
Mariya Pilkin. Sevgililər (hekayə)
- 05.02.2020
- 0 Şərh
- 2558 Baxış
Mariya
Pilkin (d. 1982) – şair, yazıçı, ədəbi tənqidçi. Moldova Yazıçılar birliyinin və
Rumıniya yazıçılar birliyinin üzvü. "İvan Qoq, sənin üçün şeirlər” (2015,
Piteştı) şeir kitabının, "Tənqidi astanalar” (2013, Yassı) və "Böyük Cokerlə əl-ələ”
(2013, Kişinyov) esse və tənqidi məqalələr kitablarının müəllifidir. İlk hekayələri
"Qısa proza kitabı” antologiyasında (2015, Kişinyov) və "Dacia literara”
jurnalında (2016, Yassı) jurnalında çap olunub. Moldova və Rumıniyanın aparıcı
mətbu orqanlarında çap olunur. Yaradıcılığı haqqında Kişinyovda və Buxarestdə məşhur
tənqidçilər məqalə yazıb. Moldova və Rumıniyanın nüfuzlu ədəbi mükafatlarının
laureatıdır.
Sevgililər
Onlar
ayda bir, ya da iki dəfə şəhər mərkəzində görüşürdülər. Restoranda oturub içməyə nəsə sifariş verirdilər. Çox vaxt
onlara qulluq edən ofisiant Oktavian deyir ki, onların sevimli yeri küçəyə
açılan pəncərənin qabağındakı masa idi.
Onlar
gəlirdilər, bir-birinin yanağından öpüb otururdular və söhbətə başlayırdılar.
Özlərini olduqca qəribə aparırdılar. Elə bil, ətrafda nələr olduğunu görmürdülər.
Qadın danışırdı, kişi qulaq asırdı. Sonra kişi danışırdı, qadın qulaq asırdı.
Kişinin çantasından kitab və nəsə hesab və ya əlyazma kağızları çıxartdığını
Oktavian bir neçə dəfə görmüşdü. Onlar uzun müddət bir-birinə baxırdılar, jestlərlə
danışırdılar, bərkdən gülürdülər. Qadın güləndə ağzını əliylə tuturdu, buna görə
də Oktavian onun ailəli olduğunu bilirdi. Çünki qadının barmağında üzük vardı.
Hərdən
də sakitcə oturub pəncərədən baxırdılar. Küçədən adamlar keçirdi, onlarsa tutqun
şüşənin dalından baxırdılar. Sevgililər üçün qəribə davranışdır, Oktavian
fikirləşdi, adətən sevgililər gözə görünməməyə çalışırlar.
Onlar
çox xoşbəxt görünürdülər və restoranın qlamur quruluşuna qətiyyən uyğun gəlmirdilər.
Oktavian gözəgörünməz olub yanlarında dayanmaq, nə danışdıqlarına qulaq asmaq
istəyərdi. Onların gülüşləri sirayətedici idi. Oktavian onlarla oturmaq istəyirdi.
Oktavian
əvvəlcə belə fikirləşirdi ki, onlar mehmanxanadan qabaq nəsə yemək üçün
restorana gələn sevgililərdir. Restorana belə cütlüklər çox gəlirdi. Direktor katibəsiylə, qırx-qırxbeş yaşlı müfəttiş
iş yoldaşıyla, imkanlı rəis az qala qızı yaşında olan cavan işçisiylə... Qızlar
bacardıqları kimi dolanmağa çalışırlar, Oktavian stəkanları silə-silə özlüyündə
deyirdi. Bu ölkədə başqa cür mümkün deyil. Stəkanları silib salfetləri düzə-düzə
fikirləşirdi ki, Parisdə də belədir. Və bu həmişə belə olub. Buna görə də qadınlar
Oktavian üçün çox da maraqlı deyildilər. Oktavian qadına fikir vermirdi. Pulu
qadının yanındakı verirdi. O portmanat idi. O başçı idi, qərarları o verirdi.
Qadınasa fikir vermək lazım deyil. Bu gün odur, sabah onun yerində bir başqası
olacaq. Qadın dekorasiyadır, əhəmiyyətsiz şeydir. Danışan ətəklər.
Amma
bu cütlük o biri cütlüklərə oxşamırdı. Hərdən lap üç saat otururdular. Onlar
başqaları kimi tələsmirdilər. Söhbət edirdilər. Gülürdülər. Hə, onlar çox və bərkdən
gülürdülər. Bunlar adi sevgililərdən deyillər, Oktavian fikirləşdi.
Kişinin
təxminən altmış yaşı olardı. Yaxşı görünürdü. Hətta yaraşıqlıydı. Simasından
yorğunluq, insanlar tərəfindən atılmışlıq oxunurdu. Onun qəhvəyi dəri çantası
vardı. Bahalı çanta. Saatı da bahalıydı. Adətən o çoxillik şərab və ya yaxşı
konyak içirdi. Az, amma yaxşı yeyirdi. Çaypulunu çox verirdi. Əynində brend,
zövqlə seçilmiş paltarlar olurdu, amma o markanı gözə soxanlardan deyildi.
