
Mehman Qaraxanoğlu. Divlərin zavallı halı (Miniatürlər üzərindən ədəbi sezintilər)
- 12.02.2020
- 0 Şərh
- 5368 Baxış
Miniatür
və pərdə... Zahirən uzaq anlayışlardır. Amma gerçəklikdə onlar bir-birini çox
gözəl tamamlayırlar. Şərq miniatürlərinin əsrarəngizliyi onların sirli-sehrli və
müəmmalı bir pərdə arxasında olmasındadır. Çünki Tanrı da hər şeyi pərdədə
sevir. Tanrının dürlü-dürlü adlarından birinin də Pərdədar (Pərdəçi) olmasından
xəbəriniz varmı?! Nəsimi necə deyir?!
Pərdə çəkmiş ara yerdə
pərdədar,
Pərdə içindən bəri
bax, gör nə var.
Adəmi gör, adəmi bil,
adəmi,
Adəmin əsrarını bilməz
dəvar.
***
1590-1600-cü
illərdə çəkildiyi güman edilən və hal-hazırda şəxsi kolleksiyada saxlanılan
misilsiz bir Şərq miniatürü belə adlanır: "Rəssam və xəttatlar iş zamanı”.
Tabloda heyranedici bir dinamika vardır, təsvir olunan on üç kişi fiquru həmin
dinamikanı özünəməxsus bir şəkildə təcəssüm etdirir – duruşlarından tutmuş üz
ifadələrinədək... Bir qədər aralıdan tabloya baxdıqda şüurumuzda dördmərtəbəli
bir ev assosiasiya olunur. Amma "mərtəbə”lər donuq halda deyillər, gözümüzün
önündə yerlərini tez-tez dəyişirlər. İlk mərtəbədə olan tək bir kişi yuxarıya
açılan "pəncərə”dən işin gedişini seyr edir. Tabloda əsl yaradıcı əhval-ruhiyyə
təsvir olunur. Bir sözlə, möcüzəli bir karuseldir, sanki...
Lakin
bizi düşündürən tamam fərqli bir nəsnədir. Niyə şair və yazıçılarımız, xüsusən,
romançılarımız hər hansı bir əsər üzərində rəssam, musiqiçi və heykəltaraşla
birgə işləmirlər?! Qədim və orta əsrlərdən gələn maraqlı təcrübəyə niyə arxa
çevirməliyik? Kimsə durub deyə bilər ki, onsuz da teatr və kino sənəti
dramaturq, rejissor, rəssam və bəstəkarın birgə fəaliyyətinin məhsuludur.
Razıyıq! Məhz ona görə həm teatr, həm də xüsusən, kino sənəti çox irəliləyib!
Əgər bu işbirliyi "xammal”ın hasilə gəldiyi andan başlansa, zənnimizcə, daha
effektli olar.
Kamal
Abdulla, Aydın Talıbzadə və Niyazi Mehdi virtual olaraq Cavad Mircavadov, Qəyyur
Yunus və Firəngiz Əlizadə ilə, Şərif Ağayar və Rəşid Cavanşir Quliyev, Məzahir
Ərtuğ Avşar və Adil Əsədli ilə, Mübariz Örən və Ataqam Vaqif Mustafazadə və Ömər
Eldarovla, Ömər Xəyyam, Mirmehdi Ağaoğlu, Ayxan Ayvaz, Hədiyyə və Sərdar Amin
Eldar Mansurov və Sakit Məmmədovla müştərək bir roman üzərində işləsəsər (təbii
ki, çox sayda fərqli variantlar da olacaq), yalnız ədəbiyyatımız qazanacaq...
"Qarlı”
bir haşiyə: Miniatürçü rəssamlar elm və incəsənətin müxtəlif sahələrinə, xüsusən,
ədəbiyyata dərindən bələd idilər. Bu anda mətnin soyuq informatik budağına kəpənək
kimi zərif və zərli bir ad gəlib qondu: Səttar Bəhlulzadə adı. O deyirdi: "Mənim
bir rəssam kimi yetişməyimdə üç müdrik bir sənətin: qədim xalça və miniatür sənətimizin,
bir də ki, Füzulinin odlu-alovlu poeziyasının böyük təsiri olub”.
