Maksim Qorki. Malva (hekayə)
- 09.08.2020
- 0 Şərh
- 10448 Baxış
Dəniz
gülürdü.
Xəfif-xəfif
əsən isti külək altında dəniz diksinir və günəşin gözqamaşdırıcı parlaq şüalarını
əks edən zərif dalğalarla örtülərək, gümüş kimi parıldayan minlərlə təbəssümlə
mavi səmaya gülümsəyirdi. Bir-birinin üstünə qalxa-qalxa qumlu dilin mail
sahilinə çırpınan dalğaların şən şarıltısı dənizlə göy arasındakı mavi fəzaya
yayılırdı. Bu səs və dənizin xəfif dalğalarında min qat əks edən günəşin
parıltısı canlı sevinclə dolu fasiləsiz hərəkətdə ahəngdar surətdə birləşirdi.
Günəş nur saçdığı üçün məsud, dəniz də onun şən nurunu əks etdirdiyi üçün bəxtiyar
idi.
Külək
dənizin atlas kimi parlaq köksünü nəvazişlə oxşayır, günəş onu isti şüaları ilə
isindirir, dəniz də bu incə nəvaziş altında mürgüləyə-mürgüləyə dərin nəfəs çəkərək
isti havanı şor buxar ətri ilə doldururdu. Bir-birini təqib edən yaşılımtıl
dalğalar sarı qum üzərinə tökülərək sahili ağ köpüklə örtür, köpük isti qum üzərində
yavaş-yavaş yayılır, əriyir, sahili isladırdı.
Dar,
uzun dil sahildən uçub dənizə düşən yekə bir qülləyə bənzəyirdi. Sivri ucu ilə
dənizin günəşlə oynaqlaşan ucsuz-bucaqsız sularına sancılmış dilin başlanğıcı
uzaqlarda, qaranlığa qərq olan isti yerlərdə gözdən itir, görünmürdü. Ordan əsən
küləklə birlikdə ağır, anlaşılmaz və burda, dənizin təmiz suları arasında,
aydın mavi səma altında həqarətli sayıla bilən bir qoxu yayılırdı.
Dilin
balıq pulları ilə örtülmüş qumlarına ağac payalar sancılmışdı, onların üstünə sərilmiş
balıq torları, hörümçək toruna oxşayan kölgə salırdı. Bir neçə böyük və kiçik
qayıq cırgı ilə qum üzərində durmuşdu; sahilə çırpınan dalğalar elə bil onları
öz yanına çağırırdı. Qarmaqlar, avarlar, səbətlər və çəlləklər əliqəsiz şəkildə
ora-bura atılmışdı, onların arasında söyüd çubuqlarından, ağac qabığından və həsirdən
hörülüb tikilmiş bir koma yüksəlirdi. Komanın qapısı qabağındakı düyünlü ağacın
üstündə üzü aşağı keçə çəkmələr sallanmışdı. Ucunda qırmızı əski olan uzun bir
dirək bütün qarmaqarışıqlıq üzərində yüksəlir, külək əskini yellədib
oyan-buyana çırpırdı.
Qrebenşikovun
balıq vətəgələrini qoruyan ön qaravul mövqeyinin keşikçisi Vasili Leqostyev
qayıqlardan birinin kölgəsində uzanmışdı. O sinəsi üstə uzanmış, başını əlləri
arasına almış və gözlərini dənizin uzaqlarda nazik zolaq kimi görünən sahilinə
zilləmişdi. Orda, suların üzərində ara-sıra kiçik bir qaranöqtə görünürdü,
Vasili bu nöqtənin get-gedə böyüyüb ona yaxınlaşdığını gördükcə sevinirdi.
Dalğalar
üzərində şölələnən parlaq günəş şüalarından qamaşmış gözlərini qıyan keşikçi məmnun
halda gülümsəyirdi. Bu gələn Malvadır. O indi gələcək, qəhqəhə ilə güləcək,
döşləri tamahsılandırıb ehtiras oyadaraq tərpənəcək, yumşaq əlləriylə onu
qucaqlayıb marçıltıyla elə öpəcək ki, qağayıları ürküdəcək, orda – sahildə olan
təzə xəbərləri bildirəcək. Onlar bir yerdə yaxşı balıq şorbası bişirəcək, araq
içəcək, qum üzərinə uzanıb söhbət edəcək və nazlana-nazlana sevişəcək, sonra,
qaş qaralanda bir çaydan çay qaynadıb içəcək, dadlı qoğal yeyəcək və uzanıb
yatacaqlar... Hər həftənin bazar günü və
bayram günləri belə keçirdi. O səhər tezdən ayağa qalxıb Malvanı sərin
alaqaranlıqda hələ yuxulu dənizin kənarəna aparacaq. Qadın mürgüləyə-mürgüləyə
qayığın dal tərəfində oturacaq, o isə Malvaya baxa-baxa avar çəkəcək. Bu zaman
Malva gülməli, tox pişik kimi gülməli və sevimli olur. Bəlkə o skamyadan
qayığın içinə sürüşüb düşəcək və orda yumaq kimi bükülüb yatacaq. O çox vaxt
belə edir...
Bu
gün isti hətta qağayıları da taqətdən salmışdı. Quşlar cərgə-cərgə qumluğa
qonur, dimdiklərini açıb qanadlarını sallayır və ya dalğaların üzərində
çığır-bağır salmadan tənbəl-tənbəl yırğalanırdılar, həmişəki kimi oynaq və vəhşicəsinə
qızğın deyildilər.
Vasiliyə
elə gəldi ki, Malva qayıqda tək deyil. Olmaya Seryojka yenə ondan əl çəkmir?
Vasili qumun üstündə ağır-ağır döndü, oturdu və əlini gözlərinin üstünə qoyub
ürəyi çırpına-çırpına diqqətlə baxmağa başladı ki, o biri adamın kim olduğunu
görsün. Malva dal tərəfdə oturub qayığı idarə edirdi. Avarçı Seryojka deyildi,
kimdisə yaxşı avar çəkə bilmirdi. Seryojka olsaydı Malva qayığı idarə etməzdi.
-
Ey! – deyə Vasili səbirsizliklə qışqırdı.
Qumluqdakı
qağayılar diksinib dikəldilər.
-
Ey-hey... – deyə qayıqdan hay verən Malvanın cingiltili səsi eşidildi.
-
Yanındakı kimdir?
Suala cavab olaraq gülüş səsi gəldi.
-
Şeytan! – Vasili yavaşca söyüb tüpürdü.
O gələn
adamın kim olduğunu öyrənməyə tələsirdi. Papiros eşə-eşə, diqqətlə avarçının
peysərinə və kürəyinə baxırdı. Avarın zərbəsi altında ətrafa sıçrayan suyun
şarıltısı havada eşidilir, qum keşikçinin yalın ayaqları altında xışıldayırdı.
O
Malvanın gözəl üzündə həmişə gördüyü təbəssümü sezən kimi:
-
Yanındakı kimdir? – deyə bir daha soruşdu.
-
Bir az gözlə, görərsən. – Malva cavab verdi.
Avarçı
üzünü sahilə tərəf çevirdi və o da gülə-gülə Vasiliyə baxdı.
Keşikçi
qaşlarını çatıb yadına salmağa çalışdı – görəsən ona tanış gələn bu oğlan
kimdir?
-
Avarı bərk tut! – Malva əmr etdi.
Sürətlə
irəliləyən qayıq, demək olar ki, dalğa ilə birlikdə yarıyadək qumun içinə girdi
və yanı üstə əyilib dayandı, dalğa isə geri, dənizə çəkildi. Avarçı sahilə
tullandı və:
-
Salam, ata! – dedi.
Vasili
sevinməkdən çox heyrətlənərək boğuq səslə qışqırdı:
-
Yakov!
Onlar
qucaqlaşıb üç dəfə bir-birinin dodağından və yanağından öpdülər. vasilinin
üznüdə heyrət, sevinc və həyəcan əlamətləri bir-birinə qarışdı.
-
Baxıram, baxıram... gözümə tanış gəlirsən... ürəyim də sakit durmur... Ay sənə
nə deyim! Səndən nə əcəb? Gör də! Baxıram, deyirəm görəsən bu Seryojkadır? Yox,
görürəm Seryojka deyil. Demə bu sənsənmiş!
Vasili
bir əliylə saqqalını tumarlayır, o biri əlini havada yellədirdi. O Malvaya
baxmaq istəyirdi, amma oğlunun gülümsəyən gözləri üzünə zillənmişdi, bu gözlərin
parıltısı önündə özünü narahat hiss edirdi. Belə qıvraq, gözəl oğlu olduğu üçün
razılıq hissi və aşnasının burda olmasından doğan sıxıntı hissi daxilində
bir-biriylə çarpışırdı. O Yakovun qabağında dayanıb bir ayağını götürür, o
birini qoyur və cavab gözləmədən, bir-birinin dalınca sual verirdi. Başında
bütün fikirlər qarışıb dolaşmışdı. Malva istehzalı bir əda ilə:
- Sən
də... Şadlığına şitlik eləmə! Apar bunu komaya, nəyin varsa, qoy qabağına
yesin... – deyəndə o xüsusilə pis hala düşdü.
Vasili
Malvaya tərəf döndü. Malvanın dodaqlarında bu vaxtadək görmədiyi istehzalı bir
təbəssüm gördü, qadın həmişə olduğu kimi dolğun, incə və sağlam idi, lakin eyni
zamanda başqa, yad bir adam kimi görünürdü. O yaşılımtıl gözləri ilə gah ataya,
gah oğula baxır və ağ, xırda dişləri ilə qarpız tumu çırtlayırdı. Yakov da təbəssümlə
onlara baxırdı. Vasili üçün heç də xoş olmayan bir neçə saniyə ərzində üçü də
susdu.
-
İndi gəlirəm! – deyə Vasili birdən tələsə-tələsə komaya tərəf yönəldi. – Siz
günün altından çəkilin, mən də gedim su gətirim... Balıq şorbası bişirəcəyik!
Yakov, səni elə balıq şorbasına qonaq eədəcəyəm ki! Siz belə... rahatlanın, mən
bu dəqiqə gəlirəm.
O,
komanın yanında yerə atılmış qazanı götürüb yeyin-yeyin balıq torları olan tərəfə
getdi və boz torların yığınları arasında gözdən itdi.
Malva
ilə Vasilinin oğlu komaya tərəf getdilər.
Malva
Yakovun iri cüssəsini çəpəki gözdən keçirərək:
- Hə,
yaxşı oğlan, axır ki səni atanın yanına gətirib çıxartdım. – dedi.
O,
qıvrım tünd qumral saqqal basmış üzünü qadına doğru çevirdi və gözləri
işıldaya-işıldaya dedi:
- Hə,
gəlib çıxdıq... Yaxşı yerdir. Gör dəniz necə gözəldir!
- Dənizin
ucu-bucağı yoxdur... Atanı necə görürsən? Çox qocalıb?
- O
qədər də yox. Mən elə bilirdim o lap çallaşıb, amma çal tükləri çox azdır...
Özü də qıvraqdır...
-
Deyirsən, haçandır görüşməmisiniz?
-
Beş il olar... O kənddən gedəndən bu yana. O vaxt on yeddi yaşım təzə olmuşdu.
Onlar
havası ağır və həsirlərindən şor balıq qoxusu yayılan komaya girdilər, Yakov
bir yoğun tir parçası üstündə, Malva isə çapçaq yığını üstündə oturdu. Onların
arasında köndələninə kəsilmiş çəllək vardı, ağzı aşağı çevrilmiş bu çəllək
stolu əvəz edirdi. Onlar oturub dinməz-söyləməz bir-birinə baxdılar.
-
Deməli, burda işləmək istəyirsən? - deyə
Malva soruşdu.
- Hə...
Ancaq bilmirəm. Bir iş olsa işləyərdim.
-
Bizdə iş tapılar! – deyə Malva yaşıl, sirli bir şəkildə qıyılmış gözlərini ona
zilləyib inamla vəd etdi.
O tərli
üzünü köynəyinin qoluyla silirdi, qadına baxmırdı.
Qadın
birdən gülməyə başladı.
-
Anan yəqin ki, səninlə atana tapşırıqlar vəsalam göndərib, hə?
Yakov
qadına baxdı, qaş-qabağını sallayıb qısaca dedi:
- Məlum
məsələdir... Nə olub ki?
-
Heç...
Onun
gülüşü Yakova xoş gəlmədi, sanki qadın bu gülüşlə ona sataşırdı. Oğlan üzünü bu
yana döndərdi və anasının tapşırıqlarını xatırladı.
Anası
onu kənd yoluna ptürüb çəpərə söykənmiş və quru gözlərini tez-tez qırparaq
yeyin-yeyon demişdi:
-
Yaşa, sən ona de ki... Allah xatirinə, de ki, ay ata!.. Anam orda yalqız qalıb,
lap tək qalıb... beş il keçib, o hələ də lap yalqızdır. Qocalır axı!..
Yakovuşka, sən allah ona de. Çox çəkməz anam lap qocalar... həmişə dəyalqız,
yapyalqız!.. Hey işləyir. Allah xatirinə, sən ona de...
Sonra
səssizcə ağlamağa başlayıb üzünü döşlüyü ilə örtmüşdü.
O
zaman Yakovun anasına yazığı gəlməmişdi, indi isə gəlirdi... O Malvaya baxıb
qaşlarını acıqla çatdı.
Bir əlində
balıq, o biri əlində bıçaq tutub komaya girən Vasili:
-
Budur ha, mən də gəldim! – deyə səsləndi.
O,
artıq pərtliyini öz içində gizlədə bilmişdi, indi onlara sakit nəzərlə baxır,
ancaq hərəkətlərində ona məxsus olmayan təlaş, vurnuxma görünürdü.
- Bu
saat ocağı yandırıb yanınıza gələrəm. Söhbət edərik. Ah, Yakov, hə?
Yenə
komadan çıxıb getdi.
Malva
elə hey tum çırtlayır, heç utanmadan Yakovu gözdən keçirdir, Yakovsa ona baxmaq
istəsə də, baxmamağa çalışırdı.
Sonra
o susub dayanmaqdan sıxıntı çəkdiyi üçün dedi:
-
Dağarcıq axı qayıqda qalıb. Gedim götürüm.
Yavaş-yavaş
yerindən qalxıb bayıra çıxdı, onun əvəzinə Vasili komaya girdi və Malvaya tərəf
əyilib tələsik və hirslə danışmağa başladı:
-
Yaxşı, sən niyə bununla gəlmisən? Mən sənin barəndə ona nə deyim? Mənim nəyimsən,
kimimsən?
Malva
qısa cavab verdi:
- Gəlmişəm,
qurtarıb gedib!
-
Eh... Fərasətsiz arvad! İndi nə edəcəyəm? Sən də birdən-birə... onun gözünə
soxuldun... Evimdə arvadım var, onun anasıdır!.. Sən bunu başa düşməli idin!
Malva
yaşıl gözlərini etinasızlıqla qıydı:
-
Başa düşmək mənə çox lazımmış! Mən ondan qorxuram nədir? Ya bəlkə səndən
qorxuram? Bayaq sən onun qabağında necə fırlanırdın? Baxırdım, məni gülmək
tuturdu.
- Sənin
üçün gülməlidir! Bəs mənim halım necə olacaq?
- Sən
bu haqda əvvəlcədən düşünməliydin!
-
Hardan biləydim ki, günlərin bir günü o qəflətən dənizdən zahir olacaq?
Qum
Yakovun ayaqlarının altında xışıldadı, onlar söhbəti kəsdilər. Yakov gətirdiyi
yüngül dağarcığı bir küncə tulladı və acıqlı gözləriylə qadına çəpəki baxdı.
Qadın
həvəslə tum çırtlayırdı, Vasili isə tir parçasının üstündə oturdu, dizlərini
ovxalayıb təbəssümlə sözə başladı:
-
Deməli gəlib çıxdın... Necə oldu ki, bu sənin ağlına gəldi?
- Elə
birdən... Biz sənə yazmışdıq axı...
- Nə
vaxt? Mən məktub-zad almamışam.
-
Yox-a! Amma biz yazmışdıq.
-
Görünür məktub arada itib. – Vasili pərt halda dedi. – Görürsənmi, andır... hə?
Lazım olanda itir.
Yakov
atasına inanmadığını bildirən nəzərlərlə baxıb:
-
Deməli, sən bizim iş-gücümüzdən bixəbərsən? – deyə soruşdu.
-
Hardan axı? Mən məktub almamışam.
Onda
Yakov dedi ki, atımız gəbərib, taxıl hələ fevralın əvvəlində bütünlüklə yeyilib
qurtarıb, bir iş, gəlir yeri də yoxdur. Ot da çatışmadı, inək az qala aclıqdan
öləcəkdi. Aprel ayınacan birtəhər keçindilər, sonrasa belə bir qərara gəldilər:
şum işlərindən sonra Yakov bir az pul qazanmaq üçün üç aylığa atasının yanına
getsin. Bu barədə Vasiliyə məktub yazdılar, sonra üç qoyun satıb puluna bir az
taxıl və ot aldılar, axırda Yakov yola düzəlib bura gəldi.