İmkanlı adam idi. Qısası, adi müştərilərdən deyildi. Bu onun yerişindən,
menyunu götürməyindən, sual verməyindən bilinirdi. Hərəkətlərindən rəisə və ya
hansısa şirkətin rəhbərinə oxşayırdı. Qıraqdan belə görünürdü. Özündənrazı
deyildi, amma özünə hörmət edirdi. Kişilərin oynaşlarının yanında özünü necə
apardığını, necə danışdığını Oktavian artıq bilirdi, bu kişi elə deyildi. O
sakit idi, hərdən zarafat edirdi. Üzüyü yox idi. Onun qəşəng əlləri vardı.
Oktavian buna onlara üçüncü dəfə qulluq etdiyi vaxt fikir verdi, amma düzgün
müşahidə olmaya bilərdi, Oktavian subyektiv yanaşa bilərdi, axı çox çaypulu
alacağını bilirdi. Belə görünürdü ki, kişi tək yaşayır. Bütün hərəkətlərindən,
davranışından tənhalıq yağırdı. Bu onun hesab ödəməyindən bilinirdi. Pul kişi
üçün heç nə idi, mənasız, lazımsız şey idi. Bir də bu kişidə xüsusi kədər var
idi ki, bu da Oktavianda ona qarşı əlavə hörmət oyadırdı.
Növbəti
dəfə Oktavian kişinin ofisiant qızlara necə baxdığını gördü. Kişinin qızların ətəklərinə
necə baxdığını görəndə Oktavian fikirləşdi ki, onun yatağından az sərnişin keçməyib.
Bircə baxışla bunu başa düşmək olar. Oktavian kişinin barmaqlarını gördü, o
barmaqlarının pianoçular kimi oynadırdı. Amma onun aləti piano yox, xəyali qız
baldırları idi. Oktavianın qabağında savadlı bilici, professor oturmuşdu. Kişilər
bunu hiss edir, başa düşür, çoxluq içində it kimi bir-birini axtarıb tapır,
amma onlar iyləməklə yox, baxışmaqla tapa bilir. Qorxu filmlərində vampirlərin
bir-birini tapdığı kimi. Ancaq özlərinə məlum olan əlamətlərə görə bir-birini
tanıyırlar.
Qız
şən və özündən əmin idi. Təxminən iyirmi səkkiz yaşı vardı, çox olmazdı. Bir az
kök idi, kifir demək olmazdı, amma dəhşət gözəl də deyildi. Bu elə qadınlardan
idi ki, hər adam ömründə ən azı bir dəfə eləsi ilə yatmaq istəyir. Qız rola
girmirdi, hərəkətləri və danışığı çox təbii idi. Çox yeyirdi. Adətən qızlar
sevgililərin qabağında yemirlər. Oktavianın öz statistikası vardı. Qız yeyirdi,
gülürdü, danışırdı, tez-tez həmsöhbəti ilə razılaşmırdı. Bir dəfə Oktavian
öz-özünə sual verdi ki, görəsən kişi bu qızda nə görüb? O gözəl idi? Ola bilər,
deyə özü özünə cavab verdi. Və o gündən başlayaraq qızı da müşahidə etməyə
başladı. Qızın incə təbəssümü və sözlə ifadə etmək mümkün olmayan, ancaq qız
danışanda hiss olunan nəsə vardı. Bir axşam Oktavian qıza xeyli baxdı, qızla
seks səhnəsini təsəvvüründə canlandırmağa başladı. Bu elə qadınlardan idi ki,
seksdən sonra onunla siqaret çəkmək və ya söhbət etmək olardı. Hər qadınla bu
mümkün deyil. Qəşəng sinəsi vardı. Hə, dərisi də gözəl idi, ağ, ağappaq dərisi
vardı... Südlü qan, ruslar demişkən. Zövqlər mühakimə olunmur, Oktavian fikirləşdi.
Bir də ki, qadının kişinin yatağında nə etdiyini kim bilir? O odunlarla yatağa
girən dünya gözəllərini də görmüşdü. Amma üzü çilli balacaboy bir qız
Oktavianın erotik gözləntilərini dəyişdirmişdi, onda Oktavian tələbə idi və
Klujedəki Filologiya fakültəsinin yataqxanasında qalırdı, hə, Oktavian o
fakülteti oxumuşdu ki, gəlib Kişinyovda sevgililərin görüşdüyü restoranda
ofisiant işləsin.
Bir
neçə dəfə onların söhbətini eşidə bilmişdi. Əvvəl elə bilirdi qız kişinin
asistentidir. Bu biri dəfəsə fikirləşmişdi ki, onlar hansısa xarici
investisiyalı Avropa proyektində işləyirlər. Ümumiyyətlə, Oktavian onların nə
işlə məşğul olduğunu tapa bilməmişdi.
-
Xahiş edirəm, mənə ondan danış, - qız xahiş elədi.
- Məncə
bu yaxşı ideya deyil, - kişi cavab verdi.
Müşahidə
etmək Oktavianın xoşuna gəlirdi, o güdmürdü. Bu ona bir az xüsusi gəlirdi.
