Müşfiqi diri-diri həmin binanın divarına hörüblər - Tədqiqatçı alim ünvanı açıqladı

Müşfiqi diri-diri həmin binanın divarına hörüblər - Tədqiqatçı alim ünvanı açıqladı

Tədqiqatçı alim Ədalət Tahirzadə, söz verdiyi kimi, mərhum şair Mikayıl Müşfiqin divarına diri-diri hörüldüyü iddia olunan binanın ünvanını göstərib.

Teleqraf.com xəbər verir ki, həmin ünvan Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırovun yaşadığı, indi isə İncəsənət Muzeyi yerləşən binadır. Müşfiqin həmin binanın zirzəmisinin aşağıdan 3-cü mərtəbəsində divara hörüldüyü deyilir.
Bununla bağlı Ə.Tahirzadənin feysbuk səhifəsində yazdığı qeydləri diqqətə çatdırırıq.

"Mən 31 oktyabrda feysbuk səhifəmdə yazmışdım ki, ciddi bir dövlət qulluqçusundan Mikayıl Müşfiqin bir binanın zirzəmisində diri-diri divara hörüldüyünü eşitmişəm və qoy dövlət orqanları bunu araşdırsın. Bu xəbəri bir sıra saytlar da yaydı və topluma bəlli oldu, ancaq aradan 8 gün keçsə də reaksiya yoxdur.
 
8 noyabrda isə feysbuk səhifəmdə bunları yazdım:
 


"Mən bu məlumatı çox ciddi bir dövlət işçisindən 2003-cü ilin aprelində onun kabinetində eşitmişəm. Həmin şəxs Müşfiqin repressiyadan sonrakı həyatını öyrənməyə Azərbaycanda, məncə, ən çox əmək sərf etmiş adamdır. O, sənədlərdə Müşfiqin pəncərəni örtdürməsindən sonra müfəttişin yazdığı raportu və Stalinin büstünün başını şillələdikdən sonra Azərnəşr işçisinin yazdığı raportu şəxsən oxuduğunu deyib. Əlavə etmişdi ki, Müşfiqin meyitinin boynuna tros keçirilib ayağına daş bağlanaraq Nargin adası yaxınlığında dənizə atıldığını düşünürdüm, çünki o, Stalinin büstünün boynuna tros keçiriləcəyini demişdi. Buna görə də mən gəmi kirələdim, dalğıclar tutdum, Müşfiqin meyitinin dənizə atılmasında iştirak etdiyi söylənilən bir tatarı və sonralar Üzeyir bəyin ev muzeyinin direktoru olmuş Ramazan Xəlilovu da özümlə götürdüm. Dalğıclar bir neçə dəfə dənizin dibinə ensələr də nəticəsiz oldu. Əliboş geri qayıdarkən yolda tatar mənə dedi ki, Müşfiqi lazımi yerdə axtarmırsan. O, mənə dedi ki, bildiyimə görə, Müşfiqi şəhərdə məşhur bir binanın zirzəmisinin aşağıdan 3-cü qatında divara diri-diri hörüblər.

Bu əhvalatı mənə söyləyən dövlət işçisi 2003-ün aprelində bildirmişdi ki, mən tatarın dediyi həmin binanın zirzəmisinin o qatında oldum. Çox havasız və kəsif iyli bir yer idi. Ancaq divarda axtarış aparmağa mənim səlahiyyətim çatmırdı, buna görə də işim yarımçıq qaldı...”

Ə.Tahirzadə qeyd edir ki, Müşfiqin divara diri-diri hörülməsi versiyasının doğru olduğu iddiasında deyil: "Bunun gerçək olmamasını ürəkdən arzulayıram, ancaq deyilənin doğru olmaq ehtimalı da var axı! Qoy dövlət orqanları heç bir hay-küyə imkan vermədən bunu yoxlayıb fikir bildirsin. Mənim istədiyim yalnız budur! Danışmaq xatirinə danışmaq, sensasiya dalınca qaçmaq mənə yaraşmaz. Bunu da bildirim ki, birtərəfli şəkildə – yalnız milyarderin dediyi əsas götürülərək, başqa fikirlər qulaq ardına vurularaq Müşfiqin olduğu söylənilən sümüklər üzərində məzar hazırlanacaqsa Mircəfər Bağırov üçün düzəldilmiş yalançı məzardan sonra bu, ikinci o cür məzar olacaq, sonra isə repressiya edilmişlərin Azərbaycandakı saxta məzarları göbələk kimi çoxalacaq, məsuliyyət də dövlətin üzərinə düşəcək. Bunu isə sıradan bir vətəndaş olaraq əsla arzulamıram”.