-
Gör nələr olub! – Vasili dedi. – Deməli be-lə... Bəs... siz necə... mən sizin
üçün pul göndərmişdim axı.
- Nə
pul idi ki? Komanı təmir etdik... Mariyanı ərə verdik... Mən kotan aldım... Axı
aradan beş il keçib!
- Hə-ə!
Deməli çatmadı. Belə işlər... Şorba daşıb-eləyər! – O ayağa durub tez komadan
çıxdı.
Vasili
balaca tonqalın qabağında çöməlib oturdu, tonqalın üstündə asılan qazan
qaynayır, şorbanın köpüyü daşır, odun üstünə tökülürdü. Vasili fikrə getdi.
oğlunun dedikləri ona çox da təsir etməmiş, lakin qəlbində Yakova və arvadına
qarşı pis bir duyğu oyatmışdı. O beş il ərzində onlar üçün nə qədər pul göndərib,
onlarsa bir təsərrüfatın öhdəsindən gələ bilməyiblər! Malva olmasaydı Yakova
bir neçə söz deyərdi. Özbaşına, atasının icazəsi olmadan kənddən durub gəlib –
bunu ağlı kəsib, - amma təsərrüfatın öhdəsindən gələ bilməyib! Bu günəcən xoş və
asudə həyat keçirdən Vasilinin çox gec-gec xatırladığı təsərrüfat indi birdən-birə
dibsiz quyu kimi, həyatında lüzumsuz, gərək olmayan bir şey kimi özünü onun
yadına salırdı, bu quyuya o nə qədər pul tökmüşdü! Şorbanı qaşıqla
bulaya-bulaya ah çəkdi.
Günəşin
şəfəqi altında balaca tonqalın odu miskin, solğun görünürdü. Tonqaldan qalxan
mavi, şəffaf tüstü dənizə doğru, dalğaların sıçrantılarına tərəf uzanıb
gedirdi. Vasili tüstünün cərəyanına göz yetirir və daha güzəranının yaxşı keçməyəcəyi,
əvvəlki kimi sərbəst ola bilməyəcəyi haqda düşünürdü. Yəqin ki, Yakov bu
Malvanın kim olduğunu artıq başa düşüb.
Malva
isə komada oturub qızmış, çağıran və arası kəsilmədən gülümsəyən gözləri ilə
oğlanı karıxdırırdı.
- Yəqin
ki, kənddə adaxlını buraxıb bura gəlmisən? – deyə o Yakovun üzünə baxıb
soruşdu.
- Bəlkə
də buraxıb gəlmişəm. – Yakov könülsüz cavab verdi.
Qadın
saymazyana soruşdu:
-
Gözəldir?
Yakov
dinmədi.
-
Niyə dinmirsən? Məndən yaxşıdır, ya yox?
Oğlan
baxmaq istəmədiyi halda onun üzünə baxdı. Qadının dolğun yanaqları qarabuğdayı
rəngə çalır, bir az aralı-abdar dodaqları məğrur təbəssümlə titrəyirdi. Çəhrayı
çitdən tikilmiş yaraşıqlı koftasının altından yupyumru çiyinlərinin və qabarıq
döşlərinin çevrələri görünürdü. Lakin Malvanın işvəli bir əda ilə qıyılmış
yaşıl, gülən gözləri onun xoşuna gəlmirdi.
O bu
qadınla ciddi danışmaq istəyirdi, amma köksünü ötürüb yalvarıcı səslə dedi:
- Sən
niyə belə danışırsan?
- Bəs
necə danışmaq lazımdır? – deyə qadın gülməyə başladı.
- Hələ
gülürsən də... Nəyə gülürsən?
- Sənə
gülürəm...
O
incik halda:
- Mən
səninçün nəyəm? – deyə soruşdu və qadının baxışı altında yenə gözlərini yerə
dikdi.
Malva
cavab vermədi.
Yakov
başa düşürdü ki, bu qadın atasının aşnasıdır, buna görə də Malva ilə sərbəst
danışa bilmirdi. Başa düşür, amma heyrətlənmirdi, eşitmişdi ki, kənar peşələrdə
çalışan adamlar çox işlərdən çıxır, çox şuluq edirlər, həm də anlayırdı ki,
atası kimi sağlam kişi üçün bu qədər vaxtı qadınsız keçinmək çətin olardı.
Lakin buna baxmayaraq, o həm qadının, həm də atasının qabağında sıxıntı çəkirdi.
Sonra öz anasını, orda, kənddə qalmış üzgün, deyingən, yorulmadan işləyən
qadını xatırlayırdı...
Vasili
komaya girib dedi:
-
Şorba hazırdır! Malva, qaşıqları gətir görək!
Yakov
atasına baxıb düşündü:
"Qadın
qaşıqların harda olduğunu bilirsə, deməli onun yanına tez-tez gəlir!”
Malva
qaşıqları götürüb dedi ki, onları yumaq, həm də qayıqdakı arağı gətirmək
lazımdır.
Atayla
oğul onun salınca baxdılar və təkbətək qalıb susdular.
- Sən
ona necə rast gəldin? – Vasili soruşdu.
-
Kontorda səni soruşurdum, o da orda idi... Dedi ki: "Qumluqda piyada getməkdənsə,
gəl min qayığa, bir yerdə gedək, mən də ora gedirəm.” Qayığa minib gəldik.
- Hə-ə...
Hərdən fikirləşirdim ki, Yakov indi görəsən necədir?
Oğul
atasının üzünə baxıb mehribanlıqla gülümsədi, bu təbəssüm Vasiliyə cəsarət
verdi.
- Hə...
arvad deyəsən bəd deyil, hə?
Yakov
gözlərinin qırpıb:
-
Pis deyil. – deyə qeyri-müəyyən bir cavab verdi.
Vasili
əl-qolunu ata-ata dedi:
- A
bala, nə edəsən, necə dolanasan? Mən əvvəlcə dözürdüm, sonra gördüm ki, olmur!
Alışmışam... Evli adamam. Heç olmasa paltarımı yamayır, başqa işləri görür...
Ümumiyyətlə... eh, nə edəsən! Ölümdən qaçmaq mümkün olmadığı kimi, arvaddan da
qaçmaq olmur! – Vasili izahatını səmimiyyətlə qurtardı.
Yakov
dedi:
- Mənə
nə var? Bu sənin öz işindir. Səni mühakimə edə bilmərəm.
Amma
özü düşündü:
"Belə
bir arvad sənin üçün tuman yamayacaq...”
Vasili
davam etdi:
-
Bundan başqa, mənim cəmi qırx beş yaşım var... onun üçün az bir şey xərcləyirəm...
arvadım deyil ki.
-
Əlbəttə. – Yakov razılaşsa da düşündü ki: "Bəlkə də cibini tərtəmiz təmizləyir.”
Malva
gəldi, bir şüşə araq və bir bağlama krendel gətirdi. Oturub balıq şorbasını yeməyə
başladılar. Dinmədən deyir, sümükləri bərkdən sorur və tüpürüb qapının
ağzındakı qumun üstünə atırdılar. Yakov çox və acgözlüklə yeyirdi, bu da deyəsən
Malvanın xoşuna gəlirdi. O Yakovun gündən qaralmış yanaqlarının köpdüyünə, yekə
yaş dodaqlarının tez-tez tərpənməsinə baxaraq mehriban-mehriban gülümsəyirdi.
Vasili yaxşı yemir, amma özünü qızğın yeyirmiş kimi göstərməyə çalışırdı, beləliklə,
Yakovla Malvaya hiss elətdirmədən onlara qarşı olan münasibətini hərtərəfli
düşünmək istəyirdi.
Musiqi
kimi qulaqları oxşayan dalğaların xoş təranəsini, qağayıların vəhşicəsinə səsləri
eşidilməz edirdi. İsti getdikcə azalır, bəzən komaya dəniz qoxusu ilə dolu sərin
yel əsirdi.
Dadlı
balıq şorbası ilə araqdan sonra Yakovun gözləri xumarlandı. O sarsaq-sarsaq
gülümsəyir, hıçqırır, əsnəyir və Malvaya elə baxırdı ki, Vasili özünü saxlaya
bilməyib dedi:
-
Yaşutka, sən burda yat, çay hazır olanacan rahatlan. Sonra biz səni oyadarıq.
-
Olar. – Yakov razılaşıb qapçaqların üstünə uzandı. – Bəs siz hara gedirsiniz?
Ha-ha!
Bu
gülüşdən pərt olan Vasili tələsik bayıra çıxdı, Malva isə dodaqlarını büzüb
qaşlarını çatdı və:
- Sənin
nəyinə lazım biz hara gedirik? Sən nəsən? Sən hələ bəbəsən, oğlan!.. – deyə
cavab verdi.
Yakov
onun dalınca baxıb:
- Mən?
– dedi. – Elə olsun. Dayan hələ-ə... Mən kim olduğumu sənə göstərərəm. Gör nə arvaddır!
O
bir az da donquldandı, sərxoşluq və toxluqdan qızarmış üzündə təbəssüm
yuxuladı.
Vasili
quma üç qarmaq sancdı, onların üst uclarını çatıb üstünə həsir saldı və beləliklə
kölgəlik düzəldib orda uzandı, əllərini başının altına qoyub göyə baxmağa başladı.
Malva onunla yan-yana qumun üstündə oturanda, o üzünü arvada tərəf çevirdi.
Arvad onun üzündən incidiyini və narazı olduğunu gördü.
Malva
gülə-gülə soruşdu:
- Nə
var? Deyəsən oğlunun gəlməsinə çox da şad deyilsən.
Vasili
qaş-qabağını salladı:
-
Gördün ki... mənə gülür... sənin üstündə...
- Nə?
Mənə görə? – Qadın işvəli bir əda ilə heyrətləndi.
- Bəs
necə?
-
Ah, yazıq. İndi nə edək? Bəlkə bundan sonra yanına gəlməyim? Yaxşı, gəlmərəm.
-
İfritəyə bax-a! – Vasili onu danlamağa başladı. – Eh, adamlar! O da mənə gülür,
sən də... Amma siz mənim ən yaxın adamlarımsınız. Nəyə görə gülürsünüz? Şeytan
balaları!
Vasili
üzünü yana çevirib susdu.
Malva
dizlərini qucaqlayıb parıldayan şən, oynaq dənizi yaşıl gözləri ilə seyr edərək yavaş-yavaş yırğalanır və öz gözəlliyinin
qüdrətini anlayan qadında tükənməz olan müzəffər təbəssümlərdən biriylə gülümsəyirdi.
Bir
yelkən gəmisi, boz qanadlı yöndəmsiz quş kimi su üzündə süzə-süzə üzürdü.
Sahildən çox uzaqlarda görünən bu gəmi daha uzaqlara, dənizlə göyün birləşdiyi
mavi sonsuzluğa doğru gedirdi.
-
Niyə susmusan? – Vasili soruşdu.
-
Fikirləşirəm. – Malva dedi.
- Nə
barədə?
- Elə-belə.
– deyə o qaşlarını çəkdi və bir az susandan sonra əlavə etdi. – Sənin oğlun
qoçaq oğlandır.
- Sənə
nə? – Vasili qısqanclıqla dedi.
-
Niyə ki, bunun mənə də dəxli var.
-
Çaşma ha! – Vasili qadına şübhə ilə dolu sərt nəzər saldı. – Sarsaqlama! Mən
dinc adamam, amma məni hirsləndirmə! Bildin?
O
dişlərini qıcayıb yumruğunu düyünlədi və sözünə davam elədi:
- Sən
bu gün gələn kimi, nədənsə birdən-birə oyun çıxartmağa başladın. Mən hələ bunun
səbəbini başa düşmürəm... Amma başa düşərəm, işin xarab olar! Sənin təbəssümün
də başqa cürdür, başqa ədaların da... Mən də siz arvadlarla rəftar etməyi
bacarıram.
Qadın
ona baxmadan laqeydliklə dedi:
- Sən,
Vasya, məni qorxutma.
-
Onda oyun çıxartma.
- Sən
də qorxutma...
Vasili
qəzəbləndi:
-
Şuluq eləsən lap döyərəm də...
Qadın
ona tərəf dönüb həyəcanlı üzünə maraqla baxdı.
-
Döyərsən?
- Sən
qraf arvadı-zadsan? Lap əzişdirərəm də...
- Mən
sənin arvadınam-nəyəm? – deyə Malva öyüdverici tərzdə sakitcə soruşdu və cavab
gözləmədən sözünə davam etdi. – Arvadını boş-boş şeylər üstündə döyməyə adət eləmisən,
elə bilirsən məni də döyə bilərsən? Xeyr-a! Mən də özüm üçün xanımam, heç kimdən
də qorxmuram. Amma sən, odur ey, öz oğlundan da qorxursan. Bayaq onun qabağında
necə quyruq bulayırdın? Lap biabırçılıq idi. Hələ məni hədələyirsən də!
Malva
nifrətlə başını buladı və susdu. Onun laqeyd, saymazyana dediyi sözlər
Vasilinin hirsini soyutdu. O Heç vaxt Malvanın belə gözəl olduğuna fikir verməmişdi.
O həm
hirslə, həm də fərəhlə qadına baxıb dedi:
-
Özündən çıxdı, qarıldamağa başladı.
-
Onu da sənə deyim ki, sən öyünə-öyünə Seryojkaya demisən ki, adam çörəksiz
yaşaya bilmədiyi kimi, mən də sənsiz yaşaya bilmirəm. Sən belə sözləri nahaq
deyirsən! Bəlkə mən səni heç sevmirəm və bura sənə görə gəlmirəm? – O əlini ətrafda
gəzdirdi. – Bəlkə bu yerlər boş olduğu, dənizlə göydən başqa heç nə görünmədiyi,
burda alçaq adamlar olmadığı üçün xoşuma gəlir? Sən burda varsan ya yoxsan – mənimçün
heç bir fərqi yoxdur. Bu yerpulu kimi bir şeydir... Seryojka olsaydı, onun
yanına gələrdim, sənin oğlun olsa, onun da yanına gələrəm... Sizin heç biriniz
olmasaydı daha yaxşı olardı... Sizdən zəhləm gedir! Bu gözəllik ki məndə var, həmişə
istədiyim kişini seçə bilərəm...
-
Gör nə deyir! – Vasili vəhşicəsinə fışıldadı və birdən onun boğazından yapışdı.
– Sənin başında belə fikirlər varmış?!
O
qadını silkələyirdi, ancaq qadın – üzü pul kimi qızarmış və gözləri qanla
dolmuşdusa da, özünü müdafiə etmirdi. O ancaq əllərini boğazından yapışıb onu
boğan əlin üstünə qoymuşdu və inadla Vasilinin üzünə baxırdı.
Vasili
getdikcə daha da qeyzlənirdi:
- Sənin
başında belə fikirlər varmış?! – deyə xırıldayırdı. – Bəs niyə dinmirdin, niyə
dinmirdin, niyə demirdin, satqın arvad! Bəs niyə məni qucaqlayırdın,
oxşayırdın?.. Sənin atanı yandıracağam!
O
qadının başını aşağı əydi və boynuna ləzzətlə iki yumruq vurdu. Ağır yumruğu
qadının boynuna dəydikcə xoşhallanırdı.
- Al
payını... İndi necəsən, ilan? – Vasili sevinə-sevinə soruşdu və onu qırağa
atdı.
Qadın
uf da demədi, sakitcə dalı üstə yıxıldı. O saçı pırtlaşmış və üzü qızarmış
halda da gözəl idi. Yaşıl gözləri kirpiklərinin altından kişiyə soyuq nifrətlə
baxırdı. Lakin Vasili həyəcandan ləhləyir və acığını tökdüyündən xoşlanırdı,
qadının baxışını görmürdü. Sonra qalib nəzərlərlə ona baxanda gördü ki, qadın
gülümsündü, ətli dodaqları tərpəndi, gözləri işıldadı, yanaqlarında qəşəng
batıqlar əmələ gəldi. Vasili heyrətlə ona baxdı.
O
qadının qolunu kobudluqla dartdı.
- Nə
olub sənə, gülürsən! Şeytan. – deyə qışqırdı.
-
Vaska! Məni döyən sən idin? – Qadın lap asta səslə soruşdu.
- Bəs
kim idi? – Vasili heç nə anlamadan və nə edəcəyini bilmədən qadına baxdı. Onu
bir də vursun? Lakin Vasilinin hirsi artıq soyumuşdu, arvadı vurmağa əli
qalxmırdı.
-
Demək, məni sevirsən? – Malva soruşdu. Qadının pıçıltısı onu coşdurdu.
Vasili
qaş-qabağını salladıb dedi:
-
Eybi yoxdur, sənə belə lazımdır!
