"Ölülərin nərgiz gülləri" - Nemət Mətin yazır...

 -Dalı durun, ə, dalı durun! Boooy... Day ancaq on nəfərə veriləsi yardım qaldı... Baxın, on dənə onnuxdu... Nə ulaşırsınız? Yoxdu, e, yoxdu! Büdcə boşalıb... Hələ o kor quyulardan da gündə bəd xəbər gəlir... Siz bir milyon, mən tək adam... Hardan alım?! Kimə çatmadı, getsin soğan əksin!.. Nəysə, içinizdən on adam seçin... Şəhid ailəsi olsun, müharibə veteranı olsun... Qaşqın olsun... He-he, maa bax e, hamınız qaşqınsınız dana...

 -Ala bıdeeee, bı da saa müharibə veteranı knışkası!... Bir milyon adam birdən veteran kitabçasını tullayır Asif Aslanın ayağının altına. Veteran kitabçasının altında qalacağından ehtiyat edən Asif təntiyib qışqırır:

 -A kökünüz kəsilsin, veteran yox, belə yetimdar, dul arvad... tapın içinizdən...

 -Ə, qardaş, bax, mən həm şəhid ailəsiyəm, həm veteranam, həm də dul kişiyəm... – Qalstuklu bir adam toz-torpağa bulaşan kostyumunu çırpa-çırpa dillənir.

 -Ə, sən haranın şəhid ailəsisən, ə?! Sənin oğul-uşağın cağbacağ durur ki!.. Mənim qıçım yoxdu, e, qıçım!.. – Bunu da bir qıçı kəsik, qoltuq ağacına söykənən adam deyir. 

-Nolsun qıçın yoxdu, arayışın var qıçının olmamağına görə? – Bunu da Asifin yanında dayanan qoltuğu qovluqlu deyir. 

-Ə, qıçım təzədən bitəcək?! Nə arayış, ə?! Müharibə vaxtı bu qalstoxlu Türkiyədə kurtka alveri eliyirdi, indi maa şəhid ailəsi olub... Bir oğlunun da burnu qanamıyıb... 

-Ə, nolsun, ə?! Əmim oğlu ki şəhid olub?!

 -Yalansa sənin... (Morq çiçəkləri)

 

  Bu ağır günlərdə Azad Qaradərəlinin "Morq çiçəkləri" kitabını oxuyurdum. Nəhayət ki, bitirdim. Kitab Xuan Rulfonun "Pedro Paramo"sundan, Q.Q.Markezin "Patriarxın payızı"ndan daha doğma gəldi mənə. Yaşadığımız, gördüyümüz, eşitdiyimiz, yaşamayıb hiss etdiyimiz hadisələrlə zəngin, əziz romanı nə qədər acı olsa da sevə-sevə oxudum. Axır ki, magik-realizm janrında yazılmış bir roman gördüm (yerli müəlliflərin əsərlərindən söhbət gedir). Az-çox Şərif Ağayarın "Ağ göl"ündə və Kənan Hacının "Fironun dəftəri"ndə hiss etmişdim bunu. Hissə-hissə bəzi məqamlarda C.Məmmədquluzadənin "Ölülər"ini və L.Tolstoyun "İvan İliçin ölümü"nü də xatırladım. 

 Azad Qaradərəli nə qədər müasir yazı üslubundan uzaq qaçsa da marağı qoruyub saxlaya bilir. Deməli təkcə müasir yazmaq şərt deyil. Ustalıq da elə bundadır. Özününkünü dünyəviləşdirmək. Bir nobel nitqindən fikir xatırladım. Müəllif təəccüblə qeyd edir:

  -Heç düşünməzdim ki, doğulduğum balaca kənddən və orada yaşayan insanlardan yazdığım əsər nobel mükafatına layiq görülər.

  Qayıdaq "morq"a. Əsər ağır tonajlı olduğu qədər də həssas məqamlarla boldur. Kənd həyatı, qaçqınlıq, ləhcə ilə danışanlar, 825 qəzeti, öz xalqından olan insanları söyən deputat, yaltaq adamlar və digər şeylər təsvir olunduğu qədər realdır. Qəribəsi odur ki, oxuduqca adamın belində qarışqalar gəzişir. Bilmirsən obrazlar sağdır, ya ölü... 

