
Mehman Qaraxanoğlu. Biz rahat ölmək üçün yazırıq... (Ədəbi sezintilər)
- 18.12.2019
- 0 Şərh
- 1835 Baxış
Payız tərəfindən "təksilah” olunmuş ağaclar özlərini
elə aparırlar ki, guya qışla müharibəyə hazırlaşırlar. Ürəklərinin dərinliklərində
onlara bəllidir ki, heç bir müharibə-zad olmayacaq; qış da minillərboyu gördüyü
əzəli və əbədi işini görəcək – onları geyindirib abıra salacaq...
***
Tarkovski ilə barışmaq məcburiyyətindəyik: "İncəsənətin
əsas məqsədi insanı ölümə hazırlamaqdır”. Əslində, Sokrat da fəlsəfi çabalarının
nəhayətsiz sonluğunda ölümü dərk etmək problemini qoyurdu. Biz ölümü dərk etmək
üçün əlləşirik. Yaradıcılıq da bunun üçündür...
Çox zaman deyirlər: Yaradıcılıq ölümə qarşıdır.
Yoxdur belə bir şey! Ölümə qarşı nə varsa, ölümdən əvvəl ölümə məhkumdur. Biz
"qarşı çıxmaq”, "qarşı olmaq”, "aksiya” sözlərini çox sevirik, guya bu sözlərlə
öz özgürlüyümüzü və müxalifliyimizi bəyan etmiş oluruq.
Absurddur! Biz yalnız ölümlə yanaşı addımlayanda və
ya ölüm küpünün dibsiz qaranlığında özümüzü sərməst hiss edəndə (istəsək, istəməsək
də belədir!) "yaradıcı” adımızı qoruya bilərik. "Mən ölümsüz olmaq üçün yazıram” kimi cəfəng şeyləri başınızdan tullayın
getsin! Biz rahat ölmək üçün yazırıq...
***
Bizdə hərə bir yolla öz ədəbi məhsulunu dünyaya
çıxarmaq istəyir. Bütün başqa sahələrdə olduğu kimi, burada da antiharmoniya
baş alıb gedir. Düşün, dünyanın sənin məhsuluna ehtiyacı varmı? Gör dünyada
kimlər var!
Sən, bəlkə düşünürsən ki, dünya səni cavanlığına
(burada: təcrübəsizliyinə!) bağışlayacaq?! Pullarını bihudə xərcləmə! Biz
yaşından asılı olmayaraq, yalnız dünya çapında olan ən yaxşı məhsullarımızı
dışa yansıtmalıyıq!
***
Qarşımda bir kitab vardır. İstedadlı gənc dostum Həmid
Piriyevin hədiyyəsidir. Kitabın mil-mil köynəyinin üstündə (qorxunc assosiasiya
doğursa da!) yazılıb: "Qanadlı körpü”. Bir qədər yuxarıda müəlifinin adı:
Ataqam!
Epiqraf da çox maraqlıdır: "Hər dəfə sən kitab
oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar”.
Biz incəsənətdə məntiqi və riyazi mühakimələri rədd
edən birisiyik. Kənardakı həqiqəti (şişirdilimiş metaforaları, təşbehləri) də
zorla hər hansı bir mətnə pərçim eləyənləri görən gözümüz yoxdur! Bizim bir
dünyamız vardır; o da mətndir! Kitabı oxuyanda ağaclardan əvvəl özüm sevindim.
Azərbaycan ədəbi arealının çox zaman şişirdilmiş, yalançı və saxta tozanağında
belə bir yazıçının varlığına sevindim! Dünyaya çıxara biləcəyimiz bir yazıçının
da bizimlə həməsr olmasına sevindim!
Xərçəng hüceyrələri sarımsaqdan qaçdığı kimi,
istedad da ədəbi cameədən qaçır. Çünki o, öz yerini bilir: Onun yeri tənhalıqdır!
Ataqam qaçır...
Özü də hiss eləmədən tənhalıqdan tənhalığa qaçır...
Özü bilər!
Amma biz mil-mil köynəkli "məhbus”u dünyanın ən
uzaq həbsxanalarına köçürməyi unutmamalıyıq...
***
Tarix çox "şübhəli” bir elmdir. Sualı maksimalistcəsinə
belə də qoymaq olar: Elmdirmi? Kiminsə fikirləridir, müəllifi yadıma gəlmir,
"tarix şəxsiyyətlərin tarixidir, əgər biz şəxsiyyətləri tarixdən çıxarsaq,
ondan nə qalar? Heç nə!” Amma ədəbiyyat, bu, başqa məsələ! (Tələsməyin, fikrim ədəbiyyatı
tarixə qarşı qoymaq deyildir). Ədəbiyyatdan heç nəyi çıxarmaq olmur!
Belə bir eksperiment aparaq, həmin tarixi şəxsiyyətlərlə
eyni epoxada yaşayan hər hansı bir yazıçını şərti personaj kimi onların boş
qalmış yerlərinə qoyaq! Çox dəhşətli bir mənzərə alınacaq! Məlum olacaq ki,
tarixdən silinib getmiş şəxsiyytələrin, xüsusən, diktatorların hamısı sağdır.
Vladimir İliç Lenin də, İosif Stalin də, Mao Çze Dun da, Auqusto Pinoçet də gülümsəyir
bizə...
***
Hər hansı bir yazıçı öz memuarının qəhrəmanına
çevrildikdə, onda istər-istəməz "özünüqoruma” instinkti işə düşür, qapal
sferada reallığın imitasiyası başlanır və o, tədricən antiqəhrəmana çevrilir.
"Xatıratım”ın aşağıdakı cümlələrlə başlanması dahi
Mirzə Cəlilin ən böyük məğlubiyyəti idi: "Gözümü ömrümdə birinci dəfə açan kimi
dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır:
Allahu əkbər! Allahu əkbər!”.
O özü
də hiss eləmədən Tanrının böyüklüyünə məğlub olur. "Xatiratım”ın tən yarısı həmin
məğlubiyyətin proyeksiyasıdır. Yarımbaşlıqlara diqqət edin: "Namaz”, "Meyit
büsatı”, "Şadlıq namazı” və s. Sanki totalitar rejimdən gələn məxfi mesajlarla
yazılır bu hissələr. Rejim onun "allahsızlığını” əsaslandırmalıydı, ya yox?!
"Xatiratım”
1926-cı ildə yazılmışdır. "Qırmızı çarx” (Soljinitsın) sürət yığmaqda idi...