“Məni Türkiyədən Məhəmmədəminin qəbri qovdu…” - Aqşin Yeniseylə müsahibə
Müsahibə
- 08.09.2023
- 0 Şərh
- 8183 Baxış
Bu günlərdə şair Aqşin Yeniseyin doğum günü idi. 45 yaşı tamam olurdu. Kim üçünsə yaş nisbi anlayışdır, kim üçünsə yaşadıqlarının ömrü deməkdir. Bəzən 90 yaşlı qoca belə "özümü lap 18 yaşında hiss edirəm” deyir, 18 yaşlı gənc isə ”elə bil 70 yaşım var, qocalmışam” deyir.
Hətta biz belə düşünürük, onların yaşına uyğun davranmadığını görəndə don biçirik, "elə bil 20 yaşı yoxdu, özünü qoca kimi aparır”, "elə bil 50 yaşı yoxdu, özünü çağa kimi aparır”.
Qaynarinfo da bu münasibətlə Aqşin Yeniseydən özünün öz yaşına, bu yaşa qədər yaşadıqlarına münasibətini öyrənmək istədi. 22 yaşında unutmaq sözünə şəkil axtaran, şeirlərində azadlığı cansıxıcı adlandıran şairin 45 yaşındakı düşüncələrinə yanaşması necə dəyişib?
- Aqşin bəy, 45 yaşda həyatla bağlı hasil elədiyiniz qısa nəticə nədir?
- Nəticə budur ki, yaşa dolduqca həyat adamı Quinplenə çevirir. Yəqin, xatırlayırsınız, Hüqonun "Gülən adam"ının qəhrəmanı. Uşaq oğruları onu oğurlayıb ağzını qulaqlarına doğru cərrahi yolla elə cırırlar ki, Quinplen böyüdükcə ömrü boyu bu şəkildə zorən "gülməyə məcbur olur". Bədbəxtliyini üzündəki bu əbədi qəhqəhə ilə yaşayır. Çox güman, Hüqo bu obrazı karnaval qəhrəmanlarından götürüb. Karnaval qaraçıları da o vaxt uşaqları oğurlayıb bu cür ağlamalı, gülməli müxtəlif hallara salaraq pul qazanırdılar. Bax, həyat da adamı bu cür valideynlərindən oğurlayıb, ağzını cırır. Onu ağlamaq istəyəndə belə gülməyə, həm də qəhqəhə maskası kimi gülməyə məhkum edilmiş bir insana çevirir. Mən pessimist deyiləm, realistəm. Deyim ki, pessimistlərin hamısı realistdir, optimistlərin də hamısı utopist.
- 22 yaşında "unutmaq sözünün şəkli” necə idi, 45 yaşında necədir?
- 45 yaşına gəldikdə "unutmaq sözünün şəkli” də unudulur. 22 yaşında unutmaq romantika idi, 45 yaşında isə alzheimer xəstəliyidir. 22 yaşında unutmaq üçün ədəbiyyata üz tutursan, 45 yaşında yada salmaq üçün demensiyadan müalicə edən psixiatrlara.
- 45 yaşlı Aqşin Yeniseyin taleyi tarix yaza bilirmi?
