilər, ümumiyyətlə, hər şeyi özləri eləməliydilər. Studiya nəinki çökmüşdü, hər şeyi aparmışdılar, hər şey harasa yoxa çıxmışdı, itmişdi. Levan Uparadze adlı çox gözəl bir insan var, hələ sovetlər zamanından kinostudiyada işləyirdi. Bax, o, çox şeyi qorumağı bacarmışdı. Saxladıqlarını gah bura daşıyırdı, gah ora. Günlərin bir günü biz dedik ki, yaşamaq, işimizə davam eləmək istəyirik və bunu elədik. Böyük bir sərgi keçirmək qərarına gəldik. Ev-ev gəzirdik, köhnə studiyaları, zirzəmiləri, arxivləri, muzeyləri axtarırdıq. Nəticədə 300 eksponat toplaya bildik. Aralarında eskizlər də vardı, afişalar da, unikal kuklalar da... Onların hamısı topladıq və  gürcü animasiyası sərgisi keçirdik. O sərgi animatorlar üçün əsl xoşbəxtlik idi. Neçə ildən sonra hamı bir yerə toplaşmışdı və yenidən nəsə eləmək, yaratmaq istədilər. Paralel olaraq bir də maarifləndirici proqram reallaşdırdıq. Müxtəlif məktəblərdən uşaqlar gəlirdilər, biz də onlara köhnə filmləri göstərirdik. Əslində o filmlərə baxmaq mümkün deyildi, çünki bizdəki nüsxələri çox acınacaqlı vəziyyətdə idi. Sovet vaxtı bütün filmləri Rusiya Dövlət Film Fonduna göndərirdilər. Yaxşı ki! Çünki orda onları qoruyublar. Əgər o filmlər burda olsaydı, heç bilmirəm, böhran illərində başlarına nə gələrdi. İndi çox gözəl arxivimiz var. Eyni dövrdə həm də kompüterləşmə prosesi start götürdü, insanlar kompüter proqramlarını öyrənirdilər və içlərində yanan  potensial, film çəkmək istəyi hərəkətə başlayırdı. Özləri çəkirdilər, özləri animatorluq, rejissorluq eləyirdilər. Beləcə, böhranı aşdıq. Sonra da Milli Kino Mərkəzi animasiyanı maliyyələşdirməyə başladı, özəl studiyalar yarandı. Bizi xilas eləyən ən əsas şey nə idi? ? Biz hər şeyə rəğmən - baxmayaraq ki, nə işıq vardı, nə yemək, nə qaz, müharibə gedirdi, ağır vəziyyət idi - tədris proqramlarını dayandırmadıq. Bax, bizi hər şeydən əvvəl bu, xilas elədi. O illərdə həyatlarının çiçəklənmə çağında olan, artıq peşəkar kimi tanınmış insanlar gəncləri öyrətməkdən vaz keçmədilər, elə elədilər ki, gənclər animasiyanı sevsinlər. Onlar, sözün əsl mənasında işlərinin fanatıdılar, çünki zəhmətlərinin qarşılığında heç nə almırdılar. Amma öyrədirdilər. Mən də uzun müddət – 20 ildən çox Dövlət Kino və Teatr Universitetində dərs demişəm, kino fakultəsinin dekanıydım. Sizə də bunu tövsiyə eləyə bilərəm. Ən vacib şey – yeni tədris proqramları hazırlamaqdı. Mən bunu Bakıda çoxlarına təklif elədim. Gürcüstanda  animasiya ilə bağlı yüksək səviyyəli tədris proqramı hazırlamışıq. Bir qrup yaratmaq və həmin proqramı Azərbaycan şərtlərinə, tədris sisteminə uyğunlaşdırmaq mümkündü. Tədris, təhsil çox vacibdi, bunsuz mümkün deyil.

- Eşitdiyimə görə, Gürcüstanın yeddi şəhərində animasiya məktəbi var. Bunlar ayrıca fəaliyyət göstərən məktəblərdi, yoxsa orta məktəblərin nəzdində açılmış kurslar?