-
Axı mən fikirləşirdim ki, sən daha məni sevmirsən. Öz-özümə deyirdim: "İndi
oğlu yanına gəlib... o daha məni qovacaq...”
Malva
qəribə şəkildə, çox bərkdən qəhqəhə çəkib gülməyə başladı.
Vasili
də gülümsəyib dedi:
-
Axmaq! Oğlum mənə qayda-qanun öyrədəcək?
Vasili
qadından utanır və ona yazığı gəlirdi, lakin onun sözlərini xatırlayıb yenə sərt
danışmağa başladı:
-
Oğlumun bura nə dəxli var? Səni döydümsə, özün müqəssirsən. Məni hirsləndirməyəydin.
- Mən
axı qəsdən belə eləyirdim. Səni sınayırdım... – Malva çiyniylə ona qısıldı.
-
Sınayırdın? Nəyi sınayırdın? Sınadın, buyur, nəticəsini də gördün.
- Eybi
yoxdur. – Malva gözlərini qıyıb inamla dedi. – Mən acıqlanmıram. Axı sən sevə-sevə
döyürdün? Mən də bunun əvəzini səndən çıxardacağam. – Düz Vasilinin gözünün
içinə baxdı və səsini alçaldıb təkrar elədi. – Ah, necə çıxacağam...
Vasili
bu sözlərlə qadının nə vəd etdiyini anladı, xoşuna gələn bu vəd onu ləzzətli
bir həyəcana gətirdi. Gülümsəyib soruşdu:
-
Necə çıxardacaqsan? De görüm, necə?..
Malva
sakitcə:
-
Görərsən. – dedi, amma dodaqları titrədi.
Vasili
vurğun adamın ehtiraslı əlləriylə qadını qucaqlayıb bərkdən sıxdı:
-
Eh, mənim əzizim. Bilirsən, döyəndən sonra mənim üçün daha əziz oldun. Doğrudan
da! Daha doğma oldun... Yoxsa necə?
Qağayılar
onların başı üzərində uçurdu. Dənizdən əsən xoş külək, dalğaların
sıçrantılarını onların lap yanına səpələyirdi, dənizin sakitləşməyən gülüşü isə
daim eşidilirdi.
-
Eh, günümüz-güzəranımız! – Vasili ona qısılan qadını dalğınlıqla oxşayıb rahat
nəfəs aldı. – Gör dünyada işlər necə qurulub: nə günah sayılırsa, o şirin olur.
Amma sən heç nəyi başa düşmürsən... Bəzən həyat barəsində fikirləşirəm: məni
lap dəhşət basır! İllah gecələr... yuxum qaçanda... Baxırsan, qabağında dəniz,
başının üstündə göy, ətraf elə qaranlıqdır ki, dəhşətə gəlirsən... sən də burda
tək-tənha. Onda özün özünə elə balaca, xırda görünürsən ki... elə bil altındakı
yer tərpənir, yerin üstündə də səndən başqa heç kim yox imiş. Heç olmasa elə
vaxtlarda sən yanımda olaydın... necə olmasa da ikilikdə...
Malva
gözlərini yumub onun dizlərinin ütsündə uzanmışdı, susurdu. Vasili kobudtəhər,
lakin mehriban, gün və küləkdən qaralıb qəhvəyi rəng almış üzünü qadına tərəf əymişdi,
onun bozarmış yekə saqqalının tükləri Malvanın boynunu qıdıqlayırdı. Qadın
qımıldanmır, ancaq dpşün müntəzəm surətdə qabarıb yatırdı. Vasili gah dənizə
göz gəzdirir, gah lap yaxında – gözləri önündə olan döşlərə baxırdı. Qadının
dodaqlarından öpməyə başladı, tələsmədən, elə marçıldada-marçıldada öpürdü ki,
elə bil isti və yağlı sıyıq yeyirdi.
Onlar
beləcə üç saatadək vaxt keçirtdilər. Günəş dənizə tərəf enməyə başlayanda
Vasili cansıxıcı tərzdə dedi:
- Hə,
gedim çay qaynadım. Tezliklə qonaq da oyanar.
Malva
xoşhallanmış pişik kimi qırağa çəkildi, Vasili kpnülsüz halda ayağa qalxıb
komaya tərəf getdi. qadın kirpiklərini azacıq qaldırıb onun dalınca baxdı və
ağır yükü dalından atan adam kimi dərin nəfəs aldı.
Sonra
üçü də tonqalın ətrafında oturub çay içdilər.
Günəş
dənizi qürubun əlvan rəngləri ilə boyamışdı, yaşılımtraq dalğalar firfir və
inci kimi par-par parıldayırdı.
Vasili
ağ saxsı qabdan qurtum-qurtum çay içə-içə kəndin vəziyyəti haqqında oğluna
suallar verir, özü kəndi xatırlayır, Malvasa onlara qulaq asırdı.
-
Deməli, kəndlilər dolanır?
-
Birtəhər dolanırlar. – Yakov cavab verdi.
-
Biz kəndlilərə nə lazımdır? Bir koma, bol çörək, bir də bayramlarda bir stəkan
araq. Ancaq bu da yoxdur. Evdə dolanmaq mümkün olsaydı, mən heç buralara gələrdim?
Kənddə özün öz başının ağasısan, hamıya bərabər adamsan, amma burda npkərsən...
-
Orası da var ki, burda iş daha yüngül, gəlirsə daha çox olur...
-
Yox, elə deyil! Hərdən adamın bütün sümükləri sızıldayır. Həm də burda başqası
üçün işləyirsən, ordasa özün üçün.
-
Amma işləyib daha çox qazanc əldə edərsən. – Yakov sakitcə etiraz etdi.
Vasili
özlüyündə oğlunun dəlilləri ilə razılaşırdı, kənddə həyat və iş bura nisbətdə
xeyli ağır idi, lakin o nədənsə istəmirdi ki, Yakov bunu bilsin. Buna görə də sərt
tövrlə dedi:
- Sən
buranın qazancını hesablayıb eləmisən? Kənddə, bala...
-
Zindan kimi: həm qaranlıq, həm də darısqal. – Malva da sözə qoşulub gülümsədi.
– Arvadların güzəranı daha ağırdır. Gecə-gündüz ağlayırlar.
-
Arvadların güzəranı hər yerdə birdir. Hər yerdə də bir işıq, bir günəş var. –
Vasili qadına baxıb mısmırığını sallatdı.
- Sən
yalan deyirsən! – Malva dirçəldi, həyəcanla dilləndi. – Kənddə mən istəsəm də,
istəməsəm də ərə getməliyəm. Ərə gedən arvad isə həmişəlik qul olur, kəniz
olur. Taxıl biç, iplik əyir, mal-qaraya bax, hələ üstəlik uşaq da doğ...
Özünçün nə qalır? Bircə ərinin kötək və söyüşləri.
- Təkcə
kötək deyil. – Vasili onun sözünü kəsdi.
Qadınsa
ona qulaq asmırdı:
-
Burdasa heç kimin ixtiyarında deyiləm. Qağayı kimi istədiyim yerə uçub gedərəm.
Heç kəs qabağımı kəsmir... Heç kəs mənə toxunmur...
- Bəs
toxunsa necə? – Vasili gülümsəyib xatırladıcı tonla dedi.
- Əvəzini
çıxardaram! – Qadın yavaşdan dedi və bayaqdan qığılcım saçan gözləri elə bil
söndü.
Vasili
mərhəmətli əda ilə gülməyə başladı:
- Ay
səni! Zirəksən, diribaşsan, amma zəifsən. Cəfəng danışırsan. Kənddə arvad
yaşayış üçün gərəkli adamdı... Burda isə elə-belə, ancaq kef üçün yaşayır. –
Bir az susub əlavə elədi. – Adamları günaha batırmaq üçün.
Onların
söhbəti kəsiləndə Yakov köks ötürüb dalğın-dalğın dedi:
- Elə
bil bu dənizin axırı, ucu-bucağı yoxdur...
Üçü
də dinmədən qabaqlarındakı dənizə baxdılar.
Yakov
əlini güniş açıb dənizi göstərdi:
- Bu
dənizin tutduğu yer torpaq olsaydı, həm də qara torpaq! Şumlanıb əkilsəydi!
Vasili
mehribanlıqla gülə-gülə dedi:
-
Bunun arzusuna bax!
Onun
sözlərindən oğlunun torpağa bağlı olduğunu duyan Vasilinin ürəyi açıldı, fikirləşdi
ki, bəlkə də Yakovun bu sevgisi, tezliklə onu sərbəst peşə həyatının cazibələrindən
ayırıb təkidlə geriyə, kəndə çağıracaq. Vasili isə burda Malvayla tək qalacaq və
hər şey köhnə qaydasayla gedəcək...
-
Yakov, sən bunu yaxşı dedin. Kəndli belə də olmalıdır. Kəndlinin gücü elə
torpaqdadır. Nə qədər ki, o torpağın üstündədir, yaşayacaq. Elə ki torpaqdan
ayağı üzüldü – işi bitdi! Torpaqsız kəndli köksüz ağac kimi bir şeydir. İşə
yarayırsa da, çox yaşaya bilmir, çürüyür. Meşə gözəlliyi də qalmır, gəmirilmiş,
yonulmuş hala düşür, gözə də görünmür! Yakov, sən yaxşı sözlər dedin.
Dəniz
günəşi öz dərinliklərinə çəkir, onu qürubun son şüalarının gözəl, əlvan rəngləri
ilə bəzənmiş dalğalarının musiqi kimi səslənən şarıltıları ilə qarşılayırdı. Həyat
yaradan işığın ilahi mənbəyi, öz parlaq boyalarının mənalı, ifadəli ahəngdarlığı
ilə dənizdən ayrılır, onunla vidalaşırdı ki, ona diqqətlə baxan üç adamdan
uzaqlarda, yuxulu torpağı oyandırsın.
Vasili
Malvaya müraciət etdi:
-
Günün batmağına baxanda ürəyim əriyir. Vallah, düz deyirəm.
Qadın
dinmədi. Əngin dənizə dalğın-dalğın baxan Yakovun göy gözləri gülümsəyirdi.
Onların üçü də ora, günün son dəqiqələri sönən yerə uzun müddət dalğın-dalğın
baxdılar. Qabaqlarında tonqalın közləri tüstülənə-tüstülənə yanırdı. Arxa tərəfdə
gecənin qaranlığı göy üzünü bürüyürdü.
Sarı qum qaralır, qağayılar artıq görünmürdü, ətrag sakitləşir, sanki boş bir xəyala
dalırdı... Hətta sakitləşməyən dalğalar da dilin sahil qumların çırpılanda,
gündüzkü kimi şən səslə şırıldamırdı.
Malva
dedi:
- Mən
niyə oturmuşam? Getmək lazımdır.
Vasili
özünü yığıb oğluna baxdı.
-
Hara tələsirsən? – narazılıqla mırıldandı. – Bir az da dayan, indi ay da
çıxar...
- Ay
mənim nəyimə lazımdır? Mən qorxmuram, birinci dəfə deyil ki, burdan gecə çıxıb
gedirəm.
Yakov
atasına baxdı, istehzalı təbəssümünü görməsinlər deyə gözlərini qıydı. Sonra
Malyava baxdı, o da Yakova baxırdı. Oğlan pərt oldu.
Vasili
narazı və qüssəli halda dedi:
-
Yaxşı, nə deyirəm, get!
Qadın
ayağa durub sağollaşdı, dilin sahiliylə yavaş-yavaş getməyə başladı. Dalğalar
onun ayaqlarına yaxınlaşır, sanki onunla oynaqlaşırdı. Göydə ulduzlar – səmanın
qızıl çiçəkləri parıldayır, sayrışırdı. Malvanın əlvan koftası, onun dalınca
baxan Vasiliylə Yakovdan uzaqlaşır, toran içində bozarırdı.
Malva
zil və təsirli səslə oxumağa başladı:
Tez
ol, yarım, gəl, aman!
Tez
gəl, sinəmə yaslan!
Vasiliyə
elə gəldi ki, Malva dayanıb gözləyir. Qəzəblə tüpürüb düşündü: "Qəsdən məni
tamahsılandırır, şeytan arvad!”
-
Görürsən? Oxuyur. – Yakov qımışdı.
Onlar
toran içində qadını boz ləkə kimi görürdülər.
Malvanın
səsi dəniz üzərində yayılırdı:
Bir
cüt qu tək ağ məmə,
Gəl
oğlan, naz eyləmə!
-
Gör necə oxuyur! – Yakov dilləndi və bütün vücudu ilə ora, cazibəli, şirnikləndirici
sözlər eşidilən yerə tərəf dartındı.
-
Deməli, təsərrüfatın öhdəsindən gələ bilmədin? – Vasilinin qəzəbli səsi
eşidildi.
Yakov
heyrətlə ona baxdı və əvvəlki vəziyyətini aldı.
Dalğaların
gurultusu içində batan coşqun mahnının ayrı-ayrı, qırıq sözləri onların
qulağına çatırdı:
Ah,
taqət yox bu gecə,
Yatmağa
məndə təkcə!
Vasili
qumun üstündə qurdalanaraq qüssə ilə dedi:
- İstidir.
Gecədir, amma istidir... Nə pis yerdir!
Yakov
üzünü başqa tərəfə tutub dili tutula-tutula dedi:
- Yəqin
qumdandır. Gündüz çox qızıb...
- Nə?
Bəlkə məni lağa qoyursan? – atası sərt tərzdə soruşdu.
- Mən?
– Yakov məsum tövrlə soruşdu. – Nəyi lağa qoyuram?
- Elə
onu deyirəm, lağa qoyulmalı bir şey yoxdur.
Susdular.
Dalğaların
gurultusu içində dərin ah kimi sızıldayan və mehriban-mehriban çağıran səs
eşidirdilər...
İki
həftə keçdi. Yenə bazar günüydü, yenə,Vasili Leqostyev komasının yanında qum
üstə uzanıb dənizə baxır, Malvanı gözləyirdi. Əks edən günəşlə oynaqlaşan dəniz
gülür, saysız-hesabsız dalğalar da quma çırpınıb üst köpüyünü ora tullamaq,
sonra diyirlənə-diyirlənə dənizə çəkilib orda ərimək üçün bir-birinin dalınca
qabarırdı. Hər şey on dörd gün qabaq olduğu kimiydi. Keçmişdə məşuqəsini
arxayınlıqla gözləyən Vasili, bu dəfə onu səbrsizliklə gözləyirdi. Keçən bazar
günü o gəlməmişdi, bu gün isə gəlməliydi. O qadının gələcəyinə şübhə etmir,
amma onu daha tez görmək istəyirdi. Yakov bu gün mane olmayacaqdı. O üç gün
qabaq başqa fəhlələrlə balıq torunu aparmağa gələndə, bazar günü köynək almaq
üçün şəhərə gedəcəyini demişdi. O vətəgələrdə ayda on beş manat maaşla işə
girmiş, bir neçə dəfə balıq ovuna getmişdi, indi çox gümrah və şən görünürdü.
Bütün başqa fəhlələr kimi ondan da şor balıq iyi gəlirdi, onun da üst-başı
çrikli və cırıq idi. Vasili oğlunu düşünüb ah çəkdi.
"Birdən
o burda ilişib qalar. Dəcəlləşər... Onda yəqin ki, qayıdıb ləndə getmək də istəməz.
Lazım gələr ki, mən özüm...”
Dənizdə
qağayılardan başqa heç kim yox idi. Dəniz göydən, qumlu sahilin nazik zolağı ilə
ayrıldığı yerdə, bəzən kiçik-kiçik qara nöqtələr görünür, nöqtələr sahil
boyunca hərəkət edir və gözdən itirdi. Günəşin şüaları dənizə şaquli vəziyyətdə
düşürdü. Qayıq hələ görünmürdü. Həmişə Malva bu vaxt gəlib çatmış olurdu.
İki
qağayı havada tutaşıb elə döyüşürdülər ki, tükləri ətrafa səpələnirdi. Kəskin
qığıltılar dalğaların şən nəğməsini kəsib eşidilməz edirdi, bu nəğmə elə daimi,
parıldayan göyün təntənəli sükutu ilə elə ahəngdar birləşmiş nəğməydi ki, dənizin
düzəngahında sevinclə oynaşan günəş şüalarının təranəsinə oxşayırdı. Qağayılar
suyun üstünə düşdülər, ağrı və hiddətdən qəzəbli-qəzəbli qağıldayaraq
bir-biriylə döyüşməyə, yenə də havaya qalxıb bir-birini tqib etməyə başladılar.
Onların yoldaşları yaşılımtıl, şəffaf suyun üstündə uça-uça balıq tuturdular,
elə bil davanı görmürdülər.
Dəniz
bomboş idi. Orda, uzaq sahilin yaxınlığında tanış ləkə görünmürdü...
Vasili
bərkdən dedi:
- Gəlmirsən?
Gəlmə, lazım deyil! Bəs sən nə fikirləşirdin?
Sahilə
tərəf nifrətlə tüpürdü.
Dəniz
gülürdü.