 Baş obrazın qapı-qapı, mərtəbə-mərtəbə, iz-iz gəzdiyi qaçqınlar binası ilk baxışdan bu yaxınlarda baxdığım "Platforma" filmini xatırlatdı. Amma bir əmması var. Filmə baxanda ürəyim o qədər də ağrımamışdı. Kitabı oxuyandan sonra isə özümə nifrət elədim. Yediyim, içdiyim zəhər oldu. Ölkəmi, insanları belə görmək istəməzdim. Heç vaxt...

  Həqiqət bir gün parıldayacaq. Bunu tez-tez eşidirik. Gecikmiş həqiqət heç kimə lazım deyil. Biclər safları basıb taladıqca, didib yedikcə həqiqətin nə vaxtsa işıq saçacağı dəxlisiz görünür. İş işdən keçəndən sonra həqiqətin mənası qalmır...

  Tez-tez birini qoyub o birini danışıram. Buna görə öncəsən üzr istəyirəm. Koronavirus müharibəsinə görə karantin günləri yaşayırıq. O gün metroda "Morq çiçəkləri"ni oxuyurdum. Başım ağrıyanda kitabı saxlayıb ətrafa göz atıram. Başımı qaldıranda mənimlə üz-üzə oturan qoca kişinin baxışları ilə toqquşdum. Maska tapmadığı üçün solfetkanı ağzına tutub mənə baxırdı. O baxışlarda "öldürün məni" yazılmışdı...

  Tarixini unudmuş xalq düşünün. Keçmişi ilə barışan adamları fikirləşin. Qanadı sınmış göyərçinlərə bənzəmirlərmi? bəhməz qumunda zorlanan qadına oxşamırlarmı? Onlara heç mələklərin sağdığı maralların südü də kömək olmaz. 

 

"Allah həmin allahdı, gün həmin gündü, tarix həmin tarix deyil..." (Morq çiçəkləri) 

 

Əsərdə ən çox təsir edən məqamlardan biri valideynlərin oğlan olmadığına görə qız uşaqlarını abort vasitəsilə öldürməsi məqamıdır. Müəllif körpə qızın təsvirini elə dəqiq verib ki, dəli olmamaq mümkün deyil. Adamın tükləri biz-biz olur. Həqiqətən ətrafımızda o düşüncədə olan insan çoxdur. Qadın cinsindən olan övlad istəmirlər. Daha anlamırlar ki, onları da qadın doğub. Heç olmaya arılara baxıb ibrət götürsünlər. Başçı ana arı olur. Pətəyin prezidenti, səcdəgah, ümid yeri ana arı olmasa bal ordusu məhv olar...

 

 " Sonunuzdur. Bütün insanlar doğulduğu gündən əcəlinə doğru gedir. Amma siz əcəlinizə doğru çapırsınız. Özünüzlə, qövmünüzlə vuruşursunuz. Sizi qanlı bir müharibə gözləyir. Yüz ilin müharibələri onun yanında toya getməli olacaq! Bunun adı QIZ MÜHARİBƏSİDİR! Dünyanızı o müharibə bitirəcək.

Bax, bura yığışan o öküzsifət kişilərin məkri sayəsində təxminən yüz ilə Yer üzündə qız-qadın qalmayacaq. Ya da qalsa nə fayda. Min kişiyə bir qız, qadın düşəcək. Vaxtilə arvadlarına qızları bətnlərində məhv etməyi tələb edən bu eşşəkbaşlı kişilər indi qız-qadın üstündə dünyanı qana bələyəcək. Böyük, amansız müharibə gözlənilir – qızlar, qadınlar uğrunda QIZ MÜHARİBƏSİ! Atom onun yanında muştuluq olacaq. Sonunuzdur... - Gedin müharibəyə hazırlaşın... Qız müharibəsinə... Qəzanız heç mübarək olmasın!..” (Morq çiçəkləri)

 

 Sonda həmişə gül səpilir. Gül yağışı da deyirlər ona. Tamaşanın axırında aktyorun üstünə atılan çiçəklər kimi. Qəbirin üstünə də gül qoyulur. Nənəm o vaxt deyirdi ki, qəbir üstündən, qəbristanlıqdan evə heç nə gətirmə. Orada bitən ağaclar belə matəmə bürünüb sanki... Morq çiçəkləri də nərgiz gülünə çox oxşayır. Amma morq çiçəklərindən meyid iyi gəlir.