Mətanət Vahid - Antiqlobalist sənətkarın bəşəriyyətə ismarıcı -

Mətanət Vahid - Antiqlobalist sənətkarın bəşəriyyətə ismarıcı - "Korluq" romanı

İnsanlar tox, təminolunmuş olanda yüksək ideallardan, ali prinsiplərdən daha çox bəhs edirlər. Həqiqətən bu ideallar və prinsiplərlə yaşayanlar isə adətən, bu haqda danışmırlar, sadəcə onları həyata keçirirlər. Həyatını maddi, fiziki ehtiyacları uğrunda mübarizəyə həsr etməli olanlar zamanla ya yorulur və ideallarından əl çəkib ehtiyaclarının dalınca düşür, ya da o ideallarından imtina etmirsə, ehtiyac onu sıradan çıxarır. "Korluq" romanında insanlar ən sonda itirilməli olanı - ümidi belə, itiriblər. Qarşıda onları nə gözləyir? - bəyaz "qaranlıq".

 

Joze Saramaqonun "Korluq" romanında təhkiyə oradakı mövzu qədər ağırdır. Bununla belə, müəllifin ironiyası oxu prosesinə qəribə bir "əyləncə" qatır. Kitabı yeni oxumağa başlayanda müəllifin yazı tərzi, xüsusən dialoqların durğu işarələrsiz və təhkiyə kimi təqdim olunması müəyyən çətinlik törədə bilir. Az sonra isə artıq mətnə elə aludə olursan ki, bu dəyişikliyin fərqinə varmırsan. Saramaqonun stili unikaldır: onun az qala səhifə boyunca uzanan, bununla belə, yormayan cümlələrdən ibarət, yüngül akademik çalarlı, bütün mətni müşayiət edən ləzzəti damaqda qalan incə ironiyalı təhkiyəsi zövq verir. "Korluq" romanında sətir aralıqlarında "İncil"ə, dini rəvayətlərə və bədii əsərlərə sıx-sıx göndərmələrin fərqinə varmaq mümkündür.  Ümumiyyətlə, J.Saramaqonun yaradıcılığında dini mətnlərin interpretasiyası əsas yer tutur.

 

Burada etik məsələlər qabardılır; bir-birinin ardınca insanları saran korluq metaforadır - ağlın, təfəkkürün, düşüncənin, hətta qəlbin, bəsirət gözünün korluğudur, mənəvi görməzliyi ifadə edir. Müəllif kor olmuş insanları nahaq yerə dəlixanaya yığmır. "Korluq", bəlkə də, Saramaqonun ən ağır əsəridir. Bununla belə, müəllif insan psixologiyasının bilicisi kimi bu mənəvi bəlanın diaqnozunu qoya bilib. Sosial eksperimentləri sevən Saramaqo üçün  korluq priyomu cəmiyyətə özünü göstərmək məqsədi daşıyır. İnsan kritik situasiyalarda əsl özünü tanıyır, sərhədlərini bilir. "Korluq" cəmiyyətə özünü göstərən güzgüdür - "buyurun baxın özünüzə, əsl kimliyinizi görün, mahiyyətinizə varın" deyir. 

 

Səhv etmirəmsə, Nobel nitqindədir, Joze Saramaqo deyir ki, insan Marsda həyat axtarır, amma yanında acından ölənlərin fərqində deyil... "Korluq" romanının əvvəlində "Nəsihətlər kitabından" epiqraf verilir: "Baxa bilən görəcək. Görə bilən yadda saxlayacaq." Burada baxmaq, görmək yalnız gözün ixtiyari nöqtəyə yönəlməsi anlamında deyil, ağıl gözüylə, qəlb gözüylə baxıldığı zaman idrak edildiyi, baxdığına ürəklə yanaşıldığında görməyin mümkünlüyü anlamındadır.

 

Roman xüsusi isimlərdən arınmış şəkildə yazılıb. Yalnız obrazların deyil, məkanların da adı verilmir. Burada baş verənlər zamansız və məkansızdır, hansısa konkret milliyyətə də aid edilmir; kim oxusa, orada öz ölkəsini, şəhərini və özünü görə bilər. Əsərdə həkimin arvadından başqa heç kim görmür, hamısı üçün dünya bir rəngdədir, əslində, rəngsizdir. Bu insanlar görmə qabiliyyətini itirməklə hər şeyi itiriblər, iş, ev, maddi imkanlar arxada qalıb,  aralarındakı irqi, milli, dini, sosial fərqlər silinib. Müəllifin məqsədi insanı hər hansı milliyyətə mənsubluğunu vurğulamaqdan daha üstün olduğuna, ideyanın bəşəri olduğuna, ümumiyyətlə insana aid edildiyinə görə adlandırmalara ehtiyac görməyib.

