Nihat Piriyev: “Səfillər”i yazan müəllifin yaxşı hekayəçi olmağa ehtiyacı yoxdur. (Müsahibə)
Müsahibə, ƏDƏBİYYAT
- 10.04.2020
- 0 Şərh
- 24240 Baxış
- Nihat, lələkdən klaviaturaya, vərəqdən monitora qədər olan yolu gələn ədəbiyyatımızda hansı dövr oxucu kimi sənin ədəbiyyatının dövrüdür, kimlər sənin ədiblərindir?
- mən elə ədəbiyyatın lələklə, qələmlə kifayətlənməsini istəyərdim, açığı. Çünki bu gün monitor, klaviatura hər nə qədər sürət baxımından, geniş auditoriya baxımından bizə üstünlük verirsə də, bu, həm də ədəbiyyatın, onun ruhunun robotlaşması deməkdir. Hətta bir ara dedilər ki, səhv eləmirəmsə, Almaniyada robotlar şeir yazacaq,hekayə yazacaq, roman yazacaq və s. Məncə, bu reallaşsa, ədəbiyyat adına yeni bir mərhələ yox, yeni bir faciə olar. Necə ki, futbola texnika gətirmək, komputer hakim və s. onun əvvəlki dadını dəyişdi, eynən, ədəbiyyatda da elə.
Yəni, mənə görə, ədəbiyyat kağız xışıltısıdır, ədəbiyyat qoxudur, toxunub hiss eləməkdir. Ekranın şüasını azaltmaq, şiriftləri İngilis dilindən Azərbaycan dilinə çevirmək yox.
Müəllif kimi Dostoyevski, Tolstoy kimi nəhənglərin adını çəkə bilərəm. Yəni, bunlar elə imzalardır ki, təhkiyə təkmilləşdiriləməsi baxımından hər zaman onlara ehtiyacım var və olacaq da.
- Bəs daş vərəqləri belə görən dünya ədəbiyyatında necə, hansı rəqəmləri və ədibləri ədəbiyyat dünyana yaxın hiss edirsən?
-konkret deyə bilmərəm ki, filan müəllif tam olaraq, olmaq istədiyim "mən”dir. Yəni, onu oxuyanda özümü hiss edirəm, hiss etdiklərimi oxuyuram və s. Amma bəzən ehtiyac duyduğum müəlliflər olur, əsərlər olur. Məsələn, Dostoyevskinin "Bəyaz gecələr”ini say olaraq neçə dəfə oxuduğumu unutmuşam, Heminqueyin "Qoca və dəniz”ini, Hüqonun "Ölüm məhbusunun son günü”nü, Çingiz Aytmatovun "Cəmilə”sini , Kafkanın "Çevrilmə”sini dəfələrlə oxuya bilərəm və hər dəfəsində əvvəl görmədiyim hansısa bir detalı tuta bilərəm. Bu da bir ədəbiyyat adamı üçün alına biləcək ən gözəl zövqdür. Xüsusən, indiki bu karantin dövrü bizlər üçün göydəndüşmə bir şeydir. Hər nə qədər faciə ilə qarşı-qarşıya olsaq da, yaxşı tərəflərini də düşünmək lazımdır. Oxumaq, oxumaq, yenə də oxumaq kimi.
- Nasirsən, amma dünya ədəbiyyatında elə nasirlər var ki, onların ruhuna poeziya daha yaxın olub, səndə necədir?
-şeir, ümümiyyətlə, ədəbiyyatda ayrıca bir çərçivəyə salınmış güşədir, gəzişib zövq almaq üçün, gəzişib özünü tapmaq üçün, gəzişib kimisə tapmaq üçün. Hər nə qədər hekayə, roman, ümumiyyətlə, nəsr həcm və çətinlik baxımından şeirdən öndə olsa da, insanın iç dünyasını, onun daxili mənliyini, duyğularını və ən əsası, demək istədiklərini şeir qədər heç nə ifadə eləyə bilməz. Yəni,
"indi isə gəl
ölüm-ölüm oynayaq,
əvvəl mən ölüm, sən bilmə
sonra sən ölmə, sən ölmə”-ni heç bir hekayə, heç bir roman bu şəkildə ifadə eləyə bilmaz. Bu, birmənalıdır.