- Valideynlərdən, daha sonra cəmiyyətdən qaçışın ünvanıdır tarix. İstər fərd olsun, istər xalq, özünə tale yaza bilmək cəsarətinə sahib olduğu andan tarixə daxil olur. İnsan var ki, özünü ailə mühitində təsdiq etmək istəyir, bizim milli dediyimiz müstəmləkə mentalitet bu duyğu üzərində qurulub. Şəxsiyyət anlayışımız çox ailəvidir. İnsan da var özünütəsdiqi cəmiyyətdə reallaşdırmaq istəyir. Daha geniş çevrə özünü allaha sitayişlə, şəxsiyyətini allaha calamaqla varlığın bir parçası status qazanır. Tarixin bir parçası olmaq özünütəsdiqin ən çətin janrıdır. Tarixin bir parçası ola bilməməyin verdiyi rəddedilmişlik duyğusu adamda şəxsiyyət böhranı yaradır. Tarix qarşısında heçkimlik kompleksi keçirməyi özünütəsdiqə can atan şüur təhqir kimi qəbul edir. Şüurlu varlıq həm də içində olduğu tarix tərəfindən dəyərləndirilmək istəyir. Bu, baş vermədikdə onda tarixə qarşı Nitsşenin dediyi, kölə kini baş qaldırır. O, bu herostratik aşağılanmanın qisasını almaq üçün vurnuxur; bundan ötrü ətrafında tarixi canlı göstərən hər şeyə hücum edir. Məsələn, gedib Artemida məbədini yandırır, yaxud tarix ola biləcək hər şeyə burnunun kirini yaxmaqla öz aləmində tarixi prosesə öz varlığının möhürünü vurur. Cəmiyyətimiz bu gün belə adamlarla- tarixə burnunun fırtığını yaxan herostratlarla doludur. Amma bu yol tarixlə də bitmir. Bir gün gəlir ki, tarixdən də qaçmaq, gizlənmək istəyirsən, amma tarixdən qaçmaq üçün ünvan kəşf olunmayıb. Nə olduğu, kim olduğu bilinməyən allahın özü belə tarixin xidmətçisidir. Tarix özünə lazım olanda allahın da əlinə qılınc verib ölkə yağmalatdırır. Mən kiməm ki…
- Şeirlərinizdən birinin adı "Cansıxıcı azadlıq”dır. Niyə elə düşünürsünüz? Azadlıq həmişəmi cansıxıcı olur?
- Sartrın klişeyə çevrilmiş bir sözü var: insan azadlığa məhkumdur. Burada maraqlı olan kəlmə "azadlıq” kəlməsi deyil, "məhkumdur” kəlməsidir. İnsanın azadlığa məhkum olduğu yer haradır? Özünü təhlükəsizlikdə hiss etdiyi mühit. Qalalar, qəsrlər, şəhər kənarında hündür divarlarla gizlədilmiş müasir malikanələr və s. hamısı hasarlanmış insan azadlığının abidələridir. İnsan hasarların içində azadlığa məhkumdur. Onun cansıxıcılığı da hasarların içində mümkün ola bilməsi ilə bağlıdır. Əks halda, azadlıq ən çox əxlaqsızlıqla assosiasiya olunur ki, bunun da tarixi kökləri var. Kişilər həmişə gücü təmsil edən hökmdarlara baxaraq özlərinə çəki-düzən veriblər. Güc əldə etmək tarixin bütün dövrlərində mövcud əxlaqın fövqünə qalxmaq azadlığı kimi özünü göstərib. Güc əldə edən peyğəmbərlərin ilk işi mövcud əxlaqın fövqünə qalxmaq olub. Güc ilk növbədə siyasəti əxlaqdan ayırıb. Güc, azadlığı həmişə əxlaqın üstündə görüb. Hər bir kişinin içində gizli bir Kaliqula var. Hökmdarlar buna görə kişilər üçün azadlıq idealı olublar. Tarixin bütün dövrlərində qadınlar da fahişəyə baxaraq geyiniblər, bəzənib-düzəniblər. İlk pariklər, ilk rəngli dırnaqlar, ilk tüksüz ayaqlar və s. fahişələrin, yəni mövcud əxlaqın fövqünə qalxmış qadınların icadları idi. Qadın üçün fahişə obrazı özündən daha azad olan qadını ifadə edir. Hər bir qadının da içində gizli bir Messalina var. Azadlıq etik deyil, estetik anlayışdır. Ən cansıxıcı azadlıq da əxlaq üzərində hüdudsuz hakimiyyəti olan hökmdarların və fahişələrin azadlığıdır ki, onları yarıheyvan, yarıtanrı mifik bir varlığa çevirir. Bunun ən gözəl örnəkləri yazı tarixinin ilk kralı Gilqamış və ilk fahişəsi tanrıça İnannadır.
