
Marsel Prust. Silvani vikontu Baldassar Silvandın ölümü (Hekayə)
- 03.03.2020
- 0 Şərh
- 3133 Baxış
I
Şairlər deyir ki, Apollon tanrı
Admetin qoyunlarını otarırmış;
Hər adam özünü dəliliyə qoyan,
sima dəyişdirmiş tanrıdır onsuz da.
Emerson
-
Ağlamayın, müsyö Aleksis, çox güman, cənab vikont sizə at hədiyyə edəcək.
- Böyük
at, yoxsa poni? Hə, Beypo?
- Bəlkə
də cənab Kardenisin atı kimi böyük at bağışlayacaq… Amma belə ağlamayın… Bu gün
axı on üç yaşınız tamam olur.
At hədiyyə
olunmağı ehtimalı və on üç yaşının tamam olmağının xatırlanmağı Aleksisin yaşlı
gözlərini parıldatdı. Amma bu da onu sakitləşdirə bilməzdi, çünki Silvani
vikontu Baldassar əmisini ziyarətə gedəcəkdi. Əlbəttə, əmisinin sağalmaz xəstəliyə
tutulduğunu öyrənənədən sonra Aleksis bir neçə dəfə onu görmüşdü. Amma o vaxtdan
çox şey dəyişmişdi. İndi Baldassar taleyiylə barışmışdı və üç ildən çox
yaşamayacağını qəbul etmişdi. Aleksis əmisinin bunu necə belə rahatlıqla qəbul
etdiyini, nə üçün ürəyi partlamadığını başa düşə bilmirdi, həm də bu görüşün
onu kədərləndirəcəyini təxmin edirdi. Əmisinin onunla yaxınlaşan ölümündən
danışacağına əmin idi və nəinki onu təsəlli etməyə, heç öz göz yaşlarını
saxlamağa da gücü çatmayacağını bilirdi. Aleksis qohumları arasında ən cavanı, ən
hündürü, ən yaraşıqlısı, ən şəni, ən incəsi olan əmisini həmişə çox istəmişdi.
Əmisinin boz gözlərini, sarımtıl bığını, lap balaca vaxtı təhlükə hiss edəndə
gizlənə biləcəyi ən etibarlı istehkam olan dizlərini sevirdi. Bu dizlər ona
qala kimi alınmaz, taxta at kimi əyləncəli, məbəd kimi toxunulmaz gəlirdi. Aleksis
üçün həmişə tünd rəngli paltar geyinən və olduqca ciddi olan atasındansa
Baldassar əmi əsil ideal idi; əmisinin yaraşıqlı olduğunu və özünün də əmisinə
oxşadığını bilirdi; həmçinin əmisinin ağıllı, comərd və yepiskop və ya general
qədər güclü olduğunu da bilirdi. Düzdür, valideynlərinin danışıqlarından vikont
əmisinin müəyyən çatışmazlıqları olduğunu da öyrənmişdi. Aleksis xala oğlu Jan
Qaleasın əmisiylə zarafat edəndə Baldassarın necə cırnayıb özündən çıxdığını,
Parma hersoqu ona bacısıyla evlənməyi təklif edəndə sevincdən gözləri
parıldadığını və məmnunluğunu üzə vurmamaq üçün dişlərini qıcadıb Aleksisin heç
bəyənmədiyi mimikanı aldığını və Lukresiya onun musiqisini bəyənmədiyini deyəndə
qızla necə alçaldıcı tonda danışdığını yaxşı xatırlayırdı.
Valideynləri
tez-tez Baldassarın Aleksisin bilmədiyi başqa mənfi xüsusiyyətlərindən də
danışıb, qızğınlıqla onu qınayırdılar.
Şübhəsiz
ki, indi Baldassarın bütün çatışmazlıqları və bayağı mimikası yox olub gedib. Yəqin,
Jan Qaleasın lağlağısı, Parma hersoqunun dostluğu, hətta öz musiqisi də onun
üçün dəyərini itirib, axı iki il sonra öləcək. Aleksis əmisini hələ də
yaraşıqlı, amma bir az ciddi və bir az da yetkin təsəvvür edirdi. Hə, yetkin və
artıq bu dünyanın adamı olmadığını başa düşən biri kimi! Bundan başqa, onun kədərinə
bir az ümidsizlik və qorxu da əlavə olunurdu.
Atlar
çoxdan qoşulmuşdu, getmək vaxtı idi. Aleksis ekipaja mindi, sonra müəllimiylə məsləhətləşmək
üçün təzədən aşağı düşdü. Söhbət vaxtı birdən-birə möhkəm qızardı:
- Cənab
Leqran, əmim onun öləcəyini bildiyimi bilsə yaxşı olar, ya bilməsə?
- Bilmədiyinizi
zənn etsə daha yaxşı olar!
- Birdən
o bu barədə söhbət açsa?
- O
sizinlə bu mövzuda danışmayacaq.
-
Danışmayacaq? – Aleksis hər dəfə əmisiylə görüşünü təsəvvür edəndə, əmisinin
ölümdən danışacağını fikirləşirdi, amma əmisinin ölümdən danışmayacağı
ehtimalını heç fikirləşməmişdi.
- Birdən
danışdı?
- Onda
deyərsiniz ki, o, səhv edir.
- Bəlkə
məni ağlamaq tutdu, onda necə?
- Bu
gün səhər həddindən artıq ağlamısınız, daha ağlamayacaqsınız.
-
Ağlamayacağam! – Aleksis kədərli səslə qışqırdı. – Ağlamasam, onda əmim elə fikirləşəcək ki, onu sevmirəm, onun öləcəyi
üçün kədərlənmirəm… əziz əmim!
Və
Aleksis yenə ağlamağa başladı. Gözləməkdən yorulan anası onun dalınca gəldi və
onlar yola düşdülər.