- Hazırda sevərək oxuduğun yazıçılar və şairlər kimlərdir?
- aydın məsəslədir ki, incəsənət zövq məsələsidir. Bu gün kiminsə heyranlıqla oxuduğu bir əsər-şeir, hekayə başqa biri üçün həmin effekti verməyə bilər. Amma mən tam əminliklə deyə bilərəm ki, bu gün zövqləri oxşaya biləcək mətnlər var və yazılmaqdadır. Müasir ədəbiyyatı nəzərdə tuturam. İstər, gənc nəsil, istərsə də, oturuşmuş müəlliflər olsun. Məsələn, Salam Sarvanı, Şərif Ağayarı, Zahid Sarıtorpağı, Aqşin Yeniseyi və bu kimi müəllifləri inanmıram ki, hansısa oxucu oxusun və bəyənməsin. Və onlar, şəxsən mənim üçün bir məktəbdir. Eyni dövrdə yaşamağımız, onların bədii yaradıcılığı ilə bərabər, müsahibə və sosail şəbəkə vasitəsi ilə gündəlik həyat tərzlərini, reaksiyalarını izləmək özü bir ayrıcalıqdır.
Gənc nəsildən isə Rəvan Cavidin adını çəkə bilərəm, onun esse yaradıcılığını mütəmadi izləyirəm. Təhlillərindən çox xoşum gəlir. Tural Adışırinin araşdırmaları, təhlilləri, Ayxan Ayvazın reportajları, çox-çox uğurlu alınır.
- Müasir nasirlərimiz 20-ci əsrdən üzü bu yana, 21-ci əsrdən üzü o yana gedə bilirlər?
- ümumiyyətlə, incəsənət dövrün ritmini tutmağı bacarmalıdır, buna borcludur. Məhkumdur. Bu gün mən durub Sovet dövrü axsaqlıqlarından, və ya üstünlüklərindən, nə bilim, bəylərdən, ağalardan, onların dırnaqarası fəaliyyətindən bəhs edən bir hekaya yazsam, bu, heç vaxt "woow” effekti verməyəcək, əksinə, ağız büzəcək. Çünki bu mövzuların dövrü gedib, yazılıb da, oxunub da, tənqid də olunub. Amma elə mövzular da var ki, bütün dövrlər üçün eyni dərəcədə effektivdir, eyni dərəcədə aktualdır. Sevgi, qadın, Vətən... Bu mövzular işləndikcə işlənir və işlənəcək də. Və çeynənə-çeynənə, dondan-dona dəyişə-dəyişə yenə də oxunacaq, yenə də seviləcək. Yəni, dövrlərin bir-birini əvəzləməsi bu mövzuların mövqeyinə təsir edə bilmir. İstər, ötən əsrlərin müəllifləri olsun, istərsə də günümüzün müəllifləri. Çünki bu, ədəbiyyatının geninə işlənmiş bir koddur. Bu gün sən durub deyə bilməzsən ki, sevgi mövzusuna "stop” demək lazımdır. Daha bezdik, daha yorulduq, Füzuli də sevgidən dad elədi, Vaqif də, Aqşin də.
Bir sözlə, 20-ci əsrdə sevgi pambıq tarlasında 40 dərəcə isti altında əl-ələ mahnı oxumaq idisə, bu gün "Tarqovı" da qışqıraraq "səni sevirəm” demək cəsarətidir. Və ədəbiyyatda da onu o şəkildə göstərməkdir. Olduğu kimi.