- Bu gündən geriyə dönsək, özünüzdə nəyi dəyişdirmək istərdiniz?
- Özünü dəyişdirmək üçün geriyə dönməyə ehtiyac yoxdur. İnsan hər gün özünü dəyişdirə bilər və bu, onun insanlıq öhdəliyidir. Ancaq bu dəyişiklik daxili təlabatdan doğmalıdır. Məsələn, bu gün dolanışıq, şöhrət, qlamur görüntü xətrinə özündən üləma, demokrat, gey, lezbiyan və s. sosial varlıqlar düzəldən və bunun acığını cəmiyyətin digər üzvlərindən çıxan məxluqların dünyasında yaşayırıq. Özünü dəyişmək üçün neoliberal kapitalizm sistemi saysız-hesabsız hazır kimliklər təklif edir. Bu cür iştaha açan təkliflərin qarşısında özünü dəyişdirmək fikrində olmayanlar belə tez-tələsik özlərini tanınmaz hala salırlar. Məsələn, Çinin dünyanın yerdə qalan hissəsi üçün "yumşaq güc” platforması olaraq yaradıb istifadə etdiyi "Tiktok”dakı ümumi azərbaycanlı obrazının öz xalqına heç bir dəxli yoxdur. Özünü dəyişmə onda "tiktokerləşib” özünü itirmə ilə nəticələnib. Onun üçün ən vacib olan hazır "tiktoker” kimliyidir. Yerdə qalan hər şey boş və mənasızdır. Demək istəyirəm ki, bu gün insanın özünü dəyişdirməsindən daha önəmli olan özünü qoruya bilməsidir.
- Bəzən deyirlər, etdiyimiz səhvlər bizimdir, bizi onlar böyüdür. Sizi etdiyiniz səhvlərdən böyüdüyünüzü düşünürsünüzmü?
- Səhvsiz insan təcrübəsiz, günahsız insan zövqsüz insan deməkdir. Şərq-Qərb mədəniyyətlərini bir-birindən ayıran da səhv və günah anlayışlarına münasibətdə üzə çıxır. Şərq səhv etməməsi üçün insanı ruhani təcrübələrlə bəri başdan təchiz etməyin tərəfdarıdır. Qərb bədənin öz səhvlərindən əldə etdiyi təcrübələrini ruhaniləşdirir. Şərq fəlsəfəsi yalnız ruhun aydınlanmasından yanadır. İntellektual aydınlama ilə maraqlanmır, hətta zehni aydınlanmanı təhlükə kimi görür. Ruhun aydınlanması Şərq insanında onun tanrı adlı bir yuxuya dalması ilə başa çatır. İntellektual aydınlanmanı da ona görə rədd edir ki, onu bu yuxudan oyada bilər. Tanrıdan oyanmaq şərqlini dəhşətə gətirir. Şərqli tanrıdan oyanınca nələrini itirəcəyini və hansı gerçəkliklə qarşılaşacağını bilmədiyi üçün daha dərin yatmağa can atır. Şərq fəlsəfəsinə görə, insan öz daxili aləmini seyr etməklə katarsis yaşaya, təmizlənə, aydınlana bilər. Qərb fəlsəfəsini qidalandıran Aristotel isə əksini düşünürdü: insana gördüyü, bildiyi gerçəklik katasis yaşada bilər. Biz səhnədə seyr etdiyimiz qəhrəmanın canlandırığı duyğuları özümüzdən keçirərək, saf-çürük edərək təmizlənə, aydınlana bilərik. Aristotel bu mənada əxlaqın köklərini xarici aləmə, gerçəkliyə, bu seyretmənin insanda yaratdığı təsirə bağlayırdı. Yəni Aristotelin aydınlanması intellektual aydınlanma idi. Təsadüfi deyil ki, qədim yunanlar haqqında belə bir söz vardı: yunanlar anadangəlmə realist olurlar. Kissincer Şərqin geridəqalmışlığının səbəbini Şərqin öz Nyutonunu yarada bilməməsi ilə izah edirdi. Nyutonu da Qərbə Aristotel doğmuşdu. Aristotellə "yatmayan” mədəniyyət Nyuton doğa bilməzdi. Nyuton kainatı seyr etməyi gerçəkliyi seyr etməyi sevən Aristoteldən öyrənmişdi. Qoca Şərqin çoxallahlılıqdan təkallahlığa keçidi metafizik kəmiyyət dəyişikliyi idi. Yunanlarda isə bu keçid keyfiyyət dəyişikliyi ilə baş vermişdi; yunanlar çoxallahlılıqdan Aristotelə "keçmişdilər". Bu gün Nyuton fizikasının səhv olduğu məlumdur. Amma bu gün Nyutonu səhv çıxaran fizikanın özü də Nyutonun səhvinə borcludur. Dünyadakı bütün düzlərin əcdadı səhv olub.
