
Nərmin Kamal. Əyləncə (hekayə)
- 24.12.2019
- 0 Şərh
- 3187 Baxış
Elə eləyin
ki, sabah dividi tapa bilim. Xahiş eləyirəm, əlinizdən gələni eləyin! Bir də
heç nə istəmərəm, söz verirəm, təki indi xilas eləyin məni. Əgər sabah hansısa
dükanda o divididən tapa biləcəyəmsə, onda mənə nə isə bir işarə verin...
O gecə
üzümü səmaya tutub belə sözlər dedim. İstəyimi deyəndən sonra göz-qulağımı gərib
nəhəng kəhkəşanı dinşədim. Gözlədim bəlkə bu aydın gecə səmasında bir ulduz
axa, bəlkə xəfif nəfəs kimi təkcə mənim hiss edəcəyim bir səs, bir tərpəniş
ola... Heç bir işarə yox idi. Düzdü, ulduzlar say-say sayrışırdı, ancaq ki, o
sayılmır. Çünki mənim sözlərimdən əvvəl də sayrışırdılar. Qollarım süstləşdi,
qayıdıb girdim evə.
Səhər
sübhdən qapını astaca örtüb şəhərə çıxdım. Ardımca anam ağ saçlı başını qapıdan
çıxarıb hirslə "Dividi!” qışqırdı. Günortaya qədər bütün mağazaları ələk-vələk
elədim, hər yanı gəzib dolaşdım. Hamısı eyni sözü deyirdi: "Yoxdur”. Arada
birini tapdım, amma o qara rəngdəydi.
Şəhərdən
ümidimi üzüb şəhərlərarası qatara mindim, bizim şəhərlə qonşu şəhərin arasında
təzə salınan Çin bazarına yola düşdüm. Yanımda anam yaşlarında bir qadın gəlib
oturdu. Bir anlıq istədim başımı ona söykədim, o da sakit durmasın, məni
bağrına bassın. Amma hakimin sözlərini yada salıb özümü yığışdırdım. Söz
vaxtına çəkər, onda da günortaydı. Nahar fasiləsinə az qalmış hakim atamla
anamın boşanma qərarını oxuyandan sonra gözünü kağızdan qaldırıb ağızucu dedi:
"Azyaşlı
olsaydı, qərarda övladınızı da nəzərə alardıq. Amma ehtiyac yoxdur, Svetanın 30
yaşı var, özü öhdəsindən gələcək.”
Onda da
yay idi, tatuları məhkəmə camaatından gizlətmək üçün o istidə uzunqol pencək,
boyunlu köynək geyməyə məcbur olmuşdum. Hakim çıxan kimi hamıdan əvvəl özümü
atdım məhkəmənin parkına. Saçıma-başıma bir az meh dəydi. Çəmənliyin balaca fəvvarəsi
fırlana-fırlana şalvarımın ətəyini isladıb keçdi. Restorandan qab-qaşıq
cingiltisi, gülüş səsləri, içkilərin qoxusu parka yayılırdı. Atamla anam
bir-birinin üzünə də baxmırdılar, atamın vəkili olan kişiylə anamın vəkili olan
qadınsa birlikdə deyə-gülə məhkəmədən çıxdılar, bircə əl-ələ tutmaqları
qalmışdı, qabağımdan keçib restorana girdilər. Sonra anam çıxdı məhkəmədən, gəlib
yanında oturdu, çantasını yerə qoydu:
"Sveta,
heç kədərlənib eləmə. Ananın ömrü uzanacaq bundan sonra. Çox şey var, sən
bilmirsən. Gərək məni başa düşəsən. Bu gen dünyanı başıma sənə görə dar elədim
ki, elə biləsən xoşbəxt ailədə böyüyürsən. Bir-iki ay bundan əvvəl öz-özümə
dedim, daha nə gözləyirəm?! İndi daha Sveta da böyüyüb.” Hakim içəridə çox
danışmağa icazə verməmişdi, o da parkda ürəyini boşaldırdı: "Öz həyatın, öz
işin-gücün var. Qoşanağaradı, çalırsan. Başqa min dənə iş-peşə seçə bilərdin,
özün musiqini istədin, musiqini seçdin. İstəyəndə çaldın, istəməyəndə aylarnan
çalmadın, aylarnan məşqlərə getmədin. Yəni özün bilirsən istək nədir. Mən də
istəmirəm. Daha dözə bilmirəm. Sən sevinməlisən ki, biz ayrıldıq. Başqa cür də
ola bilərdi, atan ananı öldürə də bilərdi. Sveta, niyə danışmırsan?”