Aleksis
hollda paltosunu sinəsinə ağ sapla Silvani gerbi işlənmiş yaşıl paltarlı lakeyə
verdi, sonra qonşu otaqdan gələn skripka səsinə qulaq asmaq üçün anasıyla bir
anlıq ayaq saxladı. Sonra şüşə divarlı dairəvi zala keçdilər. Vikont adətən bu
zalda vaxt keçirdirdi. Zala girən kimi dəniz görünürdü, sağ və sol tərəfdə isə
çəmənlik və meşəlik. Zalın dərinliyində iki pişik, güllər və çoxlu musiqi aləti
vardı.
Bir neçə
dəqiqə gözlədilər. Aleksis anasının üstünə atıldı, anası elə bildi onu öpmək
istəyir, amma Aleksis onun qulağına yaxınlaşıb pıçıltıyla soruşdu:
-
Əmimin neçə yaşı var?
-
İyunda otuz altı yaşı tamam olacaq.
Aleksis
istədi soruşsun ki: "Səncə o otuz altı yaşının tamamını görə biləcək?” – amma cəsarəti
çatmadı.
Qapı
açıldı, Aleksis titrəməyə başladı. Lakey dedi:
- Müsyö
vikont indi gələcək.
Tezliklə
lakey təzədən gəlib əmisinin hər yerə apardığı iki tovuzquşunu və çəpişi zala
buraxdı. Sonra ayaq səsləri eşidildi və qapı təzədən açıldı.
"Yəqin
yenə lakey gəldi, - hər dəfə qapı açılanda ürəyi döyünən Aleksis fikirləşdi, -
hə, mütləq lakeydi”.
Eyni
zamanda kiminsə incə səsini eşitdi:
-
Salam, balaca Aleksis, doğum günün mübarək.
Əmisinin
öpüşü onu qorxutdu. Çox güman əmisi də bunu hiss etdi və Aleksisə özünə gəlmək
üçün vaxt verib Aleksisin anasıyla, öz anası öləndən sonra dünyadakı ən çox
sevdiyi adam olan sevgili gəliniylə danışmağa başladı. Bir neçə dəqiqədən sonra
Aleksis özünə gəldi. Artıq bu cavan, ecazkar, az-maz rəngi ağarsa da, heç nə
yox imiş kimi şən halda söhbət edən əmisinə heyranlıqdan başqa heç nə hiss
etmirdi. Əmisinin boynuna sarılmaq istəyirdi, amma buna cəsarət etmirdi, bu hərəkətiylə
əmisinin özünəinamını sarsıda bilərdi. Əmisinin kədərli və incə baxışları ona
xüsusilə təsir edirdi, Aleksis ona baxdıqca ağlamaq istəyirdi. Aleksis bilirdi
ki, əmisinin gözləri həmişə belə kədərli olub, hətta ən sevincli məqamlarda da
elə bil əzablardan qurtulmaq üçün yalvarıb. Amma indi fikirləşirdi ki, əmisinin
danışığından qovduğu kədər gözlərində yerləşib və bu saat əmisinin varlığındakı
ən səsmimi şeylər bu kədərli gözlərlə arıqlayıb solğunlaşmış yanaqlarıdı.
- Əziz
Aleksis, - Baldassar dedi, - bilirəm ki, iki at qoşulmuş ekipaj sürmək istəyirsən.
Sabah sənin üçün at gətirəcəklər. Gələn il sənə ikinci atı, o birisi il isə
ekipaj bağışlayacağam. Bu il yəqin ki, at minməyi öyrənəcəksən. Mən qayıdandan
sonra yoxlayarıq. Qəti qərara gəlmişəm, sabah gedirəm. – Bir az susub əlavə etdi.
– Amma qısa müddətlik. Gedib-qayıtmağım heç bir ay çəkməz. Qayıdandan sonra
gedib sənə söz verdiyim komediyaya baxarıq.
Aleksis
əmisinin bir neçə həftəlik hansısa dostunun yanına gedəcəyini bilirdi, üstəlik,
hələ vikonta teatra getməyə icazə verdiklərini də bilirdi. Bura gəlməmişdən
qabaq əmisinin öləcəyi fikriylə dərindən sarsıldığına baxmayaraq, əmisinin
dediyi sözlər onu heyrətləndirdi.
"Getməyəcəyəm,
- Aleksis öz-özünə dedi. – Aktyorların zarafatı, tamaşaçıların gülməyi ona pis
təsir edəcək”.
- Bura
gələndə eşitdiyimiz gözəl ariya nə idi? – Aleksisin anası soruşdu.
- A!
Xoşunuza gəldi? – Baldassar sevincək halda soruşdu. – Bu, keçən dəfə sizə
dediyim romansdı.
"Görəsən
doğrudan sevinir? – Aleksis yenə öz-özündən soruşdu. – Bu vəziyyətdə
musiqisinin bəyənilməyinə necə sevinə bilər ki?”
Bu an
vikontun simasında dərin əzab göründü, rəngi ağardı, dodaqlarını sıxdı,
qaşlarını çatdı, gözləri yaşla doldu.
"İlahi!
– Aleksis fikirləşdi. – Rola girmək onun üçün nə qədər çətindir! Yazıq əmim! Nə
üçün dərdini bizimlə bölüşmək istəmir? Nə üçün hər şeyi özü tək çəkməyə
çalışır?”
Amma
Baldassarın vaxtaşırı keçirtdiyi iflic tutması tezliklə çəkildi və o, özünə gəlib
gözlərini sildi, yenə şən səslə danışmağa başladı.
- Mənə
belə gəlir ki, Parma hersoqu sənə qarşı əvvəlki qədər nəzakətli deyil, elədir?
– Aleksisin anası soruşdu.
- Parma
hersoqu? – Baldassar bərkdən dedi. – Parma hersoqu əvvəlki qədər nəzakətli
deyil! Nə üçün bu qərar gəlmisiniz, əzizim? Elə bu gün səhər ondan məktub
almışam, yazır ki, əgər dağ havası mənə xeyir olacaqsa, onda İlliriyadakı qəsrini
mənim ixtiyarıma verə bilər.