Cütlüksə özlərini ələ vermirdi. Hərdən onların atayla qızı olduğunu fikirləşmək
olardı. Aralarında nəsə bir sakitlik hökm sürürdü. Qadınla kişi arasında olan gərginlik
bunlarda yox idi, xüsusən aralarındakı yaş fərqinin hardasa otuz il olduğunu nəzərə
alsaq.
Ancaq
söhbətlərdən kəsik-kəsik frazalar, ancaq jestlər.
- Əgər
sənin üçün həqiqətən dəyərliyəmsə, onda bunu elə. – Qız bir dəfə dedi.
- Mən
bunu edəcəyəm. – Kişi sakitcə cavab verdi.
Oktavian
bir dəfə qızı supermarketdə gördü, rəflərin arasından onu bir az müşahidə elədi.
O bazarlığı xüsusi tərzdə edirdi. Özünə əmin idi, məqsədinə çatacağına əmin
olan pişiyin sakit və rəvan hərəkətlərinə oxşayırdı hərəkətləri. Oktavian bunu
izah edə bilmirdi, amma qadında onu xüsusi edən nəsə vardı. Orda Oktavian hiss
elədi ki, qadın adamlara qarşı çox seçicidir. Qadın elə tip qadınlardan idi ki,
o özü ilk addımı atmamış ona toxunmağa çəkinirsən. Ömründə bir dəfə, heç olmasa
cəmi bircə dəfə sahib olmaq istədiyin qar kraliçası. Telefonuna zəng gəldi və
qadın təmiz fransız dilində cavab verdi. İntellektual qadındır, deyə qadının əlindəki
GEOX çantasını görən Oktavian öz-özünə dedi. Dəri ayaqqabılar. Qadında hər şey
qədərində idi, nə zinət əşyaları vardı, nə də həddindən çox kosmetika. Görəsən əlindəkini
onun üçün kişi alıb? – Oktavian bir az arsızlıqla fikirləşdi, o özündən bunu
gözləməzdi.
Bir
dəfə də payız vaxtı bulvarda gəzən kişini gördü. O əmin addımlarla gedirdi.
Əynində yaxalığı qaldırılmış qara plaş və cins şalvar vardı. Yaxşı görünürdü.
Oktavian onun dalınca getməkdən özünü saxlaya bilmədi. O bilirdi ki, müştərilər
ofisiantların üzünü yadda saxlamır. Kişi firma mağazasına girdi. Siqar aldı.
Oktavian kişinin siqarlara necə toxunduğuna baxdı və özündə nəsə qəribə, möcüzəvi
bir şeyin baş verdiyini başa düşdü. Oktavian bu kişi kimi olmaq istəyirdi, bu
kişiyə oxşamaq istəyirdi, onun gözəgəlimliyinə, xarizmasına sahib olmaq istəyirdi.
Oktavian mağazadan çıxdı, elə bil hipnoz olunmuşdu, sirkə qədər piyada getdi.
Bir
dəfə cütlük mübahisə etdi, Oktavian bunu dayandığı yerdən aydın gördü. Həmin
gün onlara Oktavianın iş yoldaşı qulluq edirdi. Qadın ayağa durdu, təsadüfən
konyakı kağızların üstünə dağıtdı, pul çıxartıb stolun üstünə atdı və getdi.
Kişi
bir az da oturdu, yüz qram da Kalaraşa sifariş verdi, sonra hesabı ödəyib çıxdı.
Oktavian onları bir aya yaxın görmədi. Sonra bir yaz günündə cütlük yenə gəldi,
həmişəki yerlərində oturdular. Oktavian yaxınlaşıb sifarişi qəbul etdi. Qız
arıqlamışdı. Gözləri çuxura düşmüşdü, amma yenə gülürdü, pişik gözlərinə
oxşayan gözləriylə gülürdü, Oktavianın xoşuna gələn gülüşüylə gülürdü. Sonra
qız yüz qram Beluqa sifariş verdi. Birinci dəfəydi ki, qız alkoqol sifariş
edirdi. O adətən meyvə şirəsi və ya çay içirdi. Oktavian uzaqlaşanda kişinin
dediyini eşitdi:
-
Razıyam. Mənə inana bilərsən.
-
Çox sağ ol. – Qız cavab verib, çoxdan arzuladığı kuklanı aldıran uşaq kimi bərkdən
güldü.
Kişi
bir-iki dəfə öskürüb konyakdan bir qurtum içdi və sakitcə ona baxmağa başladı.
Qız da uzun müddət ona baxıb dedi:
- Hə,
mən qərar verdim. Sən mənim atam olacaqsan! Şənbə günü bizə gəl. İstəyirəm ərimlə
tanış olasınız. Dovşan bişirəcəyəm. Gələcəksən?
Oktavian
bunu eşidib bir anlıq donub qaldı.
- O
özünə ata axtarır!
Oktavian
o gecə evə qayıdan kimi anasına zəng edib, artıq otuz ildir ona əzab verən
sualı verdi:
- Mənim
atam kimdir? Söz vermişdin ki, bunu mənə deyəcəksən!
Tərcümə:
Həmid P.