Mehman Qaraxanoğlu. Afroditanın səndəli (Ədəbi sezintilər)
- 04.03.2020
- 0 Şərh
- 8686 Baxış
Haqqında
yazdığım yazarların bəziləri məni, obrazlı desək, İçərişəhərin tənha, dar,
dolanbac küçələrində (bilmirəm, o küçələr indi qalıb, ya yox?!) görəndə bəh-bəhlə
təşəkkür edirlər, amma şəhərin magistral yollarında görəndə, illah ki,
yanlarında "tənqidçi patriarxlar” olanda çalışırlar özlərini görməzliyə
vursunlar. Və mən də həmin andaca aralarımızda yaranan nəhəng qara boşluğa təbəssüm
göstərib keçirəm...
***
Reallıqlar
ilan soyuqluğu ilə metaforların içərisindən də keçir... Belə bir cəhddə bulunaq:
Qarşımızda seçki qutusuna bənzər nəsə vardır. Oxuculardan – "seçici”lərdən tələb
olunur ki, ən yaxşı əsərə səs versinlər.
Bizim məntəqədə
əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Müşahidəçilər arasında Sofoklu, Esxili,
Kafkanı, Nəcib Məhfuzu, Con Steynbeki, Selinceri çox asan tanımaq olur. Amma
adamda belə bir qənaət hasil olur ki, onlar seçki marafonunu müşahidə etməkdən
daha çox əylənməyə gəliblər. Düşünürük ki, haqları da vardır!
İlk əvvəl
müəlliflər "görünür”. Onlar üçün ayrılmış pərdəli seçki kabinəsinə keçib yalnız
özlərinə səs verirlər. Maraqlıdır ki, alt paltarında utanıb eləmədən topa-topa
"səslər” gizlədən plagiatçı yazarlar da bir səslə kifayətlənib məntəqəni tərk
edirlər.
Sol əlinin
baş barmağı işarələnən oxucular yüksək fəallıq göstərib bəyəndikləri əsəri
seçirlər. Zatən, hər şey yaxşı gedirdi. Lakin şəffaf, ədalətli və demokratik
keçən seçki sonda ən istedadlı yazarları məyus etdi. Məlum oldu ki, "Yaddaş
kitabı”ı nə komissiya sədri, nə seçicilər,
nə yazıçı-namizədlər və nə də müşahidəçilər oxuyublar. Ona görə də onlar əslində,
kimə gəldi səs veriblər...
***
Cəlil Məmmədquluzadənin
"Anamın kitabı” təkcə bir kitabdan ibarət deyildir. O dahinin bütün başqa mətnləri
kimi bu mətn də sirli, eyhamlı, çoxlaylı və çoxqatlıdır. Yalnız əsərin sonunda
Gülbaharın öz başı üstünə qaldırdığı kitab anasının kitabıdır. (Unutmaq olmaz
ki, ananın kitabını da ata Əbdüləzim yazıb!) Amma buna qədər ortada dörd kitab
da vardır: 1. Rüstəm bəyin kitabı 2. Mirzə Məhəmmədəlinin kitabı 3. Səməd
Vahidin kitabı 4. Və gözəgörünməyən simvolik Mirzə Cəlil kitabı.
Mirzə Cəlil
kitabının "müəllifi” senzorun özüdür. Bu işdə ona "kömək edənlər” də vardır:
Rüstəm bəy, onun arvadı Zivər, Gülbahar və çoban Qənbərin adlarını çəkə bilərik.
Amma ədib dahiyanə ədəbi bir fəndgirliklə bütün "müəllif hüquqları”nı senzora
verib. Ona görə də senzor əsərdə çox sərbəst və "azad”dır. Onu dərindən tanımaq
üçün oxucunun özü də ona "senzorluq” eləməlidir.
Senzorun
düşüncə yarpaqlarından bir-ikisini "qoparaq” :
"...bir
tәrәfdәn Qafqaz Azәrbaycanını, digәr tәrәfdәn İran Azәrbaycanını ki, ibarәt
olsun Tәbriz, Tehran, Gilan, Osmanlı vә İran Kürdüstanı, Urmu vә qeyrilәrә-bu
vilayәtlәri bir-birinә ilhaq edib, müstәqil Azәrbaycan hökumәti әmәlә
gәtirәsiniz”.
"Xub,
bunlar cәmisi rus lüğәtlәridir. Bunlardan bizim üçün bir mәtlәb hasil olmadı.