Cəld
yerindən sıçradı, amma yenə ağrısı tutdu deyə sancının təsirindən büzüşdü,
ağrının keçməyini gözlədi, sonra lakeyə qışqırdı:
-
Çarpayımın yanındakı stolun üstündə məktub var, onu gətirin.
Və
oxumağa başladı:
"Əzizim Baldassar,
Sizin üçün elə çox darıxmışam ki
və s. və i.a.”
Hersoqun
nəzakəti üzə çıxdıqca Baldassarın siması yumşalır, üzündə sevinc və özünəinam
görünürdü. Birdən, yəqin ki, bu qədər sevindiyini üzə vurmağın yaxşı olmadığını
fikirləşdiyi üçün yenə dişlərini qıcayıb, Aleksisin heç bəyənmədiyi mimikanı
aldı.
Baldassarın
dodaqlarını sıxıb aldığı bu mimika Aleksisin gözlərini açdı; əmisinə baxdığı
bütün vaxt ərzində onun artıq dünyadan qopduğu, ətrafdakı hər şeyin ötəriliyindən
ayrılıb ancaq ölümə kökləndiyi, simasında ancaq güclə özünü şən göstərən adamın
təbəssümünü görəcəyi fikrinin üstündən xətt çəkdi; Aleksis artıq şübhə etmirdi
ki, əmisi xala oğlu Jan Qaleasın zarafatlarına əvvəlki kimi hirslənəcək; həmçinin
əmisinin şənliyi, teatra getmək istəyi də qondarma deyil, əmisi hər nə qədər
ölümə yaxınlaşsa da, yenə həyat haqda fikirləşir.
Aleksis
evə qayıdandan sonra, haçansa özünün də öləcəyini fikirləşdi və bu fikirdən
kefi pozuldu, amma hər halda əmisindən fərqli olaraq, onun hələ qabaqda yaşamalı
uzun həyatı vardı, həmçinin əmisinin xalası qızı hersoqinya d`Aleriuvrdan da
çox, hersoqinyanın bağbanından da çox. Bağban Rokkonun xeyli pulu vardı, o
pulla rahatlıqla təqaüdə çıxıb qalan ömrünü yaşaya bilərdi, amma o daha çox
qazanmaq üçün hələ də işləyirdi, qızılgüllərinə görə əlavə pul almaq üçün
onlara cani-dildən qulluq edirdi. Həmçinin hersoqinya da yetmiş yaşı olmağına
baxmayaraq, səylə bəzənib-düzənir, qəzetlərdə onun nə qədər gənc qaldığını, şax
yerişini, evində təşkil etdiyi balların gözəlliyini, verdiyi naharların və
ağlının incəliyini mədh edən yazılar yazsınlar deyə pul verirdi.
Bu
nümunələr Aleksisin əmisinin hərəkətlərini görəndən sonra düşdüyü heyrəti
azaltmadı, əksinə, bir az da çoxaltdı, fikirləşdi ki, özü də daxil olmaqla hamı
ölümə yaxınlaşdıqca daha çox geri gedir, yaşamağa daha çox can atır.
Aleksis
başqaları kimi özünü aldatmamaq qərarına gəldi, dərs kitablarından oxuyub öyrəndiyi
peyğəmbərlərin həyatını xatırladı, onlar kimi bir neçə dostunu götürüb səhrada
inzivaya çəkilmək qərarına gəldi.
Qərarını
valideynlərinə deyəndə onlar gülməyə başladılar. Amma xoşbəxtlikdən, həyat
onlardan daha güclüydü və döşünü Aleksisə uzadıb onu bu fikirdən uzaqlaşdırdı.
Aleksis şirin südü əmməyə davam etdi.
II
Heyif, bədən kədərlidir…
Mallarme
Aleksisin
ziyarətindən bir gün sonra Silvani vikontu fikrini dağıtmaq və daim onu izləyən
kədərdən bir az qurtulmaq üçün üç-dörd həftəlik qonşu qəsrə getdi.
Qəsrdə
qonaq olan bir gənc qadın vikontun aldığı həzzi ikiqat artırırdı. Baldassara elə
gəlirdi ki, qadın ona vurulub, amma hər halda ona qarşı müəyyən qədər məsafə
saxlamağa çalışırdı: qadın olduqca təmiz idi və səbirsizliklə ərinin yolunu
gözləyirdi, bundan başqa, Baldassar qadının onu sevdiyindən əmin deyildi, ancaq
bu cür qadını şərəfsizliyə sürükləməyin nə qədər günah olacağını da başa
düşürdü. Münasibətin haçan dəyişdiyini bilmədi. İndi, haçan əmələ gəldiyini
bilmədiyi sözsüz razılıq anında Baldassar qadının biləklərini öpür, qadını
qucaqlayırdı. Qadın elə xoşbəxt görünürdü ki, Baldassar bir dəfə daha çoxuna cəsarət
etdi; əvvəlcə uzun-uzadı qadını öpdü, sonra xeyli sığallayıb-əzizlədi, daha
sonra yenə qadının gözlərini, yanaqlarını, dodaqlarını, boynunu öpməyə başladı.
Qadının gülümsəyən dodaqları vikontun dodaqlarına tərəf uzanırdı, parlaq gözləri
isə günəşin əksi düşən su kimi bərq vururdu. Baldassarın əlləri bir az da cəsarətləndi,
amma qadının üzünə baxanda rənginin ağardığını və enli alnının əzabla
qırışdığını gördü, elə bil qadının yorğun gözləri ağlayırdı, amma su çıxmırdı,
qadın dəhşətli dərəcədə əzab çəkirdi. Baldassar bir dəqiqə ərzində qadına
baxdı, qadın gözlərini qaldırdı, onun gözlərində yalvarış və rəhm oxunurdu,
amma şüursuz hərəkətlə titrəyən dodaqları öpülmək üçün alışıb-yanırdı. Nəhayət
daxili sarsıntılarını ələ verən gözlərini yumub öpüşməyə başladılar. Onlar bu
daxili sarsıntını görmək istəmirdilər. Xüsusən vikont səylə gözlərini açmamağa
çalışırdı, elə bil edam əmrini yerinə yetirən cəllad idi, qorxurdu ki, baltanı
endirəndə əlləri titrəsin. Baldassar qadının ehtirasa qapılan, sığal tələb edən
simasının yerinə əzab çəkən simasını görməkdən qorxurdu.