İçindən
sənədlərin ucları görünən çantasını yerdən qaldırdı, "Eybi yox, səni tək qoyum,
rahatlan, sonra danışarıq” – deyib getdi. Kiçik fəvvarə yenə şalvarımın ətəyini
yalayıb keçdi.
"Səbiş,
yaxşısan? Nəsə pis görünürsən, üzün tutulub” – xalaqızım gəldi. Onu başımdan edəndən
bir az sonra atam çıxdı məhkəmədən, gəlib yanımda oturdu. Sifəti elə idi, elə
bil bir maşın daş daşımışdı: "Anan həyatımı məhv elədi. Həyatımın harasına
baxsam, görürəm anan mənim qabağıma çıxmasaydı, filan şey başqa cür olardı, bəhmən
şey ayrı cür olardı. Çətindi. Neçə gündü baxıram dama, divara, özümü asmaq istəyirəm.
Bircə sənə görə yaşayıram.”
Hərəsi
bir çiynimdə ağladı. Üstündən altı ay sonra özüm də Əzizdən ayrıldım. Bilmirəm
necə oldu. Adamlar var, başlarına nə gəlsə, başa düşürlər niyə oldu, nədən
oldu. Bəxtəvərdilər. Mən heç nəyi başa düşmədim. Üç ildi mehriban yaşayırdıq. Yəqin
indi yenə oturub pəncərənin qabağında, yanbızları taburetdən pırtlayıb çıxıb.
Əyilib kasaya od hazırlayır.
Müştəri
olmayanda ya öz bədəninə döyürdü, ya mənim bədənimə. Qollarıma əqrəb döydü.
Boynuma ilan. Sinəmdə "Fuck” yazmağını istəmirdim. Qayıtdı ki, bəs bu bədən mənimdi
deyirdin?! Nəsə, xətrinə dəymədim. Fürsət düşən kimi pozduracam. Hərdən bir
müştəri düşəndə necə sevinirdi. "İşlər yaxşı gedir, sənətkar?” – müştəri
deyirdi.
"Zülümdü.
Müsəlman ölkəsində bu iş getmir, qardaş. Yoxdu gələn” – deyirdi. "Bəzən biri gəlir,
deyir, elə tatu çək ki, sonra silinsin. Deyirəm ona, qurban olum sənə, müvəqqəti
tatu olmur. Elə-belə tatu olmur. Qərarını ver! Qərar verə bilmir.”
Elə ki
müştəriylə söhbətə başladı, iş çəkirdi gecəyarıya. Onda mən aradan çıxırdım.
"Evdə
tapılmırsan” – gecə mən qayıdanda deyirdi.
"Sən
bilirsən hara gedirəm. Yenə atamı teatra aparmışdım.”
"Atamı
teatra aparmışdım. Öz həyatını, işini-gücünü atıb atasını teatra aparır. Biz
görmüşük ata balaca uşaqlarını yığıb teatra aparar. Sizdə tərsinədi. Sizdə hər
şey tərsinədi. Adamın ata-anası boşanar. Amma uşaq vaxtı. Daha bu yaşda yox” – əvvəl
elə bilirdin boğazdanyuxarı deyinir, sonra səsini get-gedə qaldırırdı. "Sənin
indi mənimlə teatra gedən vaxtındı. Qıznan yaşayıram, ya yox? Əgər hə, onda niyə
hər axşam burda tək otururam, hər gecə tək yatıram. Gözdə, teatr qurtarar,
Sveta xanım atasını, anasını ayrı-ayrılıqda əyləndirər, ondan sonra evə gələr.”
"Kefimdən
aparmıram onu teatra. Fikrini saxlayıram. Ata mənimdi, tanıyıram onu. Həyatdan
bezib. Özü diliylə dedi, özünü öldürmək istəyir. Başını qatıram.”
"Bəs mənə
əyləncə lazım deyil? Nə vaxt yaxınlaşsam, deyirsən, indi yox. Vırhavır inşaat
da bu yandan baş-beynimi aparıb.”