Vasili
ayağa durub nahar bişirmək üçün komaya getdi, amma hiss etdi ki, yemək istəmir,
əvvəlki yerinə qayıdıb uzandı.
"Heç
olmasa Seryojka gələydi. – O özünü Seryojka barəsində düşünməyə məcbur etdi. –
O zəhər tuluğudur. Hamını ələ salır, yetənlə yumruqlaşır. Sağlam, savadlı, bərkdən-boşdan
çıxamış adamdır... Ancaq çox içir. O olanda şən keçir. Arvadların ondan ötrü ürəyi
gedir, bu yaxınlarda gəlsə də, hamısı dalınca düşür. Bircə Malva özünü ondan uzaq
saxlayır... Gəlib çıxmadı.Gpr necə əclaf arvaddır! Bəlkə döyməyimə görə acığı
tutub? Bəyəm bu onunçün təzə işdir? Başqaları da onu döyüb yəqin ki... Həm də
necə döyüblər! Elə indi də Malvanın cəzasını verəcəyəm...”
Vasili
gah oğlunu, gah Seryojkanı, gah da Malvanı düşünərək qum üstündə qurdalanır,
gözləyirdi. Hərdən onun başına şübhəli fikirlər gəlir, amma o bur fikirləri
başından qovmağa çalışırdı. Vasili öz şübhələrini özündən gözlədə-gizlədə, gah
durub gəzə-gəzə, gah uzana-uzana günü axşam elədi. Artıq dənizə qaranlıq
çökmüşdü, o isə gözünü uzaqlara dikib hələ də qayığı gözləyirdi.
Malva
bu gün gəlmədi.
Vasili
yatmağa hazırlaşanda, burdan ayrılıb sahilə getməyinə imkan verməyən qulluğa
girdiyi üçün özünü söydü. Tam yuxuya getməmiş, mürgülü halda tez-tez durub
yerinin içində otururdu, ona elə gəlirdi ki, hardansa avar şappıltıları
eşidilir. Bu vaxt əlini gözlərinin üstünə qoyub dumanlı, bulanıq dənizə
baxırdı. Sahildəki vətəgədə iki tonqal yanır, dənizdəsə heç kim görünmürdü.
-
Yaxşı, ifritə! – Vasili Malvanın qarasınca deyindi. Sonrasa yatıb ağır yuxuya
getdi.
Vətəgədə
idə o gün belə bir əhvalat olmuşdu.
Yakov
səhər tezdən, hələ gün qızışmamış və dənizdən ruh oxşayan meh əsəndə ayağa
qalxmışdı. O barakdan çıxdı, əl-üzünü yumaq üçün dənizə tərəf gedəndə sahildə
Malvanı gördü. O sahilə yan almış qayığın dal tərəfində oturub ayaqlarını aşağı
salladmışdı, yaş saçlarını darayırdı.
Yakov
dayanıb maraqla qadına baxmağa başladı.
Qadının
yaxası düymələnməmişdi, çit koftası bir çiynindən sürüşmüşdü. Çiyni o qədər ağ
və cəzbedici idi ki!
Dalğalar
qayığın yanına çırpılır, Malva gah yuxarı qalxır, gah da o qədər enirdi ki, az
qala çılpaq qıçları suya girirdi.
-
Çimmisən? – Yakov soruşdu.
Qadın
üzünü ona tərəf çevirdi, ötəri baxdı və yenə saçını daraya-daraya dedi:
- Çimmişəm.
Nə tez durmusan?
- Sən
məndən də tez durmusan.
- Mən
sənin üçün nə örnək ola bilərəm?
Yakov
cavab vermədi.
Qadın
dedi:
- Mən
yaşayan qaydada yaşasan, çətin ki, başını dolandıra biləsən.
-
Yox a! Gör sən necə qorxulusan!
Yakov
gülümsündü və çöməlib əl-üzünü yumağa başladı.
Suyu
ovuc-ovuc götürüb üzünə çırpır, sərinliyi hiss etdikcə ləzzətlə nıqqıldayırdı.
Sonra köynəyinin ətəyilə üzünü silə-silə Malvadan soruşdu:
- Sən
niyə məni həmişə qorxudursan?
- Bəs
sən niyə gözlərini mənə dirəyirsən?
Malvaya
vətəgədəki başqa qadınlardan daha çox baxdığı yadına gəlmirdi, lakin indi birdən-birə
dedi:
- Elə
totuqsan ki... Nə edim?
-
Atan bu ədalarını bilsə boynundan bir totuq əmələ gətirər!
Malva
işvəli əda ilə onun üzünə baxdı.
Yakov
gülə-gülə qayığa çıxdı. O hələ də Malvanın hansı ədalardan danışdığını başa
düşmürdü, amma bir halda ki deyir, deməli, bir şey var, o qadına çox baxıb.
Yakov xoşhallanır, ürəyi açılırdı.
-
Atama nə var? O səni satın alıb, nədir?
Yakov
onunla yan-yana oturub gözlərini qadının çılpaq çiyninə, yarıaçıq döşünə, dəniz
ətri verən əndamına zillədi.
-
Gör sən, nə gözəl ağ balıqsan! – Yakov onu başdan-ayağa gözdən keçirdəndən
sonra heyranlıqla dedi.
Qadın
ona baxmadı, heç açıq paltarını da düzəltmədi.
- Səninki
ki deyiləm!
Yakov
ah çəkdi.
Onların
qabağında səhər günəşinin şüalarını əks etdirən ucsuz-bucaqsız dəniz sərilmişdi.
Küləyin
xoş nəfəsiylə yaradılan oynaq dalğalar yavaşca qayığın yanına toxunurdu.
Uzaqdakı dil dənizin atlas döşündə çapıq kimi görünürdü. Dilə sancılmış uzun
dirək, nazik cizgi kimi mavi səmaya doğru yüksəlir, küləyin dirəyin ucundakı əskini
necə yelləndirdiyi görünürdü.
Malva
Yakova baxmadan sözə başladı:
- Hə,
gözəl oğlan! Mən gözəl tikəyəmsə də, sənin dişinin yemi deyiləm... Heç kim də məni
satın almayıb, atana da tabe deyiləm. Özüm istədiyim kimi yaşayıram. Sən də mənə
əl uzatma, çünki mən Vasiliylə sənin aranda qalmaq istəmirəm... İstəmirəm dava
edəsiniz, cürbəcür dedi-qodu olsun... Başa düşdün?
- Mən
nə edirəm ki? – Yakov heyrətləndi. – Sənə əl vurmuram ki...
Malva
dedi:
- Sənin
heç mənə əl vurmağa cürətin də çatmaz!
Qadın
bu sözləri elə etinasızlıqla dedi ki, onun həm kişilik, həm də insanlıq heysiyyətinə
toxundu. Dəcəl, bəlkə də kinli bir hiss onu sarsıtdı, gözləri alışıb yandı.
Qadına
tərəf irəliləyib ucadan soruşdu:
- Nə?
Cürətim çatmaz?
- Edə
bilməzsən.
-
Yox əşi? Əl vursam bəs necə?
-
Vur görüm!
- Nə
olar axı?
-
Peysərinə elə şapalaq çəkərəm ki, mayallaq aşıb suya düşərsən!
-
Yaxşı, çək!
- Sən
də əl vur!
O
qadına alovlu nəzər saldı və birdən onu güclü pəncələriylə yan tərəfdən
qucaqlayıb döşünü və belini bərkdən sıxdı. Qadının isti və qıvraq belinə
toxunan kimi ehtiras bütün bədənini alovlandırdı və qəhərə oxşayan bir duyğudan
boğazı qurudu.
- Hə...
vur da ! Hə, necəsən?..
Malva
onun titrək qollarının arasından çıxmağa çalışaraq sakitcə deyirdi:
-
Burax, Yaşka!
- Bəs
boynuma vurmaq istəyirdin?
-
Burax. Yoxsa pis olar!
- Hə...
Sən məni qorxutma. Eh, qiyamət arvadsan!
O
Malvanın qucağına sıxıldı və qadın dodaqlarını onun al yanağına yapışdırdı.
Malca
dəcəlliklə qəhqəhə çəkib gülməyə başladı. Yakovun əllərindən bərk yapışıb bütün
bədəninin qüvvətli hərəkəti ilə qabağa sıçradı. Onlar bir yerdə ağır kütlə kimi
suya düşüb köpük və sıçrantılar içində görünməz oldular. Sonra sifətindən
qorxduğu görünən Yakovun islanmış başı dalğalanan suyun üzünə çıxdı, onunla
yanaşı Malva da göründü. Yakov ümidsizliklə çırpınır, əl-qol atır, ətrafındakı
suyu sıçradır, nərə çəkirdi. Malva isə qəhqəhə çəkb gülərək onun ətrafında
üzür, şor suyu ovuclayıb onun üzünə atır və onun geniş çevrədə çırpınan əllərindən
kənara qaçırdı.
Yakov
fınxıra-fınxıra qışqırmağa başladı.
-
Şeytan! Batıb boğularam!.. Bəsdir! Vallah boğularam... Ay sənin... Batıram!..
Lakin
Malva ondan uzaqlaşıb kişi kimi üzə-üzə sahilə tərəf getdi. Yaxınlaşıb qayığa
çıxdı, ayaq üstündə dayanıb tələsə-tələsə üzən, ona tərəf yaxınlaşan Yakova
baxıb gülməyə başladı. Yaş paltarı əyninə yapışmışdı, dizlərindən çiyninəcən
bütün bədəninin cizgilərini aydın göstərirdi. Yakov qayıqdan yapışdı və həris
gözlərini gülən qadına zillədi.
Malva
gülə-gülə yerə oturdu, bir əliylə qayığın qırağından tutub o biri əlini Yakova
uzatdı:
- Hə.
Çıx görək. Yekəbaş!
Yakov
onun əlini tutub həyəcanla dedi:
-
İndi özünü gözlə. Səni elə çimdirim ki!..
O
suyun içində dayanıb qadını özünə tərəf çəkirdi, dalğaların onun başı üstündə
keçib qayığa dəyir, parçalanır, damcılar Malvanın üzünə sıçrayırdı. O gözlərini
qıyıb qəhqəhə ilə gülürdü. Birdən suya tullandı və bədəninin bütün ağırlığıyla
Yakovun üstünə düşüb onu suya batırdı.
Onlar
yaşılımtıl suyu sıçradaraq batıb təzədən suyun üstünə çıxdılar və iki böyük
balıq kimi oynaşmağa başladılar.
Günəş
gülə-gülə onlara baxır, vətəgə tikintilərinin pəncrələrindəki şüşələr də günəşi
əks edərək gülürdü. Onları qolları altında parçalanan su səslənir, ürkən
qağayılar üstlərində qığıldaya-qığıldaya uçurdular.
Nəhayət,
xeyli su udandan sonra yorğun halda sahilə çıxdılar və rahatlanmaq üçün qumun
üstündə oturdular.
Yakov
üz=gözünü turşudaraq tüpürürdü:
-
Tfu! Nə pis sudur! Elə bunun üçün çoxdur da.
Malva
islanmış saçını sıxıb gülə-gülə dedi:
-
Dünyada pis şey çoxdur. Məsələn elə pis oğlanlar... Vay dədə, nə qədər çoxdur!
Malvanın
saçı qaraydı, uzun deyildisə də, qalın və qıvrım idi.
Yakov
istehza ilə gülümsəyib qadını dirsəyiylə itələdi:
- Elə
ona görə qoca kişini bəyənib sevmisən.
-
Qoca kişi var ki, cavan oğlandan yaxşıdır!
- Əgər
ata yaxşıdırsa, demək oğul ondan da yaxşıdır...
-
Buna bax! Lovğalanmağı kimdən öyrənmisən?
- Kənddə
qızlar çox vaxt mənə deyirdilər ki, sən heç də pis oğlan deyilsən.
-
Qızlar bir şey qanır ki? Sən məndən soruş...
- Bəs
sən qız deyilsən?
Malva
Yakova baxdı. O pis-pis gülürdü. Onda qadın ciddiləşib qeyzlə dedi:
-
Qız idim, ancaq bir dəfə doğmuş idim.
-
Sözlərin yaxşıdır, amma yalandır. – Yakov bunu deyib qəhqəhə ilə gülməyə
başladı.
Malva
hirslə:
-
Sarsaq! – dedi və üzünü çevirdi.
Yakov
özünü itirib ağzını yumdu.
Onlar
yarım saata qədər dinmədən, yaş paltarlarını tez qurutmaq üçün gün tərəfə dönə-dönə
oturdular.
Baraklarda
– bir tərəfli mail taxtapuşla örtülü uzun, çirkin, yöndəmsiz binalarda – fəhlələr
oyanıb ayağa dururdular. Bu üst-başı cırıq, saçı-saqqalı pırtlaşıq, ayaqyalın
adamlar uzaqdan bir-birlərinə oxşayırdılar... Onların xırıltılı səsləri sahilə
gəlib çatırdı, kimsə boş çəlləyin altını döyəcləyirdi, boğuq taqqıltı səsləri gəlirdi,
elə bil təbil çalırdılar. İki qadın cingiltili səslə söyüşür, it hürürdü.
Yakov
Malvaya dedi:
-
Oyanırlar... Mən axı bu gün səhər lap tezdən şəhərə getmək istəyirdim. Amma
burda oturub səninlə oyun çıxartıram...
Malva
yarızarafat-yarıgerçək cavab verdi:
- Məndən
adama xeyir dəyməz.
- Sənə
nə olub, elə hey məni qorxudursan? – Yakov təəccüblə gülümsəyib soruşdu.
-
Görərsən, atan səni necə...
Atasının
xatırladılması onu hirsləndirdi:
-
Ata nədir? Hə? – Kobudluqla qışqırdı. – Ata! Mən özüm bəbə deyiləm! Çox böyük
adammış... Burda sən deyən qaydalar yoxdur, kor deyiləm, görürəm... O özü də
pak adam deyil. Burda özünə korluq vermir. Qoy məndə də işi olmasın...
Qadın
istehza ilə onun üzünə baxıb soruşdu:
- Səndə
işi olmasın? Sən nə etmək istəyirsən ki?
- Mən?
– Yakov ağır yük qaldırırmış kimi köksünü gərdi. – Mən? Mən çox iş görə bilərəm.
Təmiz hava məni dirçəldib, kəndin tozunu üstümdən silib aparıb.
Malva
yenə istehza ilə ona baxdı:
- Nə
toz?
- Bəs
necə? İstəsəm səni atamın əlindən alaram.
-
Yox a! Doğrudan?
- Elə
bilirsən qorxaram?
-
Yaxşı görək!
Yakov
həyəcanlanıb coşqunlaşdı:
- Mənə
bax, gəl məni acığa salma! Bilirsən, mən...
- Nə
edərsən? – Qadın sakitcə soruşdu.
-
Heç nə.
Yakov
üzünü çevirib susdu.
-
Amma sən ötkəmsən ha! Prikazçikin qara küçüyü var, görmüsən? O da sənin kimidir.
Uzaqdan hürür, adamı qapmaq istəyir, elə ki yaxınlaşdın, quyruğunu qısıb qaçmaq
istəyir.
-
Yaxşı, bəsdir! – Yakov qəzəblə qışqırdı. – Sən bir az gözlə. Mənim kim olduğumu
görərsən. gözlə!
Malva
ona baxa-baxa gülürdü.
Ucaboy,
damarları görünən, qalın sarı-qırmızı saçları pırtlaşıq, üzü tunc rəngli bir
adam yavaş-yavaş, yırğalana-yırğalana onlara tərəf gəlirdi. Kəmərsiz qumaş köynəyi
az qala qurşağınacan cırılmışdı, o da köynək əynindən düşməsin deyə qollarını
çırmalamışdı. Şalvarı müxtəlif dəlmə-deşikli, yamaqlı cındır idi. Ayaqları
yalındı. Çil basmış üzündə iri göy gözləri dəcəlliklə parıldayır, ucu bir az
yuxarı qalxmış enli burnu bütün varlığına dəlisov, sırtıq adam görkəmi verirdi.
Adam onlara çatıb dayandı, paltarının saysız deşiklərinin altından görünən bədəni
günəşin altında parıldayırdı. O burnunu bərkdən çəkib maraq yağan gözlərini
onlara dikdi və sifətini gülməli şəklə saldı:
-
Dünən Seryojka bir az içmişdi. Bu günsə Seryojkanın cibi dibsiz səbət kimi
boşdur. İyirmi qəpik borc verin! Hamısı birdir, onsuz da qaytarmayacağam.
Yakov
bu adamın ötkəm sözlərindən xoşlanıb sadəlövhlüklə güldü. Malva isə onun cındır
üst-başını nəzərdən keçirdib qımışdı.
-
Verin, şeytan balaları! İyirmi qəpiyə nikahınızı kəsərəm. İstəyirsiniz?
- Ay
oyunbaz, keşiş deyilsən ki. – Yakov güldü.
-
Axmaq! Mən Uqliçdə keşişin dalandarı olmuşam. İyirmi qəpik ver!