Gecə
düşmüşdü, qadınsa hələ də onun otağındaydı. Qadının dalğın gözləri quruydu. Nəhayət
qadın bircə kəlmə də demədən, Baldassarın əlini öpüb getdi.
Amma
vikont yata bilmədi. Elə bil qurbanının yalvarış dolu nəzərlərini üstündə hiss
edirdi. Birdən ağlına gəldi ki, qadın da indi yata bilmir və özünü olduqca tənha
hiss edir. Durub geyindi, ehtiyatla qadının otağına yaxınlaşdı, bacardıqca səs
salmamağa çalışdı ki, işdir birdən qadın yatıbsa, onu oyatmasın. Amma öz
otağına qayıtmağa da qorxurdu, otağında yer də, göy də, öz ruhu da ağırlığıyla
onu əzirdi. Beləcə qadının qapısının ağzında dayandı, hər an qapını açıb içəri
girə biləcəyindən qorxurdu. Səhərə qədər qadının nəfəs almağına qulaq asa-asa
qapının ağzından çəkilmədi, gah oturdu, gah diz çökdü, gah da uzandı. Səhər
sakit halda otağına qayıdıb uzun müddət yatdı və yüksək əhvalla yuxudan durdu.
Qalan
müddət ərzində ikisi də digərinin vicdanını rahatlatmaq üçün müxtəlif yollar
axtardı və Silvani vikontu öz evinə qayıdanda, eynən qadın kimi, o qaynar və qəddar
dəqiqələrin şirin, bir az da soyuq xatirəsini özüylə apardı.
III
Gənclik onun qulağını batırıb, o
eşitmir.
Madam de
Sevinye
On dörd
yaşı tamam olan gün Aleksis əmisinin yanına getdi, amma keçən ilki həyəcanı təkrarlanmadı.
Əmisinin bağışladığı atı davamlı sürmək onun gücünü çoxaltmışdı, Aleksis artıq
zəif deyildi və bütün gənc adamlar kimi, daim özünü gümrah hiss edirdi.
Atı sürətlə
çapıb külək yaradanda sinəsinin də qabardığını, bədəninin qış vaxtı yanan soba
kimi qızışdığını, alnının isə yolüstü sifətinə toxunan yarpaqlar kimi soyuq
qaldığını hiss edirdi. Bir vaxtlar əmisi Baldassarın qürur yeri olan, amma
artıq onu tərk edən həyat eşqi indi Aleksisə keçmişdi, gələcəkdə də ona xəyanət
edib gənc ürəkləri sevindirmək üçün gedəcəkdi.
Artıq əmisinin
zəifliyi Aleksisdə heç nəyi zəiflətmir, əmisinin tezliklə öləcəyi fikri
Aleksisdə nələrisə öldürmürdü. Qanının şən pıçıltısı və xoş arzuları xəstənin
ahu-zarını dinləməyinə mane olurdu. Aleksis bədəninin ruhuyla arasına qəsrlər
tikdiyi və hansısa xəstəlik və ya kədər peyda olub ruhunu təzədən oyadana qədər
ruhun qeyb olduğu yaş çağına qədəm qoymuşdu.
O, ətrafında
baş verən şeylərə öyrəşdiyi kimi, əmisinin ölümcül xəstəliyinə də öyrəşmişdi və
əmisinin hələ sağ olmasına baxmayaraq, onunla artıq ölü biriylə rəftar etdiyi
kimi davranmağa başlamışdı, bir vaxtlar onun xəstələndiyini eşidəndə ağlamağı,
özünü pis hiss eləməyi artıq yadından çıxmışdı.
Əmisi həmin
gün: "Balaca Aleksisim, sənə ikinci atla bir yerdə ekipaj da hədiyyə edirəm,” -
deyəndə, Aleksis başa düşmüşdü ki, əmisi özlüyündə: "ekipajı indi verməsəydim,
bəlkə də heç vaxt verə bilməyəcəkdim,” – deyə fikirləşib; Aleksis bu fikrin
özlüyündə çox kədərli olduğunu bilsə də, kədərlənə bilmədi, çünki artıq dərindən
sarsılıb kədərlənə bilmirdi.
Bir
müddət sonra oxuduğu kitabda bir cani obrazı gördü, onu sevən xəstə birinin ən
incə sözləri də caniyə təsir edə bilməmişdi, o obraz Aleksisi dərindən
sarsıtdı. Özünü kitabdakı caniyə oxşatdı, bu fikir gecə yatmağına da mane oldu.
Amma səhəri gün elə həvəslə at çapdı və valideynlərinə sevgisini elə izhar etdi
ki, vicdanı sakitləşdi və həyatdan zövq almağa, gecələr rahat yatmağa davam
etdi.
Silvani
vikontunun vəziyyəti isə ağırlaşmışdı, artıq çətinliklə hərəkət edirdi və qəsrdən
heç çıxmırdı. Qohumları və dostları onu tək qoymurdu. O, nə edir-etsin, nə
deyir-desin, fərqi yox idi, onu nə qohumları qınayırdı, nə də dostları ələ
salırdı. Elə bil, sözsüz razılıq əsasında etdiklərinə və dediklərinə görə heç bir
məsuliyyət daşımırdı. Hamı onun artıq həyatla vidalaşmaqda olan bədənindəki
ağrıları sakitləşdirməyə çalışır, ağrılar onun fikrini yayındırmasın deyə onu nəvazişlə
boğurdu.
