“Məndən “Leyli” obrazı üçün 4 min rüşvət istədilər”
MUSİQİ
- 24.10.2019
- 0 Şərh
- 10406 Baxış
Tanınmış muğam ifaçısı Nigar Şabanova canlı yayımda inanılmaz açıqlama verib.
Yarpaq.az redaktor.az-a istinadən xəbər verir ki, "Hər şey daxil” verilişində qonaq olan sənətçi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib. Onun fikirlərini tamaşaçılara çatdıran aparıcı Tarix Əliyev (Tolik) bu sözləri deyib:
"Nigar xanım özü də buradadır, mən onun dediklərini deyirəm. Nigar xanımdan "Leyli və Məcnun” operası üçün 4 min manat pul istənilib. Bundan əlavə, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib. Nigar xanım, düzdür?”.
Nigar Şabanova aparıcının dediklərini təsdiqləyib.
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Redaktor.az-a açıqlamasında bildirib ki, ifaçının dediklərinin heç bir əsası yoxdur, yalandır:
"Bizim teatrda hər zaman gənclərə meydan imkan yaradılır. Nigar Şabanova da bir neçə il öncə gənc ifaçı kimi müraciət etmişdi, ona şərait yaradıldı. Hazırlaşdı, "Leyli” obrazını canlandırdı. Lakin nə vokal imkanları, nə də digər səhnə performansı teatrın rəhbərliyini, rejissorlarını qane etmədi. Buna görə də bir daha səhnəyə çıxmadı. Opera və Balet Teatrında nə ondan, nə də başqa birindən heç vaxt rüşvət tələb edilməyib. Hazırda bizim teatrda muğam müsabiqəsinin bir çox iştirakçıları çıxış edirlər. Onlardan soruşun ki, rüşvət almışıq?! Opera elə bir səhnədir ki, sənin vokal imkanların, səhnə görünüşün olmalıdır”.