Onu düz
deyirdi. Həyətdə gecə-gündüz iki betonqarışdıran maşın yanaşı durub həşirlə
fırlanırdı. Pəncərədən hər baxanda krançı orda olurdu. Üç-beş aya təzə evlərdə
həyat kölgələr kimi pərdələr arxasında gizlənəcəkdi, hələ ki, içləri tamam
görünürdü. Hər mərtəbənin döşəmə-tavanı hazır olduqca kabinə yuxarı qalxırdı.
Qalxa-qalxa Əzizin pəncərəsi bərabərinə - on yeddinci mərtəbəyə çatmışdı.
Krançı yeməyini kabinəsində yeyir, yemək artıqlarını ordan büküb aşağı
tullayırdı. Nahardan sonra oturduğu yerdə ayaqlarını aralayıb başını qollarının
üstündə kabinənin pəncərəsinə qoyurdu, günortasını yatırdı. Axşam iş qurtaranda
kranın pillələriylə asta-asta aşağı düşürdü. Düşüb yerə baxırdı, əgər hələ külək
aparmayıbsa gün boyu tulladıqlarını tapıb zibilqabına aparırdı. Əziz demişdi
bir pişik də kranın pilləkənləriylə yuxarı qalxırmış, ancaq mən görməmişdim. Yemək
verib dadandırıbmış ora.
Mənə də
kabinənin içi maraqlıydı. Kaş dırmaşardım ora. Çıxsaydım, gərək elə günün
ortası çıxaydım, fasilə vaxtı. Orda krançıyla yan-yana oturardım, vaxtın daha
asan keçməsiyçün bir-birimizə kömək edərdik. Fikirləşirdim, amma gedib
dırmaşmırdım. Yəqin onun öz kabinəsində tək qalmaqdan xoşu gəlir. Ora çıxdığımı
görsə, acıqlanardı bəlkə. Lap acıqlanmasa da, nə mənası? Nə barədə danışacaqdım
onunla? Krançı nə danışsa, mən atamdan, anamdan danışacaqdım. Krançı da Əziz
kimi deyəcəkdi 30-40 yaşında uşağı olan da boşanar? Bu nə işdi gəlib başına?!
Axırda krançı başqa adamlar kimi deyəcəkdi fikir eləmə, balaca uşaq deyilsən
ki, hər şeyi başa düşən yaşındı.
Əzizlə
axırıncı dəfə günorta dalaşıb evdən çıxanda həyətdə düz biraddımlığımda yerə
pivə bankası düşüb danqıltıyla sıçradı. Bircə addımın söhbəti vardı ki, başım
partlamadı. Bu, krançıyla son ünsiyyətimiz oldu.
Həmin
gün anamgilə köçdüm. Anamgildə hər səhər gözümü açan kimi öz-özümə deyirəm:
"Görəsən, bu gün ilk nə eşidəcəyəm, günüm də elə keçəcək...”
"Boğub
qızı, zorlayıb, öldürüb, alçaq...”- ilk eşitdiyim bunlar olur. Anam bütün
axşamı televizorda cinayət verilişlərinə baxır, səhər sübhdən telefonda bunları
bekar qohumlarına danışır. Bəzən səhəri gözləməyib axşam da danışır. Mən də
uzunqol pal-paltarda gəzirəm evin içində. Gərək vaxt tapıb tatuları sildirəm.
Çin şəhərciyinə
çatanda gün günortaya gedirdi. Günəş şəhərlərarası qatarları, qızıl qum təpəciklərini,
içərisi min bir xırdavatla dolu çadırları, burada qarışqa sürüsü kimi qaynaşan
adamları qovururdu. Öz əlimlə bura qoyubmuşam kimi, gümüşü nazik uzunsov dividi
qutumu axtarmağa başladım. Dal-dalı düzülüb səbrlə addımlayan izdihamın dəvə
ayaqları kimi zərbələrini eşidirdim.
Barmaqlarım
eşitdiyim zərbələri təkrarlamaq üçün qıc olurdu. Sərt çantamı götürsəydim,
çantanın müstəvisində onları azad buraxardım, asta-asta tıqqıldadardılar.
Barmaqlarımın məndən ayrı olduğunu heç kəsə başa sala bilmədim. Onlar şən çalsa
da, mənə nə. Onların nə çalmağının mənə dəxli yoxdu. O vaxt məktəbdə
oturduğumuz yerdə birdən ədəbiyyat müəlliməsi qaşını çatıb deyirdi: "Bu nə səsdi!”