Vikont
uzun axşam saatlarını ömrü boyu axşam ziyafətlərinə dəvət etmədiyi tək adamla –
özü özüylə keçirdirdi. Əzabkeş bədənini hiss etməkdən, pəncərəyə dirsəklənib dənizi
seyr etməkdən qəribə həzz alırdı. Ehtiraslı kədərlə çoxdan quraşdırdığı ölüm səhnəsini
fikirləşir, o səhnəni getdikcə uzaqlaşıb dumanda qeyb olan və buna görə daha da
gözəl görünən obrazlarla bəzəyirdi. Xəyalında artıq platonik sevgisi olan,
sarayında verdiyi ziyafətlərdə yüksək çinli zadəganların, Avropanın bütün
beyinlərinin iştirak etməyinə baxmayaraq, vikontun hökmranlıq etdiyi hersoqinya
Olivianayla vida səhnəsi canlanırdı. Elə bil axırıncı görüşləri haqda hekayəni
oxuyurdu:
"…Günəş artıq batmışdı, alma
ağacının yarpaqları arasından görünən dəniz zümrüd rəngindəydi. Üfüqdə solğun
budaqlar qədər yüngül, qüssə qədər sonsuz görünən göyümtül və çəhrayı buludlar
üzürdü. Çəhrayı kilsə qübbəsinin kölgəsinə təslim olan bir sıra qovaq ağacı kədərli
görünürdü; günəşin axırıncı şüaları artıq ağacların gövdələrinə düşmür,
budaqları arasından süzülür, yarpaqların arasından işıq çələngləri asırdı. Xəfif
meh dənizin, nəm yarpaqların və südün iyini bir-birinə qarışdırırdı. Hələ heç
vaxt Silvani çölləri belə melanxolik olmamışdı.
- Mən sizi çox sevirdim, amma çox
azını sizə verdim, - qadın dedi.
- Nə danışırsınız, Oliviana? Siz
mənə mənim arzuladığımdan daha çoxunu vermisiniz. Siz Madonna kimi səmavi, dayə
kimi incəydiniz, məni körpə kimi əzizləmisiniz. Sizi elə ülvi məhəbbətlə
sevirdim ki, bu sevgi cinsi təmas ümidiylə çirklənməmişdi. Sizsə mənə əvəzində
müqayisəyəgəlməz dostluq, sadə çay dəstgahı əhatəsində söhbət və təzə açmış qızılgüllər
verdiniz. Alışıb-yanan alnımı sərinlətməyi, quruyub çatlamış dodaqlarıma məlhəm
sürtməyi ancaq siz, ancaq sizin mehriban və ana əlləri qədər isti əlləriniz
bacardı.
- Əziz dostum, icazə verin əlinizi
öpüm…”
Təkcə
Kastruççonun məhəbbətinə aludə olmuş sirakuzlu knyaginya Pianın etinasızlığı hərdən
Baldassarın yadına düşür, onu ciddi-cəhdlə unutmağa çalışdığı qəddar reallığa
qaytarırdı. Elə axır vaxtlaracan getdiyi ziyafətlərdə knyaginya ilə qol-qola
girib gəzir, bu hərəkətiylə rəqibini alçaltdığını fikirləşirdi; amma
knyaginyanın gözlərindən başqa məhəbbətlə alışıb-yandığını, sadəcə vikont xəstə
olduğuna görə bunu üzə vurmadığını görürdü.
Baldassar
indi heç buna da qadir deyildi. Ayaqlarını hərəkət etdirə bilmədiyi üçün evdən
bayıra çıxmırdı. Knyaginya tez-tez onu başa çıxmağa gəlirdi, elə bil vikontun
qohumlarıyla, dostlarıyla razılığa gəlmişdi, həmişə də onunla incə-incə
danışırdı, əvvəllər olduğu kimi hirsini və ya onun sevgisinə qarşı
etinasızlığını nümayiş etdirməyə çalışmırdı. Knyaginyanın gəlişi Baldassara
başqalarının gəlişindən daha yaxşı təsir edir, onu sakitləşdirirdi.
Bir dəfə
stuldan durub stola tərəf gedəndə, lakey onun əvvəlkindən daha yaxşı gəzdiyini
görüb dərindən təəccübləndi. Həkim çağırdılar, amma o hələ dəqiq bir şey demədi.
Səhəri gün vikont bir az da yaxşı gəzdi. Növbəti həftə ona evdən çıxmağa icazə
verdilər. Qohumlarıyla dostlarında ümid cücərdi. Həkim dedi ki, ola bilsin
hansısa əsəb xəstəliyi iflic simptomlarını üzə çıxartıb, amma indi həmin xəstəlik
sağalmağa başlayıb. Həkim bunu əminliklə deyib əlavə etdi:
- Təbrik
edirəm, xilas oldunuz!
Edama məhkum
olunmuş vikont bağışlanmağını həyəcan və sevinclə qarşıladı. Amma bir müdddət
sonra, gözgörəsi yaxşılaşandan sonra sevinci narahatlıqla əvəz olunmağa
başladı. Özü hələ bilməsə də, xəstə yatdığı müddətdə əhatə olunduğu qayğı onda
ölüm fikrini cücərtmişdi. O səbəbini hələ bilmirdi, amma təzədən yaşamalı,
taleyin zərbələrinə sinə gərməli olduğunu və daha heç kimin onun qayğısını çəkməyəcəyini
fikirləşəndə anlaşılmaz qorxu hissi keçirtməyə başladı. Bir şey də vardı:
dumanlı da olsa hiss edirdi ki, özüylə - öz içindəki tanımadığı doğmasıyla,
saatlarla pəncərəyə dirsəklənib dənizdəki qayıqları seyr edə-edə söhbət etdiyi
məhrəmiylə tanış olandan sonra özünü həzzlərə və işə kökləmək asan olmayacaq.