- Həmişə doğru olmaq olurmu?
- Olar, amma lazım deyil. Yalan dediyimiz şey həqiqətin praktik alternatividir. Azərbaycanlılar çox vaxt məhz bu məsələdə öz həqiqətlərinin alternativlərini yarada bilmədikləri, buna əxlaqi qüsur kimi baxdıqları üçün erməni propaqandası qarşısında aciz qalırlar. Halbuki ermənilərin bütün tarixi alternativ tarixdir. Yəni tarixi həqiqətin praktik yalanlarından ibarətdir. Alternativ tarix nədir? Siz həqiqət fonu verilmiş bir şeylər uydurursunuz, başqaları bunun uydurma olduğunu sübut etməyə çalışırlar. Beləliklə, həqiqi tarix aktuallığını itirib arxa plana keçir, hətta maraqsızlaşır və zaman keçdikcə sizin yalanlarınız alternativ həqiqətlərə, alternativ həqiqətləriniz isə tarixə çevrilir. Yaşadığım çağın bir adı da "Post-truth” çağıdır. Yəni həqiqətdən sonrakı həqiqət çağı. Bu elə alternativ həqiqət çağı, yalan çağı deməkdir.
- Doğum gününüzü necə qeyd etdiniz? Bu yubiley yaşının bir anlamı oldumu?
- Heç, Turanə xanım "dana basdırması” qonaqlığı verdi, dostum Şəfəq Mehralıyeva isə "Ədibin evi”ndəki görüşümüzdə tort kəsdi. Buradan hər iki xanıma bir daha təşəkkür edirəm! Tamamilə matriarxal bir kutlama oldu.
- İnsanlar bu gündə həmişə yada salınmaq istəyirlər, umarlar, bəs sizin kimdənsə yada düşmək kimi bir umacağınız oldumu?
- Xeyr, yada salınmadıqda özümü daha çox yaradıcılığa həsr edə bilirəm. Xahiş edirəm, hamı məni öləndən sonra yada salsın.
- Zaman düşüncələrimizə necə təsir edir? Bu yaxında jurnalist Nəsimi Nəbizadə müsahibələrindən birində insanın tək uduzduğunun zaman olduğunu, özünün zamana uduzduğunu bildirmişdi. Siz necə düşünürsünüz, biz zamana nə vaxt uduza bilərik?
- Biz zamana yox, məkana uduzmuş adamlarıq. Türkiyədə yaşayanda oradakı bəzi türk dostların deyirdilər ki, Azərbaycana qayıtma, burada yazıb-yaratmaq üçün daha münbit şərait var. Amma Məhəmmədəmin Rəsulzadənin qəbrini ilk dəfə Ankarada ziyarət edəndə məni dərin bir kimsəsizlik hissi bürüdü. Altı il boyunca Ankarada o hissdən qurtula bilmədim. Məni Türkiyədən Məhəmmədəminin qəbri qovdu.
Günay İlqarqızı