-
Evlənmək istəmirəm. – Yakov onu rədd etməyə çalışdı.
-
Hamısı birdir, ver! Mən atana demərəm ki, sən onun kraliçasının dalına düşüb
sülənirsən. – Seryojka cadar-cadar olmuş dodaqlarını yaladı.
- Sən
yalanını de. Gözlə, o saat inanacaq...
- Mənim
yalanıma inanar. – Seryojka vəd etdi. – Səni də əzişdirər. Elə əzişdirər ki!
-
Qorxmuram. – Yakov qımışdı.
-
Onda mən özüm kötəkləyərəm. – Seryojka gözlərini qıyıb sakitcə dedi.
Yakovun
iyirmi qəpiyə heyfi gəlirdi, ancaq onu xəbərdar eləmişdilər ki, Seryojkaya baş
qoşmaq lazım deyil, nə istəyirsə sakitcə ver, çıxsın getsin. Çox şey istəməz,
amma istədiyini verməsən, ya iş vaxtı kələk qurar, ya da səbəbsiz-filansız
tutub döyər. Yakov bunu xatırlayıb köks ötürdü və əlini cibinə saldı.
Seryojka
onun yanında oturdu.
-
Bax belə! Sən həmişə mənim sözümə qulaq assan, ağıllı oğlan olarsan. – Sonra
Malvaya dedi. – Sən də bu yaxınlarda mənə ərə gələcəksən, elə deyil? Tez
hazırlaş, çox gözləyən deyiləm.
-
Lütün biri lüt! Əvvəlcə yırtıqlarını yama, sonra danışarıq. –Malva cavab verdi.
Seryojka
öz əyin-başına baxıb dedi:
- Sən
öz tumanını mənə versəydin, yaxşı olardı.
Malva:
- Bəs
belə! – deyib gülməyə başladı.
-
Doğrudan! Köhnə tumanın varsa, ver!
- Sən
yaxşısı özünə şalvar al.
-
Pulumu arağa verib içsəm daha yaxşı olar.
Yakov
əlində dörd dənə beşqəpiklik tutmuşdu.
-
Əlbəttə, bu daha yaxşıdır. – Deyib o da güldü.
- Bəs
necə? Keşiş mənə deyib ki, adam öz canının hayına qalmamalı, ruhunu fikirləşməlidir.
Ruhum məndən şalvar yox, araq tələb edir. Pulu ver görək! Hə, indi mən
vuracağam! Amma sənin barəndə də atanla danışacağam.
-
Danış. – Yakov əlini yellətdi və Malvanın çiynindən itələyib ona göz vurdu.
Seryojka
bunu gördü, tüpürdü və xəbərdarlıq etdi:
- Səni
kötəkləməyi də yaddan çıxartmayacağam... Boş vaxtım olan kimi sənin başına bir
oyun gətirəcəyəm ki...
- Nəyə
görə? – Yakov təşvişlə soruşdu.
-
Niyəsini özüm bilirəm... – Sonra Malvaya baxdı. – Yaxşı, tez evlənəcəyik?
- Sən
mənə de görüm biz nə edəcəyik, necə dolanacağıq, onda fikirləşərəm, baxaram. –
Malva ciddi cavab verdi.
Seryojka
gözlərini qıyıb dənizə baxdı və dodaqlarını yalayıb dedi:
-
Heç bir iş görməyəcəyik. Kef çəkəcəyik.
- Bəs
yeməyi hardan alacağıq?
- Sən
lap mənim anam kimi götür-qoy eləyirsən. – Seryojka əlini yellətdi. – Nə
olacaq, necə olacaq... Bəyəm mən bilirəm necə olacaq? Yaxşısı gedim içim...
Seryoja
ayağa durub onlardan uzaqlaşdı. Malva onun dalınca baxıb qəribə təbəssümlə
gülümsünür, oğlan isə onu kinli baxışlarıyla yola salırdı.
Seryojka
xeyli uzaqlaşandan sonra Yakov dedi:
-
Görürsən necə əmr verir? Bizim kənddə bu cür lotunu tez sakitləşdirərdilər. Onu
yaxşıca döyərdilər, iş də bununla qurtarardı... Amma burda ondan qorxurlar...
Malva
onun üzünə baxıb dişlərini qıcırdadaraq dedi.
- Ay
çoşka, sən heç onun qədr-qiymətini anlayırsan?
- Nə
qiymətbazlıqdır? Belə kişilərin qiyməti beş qəpikdir, özü də bir dəstədə yüzü
olanda.
Malva
istehza ilə səsləndi:
- Ay
dedin ha! Sənin qiymətin beş qəpikdir... Amma o... hər yerdə olub, bütün
dünyanı başdan-başa gəzib, heç kimdən də qorxmur...
- Bəs
mən kimdən qorxuram? – Yakov qoçaqlıqla soruşdu.
Qadın
cavab vermədi. O ağır qayığı tərpədə-tərpədə sahilə hücum edən coşqun dalğalara
dalğın-dalğın baxırdı. Qayığın doru bir tərəfdən o biri tərəfə əyilir, dal tərəfi
yuxarı qalxır və şappıltı ilə suya düşürdü. Çox bərk və kədər doğuran səs
eşidilirdi, elə bil qayıq sahildən ayrılmaq, açıq dənizin geniş sahələrinə getmək
istəyir və onu tutub saxlayan yoğun kəndirə acıqlanırdı.
- Bəs
niyə getmirsən? – Malva Yakovdan soruşdu.
-
Hara?
- Şəhərə
getməyəcəkdin?
-
Getməyəcəyəm!
-
Yaxşı, atanın yanına get.
- Bəs
sən?
- Nə?
- Sən
də gedirsən?
-
Yox...
-
Onda mən də getmirəm.
-
Bütün günü mənim yanımda veyillənəcəksən? – Malva sakitcə soruşdu.
- Sən
mənə çox lazım idin!.. – Yakov incimiş halda dedi və ayağa durub getdi.
Lakin
Yakov, sən mənə çox lazım idin, deyəndə yanılmışdı. Qadından ayrılandan sonra
darıxırdı. Onda qəribə bir hiss oyanmışdı, atasına qarşı tutqun, dumanlı bir
asilik, narazılıq. Dünən bu halda deyildi, elə bu gün də Malvayla görüşənəcən
bu hissdən əsər-əlamət yox idi. İndi isə elə bil atası ona mane olurdu, halbuki
o dənizin uzaq yerində, burdan zorla görünən qumlu dildə idi. Sonra Yakova elə
gəldi ki, Malva da onun atasından qorxur. Malva qorxmasaydı, Yakovla arası
tamamilə başqa cür olardı.
Yakov
vətəgədəki adamlara diqqətlə baxa-baxa gəzirdi. Seryojka barakın kölgəsində
qoyulmuş çəlləyin üstündə oturub balalaykanı dınqıldadır və ağız-burnunu gülməli
şəkildə əyib oxuyur:
Cənab
qor-rodo-dovoy, mənimlə siz
Ədəblə-ərkanla
rəftar ediniz...
Yıxılıb
palçığa batmayım deyə
Ehmalca
aparın məni şöbəyə...
Onun
ətrafına iyirmiyə qədər özü kimi səfil toplanmışdı. Burda hər şeydən, hətta
adamlardan da balıq iyi gəlirdi. Dörd kifir və çirkli arvad qumun üstündə
oturub böyük tənəkə qabdan çay tökür, içirdilər. Səhərin təzə açılmağına
baxmayaraq fəhlələrdən biri sərxoş idi, ayağa qalxmaq istəyirdi, qumun üstündə
eşələnir, gah durur, gah yıxılırdı. Hardasa bir qadın zarıya-zarıya ağlayır,
sınıq qarmonun səsi eşidilir, hər tərəfdə balıq pulları işıldayırdı.
Günorta
Yakov boş çəllək yığınının arasında kölgəlik tapdı, orda uzanıb axşamacan
yatdı, oyanandan sonra onu harasa sövq edən bir duyğunun təsiri altında yenə vətəgədə
veyillənməyə başladı.
İki
saata qədər gəzəndən sonra Malvanı mədəndən xeyli uzaqda, cavan söyüd
ağaclarının altında tapdı. Yanı üstə uzanıb əlində köhnə, səhifələri dağılmış
bir kitab tutan qadın ona baxıb gülümsəyirdi.
Yakov
onun yanında oturdu.
-
Gör hara gəlib çıxmısan.
- Sən
məni çoxdan axtarırsan? – Malva inamla soruşdu.
- Mən
bəyəm səni axtarırdım? – Yakov da təəccüblə soruşdu və birdən-birə anladı ki,
bayaqdan elə Malvanı axtarırmış. Oğlan çaşqın halda başını yırğaladı.
- Sənin
savadın var? – Malva yenə sual verdi.
-
Savadlıyam. Ancaq yaxşı bilmirəm. Hamısı yadımdan çıxıb...
- Mən
də yaxşı bilmirəm... Məktəbdə oxumusan?
-
Zemstvo məktəbində.
-
Amma mən özüm öyrənmişəm.
-
Yox-a!
-
Doğrudan. Həştərxanda bir məhkəmə vəkilinin evində aşpaz idim, kitab oxumağı
onun oğlu mənə öyrətdi.
-
Deməli, özün öyrənməmisən... – Yakov onun sözlərini aydınlaşdırdı.
Qadın
ona baxıb yenə soruşdu:
- Sən
kitab oxumağı sevirsən?
- Mən?
Yox... Nəyimə lazımdır?
-
Amma mən sevirəm. Prikazçikin arvadından yalvar-yaxarla bir kitab almışam, onu
oxuyuram.
- Nə
haqqında yazılıb?
-
Allah bəndəsi Aleksey haqqında.
Malva
fikirli-fikirli danışmağa başladı. Bir gənc, varlı və mötəbər ata-anasından
ayrılıb başqa yerə gedir, xoşbəxt həyatından əl çəkir, sonra üst-başı cındır,
dilənçi halında onların yanına qayıdır və həyətdə itlərin yanında dolanır, amma
ölənəcən kim olduğunu onlara bildirmir. Qadın yavaşca Yakovdan soruşdu:
-
Görəsən, o niyə belə eləyib?
-
Kim bilir? – Yakov laqeydliklə cavab verdi.
Onları
külək və dalğaların qalaq-qalaq yığdığı qum təpələri əhatə etmişdi. Uzaqdan
boğuq, anlaşılmaz səs-küy eşidilirdi. Bu səs-küy vətəgələrdən gəlirdi. Günəş
qüruba tərəf enir, şüalarının açıq çəhrayı şəfəqləri qum üzərində parıldayırdı.
Dənizdən əsən xəfif yel, acınacaqlı söyüd ağaclarının seyrək və solğun
yarpaqlarını yavaş-yavaş tərpədirdi. Malva nəyəsə qulaq verib susmuşdu.
- Sən
bəs bu gün ora, dilə niyə getmədin?
- Sən
nə?
Malva
lazım olan sözü Lamvaya necə deyəcəyini düşünərək həris gözləriylə ona çəpəki
baxırdı.
-
Bilirsən, mən tək olanda, sakitlik olanda, ağlamaq istəyirəm... ya da oxumaq.
Ancaq yaxşı mahnı bilmirəm, ağlamaqsa eyibdir...
Yakov
onun ahəstə, mehriban səsini eşidirdi, lakin qadının sözləri ona təsir etmir,
yalnız arzusunu daha da kəskinləşdirirdi.
O
Malvaya yaxınlaşıb üzünə baxmadan, boğuq səslə danışmağa başladı:
-
Bilirsən nə var? Gör sənə nə deyəcəyəm... Mən cavan oğlanam...
- Həm
də axmaq, sarsaq bir oğlan! – Malva bu sözləri başını tərpədə-tərpədə, inamla,
uzada-uzada dedi.
Yakov
kədərli səslə dedi:
-
Yaxşı, qoy axmaq olum. Burda ağıl lazımdır? Axmağam, yaxşı, olum da. Ancaq de
görüm, istəyirsən mənimlə...
-
İstəmirəm!
- Nə
istəmirsən?
-
Heç nə!
-
Axmaq olma. – Yakov ehtiyatla qadının çiyninə toxundu. – Ağlını başına yığ,
fikirləş.
- Rədd
ol, Yaşka! – Malva onun əlini itələdi. – İtil burdan!
Yakov
ayağa durub ətrafa baxdı.
- Hə...
İndi ki sən belə edirsən, mənim üçün fərqi yoxdur. Sənin kimilərdən burda çox
var... Elə bilirsən başqalarından yaxşısan?
Malva
ayağa durub paltarına yapışan qumları çırpa-çırpa sakitcə dedi:
-
Küçüyün biri küçük!
Onlar
yan-yana vətəgəyə tərəf yollandılar. Ayaqları quma batdığı üçün yavaş-yavaş
gedirdilər.
Yakov
Malvanı razı salmaq üçün kobud tərzdə dil tökürdü, Malva isə sakitcə gülür və
ona acı sözlərlə cavab verirdi.
Vətəgə
baraklarına çatanda Yakov dayanıb qadının çiynindən tutdu:
- Sən
deyəsən məni qəsdən qızışdırırsan! Nəyə görə? Mənə yaxşı bax!
- Əl
çək! – Malva onun əlindən çıxıb qabağa qaçdı, barakın tinində görünən Seryojka
ona tərəf gəlib, pırtlaşıq sarı-qırmızı saçını silkələdi və heybətli səslə
dedi:
-
Kef çəkirdiniz? Eybi yoxdur!
-
Hamınız cəhənnəm olun! – Malva bərkdən qışqırdı.
Yakovsa
Seryojkanın qabağında dayanıb qaş-qabaqla ona baxmağa başladı. Aralarında on
addıma qədər məsafə vardı.
Seryojka
gözlərini Yakovun gözlərinə zillədi. Onlar bir dəqiqəyə qədər bir-biriylə
döyüşməyə hazır olan iki qoç kimi bu vəziyyətdə dayandılar, sonrasa dinmədən hərəsi
bir tərəfə getdi.
Qürub
şəfəqindən qırmızı rəng almış dəniz sakit idi. Vətəgə üzərində boğuq səslər uğuldayır, əsəbi halda
qışqıra-qışqıra mənasız sözlərlə mahnı oxuyan sərxoş bir qadının səsi bu boğuq
uğultu içində aydın eşidilirdi:
...Ta-aqarqa,
mataqarqa,
Matancığım
qarqa!
Sərxo-oşam,
döyülmüşəm,
Pırtlaşıb
saçım hey!
Bu
murdar sözlər, dalğaların musiqisini təhqir edə-edə çürük balıq iyi verən vətəgənin
hər tərəfinə yayılırdı.
Dan
yeri sökülür, lətafətli şəfəqi ilə parıldayan dəniz sədəf rəngli buludları
geniş köksündə əks etdirərək sakit-sakit mürgüləyirdi. Gözləri yuxulu
balıqçılar dildə əlləşərək balıqçı alətlərini qayığa yığırdılar.
Boz
tor yığınları sürüdülə-sürüdülə qayığa aparılıb, orda koma-koma düzülürdü.
Seryojka
həmişəki kimi yarımçılpaq və başıaçıq halda qayığın dal tərəfində dayanıb, çox
içən adamın xırıltılı səsiylə balıqçıları tələsdirirdi. Külək onun cırıq köynəyinin
parçalarını və saçlarını yellədirdi.
-
Vasili! Yaşıl avarlar hardadır? – Kimsə qışqırdı. Oktyabr günü kimi tutqun
Vasili balıq torlarını qayıqda yerləşdirirdi, Seryojka isə onun bükük belinə
baxıb dodaqlarını yalayırdı. Bu onun dünənki sərxoşluqdan sonra yenə içmək istədiyini
göstərirdi.
- Arağın
var? – Seryojka boğuq səslə soruşdu.
-
Var.
-
Onda mən getməyəcəyəm... quru qanadın yanında qalacağam.
-
Hazırdır! – Dildən kimsə dedi.
Seryojka
qayıqdan düşdü.
-
Kanatları aç, tez ol! – deyə əmr verdi. – Gedin... Mən burda qalacağam. Diqqətli
ol, gendən sür, dolaşıq salma. Həm də düz yerləşdir, ilməkləməyin!..
Qayığı
itələyib suya saldılar, balıqçılar yan tərəfdən tullanıb mindilər, avarları
qaldırıb suya salmaq üçün hazır saxladılar.
-
Bir!
Avarların
hamısı birdən dalğalara dəydi, qayıq irəli sıçrayıb şəfəqlənmiş suların geniş
sinəsinə tərəf yola düşdü.
-
İki! – Sükançı yenə komanda verdi. – Bir!.. İki!..
Sahildə,
balıq torunun quru qanadının yanında beş nəfər qaldı: Vasili, Seryojka, üç nəfər
də fəhlə. Onlardan biri qumluqda oturub dedi:
-
Bir az yatım...