İçində harda doğulduğunu bilməyən gəncin hələ görmədiyi təzə vətəninə qarşı baş
qaldıran məhəbbəti baş qaldırır, xəstə olanda əbədi sürgün kimi gördüyü ölüm
üçün darıxmağa başlayırdı.
Bir dəfə
ağlına bir fikir gəldi, deyəndə artıq onun sağaldığını bilən xala oğlu Jan
Qaleas əvvəlki kimi onu dolamağa başladı. İki ay ərzində hər gün səhər-axşam
onu ziyarət etməyə gələn qardaşı arvadı da iki gün idi ki, gəlmirdi. Bu ona
qarşı qəddarlıq idi. O həyatın qəddarlığını çox görmüşdü və təzədən onu hiss
etmək istəmirdi. Xəstəlikdən sonra həyatın cazibəsi hələ ona hakim ola bilməmişdi.
Tədricən gücü özünə qayıdırdı və gücü qayıtdıqca həyat eşqini də gücləndirirdi.
O evdən çıxmağa, yaşamağa və ikinci dəfə özünü itirməyə başladı. Bir ay sonra
yenə iflicin simptomları göründü. Keçən dəfəki kimi, yavaş-yavaş hərəkətdən
düşməyə başladı; bu dəfə ölümə necə yaxınlaşdığını müşahidə etmək üçün xeyli
vaxtı oldu. Amma bu dəfə Baldassar çox əsəbi olmuşdu, yaşamadığı həzzlərin
acısını çəkirdi.
Təkcə
çox sevdiyi, gündə bir neçə dəfə Aleksislə gəlib onu başa çıxan qardaşı arvadı
Baldassarın axırıncı günlərinə müəyyən qədər rahatlıq gətirə bilirdi.
Bir dəfə
nahardan sonra qardaşı arvadı vikontun yanına gedirdi, qəsrə çatmağa lap az
qalmış atlar nədənsə hürküb oynaqladı, qadın ekipajdan yıxıldı, yoldan keçən
atlının atı altında qaldı, huşsuz və başı yarılmış halda Baldassarın qəsrinə gətirildi.
Qəzadan salamat çıxmış arabaçı tez vikontun yanına qaçıb hadisəni danışdı.
Vikontun sifəti saraldı, gözləri şişib hədəqəsindən çıxdı, dişlərini qıcadı; hirslə
arabaçının üstünə şığıdı. Amma elə bil vikont bu qışqırıqlarla hansısa xəstənin
iniltisini basdırmaq istəyirdi. Tezliklə bu iniltilər onun qışqırığını batırdı
və o stula çöküb hönkürməyə başladı.
Sonra o
ağladığı bilinməsin deyə üzünü yudu, istəmirdi qardaşı arvadı onu belə görsün.
Qulluqçu kədərli halda başını yellətdi: xəstə hələ özünə gəlməmişdi. Vikont iki
gün, iki gecə onun yanında oturdu. Qadın hər an ölə bilərdi. İkinci gecə çox təhlükəli
əməliyyatı keçirtməyə razılaşdılar. Üçüncü gün xəstənin qızdırması düşməyə
başladı və xəstə Baldassara baxıb gülümsədi, vikont sevincdən ağlamağa başladı.
Vikont addım-addım ona yaxınlaşan ölümə fikir vermirdi, indi isə ölümlə üzbəüz
dayanmışdı. Ölüm onu ən çox sevdiyi adamla sınağa çəkmişdi; vikont ölümə yalvardı
və ölümün ona yazığı gəldi. Baldassar özünü güclü və azad hiss edirdi. İndi o
ölümün düz üzünə baxırdı və daha şairanə səhnələr uydurmurdu.
IV
Sabah, sabah, sabah… ah, bu
sabahlar!
Kiçik addımlarla hey günü-gündən,
Sürünür, can atır bəxt kitabımın
Sonuncu, kədərli səhifəsinə.
Bizim keçmişimiz, dünənlərimiz,
Deməli, daima biz axmaqların
Məzar yollarını işıqlandırıb.
Həyat nədir axı? Gəzəri kölgə,
Səhnədə sürəkli hay-küy qoparan,
Tez də unudulan, can evi viran,
Biçarə, zavallı bir aktyordur.
Həyat sarsaqların acı dilində,
Cəfəng söz yığını, boş bir
nağıldır.
Şekspir.
Maqbet
Qardaşı
arvadının başına gələn bədbəxt hadisəyə görə keçirtdiyi həyəcanlar və yorğunluq
Baldassarın xəstəliyini sürətləndirmişdi. Rahib demişdi ki, uzağı bir aylıq
ömrü qalıb.
Səhər
saat on idi, leysan yağış yağırdı. Bir ekipaj qəsrə yaxınlaşdı. Hersoqinya
Oliviana gəlmişdi. Baldassar öz-özünə fikirləşdi ki, özünə əcəb axırıncı görüş
səhnəsi fikirləşibmiş:
"Bu, gözəl axşamlardan birində
olacaq. Günəş batacaq. Alma ağaclarının yarpaqları arasından görünən dəniz
zümrüd rənginə çalacaq. Üfüqdə solğun budaqlar qədər yüngül, qüssə qədər sonsuz
görünən göyümtül və çəhrayı buludlar üzəcək…”
Amma hər
şey başqa cür oldu: hersoqinya Oliviana səhər saat onda gəldi. Çirkli göyüzü elə
bil yerə yaxınlaşmışdı, leysan yağış yağırdı. Xəstəlik Baldassarı lap əldən
salmışdı, artıq əvvəl gözünə gözəl, möhtəşəm görünən şeylər onu cəzb etmirdi,
ağlı daha yüksək fikirlərlə məşğul idi. Buna görə də hersoqinyaya xəbər göndərdi
ki, çox zəifdir, onu qəbul edə bilməyəcək. Hersoqinya israrla görüşmək istədiyini
desə də, vikont onu qəbul etmədi. Vikont bunu nəyəsə görə eləmirdi, sadəcə
hersoqinya artıq onun üçün mövcud deyildi. Ölüm vikontun bir neçə həftə əvvələ
qədər köləsi olmaqdan dəhşətli dərəcədə qorxduğu bağları qırmışdı. Vikont
hersoqinya haqda fikirləşməyə çalışdı, amma bu xatirələr onun nə ağlına, nə
fantaziyasına, nə də əbədiyyən susmuş qüruruna heç nə vermədi.