 

Romanda korluğun səbəbi göstərilmir, bu səbəbi personajların sonrakı davranışları əsaslandırır. Hər şey elə bir həddə qədər pisləşir ki, epidemiyanın gözlənilmədən başlandığı kimi finalda gözlənilmədən keçib getməsi sevinc və xoşbəxtlik kimi görünmür. İnsan bu qədər pisliyə, çirkaba batdıqdan, özünün bu qədər mənfur olduğunu bildikdən sonra gözlərinin açılması xoşbəxtlikdirmi?! Bu bəyaz korluq fiziki mənada insanın gözünün qarşısına pərdə çəksə də, özünə, kimliyinə dönüb baxmaq üçün imkan yaradır və biz insanın kritik anda heyvandan fərqlənmədiyini, sağ qalmaq uğrunda mübarizədə vəhşiləşdiyini, canavarlaşdığını görürük. Romanın etik tərəfi mütaliə boyunca özünə bu situasiyada necə davranacağın barədə sual verməyə məcbur edir.

 

Romanda yeganə ən xeyirxah, anlayışlı, fədakar insan, bütün olanları gözü ilə gördüyü halda, insanların xilası üçün mücadilə aparan həkimin arvadıdır; zərif, lakin ədaləti bərpa etmək gərək olduğu zaman "uf" demədən öldürə biləcək qədər güclü qadın. Təəssüf ki, itmiş ədalətin bərpası da yalnız güc tətbiq etməklə mümkün olur. Beləcə, korluğun səbəbinin insanın fitrətən vəhşi olması, bir-birini əzməyə, özünü ucaltmaq, xilas etmək üçün başqalarını tapdalamağa hazır olmasının nəticəsi kimi görürük. Bu bəladan salamat qurtaran, fiziki cəhətdən məhv olmayanlar məhz insanlığını bir şəkildə qorumağı bacaranlar, çətin məqamlardan keçmək üçün hər mənada bir-birinə tutunanlardır.

 

Həkimin arvadı içində olduğu xaosu, çirkabı görən yeganə insandır və hər cür ağlasığmaz çirkinliyə məhz mərhəmət gözüylə baxır; ya haqq qazandırır, ya da göz yumur. Onun gördüyünü ərindən başqa heç kim bilmirdi, insanlara kömək etməyə və təkbaşına bu qədər adamın yükünü çiyninə götürməyə də bilərdi. Həkimin arvadı bu dəhşətli situasiyada insanlığını sona qədər qoruyub saxlayan yeganə adamdır. Onun görmə səbəbi də digərlərindən fərqli - xeyirxah, mərhəmətli, özü üçün başqalarının rifahını qurban verən yox, özünü başqaları naminə qurban verən olmasıdır. Elə təkcə gördüyü halda əri ilə onu da aparsınlar deyə "mən də koram" deyə yalan danışması da özlüyündə bir qəhrəmanlıqdır. Sevdiyinə sədaqət sevgidən daha ali duyğudur...

 

Romanda korluq insandakı bütün çirkin xislətlərə metaforadır, aşınmış mənəviyyatı ifadə edir. Yalnız həkimin arvadının görməsi onun mənəvi təmizliyinin, kamillik dərəcəsində yaxşılığının göstəricisidir. Səhv etmirəmsə, "Zumər" surəsindədir məşhur ayə - "heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?". Bilməyi görməklə əvəzləsək, eyni məntiqi mənaya vararıq. O bu kor "qövm"ün görən rəhbəridir, yalnız o bu insanları ardınca aparmaq iqtidarındadır, çünki yeganə görəndir, mahiyyətcə xilaskardır. Adına peyğəmbər deyək, müqəddəs hesab edək, Məryəm, lap İsa, ya da Nuh adlandıraq, fərq etməz, onun əməllərinin mahiyyətində xilaskarlıq var.