- Yox, kurslardı. "Topuzi” festivalının direktoru Zurab Diasamidzenin tələbələri olan gənc  animatorlar şəhərləri gəzirlər və uşaqlara animasiyanı öyrədirlər. Zurab onları öyrədib, onlar da indi ölkəyə səpələniblər və uşaqlarla işləyirlər. Bundan əlavə Tbilisidə "Gənclər evi”ndə - keçmiş pionerlər evi- böyük bir studiyamız var, "Gürcüfilm” kinostudiyasının nəzdində çox yaxşı bir tədris studiyası var. İndi də yeriyə bilməyən, əlil arabası ilə hərəkət eləyən uşaqlar üçün studiya açırıq. Bu, onlar üçün çox böyük motivasiyadı. Və ən vacibi, Teatr və Kino Universitetində və İncəsənət Akademiyasında animasiya rejissorluğu tədris olunur.  

- "Gürcüfilm” kinostudiyası rekonstruksiya olunandan sonra hansı formada fəaliyyət göstərir?

- İndi kinostudiyanın üç direktoru var: rejissor Xatuna Xundadze, rejissor Georgi Xarebava və rejissor İrakli Baduraşvili. Dostlarım olduqları üçün tərifləmirəm, amma onlar çox cüzi büdcə ilə möcüzələr yaradırlar. Kinostudiyanın infrastrukturunu qaydaya salıblar, çox gözəl səsyazma studiyamız, kostyum, rekvizit otaqlarımız var. Hazırda köhnə filmlərin bərpası ilə məşğul olmağa başlamışıq. Bir də "Kinoda məktəb” adlı tədris proqramımız var. Məktəblərdən uşaqları gətirirlər, onlar filmlərə baxırlar, rejissorlarla, aktyorlarla, müxtəlif kino xadimləri ilə tanış olurlar. Onlar üçün rekvizit, kostyum otaqlarında ekskursiyalar keçirilir, səsin necə yazıldığını, rəng korreksiyasının necə aparıldığını, filmlərin necə bərpa olunduğunu müşahidə edirlər.  Bu il Franfurktda kitab sərgisi oldu. "Gürcüfilm” kinostudiyası  həmin sərgi üçün yetmişə yaxın kitab hazırladı, onlardan əllisi uşaqlar üçündü, diafilmlər əsasında hazırlanıb. Ən yaxşı gürcü filmlərinin ssenariləri kitab halında dərc olunub, 1929-dan bu günə qədər çəkilən bütün filmlər filmoqrafiyası buraxılıb. Elə çıxmasın ki, mən indi "Gürcüfilm”i reklam edirəm. Sadəcə o bizim ən əsas studiyamızdı və tarix yaradıb. 
 


- Milli Kino Mərkəzində animasiya layihələrinə ümumi qaydalar tətbiq olunur?