Ölümünə
təxminən bir həftə qalmış Bohemiya hersoqinyasının bal təşkil edəcəyini, Pianın
isə o balda iki gün sonra Danimarkaya getməli olan Kastruçço ilə katilon qərsi
oynayacağını eşitdi. Pianı yanına çağırmaqlarını istədi. Qardaşı arvadı qarşı
çıxmağa çalışdı; Baldassar isə Piayla görüşməyinə mane olduqları üçün hirsləndi.
Xəstəliyindən əlavə bunun da fikrini çəkməsin deyə Pianın dalınca adam göndərdilər.
Pia gələndə
vikont sakit, amma olduqca kədərli idi. Pianı çarpayısının yanına çağırırb
Bohemiya hersoqinyasının balından danışmağa başladı.
- Biz
qohum deyilik, siz mənim üçün yas da saxlamayacaqsınız, amma bir arzumu yerinə
yetirməyinizi istəyərdim: söz verin ki, bu bala getməyəcəksiniz.
Bir-birinə
dikdikləri gözlərində ölümün də qovuşdura bilmədiyi kədərli və ehtiraslı
ruhlarını görürdülər. Baldassar Pianın çətinlik çəkdiyini başa düşüb
dodaqlarını dişlədi, lap astadan dedi:
-
Yaxşısı heç nəyə söz verməyin! Ölüm ayağında olan birinə verdiyiniz sözə əməl
edə bilməyəcəksinizsə, söz verməyin!
- Sizə
söz verə bilmərəm. Onu iki aydır görməmişəm, bəlkə bundan sonra bir də görməyəcəyəm.
Əgər bala getməsəm, ömür boyu peşman ola bilərəm.
-
Haqlısınız. Axı onu sevirsiniz… Mən öləcəyəm, siz isə hələ təzə-təzə çiçək
açırsınız… Heç olmasa mənim üçün bunu edin: baldan tez çıxın. Əgər mən də bala
gəlsəydim, şübhələrimi dağıtmaq üçün mənimlə bir az vaxt keçirtməli
olacaqdınız. Həmin vaxtı balda keçirtməyin. Nə olar, bir az da məni fikirləşin!
Bir neçə dəqiqəlik də olsa, ruhumu yanınıza çağırırn.
- Buna
da söz verə bilməyəcəyəm. Bal çox qısa olacaq. Axıracan dayansam da, onu çox az
görə biləcəyəm. Növbəti günlərdə bir neçə dəqiqəmi sizə həsr edərəm.
- Yox,
siz bunu edə bilməyəcəksiniz. Siz məni unudacaqsınız! Amma əgər bir il sonra,
hansısa kitabı oxuyanda, kimsə öləndə və ya yağışlı bir gecədə sizin yadınıza
düşsəm, - mənə böyük bir yaxşılıq etmiş olacaqsınız! Sizi bir də heç vaxt, heç
vaxt görə bilməyəcəyəm… Sizi ancaq xəyalən görə bilərəm, onda da gərək siz də məni
fikirləşəsiniz. Mən daim sizi fikirləşəcəyəm ki, haçansa məni görmək istəsəniz,
ruhumun qapıları sizin üçün açıq olmuş olsun. Görəsən o qonaq haçan gələcək? Qəbrimin
üstündəki güllər noyabr yağışlarında çürüyəcək, iyun günəşinin altında quruyaca q, ruhumsa həmişə sizi gözləyəcək. O! əgər
haçansa sizə bağışladığım hansısa hədiyyə, ölüm ildönümüm və ya fikirləriniz məni
sizin yadınıza salsa və siz məhəbbətimin sərhədlərinə yaxınlaşsanız, onda sizi
gördüyümü, eşitdiyimi hesab edəcəyəm, gəlişinizlə hər yer çiçək açacaq. Məni
fikirləşərsiniz! Amma təəssüf! Sizin ciddiyyətinizlə ölümün, ehtiraslarla həyatın
edə bilmədiyini bacaracağına ümid edə bilərəmmi?
V
Heyif, susdu böyük, gözəl bir ürək.
Yatın, rahat yatın, gözəl şahzadə!
Müqəddəs göylərdən enib mələklər,
Sizə lay-lay çalsın nəğmələriylə.
Şekspir.
Hamlet
Vikont
titrədir, sayıqlayırdı. Yatağını Aleksisin on üç yaşı tamam olan gün
oturduqları dairəvi zalda salmışdılar.
Vikont
bu zalda bir tərəfdə dənizi, o biri tərəfdə çölləri görə bilirdi. O, hərdən
danışmağa başlayırdı, amma sözləri axır həftələrdə ağlını məşğul edən fikirlərlə
əlaqəni tamam itirmişdi. Elə bil kimsə başının üstündə dayanmışdı, o da həmin
adamı lənətləyir, dövrünün ən istedadlı musiqiçisi və ən yaxşı zadəganı
olduğunu deyirdi. Sonra birdən sakitləşib mehtərə tapşırırdı ki, ekipajı
qoşsun, ya da ova getmək üçün hazırlaşsın. Sonra Parma hersoqunun bacısıyla evlənəcəyini
deyirdi və bütün Avropa monarxlarını toy ziyafətinə dəvət etmək üçün poçt
kağızı istəyirdi. Uduzduğu məbləği verə bilmədiyinə görə stolun üstündəki kağız
kəsmək üçün işlədilən bıçağı götürüb revolver kimi özünə tuşlayırdı. Keçən gecə
döydüyü polisin sağ qalıb-qalmadığını öyrənmək üçün çapar göndərir, əlindən
tutduğu qadına gülə-gülə əxlaqsız sözlər deyirdi. İradə və Dərrakə adlı mələklər
artıq onu tərk etmişdi.