Bunları yığışdırın qoyun yerinә. Pәs sizin müsәlman kitabınız mәgәr
yoxdur?”.
"Se n z
o r (üzünü polis mәmuruna vә fәrraşlara tutub). Xub, biz getmәli olduq. (Üç
qardaşa) hәzәrat, bәndә bir saat bundan әqdәm sizin üçünüzün dә barәsindә bir
özgә xәyalda idim. Amma kitablarınızı görәndәn sonra, dәxi indi fikrimi
bilmәrrә dәyişdim. İndi nә fikirdәyәm, o da qalsın mәnim öz yanımda; lakin
özümә fәrz bilirәm hökumәtә әrzi-hal edib sizi ümәnayi-dövlәt yanında әn sәlamәt
vә cümlәsindә hesab edәm. Mәni әfv buyurasınız vә sәlamәt qalasınız”.
"İndi
nә fikirdәyәm, o da qalsın mәnim öz yanımda”. Hətta senzor da öz "azadlığ”ından
nəsə qurban verib fikirlərini gizlədir. Və Mirzə Cəlil kitabı ən sirli və müəmmalı
bir kitab kimi "qapanmış olur...”
***
Misilsiz
dərəcədə gözəl, qəliz və sirli mətnlərə "toxunuşumuz” Panın Afroditaya
toxunuşuna bənzəyir. Mətnin də gücü ona çatır ki, bizi sükutu, pauzası, vergül,
nöqtə, qoşa nöqtə, nöqtəli vergül, üç nöqtə və sairə "absurd” nəsnələri ilə
xoflandırıb "qorxutsun”. Xatırlayırsınızsa, İlahə də Panı səndəli ilə qorxutmaq
istəmişdi...
***
Baharın
gəlişini gözləmədən çiçək açmış alça ağaclarını gördükdə az qala qışqırmaq istəyirəm:
"Siz nə edirsiniz?!” Amma özüm-özümə toxtaqlıq verib mızıldanıram: "Məgər mətnləşdirdiyin
"Baharın gəlişini gözləmədən” ifadəsi yerindəmi işlənib? O ağaclar müstəqil şəkildə
gözləmə hüququna malikdirlərmi?! Ən dəhşətlisi odur ki, sənə gözləmə hüququnu
da bir başqası versin, bir başqası diktə etsin! Və diktə eləyənin adının da
"Qış” olması ikiqat əzab və zülümdü! Gənc və istedadlı yazarlar çox zaman mənə
həmin alça ağaclarını xatırladırlar...
***
İstedadlı
gənc yazıçı Həmid Piriyev kommetlərinin birində yazır: "Roman yazmaq xalça
toxumağa oxşayır. Necə ki, xalçanın bir ilməsini çəksən, bütün ilmələr sökülüb
gəlir, romanın da bir cümləsini çəksən, mətn dağılmalıdı”. Çox dəqiq müşahidələrdir!
Belə "parlaq” mübhəm işarələri ilk dəfə Heminqueyin nəsrində gördüm. Onda mən də
Həmid kimi çox gənc idim və baxışlarım "uzaqlar”a dikilmişdi. Folkner haqlı
idi: "Heminquey çox çətin yazıçıdır. Onun məharəti işinin sadəliyindədir. Ancaq
məni ən çox cəlb edən Heminqueyin iş metodu, onun zərgər dəqiqliyidir”.
İllər
keçdi.. Cəlil Məmmədquluzadəni dərindən tanıyandan sonra özüm-özümə dedim:
"Bizdə də varmış ki... Özü də Heminqueydən çox-çox əvvəl...”. Və "Mirzə Cəlil nəsrində
son cümlə”ni yazdım. Əslində, dünya ədəbiyyatında ilk beş əsrarəngiz xalçanı
Nizami toxumuşdu. Təəssüf ki, bunları zamanında mənzum roman kimi dünyada
tanıda bilmədik. Əksinə, bərbad tərcümələrlə onun belini sındırdıq. Yox, öz ədəbiyyatımızın
belini sındırdıq! Adama toxunan odur ki, Nizami poemaları haqqında İtalo
Kalvino səviyyəsində bir esse də yaza bilmədik...
Yuxarıdakı
fikirlərə yalnız bunları "əlavə” edərdim: İstənilən gözəl mətn xalça kimi
toxunur. Bir ipi dartsan, bütün iplər qaçacaq...