Məni küncə də qoydular buna görə, direktorun otağına danlamağa da apardılar.
Birinə
demişdim o vaxt, özümdən asılı deyil. Direktorun katibəsi idi. Demişdi, nə nəğməli
ürəyin var. Cavab qaytarmışdım ona. Nəğmə, yox bir! Karate kimi bir şeydi, amma
əşyaları döyürəm. Əslində günə altı saat əyləşib əməlli-başlı qoşa çalsam,
yaxşı olar, barmaqlar yorular, daha dama-divara vurmazlar özlərini. Amma oturub
ciddi çalmağa vaxt yoxdu. İstək də yoxdu. Barmaqlarımı belə, ayaq üstə lələ-güləylə
dolandırıram. O gün teatrda qabağımdakı oturacaqda çalırdım. Adam hiss elədi,
bir döndü, iki döndü. Heç nə deyə bilmədi.
Atam
daha teatr da xoşlamır. "Aktyorlar səhnədə kablukla yeriyirlər, səhnədə
ayaqqabıları gumbuldayır, əsəbləşirəm” - teatrdan çıxanda deyir. Mən heç
eşitmirəm kabluk-mabluk səsi. O deməsə, heç bilmərəm. Bir dəfə istədim deyim sən
onun sözlərinə qulaq as, dabanlarının səsiylə nə işin?! Amma demədim. Bilmirəm.
Ona qarşı getməkdən qorxuram. Birdən gedib özünü asar.
Onsuz
da hər gün anamla bir-birini görməyə-görməyə dalaşırlar. "Musiqi sənə məndən
keçib” – atam o axşam mağazaların jalüzləri şaqqaşaraqla çəkilən vaxtı biz
teatrdan evə qayıdanda dedi. Mən də bunu anama dedim, elə bildim körpü atacam
aralarına, elə bildim yaxşı söz dedim. Cavabında anam məni balaca kos kimi
götürüb atamın qapısına çırpdı: "Get ona de ki, bircə dəfə səni musiqi dərsinə
aparıb? Ya bəlkə evdə qoşa nağaranı qabağına qoyub sənə bir zərb öyrədib? Ondan
sənə musiqi necə keçə bilər?!”
İstədim
deyim qanla. Amma dərinə getmədim. Söz güləşdirmək nəyə lazımdı, axı həyatda əsas
məsələ o deyil. Əsas məsələ odu ki, anam telefonla danışıb yenə də birtəhər öz
başını saxlayırdı, atamınsa insan ünsiyyəti ilə arası yoxdu. Bütün günü uzanıb
dama baxırdı. Axırıncı dəfə güclə gedib evindən çıxarmışdım. Heç yana getmək
istəmirdi. Onu istəmədiyi bu həyatda necə saxlayacaqdım?! Teatra getməyi
xoşlamırsa, başqa əyləncə tapmalıydım. Hətta mümkün olsa əyləncəni onun otağına
gətirməliydim.
Anamın
otaqlarında elə bu fikirlə var-gəl edirdim ki, gözüm nazik uzunsov gümüşü bir
qutuya sataşdı. Üstündə yazılmışdı: "Shivaki” DVD. Hər gün telefonda danışdığı
qardaşı qızı bu yaxınlarda Amerikaya gedib gəlmişdi. Bu dividini də ordan gələndə
hədiyyə gətirmişdi. Anam ancaq həftədə bir dəfə tozunu silirdi onun. Heç içinə
disk salıb bircə filmə baxmamışdı. Baxmaq da istəmirdi. Bu əşyanın ondan ötrü
içində sıxılmış qaranlıq gizlədən mücrüdən fərqi yox idi. Bir axşam yeməkdən
sonra, cinayət verilişi başlamazdan əvvəl anama dedim:
"Olar
dividini bir həftəlik ataya verim? Bir-iki tamaşa almışam onun üçün, baxsın,
qaytarsın.”
"Olar,
niyə olmur?! Bir həftəyə qaytaracaqsa, olar” – anam dedi.
"Bir həftəyə
o dividi sənin yadından çıxacaq” – öz-özümə dedim. Səhəri gün dividini
qoltuğuma vurdum, satıcının seçdiyi bir neçə gülməli tamaşa diski də aldım,
atamın qapısını döydüm.
"Səninçün
hədiyyə gətirmişəm. Bundan sonra nə qədər istəsən, evdə otur tamaşalara bax.