Üç gün
sonra, axşam saat beşdə özünə gəldi, elə bil dumanlı şəkildə xatırladığı, amma
cavabdeh olmadığı pis yuxu görmüşdü. Yatdığı vaxt ərzində qohumların və
dostların yanında olub-olmadığını soruşdu və əgər bir də bu hal təkrarlansa,
onda hamını yanından çıxartmağı əmr etdi. Zalı nəzərdən keçirtdi və Çin vazının
üstünə çıxıb xrizantemi iyləyən qara pişiyini görəndə gülümsədi. Sonra hamıdan
çıxmağını istədi və rahiblə uzun-uzadı söhbət etdi. Amma etiraf mərasimindən
imtina etdi. Bir saat sonra qardaşı arvadıyla Jan Qaleası yanına çağırıb dedi:
-
Taleyimə boyun əyirəm, ölüb Tanrının hüzuruna gedəcəyim üçün xoşbəxtəm.
Otaq
isti olduğu üçün dənizə baxan pəncərələri açdılar, amma meşə və çöl tərəfdən
külək əsirdi deyə, o tərəfə baxan pəncərələrə dəymədilər.
Baldassar
dedi ki, çarpayısını açıq pəncərələrin qabağına çəksinlər. Limanda bir neçə dənizçi
balaca gəmiylə üzməyə hazırlaşırdı. On beş yaşlı yaraşıqlı uşaq göyərtədə əyilmişdi,
hər dəfə dalğa gəmini yellədəndə elə bilirdin uşaq yıxılacaq, amma o, güclü
ayaqları üstündə sabit dayanırdı. O, duzlu dodaqlarıyla yanan qəlyanını sıxıb
balıq torunu atırdı. Yelkəni doldurub havalandıran külək Baldassarın ciyərini də
doldururdu. O, bir daha dada bilməyəcəyi həyat nemətlərini görməmək üçün üzünü
çevirdi. Sonra təzədən gəmiyə tərəf baxdı. Gəmi lövbərini yığırdı.
- Bu
Hindistana gedən gəmidir, - Jan Qaleas dedi.
Baldassar
sahildə dayanıb dənizçiləri yola salanları görmürdü, amma onların baxışlarını
hiss edirdi. Onların hələ qabaqda neçə illik ömürləri vardı, çox şey görüb, çox
şey yaşaya bilərdilər. Lövbəri qaldırdılar, qışqırıq eşidildi, gəmi qaramtıl
sularla qərbə - gəmiylə buludun seçilmədiyi üfüqə və günəşin şirin vədlər
verdiyi tərəfə üzməyə başladı.
Baldassar
bu pəncərələri bağlayıb meşəylə çölə tərəf baxan pəncərələri açmağı əmr etdi. O
çölə baxdı, amma hələ də gəmidən eşidilən səslər qulağına çatdı və o nəzərində
qəlyan çəkə-çəkə toru atan uşağı canlandırdı.
Baldassarın
əli əsdi. Birdən o lap uzaqdan gələn, ürək döyüntüsünü xatırladan səs eşitdi.
Bu çox uzaq kənddə çalınan zəngin səsiydi, külək onu çöllərin və çayların
üstündən keçirdib Baldassarın qulağına çatdırmışdı. Bu səs ona tanış idi; ürəyinin
də zəng səsinin ritminə uyğun döyündüyünü hiss etdi. O, nəfəsini içinə çəkib zəng
səslənən vaxt buraxdı. Ömrünün hansı çağında olur olsun, hər dəfə zəng səsini
eşidəndə, uşaq vaxtı düzənliklə qəsrə qayıtdığı vaxt eşitdiyi zəng səsini
xatırlayırdı.
Elə həmin
dəqiqə həkim hamını çağırırb dedi:
- Axır
nəfəsidi!
Baldassar
gözlərini yumub uzanmışdı, artıq ölümün batırdığı qulaqları zəng səsini
eşitmirdi, amma Baldassar ürəyiylə zəngi hiss etməyə davam edirdi. O, səhərlər
gəlib onu öpən, axşamlarsa yerinə salıb ayaqlarını əlləriylə isidən, yata bilməyəndə
yanında oturan anasını görürdü; Robinzon Kruzonu xatırlayırdı; bacısının
bağçada oxumağını xatırlayırdı; ona böyük musiqiçi gələcəyi vəd edən müəllimini
xatırlayırdı; bu sözlərin anasında yaratdığı həyəcanı xatırlayırdı. İndi daha
anasının və bacısının arzularını yerinə yetirmək üçün gec idi. Altında
sevgilisinə evlənmək təklif etdiyi cökə ağacını və nişanının pozulduğu günü
xatırlayırdı. O gün ancaq anası onu sakitləşdirə bilmişdi. Qoca dayəsini
öpdüyünü və birinci skripkasını əlində tutduğunu təsəvvür edirdi. Bunların
hamısını çöllərə baxan pəncərələrdən vuran incə və kədərli işıq uzaqlığında görürdü.
Baldassar bunların hamısını gördü, baxmayaraq ki, həkimin "Axır nəfəsidi!” deməyindən
cəmisi iki saniyə keçmişdi.
Həkim
ayağa durub dedi:
-
Canını tapşırdı!
Aleksis,
anası və Jan Qaleas indicə gəlib çatan Parma hersoquyla bir yerdə mərhumun
qabağında diz çökdülər. Açıq qapının ağzında qulluqçular ağlayırdı.
Tərcümə: Həmid P.