- Bilirəm ki, oxucu auditoriyan elə də böyük deyil. Ədəbiyyatımızda demək olar, əksər yazıçı və şairin problemidir bu. Səni narahat edir?
- narahat eləmir desəm, bilmirəm, nə dərəcədə səmimi alınar ya yox. Amma mən bilirəm ki, bu müsahibə on nəfərin qarşısına çıxacaqsa, onun beşi heç məni tanımayacaq. Bu, məni bu gün üçün qorxutmur. Qətiyyən qorxutmur. Çünki mənim ədəbi camiədə indiki dayandığım yer o beş nəfərin məni tanımaması reallığını mənim üçün məqbul saydırır. Amma razılaşıram ki, sadiq oxucu, ümumiyyətlə oxucu problemi var. Sadəcə bunu əldə bayraq eləməyin tərəfdarı deyiləm. Çnüki biz özümüz də oxucuyuq. Və biz heç birimiz uğursuz bir mətni oxumuruq. Oxusaq da, kiməsə məsləhət görmürük. Oxucu da həmçinin. O mətn yaxşı mətndirsə, öz oxucusunu, öz oxucu kütləsini tapacaq. Az ya çox, şəxsən mənim üçün fərqi yoxdur, əsas odur ki, o mətn lazımı kütləyə çatsın.
- Hekayələrdən ibarət kitab haqqında düşünürsən?
- bir az düşünmək tələb eləyən sualdı. Amma konkret olaraq, hələ ki, tez olduğunu düşünürəm. Söz yox ki, ədəbiyyat adamı üçün kitab ona veriləcək bir çox sualın birbaşa cavabıdır. Amma nəzərə alsaq ki, indi kitab müəllifi olmaq da adi bir hala çevrilib. Odur ki, bu öhdəlikləri qarşılamağa hələ ki, tam hazır olduğumu deyə bilmərəm.
- Hekayəni ədəbiyyatın ən çətin növü sayırlar, razısan bu fikirlə?
- tamamilə. Amma bu, digər janrlara haqsızlıq kimi başa düşülməsin. Ədəbiyyat özü bir yükdür, özü bir ağırlıqdır. Onun hər bir janrı, hər bir növü də özünə görə bir çəkiyə, ağırlığa malikdir. O ağırlığın öhdəsindən lazımı şəkildə gələ bildinsə, ya yaxşı şair olursan, ya da nasir. Gəlmədinsə, heç nə.
- Yaxşı hekayəçi, yoxsa romançı? Nə zamansa roman yazmaqla bağlı fikrin var?
-yaxşı hekayəçi olmaq. Amma Çexov kimi, Borxes kimi, Rafiq Tağı kimi hekayəçi olmaq.
Hekayə hər nə qədər çətin janr olsa da, bu, roman üçün bir növ isinmə mərhələsidir, hazırlıq mərhələsidir. Yəni, roman üçün ciddi təcrübə gərəkdir. Amma bir şey də var ki, "Səfillər”i yazan müəllifin yaxşı hekayəçi olmağa ehtiyacı yoxdur.
- Hazırda ədəbiyyatımızda olan vəziyyət - proseslər səni qane edir?
-yaxşı mətnlərin yazılması baxımından hə. Amma ədəbiyyatı lağlağıya çevirmək, nəyinsə xatirinə düşünülmüş konfliktlər, "kruq ədəbiyyatı” , daydaylıq məsələsi və s. bu kimi yüngül hərəkətlər ədəbiyyat adına birbaşa xəyanətdir. Təəssüf ki, bu kimi hallar da aradan qalxana oxşamır.
- Ən sevdiyin hekayən hansıdır?
- çətin sualdır. Bir şeyi deyim ki, hələlik, özümü tam ifadə eləyə bildiyim hekayəni yazmamışam. Amma indiyə kimi yazdıqlarım içində "Tanrı ilə söhbət” , məncə, yaxşılardandır.
Söhbətləşdi: Rauf Ra