O
biri iki nəfər də onun kimi etdi və qumluqda cır-cındır içində üç bədən büzülüb
yumaqlandı.
Vasili
Seryojka ilə komaya gedəndə soruşdu:
-
Bazar günü niyə gəlmədin?
- Gələ
bilməzdim...
- Sərxoş
idin?
-
Yox. Oğlunla analığına göz qoyurdum. – Seryojka sakitcə dedi.
-
Özünə iş tapmısan! – Vasili çəpinə gülümsündü. – Balaca uşaq-zad deyillər ki!
-
Uşaqdan da pisdilər. Biri axmaq, o birisi divanə!
-
Divanə Malvadır? – Vasili soruşdu və hiddətindən gözləri qızardı. – Çoxdan
divanə olub?
-
Qardaş, onun ruhu cisminə görə deyil...
-
Onun ruhu alçaqdır.
Seryojka
ona çəpəki baxıb nifrətlə fınxırdı.
-
Alçaqdır! Eh, torpaq yeyən yastıburunlar, sizə nə deyim! Heç nəyi başa düşə
bilmirsiniz. Sizinçün ancaq arvadın əmcəkləri yekə olsun, xasiyyəti sizə lazım
deyil... İnsanın bütün yaxşı cəhəti xasiyyətindədir... Xaraktersiz arvad duzsuz
çörək kimi bir şeydir. Simsiz balalaykadan ləzzət ala bilərsən? Eh, arvadbaz!..
-
Dünən o qədər içmisən ki, danışığını da bilmirsən. – Vasili onu sancdı.
O
Seryojkadan dünən Yakovla Malvanı harda, nə cür gördüyünü soruşub öyrənmək istəyirdi,
ancaq utanırdı.
Komada
Vasili Seryojka üçün bir çay stəkanı araq süzdü, ümid edirdi ki, bu qədər arağı
içəndən sonra Seryojka keflənəcək və özü hər şeyi açıb danışacaq.
Amma
Seryojka içdi, boğazını arıtladı və daha da özünə gələrək gərnəşib əsnəyə-əsnəyə
komanın qapısı ağzında oturdu:
- İçəndə
elə bil od-alov udursan!
Seryojkanın
arağı belə cəld içməsindən heyrətə düşən Vasili dedi:
-
Amma içirsən ha!
Səfil
sarı-qırmızı saçlı başını tərpətdi:
- İçə
bilirəm... – Yaş bığlarını əliylə sildi. – İçə bilirəm, qardaş. Mən hər işi cəld
və açıq görürəm. Fırıldaqsız-filansız. Açıqca nə edəcəksənsə elə, gedib hara
düşəcəksən? Bunun fərqi yoxdur! Torpaqdan əmələ gəlmisən, torpağa da düşəcəksən,
başqa yerə düşməyəcəksən...
Vasili
yavaş-yavaş öz məqsədinə yaxınlaşmağa çalışırdı.
- Bəs
sən Qafqaza gedəcəkdin, necə oldu?
-
İstəyəndə gedəcəyəm. İstəyəndə açıqca...
bir də gördün... xudahafiz! Ya mən istəyən olacaq, ya da başıma bəla
açacağam... Vəssalam!
- Sənə
nə var ki! Sən onsuz da ağlınla yaşamırsan...
Seryojka
Vasiliyə istehza ilə baxdı:
- Sən
çox ağıllısan! Səni volostda neçə dəfə döyüblər?
Vasili
ona baxdı, amma dinmədi.
-
Yaxşı ki, hökumət məmurları döyə-döyə ağlınızı daldan qabağa çevirirlər. Ay
yazıq! Axı de görüm, sən bu başınla nə edə bilərsən? Bu başla nəyə yarayarsan?
Nə fikirləşib tapa bilərsən? İş də elə bundadır. Başım olmasa da, heç bir əngələ
baxmadan düz keçib gedirəm, hara gəldi soxuluram! Belə getsə yəqin ki, səndən
qabağa keçəcəyəm.
-
Ola bilər! – Vasili gülümsədi. – Sən bu yerişlə Sibirə gedib çıxarsan...
Seryojka
ürəkdən qəhqəhə çəkdi.
Vasilinin
gözlədiyinin əksinə Seryojka keflənmirdi, bu da Vasilini hirsləndirirdi. Ona
bir stəkan da araq verməyə heyfi gəlirdi, ancaq ayıq başla çətin ki, ondan söz
ala biləydi... Səfilin özü onun dadına çatdı:
- Sən
niyə Malva haqqında bir söz soruşmursan?
Vasili
ürəyinə daman şibhədən diksinib laqeyd halda səsini uzatdı:
- Nəyimə
lazımdır?
-
Axı o bazar günü birda deyildi. Soruş ki, bu keçən günlərdə necə dolanıb... Yəqin
qısqanırsan, qoca şeytan!
- Elələri
çoxdur! - Vasili saymazyana tövrlə əlini yellətdi.
- Elələri
çoxdur! – Seryojka da onun oyununu çıxartdı. – Eh siz, vəhşi mülkədarın vecsiz
kəndliləri! Sizə bal versinlər, ya qətran, fərqi yoxdur, dadını hiss etməyəcəksiniz!
- Sən
niyə onu elə hey tərifləyirsən? Qız verməyə, elçiliyə gəlmisən, nədir?.. –
Vasili istehza ilə əlavə elədi. – Mən özüm çoxdan elçilik edib onu almışam.
Seryojka
onu başdan-ayağacan süzdü, dinmədi, sonra əlini çiyninə qoyub ağır-ağır
danışmağa başladı.
-
Bilirəm ki, o səninlə yaşayır. Mən sənin yolunu kəsmək istəmədim. Heç lazım da
deyildi... Amma indi sənin oğlun Yakov onun dalına düşüb. Onu elə əzişdir ki,
qanına bələnsin. Eşidirsən? Yoxsa mən özüm əzişdirərəm... Sən pis adam deyilsən...
Amma gicsən, palıd kötüyü kimi ağılsızsan... Mən sənə mane olmadım, sən bunu
yadında saxla...
-
Belə de! Sən də onun dalına düşmüsən? – Vasili boğuq səslə soruşdu.
- Mən
də?! Bilsəydim ki, mən də - açıqdan-açığa hamınızı yolumdan vurub rədd elərdim,
iş də bitərdi... Amma mən onu hara apara bilərəm?
- Bəs
niyə əl-ayağa dolaşırsan? – Vasili şübhə ilə soruşdu.
Bu
sadə sual, deyəsən Seryojkanı heyrətə saldı.
O
geniş açılmış gözləriylə Vasiliyə baxıb güldü.
-
Niyə dolaşıram? Allah bilir niyə... Elə-belə... O... bir az acıdil arvaddır,
xoşuma gəlir... Bəlkə də ona yazığım gəlir. Nə bilim?
Vasili
Seryojkaya qulaq asır, sözlərinə inanmırdısa da, hiss edirdi ki, ürəkdən deyir.
- Əl
dəyilməmiş qız olsaydı, acımağın yeri olardı. Amma indi adama qəribə gəlir.
Seryojka
dənizin uzaq bir yerində geniş dairədə burulub qabaq tərəfi ilə sahilə tərəf
dönən qayığa baxaraq susurdu. Seryojkanın üzü mərhəmətli və sadə idi.
Vasili
ona baxıb bir az yumşaldı.
- Sən
düz deyirsən, o qiyamət arvaddır... Ancaq yelbeyindir! Yaşka? Yaxşı, mən ona
göstərərəm! Buna bax, küçüyün biri küçük!
-
Yaşka mənim xoşuma gəlmir. – Seryojka dedi.
Vasili
saqqalını tumarlayıb acıqlı-acıqlı soruşdu:
-
Malvanı dilə tutub eləyir?
-
Görərsən, aranıza paz kimi girəcək. – Seryojka inamla cavab verdi.
Üfüqdə,
dənizdə doğan günəşin şüaları çəhrayı yelpik kimi alışıb yandı, şəfəqləndi.
Dalğaların gurultusu arasında qayıqdan zəif bir səs eşidildi:
- Çə-ək!
Apa-ar!..
-
Qalxın, uşaqlar! Ey! Tor başına! – Seryojka komanda verdi.
Bir
az sonra onlar böyük balıq torunun qıraqlarından yapışdılar. Dənizdən sahilə
sim kimi tarım və uzun ip uzandı. Balıqçılar ipi boyun qayışlarına sarıyıb
çığıra-çığıra dartmağa başladılar.
Balıq
torunun o biri tərəfini isə dalğalar üstündə üzə-üzə gələn qayıq çəkib gətirirdi.
Gözəl,
parlaq günəş dəniz üzərində yüksəlirdi.
-
Yakovu görsən de ki, sabah mənim yanıma gəlsin. – Vasili Seryojkaya dedi.
-
Yaxşı.
Qayıq
sahilə yan aldı. Sahilə tullanan balıqçılar, torun öz tərəflərində olan hissəsindən
tutub dartmağa başladılar.
O
günün axşamı, fəhlələr şam edəndə Malva üzü üstə döndərilmiş sınıq qayığın
üstündə yorğun və dalğın halda oturub qaranlığa qərq olmuş dənizə baxırdı.
Orda, uzaqlarda yanan od işıldayırdı. Malva bilirdi ki, bu Vasilinin yandırdığı
tonqalın işığıdır. Dənizin qaranlıq ənginliyində azmış kimi görünən tənha ocaq
gah alovlanır, gah da sanki taqətdən düşüb sönürdü. Malva dənizin qara səhrasında
itib tək qalan, dalğaların sakitləşməyən uğultusu arasında zəif-zəif titrəyən
bu qırmızı nöqtəyə baxdıqca qüssələnirdi.
Birdən
arxadan Seryojkanın səsini eşitdi:
-
Burda niyə oturmusan?
Qadın
ona baxmadı:
- Sənə
nə var?
-
Maraqlanıram.
O
Malvaya diqqətlə baxaraq susdu. Papiros eşib çəkməyə başladı və qayığın üstündə
oturub ayaqlarını iki tərəfdən sallatdı. Sonra mehribanlıqla dedi:
- Sən
qəribə adamsan. Gah hamıdan qaçırsan, gah da az qala hamının boynuna
sarılırsan.
-
Yoxsa mən sənin boynuna sarılıram? – Malva laqeydliklə soruşdu.
- Mənim
yox, Yaşkanın.
-
Paxıllığın tutur?
Seryojka
əlini onun çiyninə vurdu.
-
Mm... Gəl açıq danışaq, ürəkdən. – deyə təklif etdi.
Malva
yanakı oturmuşdu. Qısaca:
-
Danış. – deyəndə Seryojka onun üzünü görmədi.
- Sən
Vasilini atmısan?
Qadın
bir az susandan sonra dedi:
-
Bilmirəm. Sənin nəyinə lazımdır?
-
Heç. Elə-belə.
- Mən
indi ona acıqlıyam.
- Nəyə
görə?
- Məni
döyüb!..
-
Yox-a! Vasili səni döyüb? Sən də onun qabağında əl-qolunu sallayıb dayandın?
Ay-hay!
Seryojka
təəccüblənmişdi. O yandan qadının üzünə baxıb istehza ilə dodaqlarını
marçıldadırdı.
-
İstəsəydim qoymazdım. – Malva hirslə etiraz etdi.
- Bəs
niyə qoydun?
-
İstəmədim.
Seryojka
rişxəndlə dedi:
-
Deməli, lotunu çox sevirsən? – Papirosun tüstüsünü onun üzünə pülədi. – Hə, belə
işlər. Mən elə bilirdim sən belələrindən deyilsən...
Malva
tüstünü əliylə dağıdıb yenə laqeyd halda dedi:
-
Sizin heç birinizi sevmirəm.
-
Deyəsən yalan deyirsən axı.
-
Niyə yalan deyim? – Malva soruşdu. Seryojka onun səsinin ahəngindən anladı ki,
onun yalan danışmağına doğrudan da ehtiyac yoxdur.
-
Onu sevmirsənsə, səni döyməyinə niyə icazə verirsən? – Seryojka ciddiyyətlə soruşdu.
- Mən
özüm bilirəm? Niyə yapışmısan yaxamdan?
Seryojka
başını silkələyib:
- Qəribədir!
– dedi.
İkisi
də uzun müddət susdu.
Gecə
yaxınlaşırdı. Göydə ağır-ağır hərəkət edən buludlar dənizə kölgə salırdı.
Dalğalar səslənirdi.
Vasilinin
dildə yandırdığı tonqal sönmüşdü, lakin Malva hələ də ora baxırdı. Seryojka isə
malvaya baxırdı.
- Mənə
bax! Sən bilirsən nə istəyirsən?
Malva
dərin ah çəkib çox yavaş səslə dedi:
-
Bilsəydim əgər!
-
Demək bilmirsən. Çox pis. – Seryojka inamla dedi. – Amma mən həmişə nə istədiyimi
bilirəm. – Sonra bir az qüssəli səslə əlavə etdi. – Ancaq mənim ürəyim çox
gec-gec bir şey istəyir.
- Mən
həmişə nəsə istəyirəm. – Malva dalğınlıqla danışmağa başladı. – Amma nə istədiyimi
bilmirəm. Hərdən istəyirəm qayığa minib dənizə çıxım, baş götürüb gedim, uzaq,
uza-aq yerlərə gedim. Elə olsun ki, bir də heç vaxt adam üzü görməyim. Hərdən də
hamını fırfıra kimi ətrafımda oynatmaq, özüm də baxıb gülmək istəyirəm. Gah hamıya yazığım gəlir, gah hamıdan çox özümə,
gah da hamını qırıb çatmaq istəyirəm. Sonra da özümü... əzabla öldürmək... Həm
qüssəli, həm şad oluram... Adamların hamısı qanmazdırlar.
-
Adamlar çürükdürlər. – Seryojka onunla razılaşdı. – Buna görə də sənə baxdıqca görürəm ki, sən nə balıqsan, nə
pişik... nə də quş... Ancaq bunların hamısı səndə var. Arvadlara oxşamırsan.
-
Allaha şükür! – Malva gülümsədi.
Qum
təpələrinin dalında, onlardan sol tərəfdə ay çıxıb gümüşü parıltılarını dənizə
saçdı. Donuq nur saçan bədirlənmiş ay səmanın mavi qübbəsində yavaş-yavaş
yuxarı qalxır, ulduzların parıltısı onun sakit, xülyalı şəfəqində solğunlaşır,
sönürdü.
Malva
gülümsədi.
-
Bilirsən nə var? Hərdən mənə elə gəlir ki, gecə baraka od vurulsa, bir çaxnaşma
düşər ki, gəl görəsən!
Seryojka
heyran-heyran səsləndi:
-
Necə çaxnaşma, necə! – Birdən Malvanın çiyninə vurdu. – Bilirsən nə var? Mən sənə
bir şey öyrədəcəyəm. Gəl məzəli bir kələk quraq. Razısan?
- Nə
kələk? – Malva maraqla soruşdu.
- Sən
bu Yaşkanı çox həvəsə gətirmisən, elədir?
-
Lap od tutub yanır. – Malva gülümsədi.
- Sən
onu atasıyla dalaşdır. Vallah! Məzəli olar... Ayı kimi boğuşarlar. Sən qocanı
da, oğlunu da qızışdır... Sonra biz onları bir-birinin üstünə saldırarıq... Hə?
Malva
ona tərəf döndü və onun sevinc içində gülümsəyən kürən üzünə diqqətlə baxdı. Ay
işığında onun üzü, gündüz günəş işığında olduğundan az ala-bula görünürdü.
Üzündə mehriban, bir az dəcəl təbəssümdən başqa heç bir kin, qəzəb əlaməti
görünmürdü.
- Sən
onları niyə sevmirsən? – Malva şübhə ilə soruşdu.
- Mən?
Vasili heç də pis mujik deyil. Yaşka zibildir. Mən, bilirsən, mujiklərin heç
birini sevmirəm. Əclafdırlar! Özlərini yazıq, yetim kimi göstərməyə çalışırlar,
onlara çörək də verirlər, hər şey də. Onların zemstvosu var. Zemstvo nə
lazımdırsa, hamısını eləyir. Təsərrüfatları, torpağı, mal-qarası var... Mən
zemstvo doktorunun arabaçısı idim, mujiklərə lazımınca göz yetirmişəm... Sonra
xeyli avara-sərgərdan gəzmişəm. Hərdən kəndə gedirdim, bir parça çörək istəyirdim
– hop! Yaxalayıb tuturdular. Kimsən, nəçisən? Pasportunu ver. Neçə dəfə döyüblər...
Gah deyirdilər at oğrususan, gah da elə-belə, boş yerə döyürdülər... Soyuq zirzəmiyə
salırdılar.... Onlar sızıldayır, özlərini tülkülüyə qoyur, ancaq dolana bilirlər.
Onların əl tutmağa, bel bağlamağa arxaları var – torpaq! Onlarla nisbətdə mən nəyəm?
Malva
Seryojkaya diqqətlə qulaq asırdı, amma birdən onun sözünü kəsdi:
- Sən
özün mujik deyilsən?