 

Müstəqim mənada, fiziki korluq qaranlığa bürünər, romandakı "bəyaz korluq" isə insanların vicdan korluğunu ifadə edir. Psixologiyada "bəyaz korluq" fenomeni insanların fərqində olmadığı, baxsa da görmədiyi, yaxud görmək istəmədiyindən şüurunu "söndürdüyü" nəsnələr üçün istifadə edilir. Əslində, "bəyaz korluq"dan daha çox İQ səviyyəsi aşağı olan insanlar əziyyət çəkirlər. Mən "əziyyət" deyirəm, amma insan fərqində olmadığının əziyyətini də çəkmir heç. Baxın intellektual kəsim cəmiyyət üçün həmişə narahatdır, onların sənət zövqündən tutmuş, özlərini inkişaf etdirmək istəməməyinə qədər hər şeyin dərdini çəkir. Yer üzündə heç nəyi düşünmədən, daim başqalarını qınayan, özünə baxmağı ağlının ucundan belə keçirməyən insanlar qədər bəxtəvəri yoxdur. Onlar nə sözlərini, nə özlərini, nə də əməllərini ölçüb-biçər, beləcə, ölçüsüz-biçisiz həyatlarında yalnız beyinlərinə yerləşə biləcək qədəri ilə xoşbəxt olarlar. Onları ölkənin, cəmiyyətin, dünyanın problemləri maraqlandırmır. "Toyuq korluğu" insanlara dünyanı xoşbəxtlik rəngində göstərir.

 

İnsanların bir-birini görməsi, başqa cür ifadə etsək, sevgisi, xeyirxahlığı, qayğıkeşliyi görməni şərtləndirir, birinin ürəyində yaranan gözəl duyğular digərinin ürəyində əks-sədasını tapır. İnsanı görməyə qoymayan içində özünə yer etmiş qorxularıdır - hər kəs özü üçün qorxur, hərə özünün maraqlarına xidmət edir. Yalnız özünü qoruyan insan ətrafına biganə qalır, lakin zamanla biganəlik göstərdiyi məsələlər üst-üstə yığılıb artıq onun da qurtula bilməyəcəyi bir bataqlığa çevrilir. İnsan öz cəhənnəmini özü yaradır. Çünki pislik yoluxucudur, izi qalır. "Korluq" romanında yalnız öz xilasına yönəlik addımlar atan insanlar məhv olurlar, həkimin arvadı Nuh misalı arxasınca apardığı insanları isə birgə hərəkət etməyə sövq edir, bir-birlərinin maraqlarını tapdalamağa imkan vermir.

 

Saramaqo, bilindiyi kimi, antiqlobalist idi. Elmi-texniki tərəqqinin müsbət tərəflərini görməklə yanaşı,  çağdaş dünyada bədbəxtliyin də artdığı fikrində idi. Müasir insanın həyatında ona heç də vacib olmayan onlarla nəsnə yer tutur, insan bu lazımsız şeylər uğrunda mübarizə aparır: göz qamaşdıran parıltı, bahalı aksesuarlar, bir-birinin bəhsinə min bir əziyyətlə başa gələn telefonlar, avtomobillər və s. Halbuki yaşamaq və xoşbəxt olmaq üçün insana bu qədəri lazım deyil. Elmi-texnologiyanın inkişafı həyatımızı asanlaşdırdıqca, əlçatanlıq artdıqca hüzurumuz qaçır, lazımsız əşyalar, lazımsız adamlar böyük bir lazımsız kütləyə çevrilib həyatımızı çirkaba bulayır. "Korluq" romanında insanların gözünün tutulması bu mənada cəza da sayıla bilər, lütf də. Axı bu korluq epidemiyası olmasaydı, insanlar nə qədər yanlış yaşadıqlarının, mənasız şeylər uğrunda mübarizə apararaq həyatlarını çətinləşdirdiklərinin fərqində olmazdılar. O klinikada bir neçə günlük nahar üçün üst-başlarındakı ən qiymətli əşyalarından imtina edən, veriləcək qiymətli əşyaları qalmadıqda istəmədən bədənlərini təslim edən insanlar üçün ən vacib olanı sağ qalmaqdır. İnsan yüzilliklər boyu nələri öyrənib, nələrə sahib olub, amma kritik situasiyalarda heç düşünmədən hamısından imtina edə bilir. Bu baxımdan "Korluq" həm də Joze Saramaqonun antiqlobalist düşüncələrini əks etdirən romandır.

