
XVI əsr Azərbaycan şairi Məhəmməd Bəsirinin divanı tapılıb
- 15.07.2020
- 0 Şərh
- 13897 Baxış
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov
İstanbulun Süleymaniyyə Kitabxanası və Tehran Milli Kitabxanasından XV-XVI əsrlərdə
yaşamış Azərbaycan şairi Məhəmməd Bəsirinin divanının avtoqraf nüsxələrini əldə
edib.
Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.
Bildirilib ki, 1534-cü ildə vəfat etmiş Bəsirinin 1466-cı ildə doğulduğu
ehtimal edilir. Gənclik illərində Ağqoyunlu hökmdarlarının sarayında yaşamış
şair 1487-ci ildə Xorasanın paytaxtı Herata səyahət edib. Hüseyn Bayqara,
Əlişir Nəvai və Əbdülrəhman Caminin rəğbətini qazanan Bəsiri vətənə qayıtdıqdan
sonra Türkiyəyə köçüb, orada da vəfat edib. Türkiyə müəlliflərinin təzkirələri
onun yaradıcılığının yerli ədəbi mühitə təsir etdiyi barədə məlumat verir.
İndiyədək Azərbaycanda şairin cəmi bir neçə şeiri məlum idi. Bəsiri divanının
İstanbul nüsxəsinin əvvəlində onun farsca şeirləri, sonra isə 1 qəsidə və 46 qəzəli
yer alıb. Şairin divanının Tehran nüsxəsi də farsca şeirlərlə başlanır. Burada
Azərbaycan türkcəsində 4 qəsidə və 74 qəzəl var. Şairin Ağqoyunlu və Osmanlı
hökmdarlarına, yüksək vəzifəli şəxslərə həsr etdiyi qəsidələr onun yaşadığı
dövr haqqında daha ətraflı məlumat öyrənməyə kömək edir.
Əlyazmalar İnstitutunun məlumatında bildirilir ki,
bu yeni şeirlər əsasında Bəsirinin şeirlər toplusunu nəşr etdirmək nəzərdə
tutulur.