Seryojka
bir az qürurla dedi:
- Mən
meşşanam! Uqliç şəhərinin meşşanlarından.
Malva
dalğınlıqla:
-
Amma mən Pavlişliyəm. – dedi.
- Mənim
heç bir havadarım yoxdur... Amma mujiklər... Onlar yaman şeytandırlar, dolana
bilirlər. Onların zemstvosu da var, başqa lazımlı şeyləri də.
-
Zemstvo nədir, nə deməkdir? – Malva soruşdu.
- Nədir?
Allah bilir nədir! Mujiklər üçün qoyulub, onların idarəsidir... Bunlar hamısı cəhənnəm
olsun, işdən danış. Elə elə ki, onlar dalaşsınlar. Hə? Bundan axı zərər-ziyan
olmayacaq, ancaq bir az dava edəcəklər. Vasili səni döymüşdü, elə deyil? Qoy
indi oğlu ondan sənin intiqamını alsın.
-
Niyə ki? Pis olmaz... – Malva da gülümsədi.
- Sən
bir fikirləş. Adamların səndən ötrü bir-birinin qabırğalarını sındırmağına
baxmaq ləzzət eləməz? Özü də sənin bir neçə sözün üstə... Dilini bir balaca tərpətdin,
qurtardı getdi, düşəcəklər bir-birinin üstünə.
Seryojka
bu haqda xeyli danışdı. O həm zarafat edir, həm də ciddi danışırdı.
-
Eh, kaş mən də gözəl bir arvad olaydım. Bu dünyaya elə bir çaxnaşma salardım ki! – Seryojka sözünü qurtardı.
Başını əllərinin arasına alıb bərkdən sıxdı, gözlərini qıydı və susdu.
Onlar
bir-birindən ayrılanda ay göydə yüksəyə qalxmışdı. Onlar gedəndən sonra gecə
daha da gözəlləşdi. İndi ancaq ayın gümüşü rəngə boyadığı ucsuz-bucaqsız, əzəmətli
dəniz və hər tərəfi ulduzlarla dolu olan mavi səma qalmışdı. Bir də qum təpələri,
onların arasında ağ söyüd kolları və qumluqda tələsik, kobud düzəldilmiş iki dənə
uzun, yekə tabutlara oxşayan bina vardı. Lakin bunlar hamısı dənizlə yan-yana
miskin və əhəmiyyətsiz görünürdü, yuxarıdan bunlara baxan ulduzlar da
soyuq-soyuq parıldayırdılar.
Atayla
oğul komada üzbəüz oturub araq içirdilər. Arağı Yakov gətirmişdi ki, atasının
yanında darıxmasın və onu özünə mehriban etsin. Seryojka demişdi ki, Malvanın
üstündə atasının ona acığı tutub, Malvanı da bərk hədələyib ki, səni yarımcan
olanacan kötəkləyəcəyəm, Malva da onun hədələdiyini bilir, buna görə də Yakova
təslim olmaq istəmir. Seryojka Yakovu ələ salaraq deyirdi:
-
Arvadbazlığına görə sənə bərk qulaqburması verəcək. Qulaqlarını elə dartacaq
ki, hərəsi bir arşın uzansın. Yaxşısı budur sən onun gözünə görünmə.
Bu
kürən, iyrənc adamın istehzaları Yakovda atasına qarşı şiddətli qəzəb
oyatmışdı. Bir yandan da Malva əzilib-büzülür, ona gah təşəxxüslə, gah da qəmli-qəmli
baxır, beləliklə də Yakovun onu ələ keçirtmək arzusunu daha da şiddətləndirirdi...
İndi
Yakov atasının yanına gəlib ona elə baxır ki, elə bil Vasili onun yolunun
ortasında dayanan daşdır, elə bir daş ki, nə üstündən, nə də yanından keçmək
mümkün deyil. Lakin Yakov atasından zərrə qədər qorxmadığını hiss edərək, onun
sərt, qəzəbli gözlərinə cəsarətlə baxır, sanki deyirdi: "Hünərin var mənə əl
vur!”
Onlar
artıq iki dəfə içmiş, amma bir-birinə vətəgə həyatına aid bir neçə əhəmiyyətsiz
sözdən başqa heç nə deməmişdilər. onlar dənizin ortasında təkbətək oturub
bir-birinə qarşı qəzəb duyğularını toplayırdılar, hər ikisi də bilirdi ki, bir
az sonra bu duyğu alovlanacaq, hər ikisini yandıracaq.
Komanın
həsirlərini külək xışıldadır, səbətlər bir-birinə toxunub taqqıldayır, uzun dirəyin
ucundakı qırmızı əski isə sanki nəsə deməyə çalışırdı.
- Nə
xəbər var, Seryojka yenə içir? – Vasili qaş-qabaqla soruşdu.
- İçir,
hər axşam kefli olur. – Yakov yenə stəkanlara araq töküb dedi.
-
Evini yıxacaq... Sərbəst, qorxusuz yaşayışın axırı belədir. Sən də onun tayı
olacaqsan!..
Yakov
qısa cavab verdi:
- Mən
onun tayı olmayacağam.
Vasili
qaşlarını çatdı:
-
Olmayacaqsan? Mən nə danışdığımı bilirəm. Nə vaxtdan burda yaşayırsan? Üçüncü
aydır. Yaxınlarda evə qayıtmalı olacaqsan. Nə qədər pul aparacaqsan? – O
hirsli-hirsli arağı içib saqqalını elə dartdı ki, başı silkələndi.
- Bu
az vaxtda burda çox qazanmaq olmaz. – Yakov əsaslı dəlil gətirdi.
-
İndi ki belədir, onda sənin burda veyillənməyinin heç bir mənası yoxdur. Qayıt
kəndə!
Yakov
heç nə deməyib gülümsədi.
-
Ağız-burnunu niyə əyirsən? – Vasili oğlunun sakitliyindən qəzəblənib təhdidlə
qışqırdı. – Atan sənə söz deyir, sənsə gülürsən. Deyəsən özbaşınalıq eləməyə
çox tez başlamısan! Elə dolan ki, səni noxtalamayım...
Yakov
araq töküb içdi. Atasının kobud sözləri onun xətrinə dəydi, lakin Vasilini
acıqlandırmasın deyə, düşündüyü və istədiyi kimi danışmır, özünü saxlayırdı. Həm
də atasının sərtliklə işıldayan qəzəbli gözləri onu bir az qorxudurdu.
Vasili
oğlunun ona araq tökməyib tək içdiyini görəndə bir az da hirsləndi.
-
Atan sənə deyir evə qayıt, sən ona hırıltıyla cavab verirsən? Şənbə günü
haqq-hesabını al, rədd ol kəndə! Eşitdin?
-
Getməyəcəyəm! – Yakov qətiyyətlə deyib başını buladı.
-
Necə yəni getməyəcəksən? – Vasili qışqırdı və çəlləyə dirsəklənib ayağa durdu.
– Mən sənə deyirəm, ya yox? Bu nədir, itin biri it, atana mırıldanırsan?
Yadından çıxartmısan ki, başına nə oyun gətirə bilərəm? Yadından çıxıb?
Onun
əsəbdən dodaqları titrəyir, ağız-burnu əyilirdi. Gicgahlarında iki damar
qabarmışdı.
-
Heç nəyi yadımdan çıxartmamışam. – Yakov atasına baxmadan yavaş səslə dedi. – Sən
özün necə, hər əməlin yadındadır?
- Sən
mənə ağıl öyrədə bilməzsən! Səni tikə-tikə doğrayaram...
Yakov
başını atasının yuxarı qalxan əlinin altından yana çəkdi və dişlərini qıcayıb
dedi:
- Sən
mənə əl vurma. Bura sənin üçün kənd deyil...
- Kəs
səsini! Mən hər yerdə sənin atanam!
-
Burda məni şallaqlaya bilməyəcəksən... – Yakov da atası kimi yavaş-yavaş ayağa
durdu.
Gözləri
qanla dolan Vasili boynunu qabağa uzadıb yumruğunu düyünlədi, onun araq iyi verən
isti nəfəsi oğlunun üzünə dəydi. Yakov geri çəkildi, qaşqabaqlı, zahirən sakit,
lakin bütün bədənini isti tər basmış halda, yumruqları dəf etməyə hazır vəziyyətdə
dayanıb atasının hər hərəkətinə diqqətlə göz yetirməyə başladı. Onların arasında stol yerinə qoyulmuş çəllək vardı.
Vasili
tullanmağa hazırlaşan pişik kimi belini büküb xırıltılı səslə soruşdu:
-
Döymərəm?
-
Burda hamı bərabərdir. Sən fəhləsən, mən də fəhləyəm.
-
Belə dee!
- Hə,
bəs necə? Sən niyə mənə acıqlısan? Elə bilirsən başa düşmürəm? Əvvəlcə sən
özün...
Vasili
qışqırmağa başladı və əlini elə sürətlə yuxarı qaldırdı ki, Yakov yana çəkilməyə fürsət tapmadı. Yumruq
başına dəydi, o səndələdi və dişlərini qıcırdadıb bir daha yumruğunu qaldıran
atasına qəzəblə baxdı.
-
Bax, özünü gözlə ha! – O da yumruğunu düyünləyib atasına xəbərdarlıq etdi.
- Mən
sənə göstərərəm özümü gözləməyi.
- Əl
çək deyirəm!
-
Aha... sən... atanı?.. Atanı?..
Bura
darısqal idi, boş duz qapçaqları, çəllək və tir parçası ayaqlarına dolaşırdı.
Rəngi
ağarmış, tərləmiş və hiddətindən dişlərini bir-birinin üstünə basıb, gözləri
canavar kimi parıldayan Yakov həmlələri yumruqla dəf edərək atasının qabağından
yavaş-yavaş geri çəkilir, hirsindən heç nə görməyən atasını isə hirslə
yumruğunu ata-ata ona hücum edirdi. Qocanın saçı birdən-birə qəribə şəkildə
pırtlaşmış, qudurmuş qabanın tükləri kimi qabarmışdı.
Yakov
komanın qapısından bayıra çıxdı.
- Əl
çək. Bəsdir. Əl çək!
Ata
qışqıra-qışqıra oğluna hücum edir, oğul da həmlələri yumruqla dəf edirdi.
Yakov
özünün daha cəld olduğunu bildiyindən atasını daha cinlədirdi:
-
Gör səni necə... görürsən...
-
Dayan... Dayan deyirəm...
Lakin
Yakov yana tullanıb dənizə tərəf qaçmağa başladı.
Vasili
başını əyib əllərini uzadaraq onun dalınca götürüldü, amma ayağı nəyəsə ilişdi
və o üzü üstə quma yıxıldı. Amma cəld də əllərini quma dirəyib dizi üstə
oturdu. Vasili lap taqətdən düşmüşdü, qisassız qalmış həqarət duyğusundan və zəifliyini
başa düşdüyündən qəhərlənib inildəməyə, ulamağa başladı.
- Səni
görüm lənətə gələsən! – O boynunu Yakova tərəf uzadıb, ağzına dolmuş köpüyü
sıçrada-sıçrada xırıldadı.
Yakov
qayığa söykənib dayanmışdı, əzilmiş başını əliylə sürtə-sürtə atasına baxırdı.
Köynəyinin bir qolu üzülüb bircə sapın üstündə qalmışdı, yaxası da cırılmışdı,
tərli sinəsi yağ sürtülübmüş kimi günəşin altında işıldayırdı. O indi atasına
nifrət edirdi. İndiyəcən ona elə gəlirdi ki, atası çox güclüdür, amma indi
qumluqda oturub onu yumruqla hədələyən bu saçı pırtlaşıq və miskin adama
baxdıqca, güclünün zəifə qarşı mərhəmətli və təhqiramiz təbəssümüylə gülümsəyirdi.
- Lənətə
gələsən! Ömrün uzunu!
Vasili
lənəti elə bərkdən qışqırdı ki, Yakov qeyri-ixtiyari dönüb dənizin uzaqlarına,
vətəgəyə tərəf baxdı, elə bildi ki, orda bu acizlik fəryadını eşidən olar.
Lakin
orda dalğalardan və günəşdən başqa heç nə yox idi. Onda Yakov yana tüpürüb
dedi:
- Nə
qədər istəyirsən qışqır! Kimə pis eləyirsən? Ancaq özünə... İndi ki aramız belə
açılıb, mən deyim, qulaq as...
- Kəs
səsini! Rədd ol gözümün qabağından. Get! – Vasili qışqırdı.
Yakovsa
atasının hərəkətlərinə baxa-baxa deyirdi:
- Kəndə
getməyəcəyəm. Qışı burda qalacağam. Mənim üçün bura yaxşıdır. Axmaq deyiləm,
bunu başa düşürəm. Burda dolanmaq asandır... Orda sən istədiyin kimi üstümdə
ağalıq edirdin, burdasa – al e!
O əlini
yumruq kimi düyünlədi, baş barmağını şəhadət və adsız barmaqlarının arasından
çıxartıb atasına göstərdi və yavaşdan gülməyə başladı, lakin elə güldü ki,
Vasili yenidən qeyzlənib ayağa durdu, avarı qapıb ona tərəf götürüldü,
xırıltılı səslə qışqırmağa başladı:
-
Atana? Atana-a? Öldürərəm!..
Amma
Vasili qayığa çatanda Yakov xeyli uzaqlaşmışdı. O qaçır, köynəyinin cırılmış
qolu dalınca uçurdu.
Vasili
avarı onun üstünə tulazladı, avar gedib çatmadı, mujik yenə də taqətsiz halda
döşü üstə yıxılıb qayığın üstünə sərildi və oğluna baxıb taxtanı dırnaqlarıyla
cırmaqladı, oğlu isə uzaqdan qışqıra-qışqıra deyirdi:
-
Heç utanırsan? Saçın-saqqalın ağarıb, amma bir arvadın üstündə bu cür vəhşiyə
dönmüsən... Eh, sənə nə deyim! Hamısı birdir, onsuz da kəndə qayıtmayacağam...
Özün get... Sənin burda işin-zadın yoxdur.
-
Yaşka, səsini kəs! Yaşka, öldürərəm səni. Rədd ol!
Yakov
yavaş-yavaş getməyə başladı.
Oğlu
getdikcə atası dəli kimi tutqun gözlərini zilləyib onun yerişinə baxırdı. O
getdikcə balacalaşır, sanki quma batırdı... belinəcən... çiyinlərinəcən... quma
batdı, sonra başı da görünmədi, yox oldu... Lakin bir az sonra, yoxa çıxdığı
yerdən bir az uzaqda yenə görünməyə başladı, əvvəlcə başı, sonra çiyinləri,
sonra bütün bədəni göründü... İndi o kiçilmişdi... Dönüb bu tərəfə baxır,
qışqıra-qışqıra nəsə deyirdi.
Vasili
yenə qışqırdı:
- Sənə
lənət olsun! Lənətə gələsən!
Yakov
fikir vermədi, yenə getməyə başladı və qum təpəsinin dalında gözdən itdi.
Qayığa
dirsəklənən Vasili bu narahat vəziyyətdən bel sümükləri sızıldayanadək uzun
müddət oğlu gedən tərəfə baxdı. O əzgin halda ayağa durdu və sümüklərinin
sızıltılı ağrısından səndələdi. Kəməri qoltuğunda yığılmışdı, keyimiş
barmaqları ilə kəməri açdı, onu gözləri önünə qaldırdı və qumun üstünə atdı.
Sonra çökək yerin qabağında dayanıb burda yıxıldığını və əgər yıxılmasaydı,
oğlunu tuta biləcəyini düşündü. Komada hər şey alt-üst olmuşdu. Vasili ora-bura
boylanıb araq şüşəsini axtardı və onu qapçaqların arasında görüb götürdü. Şüşənin
ağzındakı tıxac bərk basıldığı üçün araq dağılmamışdı. Vasili tıxacı
yavaş-yavaş tərpədib çıxartdı, elə şüşədən içməyə başladı. Amma əli titrədiyi
üçün şüşə də titrəyir, araq ağzından saqqalına, yaxasına tökülürdü.
Vasilinin
başı gicəllənir, ürəyi sancır, beli bərk ağrıyırdı.
Bərkdən:
-
Qocalmışam amma... – dedi və komanın ağzındakı qumun üstündə oturdu.
Dəniz
gözləri önündə sərilmişdi. Həmişəki kimi gurultulu, oynaq dalğalar gülürdü.
Vasili uzun müddət suya baxdı və oğlunun sözlərini xatırladı:
"Bu
dənizin tutduğu yer başdan-başa torpaq olsaydı! Həm də qara torpaq! Bura
şumlanıb əkilsəydi!”
Mujiki
acı bir duyğu bürüdü. Sinəsini bərk-bərk ovdu, ətrafa göz gəzdirib bərkdən ah çəkdi.