***
Hətta
divlərin də zavallı və miskin bir günə düşdüyü anlar olur... "Key Xosrov Bəhmənin
qəsrini ələ keçirmiş divi əsir edir” miniatüründə olduğu kimi. İkibuynuzlu insan
simasında olub, kəndirlə əl-qolu bağlanan və ayıb yerlərini örtməyə belə macalı
olmayan divi Key Xosrov arxasınca sürüyür. Divin cəzası da divə layiq
olmalıdır! Elədir də! Bunula işimiz yoxdur! Sadəcə, divin üzündəki sonsuz
insani kədəri gördükdə dəhşətə gəlirəm. Düşünürəm ki, bizim kədərimiz divin
üzündə nə gəzir? Və ya Yer üzünün bütün başqa canlılarında?! Barışmadığım tək
bir şey budur! Qəfil ağlıma gəlir ki, hələ bunlar azmış kimi, Təpəgöz də insani
dildə "Aman, gözüm! Vay, gözüm!” deyir...
***
"Yaz
bağçasında şərab məclisi”. Təbriz miniatür məktəbinə mənsubdur. 1430-cu ildə çəkilmişdir.
Miniatürdə dörd insan obrazı və bir çiçəklənmiş ağac təsvir olunur. Əgər biz
ağacı ümumi fondan çıxarsaq, yaz "itəcək”. Çünki zahirən yalnız ağac kultu yazı
simvolizə edir. Amma daha diqqətlə baxdıqda yaz bütünlüklə obrazların
traktovkası, geyim, görünüş (səhnə) və rəng plastikasındadır...
***
"Rəssam
Mir Müsəvvirin portreti” kəskin dramatizmi ilə fərqlənir. Gözündə girdə şüşəli
eynək olan rəssam ayaqlarını qatlayaraq dizi üstə orurub. Sonsuz ehtiras və sənət
yanğısı ilə sağ əliylə aşağıdan, sol əliylə yuxarıdan tutduğu qədim əlyazmanın
üzərinə əyilib. Əlyazma da vücudunun hərəkət trayektoriyasına uyğundur. Adama
elə gəlir ki, ortada iki simvolik sual işarəsi vardır; birincisi, suallaşmış
fiziksəlliyi ilə rəssamın cavab aradığı sual, ikincisi, mətnin (əlyazmanın!)
onun qarşısına qoyduğu sual!
Miniatürün
bu cüt interpretasiyası (yozumu!) kiməsə qəribə gələ bilər. Amma biz bu qənaətdəyik
ki, mətnlə işləyən (bizim üçün daş da, kətan da, yun iplər də, səs və rənglər də
mətndir və ya "dünya mətdir” anlamında!) hər bir sənətkar iş prosesində təkcə
onu narahat edən suallara deyil, həm də tədricən canlanan mətnin onun
qarşısında qaldırdığı sualları da cavablandırır. Yalnız müəllifin hakimiyyəti
altında olan "mağmın” və "üzüyola” mətnlər ölü olur...
***
"Adəm və
Həvvanın cənnətdən çıxarılması” (qovulması, yox!) miniatüründə (Təbriz,
1550-1560-ci illər) mifizim, mistik realizm və simvolizm üzvi şəkildə birləşir.
Adəm və Həvva yarıçılpaqdırlar. Birincisi əjdaha (və ya böyük qanadlı ilan),
ikincisi isə tovuz quşu belində cənnəti tərk edir. Məlum olduğu kimi, ilan və
tovuz quşu iblisə bələdçilik etdiyindən onlar da Tanrı tərəfindən cənnətdən
çıxarılma cəzasına məhkum olurlar.
Geniş
rakursdan yanaşdıqda, cənnətdən çıxarılma, bəlkə də ən bəşəri və ən əzəmətli
bir ayindir. Biz buna möhtəşəm "yolasalma” da deyə bilərik. Minatürçü rəssamlar
bu fikri açıq olmasa da, eyhamla bizə bildirirlər. Sözügedən münatürdə də
çoxsayllı qanadlı məxluqların müşayiəti ilə baş tutan bu ayin söylədiyimiz
fikri simvolizə edir...