- Layihələr ümumi qaydalara əsasən qəbul olunur, amma animasiyaya özəl qaydalar da var. Bilirsiniz, Kino Mərkəzi animasiyanı maliyyələşdirməyə başlayanda ilk vaxtlar bu, sağ qalmaq xarakteri daşıyırdı. Çünki filmlər hansısa konkret auditoriya üçün yox, böhrandan çıxmaq üçün çəkilirdi, insanlar dayanmasınlar, yeni şərtlərə alışsınlar deyə. Sonra öz layihələrini beynəlxalq miqyasda təbliğ etməyi bacaran prodüserlər meydana çıxdılar. Studiyalar başqa mənbələrdən maliyyə tapmağı öyrəndilər, yeni, müasir yanaşma tətbiq elədilər. O zaman nə oldu? Bir gün hamımız toplaşdıq- 2010-cu ildə - və Animatorlar Gildiyasını yaratdıq. Bütün böyük animatorlarımız orda toplandı. Bu, həm də Kino Mərkəzinin istəyi idi. Qərara gəldik ki, sadəcə istehsalatı maliyyələşdirmək kifayət deyil. Bundan sonra Kino Mərkəzi layihələr üzərində iş prosesini ("project development”- A.A) maliyyələşdirməyə başladı və bu, inanılmaz bir bəhrə verdi. Dövlət birbaşa istehsalatı maliyyələşdirəndə heç kim bilmirdi nə alınacaq, kim nə eləyəcək. Amma indi az miqdarda vəsait verilir –10 min lari, təxminən, 4 min dollar. İndi də hamı müsabiqədən keçir, beş layihə təsdiqlənir. Ancaq indi onlar təyin olunmuş vaxtdan sonra storybordları, bütün eskizləri, fonları, hazır personajları və hazır ssenarini təqdim etməlidirlər. Hərdən hətta musiqinin də eskizləri verilir. Sonra tamamilə başqa bir müsabiqə olur. Orda bu layihələr də iştirak eləyə bilər, başqaları da. Bu prosesin sayəsində rejissorlar və prodüserlər artıq maliyyəni təkcə Gürcüstanda axtarmırlar, dövlətin vəsaitindən asılı olmurlar, beynəlxalq pitçinqlərdə iştirak edirlər, müştərək layihələrə qoşulurlar. Bu, artıq tamamilə başqa səviyyə, başqa üslubdu. Bu, artıq azadlıqdı. Nikozi  festivalında xüsusi bir  müsabiqə var. Rejissorlar öz layihələrini təqdim edirlər, qalib gələnlərə Fransadan dəvət olunmuş müəllim ustad dərsləri keçir, daha sonra bir layihə seçilir və həmin layihə Ansi Beynəlxalq Animasiya Festivalında (Fransa) pitçinqdə iştirak etmək haqqı qazanır.

- Deməli, animasiya sahəsini inkişaf etdirmək üçün ilk addım təhsili gücləndirməkdisə, ikinci addım işləmək arzusudu...

- Amma bu da kömək eləməz, əgər... Bilmirəm, bunu istəyirsiniz, yazın, istəyirsiniz, yox, ancaq mən deyəcəyəm. Mənə qəribə gəldi, çox təəssüf elədim, hətta incidim ki, sizin festivalda dövlət, hökumət, mədəniyyət nazirliyi tərəfindən heç kim iştirak eləmədi. Bir dəfə bir məqaləmdə yazmışdım ki, dövlət öz mədəniyyətinə qarşı nə qədər səxavətli olarsa, bir o qədər yaxşıdı, çünki mədəniyyət onun vizit kartıdı. Sizin dövlətiniz bizimkindən varlıdı və daha böyükdü. Bizim maliyyə imkanlarımız tamam başqadı, sizinki tamam başqa. Sizin neftiniz var. Bu, çox gözəldi, axı?!  Beynəlxalq tədbirlərin, rallinin, cazz festivalının keçirilməsi çox əladı, çox yaxşıdı, amma özünə aid bir şeylər yaratmalısan, özününkünü inkişaf etdirməlisən. Çünki onu heç nə ilə almaq mümkün deyil. Sizdə isə bu var, əsas sərvətiniz - mədəniyyətiniz. Bu gün bütün dünyada mənəvi qida  əskikliyi var. Bizim kimi ölkələr isə hələ sona qədər çiçəklənməyib, öz iç dünyamızı hələ hamıya göstərməmişik. Sizdə hər şey var - xalçalar, nəğmələr və s. Sadəcə istifadə eləmək lazımdı. Məsələn, mən İran animasiyasını izləyirəm. Onlar çox irəli gediblər, çünki öz autentik mədəniyyətlərini çox yaxşı təqdim edirlər. Bütün bunlar sizdə də var. Sadəcə inkişaf etdirməli, təqdim eləməlisiz. Heç nəsiz elə bir zəngin proqramı olan festival keçirmək, ilk dəfədən fərqli ölkələrə məxsus bu qədər film göstərə bilmək çox böyük işdi. Ümid eləyirəm, bu, hökumətdə işləyənlərə çatacaq. Əminəm ki, orda bunun əhəmiyyətini başa düşən insanlar var. Düzdü, onlar öz işləriylə məşğul olurlar, bəlkə belə şeylərə vaxtları yoxdu. Amma mədəniyyət bir ölkənin vizit kartıdı. Girdiyin hər yerdə fəxrlə çıxara bildiyin bir kart.

Söhbətləşdi Aygün Aslanlı
azlogos.eu