Başı aşağı əyildi və üstünə ağır bir şey düşübmüş kimi beli büküldü. Qəhərdən
boğazı tutuldu. Öskürüb boğazını arıtladı, göyə baxıb xaç çəkdi. Ağır fikirlərə
daldı...
...Bir
əxlaqsız qadına görə, on beş ildən artıq bir yerdə yaşayıb çiyin-çiyinə namusla
yaşadığı arvadını atdığı üçün allah onu cəzalandırdı – oğlu üzünə ağ oldu. Belədir,
ilahi!
Oğlu
onu təhqir etdi, ürəyinə bərk toxundu... Öz atasının ruhunu belə sarsıtdığı
üçün onu öldürmək də azdır! Nəyə görə? Bir pis, abırsız qadına görə! Qoca kişi
olduğu halda öz arvadını və oğlunu unudub bu qadına qoşulmaqla günaha batdı...
İndi
budur, allah öz müqəddəs qəzəbi ilə bu günahı onun yadına saldı, ədalətli cəzasını
verərək öz oğlunun əli ilə ürəyini parçaladı... Belədir, ilahi!..
Vasili
belini büküb oturmuşdu, xaç çəkir, gözlərinə dolan daşı sıxmaq üçün tez-tez
gözlərini qırpırdı.
Günəş
dənizə enirdi. Göydə qızaran tünd qırmızı şəfəq yavaş-yavaş çəkilirdi. Sakit
uzaqlardan əsən isti külək mujikin göz yaşı ilə islanmış üzünə toxunurdu.
Peşman Vasili yuxuya gedənəcən beləcə oturub qaldı.
Atasıyla
dava edəndən bir gün sonra Yakov bir dəstə fəhlə ilə bir yerdə, paraxodun yedəyində
gedən qayıqla vətəgədən otuz verstədək uzaqlarda uzunburun balıq ovuna çıxdı.
Beş gün sonra o tək, yelkənli qayıqla vətəgəyə qayıtdı, onu yemək gətirməyə
göndərmişdilər. O günortadan sonra, fəhlələr nahardan sonra istirahət edən vaxt
gəlmişdi. Hava dözülməz dərəcədə istiydi, od kimi qızmış qum adamın ayaqlarını
yandırır, bir tərəfdən də balıq pullarıyla balıq sümükləri ayağa batırdı. Yakov
addımını ehtiyatla ata-ata baraka tərəf gedir, çəkmə geyinmədiyi üçün özünü
söyürdü. O qayığa qayıtmağa tənbəllik edir, üstəlik də nəsə yemək və Malvanı
görmək üçün tələsirdi. Yakov dənizdə keçirtdiyi cansıxıcı vaxt ərzində Malvanı
tez-tez xatırlamışdı. İndi də bilmək istəyirdi ki, Malva onun atasıyla görüşüb,
ya yox, əgər görüşübsə də, atası ona nə deyib... Bəlkə də o Malvanı döyüb?
Döyülsə pis olmaz, burnu ovular, sözə baxar! Yoxsa çox dikbaş arvaddır!
Vətəgə
sakit, ətraf xəlvət idi. Barakların pəncərələri açıq idi, böyük yeşiklərə
oxşayan baraklar da, elə bil istidən əziyyət çəkirdi. Barakların arasındakı
prikazçik kontorundan uşaq ağlamağının səsi gəlirdi. Çəllək yığınları arasından
yavaş səslər eşidilirdi.
Yakov
cəsarətlə səs gələn tərəfə getdi, ona elə gəldi ki, Malvanın səsini eşidir.
Lakin çəlləklərə çatan kimi onların dal tərəfinə baxıb çəkildi və qaşlarını
düyünlədi.
Çəlləklərin
dalında kürən Seryojka əllərini başının altında qoyub uzanmışdı. Onun bir tərəfində
Vasili, o biri tərəfindəsə Malva oturmuşdu.
Yakov
atası haqda düşünməyə başladı:
"Onun
burda nə işi var? Bəlkə o arvada daha yaxın olmaq və məni ona yaxın buraxmamaq
üçün rahat yerindən əl çəkib vətəgəyə qayıdıb? Qoca şeytan! Sənin əməllərini
anam bilsəydi... Yanlarına gedim, ya getməyim?”
Seryojka
deyirdi:
-
Belə!.. Demək – xudahafiz? Neynək! Get, torpağı qurdala...
Yakov
sevinclə gözlərini qırpdı.
Atası
dedi:
-
Gedirəm...
Onda
Yakov cəsarətlə qabağa keçib salamlaşdı:
- Sədaqətli
dostlara salam!
Atası
ona ötəri nəzər salıb gözlərini yana çevirdi. Malva heç qaşını da tərpətmədi.
Seryojkasa ayağını silkələyib yoğun səslə dedi:
-
Budur, istəkli oğlumuz Yaşka uzaq səfərdən qayıdıb gəldi! – Sonra öz adi səsiylə
əlavə etdi. – Onun dərisini qoyun dərisi kimi soyub nağaraya çəkmək lazımdır!
Malva
yavaşca güldü.
Yakov
onların yanında oturub dedi:
-
Çox istidir.
Vasili
yenə ona baxdı.
- Mən
səni gözləyirdim, Yakov. – dedi.
Yakova
elə gəldi ki, atasının səsi xeyli dəyişib, sakitləşib, elə özü də dəyişilib.
-
Yemək aparmağa gəlmişəm. – Yakov bunu deyib Seryojkadan bir papirosluq tütün
istədi.
Seryojka
yerindən tərpənmədi.
- Mən
sənin kimi axmağa tütün vermərəm.
Vasili
qumu barmağıyla eşələyib dedi:
- Mən
kəndə qayıdıram, Yakov.
-
Niyə? – Oğlu ona məsum-məsum baxdı.
- Bəs
sən necə? Qalırsan?
- Hə,
mən qalacağam. Evdə ikimiz nə edəcəyik?
-
Yaxşı... Mən bir söz demirəm. Necə istəyirsən... Uşaq deyilsən ki! Ancaq sən
bunu... sən bunu yadında saxla ki, mən çox davam edə bilməyəcəyəm. Bəlkə birtəhər
yaşadım, amma bilmirəm necə işləyəcəyəm... Torpaqdan yəqin ki yadırğamışam. Bir
də yadında saxla ki, orda sənin anan var.
Görünür
o çətinliklə danışırdı. Sözləri pəltək adam kimi deyirdi. Saqqalını tumarlayan əli
titrəyirdi.
Malva
diqqətlə onun üzünə baxırdı. Seryojka bir gözünü qıydı, dəyirmi şəkil alan o
biri gözünü isə Yakova zillədi. Yakov çox sevinir və sevincini gizlətmək üçün
ayaqlarına baxırdı.
Vasili
deyirdi:
-
Ananı unutma... Özün bilirsən, sən onun tək balasısan...
Yakov
özünü yığdı:
- Mən
bilirəm...
-
Bilirsənsə daha yaxşı! – Atası şübhəylə ona baxdı. – Ancaq deyirəm ki, yadından
çıxartma.
Vasili
dərindən ah çəkdi. Bir neçə dəqiqə dördü də susdu. Sonra Malva dedi:
-
İndicə zəngi çalıb işə çağıracaqlar...
Vasili
ayağa durdu:
-
Yaxşı, mən gedirəm.
Onun
dalınca hamı ayağa durdu.
-
Salamat qal, Sergey! Volqa tərəfə yolun düşsə, bəlkə bizə dər baş çəkəsən?..
Simbirsk qəzası, Mazlo kəndi, Nikolo-Lıkovskoye volostu.
-
Yaxşı. – Seryojka onun əlini silkələdi, sonra onun əlini öz sarı tüklü güclü pəncəsində
saxlayıb Vasilinin üzünə baxdı və gülümsədi:
-
Lıkovo- Nokoloskoye böyük kənddir. Uzaq yerlərdə də tanınır, biz onun dörd
verstliyində oluruq. – Vasili başa saldı.
-
Yaxşı, yaxşı. Yolum düşsə gələrəm...
-
Salamat qal!
-
Sağ ol, əzizim!
Vasili
qadına baxmadan boğuq səslə dedi:
-
Salamat qal, Malva!
Malva
tələsmədən dodaqlarını koftasının qoluna sildi və ciddi tövrlə qollarını onun
boynuna dolayıb üç dəfə yanaqlarından və dodağından öpdü.
Vasili
çaşdı, sıxıldı və anlaşılmaz bir söz dedi. Yakov istehzalı təbəssümünü görməsinlər
deyə başını aşağı saldı, Seryojka isə göyə baxıb yavaşca əsnədi.
-
Yoldasənə isti olacaq...
-
Eybi yoxdur... Hə, salamat qal, Yakov!
-
Sağ ol!
Onlar
nə etmək lazım olduğunu bilmirdilər, eləcə üzbəüz dayanmışdılar. Bayaqdan
havada uçuşan "salamat qal” sözləri Yakovun qəlbində atasına qarşı səmimi duyğu
oytamışdı, amma o bilmirdi bu duyğunu
necə ifadə etsin. Malva kimi onu qucaqlasın, yoxsa Seryojka kimi əlini sıxsın?
Oğlunun üzündəki tərəddüd əlaməti Vasilini incidir, həm də pərt edirdi. O da
Yakovun qabağında sıxıntı hiss edirdi, elə bil utanırdı. Bu hiss dildə baş verən
hadisəni yadına saldığından və Malvanın öpüşündən yaranmışdı.
Nəhayət
Vasili dilləndi:
-
Deməli, ananı yaddan çıxartma!
Yakov
da mehribanlıqla gülümsədi.
-
Yaxşı da, sən narahat olma. Mən özüm bilirəm...
- Hə...
Burda birtəhər dolanın, allah işinizi avand eləsin... halal eləyin... Seryoqa,
qazanı orda, yaşıl qayanın yanında quma basdırmışam.
-
Qazan onun nəyinə lazımdır? – Yakov tez soruşdu.
- O
mənim yerimə təyin edilib... Orda, dildə qulluq edəcək.
Yakov
Seryojkaya, sonrasa Malvaya baxdı, gözlərindəki sevinc işartısını görməsinlər
deyə başını aşağı saldı.
-
Salamat qalın, dostlar. Mən getdim!
Vasili
baş əyib yola düşdü. Malva onun dalınca getdi:
-
Bir az ötürüm səni...
Seryojka
qumun üstünə uzandı və Malvanın dalınca getmək istəyən Yakovun ayağından
yapışdı.
-
Dayan görək... Hara?
-
Burax! Əlini çək! – Yakov dartındı.
Lakin
Seryojka onun o biri ayağndan da yapışdı.
-
Otur yanımda...
-
Yox əşi! Nə oyun çıxartırsan?
-
Oyun çıxartmıram. Otur!
Yakov
naəlac oturdu.
- Nə
istəyirsən?
-
Bir az gözlə. Danışma... Qoy mən fikirləşim, sonra sənə deyim...
Yakov
çarəsizliklə tabe oldu...
Malva
ilə Vasili dinmədən yan-yana gedirdilər. Malva yandan onun üzünə baxır, gözləri
qəribə şəkildə parıldayırdı. Vasili idə qaş-qabağını tökmüşdü. Ayaqları quma
batdığı üçün yavaş-yavaş gedirdilər.
-
Vasya!
- Nə
var?
O
qadına baxdı və dərhal üzünü çevirdi.
Malva
sakitcə dedi:
- O
var ki, Yaşka ilə səni qəsdən dalaşdırmışdım. Amma siz davasız da dolana bilərdiniz.
Vasili
bir az susandan sonra soruşdu:
- Bəs
sən niyə belə elədin?
-
Bilmirəm... Elə-belə...
Malva
çiyinlərini çəkib gülümsədi.
-
Çox yaxşı iş görmüsən! Nə deyim sənə! – Vasilinin səsində kin var idi.
Malva
dinmədi.
- Sən
mənim oğlumu korlayacaqsan, tamam korlayacaqsan. Heyif! Cadugərsən sən, cadugər...
Allahdan qorxmursan, həyan da yoxdur... Sən nə edirsən?
-
Neyləyim? Neyləmək lazımdır? – Qadın ondan soruşdu. Onun sualında həm
nigarançılıq, həm də kədər var idi.
Hirsindən
coşan Vasili qışqırdı:
-
Neyləmək? Ox, sənə nə deyim!
O
qadını vurmaq, ayaqlarının altına salıb tapdalamaq, döşünü, üzünü əzə-əzə quma
batırmaq istəyirdi. O yumruğunu düyünləyib dal tərəfə baxdı.
Orda,
çəlləklərin yanında Yakovla Seryojka dayanıb onlara baxırdılar.
- Rədd
ol get! Mən sənin boynunu burub üzərdim!
Vasili
qadının üzünə baxa-baxa, pıçıltıyla söyürdü. Gözləri qanla dolmuşdu, saqqalı
titrəyirdi, əllərisə ixtiyarsız havaya qalxır, arvadın örpəyinin altından çıxan
saçlarından yapışmaq istəyirdi.
Malva
isə yaşıl gözlərini ona dikib sakit-sakit baxırdı.
- Səni
gərək öldürəydim, fahişə! Hələ gözlə... birinə rast gələrsən... başını əzər...
Malva
gülümsədi, susdu, sonra dərindən ah çəkib dedi:
-
Yaxşı, bəsdir... Salamat qal!
Vasili
onun dalınca baxıb nərildəyir, dişlərini qıcıdırdı. Malva isə gedir və
ayaqlarını Vasilinin qum üstündəki dərin ləpirlərinə qoymağa çalışır, ləpirləri
ayağıyla silib qumu hamarlayırdı. Beləcə yavaş-yavaş gedib çəlləklər olan yerə
çatdı. Seryojka soruşdu:
- Hə,
ötürdün?
Malva
başının hərəkətiylə təsdiqləyib onun yanında oturdu. Yakov qadına baxıb gülümsəyirdi,
dodaqlarını elə tərpədirdi ki, elə bil nəsə pıçıldayır, heç kimin eşitmədiyi
sözlər deyirdi.
Malva
başıyla dənizə işarə edib Seryojkadan soruşdu:
- Sən
ora, dilə haçan gedəcəksən?
-
Axşam.
- Mən
də səninlə...
-
Bax!.. Buna varam!
- Mən
də gedəcəyəm! – Yakov qətiyyətlə dedi.
- Səni
kim çağırır? – Seryojka gözlərini qıyıb soruşdu.
İşləməyə
çağıran sınıq zəngin cingiltisi eşidildi. Zəng səsləri havaya yayılır və
dalğaların şən şarıltısı içində batıb gedirdi.
Yakov
cəsarətlə Malvaya baxıb dedi:
-
Odur, o çağıracaq!
- Mən?
Sən mənim nəyimə lazımsan? – Qadın təəccübləndi.
Sergey
ayağa durub dedi:
-
Açıq danışaq, Yaşka. Onun dalınca düşsən, səni elə əzişdirərərm ki, xəşilə dönərsən!
Barmağını vursan, həşərat kimi basıb öldürərəm! Kəllənə elə vuraram ki, o saat
yox olarsan! Mən uzunçuluğu sevmirəm!
Onun
sir-sifəti, gövdəsi və Yakova tərəf uzanan düyünlü əlləri çox inandırıcı surətdə
göstərirdi ki, dediklərini eləmək onun üçün adi və asandır.
Yakov
bir addım dala çəkilib boğuq səslə dedi:
-
Dayan... Qoy o özü...
-
Sus. Qurtardı getdi! Sən nəsən? Quzu əti sənin kimi itin xörəyi deyil, qabağına
gəmirmək üçün bir sümük atsalar, şükür elə! Hə, gözlərini niyə bərəldirsən?
Yakov
Malvaya baxdı. O yaşıl gözlərini Yakova dikib qəlbi incidən, insanı alçaldan
istehzalı təbəssümlə gülümsəyirdi. Birdən o Seryojkaya elə mehribanlıqla
qısıldı ki, Yakovu tər basdı.
Onlar
Yakovdan ayrılıb yan-yana getməyə başladılar və bir az aralanandan sonra bərkdən
gülməyə başladılar. Yakov sağ ayağını quma bərk basıb ağır-ağır nəfəs aldı.
Uzaqda,
donub qalmış sarı qum dalğaları üzərində balaca bir adamın qaraltısı hərəkət
edirdi, ondan sağ tərəfdə günəş şüalarını əks edən şən, əzəmətli dəniz
parıldayır, sol tərəfdə isə, ta üfüqə qədər uzanıb gedən yeknəsəq, kədərli, boş
qumluqlar görünürdü. Yakov o tənha adama baxdı, həqarət acısı və heyrətlə dolu
gözlərini qırpıb, sinəsini əlləriylə bərk-bərk ovdu...
Vətəgədə
iş yenidən qızışırdı.
Yakov,
bərkdən qışqıran Malvanın sinədən gələn xoş səsini eşitdi:
- Mənim
bıçağımı kim götürüb?
Dalğalar
şırıltı ilə səslənir, günəş nur saçır, dəniz gülürdü...
Tərcümə: H. Məmmədbəyli