 

Romanın atmosferi o qədər ağırdır ki, hərdən kitabı qatlayıb bir tərəfə qoymaqdan özünü zorla saxlayırsan. Çılpaq həqiqətin bunca  iyrəncliyi adamı ürpərdir. Olanlar getdikcə daha çox dəhşət saçır, situasiya ola bildiyincə daha çox qaranlıqlaşır, çirkab sözün hər iki mənasında bataqlıq kimi insanları içinə çəkir. Aclıq, ölümlə sonuclanan xəstləliklər, sağ qalmaq uğrunda insanların bir-birinin boğazını çeynəməsi, bir qarın yemək üçün alçaldılan, ən iyrənc formalarda təhqir edilən insanlar... Bu qədər pisliyin yaşandığı qaramat bir mühitdə hər hansı bir yaxşılıqdan, sevgidən bəhs etmək absurd kimi görünür. Lakin həkimin arvadı bu qaranlığın içində, ölülər dünyası, korlar mühitində qəlbinin işığı ilə öz ruhunu və ətrafındakıları qorumağa, xilas etməyə nail olur. Onun simasında xeyirxahlıq və sevgi, sədaqət və qayğıkeşlik cəm olaraq kiçik qrupun vicdanına çevrilir, qaranlıqda yolunu itirmiş insanlara mayak olur, çıxış yolu göstərir.

 

Rejissor Fernandu Meyrelleşin roman əsasında çəkdiyi "Korluq" filmi haqqında isə çox yüksək fikirlər deyə bilmirəm. Çünki "Korluq" roman olaraq yalnız süjet xətti ilə deyil, məhz J.Saramaqonun yozumunda, onun təqdimatı və üslubunda mükəmməllik qazanır. Bədii mətn mütaliə prosesində oxucunun təsəvvüründə vizuallaşır və əksərən əsərin ekran həlli tənqidə məruz qalır. Nadir halda əsəri oxuyub filmindən tam razı qalmaq olur. "Korluq" filmində müəyyən çatışmazlıqlar var, amma fikrimcə, bunlar  daha çox romanı oxuduğumuza görə özünü büruzə verir - qeyri-ixtiyari beynimizdə ikisinin müqayisəsi gedir və film romana uduzur. Ötənlərdə "Ədəbiyyat qəzeti"ndə intermediallıq silsiləsindən "Ədəbiyyat və "yeddinci sənət" adlı yazımda bu məsələdən ətraflı bəhs etmişəm deyə, üzərində çox durmuram.

 

Əsərdə Saramaqo adlardan imtina yolu ilə məkan və milli mənsubluq fövqündə bir mətn yaratmağa nail olursa, Meyrelleş bu "beynəlmiləlliyi" korların müxtəlif irqlərə mənsubluğu ilə vurğulayır. Mənə elə gəlir, filmin əsas qüsuru kifayət qədər "çirkli" olmamasındadır. Romanda oxuduqlarımızla təsəvvür etdiymiz çirkab filmdə səthi nəzərə çatdırılır. Bəlkə də, ekran əsərində bunu çatdırmaq asan olmayıb, ya bəlkə də heç rejissor qarşısına belə bir məqsəd qoymayıb. Hər halda, mən filmi izləyərkən rejissorun belə bir ağır əsəri ekranlaşdırma cürətini alqışlamışdım. Aktyor oyunu isə elə də ürəkaçan deyil. Final səhnələrinin ixtisarı, xüsusən, romandakı tək yaşayan qarı ilə bağlı hissələrin filmdə yer almamasını  çox da böyük qüsur hesab etmirəm. Nəticə etibarilə, 2 saatlıq filmdə rejissor əsərin əsas fikrini çatdıra bilib. Bu romanı öz ağırlığı ilə ekrana köçürmək üçün yəqin rejissora bir az da dəli cəsarəti lazımdır. Məsələn, sonuncu şedevrindən sonra düşünmüşdüm ki, "Korluq" filmini L.Triyer çəksəydi, burada "Cekin tikdiyi ev" filmindəkindən daha dəhşətli olan o cəhənnəmi daha "gözəl" yarada bilərdi.

 

"Görmək" sekvili ərsəyə gələnə kimi Saramaqo daha 3-4 roman yazıb. Hətta bu arada Ədəbiyyat üzrə Nobel mükafatına da layiq görülüb. "Görmək" romanında oxucu artıq "Korluq"dan bizə tanış olan, gözləri açılmış qəhrəmanlarla yenidən qarşılaşır və bir daha şahid oluruq ki, J.Saramaqo öz üslubuna, ideyalarına sadiqdir.