Ana deyir, onsuz da baxmıram, lazım deyil bu dividi mənə, apar ver atanda
qalsın” – mən belə dedim.
Bir
müddət başı qarışdı. Tamaşalar evə gəldi. İnsan cocuq, həyat ona əyləncə. Bir həftənin
tamamında anam dedi:
"Bəs
hanı dividi?”
Həyəcanımı
necə lazımdırsa gizlətdim, dedim, sabah qaytaracaq.
"Nə
oldu dividi?” – anam səhəri gün də dedi.
Onda
daha məcbur oldum, gedib atama dedim ki, dividini bir-iki günlük anaya aparmaq
istəyirəm, bir film var, baxıb sonra qaytaracaq sənə. Onsuz da daha atama da gərək
deyildi dividi. Onu götürüb çarpayısının altına qoymuşdu. Bu əyləncəli dünyanın
üzərində uzanıb yenə gözlərini bəyaz damdakı sonsuzluğa zilləyirdi.
"Başa
düşmədim, mənə verməmişdiz bunu?” – atam dedi.
"Hə, əlbəttə,
sənə verib. İndi sadəcə bir filmə baxıb qaytaracaq. Yenə sənə qaytaracaq. Bəs o
filmə harda baxsın?”
"Mənə
vermisizsə, mən qaytarmıram. Gedib harda istəyirsə, baxsın. Vecimə deyil. Get
ona belə çatdır!” – atam dedi.
Mən niyə
anamın sözlərini olduğu kimi, heç bir əlavəsiz və heç bir dəyişikliksiz atama,
atamın sözlərini olduğu kimi anama çatdıra bilmirdim?!
"Huşsuz
başım! Dedi, gedəndə apararsan, yadından çıxmasın. Söhbətə baş qarışdı,
ikimizin də yadından çıxdı. Sabah mütləq, necə olsa, gedib gətirəcəm.... Amma
neynirsən ki, bu dəqiqə nəyəsə baxırsan?” – mən dedim.
Ən pis
halda necə olmalıydısa, elə oldu:
"Baxıram,
baxmıram, öz işimdi. Sabah dividi burda, bu masanın üstündə olsun. Yoxsa atanı
polisə verəcəyəm.”
Çin
bazarından qayıdanda axşam idi. Anam telefonla danışırdı. "...poçtalyon adıyla
girib, qocanın əl-ayağını bağlayıb, bütün pulları yığışdırıb, aparıb...”
Əlimdəki
dividini ehtiyatla televizorun altındakı şkafa yerləşdirdim. Görəsən, anam bu
yeni qutunun onun öz qutusundan bir balaca qısa olduğundan duyuq düşəcək?!
Sonra özümü taleyin ixtiyarına verdim. Anam dividiyə ötəri baxıb başıyla mənə
"hə” dedi, qulağındakı telefonla danışa-danışa yanaşı otağa keçdi: "Əvvəllər 20
qocanı öldürübmüş. Amma bunu öldürməyib. Yəqin ona görə ki...” Anam, deyəsən,
bilmədi. Qutunun üzərində "Shivaki” əvəzinə "Shavaki” yazıldığına da fikir vermədi.
İndi
bizim ailədə iki dividi vardı. Biri atamda, o birisi anamda. Biri əsil idi, o
biri surət. Bu gümüşü qutular heç birinə gərək olmasa da, uzun illər onlarla
bir damın altında yaşayacaqlardı.
Axşam
çiynimə jaket salıb küçəyə çıxdım. Gecəyarı dizlərim ağrıyana qədər gəzdim.
Əzizin pəncərəsində işıq yanırdı. Bir qaranlıq səkidə kolların dibində oturdum.
Yoldan keçən kişi məni görüb ona qısılan balaca oğluna dedi: "Qorxma, it dəyil”.
Gecənin
qatranı qaraldıqca göydən yerə tərtəmiz hava töküldü. Buludlar ulduzları gizlətmişdi.
Görünməsəniz də, sağ olun. Uzaq olsanız da, yer üzündəki adamlardan yaxınsınız.
Bircə bilim ki, ordasınız, bilim ki, başımın üstündəsiniz, orda fır-fır
fırlanırsınız. Ana şübhələnməsə, sabah həyatımın sakit bir günü olacaq. Nə işim
olacaq ki, sabah?! Bu fürsət, gedib tatuları sildirərəm.