Mərahim Nəsib. Nə yaşadım, nə böyüdüm... (ŞEİRLƏR)
Poeziya
- 20.11.2020
- 0 Şərh
- 7741 Baxış
"Səni də dəyişən noyabr oldu”
Sən hardan biləsən noyabr ayı,
Bir az dəlisovdu, bir az ərköyün.
Bilirsən, bu ayın əvvəllərindən,
Əsməyə başlayır dəli küləklər?!
Bilirsən, bu ayda biri-birinə,
Qısılır yavaşca sevən ürəklər.
Bilirsən, bu ayın yağışları da,
Birazca qəribə, qəribə olur.
Lap sənin səbəbsiz göz yaşın kimi,
Qəflətən süzülür, qarışıq olur.
Bir dəfə başlayır, alışıq olur.
Bilirsən, soyuğa dözümüm yoxdu,
Soyuqlar düşəndə kövrək oluram.
Sən də ki, bu soyuq noyabr kimi,
Məndən soyuyanda qıcıqlanıram.
Hər gün öz-özümə acıqlanıram.
Bəlkə də bilmirsən, elə bilsəydin,
Baxıb üz-gözümə başa düşərdin.
Mən də səhər, axşam belə deməzdim,
Sən də ürəyimə qoşa düşərdin.
Səni də dəyişən soyuqlar oldu,
Özünə, izinə bənzətdi, vallah.
Məni həmişəlik yol gözləməyə,
Əlinə, qoluna öyrətdi, vallah.
Bəlkə də bu ayın payız yağışı,
Səni göy üzündən gətirib gələr.
Həsrətin çəkdiyim o qollarından,
Payızın eşqinə götürüb gələr.
"Yoxluğun şərindən sığındım sənə"
Gəl, apar qəlbimin tən ortasını,
Yandır, çöldə uçan qanadlarımı.
Sənin həsrətindən didərgin düşən,
Çöllərə nur saçan qanadlarımı.
Sən mənim köşkümün bəyaz sütunu,
Qarda yem axtaran göyərçinimsən.
Həm sevgi adında dinim, məzhəbim,
Həm də düşündüyüm bütün günümsən.
Yoxluğun şərindən sığındım sənə,
Sığındım mən sənə bu yer üzündən.
Gələr nə sıxıntı, nə kədər, nə qəm,
Getsəm addım-addım sənin izindən.
Doldur, içimdəki boşluğu doldur!
Dünyanın yükündən çıxıb gəlirəm.
Gəlirəm, yenidən yaranmaq üçün,
Əynimə ağ paltar taxıb gəlirəm.
Səndə tapdıqlarım, tapdığım deyil,
Sənsiz itirdiyim önəmlidir, gəl!
Ay mənim tərtəmiz, müqəddəs eşqim,
Bu ömür kədərli, ələmlidir, gəl!
"Mən o qızı sonuncu kəz görəndə…”
Onda yoxdu bəxt oğruyan oğrular,
Yalanlardan çox olurdu doğrular.
Nənəm gecə danışırdı nağıllar,
Babam da ki, səhərəcən susurdu.
Oyanırdım gün doğmamış səhərdən,
Boğazım da tutulmazdı qəhərdən.
Dərsdən gəlib qaranəfəs çəpərdən,
Qonşu qızın gizli-gizli pusurdum.
İzləyirdim saçlarını hörəndə,
Diksinirdim boz köpəyi hürəndə.
Mən o qızı sonuncu kəz görəndə,
Ağrıların kəndirdən asırdı.
Ondan sonra üzüm, gözüm gülmədi,
Nə yaşadım, nə böyüdüm bilmədim.
Bir də onu yaddaşımdan silmədim,
Ondan belə ruhum dərdə əsirdi.