Mehman Qaraxanoğlu. Lənətə gəlmiş ədəbiyyat (Ədəbi sezintilər...)

Mehman Qaraxanoğlu. Lənətə gəlmiş ədəbiyyat (Ədəbi sezintilər...)

İnsanlar güllü, naxışlı, zərli pərdələri çox sevirlər. Bəlkə də içərisində olduqları tənhalığın dərəcə və "dozası”nı bununla azaltmaq istəyirlər? Bəlkə, zərli "şəbəkələr”dən baxmaqla dışın bozluq və monotonluğundan qisas alırlar? Bizə məlum olmayan üçüncü variant da ola bilər. Bax, yazıçı məhz onun üzərində düşünən şəxsdir. Bəlkə də o variant heç mövcud deyildir. Amma sənətkar (Master!) bizi onun varlığına inandırmaqla məşğuldur...

***

Kompüterin klavliaturasını tozdan qoruyan "material”ın qapqara hikkəsini nə   daraq, nə güzgü parçası, nə ağ salfetka, nə pivə bakalı, nə də onun bir qarış yaxınlığında olan dümağ yorğan üzü soyuda bilir...

***

Lənətə gəlmiş ədəbiyyat söhbətini ataq bir kənara! Bəlkə, qarğa-quzğunu qorxutmaq üçün bostana sancılan müqəvvadan danışaq?! Təklif edirəm ki, onu tək buraxmayaq, özümüz də gedib duraq onun yanında...
***

Qış dumanı...
Süd içdiyin stəkanı yumamış, ona çay süzüb içmək kimi bir şey...

***

Bizdə gənc şairlər "məharət”lə sərbəst şeirin sındırılmış əzaları arasında gizlənir, kəsik qolları arasında "xumarlana” bilirlər. Dünya nəsri (təəccüblənməyin, ən çox nəsri "şeirləşdirirlər”) və poziyasından gələn təşbeh və metaforalar, ritm və intonasiya imitasiyası nə qədər desən... Hələ düz-əməlli "tale dişləri”ni çıxarmayanlar 4-5 şeir kitabı qoyur ortaya. Döşlərini qabağa verib bizdə və xaricdə aldıqları mükafatlarını da qışqıra-qışqıra sayırlar. "Tənqidçi”lər də (Çörək Ovçuları!) böyrürlərində müntəzir dayanıb! Onların mətnlərindəki "açar sözlər”ə diqqət edin: Postmodernizm, intertekstullaıq, sintez, Bart, Eliot və s. Müəllif özünə, mətninə deyil, daha çox "tənqidçi”nin sicilləmələrinə inanır. Gözünə döndüyüm "tənqidçi” də müəllifi istənilən "izm”in deşiyinə soxub çıxarır...

*** 

Diqqət etmisinizmi, su kranının altında yuyulan hər bir qabın özünəməxsus səsi olur. Su şırnağının zərbəsi onlara dəydiksə həmin səslər mətbəxə dolur. 
Sözlər də belədir. Hətta eyni səslərdən əmələ gələn sözlər də  arınıb təmizləndikcə fərqli səslər çıxarırlar. Bu, mahiyyətin səsidir!
***

Hüzür yerlərində mizin üstündə sıralanan meyvə qablarına, adətən, bir bıçaq da "sancılır”. Belə vaxtlarda mövsümə uyğun meyvələr üstünlük təşkil edir. Amma alma mövsümə "baxmır”. Yazıçı da almanın gördüyü işi görür, o mövsümdən asılı olmayaraq çəhrayı rəngli bıçağın "xofu” altında fasiləsiz olaraq öz işini görməkdədir...

***    

Qəribə bir mənzərədir; sobadakı yanar közlər qana susamış qıpqırmızı gözləri ilə yeni "qurbanları”nı – soba ətrafına yığılan oduncaqları gözləyir. Oduncaqların isə sanki heç nədən xəbərləri yoxdu, bir-birini qucaqlayıb sobanın hənirində uyuyurlar... "Sonsuz Lüğət” dediyimiz həmin oduncaqlardan ibarətdir. Müəllif onları dərin uyğudan oyatmadan ustacasına və həm də ehmalca bir-bir alovun – mətnin içərisinə atır. Yuxunuz közərsin, əziz sözlər! 

***
    
Bizim Baharımız vardır. Onun paylaşdığı son şeirlərindən biri haqqında kommetdə yazdıq: Görəsən, imitasiya, montaj, pastiş və sairə ilə məşğul olan "posmodernist"lərin bu "sadə tale"li şeirlərdən xəbərləri varmı?! Və bu "sadəliy"ə gəlib çatmağın mürəkkəb mexanizmi onlara bəllidirmi? Ümumiyyətlə, ədəbiyyat, xüsusən, poeziya ikiuclu ox kimidir; bir ucunda Tale, digərində Dil dayanır. Dil ağrıyanda Tale qıvrılır, Tale ağrıyanda isə Dilin qurtuluşa hər canatımı oxun ucluğunun daha dərinlərə getməsi ilə sonuclanır. Bahar öz taleyini böyük sevgiylə o oxun Dil dayanan ucluğuna həvalə edib. Və Dil möcüzəsi başlanır: "Bu yaranın üstü hələ Qopar-qopar qaynayar, Yar yarını ən qaynar Yarasından tanıyar”. Və ya: "Sən mənim Bamsı Beyrəyim, Gəl... yarın yağmalandı”.

***
Ədəbiyyat siyasət deyildir. Siyasət də ədəbiyyat deyildir. Dünyanın ədəbiyyatlaşması haqqında gedən söz-söhbətlər də absurd bir nəsnə... Amma siyasət hər yerə, ədəbiyyata da öz burnunu soxur. Dünyanın siyasətləşməsi hər an gözlənilən bir Mehdi zühuru... Və onun əlamətləri də sezilir...

***
Limon dilimi armudu stəkanda parçalanmış bir Ay kimi görünür. Məsələ burasındadır ki, biz o parçalanmış hissənin də yalnız bir üzünü görürük. Lap kosmik fəzada üzən Ay kimi. Bilirəm, onu bütövləşdirməyə gücümüz çatmayacaq. Amma kiçik bir çay qaşığı ilə onun görünməyən üzünü özümüzə tərəf çəkə bilərik. Bizim klassik mətnlərlə (həm də çağdaşılıq – siqlətlilik anlamında) rəftarımız da buna bənzəyir...